|
Böyük insanın böyük məhəbbəti Mətbuat səhifələrində yaradıcı adamların həyatlarının intim tərəflərini, onların məhəbbət macəralarını işıqlandıran yazılar, müsahibələr oxucularda maraq doğurur. Bəzən bu və ya digər yaradıcı şəxs bir az «zilə» gedir, süni olaraq «dərdindən ölənlərin» sayını artırır, məsələni daha da qabardaraq oxuculara az qala «manyak» təsiri bağışladığının fərqinə varmır. Belə müsahibə və yazıları görəndə mərhum yazıçımız İsmayıl Şıxlının Hüseyn Ariflə bağlı lətifələri yada düşür. Bir gün yenə rəhmətlik Hüseyn Arif xudmani bir məclisdə öz məhəbbət macəralarından danışırmış: bununla belə getdim, onunla elə gəzdim. Yanındakılardan biri cibindən bir şəkil çıxardıb deyir: - Ay Hüseün qağa, bunu da tanıyırsan? Hüseyn Arif şəklə baxar-baxmaz deyir: - Əşşi, əlbəttə, dünən axşam bir yerdə yeyib içirdik. Ətrafdakılar uğunub gedirlər. Sən demə, bu, II Yekaterinanın şəkli imiş… Dərgimizin bu sayında biz də sizə bir məhəbbət macərası danışacağıq. Ancaq bu dediklərimiz qeybətcil «besedka» arvadlarından deyil, maraqlı bir kitabdan götürülüb… «Diktofon qarşısında dərdləşmə və ya kasetdən tökülən sirlər kitabı» Bu, 1986-cı ildə Qazaxıstanda baş verən məşhur Jeltoksan hadisələri zamanı həyatını təhlükəyə ataraq qazax gənclərinin totalitar rejim tərəfindən ayaqlanmasına qarşı çıxan, Aral dənizinin faciəsini dünya ictimaiyyətinə çatdıran və buna görə 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin ətraf mühitlə bağlı Proqramının mükafatını alan, otuzdan çox kitabı dünyanın iyirmi beş dilinə çevrilmiş, bazar iqtisadiyyatı, qloballaşma və Jeltoksan olaylarına, Çingiz xana həsr olunmuş «Sivilizasiyanın yanlışlıqları» əsəri son illər gündəmdən düşməyən və nəhayət, adı Nobel mükafatına təqdim olunan qazax şairi, ictimai xadim Muxtar Şaxanovun öz yaxın dostu Çingiz Aytmatovla söhbətlərindən ibarət «Yarğan kənarındakı ovçunun ağısı və ya yüzilliklərin qovşağında sirdaşlıq» kitabıdır. Kitab 1998-ci ildə Ankarada «Tolkun yayınları» tərəfindən nəşr olunaraq bu sənətkarların pərəstişkarlarının sayını daha da artırmışdır. Onu da qeyd edək ki, kitab Çingiz Aytmatovun Ankarada Atatürk Kültür Mərkəzi tərəfindən 70 illiyinin təntənəli şəkildə keçirildiyi, onun yaradıcılığına həsr olunmuş elmi simpoziumun təşkili və yazıçıya Atatürk Kültür Mərkəzinin «Fəxri üzvü» adı verilməsi ərəfəsində çap olunmuşdur. Həmin tədbirdə Türkiyənin 9-cu Cümhurbaşqanı hörmətli Süleyman Dəmirəl mənə də sözügedən mərkəzin «Müxbir üzvü» diplomunu təqdim etmişdir. Ç.Aytmatovun yaradıcılığına həsr olunmuş elmi simpoziumdakı çıxışımın mövzusu «Ç.Aytmatov yaradıcılığında şamanizmin izləri» idi. Ç.Aytmatov gəldiyim nəticədən (yəni Ç.Aytmatov nə müsəlman, nə xristian, nə buddist, nə də şamanistdir. O, öz yaradıcılığında bütün dinlərə eyni dərəcədə yer ayırır və münasibəti də eynidir) razı qalmışdı. «Yarğan kənarındakı ovçunun ağısı» kitabı qələmlə yazılmayıb. Diktofon qarşısında birisi qırğız, birisi qazax olan iki dost – Ç.Aytmatov və M.Şaxanovun söhbəti sonradan kağıza köçürülmüşdür. Ona görə də Ç.Aytmatov ön sözdə onu «Diktofon qarşısında dərdləşmə və ya kassetdən tökülən sirlər kitabı» adlandırmağın mümkün olduğunu söyləyir. Sözə yüksək qiymət verən yazıçı deyir: «Sözü də duyğular kimi qənaətlə işlətməsəniz, yəni onu gecə-gündüz durmadan axıb gedən su kimi hesabsız, seçib ayırmadan, söhbət etmək fürsətidir, deyə sovurub saçsanız, fikrinizin dəyəri aşağı düşər. Sözü dəyərsiz insanın daim özünün də dəyərsiz olduğu əzəl toplumdan bəri bilinir». Əsəri Türkiyə türkcəsinə Banu Muhyayeva çevirib. «Yarğan kənarındakı ovçunun ağısı» kitabı yeddi bölümdən ibarətdir: «Dörd ana və ya Ana yurda ayaq basmaq», «Comərd işıqlı ulduzlar və ya bir ovuc torpaq», «Yüzilliklərin kölgəsindən güc və ya Markiz de Sad. Jüt dişliAfrika balığının zəhəri», «İqtidar, mənəvi zənginlik və ya bu iki silahın padşahlar, xanlar, krallar və prezidentlərin taleyindəki görüntüsü», «Qeyb olan akkuğunun hüznü və ya dəniz anasının sirri», «Kürten çıxan kafatası və ya türk tarixinə bir baxış». «Həyatımızdakı qadınlar və ya aramızda keçən şeir axşamı» kitabın sonuncu, yeddinci bölümüdür. Sıranın «həyatın qaynaq gücü olan qadınlar haqqında düşüncələr qaynatmağa» gəldiyini söyləyən M.Şahanov Ç.Aytmatovun təklifilə bu söhbətin «duvağını açman üçün» özünün «Qadın» şeirini söyləyir: … Qadın əziz xəzinəmiz, Qadın bizim qədərimiz. Qədərimiz olanda dac Bəllidir ki, ya taleyimiz, ya bəlamız… … Qadın olub da gözəl olmamaq Təbiəti aldatmaqla eyni deyilmi?.. Aytmatov qadın haqqında səsli düşüncələrə dalır, fədakarlığından danışaraq onu çardaqda yuva qurub balalarını pərvazlandırana qədər min cür əzab-əziyyətə qatlaşa cəfakeş qaranquşla müqayisə edir, qadın böyüklüyü qarşısında baş əyərək Y.Yevtuşenkodan misal gətirir: Necə olur bu dünyada, Unudub ilk mənasını Qadını alçaldaraq Saldıq kişi səviyyəsinə.
Yazıçı qadınla kişinin yerini qarışdırmağın əleyhinədir. Böyük bir traktorun sükanı arxasında oturan qadını yarasaya bənzədən Ç.Aytmatovun fikirlərinə M.Şahanov da şərik çıxır: «Həyatımıza rəng qatan incəliyə incəlik kimi baxmadığımız yerdə kobudluq başlayar». Qadının qadın, kişinin kişi olması üçün Çingiz ağa qızların qadın, oğlanların kişi tərbiyəsindən çıxmasının vacibliyini xüsusi vurğulayır: «… İndiki nəsil bağçalarda, məktəbdə, hətta institutlarda belə qadın tərbiyəsi alaraq böyüdü. Kişi tərbiyəsi görməyən oğlan müəllimini təqlid edib qadın kimi olmasın, bəs nə etsin?». Söhbətin bu yerində M.Şahanov ehtiyatla söhbətin məcrasını dəyişməyə çalışır: «İnsanlığa aid hansı dəyər olursa olsun, bizə də dəymədən keçib getmədi. Əgər hər hansı bir kənddə birisi birinə aşiq olarsa və ya bir oğlan on qızla əlaqə qursa, ona kimsə diqqət etməyə bilər. Aytmatov kimi bütün dünyanı heyran qoyan bir şəxsin basdığı hər addım xalqın nəzərindən bir an belə uzaq qala bilməz…» Dostunun eyhamından söhbəti hansı istiqamətdə aparmağın lazımlığını duyan Ç.Aytmatov hələ tələbə vaxtlarından diskotekalarda, toylarda tanış olduğu qızları, məktublaşdığı gözəlləri, küncünə al-əlvan saplarla adı yazılmış yaylıqları bir anlığa səslə gözü önündən keçirdi. «Fəqət bütün bunlar kəpənəyin güllərə qonub uçmasına bənzər anlar idi». Gənclik çağının acılı, şirinli xatirələri birinci həyat yoldaşı Kerez xanımla, Sancar və Askar adlı iki övladıilə bağlı idi. Xoş anlar üçün qırğız teatr sənətinin ulduzlarından olan Tattibübü Tursunbayevaya da minnətdardır… Lakin onların arasında ruhu, bədəni, bütün varlığı ilə yazıçıya ilham verən bir işıqlı sevgi vardı… «Alın yazısı» Ç.Aytmatov qırğız balerinası Bübüsara Biyşenaliyeva ilə XX əsrin 50-ci illərinin sonunda – Moskvada təhsilini başa vurduğu, əsərlərinin rəsmi qəzetlərdə çap olunduğu, xalq arasında adının təzə-təzə tanınmağa başladığı dövrdə tanış olmuşdu… O zaman Baltik donanmasında əsgərliyini çəkən qırğız gənclərinə mənəvi dəstək olmaq məqsədilə Frunzedə (Bişkekdə) bir heyət hazırlanmışdı. Frunze Partiya Komitəsinin birinci katibi T.Usubuliyevin dəvətilə Çingiz də Leninqrada (Sankt-Peterburqa) gedir. Təsadüfdən qırğızların «Çolpan» baleti də bir qədər əvvəl Leninqrad baleti ilə birlikdə orada film çəkməyə başlamışdı. «Çolpan» baletinin baş rolunun ifaçısı Bübüsara Biyşenaliyeva idi. Yazıçı balerina ilə ilk görüşünü belə xatırlayır: «Yanımda iki, üç dənizçi var; motorlu qayıqda «Avropa» gəmisinə yaxınlaşdıq. Bizim heyət göyərtədəymiş. Aralarında da ağ üzlü sevinclə parlayan, uzun boylu, əndamlı, gözəl Bübüsara. Saçlarını dənizin xəfif rüzgarına nazla daradaraq bizə əl elədi… Öncədən bir-birimiz haqqında eşitsək də, yaxından tanış deyildik. Tezcə sirdaş olduq, hətta dillə ifadəsi mümkün deyil, duyğularımız atəş kimi tutuşmuşdu, desəm, inanmazsınız. Bu zamana qədər necə tanış olmamağımıza çaşırdıq. Ətrafımızdakı insanlar, hətta uçan quş, titrəyən yarpaq da, dənizin gurultulu dalğaları da gözlərimə bambaşqa görünürdü. Dünya əvvəlkindən daha da gözəlləşib canlanırdı… Vətəndə qalan yengən və iki uşaq da yadımdan çıxmışdı». Neva sahillərində bəyaz gecələrdəki gəzintilərindən, xoş arzulardan, dəqiqələrdən ayrılmaq istəməyən Çingiz heyətlə birlikdə geri dönmür. Moskvada işi olduğunu bəhanə gətirərək qatarla ora gedəcəyini söyləyir. Daha iki-üç gün Leninqradda qaldıqdan sonra o, Moskvaya gedir. Tezliklə Bübüsara da oraya gəlir və onlar «Moskva» otelində tam bir gün, bir gecə başbaşa qalırlar. Bübüsara Leninqrada dönməli idi. «Təkrar-təkrar vidalaşan, ancaq bir-birindən qopa bilməyən» sevgililər hər dəqiqəni qənimət bilirlər. Sonunda Çingiz Bübüsaranı qatarla Leninqrada qədər ötürür. Qız da onu yenidən Moskvayadək ötürmək istədiyini bildirəndə Çingiz zorla onu fikrindən daşındırır. Bübüsara Leninqradda oxumuşdu, teatr, kino və ədəbiyyatla bağlı maraqlı fikirləri vardı. Çingiz dəfələrlə ona evlənmək təklif etsə də, qız onun ailəsinin dağılmasını istəməmişdi. O, Ç.Aytmatovun adının və soyadının hərflərindən özü üçün xüsusi ad düzəltmişdi: Açinov. Təsadüfdən hər ikisinin aldıqları yeni mənzillər də qonşu çıxır. Bir dəfə yenə söhbəti evlənmə məsələsinin üstünə gətirəndə, Bübüsara deyir: «- Açinov, «əsl aşiqlər qovuşmazlar» deyə bir söz var ha, bəlkə də o doğrudur… Çünki evləndikdən sonra həyatın sıxıntıları böyük duyğuları yeyib gəmirir…» Əlbəttə ki, bu iki tanınmış sovet adamının, sevgilinin eşq macəralarını bilməyən, eşitməyən kimsə qalmamışdı. Həyat yoldaşı Kerez xanım da bezərək ayrılmaq qərarını vermişdi. Dedi-qodular onların hər ikisini təqib edirdi. Və bu beləcə tam on dörd il davam etdi… Doğrudan da «əsl aşiqlər qovuşmazlarmış». Tezliklə Bübüsaranın döşündəki yaman şiş özünün ölümcül zərbəsini endirdi. Sevgilisinin bu dünyalın olmayacağını ilk dəfə sezdiyi anları yazıçı belə xatırlayır: «… Gözlərimdə dünya döndü, ayaqlarım basacaq yer tapmadı». Günbəgün solan Bübüsara 1973-cü ilin may ayının 2-də əbədi olaraq gözlərini yumdu. Söhbətin bu yerində Muxtar Şahanov da dostunun o hüznlü günlərinə döndü: «Opera və Balet Teatrındakı cənazə törənində mərhumə ilə vidalaşma anında sizi görənlər «hönkür-hönkür ağladı» deyirlər. Hətta bir dövlət nümayəndəsi dözməyərək «Bu zavallını biriniz sakitləşdirin!» deyə əitrafdakılara bağırmışdı…» Daha sonralar uzun zaman söz-söhbət davam etdi. Şahanov qırğız şairi Süyünbay Yeraliyevin bu sözlərini xatırlayır: «Bübüsaranı son mənzilə yola salanda Çingiz gözləri şişmiş, başdan ayağa qara paltarda gəldi. Bəziləri onun bu hərəkətini normal qarşılamayıb «həyat yoldaşı, çoluq-cocuğu var, bu nə hərəkətdir?» deyərək dedi-qodunun qırmızı közünü qarışdırırdılar. Mən «Sevgili Çingiz ədəbiyyatda necə ucalmışdısa, eşqini torpağa verərkən də eləcə uca bir davranış göstərir» deyə qürur duydum…» 1995-ci ildə «Manas» dastanının 1000 illiyində Bişkekin gözəl yerlərinin birində qırğız heykəltaraşı Turqunbay Sadıkovun düzəltdiyi «El Kutu» adlı böyük bir heykəlin açılışı oldu. Bu, qırğız xalqının həyatının, ədəbiyyatının, mədəniyyətinin, elminin inkişafında rolu olan insanları şahin qanadında ifadə edən bir heykəl idi. Şahinin qanadının bir üzündə Ç.Aytmatovun, o birisində isə Bübüsara Biyşenaliyevanın surəti vardı. Açılış zamanı təsadüfdənmi, ya qəsdənmi iki sevgilinin yanaşı canlandırıldığını görən Ç.Aytmatovun «… heykəli gözlərilə oxşayaraq səssizcə titrəyib uzun müddət donub qalması» onun yanında duran dostu Muxtar Şahanovun gözündən yayınmamışdı… Büböüsaradan sonra boş qalan könlünü, göz yaşları içində keçirdiyi günlərini heç nə doldurmurdu. Zaman keçdi, ancaq Aytmatovun ürək ağrısı ilə dilə gətirdiyi xatirələri də göstərdi ki, onun Bübüsaraya olan böyük məhəbbəti sönmədi, hətta Məryəm xanımla evləndikdən sonra da…
|
|