|
Dünyanı söz idarə edir Qazax Renessansı Qazax mədəniyyəti və ədəbiyyatının «qızıl əsri» və ya Qazax Renessansı XX əsrə təsadüf edir. Mən göytürklərin daşlar üzərində həkk etdiyi poemalar, Kaztuqan və Dospambetin şücaət dolu əsərləri, Maxambetin alov saçan şeirləri və Dulatın cilalanmış dastanlarından bəri uzun yol keçən «Abayaqədərki» gözəl ədəbiyyat nümunələrinin əhəmiyyətini kiçiltmək niyyətindən çox uzağam. Amma Allah tərəfindən seçilmiş renessans şəxsiyyəti olmaq yalnız Abaya qismət oldu. Abay ona qədər yaradılanlardan bəhrələnərək qazax mənəviyyatını görünməmiş yüksəkliyə qaldırdı. Ötən əsrin əvvəlləri üç nəhəngin adı ilə bağlıdır: Şakərim (fəlsəfi poeziya), Maqjan (lirika), Sultanmahmud (vətənpərvər poeziya). 20-60-cı illərin əsas parlaq siması olan İlyas Jansuqurovdan sonrakı dövrün tanınmış nümayəndələri bunlardır: İsa Bayzakov, Saken Seyfullin, Tayır Jarokov, Abdilda Tajibayev, Kalijan Bekxojin, Kasım Amanjolov, Juban Moldaqaliyev, Sırbay Maulenov, Qafu Kayırbəyov. Sonuncu nəslin ədəbiyyata gəlişi inqilab ab-havasında, sovetləşmə dönəmində, Vətən müharibəsinin alovunda baş vermişdi. Böyük ədəbiyyat yaratmaqları heç də onların zəngin təcrübəyə malik olması və sırf ədəbiyyatçı-filoloq təhsillərindən irəli gəlmirdi. Bu, onların fitri istedadından doğurdu. Məhz bu nəsil 60-cıların ədəbiyyata gəlişi üçün zəmin hazırladı. 60-80-ci illərin qazax poeziyası bitkin və novatorluq ideyaları ilə boldur. Bu «böyük köçün» başında Oljas Süleymenov durur. Oljas rusca yazsa da, onun poeziyası dərin milliliyini saxlayıb. Onun əsərlərində qazax vətənpərvər ruhu hökmən hiss olunur. Öz zamanında Oljas orijinal kolorit, xüsusi ritm və yeni energetikanı tək öz doğma qazax poeziyasına deyil, həm də Sovetlər Birliyi adlanan nəhəng imperiyanın 1/6 hissəsini tutan rusdilli poeziyaya da gətirdi və qanuniləşdirdi. Oljas çarəsizlikdən öz adı və tarixini unutmağa başlamış, milli dirçəlişə ümidlərini itirmiş, ölgün və məqsədsiz bir şəkildə imperiyanın künc-bucaqlarında ömür sürən bir çox kiçik millətləri yuxudan oyatdı və onları yüksəlişə ruhlandırdı. O, öz şəxsi nümunəsi ilə kütlənin fikirlərinə etiraz etmək və əqidənin səsinə qulaq asaraq yaşamağın nə olduğunu əyani göstərdi.Bu dövr qazax poeziyasının üç sütunu Mukaqali Makatayev, Qədir Mirzəliyev, Tumanbay Moldaqaliyevdir. Mukaqali poeziya ilə birlikdə doğulmuş istedaddır, özü də xalq mənzum ənənəsi olan «kara elen» – qazax on bir bəndliyi ilə. Onu anlamaq üçün gərək yaranışından qazax olasan. Onun şerlərinin digər dillərə tərcüməsinin son dərəcə çətin başa gəlməsi də bununla əlaqədardır. Qədirin nəzmi isə özü başqa dillərə tərcümə olunmağa can atır və məharətli tərcüməçinin əlində onun şeirləri nə məna, nə də koloritini itirmədən hər hansı bir əcnəbi dildə sərbəst danışır. Qədir şair-intellektualdır. Tumanbayın poeziyasının ünsürləri – hisslər, leytmotivi – məhəbbətdir. Təsirli, estetik cəhətdən qüsursuz, mənalı, incə və işıqlı lirizmlə dolu olan bir poeziya – onun şeirləri barədə bunu demək olar. XX əsrin qadınlardan ibarət olan qazax poeziyası mənə məhəbbətlə qurulmuş bəzəkli bəyaz çadırı xatırladır ki, onun qübbəsində əbədi olaraq bu zərif poeziyanın başlanğıcında dayanan Məryəm Hakimjanova və Tursınxan Əbdürrəhmanovanın əsərləri həkk olunub. Çadırın tağ-tavanları müasirimiz olan şairələrdən – Fərizə Unqarsınova, Mərfuqə Aytxojina, Akuştap Bəxtigereyevanın sənət incilərindən ibarətdir. Dayaq divarları isə növbəti nəslin nümayəndələri olan Küləş Əhmədova və Gülnar Salıkbayevanın yaradıcılıq məhsullarından təşkil olunub. * * * XX əsr qazax nəsrinin qiymətləndirilməsinə gəldikdə isə bütün adlardan əvvəl ən yüksək və nüfuzlu, ensiklopedik bilik və erudisiyaya malik Muxtar Auezovun adını çəkəcəyəm. Ötən əsrin qazax poeziyası ilə müqayisədə qazax nəsri bir o qədər coşğun inkişafı ilə öyünə bilmir. 20-30-cu illlərdə o, özünün ilkin formalaşma mərhələsində idi. O dövrdə qazax ədəbiyyatında roman janrının bütün qanun və tələblərinə tam cavab verən əsərlər çox az idi. J. Aymautov, B.Maylin, İ.Jansuqurov, S. Seyfullin, S.Mukanovun əsərlərini böyük çətinliklə roman adlandırmaq olardı. Avropa və dünya meyarları nöqteyi-nəzərindən qüsursuz nəsr əsərlərinin müəllifi olan ilk qazax – dahi Muxtar Auezovdur. Onun 20-ci illərdə qələmə aldığı hekayələr, 30-cu illərdə yazdığı povestlər və 40-cı illərdə yaratdığı «Abay yolu» roman-epopeyası – bütün janrları mənimsəmək, sürətli inkişaf, dünyaya akkreditasiya və qazax bədii nəsrinin tanınması deməkdir. «Abay yolu» bütün gələcək qazax nəsri üçün ədəbi sənətkarlığın etalonudur. M. Auezovdan sonra yaşayıb-yaratmış bir sıra məşhur yazıçılara bəzi ədəbiyyatşünas və tənqidçilər «alıptar tobı», yəni, «titanlar qrupu» və ya «qüdrətli dəstə» kimi kollektiv ləqəblər verməyə tələsdilər. Ancaq bu “dəstə”dən olanların heç də hamısının yaratdığı əsərlər zamanın sınağından çıxmadı. Bu, xüsusən də indi, 1/4 əsr keçdikdən sonra, nəinki nəsillər, həm də oxucu maraq və zövqlərinin dəyişdiyi dövrdə olduqca təzadlı şəkildə üzə çıxır. Bu sırada ədəbi irsi ilə qazax bədii sözünün ölməz klassikləri səviyyəsinə yüksələn mahir nəsr ustası – Qabit Musrepovun adını xüsusi qeyd etmək istəyirəm. Məncə, onun əsas əsəri «Oyadılmış məmləkət» yox, son romanı «Ulpan»dır. Təəssüf ki, bu cür gözəl əsər zamanında rus dilinə uğursuz tərcümə olunmuşdu. Bu romanda Yeseney Qabit müəllimin özü, Ulpan isə yazıçının həyat yoldaşı Rayadır. Qəhrəmanların romantik məhəbbəti – Qabit müəllimin öz gənc, gözəl və hədsiz dərəcədə çox sevdiyi həyat yoldaşı Raisə Məmmədyarovaya olan sevgisini ifadə edir. «Titanlar» nəslindən sonra ədəbiyyata gələn Abdijamil Nurpeisov, Taxavi Axtanov, Safuan Şaymerdenov, İlyas Yesenberlin, Anuar Alimjanov, Azilxan Nurşaixov, Şerxan Murtaza öz əsərləri ilə XX əsr qazax nəsrinin böyük və kiçik nəsillərinin «sahilləri» arasında «qızıl körpü» salmaqla özlərindən əvvəlki nəslin layiqli davamçıları və vahid işə xidmət edən ədiblər kimi tanındılar. 60-cı illərin Xruşşov «mülayimləşməsi»ndən sonra qazax ədəbiyyatına böyük miqyaslara çıxmağa qabil, kamil nəsrə xas bütün xüsusiyyətləri özündə cəm etmiş «altmışıncılar» gəldi. Onları fərqləndirən xüsusiyyətlər bunlardır: yüksək nəzəri hazırlıq və peşəkar təcrübə; ötən illərin milli nəsrində toplanmış müxtəlif janrlarda və müxtəlif mövzularda orijinal əsərlərin yaradılması; o dövrlərin Sovet ədəbiyyatına gətirilmiş yenilikçilik ruhu, sərbəstfikirlilik və «verilmiş icazələrin» sərhədləri və əhatə dairəsinin genişləndirilməsi. Bütün sadaladıqlarım Abiş Kekilbayev, Muxtar Maqauin, Kabdeş Jumadilov, Kalixan İskakov, Saken Juvisov, Akim Tarazi, Sain Muratbəyov, Dulat İsabəyov, Oralxan Bokeyev, Dukenbay Dosjanov, Satimjan Sanbayevin yaradıcılığında öz əksini tapıb. O müəlliflərin içində elələri var idi ki, onların əsərləri o vaxtkı «sosialist düşərgəsinin» (xüsusilə Şərqi Avropa) millətlərinin dillərinə və qismən də bizə rəğbət bəsləyən fransızların dilinə tərcümə olunur və təkrar-təkrar nəşr olunurdu. Ancaq bu əsərlərin «ixrac» nüsxələri acınacaqlı dərəcədə az idi, onların tərcüməsı sırf siyasi-təbliğatçılıq məqsədi güdürdü. Kreml senzorları bu işə ciddi nəzarət edirdi. Bəzən əsərləri tərcümədə qəsdən zəiflədir, məzmunsuzlaşdırırdılar. Ona görə də qazax nəsrinin Avropa səviyyəsinə çıxması (hələ dünya səviyyəsi bir yana) barədə söhbət belə gedə bilməzdi. Onu da qeyd edək ki, çağdaş qazax nəsrinin ingilis dilinə tərcümə faktları o dövr üçün fövqəladə sensasiyalı hadisə idi. Bununla həm razılaşmaq, həm də mübahisə etmək olar, ancaq, şəxsən mən bu nəsli belə qiymətləndirərdim: əgər sabah məlumat verilsə ki, Oljas Suleymenov və Abiş Kekilbayev ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb, mən bu xəbəri tamamilə təbii, qanunauyğun və hətta milli qazax əbəbiyyatının nailiyyətlərinin dünya tərəfindən tanınmasının bir az gecikmiş aktı kimi qəbul edərəm. Əgər ədəbiyyatdan əvvəl və sonra dilin mövcudluğundan danışsaq, indiyədək mənə alınmaz qala və açması bilinməyən tapmaca kimi görünən Kalixan İskakov yada düşər. Onun yaradıcılığı – canlı qazax dilinin ən şəffaf bulağıdır. Dil zərifliyi, semantik intuisiya və ekspressiv məharətdə ona üstün gəlmək arzusu və ya heç olmazsa ona az da olsa bənzəmək istəyi boş və mənasızdır. Çox gözəl anlayıram ki, ədəbiyyat sexində müqayisə mənasızdır. Ancaq mənim üçün həqiqət daha önəmlidir və açıq deyirəm ki, Kalixan mənim şüurumda inadlı şəkildə qazax Bunini kimi canlanır. Ön səhnəyə yüzilliyin sonlarına yaxın çıxan və ədəbi talelərində preslənmiş zəmanənin təzyiqi açıq-aydın görünən ədəbiyyatçılar nəslini də qeyd etməyə bilmərəm. XX əsrin son rübündə bütün üç nəsil «ədəbiyyat ailəsinin» paradoksu onda özünü göstərdi ki, Kenşilik Mirzəbəyov və Jumabay Jakıpbayev kimi dünyasını dəyişmiş sənətkarlar daha yaşlı qələm yoldaşlarının fonunda əbədi «gənc şairlər» cərgəsinə qatıldılar. Halbuki, həmin «həmişəcavan şairlərin» real yaş həddi 45-55 yaşlar arasında dəyişir. Yesenqali Rauşanovun yaradıcılığına şərq poeziyasının rəngarəng bədii ənənələri üzvi şəkildə hopub. Temirxan Mədətbəyin şeirləri sanki göytürklərin dilini bizim üçün canlandırır. Bu, qazax poeziyasının çox böyük və gizli, hələ tam açılmamış potensialını göstərir. Fəlsəfi-romantik poeziyanın bütün enerjisini özündə cəmləşdirmiş Nesipbəy Aytovun bitib-tükənmək bilməyən yaradıcılığı qazaxları milli-tarixi baxımdan gözəl təqdim edir. Gənc, ümidverən istedadları arasında ayrı-ayrı parlaq, insan düşüncəsini həyəcanlandıran debütantlar var. Ancaq tək-tük işlərə əsasən qəti qərarlarla çıxış etmək hələ tezdir. Taleyin hökmü ilə yer səthinə çıxan çeşmə qarşısını kəsən nəhəng qayanı parçaladığı kimi Tınıştıkbəy Abdıkakimov da Ulıqbəy Yestauletovdan sonra bircə anda məşhurluq zirvəsinə yüksəldi və çağdaş qazax poeziyasının görkəmli simaları arasında özünə yer tapdı. Digərlərindən fərqli olaraq Tınıştıkbəy şagirdlik mərhələsi keçmədən birdən «böyüdü» və özünəməxsus yolla iri addımlarla irəliləyərək öz gur səsini aləmə car çəkdi. Yaradıcılıq baxımından əvvəlki nəslə yaxınlaşa bilən gənc nasirlərdən mən Nurqali Oraz və Əskər Altayın adlarını çəkə bilərəm. * * * Qazaxıstanın rusdilli ədəbiyyatı da çox zəngin və müstəsna tarixə malikdir. Onun yaradıcıları Qazaxıstanda anadan olmuş S.V. İvanov, A.S.Sorokin, İ.P.Şuxovdur. XX əsrin 20-30-cu illərində ədəbiyyatın vəziyyəti barəsində N.Anovun hekayə və esseləri geniş təsəvvür yarada bilər. 60-cı illərdə bu ədəbiyyata M.D.Simaşko, İ.P.Şeqolixin, 70-ci illərdə Q.İ.Tolmaçov, 80-ci illərdə V.F. Mixaylov gəldi və bu müəlliflərin hər biri özünəməxsus bir nəsli formalaşdırmağa müvəffəq oldu. Təkrarsız yaradıcılığı sayəsində ən məşhur və ən çox oxunan yazıçı-naturalistlərlə bir cərgədə dayanan M.D.Zverev şəxsiyyətini xatırlamamaq qeyri-mümkündür. Hekayə, povest, esselər, qazax müəlliflərinin əsərlərindən edilmiş tərcümələr müəllifi olan üçdilli yazıçı Q.K.Belger başda olmaqla Qaxazıstan-alman ədəbiyyatı; ən ön sıralarında X.Abdullin və Z.Samadi olmaqla Qazaxıstan-uyğur ədəbiyyatı; vaxtilə məcburən bura köçürülmüş Koreya diasporu tərəfindən yaradılmış, sonralar isə burada çiçəklənmiş Qazaxıstan-Koreya ədəbiyyatı – bugün keçmişdə olduğu kimi məhsuldar deyil. Bu, böyük təəssüf doğurur. Axı dahi Abay və Hötenin mənəvi yaxınlığından ilham almış qazax-alman ədəbi əlaqələri bir vaxtlar ədəbiyyatlarımızı birləşdirməkdən savayı, mədəniyyətlərimizi də zənginləşdirmiş və millətlərimizin yaxınlaşmasına səbəb olmuşdu. * * * Son illərdə ədəbiyyatçılarımız arasında açıq çəkişmələr baş alıb gedir. Məncə, bu, çəkişmə deyil, münasibətləri aydınlaşdırmağın təbii və psixoloji izahı olan forması, daxildəki neqativdən xilas olmaq vasitəsidir. Hazırda «Nurpeisov – Jumadilov» cütlüyü arasında ixtilaflar son dərəcə gərginləşib. Abdijamil Nurpeisovun şəxsiyyət və yaradıcılığında bir mürəkəblik var. Onunla illər boyu ən yaxın münasibətdə olsan da, daxili mahiyyətini anlaya bilməzsən. Mən onun yaradıcılığı üzərində dayanacağam. Nurpeisovun «Qan və tər» adlı əsəri ideyasından tutmuş bədii tərtibatına qədər ən xırda məqamlaracan düşünülmüş yaradıcılıq nümunəsidir. Bəzən düşünürəm ki, əgər hər bir ədəbiyyatçımız yaratdığı əsərinin hər sözünün üstündə Abeke kimi əssəydi, onda qazax ədəbiyyatı hansı reytinqlərə sahib olmazdı? Öz “Sonuncu borc”unu da Nurpeisov 20 il ərzində yazıb. Yazıçının çoxillik axtarışlarının məhsulu olan bu əsər onun bütün dünyada məşhur olan trilogiyasının davamıdır. «Qan və tər» trilogiyası ədəbiyyatda nəinki böyük, həm də səs-küylü bir hadisəyə çevrildi. İctimaiyyətin reaksiyasından doğan energetika ilə mətnin bədii energetikası üst-üstə düşürdü. Bu təsirli fonda “Sonuncu borc”u Zoluşkaya bənzədirəm. Nurpeisovun heç bir əsəri müəllifin özü kimi təlaş və tələskənliyi sevmir. Həqiqətən də beş romandan ibarət olan bu kvintologiyanı XX əsr qazaxlarının əsl həyat ensiklopediyası saymaq olar. Kabdeş Jumadilov müəllif individuallığı ilə seçilən nasirdir. Bir dəfə müsahibələrindən birində özünün ən yaxşı əsəri barədə olan suala cavab olaraq Jumadilov “Tale” romanının adını çəkdi. Mənsə bir oxucu kimi onun “Sonuncu düşərgə”sini sevirəm. Çünki mənim tanıdığım Jumadilov istedadının bütün çalarları ilə bu romandadır. Belə sənətkarlar çağdaş qazax ədəbiyyatının əbədi qürur mənbəyidir! Onların artıq çoxdan yaddan çıxmış, gündəlik anlaşılmazlıq və fikir ayrılığı ucbatından baş verən gərəksiz söz güləşdirmələrini müşahidə etdikcə bizi istər-istəməz belə sual narahat edir: bunlardan kim udur və ümumiyyətlə, burada qalib olmaq mümkündürmü? Ona görə də mənim onların hədər yerə sərf olunan vaxtına heyfim gəlir. Səmimi qəlbdən ümid edirəm ki, iki xalq yazıçısı arasındakı «buz» lap yaxın zamanda ərisin. Başqa gerçək mübahisə Çingizxanın ətrafında cərəyan etdi. Acı təsadüf üzündən burada da millətin və ədəbiyyatın iki ləyaqətli təmsilçisi – Muxtar Maqauin və Muxtar Şaxanov üz-üzə gəldi. Görəsən, illər öncə «İki Muxtar» adlı yazısında onlara nəvazişlə yaradıcılıq xeyir-duası verən həssas Qabit Musrepov bunu güman edə bilərdimi? Bu çəkişmənin mənasızlığı ondadır ki, bugün XXI yüzillikdə Çingizxan haqqında nələr deyilsə və nələr yazılsa da, bu nəhəng xaqan dünya tarixi və ədəbiyyatında öz layiqli qiymətini çox-çox illər bundan əvvəl artıq alıb. Digər tərəfdən hər bir alim və yaxud da yazıçının hər hansı şəxsiyyət, ya da tarixi hadisəyə münasibətdə şəxsi təsəvvürlərindən çıxış edərək öz nöqteyi-nəzərini formalaşdırmaq imkanı var. Onun bu fikrini ya qəbul, ya da rədd etmək olar. Amma burda hər növ ultimatum tamamilə yersizdir. Muxtar Maqauin bütün türk mənəviyyatını yüksək zirvələrə qaldırmaq üçün ədəbiyyata gəlmiş yazıçı, təkbaşına qazax ədəbiyyatının ikiəsrlik tarixini yazmış alimdir. Bu böyük qələm ustasının hər bir sənət incisində sabit milli ruh məskundur. Maqauinin «Qazax tarixinin əlifbası»nı oxuyanda yazıçının millətinə sonsuz məhəbbətini bütün varlığınla duyursan. Muxtar Şaxanov şair-tribundur. Ancaq onu adi meydan natiqlərindən fərqləndirən vətəndaş hücumu və sənətkar acizliyi kimi bir-birilə uyğunlaşmayan xüsusiyyətləri özündə cəmləşdirməsidir. Onun SSRİ parlamentinin tribunasına çıxıb dekabr haqqında həqiqətləri bəyan etməsi faktına misli görünməmiş şücaətdən başqa nə ad vermək olar? Şaxanov daxili tələbat və təbiətinə görə «akın»dır. Bütün keçmiş Sovetlər Birliyi üzrə ədəbi prosesdə durğunluğun ilkin əlamətləri meydana çıxanda məhz onun əsərlərinin dünya xalqlarının dillərinə fəal surətdə tərcümə olunması faktını qeyd etməmək günah olardı. Onun bəzi sənət yoldaşları bunu etinasızlıqla qarşılaya bilər, amma Nobel mükafatı laureatı ərəb N.Məhfuz, qırğız Ç.Aytmatov, rus Y.Yevtuşenko, ingilis U.Mey, alman F.Hitser, yapon İ.Daysaku kimi görkəmli müasirləri M.Şaxanov yaradıcılığını ən yüksək qiymətə layiq görmüşlər. Qədir Mirzə Əlinin «Burulğan» adlı kitabı da ədəbiyyat aləmində müəyyən bəhslərə səbəb oldu. İstər mövzu, istərsə də janr baxımından «Burulğan» qazax oxucusu üçün gözlənilməz idi. Ona görə də əksəriyyət bu əsəri inamsızlıq və ikili hisslərlə qarşıladı. Heç kimin həqiqəti inhisara almaq hüququ yoxdur. Mütləq həqiqətlər yalnız Böyük Yaradana məlumdur. Deməli, «Burulğan»da söylənilənlər – Q.M.Əlinin öz həqiqətləridir ki, onlarla da razılaşmayanların olması təbiidir. Belə vəziyyətdə heç kimə təzyiq göstərmədən özünə bəlli olanları bildirməsən. Reallığın surətinin yaradılması yolunda hansı fiqurlar və rənglərdən istifadə etməyin gərəklidir? Bunu seçmək artıq oxucunun işidir. Mən çox böyük maraqla tək “Burulğan”ı deyil, həm də “Tale” romanını oxudum. Şairi «mirvari axtaranlara» bənzədən bu əziyyətli əməyi, axı, necə qiymətləndirməmək olar? Bazarın «şok terapiyası» bizim cəmiyyətimiz üçün fərqli nəticələr verdi. İlk olaraq rəssamlar, sonra isə bu yeni şəraitə uyğunlaşan artistlər oldular. Yazıçılar isə hələ uzun müddət ərzində sərt və soyuq uğursuzluq zolağında qaldılar. Hamının diqqət və ehtiramına adətkar olmuş sosializm dövrünün bu ərköyünləri kapitalizmin rəqabət mübarizəsinə hazırlıqlı deyildilər. Əvvəlcə əsər ərsəyə gətirmək üçün yaradıcılıq əzabında qovrulmaq, sonra sponsor axtarışında qapı-qapı gəzmək, sonda isə hazır tirajdan gəlir əldə etməyin vasitələri üstündə baş sındırmaq... İndi vəziyyət, görünür ki, yavaş-yavaş düzəlir. 2002-ci ildən etibarən dövlət sifarişi ilə nəşr olunan kitablara görə stabil olaraq qonorar ödənilir. Özəl nəşriyyatlarda isə bir çap vərəqi üçün ödənən qonorar 100 ABŞ dollarıdır. Əminəm ki, yaxın gələcəkdə yazıçılar bazar qayda-qanunlarına ətraflı bələd olub naşirlərin qılığına girmək işinə son qoyacaq, öz kitabının çapını etibar etdikləri nəşriyyatın seçimində son dərəcə diqqətli olacaqlar.
Şərq spiralı Dövrümüzün geniş yayılmış yanlışlıqlarından biri də ədəbiyyatın «ölümü» və guya ədəbi prosesin donması fikridir. Bununla qəti razı deyiləm. Belə ki hazırda ədəbi prosesin zəifləməsi deyil, ədəbi əlaqələrin kəsilməsi müşahidə olunur. Bir neçə il bundan əvvəl mən Koreya və Yaponiyada oldum. Seulda Milli Muzeyin lap mərkəzində yerləşdirilmiş etnogenez xəritəsində «Koreyalıların böyük tarixi yolu Altaydan başlamışdır» cümləsini öz gözlərimlə oxuyanda mənim heyrətimi, zənnimcə, təsvir etmək o qədər də çətin olmazdı. Yaponiyada isə Osakada bütün dünyada məşhur olan Elmi Muzey Mərkəzinin tarixçiləri ilə söhbət əsnasında mən yapon etnogenealoqlarının gəldiyi son nəticə ilə bağlı aşağıdakıları yenidən eşitdim: «Gündoğan ölkə»nin millətinin əcdadları bu adalara Koreya yarımadasından üzüb gəlmişlər». Və bu etnogenetik bağlamada üçüncü və ən arxaik həlqə açıq-aydın bərpa olunmuşdur: «prototürklər– koreyalılar – yaponlar». Yapon dili də türk dilləri kimi altay dilləri ailəsinə aiddir. Yaponların «qenqo seykatsu»suna (millətin dil mövcudluğu) nə qədər dərindən bələd olursansa, bir o qədər onun türk dili və düşüncə tərzi ilə yaxınlığının şahidi olursan. Xüsusi maraq doğuran cəhətlərdən biri də hər iki dildə eyni mənşəli və sinonim leksemlərə tez-tez rast gəlinməsidir ki, onların da prototürk ümumiliyini dərhal müəyyən etmək olmur. Sinharmonizmin tələbləri qazax və yapon dillərində qazax və monqol dilləri ilə müqayisədə daha aydın ifadəsini tapır. Mütəxəssis rəylərinə görə, yapon dilinin lüğət tərkibinin 2/3-si çin mənşəlidir, qalan hissəsi isə qədim altay dilindən irsən keçən sözlərdən ibarətdir. İkincisi, əgər koreyalıların əcdadları qədim türklərdirsə, yaponlar isə koreyalıların törəməsidirsə, haqqında danışdığımız millətlərin ikisi də mənşəyinə görə qazaxlara yaxındır. Üçüncüsü, yapon və qazax ədəbiyyatları son əsr ərzində hər iki xalqın təkamül yollarındakı fövqəladə oxşarlığı və vəhdəti aşkara çıxarır. Tokuqavın zamanında yapon ədəbiyyatı klassik fransız, ingilis və rus ədəbiyyatlarının nümunəsində və onların açdığı yol ilə inkişaf etməyə başladı. Əgər ilk qazax romanı XX əsrin əvvəllərində çap olunmuşdursa, avropa üsulu ilə yaradılmış ilk yapon romanı XIX əsrdə işıq üzü görmüşdü. XX əsrin əvvəllərində yeni yapon ədəbiyyatının əsas aparıcı siması cəmi 35 il ömür sürmüş R. Akutaqava oldu. Onun iki dərin psixoloji məzmuna malik novellası – «Rasemon darvazası» və «Burun» kifayət etdi ki, dünya ədəbiyyatı pyedestalına yüksəlsin. Yapon ədəbiyyatının tarixini şərti olaraq dörd dövrə ayırsaq (birinci – XIX əsrin əvvəllərindəki ədəbiyyat; ikinci –Akutaqavanın zamanı və onun başçılığı altında yapon müəlliflərinin dünya səhnəsinə çıxması; üçüncü – Tanidzaki, Kavabatı, Misima, Kendzaburonun adları ilə əlaqəli olan dünya ədəbiyyatı olimpinin fəth olunması əsri; dördüncü – Murakaminin dövrü, ultramüasirlik, yüksək texnikalaşdırılmış, ifrat urbanizasiya səviyyəsinə gəlib çıxan yapon ədəbiyyatçılarının nəsli), onda qazax ədəbiyyatı üçün də hər üç dövr səciyyəvidir. Bəs dördüncü nəsil haradadır və nə üçün biz bu nəsli görə bilmirik? * * * Müharibədən sonrakı Yaponiya SSRİ parçalandıqdan sonrakı 90-cı illərə bənzəyir. Əsas qloballaşma yoluna ilk olaraq önündə elm və texnologiyalar gedən yapon iqtisadiyyatı qədəm qoydu. Sonra təhsil sahəsində islahatlar keçirildi, daha sonra isə nəhayət ki, növbə ədəbiyyat və mədəniyyətə gəlib çatdı. Bu yeni dövr əsrlərlə mürgüləyən və innovasiyalara qarşı «kar» mövqeyi nümayiş etdirən ənənəvi cəmiyyəti oyatdı və yeni nəsil insanların həyata gəlməsinə səbəb oldu. 1950-ci illərdə dünyaya gələnlər 70-ci illərdə artıq öz güc və qabiliyyətlərini fəal şəkildə nümayiş etdirməyə başladılar və Murakami bu generasiyanın ən parlaq nümayəndəsi oldu. Vaxtaşırı bizim bir çox müasirlərimiz özlərini belə sualla üzürlər: «Niyə müstəqillik əldə olunduqdan sonra ədəbi proses əhəmiyyətli dərəcədə zəifləyib?» Mənim onlara cavabım belədir: hadisələri tələsdirmək lazım deyil, yeni əsrin adamları mütləq gələcək və öz sözlərini deyəcəklər, ancaq, bunun üçün bir nəslin digəri ilə əvəzlənməsi baş verməlidir, bu proses isə 30 il müddətində zamanı əhatə edir. Bax, elə onda qazax ədəbiyyatının dördüncü nəsli öz tutarlı sözünü deyəcək. Əgər “təbiət boşluğa dözmür” bəyanatı həqiqətdirsə, onda «bu cavan, naməlum nəslin» də “Murakamisi” tapılacaq. Mədəniyyətlərin yaxınlığı Bu yaxınlarda braziliyalı romançı Paulo Koelyo Qazaxıstana gəlmişdi. Koelyo fenomeni barədə düzgün təsəvvür formalaşdırmaq üçün Latın Amerikası ədəbiyyatının tarixinə bir qədər dərindən nüfuz etmək lazımdır. Məlum olduğu kimi, Latın Amerikası ədəbiyyatına ərazisi XV əsrin sonlarından başlayaraq İspaniya və Portuqaliya tərəfindən müstəmləkələşdirilmə obyekti olmuş Mərkəzi və Cənubi Amerika ölkələrinin və millətlərinin ədəbiyyatını aid edirlər. XX əsrin əvvəlləri Orteqa-i-Qassetin yaradıcılığı ilə işıqlandırıldı. O, sonralar hamı tərəfindən qəbul olunmuş nəhəng dünya filosoflarından birinə çevrildi, bütün avroatlantik ictimai fikrinin formalaşmasında əsas rol oynamış nadir ziyalılardan biri oldu. Onun «Kütlələrin üsyanı», «İncəsənətin dehumanizasiyası» və başqa məşhur esseləri Latın Amerikası ədəbiyyatının coşğun inkişafı üçün çox güclü bir təkan rolunu oynadı, çoxsaylı proqnozları sağlığında öz təsdiqini tapıb həyata keçdiyi kimi, qabaqcadan gördüyü «kütləvi mədəniyyət» fenomeni XX əsrin ikinci yarısında reallığa çevrildi, aristokratların imtiyazlarına daxil olan mədəni institutlar, atributlar, dəyərlər (nəfis memarlıq nümunələri və elitar məişət, teatrlar, konsertlər, muzeylər) dünənki rəiyyət üçün də əlçatan oldu. Onun ənənələrini davam və inkişaf etdirən parlaq Argentina şair və nasiri Xorxe Luis Borxes oldu. Borxes çoxşaxəli istedada malik idi. İlk olaraq şair kimi şöhrət qazandıqdan sonra o, kiçik nəsrin, qısa hekayələrin, dərin mənalı, parlaq və yaddaqalan esselərin kralı kimi tanındı. Argentinada doğulmuş Borxes gənclik illərini Avropada keçirmişdir. Onu bir şair kimi formalaşdıran məhz Avropa olmuşdur. Onun dünyagörüşü klassik antik, ispan, fransız, italyan, alman, ingilis ədəbiyyatları əsasında formalaşmışdır. Onun esseləri eyni dərəcədə poeziya və nəsr, ədəbiyyat və incəsənət, mədəniyyət və din, fəlsəfə və mənəviyyat kimi müxtəlif problemləri araşdırır. Borxes yaradıcılığının arasıkəsilməz qloballaşma leytmotivinin sirrini məhz aldığı tərbiyə və təkrarolunmaz tərcümeyi-halında axtarmaq lazımdır. O, dünya mədəniyyətlərini və sivilizasiyalarını bir-birinə qarşı qoymur, əksinə onları orijinal bir vəhdətdə göstərir. Öz məhsuldar ömrü ərzində Borxes bir-birindən həm mövzu və formasına, həm də həcminə görə fərqlənən on esse məcmuəsi nəşr etmişdir (mənə onlardan səkkizi məlumdur). Budda, İsa Məsih, Məhəmməd, Homer, Vergili, Aristotel, Rable, Servantes, Şekspir, Svift, Şou, Valeri, Uitmen, Flober, Fitscerald onun personajları arasına daxildir. Borxesi digərlərindən fərqləndirən daha bir nadir xüsusiyyət onun Şərq fəlsəfəsi və ədəbiyyatının əla bilicisi olması idi. Konfutsi, Laotzı, Fərabi, İbn-Sina, Ömər Xəyyam, Rumi – bunlar Borxesin ardıcıllıqla öyrəndiyi qədim çin, ərəb, fars, hind klassiklərinin saysız-hesabsız siyahısından olan ən məşhurlarının adlarıdır. Adı çəkilən dahilərin işlərində o, özünü balıq suda hiss edən kimi hiss edirdi. Bizim müasirimiz Koelyo üçün Borxes ən yüksək nüfuz sahibidir. Əbəs yerə deyildir ki, o, Borxeslə eyni gündə anadan olduğuna görə sonsuz qürur hissi duyur. O, hələ gənclik illərində ürəyinin çağırışı ilə Borxesi axtarıb tapmışdır ki, ona səmimi qəlblə təzim etsin. O, öz kumirini gördüyü üçün özünü hədsiz xoşbəxt sanırdı. İspan publisisti Xuan Ariasa verdiyi müsahibəsində Koelyo Borxesin demək olar ki, bütün şeirlərini əzbər bildiyini söyləmişdir. Koelyonun ədəbi irsinə Borxesin tək nəzmi deyil, o cümlədən nəsr əsərləri, xüsusilə esseləri də böyük təsir etmişdir. Bu da sirr deyildir ki, ona dünya şöhrəti gətirən «Əlkimyagər» romanı Borxesin bədii ideyalarını inkişaf etdirmək və ona oxşamaq istəyindən doğurdu. Bu da müəllifin baş ucalığıdır ki, o, heç zaman Borxesdən mənimsədiyi süjet barədə həqiqəti gizlətməmişdir. Koelyonun «Zair» romanının adı və ideyası yenə də Borxesin «Zair» adlanan essesindən götürülmüşdür. Birinci, cəmi iki səhifəlik essesində parlaq, daim cazibədar didaktema (yeri gəlmişkən, oxşar süjet «Min bir gecə» nağıllarının versiyalarından birində də var), ikinci isə birnəfəsə oxunan çox maraqlı bir roman yaradıb. Ancaq heç kimin bunun barəsində ədəbi oğurluq, bayağı rimeyk və s. bu qəbildən sözlər söyləməyə dili gəlməz. Belə alicənab varislik tandeminin əksinə olaraq bizim bəzi milli başabəla ədəbiyyatçılarımız öz həmkarlarının ünvanına «Sən filan işində mənim filan ideyamdan istifadə etmisən» kimi ifşaedici bəyanatlarla çıxış etməyə fürsəti əldən vermir, bununla da mənasız, kontrproduktiv və heç də hörmətlərini artırmayan mübahisələrdə batıb qalmaq riskini artırırlar. Mövzu – xəttdir, süjet – skeletdir, bunlara həyat verən isə yazıçının istedadıdır. Deməli, hər hansı bədii əsərin dəyəri bədii obrazların dünyasını yaradan və bu prosesdə Yaradana bənzəyən müəllifin istedadı ilə təyin edilir. Latın Amerikası ədəbiyyatına gəldikdə son dövrlərin bir paradoksunu qeyd etmək istəyirəm, Sovet İttifaqı zamanında bizə Neruda və Amadunun yaradıcılığı Orteqi-İ-Qasset və Borxeslə müqayisədə daha tanış və yaxın idi. Bunun əsl səbəbini isə təbii ki, siyasətdə axtarmaq gərəkdir. Yadıma gəlir, Türkiyəyə səfərlərimin birində mən tanınmış bir türk intellektualından Nazim Hikmət haqqında soruşdum. O, ilan vurmuş kimi dartındı və bu mövzunu müzakirə etmək istəmədiyini açıq-aydın nəzərə çarpdıraraq cavab verdi: – Mən belə bir şair tanımıram, lakin mən kommunistlərə satılmış türk barədə eşitmişəm. Həmsöhbətim səmimi deyildi.Əlbəttə ki, o, Nazim Hikmətin kimliyi barədə bilirdi. Ancaq günahsız şairin təmiz adını ləkələmək istəyən anda, o, sanki özü də anlaya bilmirdi ki, hazırkı siyasətin oyuncağına çevrilib. Və o məqamda mənim artıq çoxdan dünyasını dəyişmiş, ədəbi şöhrəti və təmiz adı bütün dünya xalqlarının qəlbində əbədi məskən salmış şairə deyil, məhz həmin dar düşüncəli türk intellektualına ürəkdən yazığım gəldi. Həqiqətdə isə Nazim böyük şair idi. Onu düz on yeddi il ərzində dustaq etmiş Türkiyədən qaçmaqdan başqa çarəsi nə idi? Yoxsa, o, şərəfsizlik və öz istedadı qarşısında məsuliyyəsizcəsinə sadəcə türmədə çürüməli idi? Ola bilsin ki, bu, bizim türk qardaşlarımıza xoş gəlməyəcək. Ancaq mən açıq danışmağı daha üstün tuturam: XX əsrdə bütün Türkiyədə şərq, qərb və rus ədəbiyyatlarının zəngin ənənələrini sintez edən ikinci belə şair olmamışdır.Nazim haqqında digər bir həqiqət ondan ibarətdir ki, onun vətənpərvər ruhlu, türkçülüyü özündə qoruyub saxlamış şeirləri vətən həsrətinə əbədi məhkum olmuş yaralı ürəyin qanı ilə yazılmışdır. Hikmət də, Neruda da kommunist idilər. Onlar xoşbəxt dünya quruculuğu uğrunda idealların carçısıydı. Nerudanın barrikada, tribuna poeziyası çililiərdə azadlıqları uğrunda mübarizlik ruhunu oyatdı. Əbəs yerə deyildir ki, coşğun Pablonu Nobel ədəbiyyat mükafatına layiq görmüşlər. Özü də nüfuzlu münsiflər heyətinə bu «kommunist» nominantı nə qədər xoşagəlməz və problematik görünsə belə bütün qitənin ardınca onlar da bu dahi şairin istedadı qarşısında istər-istəməz başlarını əyməli oldular. Bu, məhz həmin vəziyyət idi ki, siyasətlə ədalət arasında olan çəkişmə sonuncunun inamlı qələbəsi ilə başa çatdı. Fərizə Unqarsınovanın parlaq tərcümələri sayəsində Neruda hələ 70-ci illərdə qazax dilində nəşr edilmişdi. Hindu tayfalarının dilləri və yaşayış tərzini öyrənən ayrı-ayrı alimlər yekdilliklə belə fikri dəstəkləyir ki, hindular qədim türk tayfalarının nümayəndələri ilə böyük oxşarlıq təşkil edirlər. Beləliklə, F.Reriq, S.Vikander, Q.Dümezel, C.Makintoş, C.Cosselini kimi dünya şöhrətli tədqiqatçılar amerikalı hinduların protodillərini qədim türklərin dilləri ilə birbaşa əlaqələndirirlər. Qədim ink, astek, maya, keçualıların folkloruna gedib çıxan Latın Amerikası poeziyasının mifoloji motivləri çox israrla və simptomatik olaraq qədim türklərin poetik aləmi və onların dünyagörüşünü xatırladır. Çuvaş-ink leksik tutuşdurmaları ilə məşğul olan L.Zefirov inklərin dilində 170 çuvaş sözü, çuvaşların dilində isə 120 ink lekseminə rast gəlmişdir. Tatar alimi A.Karimullin isə hindu-tatar dil yaxınlığı mövzusunda «Prototürklər və Amerikanın hinduları» adlı ayrıca elmi əsər yazmışdır. Qədim hinduların arxaik inamları, kosmoqonik təsəvvürləri və mifopoetik ənənələri Peru, Ekvador, Meksika, Qvatemalanınnasir və şairlərinin yaradıcılığında daha qabarıq əksini tapmışdır. Nobel laureatı adına öz əsərlərində maya hindularının əfsanə və əsatirlərindən geniş istifadə etmiş Qvatemala şair və nasiri M.A.Asturias və atstekləri tərənnüm etmiş meksikalı şair O.Pas layiq görülmüşlər. Qazaxlarla Latın Amerikası xalqlarını doğmalaşdıran ikinci səciyyəvi xüsusiyyət kimi mədəniyyət məkanının ümumiliyini göstərmək istərdim. Vaxtilə İspaniya və Mərkəzi Asiya Ərəb xilafətinin tərkibinə daxil idi. Qazaxlar kimi orta əsrlərdə ispanlar da ərəb əlifbasından bəhrələnmiş, ərəb alimlərinin kitablarını oxu-yaraq təhsil almış, ərəb musiqisini dinləyərək tərbiyə almış, ərəb nümunəsi olan gözəl evlərdə və binalarda yaşayıb-yaratmışlar. Məhsuldar Braziliya romançılarından biri olan J.Amadu da yazıçı-kommunistlərdən idi. Amadunun əksər əsərləri Braziliya tarixinin çətin, ağır, dramatizm dolu illərində qələmə alınmışdır. Bu səbəbdən də onun kitablarının sosial kəskinliyi və inqilabi intensiyaları çox aşkarcasına özünü göstərir. 80-ci illərdə bütün dünyada daha bir Latın Amerikalının – kolumbiyalı nasir Qabriel Qarsia Markesin adı məşhurlaşdı. O əsas əsəri «Yüz ilin tənhalığı»nı 1967-ci ildə, ondan məşhurluqda heç də geri qalmayan «Patriarxın payızı»nı 1975-ci ildə yazmasına baxmayaraq Nobel mükafatını 1982-ci ildə almışdır. Oxucularımızın xoşbəxtliyindəndir ki, Kenes Yusupovun gözəl tərcüməsi sayəsində “Yüz ilin tənhalığı” qazax dilinə də – 80-ci illərin əvvəllərində tərcümə olunmuşdur. Amma Amadunun əsərlərindən fərqli olaraq Markesin kitablarına bu cür güclü təbliğatçılıq köməyi göstərilmədi, onları olduqca kiçik tirajlarla çap edirdilər. Səbəb isə aydındır. Amadunun əsərləri öz doğma vətəni – Banya ştatının («Jubiaba», «Ölü dəniz», «Qum kapitanları») sərt həqiqətlərinin təsvirini verərək burjua quruluşunun bütün ziddiyyət və eybəcərliklərini aşkara çıxarır, «çürüyən kapitalizm»i kommunistcəsinə tənqid edirdi. Kolumbiyalı Markes isə öz qəribə Buendia əsli, uydurma Makondo kəndi, həqiqət və uydurmanın fantasmoqorik qarışığı, ümumən, bütün varlığı ilə kommunist yazarlarına «ciddi müqavimət» göstərirdi. SSRİ-nin dağılmasından sonra onun şöhrəti bütün ona qədər yazıb-yaradan Latın Amerikası yazıçılarının şöhrətini arxada qoydu. Ona dünya məşhurluğu və Nobel mükafatını «Yüz ilin tənhalığı» əsəri bəxş etdi. Amma onun ən uğurlu işi «Polkovnikə məktub yoxdur» adlı povestidir. Bu gün Markes əvvəlki kimi fəal yazır. Bircə heyfsiləndiyim onun son 10-15 il ərzində qələmə aldığı «Vəba zamanı məhəbbət», «Öz labirintində general», «Gözlənilən bir qətlin tarixçəsi» və bir çox başqa roman, povest və hekayələrinin indiyə qədər qazax dilinə tərcümə edilməməsidir. 2004-cü ilin noyabrında onun «Mənim sevimli fahişələrim» adlı sonuncu romanının ümumdünya təqdimat mərasimi baş tutdu. Kitabın rəsmi buraxılışı və təqdimatına qədər artıq pirat üsulu ilə böyük tirajda çap olunması çağdaş nəsrin bu görkəmli ustadının məşhurluğundan xəbər verirdi. Bu yaxınlarda mən Koelye haqqında tanınmış ispan publisisti Xuan Ariasın qələmindən çıxmış «Zəvvarın etirafı» adlı bioqrafik kitabını oxudum. Sən demə, yazıq Koelyo həyatı boyu hansı işgəncələrə dözməyib! Məktəbin sonuncu sinfində üç dəfə qalmışdır. Gənclik dövründə üç dəfə dəlixanaya düşmüşdür, özü də onu oraya salan özünün valideynləri olmuşdur. O, öz həyatında həm türmə, həm narkomaniya və hətta homoseksual əlaqələr də görmüşdür. Sonralar o, on il ərzində bir-birinin ardınca əlkimya və magiya ilə məşğul olub, özfəaliyyət teatrında, estradada işləyib, bir çox başqa sənət və peşələrdə də özünü sınayıb. Bir sözlə, ədəbi debütündən çox-çox əvvəllər də onun macəralarla dolu tərcümeyi-halı bütöv bir roman üçün əsas ola bilərdi. Keçən əsrin əvvəlində ingilis şairi R.Kiplinq belə bir ifadə işlətmişdir: «Şərq Şərqdir, Qərb isə Qərbdir və bunların qovuşmağı mümkün deyil». Onun həmvətəni tarixçi–filosof A.Toynbi isə hazırkı əsrdə «sivilizasiyaların toqquşması» barədə doktrina irəli sürmüşdür. Həqiqətən də bugünkü sivilizasiyaların qarşılıqlı rabitəsinin xarakteri nə vaxtsa vahid və ümumi olan, sonralar isə dərin çatlarla kəsilmiş, dəhşətli zəlzələ nəticəsində parça-parça olmuş yeri çox xatırladır. Bəziləri bu ziddiyyətlərin səbəbini siyasətdə, digərləri dində, bir başqaları isə mədəniyyət və mentallıqda görürlər. Bütün işi-peşəsi millətlərarası münasibətləri daha da qızışdırmaq olan S.Ruşdi kimiləri isə başı qalmaqallardan onsuz da səngiməyən dünyanı yeni konfliktlərə çəkirlər. Belə təfriqəçilərin, təhrikçilərin fonunda Koelyonun bədii aləminin xeyirxahlıq və humanizmi qaranlıqda ümid işartısı kimi görünür. Onun qəhrəmanlarının böyük əksəriyyəti yaxşılığın, mərhəmətin və inamın işığı ilə nəfəs alır. Mən qazax ədəbiyyatını bizə irsən (yaponlar) və mənən (Latın Amerikası) yaxın olan millətlərin ədəbiyyatları ilə müqayisə edən zaman iki suala cavab axtarırdım: «Qabaqcıl xalqların ədəbiyyatları öz inkişafının hansı mərhələsindədir və bizim ədəbiyyyatımız onlarınkı ilə müqayisədə hansı anı yaşayır?»; «Nələrə müvəffəq olmuşuq və nələrdə geridə qalmışıq?». Bütpərəstlik fəlsəfəsi varlığın üç dərəcəsini ayırır: keçmiş, indiki və gələcək. Bizim keçmişimiz bir çox cəhətlərdən oxşardır, bugünümüz qloballaşma şəraitində toqquşur. Ola bilsin ki, bizim gələcək inkişafımız mədəniyyətlərin doğmalığı istiqamətində inkişaf edəcək. Düşünürəm ki, inkişaf və tərəqqi yolu ilə getmək istəyiriksə, onda biz hamımız keçmişlə yaşamaq vərdişindən və ədəbiyyatımızın bu və ya digər keçmiş nailiyyətlərini qabardıb onlarla qürur duymaqdan əl çəkməliyik. Əlbəttə, qazaxlar dediyi kimi «yaxşı atanın nüfuzu pis oğulu qırx il dolandırır». Amma tariximiz qədimdir, mədəniyyətimiz böyükdür, dilimiz zəngindir deyib döşünə döyməkdənsə, dərin tarixi yeni məzmunla əhatə etmək, böyük mədəniyyəti yeni formalarla daha da yüksəklərə qaldırmaq, dil zənginliklərinə müasir ifadə sərbəstliyi vermək və ədəbiyyatımıza yeni həyat meydanı vermək daha yaxşı olardı. Bir düşünün: Ancaq son 30 il ərzində ispan və portuqaldilli ədəbiyyatlar dünyaya 7 Nobel laureatı bəxş ediblər! Neruda və Markesdən savayı onların sırasında qvatemalalı M.A.Asturias, ispanlar V.Aleyksandre və K.X.Sela, meksikalı O.Pas, portuqal J.Saramaqonun da adları var. Ötən əsrin sonlarında onların yaradıcılığı fövqəladə bir hadisəyə çevrildi və indiyə kimi də unikal ədəbi fenomenlər kimi öyrənilir. Əgər qazax ədəbiyyatı üçün Nobel mükafatı qazandırmaq istəyi boş xülyalar deyilsə, onda belə canlı əfsanələrdən hər an öyrənmək və bəhrələnmək lazımdır. Öyrənmək üçünsə heç olmazsa adları sadalanan müəllifləri qazax dilinə çevirmək gərəkdir.
Ruscadan İlahə Quliyeva çevirib
|
|