50 illik zülmün yubileyinə mesaj Bəli, ay ötdü, il dolandı, günlərin bir günü – 2008-ci il fevralın 5-də tanınmış şair Dayandur Sevgin 49 yaşını tamam edib 50 yaşına qədəm qoydu. Dünənə qədər Kürün lilli sualrında çimən, çöldə-çəməndə yəhərsiz-yüyənsiz at minib çapan tərəkəmə oğlu bir də gözünü açıb gördü ki, ey dadi-bidad, 50-ni aşırmaq üzrədir, Nəsimi yaşını, Sabir yaşını geridə qoyub, nə Nəsimi olub, nə Sabir. Amma heç belə arzusu da olmayıb. Məncə, hər kəsin, xüsusən yaradıcı şəxsin ən böyük uğuru onun özü olmasındadır. Elə insanlar var ki, yubileyə kefin, nəşənin qeydiyyatı günü kimi qədəm qoyurlar. Amma hələ indiyəcən ailəsini kirayə mənzildə saxlaması kifayət edir deyək ki, Dayandur 50 illik yubiley yox, 50 illik zülümün astanasındadır. Uşaqlıqdan atasız qalmaq, böyük qardaş kimi ailənin bütün yükünü çiyninə götürmək, doqquz bacı-qardaşa həm qardaş, həm ata olmaq və bu qədər çətinliklər içində təhsil almaq, sənətə yiyələnmək, ailə qurmaq, oğul-uşaq böyütmək, üstəgəl ürək sözlərini deməyə, kömək ummağa ilham pərisindən başqa heç kəsi tapmamaq... Dayandur ilk şeirlərini 80-ci illərin əvvəllərində doğulub boya-başa çatdığı İmişli rayonunun “Qızıl ulduz” qəzetində dərc etdirib. Mərkəzi mətbuata bir neçə ildən sonra ayaq açıb. “Boynuma biçildi dərd” adlı ilk şeirlər kitabı 2000-ci ildə “Ağrıdağ” nəşriyyatı, “Mən bilmirəm ayrılmağın yolunu” adlı ikinci kitabı isə 2003-cü ildə “Vektor” Nəşrlər Evində tanınmış şair Elçin İskəndərzadənin köməyi ilə işıq üzü görmüşdür. Hər istedadlı şair istedadlı insan ola bilmir. Dayandur Bakı ədəbi mühitinə daxil olduğu bu qısa müddət ərzində özünü həm də istedadlı insan kimi tanıda bilib. Sadəlik, təbiilik, həyatilik, çoxəsrlik milli poeziya ənənələrinə bağlılıq, sevginin tərənnümü, gözəlliyin vəsfi, taleyin və cəmiyyətin şair qəlbinə vurduğu zərbələrin ağrısından doğan dərd... Dayandurun poeziyasını ən qısa şəkildə belə səciyyələndirmək olar. Geniş şəkildə sözümüz isə 50 illik yubileyə qalsın.
Allaha sual Burnumun ucunda ölüm qoxusu, Olan günahımı yuya bilmirəm. Canımda yurd salıb bəndə qorxusu, Mən sənin qorxunu duya bilmirəm. Mən insandan qorxum, ya səndən Allah?
Nə var ki, salmağa, mərdi kəməndə, Adalətin gözü yuxuludursa. Allahın kölgəsi sayılan bəndə, Allahın özündən qorxuludursa, Mən insandan qorxum, ya səndən Allah? Daşı doğrayırsa tamahın dişi, Bəndənin gözündə dünya zərdisə. Əllidə baş kəsib qan tökən kişi, Yetmişdə əməli peyğəmbərdisə, Mən insandan qorxum, ya səndən Allah? Qəlbimdə qalıbsa quruca adın, Bəndənin qorxusu mənə dağdısa. Edam otağından çıxan cəlladın, Əlləri qırmızı, üzü ağdısa, Mən insandan qorxum, ya səndən Allah? Qulağın almırsa atılan topu, Xayalın başında boş fırlanırsa. Sənin hökmün ilə açılan qapı, Bəndənin əliylə qıfıllanırsa, Mən insandan qorxum, ya səndən Allah? Allahın qorxusu, insan qoxusu, Yüz qara qorxular bir ağa düşüb. İnsan cilidində şeytan qorxusu, Allah qorxusundan qabağa düşüb,
Yolumu gözləyən dar ağacı var, Külək yellədikcə kəndiri əsir. Sən mənim hayıma gəlib çatınca, Bəndənin qılıncı başımı kəsir. İlahi, nə olar bir qorxu göndər, Bəndə qoxusundan mən azad olum. Yada ki, əbədi bir yuxu göndər, Sənin o yuxunla bəlkə şad olum. Bu yad qoxuları çıxar canımdan, Sənin varlığını duyum İlahi! Sənin varlığını duyum İlahi!
Adamı İlahi, nə imiş dünya dediyin, Didib, parçalayır adam, adamı. Öz adı adam var, göylə əlləşir, Yerisə yandırır adam, adamı. Tac əhli olmayan bil, taca çatmaz, Min bir hikmət söylə söz aca çatmaz, Hər saya gələnlər sayğaca çatmaz, Var çeviz adamı, badam adamı. Bir azca sevinc ver gülüm İlahi, Tanınsın közümlə, külüm İlahi, Elə adiləşib ölüm İlahi, Daha qorxutmyır edam adamı. Olmayıb heç zaman ehtiyacları, Harınlar anlamaz qarnı acları, İndi muzeylikdir dar ağacları, İndi sözdən asır adam, adamı. Nə günüm bir gündür, nə gecəm gecə, Verdiyin dərdlərə dözüm mən necə, Gərək qız qalaydı “Həvva” eləce, Gərək əkməyəydi “Adəm” adamı. *** Rəqəmlə qoşa yazılanda Sıfır olur adı, Rəqəmsiz boş dairə. Rəqəmin solunda beli bükülmüş kasıba bənzəyir. Onda birdən onda doqquza Gedən yolda nələr çəkir sıfır. Vergül qarmağıyla can atır sağa, Elə ki, keçdi sağa, Düzəldir belinin sıfır qağa, Qohumlarını yığır başına, On olur, yüz olur, min olur. Doymur gözləri. Təpik atır solundakı rəqəmə, Düşünmür ki, rəqəm olmasa, adına sıfır deyilməz, HALQA deyilər.
Alatoran Alatoran: şər əməllərin və şər əməllilərin fəaliyyət dövrü. Cinin, şeyatının gələn vədəsi, Yarasaların səbirsizliklə gözlədiyi uçuş maqamı, Qurbağaların zəhlə tökən qurultusu. Dan yeri qızarınca, Günəş üfüqdən boy verincə Şər əməllər çəkilər öz hücrəsinə. Cin, şəyatın gözə görünməz, Yarasalar divar deşiyi axtarar, Dəcəl bir uşağın atdığı daş, Kəsər qurbağaların Zəhlə tökən səsini. Nə yaxşı ki, işıqlı səhərlər var, İşıqlı adamlar var İlahi! Sıfır Sıfırdan başlanır sıfırdan həyat, Sıfırdan gedirik milyona doğru, Zirvəyə yol gəzir hamı zirvəyə, Yüz minə can atır, bir ona doğru. Məni sevəcəksən öləndən sonra Ölüm gətirəcək səadətini, Ümidlə boylanma gələn sabaha. Öləndə tapacam məhəbbətimi, Ölünün qiyməti diridən baha. Məni sevəcəksən öləndən sonra. Gəncliyim həsrətin odunda yanıb, Hicranın dadını çəkənlər bilər. Gündüzlər başının üstə dolanıb, Yuxuna gələcək ruhum gecələr, Məni sevəcəksən öləndən sonra. Tellərin siləcək alın tərini, Doğmalar yad olub səndən qaçacaq, İsladıb zil qara kirpiklərini, Göz yaşın gözündə çiçək açacaq. Məni sevəcəksən öləndən sonra. İllər gətirəcək yaş üstə yaşı, Bu sirri qəlbində saxlayacaqsan. Həmdəmin olacaq bir məzar daşı, Önündə diz çöküb ağlayacaqsan. Məni sevəcəksən öləndən sonra Yandıran hicranın odunda məni, Çıxmadıq sevginin sınaqlarından. Başdaşım köksünə sığacaq səni, Öpəcək şeh düşmüş yanaqlarından Məni sevəcəksən öləndən sonra. Hələ ki, ömür elə sən gülə-gülə, Hələ yetişməyib sənə bəd xəbər. Əzizim taleyim yazılıb belə, Mən diri bədbəxtəm ölü bəxtəvər. Məni sevəcəksən öləndən sonra. Mən “Kərəm” olmasam... Naləsi qarsıyır dağı-dərəni, Xayalım yol alıb uzaq keçmişə. Telli saz yandırır “Yanıq Kərəmi” Lənət oxuyuram “Qara Keşişə”. Çal aşıq sazından qala boylanır, Çal özün atəşə bələsin Kərəm. Ərzuruma gedən yola boylanır, Deyəsən itirib “Lələ”sin “Kərəm”. “Kərəm” də bir oğul ola bilməyib, Guya sevənlərə tale kəm baxır. Keşişdən bir qızı ala bilməyib, Min ildi milləti yandırıb, yaxır. Qanmamaq dərd deyil, istəsən qanmaq, Qanmaz qana bilər, qandıran olsa. Nə böyük iş imiş, “Kərəm” tək, yanmaq, “Əsli” tək od vurub yandıran olsa. Alışan bax mənəm, say ulduzları, Boylansın, sinəmdə dağlar görərsən. “Yanıq Kərəmi”yə süzən qızları, Sevgin yanğısına ağlar görərsən. Tellərin qıvrılsın günəş üzündə, Gözəllik önündə naşı deyiləm, “Əsli” sevgisini sən tap özündə, Mən “Kərəm” olmasam kişi deyiləm. Qırx yaşın məhəbbəti Yaman gecikmisən, yaman əzizim, Daha alışmağa odum qalmayıb. Həsrət gözlərimi pərdələyibi, Dilimdə, ağzımda dadım qalmayıb. İl olar sevənin hər keçən günü, Sevgin məşəl olar, hicranın çəksən. Gözümün odunda qızdırsam səni, Saçımın qarında üşüyəcəksən. Bəlkə əfsanəvi qız qalasısan, Sevgiyə yeni bir ad gətirmisən. Yoxsa sən zerdüştün qız balasısan, Mənə alışmağa od gətirmisən? Odlu baxışında qorxu-səksəkə, Əridib içimi muma döndərib. Göylərdən zühur edən mələksən bəlkə, Tanrı səni mənə cəza göndərib? Qırx yaşda gülübdür, de baxtı kimin? Qayıda mənim də baharım, yazım. Bəlkə sən ruhusan ölən sevgimin, Yenidən dünyaya gelmisən quzum? Mənim arzularım söz şəklində, Mənim arzu sözüm özümə qənim. Bəlkə “Əzrayıl”san qız şəklində, Canımı almağa gəlmisən mənim? Tanrıdan töhvəsən qara baxtıma, Bəlkə də yolunda öləsiyəm mən. Nə vaxtan sahibsiz sevgi taxtıma, Sən sultanlıq elə, köləsiyəm mən. Ömrün payızında nə yaxşı gəldin, Vallah unutmuşdum bu şən dünyanı. Yenidən gözümə qaldırdım gülüm, Gözümdən sürüşüb düşən dünyanı.
|