|
Elmi Təfəkkür olmayanda ümid qalır saman çöpünə Bir neçə il bundan öncə Zaur Həsənovun «Çar skiflər» kitabının əlyazmasını oxumuşdum və onun bir çox məsələlərə səthi yanaşdığı, məsələnin mahiyyətini düzgün aça bilmədiyini, əksər hallarda isə elmi dəlillərə əsaslanmadan qəti mülahizələr yürütdüyünü müşahidə etmişdim. Bunlardan bir-ikisi barədə hətta Həsən Həsənovla söhbətə cəhd etmişdim və o mənim fikirlərimi çox əsəbiliklə qarşılamışdı. O zaman fikirləşirdim ki, bu əlyazma bir dissertasiyadır və oradakı yanlışlıqları çox qabartmaq lazım deyil. Lakin qısa vaxtda bu əlyazma ingilis, rus dillərində və sonda Azərbaycan türkcəsində kitab halında çap olundu. Soyumuza, kökümüzə, tariximizə yaxılan böhtanlar da ən azı bu kitabların tirajı qədər yayıldı. Həmin böhtanların arasındakı bir neçə xəyanət məni bu yazını yazmağa vadar etdi. Bir neçə ildir ki, Azad Nəbiyev öküzü türkün totemi kimi hallandırmaqdan ləzzət alır. Hətta A.Nəbiyev bir neçə rəvayət uydurmuş, yaxud mövcud rəvayətləri işləyərək Türkiyədə çap etdirmişdir. Bu rəvayətlərdə Boz öküz Oğuza ağıl öyrədir, böyüklük eləyir, yol göstərir, Oğuz da öküzün dediklərinə sözsüz əməl edir. Həmin əfsanə və rəvayətlərin adlarına fikir verin: «Dünya öküzü», «Boz öküz və Dəniz xan», «Boz öküz və Qodu xan» və s. Hətta A.Nəbiyevə görə, Oğuzun övladlarına da Boz öküz ad qoyur: «Bir gün Boz öküz igidləri başına yığdı, Oğuza və Fatıya dedi: - «Ey mənə sədaqətlə xidmət edən Oğuz nəsli! İstəyirəm siz dünyaya səpələnəsiniz, dünyanı abad edəsiniz» (1, s.298). Bundan sonra Boz öküz Oğuzun övladlarına ad qoyub dünyanı onların arasında bölür: «Sənin adını Göy xan qoyuram. Göyləri sana tapşırıram» (1, s.298). Professor P.Xəlilov A.Nəbiyevə «azadın öküz totemi» adlı yazısında tutarlı cavab vermişdir. Əlavə olaraq demək istəyirəm ki, öküz heç vaxt totem ola bilməz. Öküz törədicilik qabiliyyəti olmayan heyvandır. Türkün mifik təfəkküründə isə dağlar da, daşlar da, ağaclar da doğur, çünki artmaq, törəmək, çoxalmaq türk mifologiyasının mayasıdır. Məhz dağı-daşı da, ağacı da törədici kimi mifləşdirən türk təfəkkürü heç vaxt törədicilik qabiliyyəti olmayan, daha doğrusu, axtalanmış bir heyvanı – indiki halda öküzü totemləşdirə bilməzdi. Bu, türkün soykökünə, tarixinə, keçmişinə xəyanətdən başqa bir şey deyil. Təəssüf olsun ki, Z.Həsənov bir az da irəli gedərək Oğuzun əcdadını öküzlə bağlamışdır. Bu iki sözü bir-biri ilə qarşılaşdıran müəllif heç nədən çəkinmədən və heç nəyə əsaslanmadan yalnız öz hisslərinə uyaraq belə bir yanlış qənaətə gəlir: Oğuz, öküz sözü Oğuz – ilk süd, ağız (süd) (QTL, 365) Öküz – öküz, kəl (QTL, 382) «Oğuz - öküz», «Oğuz – ilk süd, ağız» qarşılaşdırmalarının elmi məntiqdən, elmi təfəkkürdən nə qədər uzaq olduğu göz önündədir. Bu cür bəsit yanaşmalar heç vaxt elmi fikir söyləməyə, həqiqi mülahizə yürütməyə imkan verə bilməz. Çünki bu qarşılaşdırmalarda elmi həqiqəti üzə çıxarmaq yox, öncədən nəzərdə tutulmuş fikri müəllifin arzusuna uyğun yozmaq niyyəti güdüldüyünü gizlətmək mümkün deyil. Bu niyyət yuxarıdakı tutuşdurmadan dərhal sonra üzə çıxır. Z.Həsənov avantüraya uyaraq Oğuzların əcdadının öküz olduğunu söyləyir: «Öküz versiyasının bir-birini tamamlayan iki qədim mifin-skif və Oğuz miflərinin mövcudluğu səbəbindən yaşamağa haqqı vardır. Skiflərdə, həm də oğuzlarda (habelə buryatlarda) ilk əcdad öküz olmuşdur» (2, s.291-292). Oğuz bizim əcdadımızdır, bunu danmaq mümkün deyil və biz bununla qürur duyuruq. Oğuzun əcdadının öküz olması isə o deməkdir ki, bizim ulu əcdadımız öküzdür. Əgər öküzün yaradıcılıq qabiliyyəti yoxdursa, o necə əcdad ola bilər? İkincisi, yalnız iş heyvanı olan, boyunduruğa qoşub qamçıyla döyə-döyə işlətdiyi öküzü müqəddəsləşdirmək, ona sitayiş etmək türkün ağlına gələ bilməzdi. Totem ona sitayiş edən xalqın xarakterini, xasiyyətini ifadə etməlidir. Öküz qul, kölə obrazıdır, türk heç vaxt qul, kölə olmayıb. Türk ona görə qurdu totem seçib ki, qurdun canında bir türklük, türkün də canında bir qurdluq var. Qurd bu gün də sirkdə oynamayan, yəni ələ öyrəşməyən yeganə heyvandır. O məğrurluq rəmzidir. Buradan belə çıxır ki, müəllifin ya öküz və totem anlayışları haqqında təsəvvürü çox aşağıdır, yaxud onun türk xalqına xoş münasibəti yoxdur. Məni Z.Həsənovdan daha çox, həmin kitaba rəy vermiş (onlar cəmi 35 nəfərdir) Çingiz Aytmatovun, Bəxtiyar Vahabzadənin, Ağamusa Axundovun, Nizami Cəfərovun, Tofiq Hacıyevin, Vasim Məmmədəliyevin, Yaşar Qarayevin, Əli Abbasovun, Kamal Abdullayevin, İlyas Babayevin, Firudin Cəlilovun, Elçin Əfəndiyevin, Aydın Ələkbərovun, Süleyman Əliyarlının, Hamlet İsaxanlının, İlham Məmmədzadənin, Həsən Mirzəyevin, Qiyasəddin Qeybullayevin, Zümrüd Quluzadənin, Şamil Qurbanovun, Nurəddin Rzanın, Mehmet Sarayın, Fəxrəddin Veysəlovun, Ağayar Şükürovun, Pənah Xəlilovun, Anarın, Polad Bülbüloğlunun, İsmayıl Vəliyevin, Olyas Süleymanovun bu məsələyə qol qoymaları narahat edir. Burada adları çəkilən alimlərin çoxunun ümumiyyətlə nə skif tarixi ilə, nə də folklorla, o sıradan «Koroğlu» eposu ilə heç bir elmi bağlılığı yoxdur. Ona görə onların hər birindən (ölənlərə Allah rəhmət eləsin) iki suala cavab istəyirəm: 1. Siz özünüzü türk sayırsınızmı?! 2. Əcdadlarınızın öküz olduğunu qəbul edirsinizmi? Kitabda elmi dəlillərə söykənməyən ən böyük yanlışlıqlardan biri də ailə, qadın-kişi, namus məsələsilə bağlıdır. Z.Həsənov yazır: «Herodot Ağafirsi Heraklın yarıqız-yarıilandan doğulmuş böyük oğlu kimi göstərir. Ağafirslər tayfasını Herodot aşağıdakı kimi səciyyələndirir: «… ən ərköyün tayfadır. Onlar adətən qızıl zinət əşyaları taxır və birlikdə qadınlarla yaxınlıq edirlər ki, hamı qardaş olsun və qohum kimi bir-birinin paxıllığını çəkməyib, düşmənçilik etməsinlər» (2, s.285). uradan belə çıxır ki, Ağafirslər (yəni sonra skiflər-türklər) qadınlarla kollektiv halda yaxınlıq edirlərmiş, uşaqların ataları konkret bilinmirmiş və onlar özlərini qardaş sayırlarmış. Bu cümlələrdə məntiqdən çox məntiqsizlik, həqiqətdən çox yalan, sevgidən çox nifrət, ədalətdən çox ədalətsizlik, elmdən çox helm olduğu göz önündədir. Müəllif bəhrələndiyi qaynaqlar arasında Strabonun əsərlərini də sadalayır. Strabonu oxuyan bir adamın türkə məhəbbəti olsaydı, yuxarıdakı cümlələrin əvəzinə aşağıdakıları yazardı:
«Saklar qoyunçudur, iskitlərdən törəmədir. Onlar bol məhsullu Asiyada yaşayır, köçəridir. amma çox namuslu adamlardır». Strabonun yazdığına görə o bu sözləri tarixçi Efordan, Efor isə Xerillin «Pontun körpüsündən keçid» əsərindən götürmüşdür. Özü də bunu aşağıdakı kimi təsdiqləyir: «Mən bunu ona görə xatırladıram və yaxşı bilirəm ki, Efor tamam həqiqət olmayan sözü demir» (3, s.90). Z.Həsənov Herodota əsaslanıb sakaların skiflər, skiflərin türk olduqlarını söyləyir. Əgər Xerill, Efor və Strabon, habelə onlarla başqaları türklərin namuslu xalq olduqlarını etiraf edirdilərsə, onda hər hansı bir fikri sübut etmək üçün Herodotun novellasına əsaslanmaq nə qədər doğrudur?! axı Herodotun yazdıqlarının çoxunu görkəmli tarixçilər novella adlandırmışlar. Z.Həsənov da kitabın bir yerində deyir: «Herodotun məlumatlarına birmənalı yanaşmadan söhbət gedə bilməz» (2, s.31). Burdaca müəllifdən soruşmaq istəyirəm ki, tarixin başlanğıcından bu günə qədər türk cəmiyyətində heç vaxt mövcud olmayan və heç bir mənbədə öz əksini tapmayan yuxarıdakı məsələdə Herodotun məlumatına niyə birmənalı yanaşır? Əgər başqa antik müəlliflərdə bu fikrin əksi söylənirsə, onda Z.Həsənov skif türklərinin qadınlarla heyvanlar arasında da rast gəlinməyən kollektiv yaxınlıq etdiklərini uydurmaqla nə demək istəyir? Yoxsa bununla türkə başucalığı gətirəcəyinimi düşünür? Mən bu iki xəyanəti (onları başqa cür adlandıra bilmirəm) xatırlatmaqla kifayətlənə bilərdim, lakin kitabın «Herodotun «Kor oğulları» haqqında skif əfsanəsi və «Koroğlu» türk eposu arasında süjet paralleləri» adlanan VIII fəslindəki təhrif və yanlışlıqların çoxluğu məndə onların səbəblərini aydınlaşdırmağa maraq oyatdı. Həmin fəsli oxuduqdan sonra ilk təəssüratım bu oldu ki, axtarışlar ümumiləşdirildikdən sonra nəticə çıxarıldığı halda, Z.Həsənov öncə nəticəni ortaya qoymuş, sonra bütün gücünü onun sübutuna yönəltmişdir. Buna görə də bir çox məsələlərin təhlilinə səthi yanaşır, öz fikrini elmi cəhətdən sübuta yetirmək üçün inandırıcı dəlillər tapa bilmir, əlacsız qalıb gah nala vurur, gah da mıxa. Z.Həsənov yazır: «Herodota görə, eposun süjeti Qara dənizin şimal sahillərində yaşayan skif cəmiyyətinidə meydana gəlib» (2, s.379). Bu cümlədən belə çıxır ki, Herodot «Koroğlu» eposu haqqında danışıb və yuxarıdakı fikri də o söyləyib. Halbuki Herodotun kitabının heç yerində nə «Koroğlu»dan, nə də ordakı süjetlərdən danışılmır. Z.Həsənov nəyin bahasına olur-olsun, «Koroğlu» eposunu və Çənlibeli Qara dənizin şimal sahilləri ilə, oradakı hadisələri skiflərlə bağlamağa çalışır. Burada Alı kişinin sözlərinin çıxarılması – Rövşənin Koroğlu adlanması və Herodotdakı «Kor oğullarının üsyanı» onu əməlli-başlı çaşdırmışdır. Bu səthi oxşarlıq müəllifin eposun mahiyyətinin, mənasının dərinliklərinə baş vurmasını tələb etdiyi halda, o bunu lazım bilməmiş, yalnız Alı kişinin gözlərinin kor edilməsi və skiflərin öz qullarının gözlərini çıxarmaları, sonda onlardan törəyən uşaqların üsyan qaldırmaları faktından yapışaraq elmi cəhətdən əsaslandırılmamış, inandırıcı olmayan fikirlər söyləmişdir. Məsələn: «Hər iki eposda («Kitabi – Dədə Qorqud» və «Koroğlu») konflikt, qarşıdurma, hakimiyyət uğrunda mübarizə-süjetin əsas motivdir» (2, s.380). İndi soruşuram: Z.Həsənov «Koroğlu» eposunda hakimiyyət uğrunda mübarizənin özünü yox, onun işartısını ifadə edən xırda bir epizod göstərə bilərmi? Ümumiyyətlə, «Koroğlu» eposundan danışarkan hər hansı bir üsyan haqqında düşünmək ağılsızlıqdır. Bu, sovet ideologiyasının eposu cəlalilər hərəkatı ilə bağlamaq, öz əsil mahiyyətindən uzaqlaşdırmaq üçün uydurduğu zərərli bir tezisdir və artıq Azərbaycan koroğluşünaslığında bu məsələ ilə bağlı tutarlı fikir söylənmişdir. Birmənalı şəkildə demək mümkündür ki, «Koroğlu» eposunda hakimiyyət uğrunda mübarizə və üsyan yoxdur. Z.Həsənovun söylədiyi fikirlərin yanlışlığının çoxu da məhz bunları bilməməkdən və ya özünü bilməzliyə vurmaqdan irəli gəlir. Z.Həsənov «Koroğlu» eposu ilə «Kor oğullarının üsyanını eyniləşdirmək üçün qəribə bir fakt da uydurmuşdur. O, kor oğullarının uzun müddətli müharibədən qayıdan skifləri öz yurdlarına buraxmamaq üçün qazdıqları xəndəyi Çənlibellə eyniləşdirməyi düşünmüş, bunun üçün Çənlibel sözünü belə yozmuşdur ki, guya buradakı «bel» yer qazmaq üçün işlətdiyimiz alətdi» (2, s.369). Müəllif yazır: «Türk dillərindən birinə çevirəndə enli xəndək «genlibellənmiş» kimi səslənir ki, burda «genli» enli və ya böyük», «bel» isə bu halda felin forması olmaqla «qazmaq, belləmək» mənasını verir. Bütövlükdə söz «enli xəndək» (genlibel) deməkdir» (2, s.370). Çənlibel sözünün bu yozumu indiyə qədər heç kəsin ağlına gəlməmişdir. «Çənli» sözünün «genli, enli», «bel» sözünün «qazmaq, xəndək», «çənlibel» sözünün bütövlükdə «enli xəndək» kimi yozumundakı «orijinallığa» (!!!) söz ola bilməz. Ancaq elmdə hər orijinal yozum öz təsdiqini tapmır. «Çənlibel»in «enli xəndək» kimi yozulmasına elmi təfəkkürlə yanaşdıqda onun necə bəsit bir düşüncənin məhsulu olduğu aydın gözə çarpır. Müəllif Çənlibellə kor oğullarının qazdığı xəndəyi eyniləşdirməyi qarşısına məqsəd qoyduğundan mütləq bu cür hərəkət etməliydi. O yazır: «Herodotun təsvir etdiyi, «Kor oğullarının qazdığı xəndək və türklər arasında yayılmış bütün «Koroğlu» eposunun variantlarında xatırlananlar barəsindəki rəvayətlər tam eynidir» (2, s.370). Müəllif bu fikrini bir az da gücləndirmək üçün əlavə faktlar axtarır: «Koroğlu» eposunun süjetinin Qara dənizin şimal sahilləri regionu ilə bağlılığını təsdiqləyən toponimik faktlar qalmışdır. Birincisi: eposda Don çayının adı çəkilir. İkincisi: eposda Koroğlu Toqatda olarkən ona iki dəfə verilən «Hardansan?» sualına belə cavab verir: «Qaf dağının o biri yanından». Üçüncüsü: eposda deyilir ki, Toqat qalası Don çayının sahilində yerləşir. Bu üç toponimik xatırlatma bütün hallarda «Koroğlu» eposu personajlarının tarixi yaşayış yerlərini təsdiqləmiş olur (2, s.379). Əvvəla, Koroğlu Toqatda «Hardasan?» sualına «Qaf dağının o biri yanından» deyə cavab vermir. Evində qaldığı qarıya: «mən Qafın anrı tərəflərindənəm» (4, s.190), paşanın məslisində isə «Qafın anrı tayındanam, ağrın alım!» (4, s.192) deyir. Z.Həsənova görə, Qaf dağı Qafqaz dağlarıdır. Əvvəla, Qaf Ağrı dağıdır. İkincisi, Qafqaz dağ adı deyil. Böyük Qafqaz və Kiçik Qafqaz dağ silsilələrində onlarla dağlar var. Onlara Qaf dağı deyilə bilməzdi. Lap tutaq ki, bunu qəbul etdik. Əgər Çənlibel Qara dənizin şimalında yerləşsəydi, onda Toqat Qafqaz dağlarının anrı tayına düşürmü və Don və ya Dunay çaylarının sahilində yerləşirmi? Axı burada Toqat qalası deyəndə Toqat şəhəri nəzərdə tutulur. Bu şəhərdə Hasan paşa oturur. Özü də Toqat Çənlibeldən çox uzaqdadır. Nə Z.Həsənovun dediyi variantda, nə də eposdakı hadisələrin təsvirində Toqatın Don və ya Dunay çayları sahillərində olması mümkün deyil. Deməli, onun söykəndiyi hər üç toponim eposdakı hadisələrin təhlili fonunda Çənlibelin Qara dənizin şimalında olmasını təsdiqləyə bilmir. Çünki nə Qaf dağı Qafqaz dağıdır və Dona çayı Don və ya Dunaydır, nə də Toqat şəhəri Don və ya Dunayın sahilində yerləşir. Koroğlu» eposundakı toponimlərdən danışarkan onların hamısının bu gün öz adları ilə yaşadığını qətiyyən unutmaq olmaz. Fikir verin: Dərbənd, Naxçıvan, Bağdad, İstambul, Toqat, Qars, Ərzurum, Ərzincan, Ağ şəhər, Ballıca, Qoşabulaq, Ağ qaya, Karvan yolu, Koroğlu qalası, Bayazid, Yağı qoruğu və s. Görəsən Z.Həsənov Qara dənizin şimal sahillərində Qoşabulağı, Ballıcanı, Karvan yolunu, Ağ qayanı, Yağı qoruğunu, Koroğlu qalasını axtarıbmı? Axı Çənlibeli bir xəndəklə eyniləşdirəndən sonra bunları axtarmağın nə mənası var?! İndi mən Çənlibel haqqında dastanın özündən kənara çıxmadan aşağıdakıları söyləyirəm. 1. Çənlibel Koroğlu dövründən bu günə qədər öz adını qoruyub saxlamışdır. Koroğludan öncədən Çənlibel adlanmış (eposda da Alı kişi belə deyir) həmin yerə xalq bu gün də Çardaqlı Çənlibel deyir. Bura çənli-çiskinli bir dağ belidir və «alı kişi» qolunda Rövşənin verdiyi təsvirlə tam üst-üstə düşür. 2. Ağ qaya Şəmkir rayonundadır. Özü də iki Ağ qaya var. Biri Şiştəpə, digəri Zəyəm kəndindədir. Şiştəpə kəndindəki Ağ qayanın üstündəki gözətçi məntəqəsini (eposda belə də təsvir edilir) mən uşaq vaxtı öz gözlərimlə görmüşdüm. İndi oranı daş karxanası eləyiblər. 3. Karvan yolu Bərdə-Gəncə-Qazax yoludur ki, həqiqətən Çənlibelin ətəyindən keçir. 4. Qoşabulaq Çənlibelin ərazisində yerləşən eyni adlı kənddir. 5. Yağı qoruğu Çənlibeldədir, onu xalq indi də Yağı qoruğu adlandırır. 6. Koroğlu qalası Göyçəylə Gədəbəyin arasında, Şəmkir çayının başında hazırda durur. Həmin kəndin yaxınlığındakı kənd qalanın adıyla Qalakənd adlanır. Bu qala Türkiyə tərəfdən Çənlibelə ola biləcək təhlükənin qarşısını almaq üçün orada tikilmişdir. 7. Qırx dəyirmanlar Çənlibelin ətəyində, Şəmkir rayonunun Sərxan kəndində çayın kənarında 30 il bundan əvvələrə qədər dururdu. 8. Şəmkir rayonundakı Dəllər və Dəllər Cəyir kəndlərinin, habelə Kür çayının “Koroğlu” eposu ilə bağlılığı haqqında bu gün də xalq arasında rəvayətlər yaşayır: «Coğrafi adlardan da Kür nəhri adının qoyulması, bu günkü Dəlilər və Tərs Dəlilər kəndlərinin adları da Koroğluya istinad verilir» (5, s.5). 9. Bu gün Çənlibel yaxınlığında Pərizamanlı kəndində Koroğlu düzü, Qalakənd yaxınlığında Koroğlu zağası var (6, s.64). 10. «Keçən əsrə aid məlumatda Koroğlu dağı (Qazax qəzası), çöl materialları əsasında isə Koroğlu zağası, Koroğlu dərəsi, Koroğlu qayası (Gədəbəy rayonu), Koroğlu qalaları (Gədəbəy, Şəmkir, Tovuz və Ağdam rayonları) və s. oronimlər məlumdur» (7, s.63). 11. «Gədəbəy rayonu Dördlər kəndi yaxınlığında Koroğluqaya adlı iri bir qaya vardır. Xalq içərisində rəvayətə görə, Koroğlu əvvəlcə həmin qayanın üstündə gəzib buradan düşmənlərinin gəlib-gəlmədiyinə göz qoymuşdur» (7, s.63). 12. Ballıca bu gün də Xankəndinin yanında öz adını yaşadan bir kənddir. Koroğlunun ilxısı Qara dənizin şimalında itsəydi, heç cür gəlib Xankəndinin yanındakı Ballıcaya çıxa bilməzdi. Xankəndi də məhz «Koroğlu» eposundakı Qara xanın adını daşıyır. 13. Koroğlu Dəli Həsəni yıxdıqdan sonra Dəli Həsən deyir: - Qoç Koroğlu, düz yeddi ildir ki, mən bu yolların ağasıyam. İndiyə qədər hələ bir adam mənim qabağıma çöp sala bilməyib. Bu yeddi ilin ərzində bir tacir, bir bəzirgan mənə bac verməmiş bu həndəvərdən keçə bilməyib. Bəylərdən, xanlardan, tacirlərdən alıb yığdığım mal-dövlətin, qızıl-gümüşün, cəvahiratın hamısını saxlamışam. İgidlər arasında olan adətə görə indi onların hamısı sənə çatır. Buyur, gedək, malına sahib ol (4, s.39). Bu var-dövlətin saxlandığı yerin təsviri Şəmkir rayonunun Seyfəli kəndinə tam uyğun gəlir. Həmin mağara dağın döşündə qalın meşənin içində bu gün də durur. Sovet vaxtı orada gizli hərbi hissə yerləşirdi. 14. Hasan paşa Çənlibelə gələrkən öz ordusunu Gəncə və Şəmkir arasındakı Quruqobu düzündə gizlədib pusqu qurmuşdur.
Məncə, bunlar Çənlibelin yerini daha dəqiq müəyyənləşdirmək üçün kifayətdir. Azərbaycanın digər bölgələrində də yüzlərlə Koroğlu ünvanlı toponimlər var. Belə toponimlərə Cənubi Azərbaycanda, Türkiyədə, qədim Oğuz torpaqları olan indiki Ermənistanda və Borçalıda da rast gəlinir. Lakin dünyanın heç bir yerində Koroğlu ünvanlı, Koroğlu səsli-soraqlı toponimlərlə Azərbaycan qədər zəngin olan ikinci bir yer tapmaq mümkün deyil. Çənlibel sözünün variantlarına da artıq münasibət bildirməyin vaxtıdır. Əksər koroğluşünaslar eposun Azərbaycanda yaranıb buradan yayıldığını söyləyirlər və bu həqiqətən belədir. Azərbaycan «Koroğlu»su bütün «Koroğlu» eposlarının anasıdır, qalanları onun övladlarıdır. Deməli, Çənlibel də ilk addır. Qalan adların hamısı Çənlibeldən törəmişdir və biz Çənlibelin yerini axtararkan sözün ilk variantını – Çənlibeli əsas götürməliyik. Z.Həsənovun kitabından onun «Koroğlu» eposunu və eposla bağlı tədqiqatları oxumadığı aydın görünür. Bunu onun ədəbiyyat siyahısı da təsdiqləyir. Yalnız «Koroğlu» eposu ilə bağlı olan VIII fəsildə cəmi 19 mənbənin adı çəkilir. Bunlardan yalnız 4-ü «Koroğlu»ya aiddir ki, onlar da aşağıdakılardır:
1. Basilov V.N. Koroğlu; 2. Koroğlu. Türkmən qəhrəmanlıq eposu. M.1983; 3. Koroğlu. Bakı, 1956. 4. Cəfərov N. Eposdan kitaba. Bakı, 1991. Bu fəsildə adı çəkilən 15 mənbənin Koroğlu ilə heç bir bağlılığı yoxdur. Digər fəsillərin ədəbiyyat siyahılarında da bir neçə qaynağın adı çəkilir ki, ümumilikdə bunlar çox azdır. «Koroğlu» eposu ilə bağlı 5-10 kitab oxumaqla bu cür ağır mövzunun altına girmək olmaz. Özü də eposu oxumaya-oxumaya. Gəlin faktlara baxaq. Z.Həsənov yazır: «Koroğlu» eposunun Azərbaycan versiyasında deyilir ki, Koroğlunun atası Alı atlarını dəniz kənarında otarırdı. O, dənizdən möcüzəli bir ayğırın çıxıb ilxısındakı madyanlardan birinə yaxınlaşdığını görür. Nəticədə madyan bir müddət sonra iki ayğır doğur» (2, s.374). Bu fikri bir səhifə sonra Z.Həsənov yenə təkrarlayır: «Koroğlu» eposunda epizodun real məzmununu bərpa edək. Dənizdən çıxan at Poseydonun obrazının rəmzidir. Mehtər Alının ilxısından olan, ondan mayalanmış madyan iki dayça doğur» (2, s.375). Bu əhvalat Azərbaycan «Koroğlu»sunun M.H.Təhmasib nəşrində belə təsvir olunur: «Bir gün Alı kişi ilxını sürüb dərya kənarına aparmışdı. Atlar dəryanın kənarında otlayırdı. Alı kişi özü də bir tərəfdə daşa söykənib oturmuşdu. Dan yeri yenicə ağarmışdı, qoca ilxıçı bir də baxdı ki, budur, dəryadan iki ayğır at çıxdı. Atlar gəlib ilxıya qarışdılar. İki madyana yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdilər» (4, s.21). H.Əlizadə nəşrində də dəryadan bir yox, iki at çıxır və iki madyana yaxınlaşır: «alı bir gün ilxını dərya qırağına aparmışdı. Atlar dəryanın qırağında bir ottağda ottayırdı. Alı bir də gördü dəryadan iki at çıxdı. Attar gəldilər, ilxıda iki madyan basdılar, sonra qayıdıb dəryaya girdilər» (8, s.273). Göründüyü kimi, hər iki nəşrdə ayğırlar dənizdən yox, dəryadan çıxır. Dərya hələ mütləq dəniz demək deyil. Hər iki nəşrdə dəryadan bir yox, iki ayğır çıxır, onlar iki madyana yaxınlaşır və iki madyanın hərəsi bir qulun doğur. Hətta Xodzko nəşrində də Ceyhun çayından bir at çıxıb iki madyana yaxınlaşır və hər madyan bir qulun doğur (9, s.11). Z.Həsənovun guya sitatı götürdüyü «Koroğlu»nun 1956-cı il nəşrində belə şey yoxdur. Orada dəryadan iki at çıxır və iki madyana yaxınlaşır. İki madyanın hərəsi bir qulun doğur. Onda ortaya sual çıxır ki, Z.Həsənov bu fikri «Koroğlu»nun hansı Azərbaycan «versiyasın»dan götürmüşdür? Z.Həsənov Çənlibelin guya üsyançılar tərəfindən hansısa döyüş vaxtı ələ keçirildiyini söyləyərkən də digər məsələlər kimi, heç nəyə əsaslanmamış, Çənlibeli Rövşənin Alı kişiyə necə təsvir etdiyini də xatırlaya bilməmişdir: «Eyniləşdirmədə araşdırılan hadisələrin vacib atributlarından biri üsyançıların ələ keçirdiyi ərazidir. Herodot onu «Kimmer səddi» adlandırır, «Koroğlu» eposunda bu Çənlibeldir» (2, s.368). Halbuki Çənlibeli Alı kişi özü yurd seçmişdir: - Ata, bura hər tərəfi sıldırım qayalıq, çənli, çiskinli bir dağ belidir. - Oğul, bax gör, bu bel ki deyirsən, bunun hər tərəfində bir uca qaya görünmür ki? - Ata, görünür, biri sağında, biri də solunda. - Oğul, mənim axtardığım yer elə buradır. … Bura mənim köhnə oylağımdır. Buraya Çənlibel deyərlər. Biz burda yurd salmalıyıq (4, s.31). Bu qısa parçada. Çənlibelin hələ Koroğluya qədər Çənlibel adlandığı da, onu «üsyançıların ələ keçirməyib», Alı kişinin seçdiyi də lap aydın deyilmişdir. Yuxarıdakı sitatların zahiri müqayisəsi göstərir ki, Z.Həsənov «Koroğlu» eposunu oxumamışdır. Yoxsa bu faktlar belə kobudcasına təhrif oluna bilməzdi. Bizim bu fikrimizi onun başqa sözləri də təsdiqləyir. Z.Həsənov yazır: «Koroğlu» eposunda xanlar cəm halında olub, konkret bir şəxs kimi yox, hakim dairələrin nümayəndələri kimi verilir» (2, s.380). Həsən xan, Ələmqulu xan, Qara xan doğrudanmı konkret şəxs deyillər?! Z.Həsənov yazır: «Xanımların oğurlanması və onlarla evlənmə müsbət hadisə kimi təqdim olunur» (2, s.384). Görəsən, burada hansı xanımın oğurlanmasından söhbət gedir?! Z.Həsənov eposu oxusaydı bilərdi ki, burada xanım oğurluğundan danışmaq üçün heç bir əsas yoxdur. Nigar xanım Bəlli Əhməddən Koroğluya məktub göndərir. Koroğlu da gəlib Niğarı aparır. Koroğlu Xotkarın qoşunu ilə dava eləmək istəyəndə Niğar ona deyir: - Koroğlu, gərək məni götürüb qaçmayaydın, indi ki, aparırsan, dayanma, sür, gedək! (4, s.63). Koroğlu isə ona deyir: - Mən səni Çənlibelə bu cür apara bilmərəm. Sonra deyərlər ki, Koroğlu gedib Xotkarın qızını oğurlayıb gətirib (4, s.63). «Məhbub xanımın Çənlibelə gəlməyi» qolunda Məhbub xanımla Aşıq Cünun arasında bir söhbət gedir və sonda Məhbub xanım deyir: - Mən də Rum paşasının qızı Məhbub xanımam. Ancaq sən mənə de görüm ya Telli xanım, ya elə Nigar xanım niyə öz dudmanlarını, cah-cəlallarını tərk eləyib Çənlibelə gediblər? Bunu bütün külli-aləm bilir ki, onları Çənlibelə güclə aparmayıblar. Hamısı öz xoşları ilə gediblər (4, s.210). «Hasan paşanın Çənlibelə gəlməyi» qolunda Koroğlu Hasan paşanı əsir götürür və ona deyir: «Götür bu saat bir namə yaz, göndər, Bulğarxanım gəlsin buraya. Qorxma, bizdə bir qayda var ki, hərə öz istədiyinə gedir. Bəyənər gedər, bəyənməz gənə də sənin qızındı» (4, s.369). Görürsünüzmü, Koroğlu əsir tutduğu Hasan paşanın qızını zorla dəlilərdən birinə ərə verməyi heç ağlına da gətirmir, çünki Çənlibeldə saf sevgi, məhəbbət hər şeydən uca tutulur, ona görə burada xəyanət yoxdur. İndi qoy Z.Həsənov özü desin görək, eposda «xanım oğurluğu» deyəndə nəyi nəzərdə tutur?! Z.Həsənov Koroğlunun Misri qılıncından bir neçə yerdə danışır və hər dəfə də bu sözü mislə bağlayır: «Misri adının mənşəyini müəyyənləşdirən iki versiya var. Onlardan birinə görə, bu adın, ehtimal ki, mis sözündən əmələ gəlməsi bildirilir. Bu, eposun qədimliyinə dəlalət edir: türklərin öz qılınclarını hələ misdən hazırladığı dövrdən söz açıldığını göstərir. Digər versiya belədir ki, misri sözünün ikinci mənası – «qırıcıdır» (2, s.381). Başqa bir yerdə müəllif yenə Misri qılıncın misdən olduğuna görə belə adlandığını söyləyir: «Xalq üsyanının başçısı «Koroğlu»ya göylərdən müqəddəs qılınc əta olur. O, misri, yəni «misdən olan» adlanır» (2, s.364). Dastanda Misri qılıncın qayırılması belə təsvir olunur: sabahısı gün Alı kişi Rövşəndən xəlvət ildırım parçasını götürüb bir ustanın yanına apardı. Salam-əleykəsalamdan sonra daşın bir balaca tikəsini ustaya verib dedi: - Usta, bu daşdan mənə bir biz qayır (4, s.28). alı kişi müdrik bir insan idi, o hər şeyi öncədən düşünür, ölçür-biçirdi. Bizi də ona görə gizəltdirmişdi ki, həmin daşdan qayırılacaq qılınca ustaların gözü düşüb dəyişə bilərdi və belə də olur: «Daşın qalanını bir misri qılınc qayıranın yanına aparıb dedi: - Usta, bundan mənə bir qılınc çək. Usta yeddi günə daşdan bir qılınc qayırdı. Elə ki, qılınc hazır oldu, usta baxdı ki, qılınc … nə qılınc. VAllah, bu elə bir qılıncdır ki, gün kimi yanır, ay kimi işıq salır» (4, s.28). Bu misalları ona görə çəkirəm ki, Alı kimi ağıllı, müdrik bir insan heç vaxt daşla (daha doğrusu, ildırım parçasıyla) misi qarışıq sala bilməzdi. Eposda, ümumiyyətlə, mis adı heç yerdə çəkilmir. Misri sözünü də folklorşünaslarımız çox zaman yanlış olaraq Misir sözü ilə bağlayır, heç bir əsas olmadan onun Misirdə düzəldildiyini söyləyirdilər. Z.Həsənovun «misri» sözünü mislə bağlamağının da heç bir əsası yoxdur. Bu yanlışlıq ilk növbədə onun məsələlərin yozumuna düzgün, elmi yanaşmamasının, digər tərəfdən dilimizi yaxşı bilməməsinin nəticəsidir. Dilimizdə «Misri» saz havası var, çox sürətlə, iti çalındığına görə «Misri» adlandırılmışdır. Xalçaçılıqda «misri» ərişi var, bu əriş çox möhkəm və zərif olduğuna görə xalça uzadarkan hətta toxucunun əlini kəsir, çünki çox itidir. Nəsiminin bir şerində «misri qılınc» ifadəsinə rast gəlirik: Qəmzədən misri qılınc vermişsən əsrük türkə kim, Qan bəhasız necə qan etmək dilərsən, etməgil. Koroğlunun «Misri» qılıncı ilə heç bir bağlılığı olmasa da, burada «misri qılınc» “iti qılınc” mənasında işlənmişdir. Z.Həsənov kitabın bir yerində «misri» sözünün «iti» mənasına yaxınlaşmışdır: «Digər» versiya belədir ki, misri sözünün ikinci mənası – «qırıcıdır» (2, s.381). Görünür, söz düzgün tərcümə olunmadığına görə, «qırıcı» şəklinə düşmüşdür. Burdakı «qırıcı» sözü əslində «iti» deməkdir. Əgər o öz tədqiqatlarını bu səmtdə davam etdirsəydi, onu yuxarıda bizim göstərdiyimiz sözlərin mənaları ilə tutuşdurmaqla doğru nəticəyə gələ bilərdi. Belə düşünmək olar ki, Koroğluya qədər «misri» sözü dilimizdə iti mənasında işlənmiş, Koroğlunun Misri qılıncının yaranması ilə bu mənada işləkliyini itirmişdir. Bunları ona görə xatırladıram ki, «misri» sözünü mislə bağlamağın yanlış olduğu aydınlaşsın. Z.Həsənovun «misri» sözünün misdən yarandığını söyləyərkən heç bir elmi əsasa söykənə bilmədiyi də bu fikri təsdiqləyir. Alı kişinin adı da Çənlibel və Misri qılınc kimi çox uğursuz yozulmuşdur. Bütün qədim lüğətlərdə və müasir dilçilikdə, hətta mifologiyada Alı sözü «uca, yüksək» mənalarında yozulmuşdur. «al//al» (bu sözdən olan al+u (ı) – al+l) sözünün anlamlarını və çalarlarını göz qarşısına gətirsək, belə qənaətə gəlmək olar ki, Koroğlunun atasının adı «ən yüksək», «uca», «qüdrətli» deməkdir (10, s.301). Türkmən dilində «al» sözünün «ulu», «yüksək», «uca», «əzəmətli» mənaları vardır (11, s.42). «al» sözünün Azərbaycan türkcəsindəki əsas mənalarından «alov», «qırmızı» diqqəti çəkir. Bu sözlər Günəşin istisini və qırmızılığını ifadə edir. Dilimizdə «yanaqları gün kimi yanır», «üzü gün kimi qızarır» ifadələri var. Günəş də ucalıq, yüksəklik bildirir. Deməli, Alı sözü «uca», «ulu», «yüksək» deməkdir. Z.Həsənov bütün bunlara göz yumaraq, «alı» sözünə də məqsədli şəkildə yanaşaraq onu belə yozmuşdur: «alı - sırf türk sözüdür və «cəmiyyətin aşağı təbəqəsi» deməkdir» (2, 372). Türk cəmiyyətinin aşağı təbəqəsi» anlayışı bütövlükdə skiflərdəki «qul» mənasına uyğun gəlir» (2, s.364). Kor tutduğunu buraxmayan kimi, Z.Həsənov da eşitdiklərinin, bildiklərinin hamısını skiflərlə bağlamaq üçün hər şeyə «skif prizmasından» baxır və prizmanın bu üzündəkilərin əsl mahiyyətini unudaraq, o üzündə yalnız öz istədiklərini görməyə çalışır. Müəllifin kitabın VIII fəslindəki bütün məsələlərin yozumunda bu prinsipdən istifadə etdiyi aydın görünür. Kitabdakı «ayrıca qeyd etmək lazımdır ki, türkologiyada Koroğlunun atası Alının adının etimolojiləşdirilməsi cəhdləri, demək olar ki, olmamışdır» (2, s.364) kimi cümlələr bir məqsədə xidmət edir ki, guya araşdırılan məsələlər ilk dəfə Z.Həsənov tərəfindən öyrənilir. Bəlkə buna görə də Azərbaycan dilindəki qaynaqların demək olar ki, hamısı görməzliyə vurulur. Halbuki, Alı və Koroğlu adlarının, Çənlibel toponiminin etimologiyası, «Koroğlu» eposunun «Kor oğullarının üsyanı» ilə eyniləşdirilməsi, Heraklla Koroğlunun eyni ad olması kimi məsələlər Z.Həsənovdan öncə Azərbaycan folklorşünaslığında dönə-dönə araşdırılmışdır. Burda M.Seyidovun bir fikrini xatırlatmağı lazım bilirəm: «… skiflər at südünü sağmaq texnikasının sirlərini qullarından gizlətmək üçün onları kor etdirmişlər. Ölkələrində olmadıqları vaxt qadınları kor qullarla qeyri-rəsmi izdivac etmiş və doğulan uşaqlar geri qayıdan skiflərlə vuruşmuşlar. Biz bu rəvayətlə «Koroğlu» eposunun ilkin skeleti arasında bağlılığın olduğuna tam şübhə ilə yanaşırıq» (10, s.289-290). Z.Həsənov Kor oğullarının skiflərə qarşı üsyan qaldırmalarından danışarkan belə bir səhnəni misal çəkir: «axı onlar bizi silahlı görəndə, özlərini bizə tay, yəni azaddoğulmuşlar hesab edirlər. Əgər bizi silah əvəzinə əldə qamçı görsələr, qullarımız olduqlarını anlarlar və bunu bilib bizə qarşı çıxmağa cürət etməzlər» (2, s.362). Əgər «Koroğlu» eposu Kor oğullarının üsyanı ilə bağlı olsaydı, bu səhnələrin heç olmasa izləri saxlanmalıydı. Halbuki eposu Kor oğullarının üsyanı ilə bağlamaq üçün saman çöpü də tapmaq mümkün deyil. Unutmaq lazım deyil ki, eposda Koroğlunun atası Alı kişidən başqa heç kimin gözlərinin çıxarılması və ya kor olmasından söhbət getmir. «Koroğlu»nun ilk dəfə Azərbaycanda yaranması bu gün artıq öz təsdiqini tapmışdır. Çənlibellə bağlı yuxarıda sadalanan və sadalanmayan çoxsaylı faktları görməmək, yaxud görməzliyə vurmaqla da onu Azərbaycandan ayırmaq, haralarasa aparmaq mümkün deyil, çünki bunun üçün heç bir elmi sübut, fakt yoxdur. «Koroğlu» mifoloji süjetlərlə, düşüncələrlə çox zəngindir, eposu yaradan xalqın yaddaşında yaşayan mifoloji süjet və düşüncələrin zaman-zaman bu əsərə hopmasının nəticəsidir ki, buna da çox təbii baxmaq lazımdır. Nəhayət, elm güman və fərziyələrlə dolu bir dəryadır. Bu güman və fərziyyələri elmi məntiqin və elmi təfəkkürün işığına tutanlar ordan çox şey götürürlər. Elmi məntiqi və elmi təfəkkürü olmayanların bu dəryaya baş vurmaları isə xəlbirlə su daşımaq kimi bir şeydir. Çünki elmdə güman çöpü var, saman çöpü yoxdu! Qaynaqlar 1. Türkiyə dışındakı Türk ədəbiyyatları antolojisi. 1 kitab. Azərbaycan Türk ədəbiyyatı. Kültür Bakanlığı, Ankara, 1993. 2. Zaur Həsənov. Çar Skiflər. «Əbilov, Zeynalov və oğulları», Bakı, 2006. 3. Alim-vətəndaş Elməddin Əlibəyzadə. «adiloğlu», Bakı, 2006. 4. Azərbaycan dastanları. V cilddə. IV cild. Koroğlu, «Elm», Bakı, 1969. 5. Vəli Xuluflu. Koroğlu. Azərnəşr. Bakı, 1929. 6. İslam Sadıq. Koroğlu kim olub. Bakı, Azərnəşr, 1998. 7. Nadir Məmmədov. Azərbaycanın yer adları. Bakı, Azərnəşr, 1993. 8. Azərbaycan Ədəbiyyatı inciləri. Dastanlar. Bakı. Yazıçı. 1987. 9. Koroğlu (Paris nüsxəsi). «Ozan», Bakı, 1997. 10. M.Seyidov. Azərbaycan xalqının söykökünü düşünərkən. «Yazıçı», Bakı, 1989. 11. Turkmensko-russkiy slovar. M.1968.
|
|