|
«Gənclik» jurnalı Bu günkü gənc yazarların böyük qisminin qəribə bir xüsusiyyəti də var, heç bir məntiq, hətta heç bir faktla hesablaşmadan sinəsini cırmaq, şivən qoparmaq, bir sözlə, qaraçılıq. Onların yazılarını oxuyanda Con Patrikin «Qəribə missis Sevic» pyesinin personajlarından biri, «psixuşka»ya düşmüş missis Peddinin aramsız təkrar etdiyi bu sözlər yada düşür: «Dünyada hər şeydən zəhləm gedir. Ən çox zəhləm gedənlər isə şimşək, kələm, krem, xardal, hörümçəklər, plastır, siçanlar, arı, açarlar, eynək, duz, bir də ildırımdı». Səmimiyyət oyunu bir şey, həqiqi səmimiyyət isə başqa bir şeydir. Əgər sizin hər şeydən doğrudan da zəhləniz gedirsə, özünüzdən əvvəlkiləri istənilən bir məsələdə rədd edirsinizsə, bəs onda niyə təriflənmək və şöhrət hissi baxımından özünüzdən əvvəlkilərə bənzəyirsiniz? Əgər doğrudan da, azadfikirlilik tərəfdarısınızsa, niyə onda sizinlə həmrəy olmayanlara qarşı bu qədər qeyri-tolerantsınız? Əgər tənqidi fikirlə razı deyilsinizsə, onda bəyənmədiyiniz yaşlılar kimi özünüzə muzdlu mirzələr tutmağınız daha məntiqi olmazdımı? Ürəyiniz istəyən qədər təriflərdilər sizi, sola-sağa… * * * Sol-sağ demişkən, bu gün imzası az-çox görünən cavanları o qədər də orijinal olmayan bir prinsiplə belə təsnif etmək olar: - solçular; - sağçılar; - sintez mövqeyində duranlar. Mən «solçu» sözünü burda şərti işlədirəm, çünki bu, bizdə daha çox solçuluq oyunu təsiri bağışlayır. Hökm vermək kimi çıxmasın, amma bunların ən istedadlısı yəqin ki, Aqşindir. Ortalıqda diqqəti çəkən bədii yazısı hələ olmasa da, Orxan Eypin də adını çəkmək olar. Bir az qəribə səslənə bilər, amma hətta indiki halda da o, Aqşindən daha ciddi görünür. Çünki məsələlərə daha fundamental yanaşdığı hiss olunur. Hiss edirsən ki, bir yığın hay-küyçünün içində, nəhayət ki, ciddi imza görünməyə başlayır. Orxanın təfəkkürünə adamın inanmağı gəlir. Amma… Solçuların bir problemi var: milli ədəbi köklərdən ya uzaqlıq, ya buna nabələdlik, ya da bunların hər ikisi. Nəticədə isə çaşqınlıq… Çünki hər bir yaradıcı adam təkcə öz bədəni, əti-qanı ilə yox, hissi, düşüncəsi, ruhu etibarilə də hansısa kökə əsaslanmalıdır, bu olmadıqda onun o, köksüz ağaca, özülsüz binaya bənzəyir. Burda bir neçə qatı görmək olur: - bədən insanı valideynlərinə bağlayır, kimsə valideynlərinə nifrət edə bilər, fərqi yoxdur, fiziki cəhətdən hərə öz valideynlərinin davamıdır; - qan insanı millətə bağlayır; millət xalqdan, xalq tayfadan, tayfa qəbilədən əmələ gəlib və qəbilənin əsasında qan qohumluğu dayanırdı. - ruh insanı Allaha bağlayır. İnsan öz bədəniylə valideynlərinin, qanıyla millətinin, ruhuyla Allahın övladıdır. Bu mənada İsa əleyhissəlamın özünü Allahın Oğlu adlandırmasında qəribə heç nə yoxuydu, əslində, hər bir insan Allahın övladıdır, sadəcə, İsa əleyhissəlam birbaşa, daha dəqiqi, ancaq ana vasitəsilə, yerdə qalan insanlar isə həm ana, həm də ata vasitəsilə. Valideynə və millətə qarşısansa fiziki, Allaha qarşısansa, ruhi cəhətdən özünü dərk etmirsən. Çünki bilmirsən ki, bu zaman əslində özün-özünü inkar edir, üstündə dayandığın ağacın kökünə balta vurursan. Amma burda diqqət yetiriləsi bir məsələ var: valideyn, yaxud millətin inkarını yalnız bir mənada, özü də şərti olaraq qəbul etmək olar: insan bunları rədd edib yalnız Allahı tutacağı təqdirdə başa düşülə bilər. İsa əleyhissəlamın dili ilə desək, bu, əti (valideyni) və qanı (milləti) rədd edib əvəzində daha ilkin mənbə olan ruhu (Allahı) tutmaq deməkdir. Çünki ətin, qanın özünün də mənbəyi Ruhdur və ruhu tutmaqla dolayısı ilə yerdə qalan hər şeyi tutmuş olursan. İndiki halda «solçu» cavanlarda bunu görmək olmur. Onlar elə bil ki, Allahı, onun Peyğəmbərini, Kitabını söymək üçün yarışa giriblər. Bunun nəinki Azərbaycan, hətta Danimarkada belə görünməyən nümunəsi Orxan Eypin məşhur «Lakin» qəzetində dərc etdirdiyi «roman» idi. Məncə, bütün bunlar cəhalətdəndir. Məhəmməd əleyhissəlam Məkkə cahillərindən ən qorxulusunu Əbu Cəhl (yəni «cəhlin atası») adlandırmışdı. Bu məntiqlə cəhl içində olan hər hansı gəncə İbn Cəhl (yəni «cəhlin oğlu») deməkdən başqa nə qalır? Amma düşünülmüş inkar da var və bu, inkarçı üçün əslində daha qorxulu və məsuliyyətlidir. Çünki bilərəkdən edilənlərin məsuliyyəti daha böyükdür. Məsələn, H.Herisçi, yaxud da M.Köhnəqalanın inkarçılığı. Bunlar artıq cavanlardan fərqli olaraq kor-koranə səciyyə daşımır, başqa sözlə desək, şüurlu «manqurtluq»dur, yəni əslində manqurtluq deyil, nəsə başqa bir şeydir, bəlkə də kollaborasionizm, yaxud nihilizm. Bu tipli inkarda inkarçı nə etdiyini aydın dərk edir, çünki hazırda inkar etdiklərinə vaxtilə pərəstiş edib, yəni onları öz idrakı və qəlbinin süzgəcindən keçirib. Buna ən tipik nümunə kimi M.Köhnəqalanın postmodernist şerlərə qədər yazdığı «ağır» şerləri, yaxud aşıq ədəbiyyatı üslubundakı şerlərini göstərmək olar. Qeyri-şüuri inkarçılığın isə dırnaqsız-filansız bircə adı var: manqurtluq! Sağçılar (mən bunu da şərti işlədirəm, çünki, zənnimcə, bu qəbil yazarlarda da məsələ ideoloji cəhətdən dərk olunmuş anlayış səviyyəsinə qalxmaqdan daha çox, kortəbii şəkildə təzahür edir, yəni onlar, sadəcə olaraq, başqa cür düşünə və yaza bilmirlər) sayca daha çoxdurlar, amma o qədər də fəal deyillər. Bu, təbiidir, çünki neçə əsrlik inersiya, ətalət qanunu ilə yazırlar. Solçuların tam əksinə olaraq, bu qrupun çoxsaylı nümayəndələrində tapdalanmış cığırlardan çıxmaq, yeniləşmək problemi var. Onların ən tipik təmsilçilərindən olan Əvəz Qurbanlı haqqında «525-ci qəzet»in ötən saylarından birində geniş yazı ilə çıxış etdiyimizdən özümüzü təkrar etmək istəmirik. Qısa şəkildə demək olar ki, klassik divan ədəbiyyatı və Sabir satira ənənələrinə dərin bələdliyi, inkarolunmaz istedadı ilə bərabər Əvəzin istər lirik, istərsə də satirik şerlərinin dil-üslub və məzmun baxımından, satirik şerlərinin isə forma baxımından yeniləşməyə ehtiyacı var. Sağçılığın aşıq poeziyası və xalq şeri xətti ilə ən çox diqqəti çəkən nümayəndəsi isə Ələmdar Cabbarlıdır. Əvəz haqqında deyilən fikri ona da şamil etmək olar. Bir daha təkrar edirəm ki, bu cavan şairlərin hər ikisi öz-özlüyündə inkarolunmaz istedada malikdir. Lakin elə eyni tərzdə də təkrar etmək istəyirəm ki, onların hər ikisinin öz yaradıcılığına zamanın gətirdiyi yeniliklər işığında yenidən baxmaq ehtiyacı duyulur. Yoxsa birincisi Sabir, ikincisi isə Aşıq Ələsgər, yaxud Zəlimxan Yaqubun kölgəsində qalacaqlar. Qaldı sintezçilər… məsələn, Şərif Ağayar. Çağdaş cavanlar arasında ədəbiyyata və ümumən ətraf gerçəkliyə münasibət baxımından ən razılıq doğuran, məncə, məhz bu mövqedir. Çünki solçulardan fərqli olaraq o, hansı ədəbi-bədii köklər üzərində yetişdiyini bilir, istər klassik divan ədəbiyyatı, istərsə də aşıq poeziyasından söz gedəndə. Sağçılardan, fərqli olaraq isə bu, onun klassikaının təsirindən çıxmasına mane olmur. Zahir Əzəməti ən ümumi mövqe baxımından bəlkə bura aid etmək olardı. Ancaq onun bədii idrakı milli bədii düşüncə tarixinin dərin qatlarına Şərif qədər nüfuz edə bilmir. Və əslində o, solçularla sintezçilərin arasında özü bir sintezə çevrilir. Ş.Ağayarın bədii düşüncəsi solçulardan fərqli olaraq özülsüz binanı xatırlatmır. Amma sağçılardan fərqli olaraq ancaq bu özüldən də ibarət deyil. O, bu özülün üstündə duraraq ora həm də nəyisə əlavə edir. Məsələn, onun «Namaz» şerini buna ən tipik nümunə saymaq olar. Yəni klassik dini mətn və ona əlavə olunan iki cəhət: - məzmun tərəfi: dini tematikanın vətənpərvərliklə əvəzlənməsi - forma tərəfi: klassik əruz və yaxud hecanın sərbəst formayla əvəzlənməsi. Ş.Ağayar M.Köhnəqalaya anoloji yol gedir. Ancaq o, klassikaya münasibətdə olduğu kimi çağdaşlarına münasibətdə də təkrarçı deyil. Buna görə M.Köhnəqalanın radikalizmi onda loyal şəkil alır. Şərif xeyli müddətdir ki, yeni yazıları ilə görünmür və bu, qanunauyğundur. Özülsüz tikilən bina tez başa gəlsə də, tez də uçur. Etibarlı bina tikmək üçün isə vaxt lazımdır. Qədim memarlar hətta əvvəlcə binanın özülünü töküb bir neçə il gözləyir, onun qara, yağışa, küləyə, tufana dözümlülüynü yoxlayır, sonra hörgünü qaldırırdılar. Məncə, Şərifdə daxili yenidənqurulma prosesi gedir və bu, onun yaşına çox uyğundur. * * * Şərif Ağayarın mövqeyini ona görə təqdir edirəm ki, o, bütün cəhdlərində yenilikləri milli ədəbi ənənələrin ən yaxşı cəhətlərinə sintez etməyə meyllidir. Burda milliliyin də, qloballığın da hər birinin payı qalır. Amma… Bütün bunlar, əlbəttə ki, məsələnin xalis estetik yox, ideoloji-estetik tərəfidir və bunun poetik istedadın səviyyəsinə bilavasitə aidiyyəti yoxdur. Ola bilər ki, yazarın ən ümumi mövqeyi düz olsun, amma istedadı bu mövqeyin ideal düzgünlüyü səviyyəsinə qalxmasın və həm də əksinə. Məsələn, Şərif bu postulatın birinci, onun ədəbi yaşıdlarından olan «sağçı» Əvəz, (eləcə də Ələmdar), yaxud «solçu» Aqşin isə ikinci tərəfinə uyğun gəlir. Yenə amma… Burda başqa bir nüansa diqqət yetirmək lazım gəlir. Yəqin ki, bunun ən başlıca səbəbi odur ki, sintez normal ağlın ölçülərinə daha uyğundur, şer isə normadankənar bir şeydir. Şeir ağıl yox, «ağılsızlıqla» bağlıdır, dəlidən doğru xəbərdir, xüsusən də bu gün. Qədimdə isə idrak və poetik istedad bir araya sığırdı: Nizami, Nəsimi, Füzuli və s. Bu, uzun söhbətdir, indi isə mətləbə qayıdaq… Niyə sintezçi ilə müqayisədə sağçı, yaxud solçunun yazdıqları daha poetik görünür, hər biri əlbəttə ki, fərqli kontingentə, birincisi konservativ, ikincisi isə yenilikçilərə. Çünki qaş-gözün gözəlliyi, yaxud üzün rəngi daha tez diqqəti cəlb edir, skelet isə hətta görünmür, o, bütün bunların ardında qalır. Aqşin öz şerlərinin ekstravaqant parlaqlığı ilə aparır, amma struktur, yəni skelet baxımından Şərifə uduzur. Onun çox az şerlərinin forma həlli var. Bunun tam əksinə olaraq Şərifin şerləri zahirən solğundur, əvəzində bu və ya digər dərəcədə uğurla düşünülmüş struktura malikdir, onların skeleti, ən azı onurğası var. Yəni Aqşini «onurğasızlar», Şərifi isə «onurğalılara» aid etmək olar. Bu müvafiq olaraq Aqşində bədii təsvir, Şəfrifdə isə bədii ifadə vasitələrinin üstünlüyünə gətirib çıxarır. Ən yaxşısı isə bu ikisinin bir yerdə olması ola bilərdi. İndiki halda isə «sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər» (M.P.Vaqif). Amma burda daha bir məsələ qalır: Şərif daha çox bədii düşüncə tarixinə, Aqşin isə öz içinin dərinlikləırinə baş vurur. Klassik ədəbiyyatdan bütün zahiri uzaqlığına baxmayaraq bu mənada Aqşin əslində, daha çox Şərq şairidir. Çünki daha çox tarixlə əlləşən Şərifdən fərqli olaraq o, daha çox özüylə əlləşir. Onun bütün «solçuluğu», yenilikçi hay-küyü isə elə hay-küydən də uzağa getmir. O, istər Basayevdən, istər Tora-mora mağarasından, istərsə də nədən yazırsa, yazsın özündən yazır. Bütün bunlar isə sadəcə özünü gizlətmək üçün çox naşılıqla uydurulmuş dekorasiya təsiri bağşlayır. Buna görə zahirən şərqli kimi görünən Şərif əslində daha çox qərblidir. Onun ilk öncə Qərb ədəbiyyatı ilə bağlı nəsrə keçmək cəhdləri (və həm də özünün də dediyi kimi «potensialı») də burdan irəli gəlir. Aqşin isə özünün nəsr cəhdlərində də şair olaraq qalır. Çünki nasir daha çox başqaları, ətraf gerçəklik, şair isə özü-özü ilə əlləşən adamdır.
|
|