|
Postmodernizm Son zamanlar hər kəs postmodernizm barəsində danışır. Tərəfdarlarının əksəriyyəti onu akademik düşüncədə azadlıq qüvvəsi kimi qarşılayır. Onlara görə, postmodernizm bizləri istənilən zəhlətökən rasionallıq, loqosentrizm, avrosentrizm və sairlərdən azad edə biləcək çoxdan arzulanan xilas yoludur. Lakin bununla bərabər postmodernizmin çoxlu opponentləri də vardır. Onlar postmodernizmi Qərb intellekt ənənəsinin naşükür körpə kabusu kimi dəyərləndirilər. Ona görə ki, postmodernizm relyativist (bütün bilikləri nisbi qəbul edən, buna görə varlığın obyektiv surətdə dərk oluna bilməsini inkar edən təmayül), nihilist mövqe ortaya qoyur və hər şeydən pisi budur ki, bütün adət-ənənələrə qarşı çıxır. Məqsədim burada postmodernizmin qısa və aydın izahını verməkdir. Yanaşmam ümumi götürdükdə təəssübkeşlik prizmasından olacaq. Ona görə ki, mən postmodernizmin bir çox təmayülləri ilə razıyam və belə düşünürəm ki, postmodernizmin əksər əleyhdarları ona tələm-tələsik qiymət verirlər. Yaxşı, nədir postmodernizm? Bu son dərəcə çətin sualdır, çünki postmodernizm termininə çoxlu mənalar verib onu müxtəlif aspektlərdən izah edirlər. Postmodernist hesab olunan əksər ziyalılar belə bu adı qəbul etməyi öz üstlərinə götürmürlər. Hətta onu qəbul edənlərin də postmodernizmə yanaşma tərzi fərqlidir. Mən belə hesab edirəm ki, "nədir postmodernizm?" sualına qismən də olsa aydınlıq gətirmək üçün iki yol vardır. Birinci yol problemə yanaşmanın antipostmodern yoludur və bu yol postmodernizmin tarixi inkişafını təsbitləyir. Digər yol isə fəlsəfi (və ya antifəlsəfi) mövqeli kortəbii postmodernist hesab olunan düşünərləri müəyyənləşdirməkdir. Burada hər iki yolu birlikdə incələməyə cəhd edəcəyəm.
Postmodernizmin geneologiyası
Postmodern mütəfəkkirlərin əksəriyyəti fransızdır. Bəziləri onun kökünü Əlcəzair Müstəqillik Müharibəsində və ya xalq arasında mini-inqilaba səbəb olmuş 1968-ci ilin may Paris tələbə iğtişaşlarında axtarır. Həqiqətən də, bu hadisələr əksər postmodernistlər üçün mühüm əhəmiyyət kəsb edir. Buna baxmayaraq, biz modernizmə (və onun dəlil ilə sübüt etmə, rasionallıq, elmilik, obyektivlik, proqres və s. kimi prinsiplərinə) hərtərəfli antipatiyanın Fridrix Vilhelm Nitsşenin əsərlərində formalaşdığını görürük. Burada Nitsşeni müzakirə etmək çox vaxt aparardı. Ona görə də daha yaxşı olar ki, "Zərdüşt belə demişdir" əsərindən onun antimodernizm mövqeyini ifadə edən sitat gətirək: "Ey insanların ən müdriki, səni nə vadar edir, səndə nə belə həvəs doğurur ki, sən "iradəni həqiqətə" çağırırsan? Bütün varlığın dərk edəni iradədir! Ona görə də mən sənin iradəni səsləyirəm! Hər şeydən öncə, sən sağlam inamsızlıqla, şübhələrinlə bütün varlığı dərk etmək istəyirsən, əslində, bu ağlasığandımı? Əslində, o gərək bütün gücünü sərf edib özünü sənə uyğunlaşdırsın! Belə iradəyə iradən qabildir. O gərək ağlın güzgüsü və əks etdirəni kimi cilalı, tabe olan ağıl olsun. Ey insanların ən müdriki, sənin iradən belə olmalıdır. O, səni güclü olmağa aparan iradədir. O sənin yaxşılıq, pislik söhbətlərindən də cilalıdır. Sən qarşısında diz çökülə biləcək dünya yaratmaq istəyirsən: bu sənin son məqsədin, arzun və həvəsindir". Postmodernizmin spesifik geneologiyasının inkişafında mühüm rol oynamış mütəfəkkirlərdən biri də Martin Haydegerdir. Onun əsərləri modernist özündənəminliyə qarşı Nitsşe hücumlarının davamıdır: "...hər hansı bir şey barəsində fikir onun səbəbini biləndən sonra doğur, eşq olsun əsrlərə, düşüncənin inadcıl düşməninə". Migel Fukonun da yaradıcılığını burada nəzərdən qaçırmaq olmaz. Əsərlərini uzun-uzadı şərh etməkdənsə, ondan daha kəskin sitat gətirəcəm: "Ayinlərimizin nə üçün tamamilə atributiv, istehzalı, yorucu oyunlarla dolu olmasının, çirkli, uzunsaçlı və saqqallı olmağın, oğlanın qıza bənzəməsinin yaxşı əlamət sayılmasının səbələrini bilməkdən ötrü onları nəzərdən keçirmək lazımdır. Biri gərək bu ayinləri məsxərəyə qoyub onları ifşa hədəfinə çevirsin, onları kökündən dəyişdirib bizi əsarətdə saxlayan bu sistemi ləğv etsin. Məni narahat edən elə budur. Mən əsərlərimdə məhz buna nail olmaq üçün çalışıram". Haqqında danışacağım sonuncu şəxs bəlkə də postmodernizmin kuliminasıyası və mücəssəməsidir. O, J. Derridadır. Onun əsərlərinin əksəriyyəti mahiyyətcə anlaşılmazdır. Bunun səbəbi Derridanın dilin sonsuz məna oyunu və dinamikliyini nəzərə çarpdırmaq istəməsidir. Ümidvaram ki, Derridadan gətirdiyim aşağıdakı nümunə anlaşılan olacaq: "Metafizika – Qərb mədəniyyətini əks etdirən ağ mifologiyadır. Ağ kişi öz idiomu olan "mif"ə, Hind-Avropa mifologiyasına, "loqos"una yiyə durur. Bu ümumbəşəri model üçündür. Lakin bunun üçün o, hələ də Səbəbi geri çağırmağı arzulamalıdır". Derridanı poststrukturalist də adlandırırlar. Ona görə ki, bəziləri postmodernizmlə poststrukturalizmi sinonim hesab edir. Məncə, bunlar arasında bircə fərq vardır. Belə ki, postmodernizm modernizmin rasionalizm, elmilik və obyektivlik prinsiplərini kəskin surətdə inkar edir. Poststrukturalizm isə dilin universal strukturları vardır ki, həyat və düşüncə faktorunu köklü surətdə müəyyən edən də bu strukturlardır prinsipini iddia edən strukturalizmə qarşı çıxır. Derridaya görə, bu hər iki cərəyanın Qərb intellekt ənənsinin əksər prinsiplərini rədd etməklə gəldiyi nəticə qismən üst-üstə düşür. Alan Mecilin təbirincə desək, bu dörd "peyğəmbərin ekstremistliyi" hazırkı postmodernistləri modernizmə qarşı çıxmağa ruhlandırır. Bu geneologiya bizdə postmodernizmin kökləri barədə az da olsa, təəssürat yaradır, lakin postmodernizmin özü barədə az şey deyir. Buna görə də biz kələfin ucunu postmodern yazarların əsərlərində axtaraq.
Kələfin ucu
Fikrimcə, kor-təbii postmodernist adlandırılan Nitsşedən tutmuş Derridaya qədər, həmçinin müasir postmodernistlər hesab olunan Cean Baundrill, Cean-Françoys Lyotard, Qayatri Spivak və Yuliya Kristeva kimi yazarları birləşdirən ümumi cəhət onların anti-essensialist və anti-fundamentalist olmalarıdır. Bundan çıxış edərək deyə bilərəm ki, onlar mahiyyəti, təbiəti və varlıqda bu və ya digər dərəcədə rol oynayan səbəb və mənanı, bir sözlə, istənilən universallığı inkar edirlər. Beləlkiklə, postmodernist perspektivdən baxdıqda üstünlük, transtarix və interpretasiya üçün vahid transmədəniyyət yoxdur. Radikal anti-essensialist postmodernistlər modernistlərin əsaslandırıb rahatlıqla irəli sürdüyü bir çox anlayışları tənqid edib fərdiliyi, orijinallığı aradan qaldırmağa çalışırlar. Bunların bir neçəsini burada Migel Fukonun əsərlərinə istinad edərək qeyd edəcəyəm. Anti-essensialistlərin izini aşkarlayan birinci konsepsiya əksər postmodernistlərin transsendent prizmadan dəyərləndirdiyi insan təbiəti ideyasıdır. Misal üçün, tarixi qanunauyğunluğa görə biz belə güman edirik ki, bəşəriyyət keçmişdə də indiki kimi olub. Biz həmçinin belə fərz edirik ki, müxtəlif mədəniyyətlərə məxsus xalqlar içərisində öz mədəniyyətimizə uyğun gələn insanlar vardır. Bu fərziyyə insanların məqsəd və fəaliyyət cəhətdən bir-birinə keçmişdə uyğun gəlməsi inamını aşılayaraq tarixi araşdırmağa imkan verir. Lakin postmodernistlər sübut etməyə çalışırlar ki, bəşəriyyətin heç bir ümumi essensiyası yoxdur. Bunun qəbulu yalnız fərdlərin müxtəlifliyini, özünəməxsusluğunu inkar etməyə gətirib çıxarır. Postmodernistlərə görə, dünya gərək son dərəcə müxtəlif cinsli təsəvvür edilsin; keçmiş indidən tamamilə fərqlidir və bütün mədəniyyətlər bir-birinə bənzəmir. Postmodernistlər faktla fantaziya arasındakı fərqi qəbul etmirlər. Onlara görə, söz və əşya, məna və mənalandıran, subyekt və obyekt arasında heç bir mühüm əlaqə yoxdur. Bu mülahizə tarix kimi reallığın da təsvirini tələb edir. Postmodernizmdə həm tarixi, həm də bədii əsərlər onların yaxşı və pis nüsxələrindən daha çox reallıq üçün əvəzlənib yenidən işlənilir. Bu Migel Fukonun başqa bir tələbinin bazisidir: “Yaxşı bilirəm ki, indiyədək fantastikadan özgə nəysə yazmamışam. Çox da uzağa gedib fantastika həqiqətin arxasındadır deməyi nəzərdə tutmuram. Mənə belə gəlir ki, həqiqətin içərisində fantastik əsər yaratmaq mümkündür”. Tarixin fundamental kateqoriyası hadisə konsepsiyasıdır. Bu konsepsiya tarixi olayların xüsusiyyətinə əsaslanmağı nəzərdə tutur. Bundan fərqli olaraq postmodernistlər sübut etməyə çalışırlar ki, hadisə termini ümumi ilə nisbətdə aktual hadisələrin spesifikliyini inkar edir. Onlar bildirilər ki, olayları bir-biri ilə bağlayan heç bir ümumi mahiyyət yoxdur və hadisə ideyası dəyərsiz konsepsiyadır. Fuko hadisə terminini çoxçalarlı nizamsız hadisələrin “fantaziya”sı kimi dəyərləndirir və bildirir ki, o, aktual olaylarda heç bir oxşarı olmayan mənanın effektidir. Postmodernistlərin anti-essensialist analizləri vasitəsilə inkar esdilən anlayışlar çoxdur. Lakin əsas nöqtə budur ki, postmodernistlər mahiyyəti və təbiəti şübhə altına alırlar. Fikrimcə, bu, onların ən səciyyəvi cəhətidir. Nəticə Postmodernizmin fəlsəfi və tarixi prinsipləri dəyərsiz hesab edib nihililist mövqe nümayiş etdirməsindən bir çoxları narazılığını bildirir. Əksəriyyət isə postmodernizmin əxlaqi və mənəvi dəyərləri aradan qaldırmaq cəhdlərindən şikayətlənir. Fikrimcə, bu iradlar tutularkən bir şey nəzərdən qaçırılır. Nəzərimcə, postmodernistlər əxlaqi və mənəvi dəyərlərə lazımsız, qiymətsiz hökmünü israrla vermirlər. Onlar sadəcə zəruri əsasların və bir şey üzərində konkret bir mövqenin seçim zərurətinin yerini dəyişdirilər. Bu bizə şəxsi mövqeyimizi yaratmaqda azadlıq imkanı verir. Lakin azadlıq elə bir meyardır ki, o bizim hamımızın arzusu ilə hesablaşmır və hesablaşması da mümkün deyil. Fukonun aşağıdakı fikirləri ilə yazımı bitirmək istərdim: “Zəif, mütərəddid, xəyal və illüziya olmayan hər hansı bir cərəyan, fərdi bir zamanlar inandığı həqiqətdən ayırıb onu başqa qaydalar axtarmağa təhrik edir: bu, fəlsəfədir. Düşüncə tərzinin, dəyərlərə, incəsənət əsərlərinə münasibətin yerdəyişməsi və transformasiyası fərqlənmək və daha artıq nəyəsə nail olmaq üçün başqa cür düşünməyə gətirib çıxarır: bu isə daha çox fəlsəfədir... Bəzi insanların hazırkı boşluq və ehtiras əvəzinə, bir balaca məhdudiyyətdən sonra ideyalar dünyasında narahatçılıq keçirməsi başadüşüləndir. Mən inanıram ki, kimsə öz həyatında bir dəfə də olsa yeni ahəng, yeni baxış bucağı, yeni fəaliyyət üsulu tapıbsa, belə insanları dünyanın düzənsizliyi, tarixin lazımsız insanlarla dolu olması heç vaxt gileyləndirməyəcək”.
İngiliscədən Elmar Vüqarlı cevirib
|
|