|
Çağdaş ədəbi reallıqlar və oxucu həqiqətləri
SOS!!! SOS!!! SOS-ka!!!
Bu gün Azərbaycan ədəbiyyatında sağlam polemikalar yox, ifrat intriqalarla müşaiyət olunan proseslər çiçəklənir və bu, hələ nə qədər davam edəcək, onu bir Allah bilir. Bəzi analitiklər İnternetin məişətimizə daxil olmasını faciə və ədəbi-bədii sənayenin arxa plana sıxışdırılması kimi qəbul edirlər. Bizcə, vəziyyətə fərqli rakursdan baxmaq daha məqsədəuyğundur. Çünki İnternet saytları daha çox informasiya qaynağı kimi faydalıdır. Onun bədii filmlərdəki kimi görüntülər yaratmaq imkanı olmadığı üçün insan psixikasına zəruri təsir etmək şansından məhrumdu. Odur ki, ictimai-siyasi, sosial-məişət kataklizmlərinin meydan suladığı, bayağı həqiqətlərin vüsət aldığı, mənəvi resursların tükəndiyi indiki vaxtda bədii sözün üzərinə həmişəkindən daha ağır, daha böyük yük düşür. Şair demişkən, nə qədər həyat var, şeir də vardır… Bəs mövcud söz mənsubları bu yükü layiqincə daşıya bilirmi? Bütün məsuliyyətilə deməliyik ki, onlar bu vəzifənin öhdəsindən gəlmək iqtidarından hələ ki, uzaqdırlar. Ədəbi təsərrüfatımızın nəsr, dramaturgiya və ədəbiyyatşünaslıq sahələrini hələ ki yeknəsəq, bozumtul sərhalarla müqayisə etmək olar. Bu səhralar, şəksiz, yalnız böyük intizarla gözlədiyimiz sanballı əsərlərlə göyərə bilər. Söz cəmiyyət üçün kompasdı və yazıçının düz sözə hava-su kimi tələbatı olanları mənəviyyatsızlığın boğucu aurasında yalqız qoymağa mənəvi haqqı yoxdur. Amma bu, heç də o demək deyil ki, əli başına çatan ədəbi boşluğu doldurmaq uğrunda marafona qoşulmalıdır. Bu gün ciddi ədəbiyyatın həsrətində olan tələbkar və həssas oxucunu bir məsələ düşündürür: nə üçün çağdaş Azərbaycan ədəbiyyatında çoxdandır ki, “ədəbi hadisə” baş vermir? Əvəzində ədəbiyyata heç bir aidiyyatı olmayan bəsit yazılar, kitablar yaz göbələyi kimi bir ucdan artır. O yazıların müəllifləri ən adi ədəbi dil prosedurlarını yaxşı bilmədikləri halda, hekayə, poema, povest və hətta roman “ixrac” edirlər. Belə məqamda həmin müəlliflərdən daha çox, onların təsirinə düşmüş bəzi zavallı oxuculara, küll halında götürdükdə isə, vəzifəsi insan psixikasında pozitiv dəyişikliklər yaratmaq olan əlahəzrət Ədəbiyyata adamın yazığı gəlir.
Əlin cibində olsun
İndi cəmiyyətdə belə bir fikir mövcuddur ki, “ədəbi tənqid” kommersiyalaşmış nəsnəyə çevrilib. Tənqidçilər sovet dönəmi ədəbi tənqidinin daha ifrat davamı olaraq sırf sifarişlə işləyirlər. Hüseynbala mirələmovlar, famil süleymanovlar, əli şimşəklər... daha yüzlərlə kimlər, kimlərsə hansı tənqidçini istəsələr, “geniş diapazonlu” yaradıcılıqları haqqında danışmaq zorunda qoyurlar. Əlbəttə, bunun hansı vasitələrlə həyata keçirildiyini hamı gözəl bilir. Naşirlər və media orqanları da bu yolun yolçusudurlar. Nə istəsən, cızmaqa-ra edib çapa verə bilərsən, təki əlin cibində olsun! Onlar özləri kimi cılız təfəkkürlü oxucu kütləsi formalaşdırmağa çalışsalar da, xoşbəxtlikdən həmin “qısametrajlı” nəşrlər ən yaxşı halda şor bükmək, tualetdə nəsə silmək üçün lazım olur. Sözsüz, bir qism oxucu kütləsi var ki, nə insan faktoru, nə bəşəri problemlər, nə də milli-mənəvi dəyər və təbaddülatlar barədə düşünməyə ya qabil deyil, ya da bütün bunlar barədə düşünmək istəmirlər. Belələri ancaq bayağı məişət intriqaları və intim fantaziyalar fonunda təsvir edilən vulqar səhnələrlə əylənməyi sevirlər. Bəziləri fikirləşir ki, bu gerçəkliklərdən elə də narahat olmağa dəyməz, zaman hər şeyi nehrə kimi çalxalayıb yerbəyer edəcək. Sual doğur: madam ki, zaman hər şeyi yerbəyer edəcək, onda dövlət səviyyəli, ictimai məzmunlu bu qədər çabalar, xərclənən bunca vəsait kimə və nəyə lazımdır? Gənc nəslin durumu daha acınacaqlıdır. Onlar qafalarını qidalandırmaq üçün keyfiyyətli “məhsul” araya bilmədiklərindən oradakı boşluğu zay məhsulla doldurmaq zorundadırlar. Sabah bunun simptomları həmin nəsildən törəyən nəslə daha ifrat şəkildə yoluxacaq. Faciə bundadır ki, gənc nəsil indi incəsənətin bütün sahələrində, xüsusilə, musiqidə analoji məqamla “tet-a-tet” qalıb. Gözünü açandan diringi musiqidən savayı heç bir şey görməyən uşaq, şəksiz, elə diringi məhsullarla da “qidalanacaq”. Təbii ki, ədəbiyyatda, teatr səhnələrində, rəssamlıqda və sair sahələrdə də durum ürəkaçan deyil. Bir çox hallarda elə rəsm sərgiləri keçirilir ki, orda nümayiş etdiri-lən eksponatlar arasında əcaib, anlaşılmaz “yaxmac”lardan başqa heç bir şey görmürsən. Bütün bunlar sağlam təfəkkürə yox, yabançı dəblərə söykəkdir. Qeyd edək ki, həmin təmayüllərdən çox-çox yüksəkdə dayanan işıqlı insanlar da var. Ancaq nə yazıqlar, onlar sayca o qədər az və elə səlahiyyətsizdir ki, əllərindən bu girdaba yuvarlanan minlərlə insanı qəm-qüssə içində seyr etməkdən savayı heç nə gəlmir.
Demokratiya, yoxsa anarxiya?!
Bəs Qiyamət gününün gerçəkləşməsinə doğru aparan bu streotiplərdən necə xilas olmalı? Bir çoxları başqa alternativ görmədiyindən çıxış yolunu inzibatçılıqda axtarır və hesab edirlər ki, problem bu gün yalnız dövlət səviyyəsində çözülə bilər. Çözüm isə ancaq və ancaq bir sözün intizarındadır: “Olmaz!” (Etiraf edək ki, tə-kəmbir hallarda olsa da, belə “olmaz”lara təsadüf edilir - hərçənd, buna demokrati-yanın boğulması kimi baxanlar da az deyil). Nə qədər kədərli olsa da, açıq deməyə məhkumuq - insanı hələ başlı-başına buraxmaq yanlışdır. Çünki təkcə ölkəmiz yox, dünya arenasında nələr yaşandığının canlı şahidiyik. Necə deyərlər, ölünü özbaşına buraxsan, dartıb kəfənini yırtar, ölkə xortdanlarla doldurulmuş “öl(ü)kə”yə çevrilər. İndiki şəraitdə az-çox ağlı olan hər kəs bəşəri dəyərlərlə daban-dabana zidd olan hər cür təzahürə tabu qoyulmasını zəruri və əhəmiyyətli hesab etməlidir. Pozulmuş iqtisadiyyatı qısa zaman kəsiyində yoluna qoymaq mümkündür, aşınmış mənəviyyatı bərpa etmək isə bir çox on illiklər tələb edəcək. Şübhəsiz, zəmanəmizin mağmın təbiətinə adekvat gələn insanlar dəfələrlə çoxdur və onlar öz mövqeyini demokratik prinsiplərə sədaqətlə əsaslandırmağa çalışırlar. Başqa cür ifadə etsək, bu çoxluq azlığın fikrini demokratiyaya basqı kimi dəyərləndirir. Fəqət, əgər problemə həmin məntiqlə yanaşılsa, onda gərək oğurluq, qarət, qətl, korrupsiya kimi antibəşəri təzahürlərə də tabu qoyulmasın və bu yöndəki işlək qanunların hamısı yasaq edilsin. Axı bu qanunlar həmin insanların təsəvvür etdiyi “azadlığa, demokratiyaya” ziddir! Heç kəsə sirr deyil ki, “mütləq çoxluq” mənəvi dəyərlərdən danışan insanla-ra keçmişin qalığı kimi baxır. Bütün klassik şedevrlər də həmin çoxluğun basqısı nəticəsində sıradan çıxmağa məhkumdur. Əgər orta məktəb dərslikləri olmasaydı, gənclərimiz nə Nizami, nə Puşkin, nə Şekspri... tanıyardılar. Bu, əslində, milli problem yox, qlobal faciədir. Amerika faktoruna diqqət yetirək. Təsəvvürə sığmır ki, demokratik Amerika əhalisinin az qala yarıdan çoxu mənsub olduğu dövlətin işğalçı siyasətini, beynəlxalq terrorizmini, ədalətsiz müharibələrini dəstəkləyir. Bəs onları bu duruma gətirən nədir? Resept halında demək olar ki, həmin toplumu mənəvi aşınmaya məruz qoyan əsas faktorlardan biri bayağı ekran, musiqi və qeyri-sivil çap məhsullardır. Əsl faciə isə budur ki, Qərbdə və həmçinin, okeanın o tayında dün-yanın siyasi xəritəsilə manupulasiya edənlər əcaib bayağılıqları, bəşəri dəyərlərin deqradasiyasını cəmiyyətə demokratiyanın nəailiyyəti kimi sırıyırlar. Bənzər faciələri, bizim necə yanaşmağımızdan asılı olmayaraq, çağdaş Azərbaycan da yaşamaqdadır.
Röyaların qara çuxurunda
Biz indi sovet dövrü düşüncəsini qaralamağa meylliyik. Bəzi gənc yazarla-rın gözləri ayağının altını görmür. Onlar ağına-bozuna baxmadan sovet ideologi-yasının “meyidi”nə çırpırlar. Eynilə xanım Şəlalə Əbil kimi. Bir ədəbi məclisdə ona cılız məişət qayğılarını təsvir etməkdən qaçmağı, böyük ideyalardan yazmağı tövsiyə edəndə, xanım alçaq dağları yaratmış adam görkəmi alaraq dedi: ”Əksinə, ədəbiyyat məqsədli olmamalıdır. Bu, sovet ideologiyasından miras qalmış düşüncə-dir.” Özlərini sağlam məntiqdən uzaq mühakimələrlə yükləməyə həvəsli olan belələri anlamaq istəmir ki, bir qurtum suyun özü belə, müəyyən məqsədlə içilir, hər jest, hər atılan adi addım belə hansısa məqsəd güdür, onda qalmış mürəkkəb idraki proseslərdən, məşəqqətli gecə və üzücü gündüzlərdən keçən ədəbiyyat olsun. Məsələn, Şəlalə xanımın özündən soruşsaq ki, yenicə işıq üzü görmüş ilk kitabçasını nə üçün çap etdirib, ixtiyarsız cavab verəcək ki, oxuculara bədii zövq aşılamaq, yeni nəsə demək üçün. İnsafla desək, ölkə oxucusu, tamaşaçısı və dinləyicisinin düşüncə tərzində 90-cı illərin əvvəlinəcən neqativ hallar xeyli az müşahidə edilirdi. Qərbin qapıları üzümüzə açılandan sonra vəziyyət əlli-əlliyə dəyişdi. Maraqlı dairələr və missioner təşkilatlar ədəbi mühiti, teleekranları, efiri dəhşət, parnoqrafik və vulqar məhsullarla dolduraraq, Azərbaycan insanının təfəkkürünü eybəcər, qeyri-bəşəri təmayüllərlə zəhərləməyə başladılar. Sözügedən təmayüllər media və səhnə potensialımıza da sirayət etdi. İctimaiyyətin tələbi ilə rüsvayçı nəşrlər dövlət səviyyəsində yasaqlansa da, bayağı teleproqram “patronları”nın xeyir-duası ilə meydan sulayan müğənni və aparıcılar özlərinə kifayət qədər auditoriya toplaya bildilər. Acınacaqlı haldır ki, ağsaqqal və mütəxəssislərin qəti etirazına baxmayaraq, həmin təhlükəli tendensiya geniş vüsət almaqdadır. Bu isə ciddi ekran, musiqi, ədəbiyyat məhsullarının və buna adekvat olaraq, ciddi tamaşaçı, oxucu və dinləyici təfəkkürünün, pozitiv duyğuların korşalıb sıradan çıxması deməkdir. Röya və brilyantların, kamran və qaraçuxurluların, samir və faiqlərin, aygün və tünzalələrin prtotipləri ədəbi mühitimizdə də yetərincədir. Ancaq onların oxucu ilə təmasda bulunması şansının sıfır həddə yaxın olması öz oxucularını deqradasiyaya məruz qalmaq imkanını azaldır. Təmas xəttinin bu qədər zəif olmasının səbəbi isə hamımıza məlumdur (On il əvvəl Hacı (!) Emin Eminbəyli və Rauf Arifoğlunun təşəbbüsü ilə tüğyan edən “İnterpark” və “Aləm” kimi parnoməhsullar və bununla bağlı müvafiq dövlət fərmanını xatırlayın). Təmas xəttinin zəifliyində əhalinin maddi durumunun aşağı olması da müəyyən rol oynayır. Məhdud çap məhsulları auditoriyasının müqabilində geniş tamaşaçı spektrinə malik olan bütün ekran məhsulları seyrçilər üçün məccani başa gəlir. İkinci səbəb də var. Bu, ədəbiyyata marağın ölməsindən ibarətdir. Az qismi istisna edilməklə, gənclər saqqız çeynəməyi bədii əsər oxumaqdan önəmli tutur. Fəqət, yenə gəncləri qınamamağa məcburuq. Çünki onlar klassik yox, yeni məzmun və formalı əsərlərin amacındadılar.
Gəlin qaldıraq həşir – yoxdu bir ciddi nəşr!
Sırf ədəbi nəşrlərin də bu işdə az günahı yoxdur. Onlar bir çox hallarda üzgörənlik edib ədəbiyyata utanc gətirən cızmaqaraçı qrafomanları təbliğ etməklə məşğuldurlar. Məsələn, oxucu “Sənət qəzeti”nin ilk bir neçə sayını aldıqdan sonra ona sərf etdiyi pula heyfi gəldi. Gördü ki, bu nəşrin adı bir şey, özü başqa şeydir. Amma obyektivlik üçün deyək ki, öz səhifələrini dünya ədəbiyyatı, eləcə də yerli maklaturaçıların zir-zibili ilə doldurmasına baxmayaraq, qəzetin hər sayında ədəbiyyata dəyər gətirən yazılar da işıq üzü görürdü. Elə ədəbi nəşrlər də var ki, dövlət tədbirlərini işıqlandırmaq, dövlət xadimlərinin məruzələri və ədəbiyyatla bağlı informasiyaları yaymaqla öz vəzifələrini bitmiş hesab edirlər. Yəqin buna görə, “Ədəbiyyat qəzeti»nin pərakəndə satışı cəmi 3-5 faizdir. Qoy bu qəzetin baş redaktoru Ayaz müəllim inciməsin, özü də şahiddir ki, sovet dönəmində - “quş qanad, qatır dırnaq salan” vaxtlarda həmin qəzetdə ildə on dəfə çıxış edən kənd müəlliminin müstəqillik dönəmində təqdim etdiyi yazı neçə illərdir ki, “sirkə”yə qoyulub. Amma təsadüfi adamlar, primitiv yazılar orada bir ucdan dərc edilməkdədir. Son on beş ildə heç vaxt eşidilməyib ki, desinlər, “Ədəbiyyat qəzeti», yaxud “Ulduz”, “Azərbaycan” jurnallarında “dəhşət” bir əsər və ya məqalə dərc edilib, oxucu da nəşri axtarıb-aramağa başlasın. Əvəzində, ictimai rəydə mənfi imic qazanmış yaşlı “ədiblər», «mütəfəkkirlər”, xüsusən, gənclik jurnalı hesab edilən “Ulduz”da kifayət qədər təbliğ edilir. Halbuki, bu nəşrləri növbəti sayındanca dinamik, ölkəyə səs salan ədəbi orqana çevirmək mümkündür. Müqayisə üçün deyək ki, bölgələrin hər birində ədəbiyyat həvəskarlarından savayı 200-300 ədəbiyyat müəllimi işləyir. Gör durum nə yerdədir ki, onlar eyniadlı qəzeti və adıçəkilən nəşrləri görəndə, ya da adını eşidəndə, üzünü yan tutub gedir. Maraqlıdır, əgər qəzet və dərgilər maklaturaya çevrilirsə, oxunaqlı deyilsə, onları çap etmək beləmi vacibdir? Bu sıradan, qeyri-ədəbi nəşrlərin vəziyyəti daha bərbaddır.
Hüseynbala Mirələmov və Heminquey…
Bizdə bu gün tənqid yox, tərif və bülbüloqrafiya mövcuddur. İddia oluna bilər ki, hər hansı tənqidçinin spesifik dünyabaxışı, predmetlərə özəl yanaşma tərzi var. Sən bir yazıçını bəyənmirsən, amma tənqidçi onu təqdir edə bilər. Ancaq indiki halda biz hər hansı ciddi yazıçı yox, ədəbiyyata bayağı şöhrət vasitəsi kimi baxan, işi-gücü isə ancaq xoruz buraxmaq olan piyadalar barədə danışırıq. Ağacəfər Həsənlinin təsisçiliyi ilə çap olunan “Mars” dərgisinin 2-ci sayında ədəbi janrların elementar xüsusiyyətləri haqda yetərli təsəvvürü olmayan Hüseynbala Mirələmovun «əsəri» dərc edilib. Müəllif insanda baş verən vizual və psixoloji dəyişmələri ifadə etməkdə “xaric” vurur. O, Qarabağ mövzusundan alver predmeti kimi istifadə edir, özünə, oxucuya, tamaşaçıya utanc gətirən bəsit dialoqlardan uzağa getmir. Onun nail olduğu yeganə şey arabir yerli-yersiz istinad etdiyi atalar sözü və zərb-məsəllərdir. Fikrimiz inandırıcı olsun deyə, diqqətinizi aşağıdakı dialoqlara çəkmək kifayətdir: «Teymur (həyəcanla). İsmət bacı dedi ki, Fəxriyyə xala qəlpə yarası alıb. Veysəl. Hə, zalım düşmənin atdığı mərminin qəlpəsi kürəyini parçaladı... Zəif vücudu tamam haldan düşdü, keçindi...
Teymur. Keçindi? Veysəl. Hə... Əlyar. Dəfn elədin? Veysəl. Hə... Teymur. Elə təkbaşına?
Veysəl. Yox, tək əldən səs çıxar? Çaşıb qalmışdım. Atamın qeybdən gələn səsi mənə kömək elədi». Bizcə, burda hər hansı əlavə şərhə ehtiyac yoxdur. Dünya ədəbiyyatı tari-xində rekord vuran müəllif heç bir tənqidə dözməyən bu dram “əsəri”ndə personaj Xaqaniyə bir səhifədən artıq nitq söylətdirir. Hərçənd, pyesdə eyni həcmli monoloqun özü də qüsurlu sayılmalıdır. Deputat-yazıçının “nəsri”ndən isə, ümumiyyətlə, danışmağa dəyməz. Yenə konkret fakta üz tutmaq zorundayıq: o,”Ulduz” dərgisində dərc etdirdiyi və elə sərlövhəsindəncə yarıtmadığı “Bir gecənin sehri və xofu” hekayəsinin yarım səhifəlik hissəsində on bir dəfə “Üzeyir bəy”, yeddi dəfə “qapının ağzındakı adam”, beş dəfə “yenə barmağını pianonun dillərindən ayırmadan” ifadəsindən, ilk cümləsində isə səkkiz dəfə “sonra” sözündən istifadə edib. Yəqin çoxları buna inanmayaraq heyrətdən vəcdə gələcək. Axı ixtiyar yaşında olan bir qələm əhli belə adi və adi olduğu qədər də ciddi səhvlərə yol verməməlidir. Ancaq söhbət hər hansı uçan boşqabdan deyil, Hacı dayının sözünün qüvvəti, ağzımızın içindəki konkret məkandan və predmetdən gedir. Maraqlananlar üçün sözügedən ədəbi nəşrin ünvanını göstərə bilərik: Xaqani-25, Azərbaycan Yazıçılar Birliyi, 4-cü mərtəbə. Əlbəttə, hər hansı fəaliyyət müəyyən qüsurlarla müşaiyət oluna bilər, amma baxır necə qüsurlar. Biri var, divara iki-üç dənə keyfiyyətsiz daş hörəsən, biri də var ki, binanı özülündən əyri qurasan. Yazıçılıqda heç kəs zəif yazmaqdan sığortalanmayıb, bir dəfə ortaya zəif əsər qoyarsan, növbəti dəfə güclü əsər. Amma vay onda ki, heç zəif də yaza bilməyəsən, ancaq nəyinsə hesabına cəmiyyətə istedadlı yazar kimi sırınasan və hamı arxanca baxıb gülə. Məsələn, hətta dünya şöhrətli Heminqueyin də qələmindən bəzən onun yaradıcılığı üçün xarakterik olmayan əsərlər çıxıb. Elə yazıçının “Ulduz”un eyni sayında dərc edilmiş “Azarkeş mer” hekayəsi buna canlı misaldır. Lakin qüsurlu olmasına baxmayaraq, müəllif nadan mer obrazını yaratmaqla qarşıya qoyduğu məqsədə nail ola bilib. Professionallıq da elə budur. Binanın qapısı, pəncərəsi yöndəmsizdir, amma ümumi quruluşu möhtəşəmdir. Bizim piyadaların (daha dəqiqi desək, axsaqların) «əsərləri”ndə isə qüsursuzluq axtarmaq iynə ilə gor qazmağa bərabərdi. Çünki orda, başqa kriteriyaları demirik, qüsursuz cümlə tapmağın özü belə müşkül məsələdir.
Rafael bəyə bir Mars verək
“Mars” dərgisinin söz açdığımız sayında intellektinə şübhə etmədiyimiz Rəfaelin silsilə şeirləri dərc olunub:
Bu torpağa diz çöküb “səni sevirəm, Vətən” pıçıldadım qulaqlarına qalxdım dizimdə qan barmaqlarımda tikan dodaqlarımda tutiyə içimdə bir az sakitlik
Burada təsvir edilən hisslərin tanış notlar olması öz yerində, predmetin poetik ovqatından əsər-əlamət belə yoxdur. Ona “şeir” deyilsə, yəqin ki, həmin janrın hiddətdən bağrı çatlar. Müəllifin mənim şifahi iradlarıma münasibət bildirərkən dediyi bu sözlər necə də yerinə düşür: ”İndi hərə əlinə bir qələm alıb, deyir mən şairəm, yazıçıyam.” Eyni müəllifin başqa bir şeirinə diqqət yetirək:
Zəng etmək istəyirəm sənə gecə saat ikidi kim götürəcək telefonu bilmirəm sən götürsən soruşacaqlar kimliyini deyə biləcəksənmi ya mən başqa səsi eşidib oğru kimi yavaşca asacam dəstəyi duyub çevriləcəksən telefon da məəttəl qalıb büzəcək dodağını (?)
Üzr istəməli olacam, burada şeir adıyla təqdim edilən mətn boş laqqırtını xatırladır. Əgər buna şeir desək, oxucu məlum səbəbdən müəllifi bir qırağa qoyub, bizi qınağa çəkər. Və yəqin siz də bu qənaətdə olarsınız ki, Allahın Fatmanisə qarısı başını mütəkkəyə atsa, belə quru söz yığınından ibarət gündə əlli «şeir» yapa bilər. Rəfael özünə, daha doğrusu, yazdıqlarına bununla bəraət qazandırır ki, hər kəsin öz oxucusu var. Qəribədir, əgər şeir hesab edilən bu məmulat poeziyanın ölçülərinə nəinki qəti cavab vermir, hətta onun heç həndəvərində belə dolaşmırsa, onda hansı oxucudan danışmaq olar?! Əgər məsələyə müəllifin məntiqilə baxsaq, onda Azərbaycan oxucusunun zövqü tamam korşalıb? Rəfaelin sözlərindən həm də belə nəticə hasil olur ki, heç də narahat olmağa dəyməz, kim nə yazır-yazsın, mütləq öz oxucusunu tapacaq. Bizi əfv edin, yəqin elə bu səbəbdəndi ki, satış köşklərində “növbə” əlindən tərpənmək olmur - nəzm, nəsr kitabları üstündə “qırğındı”. Əgər hamı rafaelsayağı düşünürsə, onda Rafael bu misraları nə üçün yazıb?
hamıya qucaq açdım adın uçmaq qoydular dartıb yerə yıxdılar adın qucmaq qoydular
və ya:
özümü ha dartıram qol məndən qabaqdadı neçə ildi qaçıram yol məndən qabaqdadı
Oqtay Salamzadənin itinə tök mükafatları və bir daha Hüseynbala Mirələmov haqqında
Mənimlə söhbətində Rəfael bəy bir poemasının hansısa mükafata layiq görüldüyünü də dilə gətirdi. Poema ola bilsin ki, mükafata dəyər. Ancaq məsələ ondadır ki, indi mükafat, diplom pay-püş etmək işində lap şorunumu, şitinimi deyək, çıxarıblar. Yəni məmləkətdə mükafatlar, titullar “itinə tökdü”, əli möhürə çatan cəmi on manata başa gələn bir təsisat yaradaraq, özünə “gün” ağlayır. Misal üçün, əyalət cızmaqaraçılarının belə meyli çəksə, qocaman ədibimiz Oqtay Salamzadədən nəinki özü, hətta dovşanı üçün 50-100 manata, ya da bir quzu cəmdəyinə “Qızıl qələm” mufafatı ala bilər. Həm də xeyriyyəçilik fəaliyyətilə məşğul olan H.Mirələmovla bağlı bir faktı da söyləsək, yəqin özünüzü qoymağa yer tapa bilməyəcəksiniz. Bəli, heç demə, onun “yaradıcılığı” o qədər rəngarəng, cəlbedici və elə genişdiapazonlu imiş ki, hətta bir neçə ay öncə, onun haqqınla dissertasiya müdafiə edilib. Əgər bu fakta inamsızlıq bəsləyən olarsa, yenə konkret ünvan deyə bilərik: ”Akademik Bəkir Nəbiyevin rəhbərlik etdiyi Nizami adına Ədəbiyyat İnstitutu”. Şübhəsiz, dissertantın Ordubadi, İsa Hüseynov, İsmayıl Şıxlı, Mir Cəlal kimi korifeylər deyil, ədəbi ictimaiyyət və oxucu auditoriyası tərəfindən ironiya ilə qəbul edilən bir şəxsin yazdıqlarına müraciət etməsinin kökündə nəyin dayandığını gözəl bilirsiniz. Bu minvalla, yəqin ki, qrafoman yazarların “yaradıcılığı”ndan dissertasiya müdafiə etmək də yavaş-yavaş dəb halı alacaq. Danılmaz bir həqiqət də budur ki, çağdaş ədəbi “tədqiqatçı”larımız, əslində, öz ictimai missiyalarını yerinə yetirmək deyil, maddi durumlarını yaxşılaşdırmaq üçün sifariş yerinə yetirməyə üstünlük verirlər. Onlar bəlkə də heç vaxt müstəqil tənqidlə məşğul olmayıblar. Gücüm daha çox özümə çatdığı üçün uzağa getməyəcəyəm... 1991-ci ildə povest və hekayələrdən ibarət “Mələklər gözə görünmür” kitabımı Vaqif Yusifliyə təqdim etdim ki, yazılarım haqqında nəsə obyektiv bir tənqid yazsın, ancaq daşdan səs çıxdı, tənqidçidən yox…
Əkrəm Əylisli davası
Tənqiddən söhbət düşmüşkən, Rasətin “Sənət qəzeti»ndə (1.12. 2006) dərc olunmuş “Rasim Qaracanın mərasimi” məqaləsi haqqında danışmadan ötüşsək, söhbətimizdə bir natamamlıq hiss olar. Hədəfi sərrast vurması ilə diqqəti cəlb edən bu məqalə ədəbi arenamızda işıq üzü görən ən ciddi yazılardandır desək, yanılmarıq. Amma onun “ədəbi sərsəmlik”dən savayı, ayrı bir işlə məşğul olmayan R.Qaracanın “Əkrəm Əylisli özü ədəbiyyata gəlib, yoxsa yox?” fikrinə münasibəti öncə etik cəhətdən, ardında plüralizm və obyektivlik baxımından yolverilən deyil. Çünki kor-kor, gör-gör, Qaraca haqlıdır. Çünki nisbətən rəvan və ya kənd həyatından yazmaqla, intriqantlığa, ifratçılığa varmaqla, bəsit məişət söhbətlərilə sadəlövh oxucunun rəğbətini qazanmağa cəhd etmək hələ ədəbiyyat, yaxud sağlam ədəbi mühit yaratmaq deyil. Bir də ki fərdlərin ətrafında yaradılan ədəbi mühit, görəsən, nə vaxtdan ədəbiyyatın inkişafına stimul verib?! Heç kəsə gizlin deyil ki, əsl ədəbiyyatı hansısa ədəbi mühitin episentrində olub hay-küylə baş qatanlar yox, heç bir intriqaya, cərəyana qarışmayan guşənişin mütəfəkkirlər yaradıb. Fərdlərin yaratdığı ədəbi mühit əksinə, həmişə süni olub, uzaqbaşı sandıq əəbiyyatının yaranmasına xidmət göstərib. Buna şahid olmaq üçün Əylislinin külliyyatını istehlaka buraxmaq kifayətdir. Gəlin görək, onun kitablarından bircəciyini alan tapılacaqmı?! Tövbə, tövbə, əttövbə!!! Əgər tapılsaydı, yəqin siz də razılaşarsınız ki, Əkrəm müəllim məsələni çoxdan yoluna qoyar və zamanında gileyləndiyi maddi sıxıntılardan qurtulardı (məlum səbəbdən daha gileylənmir). Və əsl Xalq yazıçısı heç vaxt həftədə iki dəfə parlamentdə nəyəsə boş-boşuna əl qaldırıb, sübh tezdən qaş qaralanacan fiziki işlə məşğul olan, qarın dolusu çörək tapmayan soydaşlarının ağır durumu müqabilində durusundan on qatına artıq “məvacib” almağı özünə rəva bilməzdi. Hələ bu «xalq yazıçısı»nın hansı yolla millət vəkili seçilməsi bir yana qalsın. Bəs qanunlarımızdakı saysız-hesabsız boşluqlar? Ə.Əylisli bu barədə bircə dəfə danışıbmı?! Bəlkə o, rüşvətxor və korrupsioner məmurlara ildə yüz milyon dollarla “qazanc” gətirən, çobanın da görüb müşahidə etdiyi həmin boşluqları görə bilmir. Axı tükü-tükdən seçməyən adamdan ömürbillah yazıçı ola bilməz, handa qalmış bu nəhənglikdə həngamələri seçməmiş olsun! Nə isə, biz Rasət bəyə gələcək yazılarında daha konkret faktlardan çıxış etməyi, təhlillərə geniş yer ayırmağı və bəzi incə məsələlərdə daha diqqətli olmağı tövsiyə edərdik.
Nizaməddin Şəmsizadə ağzına… su alıb
Hazırda əksəriyyət bu fikirdədi ki, bir-iki nəfərin yaradıcılığını çıxmaq şərtilə, Azərbaycanda bu gün nə ədəbiyyat var, nə ədəbi tənqid. Ancaq tənqidçi Nizaməddin Şəmsizadə “Gündəlik Azərbaycan” qəzetinə verdiyi bir müsahibəsində tamamilə fərqli düşünür. Hər kəs müəyyən məsələ ilə bağlı fikir söyləməkdə, əlbəttə ki, sərbəstdir. Ancaq bu, heç də o demək deyil ki, dilə gətirilən hər hansı fikirdə konkret fakta istinad edilməsin. N.Şəmsizadənin bu iradımızla bağlı fikrini bilmək üçün dəfələrlə cəhd göstərsək də, tənqidçi ümumi fikir söyləməkdən o yana keçməyərək, nə bir maklaturaçı yazarın, nə də istedadlı bir qələm əhlinin adını çəkdi. Halbuki, ikinci situasiyada olmasa da, birincidə danışmaq üçün kifayət qədər faktlar mövcuddur. Qəribə burasıdır ki, bütün ədəbiyyatsevərlər H.Mirələmovun, G.Tənhanın, F.Süleymanovun, Ə.Şimşəyin... necə “yazıçı» və «şair” olduğunu, bu ada hansı üsullarla layiq görüldüklərini bildiyi halda, tənqid o adamlar haqqında hələ də ya ciddi, ya da qeyri-ciddi bir qənaətə gəlməyib və ədəbi ictimaiyyət də məhz bu səbəbdən çaşbaş qalıb. Əgər onlar həqiqi qələm əhlidirsə, nə üçün bu, zərrəcə hiss edilmir? Yox, əksinədirsə, onda tənqid niyə ağzına su alıb? Amma etiraf edilməlidir ki, peşəkarlar olmasa da, həvəskarlar həmin “yazarlar” barədə gen-bol təqdirlər dərc edirlər. N.Şəmsizadənin bir fikri daha çox təəccüb doğurur ki, guya indi bizim ədəbi tənqidimizin vəziyyəti sovet dövründəkinə nisbətən yaxşıdır, lakin bunu sübut etmək üçün əlini “ağdan qaraya vurmur”. Çünki yalan danışdığını özü də yaxşı bilir. Bilir ki, ədəbi tənqidimizin vəziyyəti yaxşı olsaydı, indi məmləkəti “ədəbi” çəyirtkələr bürüməzdi. Bu çəyirtkələrin meydan sulamasının və oxucu qıtlığı yaratmasının əsas baiskarı məhz ədəbi tənqidsizliyimizdir. Tənqidçinin bu fikrilə razılaşmamaq olmaz ki, bizim yaradıcılar Azərbaycan mühitindən çıxa bilmir. Amma bu fikri müşaiyət edən bir sual daha önəmli səslənir: məgər yaradıcılar Azərbaycan kontekstində ortaya bir şey qoyubmu ki, dünya kontekstinə də çıxa bilsinlər?! Müsahibədə istedadlı gənc yazarlardan, onlara lazımi qayğının göstərilmədiyindən də bəhs edilir. Bəli, ədəbi mühitimizdə öz sözü, öz nəfəsi olan gənclərimiz, cavanlarımız var. Ancaq onlar tənqidçinin dediyindən fərqli olaraq, heç də çox deyil, barmaqla sayılası qədərdir. Aktiv yaradıcılıqla məşğul olan Elmar Vüqarlı, Bulut, passivlərdən isə Rafiq və özündənmüştəbeh Sabutay məhz belələrindəndir.
İstedada kömək, istedadsıza kötək
İstedadlara qayğı göstərilməməsi söhbətini ilk dəfə eşitmirik. İndi bu haqda çətin ki, danışmayan tapılsın. Bəziləri, o cümlədən, Ə.Cahangir vurğulayır ki, sağlam toxum pis torpaqda cücərmədiyi kimi istedadlar da anormal cəmiyyətdə məhv olur. Lakin tarixdə elə bir hadisə qeydə alınmayıb ki, əsl istedad üzə çıxdıqdan sonra sönüb məhv olsun. Üzə çıxmayan şeyin içində hansı məhsulun, hansı keyfiyyət əmsalının olub-olmadığını bilmək isə yalnız Allahın səlahiyyətinə aid məsələdir. Qaldı torpaq söhbətinə, Azərbaycan torpağı çox münbit meyarlara malikdir. O, istedadları heç vaxt öldürmür. Əksinə, cəmiyyətin öldürmək istədiyi bu cür insanları özünün tükənməz və ecazkar sevgisiylə daha da ruhlandıraraq yaradıcılıq üfüqlərinə səsləyir. Sadəcə, bu işdə əzmkar və zəhmətkeş olmaq tələb edilir. Bu gün ədəbiyyatımızın durumu, küll halında götürdükdə, doğrudan da, acınacaqlı görünür. Ona görə də yeni peyda olan saysız-hesabsız “şedevr”lərin hamısı dosta-tanışa paylanmaq, ən yaxşı halda isə masaları yox, rəfləri bəzəmək, sandıq ədəbiyyatı yaratmaq üçün çap olunur. Ədəbi parametrlərə qətiyyən cavab verməyən yazıları dərc edən naşirlərin əksəriyyəti özlərinə bununla haqq qazandırmağa çalışır ki, həmin yazıları bilərək-dən dərc edirlər. Guya müəllif yaza bilmədiyini anlayacaq və abır-həya edərək, bir daha redaksiyaların kandarını ağartmayacaq. Amma sonra nə baş verir? Həmin mü-əllif bu yazısının mətbəə iyi getməmiş gətirib başqa yazısını təqdim edir. Əslində, bu, düzgün tendensiyadır. Ancaq o halda ki, həmin yazılara dərhal tənqidi münasibətin də bildirilməsini təşkil edəsən. Əgər bu məsələ bütün kəskinliyi ilə qoyulub həyata keçirilsə, yüzlərlə “dahi” qələm sahibi bir daha o qələmə yaxın durmaz. Bəndəniz özü bunu hələ xeyli əvvəllər sınaqdan keçirib və əla da nəticəsi olub. Məlum məsələdi ki, indi ədəbi mühitdə (hesab edək, belə bir şey var) bütün qüvvələr iki qütbdə köklənib. Birinci qütbdə təmsil olunanların çoxu ilə hər şey bəllidir. Onlar tamam tükəndikləri üçün ya məddahlıq, ya da cızmaqaraçılıqla məşğuldur. Hələ bu yaxşıdır, indi Azərbaycanda dünya praktikasında anoloqu olmayan bir işlə - başqasına şeir, hekayə, poema və hətta povest yazdıra-yazdıra (eşitdiyimizə görə, roman yazdıranlar da var) şair və yazıçı olmaq mərəzinə tutulanlar da var. O adamları hamımız tanıdığımız üçün ad çəkmirik. Bu yaxınlarda olmuş xarakterik bir əhvalatı xatırlamaq məqamına düşərdi. Qəzet redaktoru vəzifəsində çalışan tanışımız bir biznesmendən iki min dollar alaraq, onun üçün yüz səhifəlik povest yazır. Biznesmen povesti oxuduqdan sonra narazılığını bildirir ki, mən deyən qədər də güclü əsər deyil. Redaktor yarıhənək, yarıgerçək gülüb cavab verir: ”Qadan alım, bu sən deyən güclü əsər olsaydı, elə özümə götürərdim də, ta sənə niyə verirdim.” İkinci qütbün mənsubları haqqında biz məqamında sözümüzü demişik. Söhbət onların toplaşdıqları “Alatoran” dərgisi ilə bağlı bir sıra qəzetlərdə dərc edilmiş və rezonans doğurmuş, hətta həmin “cəbhədə”kilərin çoxunun xoşuna gəlmiş “Azad yazarlar və sfinks ədəbiyyatı” yazısından gedir. Amma yenə bəzi məqamları sərgiləməyi zəruri sayırıq...
Unitaziyyat
Beş-altı ay öncə, mediada özünü “kifayət qədər dahi” adlandıran Aqşin adlı cəlilabadlı gənc şeir yazmağı heyvani hiss hesab edərək, bundan sonra roman yazacağını bəyan etmişdi. Və doğrudan da, bizi çox gözlətmədi. Əsasən, fahişəlikdən bəhs edən və roman adıyla oxuculara sırınan bu yazının mahiyyətinə varmaq üçün onun bütün naqis xassələrini (yazıda heç bir etik-estetik prinsip gözlənilmir: “səməni bığlı”, “qoca külək”, “halal süd əmmiş qəhbə”, “pox-püsür”, “gic...ğ” “g...t”, «müsəlman külək» kimi əcayib-qərayib ifadələrə tez-tez müraciət olunur; bunları oxuduqca ət tökən oxucularımız, zorən təbib qələmə aldığımız bu ifadələrə görə, yəqin ki, bizi əfv edərlər) bir kənara qoyaraq, diqqətinizi həm də üslub səhvlərilə dolu olan bəzi epizodlara cəlb edirik:
1. «Görəsən, Madlen Olbraytın alt paltarının rəngi necədir? O da adi qadınların tezbazar əyninə dürtüşdürdüyü tumanlardanmı geyinib, adi qadınların taxdığı lifçiklərdənmi taxıb? Bu qadındamı sevişdiyi kişiləri yataqda tez, yaxud gec qurtardığı üçün mühakimə edir, onlardan içinə qurtarmamağı xahiş edir. Yaxud dövlət təhlükəsizlik xidmətində işlədiyi üçün əmr edir. Mən bilmirəm, bizim prezident ona baxanda, bunları düşünürdümü?...»
2. «Qadın tualetdə qusa-qusa yazar dostumu söyürdü ki, hamısı sənin ...-püsüründü, dedim, get yuyun da, cəmdəyin cəhənnəm, heç olmasa, o mirətini sabunlayardın. Minet etdirən zibil deyildin, az qalmışdı xalxın qırxillik qəhbəsini zəhərləyib öldürəsən...»
Burada “təqdiredici” yeganə şey müəllifin kifayət qədər tualet-minet informasiyasına malik olmasıdır. Ancaq atalar belə yerdə yaxşı deyib, xeyirini görmədiyim oğulun vayını görüm. Yazıda guya Vahid poeziya evindəki tualetdə dal silmək üçün istifadə edilən “Şəhidlər kitabı” ilə bağlı iyrənc, ikrahdoğurucu bir epizod da var. Çox qəribə “təsadüf”di ki, həmin kitab “dahi”ni yetirən torpağın şəhidlərindən bəhs edən bir kitab olub. (Poeziya evinin məsələdən xəbər tutan müdiriyyəti belə bir şeyin olmadığını, burada həmişə sudan istifadə edildiyini və müəllifi lənətləyərək belələrinin Maştağaya müalicəyə göndərilməsinin vacibliyini bildirib). Bir sözlə, yazı alfadan-omeqayacan müəllifin dilindən düşməyən “p.-p»dən ibarət olduğu və nəcis iyi verdiyindən, iyrənə-iyrənə də olsa, maraq xatirinə on-on beş sətrini ancaq oxuyursan ki, baxıb-görəsən, roman adlandırılan bu zadın bətnində nə var. Heç kəsə sirr deyil ki, gözəlliyi ruhən Allaha, Peyğəmbərə yaxın olan insanlar duyur. Ancaq aqşinləri nə gözəllik, nə də müqəddəslik ilgiləndirir. Maraqlı və qəribə orasıdır ki, bunu onlar özü də etiraf edir və nəinki etiraf edir, hətta yeri gəldikdə, müqəddəsləri təhqiramiz ifadələrlə nəzmə çəkirlər. Ona görə də Tanrı onları sağlam düşüncəyə sahib olmaq məziyyətindən, etik-mənəvi səviyyədən, estetik duyumdan məhrum edərək, gülüş və ikrah hədəfinə çevirib. Dərgidə təbrizli soydaşımız Nadir Əzhərinin bir səhifəlik “Dil, postmoder-nizm və Azərbaycan” məqaləsi verilib. Müəllifin burada nə demək istədiyi oxucu üçün anlaşılmaz olaraq qalır: ”...Derida sözlüklərdə bir kəlmənin anlamının aramağını örnək verir hər kəlmənin anlamı başqa bir kəlmədir və həman kəlmənin anlamı yenə başqa kəlmədir...” və i.a.
Divanələr oteli və qurbağa gölünə atılan daş
«Şair» Divanə Ozanın üç səhifəlik “şeir”lərində isə yalnız məqaləçilik ovqatı hökm sürür:
2005 ci il 6 noyabr parlament seçkilərində msk katibliyinin mənim ismimə yazdığı 501 nömrəli(?)interpreter vəsiqəsi mənim deyil yaxud: ...müşahidə missiyasını həyata keçirən atətin beynəlxalq müşahidəçilərinin daha bir yaxud: ...məqsədə çatmaq paulo kuelyonun 11 dəqiqə üçün darıxmış özündən xəbərsiz meyl edən tələsmədən yatdığım qadınların sayı 100-ü keçəndə müxtəlif rəngli bu qadınlara siz heç təyyarə ilə uçmusunuzmu xanım...
Bir şey anladınızmı?.. Yəqin təpədən-dırnağacan cəfəngiyyatdan ibarət olub göz deşən bu söz yığını sizlərdə dərhal belə bir əks reaksiya oyadacaq: “Canım, burası dəlixanadı ki!” “Dəlixana”nın yaradıcılarından olan Murad Köhnəqala öz xislətinə sadiq qalaraq, dərginin bu sayında quşu lap “gözü”ndən vurur:
Gördünmü, sən də öldün asqıraqlı, osturaqlı bir ölümlə səninki ölüm deyil bəlkə də poxa düşməkdir mıxa keçməkdir
Yeri gəlib, bütün bunları oxuduqdan sonra əmələ gəlmiş başağrınızı almaq və ovqatınızı şənləndirmək üçün diqqətinizi ötən ilin yayında baş vermiş bir hadisəyə yönəltmək istərdik. O ərəfədə M.Köhnənalanın redaktorluq etdiyi, cəmi iki sayı çıxan bədnam “Lakin” qəzeti ilə bağlı “Proqnoz” qəzetində söhbət qızışmışdı. M.Köhnəqalanın bir həmkəndlisi hamıya qarşı çıxaraq Muradın tərifini ulduzlara qaldırmışdı. Tərslikdən elə həmin gün Muradın “Azadlıq”da bir şeiri də dərc olunmuşdu. Uşaqlar şerin imzasına kağız yapışdırdılar ki, Muradın həmkəndlisi müəllifin kim olduğunu bilmədən rəy desin. O, şeiri heç yarıya vurmamışdı ki, qəzeti bir kənara vızıldadaraq müəllifi küçə söyüşünə qonaq etdi:
- Ə, bunu hansı gic... yazıb!..
Və müəllifin tərifli həmkəndlisi olduğunu bildikdə elə bil ki, qurbağa gölünə daş atdın.
Eypin eybi
Dərginin 24-cü səhifəsində dərc edilmiş «roman» müəllifi isə qəribə bir pozada şəkil çəkdirib - bilgisayar diskini gözünün qabağına tutub. O saat adamın dalağı sancır ki, aha, torbada pişik var! Yəni ağlı başında olan yazıçı heç vaxt belə mənasız şəkil çəkdirməz. Onun “roman”ından gətirilən aşağıdakı cümlələr də müəllifin psixoloji durumunu kifayət qədər aydın göstərir: “Öləndən sonra bədənimlə nəyin baş verəcəyi vecimə belə deyil.” “Çünki əgər məktubumla sizi kədərləndirmişəmsə də, peşiman deyiləm.” Müqayisə üçün bildirək ki, quraşdırma Aqşin diskli Orxan Eypin yanında əsl “kişi qırığı” kimi görünür. “Roman”ın təhkiyə üslubu sovetdənqalma KQB dəf-tərxanalarında tərtib edilən kəsif “tekst”lərdən heç də geri qalmır: “Bütün yuxarıda sadaladığımız faktlardan da məlum olur ki, 1980-ci ildən 1985-ci ilə qədər Bakı te-atrlarının birində işləmiş Oqtay adlı üzdəniraq rejissor antisovet casusudur və onun tək məqsədi Sovet ölkəmizi də mənəvi böhran keçirən Qərbin kökünə salmaqdır.” Göründüyü kimi, bu, müəllifin öz təhkiyə dilidir. İndi onun yaratdığı “obraz”ın dilinə nəzər yetirək:
“- Doktor, dəqiq bilmirəm, amma düşünürəm ki, həmişə günorta vaxtları daxil olduğum kafenin müştəriləri üç-dörd gün məni axtardıqdan sonra, elə bil heç olmamışam kimi, axırda unutdular”.
O.Eypin bu eybli yazısı bizə məşhur bir el məsəlini xatırlatdı: “Gəlmişdi kabab iyinə, gördü eşşək dağlayırlar”. İndi Eyp də elə güman edib ki, dünyada roman yazmaqdan və bu yolla şöhrətlənməkdən asan iş yoxdur. Ona görə də özünü romançı olmağa kökləyib. Daha bir nümunə verməklə, özünü anarxist hesab edən müəlliflə söhbəti bitiririk:
“Oktay ayağa qalxıb yola qoyuldu. Hara qədər gedəcəkdi? Sonra geri qayıtmalıydı. Geri qayıtmalı idi? Hara? Evə? Bütün geri dönüşlər ki, məkanda yox, zamanda baş verir. Bir neçə saat əvvələ dönəcəkdi? Onda mənzilindən niyə çıxmışdı? Ola bilər ki, qayıdaraq tamam ayrı vaxta düşəcəyinə inanırdı? Eləysə nəydi can atdığı? Sadəcə, var olmaq. Bunun üçün də dala qayıtmalıydı. Səbəb? Bilmirdi”. Sizinlə işimiz yox, dəyərli oxucu, necə düşünürsüz , özünüz bilrəsiniz, ancaq bizə elə gəlir ki, ya təbiətin başı xarab olub, ya da üzü dönüb ki, həyata bu cür insanlar gətirir. Burası anlaşılandı ki, onlar da əks tərəfi (bəndənizi tanıyanlar yaxşı bilir ki, o bu tərəflərin heç birində təmsil olunmur) yerli-yersiz ittiham edirlər. Qoy olsun. Millət hər iki tərəfi, sayırıq ki, elə bizim müşahidə etdiyimiz kimi görür və qiymətləndirir. Onlara nə var ki! Füzulini, Nizamini, Mirzə Cəlili və hətta Peyğəmbəri, Allahı da ittiham edirlər. Yalnız ittihammı?!
Davakar gənclərin havakarları
Bizə - Allahdan qorxanlara belələrinə ancaq Allahdan insaf diləmək qalır ki, bəlkə ədəbiyyatın - bu müqəddəs sənətin başında turp əkməkdən vaz keçələr və gedib uşaqlıqda arzu etdikləri işlərlə məşğul olalar. Lakin buna inanmırıq, çünki “Alatoran”ın təqdimatına görə, adam həm də klaustrofob və psixopat kimliyə malik bir şəxsdir. Dərginin bəhs etdiyimiz 7-ci sayında yalnız bir neçə şairin yaradıcılığı və Nərmin Kamalın məqalələri maraq doğurur. Bu məqalələr sübut edir ki, o, po-eziyadan daha çox publisistikada uğur qazana bilər. Başqalarının adından danışmaq hüququmuz yoxdur, ancaq biz talantlı gənclərimizin qarşısında baş əyməyə hazırıq, amma ki bir istisna ilə: milli və bəşəri dəyərləri öz MƏNlərində hifz etmiş olsunlar. Bu dəyərləri ürəyində yaşatmayan, beynində vuruşdurmayan adamlar bəri başdan əllərinə qələm götürməyə səy göstərməsinlər. Əks halda, səmimi deyirik, nifrətə hədəf olmaqdan savayı heç nəyə yetməyəcəklər. Unutmaq olmaz ki, “vo-bank”a gedib həyatla, cəmiyyətlə oynamaq, zarafat etmək çox təhlükəli tendensiyadır. Dərgidə dərc edilən bütün hekayələr bəsit dil, sönük təsvirlər, cansız dialoq-lar, qaranlıq məqamlar, sistemsizlik, məntiqsizilik və s. neqativ xüsusiyyətlərlə səciyyələnir. Bu yazıların heç birində nə aydın süjet xətti, nə dolğun kompozisiya, nə mütəhərrik təhkiyə, nə obrazlı dil, nə də işıqlı obrazlar var. Əndrabadi düşüncələrlə baş qatanlardan bundan artığını gözləməyə də dəyməz. İt nədir ki, yunu də nə ola?! Əlavə heç bir izaha ehtiyac yoxdur ki, “azad yazar”ları ilgiləndirən ən “mühüm” məsələ hər hansı vasitə ilə olur-olsun, gündəmə gəlmək və orada qalmaqdır. Bu vasitələrin nədən, hansı iyrənc və əcaib məqamlardan ötdüyünə isə artıq siz də, az-çox, vaqif oldunuz. Fürsət düşmüşkən, bəzi nüanslara toxunmaq da yersiz olmazdı. Yaşlı yazarların bəziləri zahirən qız kimi həyalı görünən aqşinlərə və aqşinəbənzərlərə dəmkeşlik edir. Misal üçün 70 yaşlı Kələntər Kələntərli bu sinnində onların səviyyəsinə enərək və fitvaya uyaraq özünü tamam urvatdan salıb. Yaxud savadına pərəstiş etdiyim Səfər Alışarlı bu cavanlardan danışanda gözünü yumub ağzını açır. Deyir ki, “alatoran”çıların hamısı göydən yerə yenmiş huri-mələkdi…”. Digər tərəfdən isə AYB ilə mübarizə aparmaq üçün hətta şeytanla da birləşməyin vacibliyini vurğulayaraq öz qanadsız “mələk”lərini dolayısı ilə şeytana bənzədir. Bu da Allahdandır, dil çaşar, düzünü deyər. Yaxud ciddi əsərlər müəllifi kimi tanınan dostumuz Seyran Səxavətə istinad edək. Gənc ayoçular onunla görüş keçiriblər. Aqşinin kəpənəklə çiçəyə həsr etdiyi bir neçə misralıq şeri xoşuna gəlib-gəlməyib televiziyada onların hamısını görün necə reklam edir: “Gördüm ki, içərilərində çox istedadlı gənclər var.” Yəqin Seyran bəyin mütaliəsi zəif olduğu üçün Aqşinin həmin misraları Ramiz Rövşəndən iqtibas etdiyindən xəbəri yoxdur. Biz bir həmyerli kimi kəpənəkçi Aqşinə fikirlərini redaktə etməyi bir dəfə məsləhət görmüşük. Amma görünür, genetik kod məsələsi çox qəliz həqiqətdir. Digər nüans oxucu zövqü ilə bağlıdır. İndi əksəriyyətdə belə bir fikir formalaşıb ki, əcaib streotiplərlə yüklənmiş müasir oxucunun zövqü artıq korlanıb. Amma eksperimentlər sübut edir ki, bu heç də belə deyil. “Açıq səma” qəzetində Günel adlı ultrageyimli gənc bilgisayarçı işləyir. Qəzetin redaktoru Şamo Nərimanoğlu təcrübə üçün ona naxçıvanlı şair Еlman Həbibin üç yüz əlli səhifəlik külliyyatını verdi. Qız ertəsi gün işə başı-gözü şişmiş halda gəlib dedi ki, bütün gecəni yatmayıb, kitabı oxuyub, indi isə bacısı oxuyur. Günel redaktordan yenə nəsə istədi. Redaktor bu dəfə ona alışarlıdanqalma “Alatoran” jurnalını verdi. Günel jurnalı xeyli vərəqlədikdən sonra geri qaytarıb irad tutdu: ”Ay Şamo müəllim, bunu heç oxumusuz, gic-gic şeylərlə doldurublar?!” Daha bir dostumuz həmin yöndə eksperiment keçirmək həvəsinə düşərək, onuncu sinifdə oxuyan oğluna deyib ki, yoldaşlarından hansı ədəbi nəşləri tanıdıqlarını soruşsun, on səkkiz nəfərdən cəmi iki nəfər “Ədəbiyyat” qəzetinin adını çəkib. Onların da birinin atası şair olub, digərinin anası.
Еpiloq
Nəhayət, bütün bu söhbətlərdən sonra ortaya hamını labüd düşündürən taleyüklü bir sual çıxır: bəs idrakca sağlam insanlarımızı, xüsusən, gənclərimizi kütləvi mütaliəyə cəlb etmək üçün nə etmək lazımdır? Yəqin siz də razılaşarsınız ki, ədəbi-bədii və tənqidi proseslərdəki biabırçı tendensiyalara son qoyulsa, cəmiyyət heç vaxt ciddi oxucu və ciddi ədəbiyyat problemi ilə üzləşməz. Ona görə də maklatura yaratmaq, nala-mıxa vurmaq, mədhiyyə istehsal etmək yox, yalnız ədəbi-bədii meyarlara cavab verən mükəmməl əsərlər yazıb-yaratmaq və geniş təbliğat işi aparmaq lazımdır, cənablar!.. Bu istəyi ortada olan üç ədəbi nəşrlə də həyata keçirmək mümkündür. Əlbəttə, əgər onlar da öz fəaliyyətlərində “Körpü”nün dəsti-xəttini götürsələr… Burada ən vacib amil qaragüruhçu ayoçuların birmənalı şəkildə inkar etdiyi sənətkarlıq məsələlərilə bağlıdır. Demək artıqdır ki, ədəbi orqanların gələcək fəaliyyəti sırf bu müstəvi üzərində qurulmalıdır. Sənətkarlıq demişkən, bu meyar bütün yaradıcılıq sahələrinin əsas kriteriyası olduğu halda, özünü yeni ədəbiyyat yaradıcısı hesab edənlərin ondan imtina etməsi, nə aşağı, nə yuxarı, yalnız hansısa naməlum xəstəliyin təzahürü kimi anlaşılmalıdır.
P.S.Sözardı: Azərbacanda cüzi istisna ilə deyə bilərik ki, ədəbiyyat yox, əsl gədəbiyyat yaranır. Hərçənd, ictimai missiya aparıcısı olmaqla gədalıq bir-birinə zidd olduğu üçün ayoçuların bütün cəhdləri labüd iflasla sonuclanmaqdadır.
|
|