Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Karnavalizm

baş redaktordan


İbrahim  İlyaslı


Əsəd Cahangir
Yaxşı gəncliyin nağıl
Çağdaş nəsrdə yenilikçilik və eksperimentçilik meylləri haqqında


Nadir Hüseynzadə
Çağdaş ədəbi reallıqlar və oxucu həqiqətləri


Ramin Allahverdiyev
Müasir poeziyamızda predmet və detallar


Əsəd Cahangir
Banu Çiçək sən deyilmisən?


Əsəd Cahangir
Tale başın üstə səma kimidir...
Kənan Hacının gələcək kitabına ön söz


Əsəd Cahangir
«Gənclik» jurnalı


İqor Şaytanov
Tənqidçi peşəsi


«Hər kimin ağı qara isə, utansın!»
çağdaş tənqidimiz: problemlər, mülahizələr…


Bəsti Əlibəyli
Çağdaş tənqid və ədəbi proses:
2004-2007-ci illər


Bu, Vaqif Yusiflidir...
60 yaşını qeyd etməyə hazırlaşan tənqidçi Vaqif Yusifli “Körpü”nün qonağıdır...


İslam Sadıq
Elmi təfəkkür olmayanda ümid qalır saman çöpünə


Güllü  Yoloğlu
Şirin erməni qızıdırmı?!
Nizami Gəncəvinin əsərlərinin rus dilinə tərcüməsinə dair


Sərvaz Hüseynoğlu
"Bir uzaq səfərə gəmim çıxıbdı..."
Aran ədəbi mühiti haqqında düşüncələr


Leslay Vinz
Sevgi və daxili narahatlıq şairi


Camille  Adams Helminiski
(Amerika)
Qadın və Sufizm


Fəridə Hacıyeva


Muxtar Qul Məhəmməd
(Qazaxıstan)
Dünyanı söz idarə edir


Güllü  Yoloğlu
Böyük insanın böyük məhəbbəti


Yuri  Sapojkov (Belorus)

«Ürəyin böyüdülmüş portreti»
2005-ci il belorus poeziyası haqqında qeydlər


Firudin Qurbansoy
Mikayıl Müşfiqin təncim portreti


Əhməd Qəşəmoğlu
İnsanın mahiyyəti və missiyası haqda


Vitali Popov
Yəhuda İskaryot - İsa Peyğəmbərin seçimi


Fayaz Çaqani
Postmodernizm


Sevil Gültən
Misə çevrilmiş qızıl
Paulo Kuelyonun «Kimyagər» romanının dilimizə tərcüməsi haqqında


Vaqif Əliyev
“Leyli və Məcnun” operası – 100
Səhnəmizin ilk Leylisi


Əsəd Cahangir
Mən kiməm...
Rejissor Elşən Zeynallının Xalq Şairi Fikrət Qocaya həsr olunmuş «Mən kiməm» sənədli-bədii filmi haqqında qeydlər


Etimad Başkeçid
Məşhurluq alın yazısıdır...


Fikrət Sadıq
Üçüncü kərə «qarşı» sözünə qarşı» və başqa dərdlər

II Yazı


Kamil Əfsəroğlu
Litva Yazıçılar
İttifaqında




Mahirə  Abdulla
Çəhrayı rəngin nağılı
Sona Vəliyevanın “Çəhrayı rəngli dünyam” şeirlər kitabı haqqında


Əsəd Cahangir
Ana bilgiyə varanlar
Mahirə Abdullanın «Qatmaqarışıq nizam» kitabı haqqında


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Şəfəq Əlibəyli
Leksikoqrafiyamiza yeni töhfə


Aydın Arpaçaylı
«İki damla göz yaşı»


Qəşəm Nəcəfzadə


Şəfəq Sahibli


Həyat Şəmi


Bəhram Fərmanzadə


Əzizə Ağahüseynqızı


Elmar Vüqarlı


Elsevər Məsim


Elmin Əfqan


Dayandur Sevgin


Fəzail İsmayılın


ANONS!


Əsəd Cahangir
Drama + tryuk



 

Sərvaz Hüseynoğlu
"Bir uzaq səfərə gəmim çıxıbdı..."
Aran ədəbi mühiti haqqında düşüncələr


 

"Bir uzaq səfərə gəmim çıxıbdı..."
Aran ədəbi mühiti haqqında düşüncələr


İlər öncəsi oxuduğum və müəllifini unutduğumdan yana həmişə xəcil qaldığım bir şeirdən sətirlər qalıb yadımda:


Bir uzaq səfərə gəmim çıxıbdı,
İndi həsrət çəkən liman kimiyəm...


Bəhs edəcəyim Aran ədəbi mühitindən start götürmüş sənətdaşlarımın ədəbi uğurlarının sorağına dinşək kəsilib, xoş xəbər gözləyən liman kimiyəm indi.
Bu ədəbi mühit səmimiyyəti, istiqanlılığı, xəfifliyi, atəşinliyi ilə xarakterizə edilir. Bəlkə də bu, bir təbiət məsələsidi. Aranın isti iqlimi sənətçilərinə daha çox sirayət edib məncə.
İsti təbiət... isti duyğular...
O isti iqlimdən, qaynar təbiətdənsə "hələ də isti yağışlar yağır"...
Aran ədəbi mühiti bir növ mənim özümün özümlə olan haqq-hesabımın gündəlik mövzusudur; bu mövzunun civarları boyunca ərkim də, iddialarım dı, umu-küsüm də sıralanıb…


***


Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsini düşünəndə gözlərimin qabağına bölgədə yaşayıb-yaradan qələm adamlarının tanış, doğma və unudulmaz simaları gəlir: bu,


Nisə Bəyimdi


- öz tənhalığı, iddiasızlığı, ilahi, mistik duyğuları ilə baş-başa... Heç cür uyuşdura bilmirsən ki, bu zərif, az qala tərki-dünya, yalnız iç dünyası, xatirələri ilə yaşayan insanın belə kükrəməsi, hayqırması, üsyanı da ola bilər:


Əgər göylər salamatsa,
O ah mənim ahım deyil...


Onun poetik istedadını ilk etiraf edənlər rəhmətlik Yusif Səmədoğlu, Vaqif Yusifli olub. Xalq yazıçısı Anarın Nisə Bəyimin yaradıcılığına olan sayğısı isə bir ayrıca məqalə mövzusudur.
Nisə Bəyimin yaradıcılığından söz açmaq də elə ... Nisə Bəyim özü-özünü yetişdirən, özü-özünə arxalanan, özü-özünün dəyərini bilən söz adamıdı. Onun yaradıcılığını bütövlükdə əhatə etmək imkandan kənardı. Bircə onu bilirəm ki, Nisənin şeirlərinin ruhu elə də möhkəm, etibarlı olmayan yaddaşımın tək-tük yol-yoldaşlarından biridir. Nisə Bəyim "hələ də özünü axtarır - ürəyi itən yerdə".
Bəs


Şöhrət Qaraoğlu


necə? Rahid Ulusel Şöhrət haqqında mənim deyəcəklərimdən də yaxşı deyib: "Azərbaycanın poetik düşüncə və duyarlıq səltənətlərindən biri olan Saatlıda - ölkənin coğrafi və simvolik mənada özəyində yaşayıb-yaradan Şöhrət Qaraoğlunun misraları Vətən mənəviyyatındakı paytaxt - əyalət çatlarını toxuyan ipək saplardır".


Salam olsun, ilahi,
dərgahına, taxtına.
Ölməyə göndər məni
Sözün diri vaxtına -


deyən Şöhrət Qaraoğlu "sözün bir biçim olduğun"u bütün sənət duyğuları ilə duyub hiss edən, "misranın yolunda ölən sözünə ağla"mağı bacaran şairlərdəndir.
Sabirabadda yaşayan Nisə Bəyimi, Saatlıda yaşayan Şöhrət Qaraoğlunu,  Biləsuvarda yaşayan


Firudin Həsənağa


tamamlayır; sənət uçbucağı kimi. Bu, şair Ənvər Əhmədin sözüdü ki, bölgələr sacayağı kimidi və Bakı ədəbi mühiti bu sacayağının üstündə dayanıb qaynayır. Mənsə sözümün o yerinə qayıdıram ki, əgər F.Həsənağa olmasaydı, Aran ədəbi mühitinin üçüncü dayanacağını, qoltuq ağacını tamalamaq üçün ya Qazaxda yaşayan Barat Vüsalı, ya Şəkidə yaşayan Vaqif Aslanı, ya da Sumqayıtda yaşayan Sabir Sarvanı, Mingəfevirdə məskunlaşan İsmayıl  İmanzadəni xatırlayadım, məhz bu sənətçilərin Aran ədəbi mühitinin nümayəndəsi olmasısnı arzulayardım. Ona görə ki, eyni ruha köklənmişlərdi onlar. Coğrafi baxımdan hər biri Azərbaycanın müxtəlif qütblərində yaşayıb-yaradan bu istedadlı sənətçilərin poeziyaya münasibətlərində, poetik fikirlərinin ifadə tərzində dəhşətli bir doğmalıq, yaxınlıq, eyni dərəcədə də özünəməxsusluq var. Bu adamlar istedadlarının boy görümü ilə də, əxlaqi-etik düşüncə tərzlərinə görə də bir-birilərini gözəl tamamlayırlar.
F.Həsənağanın Yerə, Göyə, Tanrıya və bir də bəxtsiz şair Məhəmməd Hadiyə yazdığıdı ki,


Zülmətdə nələri qoyub gəlibdi,
Gözü gölgəlidi səhərin, Allah.
Dərd-qəmin üstündən nuş eyləyəndə
Dadı şirin olur zəhərin, Allah -
...Şair, şeir neçəyədir?


İstərəm dillənəm, söylənəm bir az,
İlahi, ağzımda nə oddu bişir?
Qoluma toxunma, qurbanın olum,
Üstümün, başımın cini ürpəşir -
... Sayıl, şeir neçəyədir?


Hərdən düşünürəm ki, N.Bəyimi də, Ş.Qaraoğlunu da, F.Həsənağanı da nədə təqdir etmək, nə də suçlamaq olar? Məncə, onlara şeirin, sənətin qayda-qanunları barədə "bunu belə etsəydi, bunu belə yazsaydı" nəsihəti, alimanəliyi etməyin vaxtı çoxdan keçib. Onlar poeziya yoluna hazır gəliblər, sənət üfüqləri geniş və aydındır, hər birinin öz poetik nəfəsi, duyumu var. Bəlkə irad tutum ki, yaradıcılıqlarının təbliği qayğısına elə də çox qalmırlar? Bu, pismi, yaxşıdırmı? Gözə dürtülənlərin sürtünməsi, sürtükləşməsi ucbatından azmı itirmişik? Mərkəzdə gedən ədəbi hoqqabazlıqların qısa sonluğu üstündən eləmi çox keçib? N.Bəyimi, Ş.Qaraoğlunu, F.Həsənağanı düşünürəm, bölgədən-bölgəyə boyun uzadıb B.Vüsala, S.Sarvana, V.Aslana, İ.İmanzadəyə, R.Qusaçaylıya, S.Axundluya salam vermək və bir də ədəbi istedadlarını ədəbsiz sənət hoqqabazlıqlarına qurban verən çayxana dostlarının ruhuna dərin hüznlə salavat çevirmək istəyirəm.
Çox, lap çox istədiyim bir neçə sənətdaşımın...
...indi onların hər birinin istedad qığılcımları ilə yanaşı, tanış fiziki görüntüləri də qalıb yadımda: birinin gömgöy sifətindən böyrəklərinin ciddi xəstə olması əlbəəl görünür. Digərinin ayağındakı şapşapılar sürüşkən zəif məxluqları xatırladır, bilirsən ki, yanındakını da sapdıracaq. Birinin par-par parıldayan gözü xəbər verir ki, üzünü çevirən kimi səni satacaq.  Biri sənə əl açıb cibindəki son qəpiyi alan kimi dərhal dahi görkəmi də alacaq.
Beləcə, ədəbi mühitdən şəbədə həyata gömülənlərin ağrısı yaşayacaq canda. Və dərin ağrı hissi ilə deyinəcəksən ki, axı mənim burda nə ölümüm var? Ancaq axı səni bu mühitə dəfolunmaz duyğularla çəkənin bir adı da elə N.Bəyimdi, Ş.Qaraoğludu, F.Həsənağadı, onlardan keçib gələn yolun başladığı yerdi bura...


***


Mövzumuzsa konkret olaraq Yazıçılar Birliyinin Aran bölməsidir. Bölmə 2002-ci ilin noyabr ayında yaranıb. Heç yadımdan çıxmaz, Anar müəllim gəlmişdi, Fikrət Qoca gəlmişdi, bir də "Azərbaycan nəşriyyatı"nın sabiq direktoru Nazim İbrahimov. Bəri başdan deyim ki, bu, bizim doğma İmişli rayonu üçün çox əlamətdar, unudulmaz bir gün idi. Bu rayonda ancaq S.Vurğunun Mil-Muğan düzünə olan səfərləri şirin xatirə kimi yaşayır. Vaxtilə R.Rza, Ə.Kərim, M.İbrahimov, B.Vahabzadə, T.Bayramın gəldiyi də olub İmişliyə. Mən özüm İmişlidə illər öncəsi F.Kərimzadəni H.Arifi, F.Sadığı görmüşəm. Bir də həmişə yaxşılıqlarına uçunduğumuz, xeyirxahımız Ç.Əlioğlunu. Bir haqqı qeyd edim ki, əgər Ç.Əlioğlunun bizim rayona olan xatırladığım səfəri olmasaydı bəlkə də, İmişlidə ədəbi durum bir ayrı ovqatda formalaşacaqdı. İndi bunun səbəblərini açıqlamaq elə də asan deyil. Ona görə ki, o saat basmaqəlib, hazır iradlar, ittihamlar yağışı yağmağa başlayacaq. Ancaq həqiqət budur ki, bizim rayonda ədəbi mühitin yaşı elə də uzun sənələrlə ölçülməsin gərək. Bu rayon 1932-ci ildən bəri inzibati mərkəz kimi formalaşıb. Ötən əsrin 50-60-cı illərində yerli qəzetin ətrafında tək-tük qələm adamı cəmləşib. 70-ci illərə onların bir-ikisinin adı gəlib çıxıb; Rəhim Rəmzi, Balaxan İbadlı, Cəfər Qarayev və s.
70-80-cı illər isə İmişli ədəbi mühitində yeni bir eradı. Bu illərdə rayonda çıxan "Qızıl ulduz" qəzetinin redaksiyasında "Ümid" ədəbi məclisi fəaliyyət göstərirdi. Məslisin aparıcısı qəzetin məsul katibi


Siyab Məmmədov


idi. Hər həftə keçirilən dərnəyə bizim ucqar kəndlərdən gəlib necə çıxmağımızı gözlər olsun görməsin. Ən yaxşı halda qışın şaxtasında, yayın qızmarında kolxozun süd maşınının kuzovuna minib gəlirdik - Şəmsi Vəfadar, Qəşəm Nəcəfzadə idi, Valeh Bahaduroğlu, Dayandur Sevgin, Nazim Zahid, Ayaz Əsgəroğlu, Əjdər Borçalı... Səyyad Aran, Cabir Savalan, Əlağa Mərdanlı, Məryəm Şahverdiyev, Səməd İsmayılov, Ağasəlim Hacıyev, Murad Qoçuoğlu isə rayonda yaşayırdılar. Yığışırdıq bir yerə, yeganə tənqidçimiz Siyab Məmmədov idi. Bir qayda da var idi ki, oxunan yazılar barəsində hər kəs öz fikrini bildirməliydi. Beləcə, o ədəbi məclis İmişlidə demək olar ki, ədəbi mühitin əsasını qoydu. Cabir Savalanın "Bu at niyə buxoıludur görəsən?", "Qızıl ilan" şeirləri respublika mətbuatında dərc olundu. Biz o illərdə altmışıncılar deyilən ədəbi nəslin ab-havasına möhkəm köklənmişdik. Eyni zamanda, Mövlud Süleymanlı, Ramiz Rövşən, Vaqif Bəhmənli, Vaqif Bayatlı, Eldar Baxış və başqaları yeni-yeni çap olunurdular. Acgözlüklə mütaliə edir, müzakirələr keçirirdik.
Və indi tam səmimiyyəti ilə qeyd edirəm ki, nə yaxşı 80-90-cı illərdə


Qəşəm Nəcəfzadə


rayon ədəbi mühitinin Bakı ədəbi mühitinə qovuşması prosesini reallaşdıra bildi. İmişli ədəbi mühiti bugünkü durumuna görə daha çox Q.Nəcəfzadəyə borcludur. Mən bunu qeyd etməyi özümə borc bilirəm. Ona görə ki, Qəşəmə qədər burada ədəbi proseslər fasilələrlə, düşəndən-düşənə, rəsmiyyət çərçivəsində davam etmişdir.
Qısa vaxt ərzində respulika nəşriyyatları tərəfindən S.Aranın, C.Savalanın,Q.Nəcəfzadənin, Ş.Vəfadarın, V.Bahaduroğlunun, Ə.Mərdanlının, M.Mirhəşimoğlunun, A.Hacıyevin, D.Sevginin, M.Gövhərlinin, N.Zahidin, B.Nəsibovun, V.Adışirinoğlunun, C.Nikbinin kitabları nəşr olundu. Ədəbi tənqid bu istedadı sənət kadamları barəsində öz sözünü dedi. Bu gün isə İmişli ədəbi mühit görkəmli sənət adamlarımız, Bakı ədəbi həyatı tərəfindən etiraf edilən faktora çevrilib.
Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin yaradılması bölgədəki ədəbi mühitin mərkəzlə əlaqələndirilməsində, canlandırılmasında xeyli iş görə bildi. Qısa müddət ərzində bölmənin "Aran" ədəbi toplusu çapdan çıxdı. "Aran" jurnalı, "Sarı sim" qəzeti işıq üzü gördü. Yeni dərc edilən kitabların təqdimat mərasimləri düzənləndi.
Ancaq bütün hallarda ədəbi məhsul, ədəbi fakt əsas olaraq qaldı... Və mən məsələnin bu yerində həm dərin sevinc, həm də kədər hissi ilə üzbəüz qalıram. Müəllif var ki, ardıcıl yaradıcılıq axtarışları onları cilalayıb, formalaşdırıb. Müəlliflər də var ki, sənət duyğularını xırda məişət qayğılarının ayağına veriblər.
Elə biri


Ağasəlim Hacıyev.


Ağasəlimin yerli qəzetin səhifələrində 70-ci illərin əvvəllərində oxuduğum şeirləri hələ də yadımdadır:


Gözəllik gətirir bizə təbiət,
Çəmənə, obaya, düzə təbiət.
Gözələ göz dəyər deyib babalar,
Nə yaxşı gəlməyir gözə təbiət?


Cəmi bir bəndlik şeir öz lakonikliyinə, yığcamlığına, poetik ifadə tərzinə görə müəllifinə böyük ümidlər doğururdu. O illərdə A.Hacıyev dünya ədəbiyyatının ən yaxşı nümunələrini orijinaldan dilimizə çevirmişdi. Təəssüf edirəm ki, sonralar Ağasəlim öz yaradıcılığı üzərində ardıcıl işləmədi. Şeirə, sənətə böyük fasilələrlə qayıtdı. İndi onun yaradıcılıqla məşqul olması bir anlıq çaxıb keçən şimşək parıltısını xatırladır. Yerində acı təəssüfün külü qalıb. Yeni şeir kitabları çap edilsə də belə…
Ədəbi mühitin istedadlı nümayəndələrindən olan


Valeh Bahaduroğlu


da elə. İstədiyinə daha çox nəsrdə nail olan Valeh iki hekayələr kitabının müəllifidi. Valehin müşahidə qabiliyyəti iti, fikrinin ifdə tərzi dəqiq və yaddaqalandı. Onun "İt ölümü" hekayəsinin təəssüratı hələ də mənimlədi. Valeh hekayələrində özüdü. Lakin ara-sıra yazdığı şeirlərin parıltısı onu öz ardınca apardı. Bir-iki uğurlu misra, məsələn, "O hansı dərddi ki, mənimki döyül", "Əllərinə şeir yazmışam, öp qoy əllərini gözünün üstə" və s., Valehi nəsrin ləngərli axarından qoparıb şerin xırda keçidlərlə dolu kəhrizlərində görünməz etdi. Ancaq hər dəfə inanmışam ki, Valeh haradasa öz sözünü demək üçün dayanacaq tapa biləcək. Kifayət qədər istedadlı olan bir qələm adamı üçün bu hal həmişə gözləniləndi.
Necə ki, biz bunu bölgədə yaşayıb-yaradan


Alim Gövhərlidən və Nazim Zahiddən


gözləyirik. Təəssüf edirəm ki, ilk şeir kitablarından sonra Alim də, Nazim də yerində saymağa başladılar. Alimin 80-cı illərdə yazdığı şeirləri hələ də bir az qibtə hissi ilə oxuduğum hallar olur:


"Azərbaycan" deyəndə
Əziz-əziz deyin,
Həzin-həzin deyin.
Hansı rəngdən geyirsiniz geyin,
Təkcə qırmızıdan başqa.


...Azərbaycan deyəndə başınızı dik tutun,
Qoy təsəllisi olsun yurdun.
"Azərbaycan" deyəndə
Nə "Şimal" deyin, nə "Cənub"
Şah İsmayılın qəbri yanıb
Kül ola bilər.
"Azərbaycan" deyəndə
Qeyrətlənsək bir damcı
O dirəklərin yeri gül ola bilər.


Alimin "O dirəklər" deyə isnad, nişan verdiyi sərhəd dirəkləri özünün yaşadığı kəndin lap əlçatarından - Araz boyunca keçib gedir. Onun 80-90-cı illərdə silsilə şəklində yazdığı şeirlər ictimai, siyasi, sosial mövzu yükü baxımından yetərincə aktual idi. "Qəbirlə söhbət", "Ən xoşbəxt ağac" və s. şeirləri Alimin gənc bir şair kimi gələcək yaradıcılıq palitrasının ümidli zəngindiyindən xəbər verirdi.
Təəssüf ui, 90-cı illərin sonuna doğru Alim Gövhərli də, yaradıcılığına böyük ümidlər bəslədiyim çox istedadlı şair dostum


Murad Qoçuoğlu


da uzun sürən sükutla izlənən ədəbi görünməzlərə çevrildilər. Muradın "Dəli olmayanın ağılı yoxdu", "Vətən, bağışla bizi" səpkili şeirlrindən aldığım təəssürat da Alimin bayaq adlarını saydığım şeirlərin ilğımına qovuşub sozaldı. Hər halda, mənim oxucu yaddaşımda İmişli ədəbi mühiti üçün bir Murad, bir Alim ağrısı qaldı. Və buradaca qeyd etmək istəyirəm ki, Muradın, Alimin sakit bir küncə çəkilməsi, Qəşəmin, Dayandurun, Şəmsinin, S.Aranın, C.Savalanın, M.Mirhəşimoğlunun Bakıya köçməsi rayonun ədəbi mühitində tam br boşluğun yaranması ilə sonunclandı.
Yazıçılar Birliyinin Aran bölməsi yarandıqdan sonra  bölgədə ədəbi mühit yeni oyanış mərhələsinə qədəm qoydu. Ancaq təbii olaraq hiss edir və dəqiq bilirdim ki, rayonun ədəbi diapazonu nə yerdədi... Bu qüvvələrlə ciddi ədəbi prosesə mudaxilə etmək çox halda istehza və təəccüb doğura bilərdi. Yazıçılar Birliyinin Aran bölməsinin sədri olaraq bu qənaət məni çox məyus edirdi. Buna görə də ədəbi mühitin daha qaynar olduğu Biləsuvar ədəbi mühiti ilə, Saatlı, Sabirabad rayonlarında yaşayıb-yaradan sənət adamları ilə əlaqələr qurub, qüvvələri birləşdirmək yolunu ən doğru yol hesab etdim. Qısa vaxt ərzində tərtib edib nəşr etdirdiyim "Aran" toplusu, "Aran" jurnalı, "Sarı sim" qəzeti bu işdə körpü rolu oynadı. Və tezliklə bölgədə ədəbi mühit yeni boy artımı ilə görünməyə başladı.
Yuxarıda bəhs etdiyim sənət dostlarımın bir çoxunun yaradıcılıq sənətindən geri çəkilmələrinin tam əksinə olaraq, istedadlı yazıçı Əliağa Mərdanlı, Əbülfət Əqlin, Binnət Nəsibov, Camal Nikbin, Mubariz Şirinov, tənqidçi Elçin Razim, yazıçı-jurnalist Səməd İsmayılov, daha çox memuar xarakterli kitablar üzərində işləyən Mirələkbər Gövhərli daha ardıcıl yaradıcılıq axtarışları ilə yadda qaldılar.
Beləliklə, bölmənin ətrafında yeni bir ədəbi mühit formalaşmağa başladı. İlk halda bir kütləvilik görüntüsü də sezilə bilərdi  və bu, təbii idi. İndi bu kütləvilik daha çox fərdiliyə “stavka” edir.
Bu "stavka”da Əlağa Mərdanlının, Muxtar Əhmədin, Firudin Həsənağanın, Ziya Şəkərlinin, Cəfər Şıxcanın, Şakir Məhbusinin, Əli Aşiqin, Adil Yaramazın, Ağamirzə Babayevin ədəbi siması daha aydın görünür. Bu aydınlıq içində adının çəkilməsinə daha çox haqqı çatan, Biləsuvar rayonunda yaşayıb-yaradan


Namiq Yanarın


da öz görünən yeri var. İstedadlıdı. Deməsəm riyakarlıq olar ki, çox vaxt onun ədəbi iddiaları yaradıcı fərdiyyətini üstələyir. Bu eqoizm balaca bir ədəbi mühitdə yersiz çəkişmələrə, ədəbi münaqişədən daha çox ədəbi didişmələrə, qruplaşmalara gətirib çıxarır. Belə götürək ki, Biləsuvarda bir neçə istedadlı və üstə gəl yazmaq xatirinə yazan şəxs sözün həqiqi mənasında ədəbiyyat cəfakeşi və gözəl şair olan Muxtar Əhməd İsmayıloğlunun ətrafına toplaşıb bir ədəbi məclis, yenə də üç-dörd istedadlı və yenə üstə gəl bir yığın yazmaq xatirinə yazan şəxs istedadlı sənət adamı olan Namiq Yanarın ətrafına toplaşıb bir ədəbi məclis yaradırlar. Nəticədə bu məclisdən küsən o məclisə, o məclisdən inciyən bu məclisə gələsi olur. Bu, yaxşıdımı? Bəlkə də hə! Hər halda canlı, dipdiri ədəbi bir ab-hava dövr edir ortada.
Bu, pisdimi? Yenə də "hə!" Ona görə ki, belə halda çox vaxt ciddi ədəbi proses arxa plana keçir, əvəzinə bir qrup dedi-qoduçu, macəraçı, qeybətcil dəstə formalaşır. Bu eybəcərlik balaca əyalət mühitində çox miskin görünür və əyalət ictimaiyyəti çox vaxt ədəbi aləmə onların siması, gözü ilə baxmaq zorunda qalır. Sənətə bu cür münasibət Bakı ədəbi mühitinin genişliyi, əhatəliliyi fonunda görünməz olur. Xırda qüsurlar əyalətdə daha çox çılpaqda qalır. Və, məncə, Biləsuvarda yaşayıb-yaradan sənət dostlarım məsələnin bu tərəfini diqqətdə saxlasalar, daha önəmli olar.
Saatlıda və Sabirabadda isə ədəbi mühit İmişli və Biləsuvardakına nisbətən sabit və sakit məcrada inkişaf edir. Saatlıda yaşayıb-yaradan Şöhrət Qaraoğlu, Şah İsmayıl Adıgünlü, Qənbər Əhmədli, Qalib Bayram son illərdə bir neçə kitab nəşr etdiriblər. Sabirabadda Nisə Bəyim, Şahnaz Nəsirova, Nazim Cəfərov yaşayıb-yaradır.


Şahnazın


yaradıcılıq axtarışları, şeirə baxışı çox maraqlıdı. O, öz üzərində işləyir, ədəbiyyatın böyük yoluna ciddi sənət uğurları ilə çıxmağa inadlı cəhd göstərir.


Sənin sevdiyin yağışdan
Ayrılıq qoxusu gəlir -


deyə müraciət etdiyi sevgilisinə "fikir qədər yaxın, can qədər uzaq olan" müəllif öz qürurunu şair məninin ucalığı ilə qaynadıb-qovuşdura bilir:


Qəmimi içimə çəkdim -
Kimsə bu dərdi duymasın.


O, saat görünür ki, Şahnaz tapdanmış yolla getmir, o, sevgisində də, şeirlərində də yeni və təravətlidi.


Qalib Bayram


da elə, şeirləri də özünə bənzəyir: səmimi, duyğulu, sakit, iddiasız. Bir şeirindən yadımda qalanlardı:


Sən hardan biləsən
Heç nəyə ehtiyacım yoxdu
Təbəssümündən başqa...


Təbəssüm və səmimiyyət isə Qalibin şeirlərində bol-boldu. Bəs Qalibə iradım nədi? Tənbəldi, yaradıcılığının təbliği qayğısına demək olar ki, qalmır. Ondar şeir alıb çap etdirincə adamınkı adama dəyir.
İmzasına dərin sayğılar bəslədiyim yazıçı Əlabbasın "Uçurum" kitabına yazdığı bir avtoqrafı var: "Nə qədər ki, bu dünyanın istəklərindən başım çıxmırdı, mən daha asan, daha rahat, həm də çox yazırdım, bəzi mətləblərdən hali olandan, bu çərxi-gərdunun nə olduğunu az-maz anlayandan sonra həm çətin, həm də günü-gündən daha az yazıram".
Bu deyilənlər ədəbiyyat, sənət qarşısında dərk olunan, etiraf edilən məsuliyyətin hörmətə layiq etirafıdır. Aran ədəbi mühitindəki sənət dostlarıma məhz Əlabbasın etiraf etdiyi həmin o bəzi mətləblərdən hali olmağı, bu çərxi-gərdunun nə olduğunu az-maz anlamağı arzu edirəm. Ancaq arzu etmirəm ki, onlar da Əlabbas kimi yeni əsərlərini çapa hazırlayarkən hesab etməsinlər ki, bu, onların son yazısı olacaq. Əlabbas bir sözündə haqlıdır ki, əgər kimsəyə gərək deyilsənsə, getməyi bacarmalısan. Bu rayonlarda, ölkənin hər yerində olduğu kimi, hələ də yazıçılığı, şairliyi kitabların sayı, vərəqlərin qalınlığı ilə ölçənlər var. Hər hansı idarə, JEK müdirini nəsr qəhrəmanına çevirməyin arxasında duran umacaq sənətkar adına iddialı olanların ədəbi avtobioqrafiyasına heç də tarixi ölməzlik, unudulmazlıq dividenti gətirmir. Elə şəxslər də var ki, hətta şəhidlərimizin adını belə vasitəyə çevirməkdən, bu müqəddəs mövzunu özlərinin maraqları boyunca hərləyib-fırlamaqdan çəkinmirlər. İndi ayrı-ayrı rayonların ziyalıları imkanlı iş adamları haqqında avtobioqrafik məlumat xarakterli kərpic-kərpic kitablar çap etdirməklə sənətçi adına daha çox iddialıdırlar. Elə bil nakam şairimiz Mikayıl Müşfiq məhz belələrinin nəzərdə tutub yazıb ki:


Şairəm söyləyir yerindən duran,
Adamın üzündə həya gərəkdir.


Hər gün istedadlı qələm dostum


Əlağa Mərdanlının


ötən illərdə yazıb nəşr etdirdiyi "Dan ulduzu" romanının üzərinə yenidən qayıdacağı məqamı intizarla gözləyirəm. Elə bir çox roman və povestlərinin üzərinə qayıtmasını da həmin duyğularla bəkləməkdəyəm. Ə.Mərdanlı böyük enerjiyə, əhatəli süjetləri bir məcraya yönəltmək peşəkarlığına malik sənətçidi. Onun yazdıqları daha çox sənədli əsərlər seriyasındandır. Təəssüf edirəm ki, bu istedadlı və zəhmətkeş yazıçı öz əsərlərini çox vaxt yersiz ricətlərlə, məsələyə dəxli olmayan təfərrüatlarla yükləyir. O gərək çoxsaylı kitablarının içərisinə səpələnmiş ədəbi fraqmentləri, sənətkar müşahidəsinin poetik yükü ilə qələmə alınmış səhnələri yersiz təfərrüatlardan, lüzumsuz təsvirlərdən xilas etsin. Məncə, dünyaya yeni-yeni uşaqlar gətirməkdənsə həyatın əzəməti qarşısında çaşıb qalmış körpənin əlindən tutub onu zamanın durumuna qarşı tab gətirməyə hazırlamaq daha önəmli işdir. 
Deməliyəm ki, Ə.Mərdanlı hekayələrində daha yaddaqalan, daha oxunaqlıdır. Onun "Əcəl", "İstək", "Şair arvadı", "Səsin sehri", "Zarafat" kimi hekayələri yazıçının sənətkarlıq məziyyətlərini daha qabarıq şəkildə əks etdirir. O, ayrı-ayrı fraqmentlərdə, detallarda daha güclüdü, xüsusilə hekayələrində. Ə.Mərdanlının "Dördüncü meyit" romanı isə diqqəti daha çox mövzu aktuallığına görə çəkir. Qarabağ uğrunda gedən döyüşlərdə igid əsgərlərimizin şücaəti, azərbaycanlı anaların milli köklərə bağlı mərdanəliyi bu əsərdə kifayət qədər bədii boyalarla əks olunub. Erməni faşizminin iç üzü "Dördüncü meyit"də bütün incəliyi ilə açılır. Əsər belə bir ədəbi ideyanı və həqiqəti özündə ehtiva edir ki, öncə vətəndir. Onun uğrunda savaşa qalxanların xatiri xalqın, Tanrının yanında əzizdir. Müəllif bu romanında digər əsərlərində bol-bol istifadə etdiyi daxili monoloqlardan yerli-yerində istifadə edib. Bu üsul qəhrəmanların, ayrı-ayrı obrazların özünəməxsusluğunu, fikir və düşüncələrinin mövqe ucalığını, iç dünyasının zənginliyini açmağa daha çox material verir. Bir yazıçı kimi Ə.Mərdanlı bu yolla gedəndə istədiyinə daha çox müvəffəq olur. Lakin o yerdə ki, yazıçı özündən döyüş səhnələri quraşdırır, yerli-yersiz təfərrüatlara varır,  roman bundan itirir. Unutmaq olmaz ki, günümüzün reallığına çevrilmiş hadisələri bu hadisələrin müasiri, çox halda isə iştirakçısı olduğu oxuculara təqdim edən zaman son dərəcə diqqətli olmaq lazımdır.
Bölgədə yaşayıb-yaradan sənət adamlarından


Mirələkbər Gövhərlinin


"Çiyələk ətri" kitabında müəllifin digər əsərləri ilə yanaşı "Şərbətalının sərgüzəştləri" povesti də dərc olunub. Yazıçının Şərbətalı adı altında ümumiləşdirdiyi obrazın başına gələnlər oxunaqlı şəkildə qələmə alınıb. Şəxs və yer adları şərti olsa da, povestdəki hadisələrin mövzusu real həyatdan götürülüb.  XX əsrin sonlarına doğru ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələr Şərbətalıdan da yan keçmir, onu daxilən sarsıdır, təbəddülatlara düçar edir, ciddi sınaqlara çəkir. Şərbətalı sovet dönəmini yaşamış, bir növ, sabit ömür sürmüş, sosializm dövrünün adi bir vətəndaşıdı. Hər şeyin planlı və çərçivə daxilində fəaliyyət göstərdiyi cəmiyyətdə birdən-birə baş verən köklü dəyişikliklər Şərbətalıya möcüzəli, ağlasığmaz gəlir. O, yeni prosesi həzm edə, işinin çəmini tapa bilmir. Elə bu məqamda o, "Azadlıq" radiostansiyasının verilişlərinə aludəçiliklə qulaq asmağa başlayır. Çox fikirləşəndən sonra Mirzə Xəzərə məktub yazası olur. Ancaq necə? Bilmir Mirzə Xəzəri tərif etsin, yoxsa məzəmmət. Və bu "tərif", "məzəmmət" çəkişməsi, götür-qoyunda müəllif o illərin bütün sarsıntı, təbəddülatlarını əks etdirir.
Yaxşı haldı ki, M.Gövhərli ensiklopedik biliyə, güclü yaddaşa malik sənətçidir. Həyat materialı onun yaddaşında bol-bol mövzu konspektləri yoğurub-yapıb. Lakin Gövhərli bu konspekt, həyat materiallarından lazımınca istifadə edə bilirmi? Məncə, onun dərk etdikləri daha zəngin və əhatəlidi, nəinki yazdıqları. Təsəvvür edin ki, tikinti meydanıdı. Hər şey var: daş, sement, taxta, armatur, şifer, qum, çınqıl, bütün bunları o tərəf-bu tərəfə daşıyan da var. Binanı tikmək üçünsə peşəkar bənna əlləri, usta qəlbi lazımdı. Məncə, Gövhərlinin məsələnin məhz bu tərəfinə daha çox diqqət yetirməsinə həm ehtiyacı, həm də imkanı var.


***


       


Bu mövqedən yanaşanda Aran ədəbi mühitində tərəzinin poeziya tərəfi daha samballı, ağır gəlir. Bölmənin poeziya sahəsindəki uğuları demək olar ki, Bakı ədəbi mühitinin axtarışları, əldə etdiyi yeniliklərlə daba-dabana, başabaş dayanır. İstənilən halda Aran ədəbi həyatının poeziya bölümü Azərbaycan ədəbiyyatının çağdaş durumunu ifadə edə bilmək üçün yetərli söz demək imanına malikdir. Bir daha F.Həsənağanın yaradıcılığına müraciət etmək istəyirəm. Fikir verin, Firudinin ifadə tərzi necə sərrast, oxunaqlı və yaddaqalandır:


Buludunu sığallayıb,
Öz göyün, yerin ağlayır.
Əl atıb yüz dərd içindən
Götürüb birin ağlayır.


Yaxşı daş düşmür damlardan,
Hərdən daş düşür damlardan,
Bu dünyada adamlardan
Küləklər şirin ağlayır.


Çox verdi suya dərdini,
Atdı quyuya dərdini,
Göndərib toya dərdini
Daldada sərin ağlayır.


Mənəm uçan da, batan da,
Səbrim dərdimə çatanda,
Qardaş, küləkdən, sudan da
Quyular dərin ağlayır.


Firudinlə yan-yana, nəfəs-nəfəsə daha bir orijinal şair yaşayıb-yaradır:


Muxtar Əhməd İsmayıloğlu.


Uzun illər boyu Biləsuvar ədəbi mühitinin qayğı yükünü ləyaqətlə daşıyan M. Ə.İsmayıloğlu hər şeydən əvvəl özünəməxsus nəfəsi olan şairlərdəndir. O, "Analar yanar ağlar", "İçimdən bir haray keçdi" və s. kimi maraqlı kitabları ilə oxuculara yaxşı tanışdı. Yaxşı cəhətlərdən biri də odur ki, o, ədəbi prosesi dərindən izləyən, öz üzərində daim çalışan bir sənətçidi. Aşağıda misal gətirdiyim şeir də göstərir ki, Muxtar tapdanmış yolla getmir, yazdıqlarının arxasında öz şair məni dayanır:


Qırılıb, qayıdıb gəldim
Otnan, suynan, mehnən, qardaş.
Sübh çağı yarpaq üstünə
Göydən enən şehnən, qardaş.


Qayıtdım durnalar kimi
Şirin nəğmə oxumağa.
Ömrümdən sökülənləri
Bir də başdan toxumağa.


Dirilib, qayıdıb gəldim,
Yağış, dolu döyə-döyə.
Məni aldadan dünyanın,
Anasın ağladım deyə.


Təqdim olunan şair məninin, şair iddiasının, şair ovqatının poetik ifadəsi göz qabağındadı.
Belə yerdə A.Hacıyevin öz sənət dostuna ithaf etdiyi misralar daha çox yada düşür:


Söz-söz, misra-misra xırdalanmağın
Sənin şair kimi böyüklüyündür.


Bu, bir həqiqətdir ki, söz-söz, misra-misra xırdalanmağı bacaranlar daha çox yadda qalırlar. Məsələn, bu gün Aran ədəbi mühitində dərin yanıq yerləri qalan, sorağımıza kədərli dünənindən cavab verən, 80-90-cı illərdə isə çox ümidverən şair kimi ədəbi tənqid tərəfindən dönə-dönə etiraf olunan


Nübar


Ürəyimin qəm qubarı
Ağardıb vaxtsız saçımı.
Qardaşlarım, gəlin görün
Bunca urvatsız bacını.


Günahkar kimdi? - Nə bilim,
Gördüyüm gündü? - Nə bilim,
Yad etdinizmi? - Nə bilim,
Qohumsuz, yadsız bacını?


...Ruhum canımda daşınır,
Dərd çəkən yeri qaşınır.
Enməsin daha başınız,
Basdırın adsız bacını.


Bu sətirlər həm də elə bil ki, Nübarın özünün özünə ağısı, elegiyasıdı. Və mən Nübar sarıdan bu sətirləri çox dərin bir sayğı, ehtiram, təəssüf hissi ilə yazır, eyni zamanda, dəli bir duyğu ilə hiss edirəm ki, Nübar öz sənət nübarını yazmağa güc tapdığı kimi, sənətin ura məqamına da gəlib çıxmağa mənəvi ehtiyac duya biləcək.
Məncə başqa bir şairənin –


Ahilənin


də sənət yolu Nübarın ağrılarına dirənib qalır:


Əksik olsa dünyadan qəm -
Axtarmayın, mən apardım.


- deyə oxuculara doğma, yaxın bir sirdaş, sənətçi salamı, mesajı göndərən Ahilə "İki sahil arasında" şeirində öz sənətçi mənini, varlığını görün necə uğurla ortaya qoya bilir:


Nə qəribə telefondu:
Nə nömrəsi var - yığasan,
Nə dəstəyi var - götürəsən.
Nə evdəsən,
Nə telefon budkasında.
Danışırsan
İki sahil arasında.
Sözlər də qucaqlaşarmış,
Qulağa çatmamış,
Yarı yolda,
Suyun ortasında...
Belə danışıq var
Bu dünyanın harasında?..


Tapdanmış Araz mövzusunun bu şəkildə yenidən ifadəsi yalnız Ahiləyə məxsusdur. Və bu sətirləri oxuya-oxuya Yaqub Zorufçunun ifasında "Aman, ayrılıq" mahnısına çəkilmiş klipin səhnələrini dönə-dönə göz önünə gətirməyə bilmirik.
Qaçqın soydaşlarına,


Əkmə bu ağacı bu təzə yurdda-
Yerində ayrılıq bitər, qardaşım...


deyə müraciət edən Camal Nikbin,


Mənə pay düşəydi səxavətindən,
Adınla çıxaydım dardan, çətindən,
Çörəyim olaydı kəramətindən,
Çörəksiz olanla böləydim, Ağa!


yazan Məryəm Şahverdiyeva,


Vay dərdlərin halına,
Mənim içimdə boğulacaq


yazan İlyas Aran,


Qoyunlar otlağa arxac yerindən
Çəkilir xalçanın ilməsi kimi -


yazan Səməd İsimayılovun müşahidəsi isə daha dəqiq, yaddaqalandı. Necə ki, Vaqif Adışirinoğlu "Gecikmiş övladım" adlı şerilər kitabına daxil etdiyi əsərlərlə yadda qalır.
Əbdülkərim Paşayevə, Binnət Nəsibova gəldikdə isə deməliyəm ki, onların son dövr yaradıcılığı daha çox razılıq doğurur:


İnsan da yaşayır fəsillər kimi,
Dəyişir ömrünün vaxtı, vədəsi.
Başının üstündə gəzir, dolaşır,
Xəzan yarpağına dönmək hədəsi -


yazan Əbdülkərim Paşayev öz poetik ustalığının qayğısına nə qədər səbrlə, inadkarlıqla qalırsa, Binnət Nəsibov da bir o qədər məsuliyyətlə sənətin böyük yoluna doğru can atır:


Qızıl bəxt axtardım, tapa bilmədim,
Qızıl təxt üstündə yata bilmədim,
 Cırnayıb, oyunu qata bilmədim,
 Beləcə uduzdum dünyaya, belə...


Daha bir istedadlı şair Mübariz Şirinov isə B.Nəsibovun uduzduğu həmin o dünyanın başqa bir tərəfini oxucu diqqətinə təqdim edir:


Alan aldı, satan satdı səni də,
Oyunlara qatan qatdı səni də,
Mənim kimi atan atdı səni də,
Ayıl dünya, düzəl dünya, düz ol, düz...


Ancaq həm Əbdülkərim, həm Binnət, həm də Mübariz Şirinov qələmə aldıqları bütün əsərlərinin üzərində eyni yaradıcılıq həvəsı ilə çalışmırlar. Onların hər hansı bir uğurlu qələm nümunəsini hökmən hansısa bir uğursuzluq izləyir. Onlarda kəmiyyətin keyfiyyətə keçməsi mərhələsi daha ağır və ağrılı gedir. Şəxsən mən Mübarizin


Daş atma gəl özgə bağa,
Heç özünü bilmə ağa,
Yaşla deyil ağıl, qağa,
Bilmirəm məramın nədi?


misralarındakı boşluğu, bozluğu onun yaradıcılıq avtobioqrafiyasına qıymıram. Əbdülkərim Paşayev


Bir bənnadı məzarımı
Min özülə hörən dünya

misralarında nə qədər qəbul ediləndisə,

Arxada gizlənmə, qalma sən geri,
Uşaqlıq eyləyib, yolunu azma


nəticəsində bir o qədər qeyri-poetikdir.
Bölgənin maraqlı şairlərindən biri də Şakir Məhbusidir. Onun qənaətinə görə:


Yaşamağa dəyməz ömür
Bir sətir şerə dəyməsə.


Şakir Məhbusi şeirin texnikasını yaxşı mənimsəyib. Poetik duyumu yetərincədir. Ancaq olur ki, hərdən Şakir qafiyəbazlığa uyur, səsləşmələr çəkib aparır onu.


Yükləyib ömrümə qayğılarını,
Ölür ümidlərim son qatar kimi


müşahidəsini uğurla şeirə çevirən Şakir bəzən imkanlarından aşağı səviyyədə misraların da altına imza atmağı özünə rəva görür. Məsələn:


Qəmli könül gülə bilməz,
Dərdsiz dərdi bilə bilməz,
İgid qüvvət ala bilməz,
Ayağı yerə dəyməsə.


Və yaxud


Əgər kədərmişsə bu ömür yüküm,
Daha bu sevgidən dönüb gedəcəm.
Həsrətin oduna dözməyib bir gün,
Məni sevdiyini bilib gedəcəm.


İstəməzdim ki, qələminə ümidlər bəslədiyim Şakir Məhbusinin imzası belə sönük şeir nümunələrinin bozluğunda itib-batsın. Mən onun nasir həmyerlisi


Balamirzə Babayev


kimi öz yaradıcılığı üzərində daha inamla çalışmasını arzulayıram. Balamirzənin "Bayan", "Kəhər at" kimi hekayələri aydın şəkildə göstərir ki, o, klassik Azərbaycan hekayəçiliyinin ənənələrini yaşatmaq yolunda inamlı və ümidlidi. Onun hekayələrində M.Cəlil, Ə.Haqverdiyev ətri, ab-havası duyulmaqdadı.
Və nəhayət,


Çingiz Bahaduroğlu...


"Boylan yurda sarı" adlı ilk şeirlər kitabının sevincini elə bu günlərdəcə yaşayan bu gənc şairin yaradıcılığı polemika üçün daha çox material verir. Kitaba yazdığı müəllif sözündən görünür ki, Çingiz şeirlərinin taleyi sarıdan dərin narahatçılıq hissi keçirir. İlk əbədi görüşün nəticəsi onu əndişələndirir. Ancaq ümidsiz də deyil... Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlının kitaba yazdığı ön söz isə bu ümidlərin daha davamlı olacağı qənaətini möhkəmləndirir:  "Çingizin şeir dili poetexniki maneralarla, bədii-üslubu gedişlərin rəngarəng görüşləri ilə zəngindir. Sözün poetik mövqeyini ustalıqla yerbəyer etməyi, melodik və emosional ovqat yaratmağı məharətlə həyata keçirdiyindəndir ki, onun şeirlərində mahnı, nəğmə ahəngi duyulur:


Saçın ucu -
Dar ağacı.
Asılıb qalmağım gəlir,
Alma məndən bu əlacı.


Uğurlu axtarışın nəticəsi bu cür olur: incə, zərif və axıcı poetiklik ruhunu oxşayır".
Təəssüf ki, kifayət qədər təqdir ediləsi şeirlər toplanmış "Boylan yurda sarı" kitabında Çingizin poetik cəhətcə sönük yazıları da yer alıb. Onun yaradıcılığına daha çox publisistik ruh hakim kəsilib. Ritorika ilə publisistikanın daha çox hökm sürdüyü meydanda isə ədəbi-estetik meyar həmişə arxa plana keçir, müəllif daha çox mövzunun aktuallığı pərdəsini üzünə tutalğa edəsi olur. Bu ritorika bəzən hətta uğurlu bir deyimin lazımınca dərkinə belə mane olur.        


Misgin olmamışıq, qul olmamışıq,
Özgə miniyinə çul olmamışıq,
Köhləni tək əlli cilovlamışıq,
Qaytar ərənləri, qaytar, millətim.


Burada ritorika lap üst qatdadır. Eyni zamanda, bütün ritorik pafosu ilə yanaşı "Köhləni tək əlli cilovlamışıq" misrasıda altında duran məna da nəzərdən qaçmır. Məlumdur ki, şair digər əlimizdə qılınc tutduğumuzu demək istəyir. Ancaq fikrini lazımı sərrastlıqla ifadə edə bilmir. Şerin sonluğu isə daha çılpaq ritorika ilə bitir:


O çağrış səsidir nicat yolumuz,
Yaxşı bax, gör kimdir sağla solumuz,
Bu vuruşda kömək ancaq qolumuz,
Qaytar ərənləri, qaytar, millətim,
Qurtar bu möhnətdən, qurtar, millətim.


Təəssüf edirəm ki, Çingizin kitabında ədəbi tənqiddən çox-çox aşağıda duran şeirlər də özünə yer alıb. "Etiraf" şeiri də bu qəbildəndir:


...Yaxşı yazsam
Həm yazı masası
Həm də yağlı kağız almağa
Hüququm çatacaq...


Bu, nə məntiqdir belə? Yaxşı yazmaq yazı masası, kağız almaq hüququna hesablanıbmı?
Yazmaq hüququ haqqında Məmməd Arazın dedikləri var:


Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdir yazanım.


Çingizin "Yurd səsi - el naləsi" şeiri üçün dil pintiliyi xarakterikdir:


Ya Əli -
Ver əli.
Namərdsənsə daldalan,
Kişisənsə irəli...


 Göründüyü kimi, Çingiz səsləşməyə uyub, mənanı unudub. Əvvəla o, İslam dünyasının böyük şəxsiyyətlərindən biri olan İmam Əlinin adını çəkir, ver əlini deyir. Sonra isə "namərdsənsə qal dala, kişisənsə irəli" hökmünü verir. İmam Əliyə müraciətdən sonra belə bir hökm vermək yersiz görünür. Müəllif iddia edə bilər ki, "Ya Əli" yazarkən o, İmam Əliyə müraciət yox, bir işə başlamazdan öncə işlədilən  ifadəni dilə gətirib. Ancaq hər iki yozumda bu fikir çox bayağı bir çağırış kimi səslənir.
Şairin "Nə xoşbəxt imişəm" adlı şeirini oxuduqdan sonra isə nakam şairimiz Əli Kərimin misraları daha çox bizimlə olur:


 Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.


Çingizin "Bu yaz da ömürdən bir yaz apardı" misrası isə N.Kəsəmənlinin "Bu il də ömürdən keçdi beləcə" misrasını yada salır. "Bugünkü günüm də keçdi beləcə" deyimindən isə M.Arazın "Bu da belə bir ömürdü, yaşadım" misrasından xəbər verir.
Təəssüf edirəm ki, Çingiz kimi istedadlı qələm yoldaşım şeirlərində tənqidə tutalğa, əl yeri verir. Fikir verək:


 Ləkəylə yazılmış yaddaşlarımı,
Yurduma gərəksiz yurddaşlarımı.
Dərdli anaların göz yaşlarını
Silməyim gəlir.


İlk iki misradakı ritorikanı bir yana qoyaq. Oxucuya qəribə gəlir ki, niyə müəllif dərdli anaların göz yaşlarını silməkdə belə ehtiyatlıdır. Niyə "silməyim gəlir?" Bəlkə, daha çox silmək lazımdı?
Yenə də prof. M.Qasımlının yazdıqlarının üzərinə qayıdıram: "Çingiz sözün qeyrətini, təəssübünü ürəyinin bütün gücüylə çəkir. Bu gün sözün müqəddəslik taxtından endirilib ucuzlaşdırılması onu bir an da olsun rahat buraxmır. Şeirlərində bu barədə dönə-dönə, yana-yana danışır. Söz-sənət adamının bundan şərəfli işi yoxdur: 


İlahi söz gün keçirir,
Qoltuqlarda sinə-sinə.
Şeiri köynəkdən keçirib,
Qaytarın öz yiyəsinə. 


Mən də elə düşünürəm”.
Elə biz də belə düşünürük. Yuxarıda gətirdiyimiz sitat prof. M.Qasımlının Çingizin "Boylan yurda sarı" kitabına yazdığı ön sözdəndi. Son sözü isə söz yox ki, müəllifin özü deyəcək. 


***


Aran bölməsinin fəaliyyətində ədəbi görüntülər, kitab təqdimatları, ədəbi-bədii gecələr əsas yer tutur. Nisə Bəyimin yaradıcılıq gecəsini, Saatlıda Mirələkbər Gövhərlinin, Biləsuvarda Ziya Şəkərlinin yeni kitablarının təqdimatını keçirmişik. "İlyas Əfəndiyev - 90", "Könlüm keçir Qarabağdan", "Poeziya gecəsi" adlı ədəbi-bədii kompozisiyalar bölmənin yaddaqalan işlərindəndir.
- Uğurlar varmı?
- Yetərincə...
- Qaneedicidirmi?
- ...
Hələlikdə isə Aran ədəbi mühiti isti yağışlar təşnəsidi. Yazıçı, şair qardaşlarımızın ürəkləri isti yağışlara hamilədirmi?..