|
«İki damla göz yaşı» Vahid Aslanın («Məhəbbət müqəddəsdir» (Povest və hekayələr), «Vektor» Nəşrlər Evi, Bakı 2006 ) «Məhəbbət müqəddəsdir» povestinin qəhramanları qaynar gəncliyin yol yoldaşlarıdırlar. Onlar kədərlənir, narahat olur, sevirlər və özgə cür də yaşayanmazlar. Gənclər üçün həyat nə qədər acı, kədərli olsa da mənalıdır, şirindir, maraqlıdır, çünkü ömrün bir parçasıdır və yaşamlıdır… Vahid Aslan tələbəlik illərini belə görür, belə duyur. Özü hadisələrin içərisindədir və belə olmasaydı onun obrazları çox quru cansıxıcı çıxardı. Povestdə gənclik üçün daha çox xarakterik olan sevgi, məhəbbət Vaqifin, Vüsalənin, Aytəkinin və onların dostlarının simasında oxuculara çatdırılır. Povesti, oxuduğumuz digər bədii əsərlərdən fərqləndirən bir cəhət var. Bu də Vaqifin ikili sevgisidir. O, əsər boyu Vüsalə ilə Aytəkinin arasında tərəddüd edir. Gah ona gah da buna yaxınlaşır, birindən küsüb digəri ilə barışır, gah da əksinə olur. Necə olsa da onların hamısının bağrında sevinclə kədər yol yoldaşlarıdır və bundan heç kəs qaça bilməz. Vaqif Vüsalə ilə ali məktəbdə bir kursda, bir sinifdə təhsil alır. Vüsalə özü ilk dəfə Vaqifi gördüyü andan onu sevir. Vaqif əvvəl tərəddüdlər və şübhələr içərisində çırpınsa da kənddə qoyub gəldiyi Aytəkini unudur və Vüsaləyə bağlanır. Vaqif yaraşıqlı və savadlı gəncdir. Dərs əlaçısıdır. Şeir yazır, ədəbi yaradıcılıq onun üçün həyat qədər şirin və maraqlıdır. Mətbuatda yazıları çap edilir bu da ona ilham verir, yaşamağa, sevib – sevilməyə daha da həvəsləndirir. Müəllif qəhramanların xarekterini, dünyagörüşünü, münasibətlərini açmaq üçün gəncləri müxtəlif vəziyyətlərə salır. Onlar bu sınaqlardan bəzən çıxa bilmir, əzab keçirir, dözümsüzlük göstərir, təmkinli olmağı bacarmırlar. Çox hallarda isə iradəlidirlər, cəsarətlidirlər. Əsasən yoldaşlığa, dostluğa sədaqətli və etibarlıdırlar. İçərilərində Sevinc kimi yüngül həyata meylli olanlar da var. Povestin əvvəlindən konfliktin öz həllini necə tapacağı oxucunu maraqlandırır. Ona görə də əsəri tez oxuyub qurtarmağa çalışırsan ki, bu ikili sevginin nəticəsini biləsən. Vaqif vətənə bağlı gənclərdəndir və yaşadığı torpağa borclu olduğunu yaxşı bilir. Ona görə də təhsilini yarımçıq qoyub Qarabağ döyüşlərinə yollanır. Bəlkə bir qədər də günahlarını yumaq haqqında fikirləşir. Artıq Aytəkinin nişanlısı var. Vaqif tez-tez Vüsaləni xatırlayır, onsuz yaşaya bilməyəcəyini başa düşür. O, «Ağdərə» cəbhəsində ermənilərlə vuruşur. Ağır yaralanır və hərbi hospitala düşür. Xəstəxanada onun sol qolunu kəsirlər. Vüsalədən aldığı məktub Vaqifə yaşamaq üçün böyük ümidlər verir. Hadisələrin bu cür həlli oxucunu razı salır və Qarabağ müharibəsinin iştirakçısı kimi Vaqifə rəğbət, ehtiram və məhəbbət yaranır. «İki damla göz yaşı» hekayəsi həcmcə çox kiçik olsa da mənaca tutumludur. Ali təhsil illəri başa çatır. Hamı gündəliklərə xatirələrini yazmalıdır. Ancaq bu Aynur üçün çox çətindir. O, bir neçə il birlikdə təhsil aldığı oğlanın gündəliyini açmır və heç nə yazmadan geriyə qaytarır. Gündəliyin üzərinə Aynurun iki damla göz yaşı düşür. Bu iki damla göz yaşı nələr deyir? Bu yəqin ki, baş tutmamış məhəbbətin nisgili, illər boyu ürəyində gəzdirdiyi və sonda isə heç kəsə lazım olmayan məhəbbətin son işartılarıdır. Müəllif başqa hekayələrində – «Cırılan gündəlik»də saflığı, düzlüyü,ədalətli olmağı insanların yüksək əxlaqi keyfiyyətləri kimi mənalandırır. «Əzablarda keçən ömür»də isə xəyanət və həqiqət , təmizlik, mənəvi saflıq, «Üzük»də anaya məhəbbət, ehtiram, ananın böyüklüyü və müqəddəsliyi, «Kədər»də cavanlıqda buraxılan səhvlərin acı, kədərli nəticələri göstərilmişdir. Valideyn həmişə müqəddəs sayılmışdır. İlkinin atası isə belə deyil. Kobuddur, ailəsini sevmir, xəstə arvadına qayğı göstərmir, qohumları ilə çox soyuq davranır, bir sözlə özü üçün yaşayır. Bütün bunlarıt biz İlkinin öz dilindən eşidirik. Birdən maşın səsi eşidilir. Bu, İlkinin atasıdır və oğul atasını qarşılamağa çıxır. «İlkinin arzuları» hekayəsində ailəsinə çox etinasız olan belə bir atanın surəti yaradılıb. Lakin ata nə qədər pis olsa da atadır! İrsiyyətin çox mühüm əhəmiyyət daşıdığı hamıya məlumdur. Bəzi hallarda irsən keçən xarakter xüsusiyyətləri daha çox ailənin bir üzvünün simasında da cəmlənir. «Şeytanın dostu» hekayəsində belədir. Əsərin qəhrəmanı şeytan xislətlidir. Qəddar, qaniçən,.. qədınlara qarşı amansız və mərhəmətsizdir. Belə xarakter nəhayəttdə onu cəmiyyətin artıq adamına çevirir. «Tənha qızların harayı» hekayəsində də sevgi – məhəbbət ön plana çəkilib və bu Vüqarla Gülnarın obrazlarında öz əksini tapıb. Müəllif valideynlərin yersiz inadkarlığını, şöhrətpərəstliyini, var – dövlətə möhkəm uyduqlarını və bunların övladlar üçün faciəyə çevrildiyni oxuculara açıb göstərir. Kitabın dili sadə və oxunaqlıdır. Sevənlərin biri – birinə məkutbları çox maraqlıdır. Yadda qalan, düşündürən epizodlar da az deyil. Vahid Aslanın «Məhəbbət müqəddəsdir» povest və hekayələr kitabı maraqla oxunur. Bu günkü həyatımızla səsləşir. Müraciət etdiyi mövzular çoxları üçün doğma və əzizdir. Bununla belə müəllif gələcəkdə mövzu dairəsini daha da genişləndirməli, insan xarakterlərinin zənginliyini, genişliyini əks etdirən mövzulara daha çox müraciət etməlidir.
|
|