|
Litvaya üç dəfə yolum düşüb. Bu gözəl ölkəyə səfərlərimin hər birinin öz tarixçəsi var. İlk dəfə 1980-ci ildə olmuşam. O vaxtlar Azərbaycan Beynəlxalq Radiosunun Türk redaksiyasında işləyirdim. Divar qəzeti çıxartmaq ictimai iş kimi mənə həvalə edilmişdi. Bu gün çoxlarına qəribə gələ bilər, ancaq onu deyə bilərəm ki, iş yerlərində divar qəzetlərinin çıxardılması boşuna deyildi: əmək intizamının qorunmasında, işçilərdə məsuliyyət hissi yaratmaqda müəyyən əhəmiyyət kəsb edirdi. Divar qəzetləri bir növ ayna rolunu oynayırdı, təşkilatın fəaliyyətində yaxşılı-pisli nə vardısa bu aynada öz əksini tapırdı. Səhər işə gələndə Həmkarlar komitəsinin iclasından çıxanlar pilləkəndəcə məni təbrik etdilər ki, bəs sənin divar qəzetin Azərbaycan Dövlət Teleradio Veriişləri Komitəsində birinci yeri tutub və Litvaya pulsuz putyovkayla mükafatlandırılmısan. Cavan bir jurnalist üçün bundan böyük hədiyyə nə ola bilərdi? O səfər mənə çox şey verdi: Litvanın şəhər və kəndlərini gəzdim, ölkəylə, insanlarla yaxından tanış oldum. Aldığım təssüratları hazırladığım verilişlərdə radio dinləyiciləriylə bölüşdüm. 80-ci illərdə bu yerlərə yolum bir də düşdü: görüşlər, tanışlıqlar, xatirələr… Uzun illər keçdiyindən o görüşlərin hamısını xatırlamaq çətindi, yadda qalanları da var, unudulanları da… Litvayla məni daha bir görüş gözləyirdi. Bu dəfəki səfərim qısa – olsa da, məsuliyyəti böyük idi. Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya səfəri ərəfəsində müvafiq sənədlərin hazırlanması ilə bağlı ekspertlər qrupunda mən də vardım. Aparılan danışıqların, görüşlərin əsasında bir amil dururdu – Litva ili hər bir sahədə, o cümlədən mədəniyyət sahəsində, Teleradio qurumları arasında əlaqələr yaratmaq yollarını araşdırmaq, bununla əlaqədar müvafiq sənədlər hazırlamaq. Əlbəttə, bu cür görüşlərin əhəmiyyəti çox böyükdür. Ölkələr arasında dostluq əlaqələri yaratmaqda, xalqların yaxınlaşmasında mədəni əlaqələrin rolu danılmazdır. Bu cür əlaqələr uzaq-uzaq məsafələri qısaldır, xalqları bir-birinə yaxınlaşdırır. Xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsində ədəbiyyatın rulu nə ola bilər? Litva Yazıçılar İttifaqında olanda görüşdüyüm yazıçı və şairlərlə söhbətimiz daha çox bu mövzuya toxunurdu. Bu mövzu hər zaman aktualdır. Sovet dövründə mövcud olan münasibətlərin birdən-birə qırılması bu gün hər şeyi yenidən qurub yaratmağı tələb edir. Əlbəttə, bu iş aylar, illər yox, bəlkə də onilliklər tələb edir. Hələlik isə Azərbaycanda Litva ədəbiyyatından, Litvada isə Azərbaycan ədəbiyyatından xəbərsiz nəsil yetişməkdədir. Təkcə ədəbiyyat deyil, mədəniyyətin bütün sahələrində belədir. Mədəni əlaqələri ölkələr arasında haqlı olaraq körpü adlandırırlar. Bu fikirlə mən də razıyam, dəfələrlə bu haqda yazmışam da. Ancaq bu gün Azərbaycan-Litva mədəni əlaqələrni görpüyə bənzətmək olarmı, belə bir körpü mövcuddurmu? Əgər mövcuddursa, hər halda, bu körpünün get-gəlli olmadığı göz qabağındadır. Azərbaycan Prezidentinin rəsmi səfəri zamanı iki ölkənin Mədəniyyət nazirlikləri arasında əməkdaşlığa dair sazişin imzalanması, münasibətlərin möhkəmlənməsi yolunda günün tələbindən doğan çox vacib və əhəmiyyətli bir hadisədir. Prezident İlham Əliyev görüşlərdəki çıxışlarında Azərbaycan-Litva mədəni əlaqələrinin genişləndirilməsinə, möhkəmləndirilməsinə böyük önəm verdiyini vurğuladı. Litva Yazıçılar İttifaqında olanda Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfərinin başlamasına bir gün qalmışdı. Onu deyim ki, yerli mətbuat səfərlə bağlı informasiyalar yaymaqdaydı. Litva yazıçıları da səfərə böyük maraq göstərirdilər. Litva Yazıçılar İttifaqı şəhərin mərkəzində kimərtəbəli tarixi binada yerləşir. Dəmir sürahili enli artırmalar bizim Yazıçılar birliyinin pilləkənlərini xatırladırdı. Hər dəfə Azərbaycan Yazıçılar Birliyinə yolum düşəndə, qədəmimi artırmalara basanda, nəsə bir məsuliyyət hissi keçirirəm – fikirləşirəm bir vaxt bu artırmaları Səməd Vurğun, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Rəsul Rza, Süleyman Rəhimov, daha kimlər, kimlər qalxıb. Qəribədir ki, eyni hissləri Litva Yazıçılarının məbədkahı sayılan qədim binanın artırmalarını qalxanda da yaşadım: düşündüm ki, bir vaxt bu pilləkənləri xalq yazıçısı Avişyus Yonas, Yutautas Kubilyus, Svirka Pyatras, Yurqis Kunçinas qalxıb. Bu fikrimi yazıçı Danielyus Muşinskas, şair Euqeniyus Alişanka ilə bölüşəndə həmkarlarım məmnun oldular. Danielyus dedi ki, eyni hissləri o da keçirir. Bu, ədəbi irsə, ədəbiyyatda iz qoyub getmiş yazıçı və şairlərin, söz-sənət adamlarının xatirəsinə hörmət əlamətidir. Keçmişi, dünəni olmayan ədəbiyyat yoxdu. Euqeniyus əlavə edib ədəbiyyatı dərin köklü bir ağaca bənzətdi. Dedi ki, bu günkü ədəbi nəsil o köklü gövdədən pöhrələnən budaqlar, qollar-qanadlardı. Onu deyim ki, yazıçı Danielyus Muşinskas Litva Yazıçılar İttifaqının çox nüfuzlu mətbu orqnı olan «Miatay» ədəbi jurnalının baş redaktorudur. Tərcübəli redaktor və yazıçı kimi ölkədəki ədəbi mühitin bugünkü mənzərəsinə yaxşı bələddir. Bu mənzərə hardasa Azərbaycandakına bənzəyir, hardasa yox. Onunla bənzəyir ki, maliyyə problemləri mövcuddur, müəlliflərə ödənilən qonorarlar cüzidir, oxucu qıtlığı var, hər kəs öz kitabını özü çap edir. Fərqli cəhətlər də az deyil. Məsələn, Litva Yazıçılar İttifaqı Azərbaycan Yazıçılar Birliyi kimi dördmərtəbəli yox, ikimərtəbəli binada yerləşir və işçilərinin sayı bizdəkindən dörd-beş dəfə azdır – sürücü və xadimə ilə birlikdə cəmi on üç nəfərdir. Onlarda hər cızma-qara eləyəni Yazıçılar İttifaqı üzvlüyünə qəbul eləmirlər. Son vaxtlar üzvlüyə qəbul tələbləri lap sərtləşdirilib. Səriştəsiz, naşı adamların yazıçı adını daşıması yolverilməzdir. Yazıçılar İttifaqına üzvlüyə qəbul üçün ən ümdə və vacib şərt yaradıcılıqdır. Yaradıcılığı olmayanların nəinki üzvlüyə qəbul olmağa, İttifaqın binasına yaxın düşməyə haqqı yoxdur. Litvada plaqiatlığa yol verilmir, bir də bu, xalqın canında da yoxdur. Bizim «Natəvan» klubunun həcmcə bənzəri Litva Yazıçılar İttifaqında da var. Adı Yazıçılar klubudu. Klubda il ərzində yüzdən çox müxtəlif ədəbi tədbir keçirilir. Amma onu deyim, bu klubda naşı adamların naşı kitablarının təqdimatı keçirilmir. Bu klubda tanınmış yazıçıların, şairlərin iştirakı ilə qiraət gecələri təşkil edilir. Ədəbiyyat həvəskarları bu tədbirlərə həvəslə qatılır, tanınmış müəlliflərlə görüşür, onlarla fikir mübadiləsi aparırlar – 18-19-cu əsrlərdə oluğu kimi. Bir fərq ondadır ki, qiraət gecələri keçmişdəki kimi şam işığında aparılmır, yazılar da lələklə yazılmır. Litva Yazıçılar İttifaqı öz fəaliyyətiylə ölkənin ədəbi həyatında çox mühüm rol oynayır. İttifaq yazıçıların kitablarını çap edir. Ən yaxşı kitab üçün xüsusi mükafatlar təsis edilib. Ötən ilin mükafatına yazıçı Ramunas Klimasın «Moskva vaxtı» kitabı layiq görülüb. Ölkədə ədəbiyyat üzrə təsis edilmiş ən yüksək mükafat isə Milli mükafatdır. Ötən il bu yüksək mükafata istedadlı şair Kyastutie Navakas «Yüngülvari oyun», «Dinlənilən fleyta» və «Yaxşı həyatın xronikası» kitablarına görə layiq görülmüşdür. Litvanın mədəni həyatında əlamətdar yer tutan tədbirlərdən biri də hər il keçirilən Vülnüs kitab yarmarkasıdır. Bu, Baltikyanı ölkələrdəki kitab yarmarkalarından ən nüfuzulusudur. Hər il yarmarkaya 50 mindən çox kitab həvəskarı baş çəkir. Bu ilki tədbirə dünyanın müxtəlif ölkələrindən 270 iştirakçı qatılmışdır ki, bu da Vilnüs yarmarkasının nüfuzunun getdikcə daha da artdığını göstərir. Tədbir hər dəfə bir ad altında keçirilir. Bu ilki yarmarka uşaq ədəbiyyatı adıyla keçrilib. Ümumiyyətlə, Vülnüs yarmarkası müxtəlif tədbirlə zəngin olur: seminarlar, elmi konfranslar, sərgilər, filmlərin nümaişi, kitab təqdimatları və nəhayət mükafatlar yarmarkanı maraqlı edir. Litva Tərcüməçilər Asosiyassiyasının təsis etdiyi antimükafatın təqdimatını da hamı həvəslə gözləyir. Bu antimükafat səviyyəsiz tərcüməyə, keyfiyyətsiz poliqrafiya işinə, kitabda buraxılan səhflərə və digər çatışmazlıqlara görə seçilən nəşriyyatlara verilir. Doğrudur, adətən belə mükafatları almağa gələn olmur, hər halda, bu, nəşriyyatların məsuliyyətini hardasa artırır, elə tərcüməçilərin də. Yeri gəlmişkən onu deyim ki, bu gün Litvada bədii ədəbiyyat nümunələri yalnız və yalnız originaldan tərcümə edilir. İkinci dildən çevrilən əsərlərə nadir halda rast gəlmək olar. Biləndə ki, ölkədə hər il poeziya festivalı da keçirilir və bu sənət şənliyinə dünyanın müxtəlif ölkələrindən qonaqlar qatılır, doğrusu, yaxşı mənada, həsəd aparmaya bilmədim. Bu, millətin öz sözünə, sənətinə hörmətin parlaq təzahürüdür. Bahar poeziyası festivalı Litva yazıçı və şairlərinin yaradıcılığına bir növ baxışdır. Bu şeir-sənət şöləni bütün ölkəni bürüyür, insanlarda ədəbiyyata olan həvəsi, marağı artırır. Bir sözlə, ədəbiyyatı yaşadır. Bahar poeziyası festivalının tədbirəri rəngarəngdir. Bu tədirlərdə Litva şairlərnin şeirlərinə bəstələnmiş mahnılar da geniş yer alır. Belə bir sənət şənliyini mahnısız, musiqisiz təsəvvür etmək çətindir. Litvanın əhalisi sayca bizdən çox azdır, amma nisbi götürəndə oxuyanları bizdən qat-qat çoxdu. Bunu dəqiqləşdirmək üçün stastik məlumatlara müraciət eləməyə ehtiyac yoxdur. «Ət yeyən quş dimdiyinnən bəllidi» - litvalılarda belə bir zərb-məsəl yoxdur. Bəlkə də onlarda başqa bir deyim var: məsələn, «Kitab oxuyan uzaqdan bəllidi». Mən bunu küçə və xiyabanlarda qarşılaşdığım insanların sakit davranışlarında, asta, həlim danışıqlarında, avtobus və troleybuslarda kitab oxuyan adamların timsalında gördüm. Görmədiyim bir də o idi ki, Litvada məktəbə getməyən, adını yaza bilməyən uşaqlar, bir də avtobuslarda müştəri səsləyən azyaşlı oğlanlar yoxdu. Ona görə ki, ora Avropadı. Bizim də səmtimiz oradı, ancaq qəribədir - Avropa səmtində gedə-gedə elə bil daha çox Şərqə yaxınlaşırıq. O Şərqə ki, onun yaxşı tərəfindən çox, pisini götürürük. Ölkənin keçdiyi inkişaf yolu ədəbiyyata az mövzu vermir. Litva yazıçıları müstəqillik dövrünü real, tam gerçəkliyi ilə tərənnüm edirlər. Ədəbiyyat yeni personajlar qazanıb – onlar müstəqil Litvanın azad, qurub-yaradan insanlarıdır. O insanlar ki, öz ölkələrinin çiçəklənməsi, gələcəyi naminə çalışır, işləyirlər. Bəs yaxın keçmiş? Litvanın söz adamlarının buna münasibəti necədir? Mənim bu sualıma Danielyus cavab verib dedi ki, yazılarında Sovet dövründəki hadisələrə qayıdan yazıçı və şairlər çoxdur. O dövrün özü də bir tarixdi, bunu inkar etmək olmaz. Ancaq o illərin hadisələrinə başqa rakursdan yanaşmaq gərəkdir, o vaxt ədəbiyyatın deyə bilmədiyi sözü indi demək lazımdır. Bu, mənim fikrimcə həm də vacibdir. Çünki ədəbiyyata, sənətə miras qalmış boşluqlar var, o boşluqlar dolmalıdır. Danielyus Muşinskasın imzası Litva oxucularına yaxşı tanışdır. O bir neçə kitabın müəllifidir, əsərləri müxtəlif dillərə çevrilib. Bu günlərdə yazıçının «Dağı hifz edənlər» novellalar toplusu işıq üzü görüb. Kitaba müəllifin son illərdə yazdığı novellalar daxildir. Bu novellaların bir neçəsini «Vilnüs» jurnalında rus dilində oxudum. Yeri gəlmişkən, onu da deyim ki, jurnal Litva yazıçılarının əsərlərini rusdilli, ingilisdilli oxuculara tanıtmaqda çox iş görür. Danielyusun əsərləriylə ilk tanışlıqdan diqqətimi bir xüsusiyyət çəkdi: onun yazılarında insanın çox vaxt gizlətməyə çalışdığı qəmli, qüssəli notları duydum. Əslində, bu o hisslərdi ki, insanın həyatı boyu zaman-zaman özünü göstərməyə bilmir. Qüssəni yaradan səbəblər çoxdur: bu, insanın həyatda qarşılaşdığı hadisələrdən də yarana bilər, həsrətdən, sevgidən də. Danielyusun qüssəsi optimist qüssədir, bu hissin özünün içində, mən deyərdim, daha çox, sabaha, gələcəyə böyük inam var. İnsan nə qədər ki, yaşayır, o həmişə, hər zaman nəyinsə sorağındadır, nəyisə gözləyir, nəyinsə həsrətini çəkir. Yazıçının qüssəsi həsrətdən doğan, həsrətdən yoğrulan qüssədir. Əslində, bu, insana özünü təsdiqləməyə, onun gələcəyə ümidlə baxmasına, irəliyə getməsinə stimul verən amildir. Bu baxımdan, yazıçının «Kibrit qutusuna yerləşən həyat» novellası da çox maraqlıdır. Bəzən dünya insanın gözündə o qədər kiçilib balacalaşır ki, hətta onu kibrit qutusuna yerləşdirmək olar. Əslində isə dünya kiçilmir, insan ona sığmır. Danielyusun novellarının fəlsəfi yanı, fəsəfi tərəfi bunu deyir. İnsanın dünyaya sığmaması elə onun yaşaması demək deyilmi? Bəli, optimist qüssə idrakdan, sağlam düşüncədən yaranır. «Sirsiz dünya» novellası da maraqlıdır. Əslində, dünya yaranannan bəri sirlərlə dolu olub və nə qədər ki, həyat var, sirlər də olacaq. Müəllif ustalıqla göstərir ki, sən demə, sirlərlə dolu dünyanın içində sirsiz bir dünya da varmış. Yazıçı bu ideyanı yeniyetməylə gənc bir qadının saf, isti münasibətləri fonunda verir. Əsər çox maraqlı və qeyri-adi süjetilə oxucuların diqqətini çəkir. Müəllifin «Qürub» novellası də bədii sənət nümunəsi kimi dil-üslub baxımından və süjetinə görə çox maraqlıdır. Əsərdən kiçik bir parçanı təqdim etmək istərdim: «Bura necə gəldiyini, tək-tənha necə yaşadığını heç vaxt unutma. Otuz il bundan əvvəl tale səni gətirib şəhər həyatına qovuşdurdu. Sən bu nəhəng və izdihamlı şəhərə gəldin ki, yeni insanlarla birlikdə yaşayasan, burada özünə həmdəm tapasan. İndi görürsən ki, itirmək tapmaqdan nə qədər asanmış. İndi o itirdiklərini axtarsan da, tapa bilməzsən. Sanki şəhərlər qəsdən elə qurulub ki, ayrılanlar bir daha rastlaşmasınlar. Tənhaca çəkil o darısqal, yarıqaranlıq guşənə və hansısa bir sehrkarın üzünə yaşıl işıq yandıracağını gözlə, əgər yaddan çıxmamısansa. Ancaq bir yol sən həyatda unudulanların yanından keçəndə təpərə gəlib dedin: - Mənim adım Yonasdır, otuz ildir burda yaşayıram. Məgər, biz tanış deyilikmi?..» Danielyusun əsərləri arasında «Divar» adlı novella da diqqətimi çəkdi. Ona deyəndə ki, mənim də «Divar» hekayəm var, maraqlandı. O öz «Divar»ının mövzusunu anlatdı, mən də öz hekayəmin. Bu iki yazının yalnız adları eynidi, toxunulan mövzular isə tamam fərqlidir. O qədər fərqlidir ki, necə deyərlər, heç yaxın da gəlmirdi. Danielyusun «Divar»ında müəllifin yaradıcılığına xas olan qüssə, kədər notları duyulmaqdadır, ancaq bu, əvvəldə dediyim kimi optimist qüssədir… Əsərdə qadın öz sevgilisindən ayrılanda qəhərlənsə də, ancaq ümidlidir, qürurunu sındırmır, çünki həyat davam edir. Qaldı ki, mənim «Divar» hekayəmə, bu yazıda tam başqa bir mövzuya toxunulur. Yazıçılar İttifaqında söhbət nədən gedər? Əlbəttə, ədəbiyyatdan, yaradıcılıqdan. Müxtəlif ölkələrdə yaşayan, müxtəlif dillərdə yazan yazıçı və şairlər asanlıqla dil tapır, bir-birlərini anlamaqda çətinlik çəkmirlər. Söhbətdən görünürdü ki, Litvada və Azərbaycanda yazıb-yaradanların, necə deyərlər, yazıçı tayfasının dərd-səri təxminən eynidi. Önəmlisi odur qələmi əldən salmayasan. Bu mənada, açığını deyim, litvalı həmkarlarımı optimist gördüm. Litva Yazıçılar İttifaqının qurultayı dörd ildən bir keçirilir. Son qurultay bu ilin fevral ayında olub. Qurultayda görülən işlər haqqında rəhbərliyin hesabtı dinənilib, yeni idarə heyəti seçilib. Yonas Linyauskas ikinci dəfə, daha dörd il müddətinə Yazıçılar İttifaqının sədri seçilib. Hazırda Litva Yazıçılar İtifaqının 360 üzvü var. Onların sırasına yazıçı və şairlərlə yanaşı ədəbiyyatşünaslar, tərcüməçilər də daxildir. Keçən il qanunvericilikdə edilən dəyişikliklər yaradıcı adamlara xüsusi status müəyyən edib ki, bu da hökumətin rəsmi dəstəyi və əlavə sosial güzəştlər deməkdir. Görüş çox maraqlı keçirdi. Şair Euqeniyus məndən soruşanda ki, Azərbaycan və Litva yazıçıları arasında əlaqəni necə və nədən başlamaq olar, mən cavab verib dedim hesab edin bu əlaqələr artıq başlayıb. Belarus səfərimi misal çəkdim. Dedim Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfəri ərəfəsində Minskdə ezamiyyətdəydim. Nüfuzlu ədəbi dərgilərdən sayılan «Neman» jurnalınının redaksiyasında yazıçı və şairlərlə görüşüm oldu. Azərbaycan-Belarus ədəbi əlaqələrindən söhbət düşdü. Bir yazıçı kimi əlimdən gələn köməyi əsirgəməyəcəyimi bildirdim. Nəticəsi belə oldu ki, çox qısa müddətdə «Literaturnıy Azerbaydjan» jurnalında Belarus şairinin, «Neman» jurnalında isə Azərbaycan şair və yazıçısının əsərləri dərc edildi. Məgər bu, əlaqələrin yaranması demək deyilmi? Bu əlaqələri qurmaq-yaratmaq biz yazıçıların əlindədir, yetər ki, həvəs bir də təpər olsun. Litva Yazıçılar İttifaqındakı görüş, buradakı həmkarlarımla şəxsi tanışlıqlar məndə dərin və zəngin təəssürat oyatdı. Vaxt qıtlığı daha geniş, ətraflı tanışlığa imkan verməsə də, belə hesab edirəm ilkin mərhələdə bu da az deyil. Litva təəssüratlarımı qələmə almağım, orada görüb-eşitdiklərimi oxucularla bölüşməyim hər halda iki ölkə arasındakı ədəbi əlaqələr körpüsündə atılan yeni bir addım sayıla bilər və bu addımı atmaqdan çox məmnunam.
|
|