Karnavalizm
baş redaktordan Ədəbiyyatın tərəzisi tənqiddir. Bizdə tənqidi fikrin tərəzisi isə adətən vurur. Məsələn, həvəskar Qan Turalı birmənalı surətdə ancaq mənfi, “elitar”B.Əlibyəli isə ancaq müsbət qütbü seçir və məncə, zahiri əksliklərinə rəğmən onlar mahiyyətcə birləşirlər. Eyni birmənalı solçu münasibəti H.Herisçi, R.Qaraca, M.Köhnəqalanın yazılarında AYB rəhbərliyi, eyni birmənalı sağçı münasibəti isə Salam, E.Başkeçid və E.Səlcuqun yazılarında K.Abdullaya münasibətdə də görmək olur. Daha ciddi faktlar isə ictimai fikrə təsir gücünə malik şəxslərin tərəzisinin əyilməsidir. Məsələn, görəsən T.Hacıyevi G.Tənhanın «şerlərindən» iki qəzet səhifəsi tərif yazmağa vadar edən nədir? Eləcə də B.Vahab-zadə, Qabil, M.Yaqub kimi şairləri G.Tənha nə ilə cəlb edib? Yaxud, N.Cəfərov, N.Şəmsizadə və digərləri H.Mirələmovun əsərlərinə mətbuat səhifələrində elə təriflər yağdırırlar ki, buna difirambdan başqa ad qoymaq olmur. N.Atəşi son illər mətbuatın ən «fenomenal» fiqurlarından birinə çevrilib. Hətta «Ulduz»un baş redaktoru E.Hüseynbəyli dərginin bir sayında onunla intervyü çap eləyib, növbəti sayda onun şəklini üz qabığına çıxarıb, cızmaqara-larına yer ayırıb. Ən böyük paradoks isə Nuridənin gülümsər şəklindən ibarət afişanın günlərin bir günü AYB-nin elanlar lövhəsindən asılması oldu. Afişadakı «Şerin yeni günəşi – Nuridə Atəşi» sözləri isə bütün bunların zirvəsi idi. Yeri gəl-mişkən, təkcə Nuridə məsələsi yox, ümumən ədəbiyyata münasibətdə «Ulduz»un tərəzisi əyilib. Gəlin görək, dərgi kimləri üz qabığına qoyur: H.Mirələmov, N.Atəşi və S.Babullaoğlu… Bizcə, bu herbarinin şərhə ehtiyacı yoxdur… Tərəzini ədəbiyyat generalları əyəndə isə məsələ daha da qəlizləşir. Məsələn, Ə.Əylislinin Atatürk mərkəzindəki “məşhur” çıxışında Füzulini Aqşinlə müqayisə edib (!) üstünlüyü ikinciyə verməsi (!!) heyrət doğurur!!! Bəlkə, Ə.Əylisli bir vaxtlar ona mənəvi divident gətirən «gəncliyin dostu» imicini yeni tarixi şəraitdə yeniləmək istəyir? Eyni münasibəti Anarın S.Babullaoğlu, yaxud E.Hüseynbəyliyə aid məqalələrinə də şamil etmək olar. Azərbaycan yazarlarının rəsmi başçısının onlarla istedadlı gənci bir kənara qoyub miyanə imzalara mərhəmət göstərməsi tərəzi məsələsində burda da problem olduğunu göstərir. Amma mərhəmətli olmaq Ədalətli olmaqdan qat-qat asandır. Düşmənimin düşməni mənim dostumdur prinsipi ilə hamı karnaval fiqurları düzəldir. Bu karnavalda cümlə qura bilməyən birisi yazıçı, digəri tərcüməçi, üçüncüsü şair, qabiliyyəti mirzəlik, yaxud katibəlikdən o tərəfə keçməyən dördüncüsü və beşincisi isə tənqidçi maskası taxır. Bu karnavalda hamı kef çəkir, uduzan isə ədəbiyyat olur. Maskaları çıxarmağın vaxtı deyilmi?
|