Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Karnavalizm

baş redaktordan


İbrahim  İlyaslı


Əsəd Cahangir
Yaxşı gəncliyin nağıl
Çağdaş nəsrdə yenilikçilik və eksperimentçilik meylləri haqqında


Nadir Hüseynzadə
Çağdaş ədəbi reallıqlar və oxucu həqiqətləri


Ramin Allahverdiyev
Müasir poeziyamızda predmet və detallar


Əsəd Cahangir
Banu Çiçək sən deyilmisən?


Əsəd Cahangir
Tale başın üstə səma kimidir...
Kənan Hacının gələcək kitabına ön söz


Əsəd Cahangir
«Gənclik» jurnalı


İqor Şaytanov
Tənqidçi peşəsi


«Hər kimin ağı qara isə, utansın!»
çağdaş tənqidimiz: problemlər, mülahizələr…


Bəsti Əlibəyli
Çağdaş tənqid və ədəbi proses:
2004-2007-ci illər


Bu, Vaqif Yusiflidir...
60 yaşını qeyd etməyə hazırlaşan tənqidçi Vaqif Yusifli “Körpü”nün qonağıdır...


İslam Sadıq
Elmi təfəkkür olmayanda ümid qalır saman çöpünə


Güllü  Yoloğlu
Şirin erməni qızıdırmı?!
Nizami Gəncəvinin əsərlərinin rus dilinə tərcüməsinə dair


Sərvaz Hüseynoğlu
"Bir uzaq səfərə gəmim çıxıbdı..."
Aran ədəbi mühiti haqqında düşüncələr


Leslay Vinz
Sevgi və daxili narahatlıq şairi


Camille  Adams Helminiski
(Amerika)
Qadın və Sufizm


Fəridə Hacıyeva


Muxtar Qul Məhəmməd
(Qazaxıstan)
Dünyanı söz idarə edir


Güllü  Yoloğlu
Böyük insanın böyük məhəbbəti


Yuri  Sapojkov (Belorus)

«Ürəyin böyüdülmüş portreti»
2005-ci il belorus poeziyası haqqında qeydlər


Firudin Qurbansoy
Mikayıl Müşfiqin təncim portreti


Əhməd Qəşəmoğlu
İnsanın mahiyyəti və missiyası haqda


Vitali Popov
Yəhuda İskaryot - İsa Peyğəmbərin seçimi


Fayaz Çaqani
Postmodernizm


Sevil Gültən
Misə çevrilmiş qızıl
Paulo Kuelyonun «Kimyagər» romanının dilimizə tərcüməsi haqqında


Vaqif Əliyev
“Leyli və Məcnun” operası – 100
Səhnəmizin ilk Leylisi


Əsəd Cahangir
Mən kiməm...
Rejissor Elşən Zeynallının Xalq Şairi Fikrət Qocaya həsr olunmuş «Mən kiməm» sənədli-bədii filmi haqqında qeydlər


Etimad Başkeçid
Məşhurluq alın yazısıdır...


Fikrət Sadıq
Üçüncü kərə «qarşı» sözünə qarşı» və başqa dərdlər

II Yazı


Kamil Əfsəroğlu
Litva Yazıçılar
İttifaqında




Mahirə  Abdulla
Çəhrayı rəngin nağılı
Sona Vəliyevanın “Çəhrayı rəngli dünyam” şeirlər kitabı haqqında


Əsəd Cahangir
Ana bilgiyə varanlar
Mahirə Abdullanın «Qatmaqarışıq nizam» kitabı haqqında


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Əsəd Cahangir
Hardasa bir qu quşu var...


Şəfəq Əlibəyli
Leksikoqrafiyamiza yeni töhfə


Aydın Arpaçaylı
«İki damla göz yaşı»


Qəşəm Nəcəfzadə


Şəfəq Sahibli


Həyat Şəmi


Bəhram Fərmanzadə


Əzizə Ağahüseynqızı


Elmar Vüqarlı


Elsevər Məsim


Elmin Əfqan


Dayandur Sevgin


Fəzail İsmayılın


ANONS!


Əsəd Cahangir
Drama + tryuk



 

Bəsti Əlibəyli
Çağdaş tənqid və ədəbi proses:
2004-2007-ci illər


 

Çağdaş tənqid və ədəbi proses:
2004-2007-ci illər


Ədəbiyyat yalnız zövq məsələsi, bədii-estetik hadisə olmayıb, həm də ideoloji məsələdir. Çünki ictimai-siyasi sistem modelləri də, inqilablar, çevrilişlər və təkamül prosesləri də bir çox hallarda cəmiyyətə ədəbiyyatdan-mədəniyyətdən daşınıb və bədii-estetik idrak ictimai-siyasi idrakın ilkin bazası, hərəkətverici qüvvəsi rolunu oynayıb.
Bəs bədii-estetik idrakın - ədəbiyyatın hərəkətverici qüvvəsi nədir? Yəqin ki, iyirminci əsr avtoritar rejiminin tənqidə həvalə etdiyi ideoloji jandarm rolunu nəzərə alan müəyyən söz adamları hesab edirlər ki, ədəbiyyatın hərəkətverici qüvvəsi tənqiddir.
Fikrimcə, indiki müstəqillik, azadfikirlilik çağında hərəkətverici qüvvə ifadəsi çox gurultulu səslənir və inandırıcı görünmür. Müasir çağda tənqid elmi-metodoloji bazasından, yanaşma tərzindən, ədalət və vicdanından asılı olaraq ədəbiyyat üçün ya stimulyator, ya da aranı qarışdıran katalizator ola bilər.
Bəs o, bu iki funksiyadan hansını daşıyır? Ədəbi prosesə stimul verə bilirmi? Çağdaş tənqidin uğurları nədədir, problemləri hansılardır? Mən bu məsələlər üzərində qısaca da olsa dayanmaqla müəyyən bir panoram cızmağa çalışacağam.
Tənqidin bədii mətnə əvvəlki illərdəki fraqmentar, birtərəfli və lokal  yanaşması son dövrlərdə  nisbətən sistemli, prosessual yanaşma ilə əvəzlənməyə başlayıb. Bu cür fundamental, əhatəli baxış istər ayrı-ayrı yazarlara, istərsə də ədəbiyyatın müxtəlif problemlərinin tədqiqinə münasibətdə özünü göstərir. Nəticədə xeyli monoqrafiyalar, araşdırma kitabları ərsəyə gəlib ki, onlardan bir qisminin adlarını xatırlatmaq istəyirəm:  tənqidçi Vaqif Yusiflinin  Fikrət Qoca, Musa Yaqub, İltifat Saleh, Cavanşir Yusiflinin Əli Kərim, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Gülxani Pənahın Anar, Fikrət Qoca, Sona Xəyalın Qabil, Fikrət Qoca, Vaqif Səmədoğlu, Bəsti Əlibəylinin Əli İldırımoğlunun yaradıcılığından bəhs edən monoqrafiyaları, Sabir Bəşirovun «60-cı illər nəsrinin etik problemləri», Əsəd Cahangirin Xalq yazıçısı Anar və gənc nasir Günel Anarqızının konkret əsərləri ilə bağlı «Ağ saç-qara saç» kitabları, Təyyar Salamoğlunun «Azərbaycan romanının janr təkamülü-iyirminci əsrin 80-ci illəri» araşdırması elmi-nəzəri səviyyəsi, problemə bələdlik, peşəkarlıq baxımından diqqəti çəkir.  
İyirminci əsr  ədəbiyyatımızın müxtəlif simaları haqqında yazılmış məqalə, müsahibə və digər janrlı yazılardan ibarət toplular -  Aydın Xanın «Alternativ kulturoloji  düşüncələr»,  Südabə Ağabalayevanın «Tənha yolçu», Nərgiz Cabbarlının  «Yeni nəsil ədəbiyyatı» kitabları da son illərin ədəbi-tənqidi nəşrləri sırasındadır. 
Əlbəttə, təqdim olunan siyahı tam deyil və bir az axtarış aparıb istər praktik ədəbi tənqid, istərsə də ədəbiyyatşünaslıq məsələləriylə  bağlı çap olunan digər kitabları da bu sıraya əlavə etmək olardı. Lakin mən qeyri-səmimilik edib belə bir akademik siyahı təqdim etmədim. Sadəcə, bildiyim,  məğzi ilə tanış olduğum kitabların adını çəkdim.
Şübhəsiz ki, elmi-analitik baxımdan bu kitablardakı yazıların hamısı eyni səviyyədə deyil. Bunların arasında çağdaş dünya filoloji fikri ilə səsləşən, bədii mətnin dünya ədəbiyyatı kontekstində araşdırıldığı nümunələrlə yanaşı, mövzuya münasibətdə məhdud lokal çərçivədən kənara çıxmayan, konyuktura xarakteri daşıyan, yaxud təhlilin məqsədinin aydın olmadığı nümunələr də var.


*  *  *


Dövrün ədəbiyyatının  tipologiyası, fəlsəfə, poetika və problematikasının müəyyənləşdirilməsi, eyni zamanda, dünya ədəbi prosesi üçün səciyyəvi olan  axın və meyllərin milli ədəbiyyatda təzahürünün izlənməsində panoram səciyyəli ədəbi-tənqidi icmallar xüsusi əhəmiyyət daşıyır.  Təəssüf ki, ədəbi prosesə bu cür əhatəli baxış intensiv xarakter daşımır. Amma az da olsa, dəyərli nümunələrə rastlanır.
Mən ilk növbədə Xalq yazıçısı, tənqidçi-ədəbiyyatşünas Elçinin «Ədəbiyyatımızın Vaysman xəstəliyi» ( «525-ci qəzet» 4 mart 2006-cı il) adlı icmal məqaləsini qeyd etmək istərdim. Bu yazıda Elçin çağdaş ədəbiyyat və tənqidimizdə diqqəti çəkən nə varsa, hamısına aydın,ədalətli və əhatəli münasibət bildirməklə prosesin professional şərhini verib. Daha öncələrdə dərc olunmuş «Bizim ədəbi prosesdə bir Lümpençilik yaranıb…dəhşət budur» («525-ci qəzet»,6 mart 2003-cü il) və «Müasir dövrdə Azərbaycan ədəbi tənqidinin yaradıcılıq problemləri»(«525-ci qəzet, 26 noyabr 2002-ci il») adlı məqalə və söhbətlərini də xatırlasaq, görərik ki, Elçin tənqidin çağdaş ədəbi proseslə qarşılıqlı əlaqədə inkişaf dinamikasını daim diqqətdə saxlayır və bu diqqət onun həm bir ziyalı, həm də tənqidçi vicdanının təzahürü kimi ehtirama layiqdir.
Sırf ədəbi icmallara gəldikdə, öncə  tənqidçi Vaqif Yusiflinin «2004-cü ilin nəsri»(«Azərbaycan» jurnalı, 2006-cı il №2) və «Poeziya və zaman:2006-cı ilin poeziya mənzərəsi» («Azərbaycan» jurnalı, 2007-ci il №6) icmalları qeyd olunmalıdır. Vaqif Yusifli son 30-40 ilin ədəbi prosesinə dərin bələdlik, peşəkarlıq,  məhsuldarlıq və obyektivlik baxımından müasir tənqidimizdə özünəməxsus yeri olan bir tənqidçidir. Bu keyfiyyətləri onun  son illərin nəsr və poeziya  mənzərəsini yaradan  icmallarında da özünü aydın göstərir
Rahid Uluselin «Qloballaşma çağında tənqidi düşüncə mədəniyyəti» («Azərbaycan» jurnalı, 2004-cü il №5) adlı icmalı prosesin elmi-metodoloji şərhi baxımından qiymətlidir. Doğrudur, bu icmal  daha öncəki dövrü-2001-2002-ci illəri əhatə edir, bununla belə, orada göstərilən bir çox problemlərin davamı baxımından hazırkı prosesə də şamil oluna bilər.    
Müstəqillik dövrü ədəbi tənqidinin nümayəndəsi Əsəd Cahangirin    «Üç əsrimiz və nəsrimiz» və «Qloballaşma və millilik: dilemmadan çıxış yolu nədədir?»  adlı icmal və panoram səciyyəli yazıları da elmi-nəzəri hazırlığı və konseptual yanaşması ilə diqqəti çəkir.  Xatırlatmaq istərdim ki, Azərbaycan nəsrinin ümumi inkişaf yolunun xülasə şəklində şərhi fonunda yeni nəsil nasirlərin hekayələrindən bəhs edən  «Üç əsrimiz və nəsrimiz» icmal-məqaləsi Türkiyədə çıxan «Sular günəşə şərqi söylərkən» kitabına ön söz kimi yazılıb. Həmin yazı Gürcüstan və Özbəkistanda çıxan  ədəbi dərgilərdə də çap olunub. «Qloballaşma və millilik: dilemmadan çıxış yolu nədədir?» məqaləsi isə «Drujba narodov» jurnalının Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi sayına (2006-cı il №3) giriş kimi nəzərdə tutulub. Bu məqalədə  Azərbaycan şeirinin 1500, nəsrin isə bir neçə yüz illik tarixinə ümumi ekskurs fonunda çağdaş nəsr və poeziyanın  yığcam mənzərəsi canlandırılıb, Eyvaz Əlləzoğlu, Rəşad Məcid, Yaşar, Elçin Hüseynbəyli, İlqar Fəhmi, Elxan Zal Qaraxanlı, Qəşəm Nəcəfzadə, Murad Köhnəqala, Salam  kimi nasir və şairlərin yaradıcılığına konkret münasibət bildirilib. Bunu da qeyd etməliyəm ki, həmkarım Əsəd Cahangirin  adıçəkilən yazıları son illərdə Azərbaycan tənqidinin xarici ölkələrdə işıq üzü görən örnəkləri kimi təbrikə layiqdir.
Əsədin «Dəmirbaşlar» («Körpü» dərgisi və yeni redaktədə «525-ci qəzet»in 2007-ci il fevral-may sayları), «Başqaları və Aslan Quliyev»(«Azərbaycan»jurnalı №12) yazıları da icmal xarakterlidir. Hər iki yazıda çağdaş bədii təfəkkürdə müşahidə olunan özəl və özgə gəlişmələr,eksperimentçilik meylləri dünya fəlsəfi-estetik fikri miqaysında nəzərdən keçirilib.     
Ümumən baxdıqda, ədəbi icmallarda nəsrdən daha çox, poeziyadakı proseslərin diqqətdə saxlandığı məlum olur.  Tənqidçi Tehran Əlişanoğlunun «Azərbaycan şeirinə rezüme» («Tənqid.net», 2007-ci il №1 ), İradə Musayevanın «Şeirimizin bu günü, bu günümüzün şeiri» («Körpü», 2005-ci il №1), Nərgiz Cabbarlının  «Yeni nəsil poeziyası» («Azərbaycan», 2005-ci il ) icmalları da bu diqqətin təzahürüdür. Həmin yazılarda çağdaş şeirin ruhu, nəfəsi, bədii-estetik konsepsiyası və təmayülləri müxtəlif mövqelərdən şərh edilir.  


*  *  *


Mən  yuxarıda əsasən sistemli layihələri qeyd etdim.  Ümumi prosesin, ayrı-ayrı ədəbi faktların müxtəlif yönlərdən izlənməsində isə bu gün bilavasitə və birbaşa tənqiddə olan yazarların hər biri iştirak edib. Bu sırada bəzən  akademiya köşələrinə çəkilib tənqidi başsız qoymalarından haqsız giley etdiyimiz görkəmli ədəbiyyatşünas alimlərimiz -  Bəkir Nəbiyev, Nizami Cəfərov, Akif Hüseynov, Nizaməddin Şəmsizadə, Rahid Ulusel, Arif Əmrahoğlu, Kamal Abdulla da, praktik ədəbi tənqidlə məşğul olan Vaqif Yusifli, Rüstəm Kamal, Aydın Talıbzadə,  Cavanşir Yusifli, Əsəd Cahangir, Azər Turan, Telman Vəlixanlı, Aydın Xan, Bəsti Əlibəyli, Nərgiz Cabbarlı, İradə Musayeva, Südabə Ağabalayeva, Elnarə Akimova da, gəncliyin nümayəndələri Oqtay Hacımusalı, Maral Yaqubova, Qanturalı, Günay İsrafilova və başqaları da var. Adıçəkilən  yazarların  hər birinin xeyli sayda yazıları üzərində dayanmaq, üstünlük və məziyyətləri barədə danışmaq mümkündür. Ümumi səviyyə barədə isə qısaca bunu demək olar ki, bir neçə il öncə  özünüdərk mərhələsində olan  müstəqqilik dövrü ədəbi-tənqidi hazırda ədəbiyyatı dərk mərhələsinə keçməklə həqiqi missiyasını yerinə yetirməkdədir.    


*  *  *


Tənqidin ədəbiyyat və proses barəsində birtərəfli qaydada  hökm çıxarıb, diaqnoz qoymasında subyektivlik halları çox olduğundan birmənalı etimad qazanmır.  Deməli, yeni yanaşma üsulları gərəkir və  bu baxımdan zaman ədəbi söhbətləri, polemik masaları, virtual müzakirələri gündəmə çıxarır.
Bir əsrə yaxın fundamental ənənələrə malik olan  «Azərbaycan» jurnalı İsa Muğanna, Bəkir Nəbiyev, Seyran Səxavət, Vaqif Bayatlı Odər və digər tanınmış ədəbiyyat adamları ilə geniş spektrli söhbətlər  verməklə  ciddi  oxucu marağına müvəffəq olub. Qeyd olunan ədəbi icmalların da əksərən bu jurnalda işıq üzü görməsi sübut edir ki, «Azərbaycan»  yenə də ədəbi prosesin ağırlığını öz çiyinlərində daşımaqda davam edir.  
«Ulduz»  gənclik dərgisi isə digər variantdan – kollektiv söhbətdən istifadə edir.  Baş redaktor Elçin Hüseynbəyli də daxil  olmaqla yaradıcı kollektivin Çingiz Abdullayev, Vaqif Səmədoğlu, Zəlimxan Yaqub kimi tanınmış sənətkarlarla söhbətləri effektli olmaqla, yazıçı şəxsiyyəti və ədəbi həqiqətlərin müxtəlif yönlərdən açımına xidmət edir.
Prosesin işıqlandırılması və əhatə olunmasında cari ədəbi orqan kimi «Ədəbiyyat qəzeti»nin də payı var. Ədəbiyyat tariximizin açılmamış səhifələri ilə bağlı araşdırmalar,  görkəmli yazarlar haqqında təhlil və yubiley yazıları,  Anar, Kamal Abdulla, Sabir Rüstəmxanlı kimi nüfuzlu qələm sahibləri ilə  polemik masalar qəzetin fəaliyyətində təqdirəlayiq cəhətlərdəndir.  Bununla belə, fikrimcə, cari ədəbi orqan olduğu üçün qəzetin çağdaş ədəbi prosesə daha mütəhərrik və dinamik müdaxiləsinə  ehtiyac  duyulur.
AYB-nin son qurultayında spesifik ədəbi-tənqid dərgisi kimi təsis olunan «Körpü» bir neçə tənqidçi və yazıçının iştirakıyla  polemik masalar keçirir. Tənqidçi və baş redaktor Əsəd Cahangirin iştirakıyla   Məmməd Orucun, Elçin Hüseynbəylinin yaradıcılığının bu cür müzakirəyə cəlb olunması uğurlu alınmaqla, həm də   xeyli marağa səbəb olub.
Təqdirəlayiq haldır ki, ictimai-siyasi təmayüllü  bir sıra  mətbuat orqanları da cari ədəbi prosesə geniş yer ayırırlar. Bu sırada «525-ci qəzet», «Yeni Azərbaycan», «Azadlıq», «Ədalət», «Kredo»  qəzetləri daha öncül mövqe nümayiş etdirirlər. Bu da qeyd olunmalıdır ki, həm ədəbi-tənqidi materialların sayı, həm də sanbalı baxımından ən çox diqqəti çəkən  «525-ci qəzet»dir. Bu qəzet öz ədəbi-bədii platforması etibarilə istər ənənəyə, istərsə də yeniliyə münasibətdə ən optimal  variantı,  tolerant mövqeni, qızıl ortanı tuta bilir. 
Təsadüfi deyil ki, ədəbiyyat müstəvisində  polemik masa ənənəsi də ( Əkrəm Əylisli, Ramiz Rövşən və s.) «525-ci qəzet»lə bağlıdır.   
Virtual müzakirələr yönündə isə «YeniSi» sənət cərəyanı daha çox təcrübəyə malikdir. Qəzetlərdən isə   yenə də «525-ci qəzet» virtual tənqid yönündə ilk addım atanlardandır.  Ötən il bu qəzetdə Kamal Abdullanın «Sehrbazlar dərəsi» romanının virtual müzakirəsi keçirildi və böyük diqqətə səbəb oldu.  Elə bilirəm ki, internet əsrində yaşadığımızı və bu şəbəkədə böyük oxucu qrupu toplandığını nəzərə alaraq gələcəkdə ədəbi prosesə  virtual baxış formalarından geniş istifadə edilməlidir.
Son illərdə  nəsr, poeziya və dramaturgiyamız yeni əsərlər hesabına xeyli zənginləşib, müxtəlif nəsillərin təmsilçiləri ədəbi prosesdə fəal iştirak edirlər. Tənqid  bu prosesi bütün mahiyyət və istiqamətləriylə əhatə etməsə də, müəyyən səviyyədə işıqlandırmağa müvəffəq olub.
Bu sırada Xalq yazıçısı, sosial-mənəvi problemlər qaldıran məhsuldar romançı Sabir Əhmədlinin müstəqillik dönəmində qələmə aldığı «Kütlə», «Axirət sevdası», «Kef», «Ömür urası» romanları haqqında tənqidçi-ədəbiyyatşünas Fərhad Mədətovun orijinal yozum və maraqlı dəyərləndirmələrlə nəzəri çəkən «Sabir Əhmədlinin romanları» monoqrafiyasını qeyd etmək istərdim.
Xalq yazıçısı Anarın Azərbaycan və ümumtürk coğrafiyası masştabında taleyüklü problemlər qaldıran «Ağ qoç, qara qoç» əsəri də yetərli tədqiqata cəlb olunub. Roman haqqında çoxsaylı məqalələr yazılıb. Tənqidçi Əsəd Cahangirin «Platondan Anara qədər» adlı monoqrafik tədqiqatında isə əsər həm milli, həm də bəşəri ədəbi qaynaqlar kontekstində  təhlilini tapıb.
Xalq yazıçısı Əkrəm Əylislinin «Ətirşah Masan» roman-reportajı da istər professional ədəbi-tənqiddə doğurduğu rezonans, fərqli rəylər, istərsə də oxucu marağı baxımından bəxti gətirən əsərlərdən oldu. Xalq yazıçısı, tənqidçi-ədəbiyyatşünas Elçin, tanınmış nəsr tədqiqatçısı Akif Hüseynov və digər çoxsaylı müəlliflər romana ən müxtəlif yönlərdən öz münasibətlərini bildirən yazılarla çıxış etdilər.
Orta nəslin ən görkəmli nümayəndəsi, yaradıcılığının indiki mərhələsində daha çox romançı kimi məşhurlaşan Kamal Abdullanın «Yarımçıq əlyazma», «Sehrbazlar dərəsi» romanları da oxucu təəssüratları, ədəbi tənqid və akademik  səviyyədə tədqiq olunmuş əsərlərdəndir.  
Lakin peşəkar tənqid  prosesi yalnız işıqlandırmaq yox, əhatə və şərh etməyi, eyni zamanda, yönləndirməyi də bacarmalıdır.  Təəssüf ki, bu sahələrdə ciddi boşluqlar qalmaqdadır.
Biz çox zaman ədəbiyyatda hadisə yaranmamasından gileylənirik. Çağdaş ədəbiyyatda da öyünə biləcəyimiz böyük hadisələr hələlik müşahidə olunmur. Amma istisna da olsa,  fenomenlər, yaxud, ədəbiyyatımızın xarici ölkələrdə tanınması yönündə müəyyən uğurlar var. 
Mən ilk növbədə əsrimizin və nəsrimizin nəhəng yazıçısı İsa Muğanna fenomenini qeyd etmək istəyirəm. Məlum olduğu kimi, bu yazıçının 80-ci illərdən sonrakı yaradıcılığı  tamamilə fərqli istiqamətdədir. «İdeal» romanı ilə üzə çıxan və «Əbədiyyət», «Gur ünü», «Cəhənnəm», «İsa həq, Musa həq», «Qəbristan» əsərlərində öz apogeyinə yüksələn İsa Muğanna fenomeninin fəlsəfi, ideya-estetik kök və mahiyyətində nələr durur? Yazıçı hansı yaradıcılıq metoduna, hansı məntiqə, hansı genetik yaddaşa söykənir? Təəssüf ki, ədəbi-tənqid az qala otuz illik bir müddət ərzində milli bədii təfəkkürümüzdə misli olmayan bu fenomeni aça bilməyib.   
Rusiyada yaşayan ixtiyar yazıçımız Çingiz Hüseynovun dünyanın sonuncu peyğəmbəri həzrəti Məhəmmədin həyatından bəhs edən son romanı da Azərbaycan ədəbi-tənqidi tərəfindən sükutla qarşılandı. Halbuki, bu roman Rusiya mətbuatında çox geniş rezonansa, mübahisə və müzakirələrə, hətta qalmaqallara səbəb oldu.   
Xalq yazıçısı Elçinin «Bayraqdar» povesti qaldırdığı aktual, həlli vacib ictimai-siyasi və mənəvi-əxlaqi problemlər, yüksək sənətkarlıq məziyyətləri baxımından son illər nəsrimizin çox ciddi nümunələrindən biridir. Lakin  «Bayraqdar» müəyyən tədqiqatlara cəlb olunmasına baxmayaraq, fikrimcə, özünün lazımı analitik şərhini hələ də tapmayıb. Bəlkə bunun bir səbəbi də odur ki, tənqidin cəsarəti hələ ki ədəbiyyatın cəsarətindən  geridə qalır.
Ümumən, son bir neçə ildə ədəbi-tənqidin diqqətinə layiq olan daha bir sıra faktlar meydana çıxıb:
- 2006-cı ildə üçüncü Beynəlxalq «Kitab sənəti» müsabiqəsində şair Çingiz Əlioğlunun «Atlantlar» kitabı «Qəribə, maraqlı taleli kitablar» nominasiyası üzrə birinci yerə layiq görülüb; 
- magik realizm kimi nəhəng bir təmayülün beşiyi olan Latın Amerikasında - Kolumbiyada dərc olunan şeir antologiyasında Ramiz Rövşənin «İlan balası» şeiri kitabın  üz qabığına çıxarılıb.;Bu böyük sənətkarın şeir, nəsr yaradıcılığı və esseistikasının bir qismini əhatə edən «Nəfəs» kitabı isə Azərbaycan oxucusu üçün böyük bir sürpriz oldu;
- özünəməxsus bütöv bədii-estetik  konsepsiyası olan Vaqif Bayatlı Odər son yaradıcılıq nümunələrində bu konsepsiyanı üzü səmaya doğru genişləndirib;
- daha çox şair kimi tanıdığımız Sabir Rüstəmxanlı indi «Göy Tanrı», «Ölüm zirvəsi» kimi tarixi mövzulu romanları ilə meydana çıxıb;
- görkəmli nasir Afaq Məsudun yaradıcılığı Frans Kafkanın vətəni Avstriyada maraqla  qarşılanıb və tədqiqata cəlb edilib;
- orta nəsil poeziyamızın nəcabətini simvolizə edən Vaqif Bəhmənlinin üç cildlik əsərləri çap olunub. 
 - istedadlı nasir və dramaturq Elçin Hüseynbəyli qısa bir zaman ərzində beş roman, ondan çox pyes qələmə alıb.
- ədəbi ictimaiyyətdə xeyli gec tanınsa da, ilk yaradıcılıq nümunələrindən orijinal  istedadını təsdiq edən və unikal satirik hekayələri ilə satirik nəsrimizin yeni nəfəslə dirçəlişinə ümidlər oyadan Tural Anaroğlunun ilk kitabı işığa çıxıb. 
-  şair Elxan Zal Qaraxanlı özünün «Savaş ayələri» kitabında toplanan, əski dil və özəl tematikası ilə səciyələnən türkçü şeirləri ilə Azərbaycan poeziyasında analoqu olmayan tamamilə yeni bir cığır açıb;   
- şair Qəşəm Nəcəfzadə Hollandiyada keçirilən beynəlxalq poeziya festivalına dəvət alıb;
Ümümən əhatə etsək, nəsrimizin Vaqif Nəsib, Məmməd Oruc, Azər Abdulla, Sara Nəzirova, Saday Budaqlı, Rafiq Tağı, Eyvaz Əlləzoğlu, Nəriman Əbdülrəhmanlı, Əlabbas,  Yaşar, Rəşad Məcid, Aslan Quliyev, Mübariz Cəfərli, Günel Anarqızı, Fəxri Uğurlu, Məqsəd Nur, İlqar Fəhmi, poeziyamızın Firuzə Məmmədli, Tofiq Abdin, Adil Şirin, Ramiz Qusarçaylı, Ağacəfər Həsənli, Ədalət Əsgəroğlu, Əlisəmid Kür, Nisəbəyim, Məlahət Yusifqızı, Fərqanə Mehdi,  Əlizadə Nuri, İlham Qəhrəman,  Sərvaz Hüseynoğlu, Salam, Etimad Başkeçid,  Qulu Ağsəs, Aqşin… kimi müxtəlif nəsildən olan nümayəndələri yeni kitabları, müxtəlif mətbuat orqanlarında çap olunmuş əsərləri ilə son illərin ədəbi prosesində fəal iştirak ediblər.
- Ədəbi-tənqid bu faktların əksərinə öz münasibətini ifadə edib. Bu münasibətin elmi dəyəri və ədalət ölçüsü isə artıq tamamilə başqa söhbətin mövzusudur.  Və tənqidin əsas işi də  məhz bu «başqa söhbət»dir.    
Son illərdə səngimiş poema  janrının «ikinci nəfəs»i açılıb: Xalq şairi Fikrət Qocanın «Şəhidlər xiyabanı», «Azadlıq», Musa Yaqubun «Dünyanın lələ dərdi», Ələkbər Salahzadənin «Xocalı xəcilləri», Ramiz Rövşənin «Canavar ovu», Əsəd Cahangirin «O Adam», Ədalət Əsgəroğlunun «Dərdimizin qan rəngi» poemaları janrın gələcək taleyi barədə nikbin fikirlər doğurur. Bəs sovet dövrü ilə müqayisədə müstəqillik dövrü poeması arasında hansı keyfiyyət fərqləri, ideya-estetik dəyişikliklər baş verir? Mənzum roman hesab olunan  poema çağdaş insanın mənəvi-əxlaqi dünyasındakı dəyişmə və yeniləşmələrlə, bədii təfəkkürdə gedən inkişafla səsləşə bilirmi? Məncə, ədəbi-tənqid bu sualların da cavabını hələ verməyib.    Və bütün bunlar hərtərəfli, ədalətli təhlilini gözləyir.


*  *  *


Getdikcə dünyaya daha sıx inteqrasiya olunan müasir ədəbi prosesləri tənqidin klassik  metodologiyası və  mətnə yanaşma prinsipləri ilə əhatəli şərh etmək çətindir. Əsas məqsədi milliyyətsizləşdirmə olan və milli mədəniyyətlərin başı üzərində Domokl qılıncı kimi dayanan  qloballaşma təhlükəsini də nəzərə alsaq, demək olar ki, Azərbaycan tənqidinin milli ideologiya və strategiyasının işlənib hazırlanması təxirəsalınmaz  vəzifələrdən biri kimi qarşıda durur.  Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tənqidçi-ədəbiyyatşünas Nizami Cəfərov bu istiqamətdə ardıcıl və sistemli fəaliyyət göstərən alimlərimizdəndir. Onun  müxtəlif illərdə qələmə aldığı «Kitabi-Dədə Qorqudla İslama keçidin poetikası», «Genezisdən tipologiyaya», «Qədim türk ədəbiyyatı», «Dilin etnik yaddaşı» kimi fundamental əsərləri milli ədəbiyyatşünaslığa böyük töhfədir. 2004-cü ildə nəşr olunan «Klassiklərdən müasirlərə» kitabında toplanmış bir çox məqalələr  isə həmin araşdırmaların davamı olmaqla daha konseptual əhəmiyyət kəsb edir. Azərbaycan ədəbiyyatının tarixi, mənşəyi, predmeti, dövrləri, intibahı, qədim türk epos mədəniyyətindən yazılı ədəbiyyata keçid mərhələsi, bədii, dini-estetik, ideya-fəlsəfi istiqamətlərinin milli və ümumşərq  mədəniyyəti kontekstində şərhi verilən bu kitab çağdaş milli tənqidin manifestasiyasını müəyyənləşdirməklə, həm ona, həm də ədəbiyyatımıza yön verərək başsız atlı durumundan xilas edə bilən ədəbi strategiya örnəyi kimi çox böyük dəyərə malikdir.   
Dünya ədəbiyyatşünaslığı və elmi-nəzəri fikrindən məlumatsızlıq da çağdaş ədəbi tənqidin  kəsiri kimi  qabarıq hiss olunmaqdadır və bu çatışmazlıq nüfuzlu qələm sahibləri tərəfindən  dönə-dönə qeyd olunub.Son dövrdə bu boşluğun doldurulması yönündə də ciddi işlər görülür. Mən ilk növbədə Bakı Slavyan Universiteti Tərcümə Problemləri Mərkəzinin «Filoloqun kitabxanası» seriyasından tərcümə və çap etdirdiyi bir neçə kitabın adını çəkmək istərdim. Bunlar görkəmli  alim Məmməd Qocayevin tərcüməsində M. Baxtinin «Dostoyevki poetikasının problemləri», Aydın Talıbzadənin tərcüməsində Y. E. Qolosovkerin «Mifin məntiqi» və N.Xomskinin «Dil və təfəkkür» kitablarıdır.
Slavyan Universiteti Tərcümə Problemləri Mərkəzində professional mütərcimlər tərəfindən çevrilmiş adıçəkilən əsərlər  hər bir tənqidçinin stolüstü kitabı ola bilər.Ümid edirik  ki, Mərkəz gələcəkdə ümumdünya filoloji fikrindən yeni qiymətli tərcümələr etməklə ədəbi tənqidin elmi-metodoloji bazasını daha da möhkəmləndirəcək.
Təqdirəlayiq haldır ki, ayrı-ayrı gənc yazarlarımız da məlum kəsiri aradan qaldırmaq üçün təşəbbüs  göstərmişlər. Məsələn,  şair-tərcüməçi Səlim Babullaoğlunun baş redaktoru olduğu «Dünya ədəbiyyatı» dərgisinin xəttiylə çıxan çağdaş gürcü və özbək ədəbiyyatından seçmələr kitabında bu ölkələrin avanqard  tənqidindən çevirmələr verilib. Sözügedən ölkələrin ədəbiyyatlarındakı proseslərin əsas istiqamətlərini əks etdirən bu nümunələr uzun müddət postsovet məkanında  eyni ideoloji sistemdə yaşamış  ölkələrdəki analoji prosesləri müqayisə baxımından xeyli material verir.
Bu sırada Əsəd Cahangirin Leonid Andreyev, İrina Adelgeym, Şota İotaşvili,  Aleksandr Dugin, İlya İlin, Cozef Kerrol, İlqar Fəhminin Sergey Kornev, Dmitri Zatonski kimi tanınmış tənqidçilərdən etdiyi tərcümələr də qeyd edilməlidir.  Təəssüf ki, son tərcümələrin əksəri postmodernizmlə bağlıdır və  daha fundamental təmayüllər diqqətdən kənarda qalıb. Bununla belə, onlar son illər ədəbiyyatımızı başına götürmüş postmodernizm  hərcmərcliyinə, xaosa müəyyən bir aydınlıq gətirməsi ilə diqqəti çəkir.
Amma biz nə qədər Avropa elmi-nəzəri fikri ilə inteqrasiyaya cəhd etsək də, unutmamalıyıq ki, Azərbaycan ədəbiyyatı əsas kökləriylə ümumşərq mədəniyyəti və bədii-estetik fikri üzərində formalaşıb. Regionlaşma dövründən sonra bu ənənələrin bir qismi  qırılıb. On yeddinci əsrə qədər Azərbaycan ədəbiyyatının, xüsusən poeziyanın nəhəng bir qolunu təşkil edən təsəvvüf şeiri də qırılmış ənənələrin badına gedərək tənəzzülə uğrayıb. Yazıçı-tərcüməçi Afaq Məsudun «Xəzər» jurnalında sufi fikir tarixinin görkəmli nümayəndələrindən etdiyi tərcümələr bu qırılmış ənənələrin bərpasına yeni təkan verə bilməsi baxımından çox əhəmiyyətlidir.  
«Ədəbiyyatımızın Vaysman xəstəliyi» məqaləsində Elçin tənqidin qüsurlarından danışarkən yazır: «Bizim ədəbi prosesimizin və ilk növbədə tənqidimizin qüsurlarından biri ziyalılığın çatışmazlığıdır».
Təəssüf ki,  həmin vəziyyət bu gün də davam etməkdədir.  Və mən bu fikrə çağdaş tənqiddəki rəhmsizlik, ədalətsizlik,  qeyri-əxlaqi yanaşma hallarını da əlavə edərdim.  Bəzən belə faktlar baş verir ki, tənqid ədəbiyyat tarixində danılmaz yeri olan qələm sahiblərinin, yaxud, çağdaş ədəbiyyatın istedadlı nümayəndələrinin üzərinə yenilik adı altında qərəzli  hücumlar edir, ziyalı etikası, mizan-tərəzi bilmərrə unudulur. Təhlil zamanı subyektə şəxsi münasibət yaradıcılığa  obyektiv münasibəti önləyir. Bu yolverilməz və bağışlanmazdır. Bu tənqidçi əxlaqına, tənqidçi şəxsiyyətinə, ən başlıcası, professional tənqid prinsiplərinə ziddir.
Hesab edirəm ki, tənqidin oxucu ilə yazıçı arasında körpü yaratmaq, ədəbiyyatı tanıtmaq vəzifələriylə yanaşı, bir vəzifəsi də xeyirxahlıqdır. Yəni, tənqid dağıdıcı yox, qurucu tənqid olmalıdır. Doğrudur,  tənqidçi yazıçının əvəzinə əsər yaza bilməz.  Amma tənqid, öndə qeyd etdiyim kimi, stimulyator ola bilər. Yəni, tənqidçi  sağlam, obyektiv və etik təhlilləri ilə yazıçını yetişdirə, cilalaya bilər. Təəssüf ki, bu gün Aydın Məmmədov, Nadir Cabbarlı, Yaşar Qarayev kimi həm özü  işıqlı, həm də  ədəbiyyatı və yazıçını işıqlı səmtə yönəldən, dəyərli məsləhətləri ilə yaradıcılıq  impulsları verən tənqidçi axtaranda  əksərən köks ötürməli oluruq. 
Və təəssüf ki, çağdaş Azərbaycan tənqidinin  ədəbiyyatı yönləndirməsi faktlarını axtararkən yalnız postmodernizmə yoluxma yada düşür. Gəlin görək,  nədir bu postmodernizm?
 «Mədəniyyət və ədəbiyyatın bütün üslub və imkanlarının sinkretik qarışığı» və qeyri-ənənəvi mədəniyyət kimi səciyyələndirilən postmodernizm  əslində, nihilizmin ən ifrat forması olmaqla özündən əvvəlki bütün ədəbi ierarxiyaları dağıdan destruktiv  bir cərəyandır.  Görkəmli rus tənqidçisi Sergey Kornevin sözləri ilə desək, «postmodern nihilizm tamamilə əks-mədəniyyət hadisəsidir. O, ilk növbədə Avropa mədəniyyətinə-onun  rasionalizminə, sivil pafosuna qarşıdır».
Mənşəyini Qərbdən götürən, Qasset, Derrida fəlsəfəsindən qaynaqlanan postmodernizm yarım əsrlik tarixi ərzində dünya ədəbiyyatına bir şey verməyib. Əksinə, Avropanın bütöv bir epoxa ərzində formalaşmış mədəni-estetik strukturunu parçalayıb. Sual oluna bilər; bəs Umberto Eko, bəs Orxan Pamuk, bəs Patrik Züskind və postmodernizmin uğuru sayılan digər  örnəklər?  Mən hesab edirəm ki, bu yazıçıların postmodernizmə aid edilən əsərləri- nə «Qızılgülün adı», nə «Qara kitab», nə də «Əttar» postmodernizmin uğuru olmayıb, müəlliflərinin  istedadının, böyüklüyünün uğurudur.
Təəssüf ki, çağdaş Azərbaycan tənqidi ədəbiyyatımızı milliyyətsiz ölkələrin məhsulu olan və indiyəqədərki mədəniyyəti dağıdaraq onu postmədəniyyətə çevirməyi hədəfləyən  bu destruktiv cərəyana sözün əsil  mənasında yoluxdurdu. Və at öldü, itlər bayram etməyə başladı. Bu gün ölkədə əli qələm tutan, lakin sözün yerini, çəkisini bilməyən hər kəs qabiliyyətsizliyini postmodernizm pərdəsi altında gizlədir və irad bildirəni də anlamaz, köhnə təfəkkürlü adlandırır.
İndi sual olunur;  Qərbin tullantısı olan  belə bir xaotik  təmayülü cidd-cəhdlə milli ədəbiyyatımıza müncər etməyə dəyərdimi? Və bu  tənqidin qələbəsidir, ya məğlubiyyəti? Deyərdim ki, məğlubiyyətidir və «ithürənlə işıqgələn» tərəfi düzgün tərcih edə bilməməsidir.
Bəlkə də bu məsələyə münasibətdə daha emosiyasız və təmkinli mövqe bildirmək olardı. Ona görə ki, zəngin ədəbi ənənələrə və onu qorumaq gücünə  malik olan Rusiya kimi nəhəng bir ölkə postmodernizmdən yan keçə bilmirsə, zaman-zaman kənar ədəbi təsirlərə məruz qalan Azərbaycanın da bundan yan keçməsi çətindir. Digər tərəfdən, postmodernizm ən azından yeni yaradıcılıq  axtarışları kimi məqbul  sayıla bilər.  Lakin problem budur ki, çağdaş ədəbiyyatın postmodernizm girdabına yuvarlanması kütləvi xarakter alır.
30-cu illərin repressiya tufanında böyük şairimiz Səməd Vurğunun Mikayıl Müşfiqə xitabən yazdığı şeirdə belə misralar vardı:
«Baxıram Leninin kitablarına
Dəstədən geriyə qalmamaq üçün».
İndi mən baxıram ki, hətta bizim böyük sənətkarlar, məsələn, Azərbaycan neoromantizminin banisi hesab olunan çox istedadlı bir yazıçı da ümumi postmodernizm hay-küyünə uyaraq yazdığı son əsərdə öz estetik prinsiplərinin ziddinə gedir. Postmodern görünmək üçün əfsunlu dilinə xəyanət edir, əsərinə qarmaqarışıq elementlər gətirir. Və bundan böyük ədəbiyyat uduzur.
Eləcə də yeni nəslin bəzi istedadlı yazarlarını müşahidə edəndə görürsən ki, bunun təbii stixiyası tamam başqadır və öz yolu ilə gedərsə daha  çox uğur qazana bilər. Amma  hay-küy onu da yolundan azdırır.
Bununla belə, mən son yarım əsrlik  dünya ədəbiyyatında pis, ya yaxşı təzahürünü tapmış bir cərəyanı tamamilə inkar etmək niyyətində deyiləm. «Hər şərin mahiyyətində bir xeyir, hər xeyirin də mahiyyətində bir şər var» hikmətiylə yanaşsaq olsun ki, Azərbaycan ədəbiyyatı da sıradan geri qalmamaq üçün bu prosesi keçməlidir. Amma necə? Məsələ də elə bundadır.
Yaxınlarda istedadlı televiziya rejissoru Ramiz Həsənoğlu ilə söhbət edərkən Azərbaycanın Qərb mədəniyyətinə necə inteqrasiya olunması barədə fikrini soruşdum. Ramiz müəllim dedi ki, «biz Qərb mədəniyyətinə çox hallarda onun kanalizasiyasından qoşuluruq və bu məni çox qorxudur». Nə yazıq ki, Azərbaycansayağı postmodernizm də Qərb postmodernizminə onun kanalizasiyasından qoşulub. Hər halda, ortada olan örnəklərin əksəri belə bədbin düşünməyə əsas verir.     


*  *  *


İndi də tənqidin metodoloji və digər problemləri barədə.
Tənqid o zaman  ciddi əhəmiyyət kəsb edir ki, onun bədii mətni nəzəri-estetik dərki mətnin səviyyəsinə ekvivalent  olsun. Bu cür ekvivalentlik isə  metodoloji prinsiplərin və mətnə yanaşma tərzinin düzgün müəyyənləşdirilməsindən  çox asılıdır. Bəzi yazarların timsalında bu proporsiya gözlənsə də, ümumilikdə çağdaş tənqiddə müxtəlif metodologiyaların, eləcə də sosioloji, strukturoloji, estetik və ya linqvistik tənqid növlərinin   bir-birinə qarışdırılması daha çox müşahidə olunur. Nəticədə tənqidin məqsəd və xarakteri də mücərrədləşir ki, bu vəziyyətdə tənqidçi dənizə baş vuran, amma nə axtardığını bilməyən dalğıca bənzəyir. Bu cür xaotik və səmərəsiz yanaşma  bəzən tənqidçinin  özünü biləndər göstərmək istəyindən, əksər hallarda isə bilgisizliyindən qaynaqlanır.
Digər problemi isə tənqid janrlarına doqmatik sovetoloji ənənələr şərtləndirir. Bu ənənələrə görə, ədəbi tənqid resenziya, ədəbi portret, analitik məqalə, icmal kimi bir neçə janrla məhdudlaşır. Halbuki, ədəbiyyatı predmet olaraq götürən və onun problemlərinin konseptual çözümünə, milli- bəşəri axınlar zəminində şərh və təhlilinə xidmət edən  hər bir yazı formasından,  şəklindən asılı olmayaraq ədəbi tənqid funksiyasını yerinə yetirir.  Və bu sıraya epistolyar məktub da, esse də, ədəbi oçerk də, ədəbi dialoq və  müsahibə də daxildir. Dünya tənqidi bu janrların hamısından mütəmadi yararlandığı halda, bizdə hələ də yenilikləri «burunlamaq» meyli güclüdür. Bu səbəbdən çağdaş tənqidin  metodologiyalarını, janr təsnifatını müəyyənləşdirən  və ədəbi ictimaiyyətə aşılayan elmi-nəzəri vəsaitlərə ciddi ehtiyac duyulur.
Belə vəsaitlərdən biri filoloji elmlər doktoru Vaqif Sultanlının 2007-ci ildə nəşr olunmuş «Çağdaş tənqidin tədrisi məsələləri» kitabıdır.  Tənqidin doqmatik, impressionist, tarixi-obyektiv metodları, əski və yeni  janrları, eləcə də digər problemləri  aydın, elmi-məntiqi dəlillərlə şərh olunan bu kitab sözügedən məsələlərə aid suallarla üzləşən tənqidçi üçün dəyərli bir mənbədir.  
Tənqidin bir başqa problemi təmayülləşməməsidir. Dünya tənqidində təmayülləşmə artıq çoxdan mövcuddur.  Bizim ədəbiyyatşünaslığımızda da bu təcrübədən istifadə olunur və ədəbiyyatın konkret bir problemini, yaxud, konkret bir yazıçını öyrənən nizamişünas, füzulişünas, nəsimişünas alimlərimiz  elmə ümumi, universal araşdırmalardan daha fundamental xidmət göstərirlər. Bu səbəbdən çağdaş  ədəbi tənqiddə də poeziya, nəsr, dramaturgiya sahələri üzrə təmayülləşmə, ixtisaslaşma zəruridir və nəsr tədqiqatçısı Akif Hüseynovun timsalında bunun nə qədər faydalı olduğu  aydın görünür.  


*  *  *


 Çağdaş tənqidin ciddi iç problemləri də mövcuddur və bunlardan birincisi meyarsızlıqdır. Bəzən tənqidçi prosesin dinamikasına təsir göstərib onu  öz ardınca aparan bilən ədəbi faktları, istedadı, məhsuldarlığı ilə seçilən yazarları  görməzliyə vuraraq  şəxsi və digər münasibətlər səbəbindən subyektiv seçimə üstünlük verir. Deyək ki, heç bir üstün ədəbi məziyyəti ilə fərqlənməyən adi bir yazar böyük təhlil yazılarının qəhrəmanına çevrilir. Həqiqi istedad isə  bu cür ədalətsizlikdən  küsüb bədbinləşir.
Fikrimcə, AYB dərgilərinin və ədəbiyyata intensiv yer ayıran digər mətbuat orqanlarının vaxtaşırı monitorinqinin keçirilməsi, respondentlərə günün ədəbi prosesi, seçilən əsərlər və yazarlar barədə suallar ünvanlayıb  gerçək ədəbi faktların müəyyənləşdirilməsi yolu ilə tənqidçini fakt qarşısında qoymaq və ədalətsizliyi xeyli aradan qaldırmaq olar.
Ümumən götürdükdə, Azərbaycan tənqidi orta əsrlərdən üzübəri bütün təşəkkül tarixi ərzində heç vaxt indiki qədər yazıçı ilə tənqidçi arasında  işbaz münasibətlər səviyyəsinə enməyib. Aydındır ki, bu vəziyyətin böyük səbəbi iqtisadi durumla bağlıdır və tənqidçinin onu dəyərləndirmək imkanları olan yazıçıdan yazmasında böyük qəbahət yoxdur. Bir şərtlə ki, o yazıçı həqiqətən yazıçı olsun və tənqidçi onun yaradıcılığını tədqiq edərkən uydurmalara, ədalətsiz müqayisələrə yol verməsin.  Məsələn, Füzulinin nə qədər nəhəng olduğunu yaxşı bilən və onun sənətkarlığından monoqrafiya yazan  möhtərəm bir təfəkkür adamının adi bir yazarı mədh edərkən Füzuli kimi dahiylə müqayisə etməsi heç bir halda ona nüfuz gətirmir. Təəssüf ki, belə təhlükəli meyllər yaranmaqda və ümumi tənqidin simasızlaşması haqqında yanlış təsəvvür formalaşmaqdadır.
Müasir rus tənqidçilərindən biri tənqiddə baş verən tənəzzülü təfəkkürün intiharı kimi dəyərləndirib. Mən hesab edirəm ki, tənqidçi vicdanının intiharı təfəkkürün intiharından daha təhlükəlidir. Çünki  heç bir meyara etina etməyən, vicdansız və ədalətsiz tənqidçi təfəkkürü ədəbiyyatı susuz, bəhrəsiz səhralığa apara bilər.  
Ötəri də olsa, tez-tez rastlanan iki mənfi meyli də qeyd etmək istərdim. Bu meyllərdən birincisi mətnə sədaqətsizlikdir. Yəni, tənqidçi real mətndən yox,  özünün şəxsi fantaziyalarından çıxış edərək oxucunu azdırır və  yazıçı ilə oxucu arasında körpü yaratmaq funksiyasından daha çox, o körpünü yandıran təxribatçı funksiyasını yerinə yetirir.
Daha bir bağışlanmaz hal ədəbi fakta münasibətdə tənqidin dövlət ittihamçısı, prokuror qismində çıxış etməsidir. Halbuki, tənqid ədəbiyyatın vəkili, müdafiəçisi, sipəri olmalıdır.
Bir şərtlə ki, tənqidin özünün də müəyyən müdafiə sipəri  olsun. Reallıq isə budur ki, ədəbiyyatın keşiyini çəkməli olan tənqidin özü  tam müdafiəsiz vəziyyətdədir.Tənqidçi yuxusuz gecələr, aramsız mütaliə, səhhətini itirmək, maddi məhrumiyyətlər bahasına Sözü qoruyur. Bəs tənqidçinin şəxsiyyətini, hüquqlarını kim qoruyur? Mətbuat haqqında qanunlarmı, məhkəməmi, ayrı-ayrı vicdanlı qələm sahiblərimi?! Təəssüf ki, böyük əksəriyyət artıq öz vicdanının da səsinə  qulaq asmır.  Nəticədə cəmiyyətdən, ədəbi mühitdən müdafiə görməyən  tənqidçidə  şərdən, nalayiq iftiralardan, qoluzorlulardan, cibizorlulardan, qrup, şəbəkə hücumundan  özünümüdafiə  hissi baş qaldırır və o çox zaman  deyə biləcəklərindən daha çox deyə bildiklərini deyir. Bundan isə yenə də ədəbiyyat uduzur. Bəs  nə etməli?