|
“Leyli və Məcnun” operası – 100 Səhnəmizin ilk Leylisi Bu il yanvarın 5-də milli operamızın yaradıcılarından biri, əsl sənət fədaisi Əhməd Bəşir oblu Bədəlbəylinin(Ağdamski) anadan olmasının 120, aprelin 1-də isə vəfatının 50 ili tamam olur. Onun doğum günü Şərqdə ilk müsəlman operasının - "Leyli və Məcnun"un premyerasının ildönümünə təsadüf etdiyindən biz də bu əlamətdar hadisəni qeyd etməyi təxirə salmadıq. Bildiyimiz kimi, ilk tamaşada Leyli rolunrda çayçı şagirdi Əbdürrəhim Fərəcov çıxış etmişdi. Elə həmin gündən sonra onun teatr aləmindən həmişəlik uzaqlaşması Üzeyir bəyi çox çətin vəziyyətə salmışdı. Əsərin ikinci tamaşasının, məhz, 1909-cu il aprelin 22-də baş tutması da operada Leyli rolunun ifaçısını axtarmaq zərurətindən yaranmışdı. Buna görə də gənc bəstəkar öz xalası oğlu Əhmədə üz tutmalı olmuşdu. O vaxta kimi Əhməd teatr həvəskarları dərnəklərində və xalq mərasim tamaşalarında iştirak etdiyindən bu sahədə xeyli təcrübə qazanmışdı. Tamaşaçıl tanımasın deyə adını afişalarda gizlətməyə məcbur olan aktyor-xanəndə özünü "Miri" adı ilə təqdim eləmişdi. Aradan xeyli müddət keçəndən, yəni məşhurlaşandan sonra "Ağdamski" təxəllüsünü qəbul etmişdi. Bu anda söhbətimizlə bağlı yadıma maraqlı epizod düşdü. Dörd il bundan öncə Azərbaycan Akademik Opera və Balet teatrının solisti, respublikanın əməkdar artisti (16 sentyabr 2005-ci ildən xadq artisti - V.Ə.) Mənsum Ibrahimovdan "Bu gün" qəzetinin oxucuları üçün müsahibə alırdım. Mən söhbət əsnasında ona dedim: - Xoşbəxt sənətkarsınız. Ona görə ki, böyük sələfiniz Hüseynqulu Sarabski 20 ərzində əyninə qadın paltarı geyinmiş Əhməd Ağdamski, Hüseynağa Hacıbababəyov kimi kişilərlə - sənət fədailəri ilə yöndaş olubdur. Siz isə sənətimizin həm səsinin məlahətinə, həm də zahiri gözəlliyinə görə bir-birini üstələyən xanımları ilə nakam məhəbbət macərasını oynamışsınız. ("Yeddi Leylinin bir Məcnunu", 12 yanvar, 2002-ci il) Əhməd Ağdamskinin arvad qiyafəsində səhnəyə çıxması mövcud quruluşun eybəcər diktəsi idi. Yazılmış opera və operettalara sənət vəsiqəsi vermək naminə kişi aktyorlar zərif məxluqun obrazlarını yaratmaq məcburiyyətində qalmışdılar. Elə buna görə də dünya teatr salnaməsində misli görünməmiş fədakarlıq göstərmiş həmin sənətçilər hər cür ehtirama layiqdirlər. Əhmədin düşdüyü çıxılmaz vəziyyəti dərk etmək çətin deyildir. O, ilk növbədə ömürlük bağlandığı peşəsinin ecazkarlığı naminə qadın rollarında çıxış etdiyi üçün onu əhatə edənlərin tənəli və kinayəli baxışlarına qətiyyən əhəmiyyət verməməli idi. Səhnədə isə onu on qat çətinliklər gözləyirdi. O, burada ilk eşqi daşlara çırpılmış gənc ərəb qızının unudulmaz obrazını yaratmalı idi. Bu işin uğurlu icrası üçün isə aktyorluq sənəti baxımından tamamilə başqalaşa bilmək məharəti tələb olunurdu. O, özünü nəinki zahiri, həm də daxili cəhətdən Leyli obrazına hazırlamalı idi. Buna görə də o bir müddət "kişiliyini unudub" özünü qadına, xüsusilə gənc qızlara xas olan davranış kompleksi (oturmaq, durmaq, gəzişmək, danışmaq və s.) yaratmalı idi. Və bütün bu ünsürlərə təbii və canlı alınsın deyə zəriflik, gözəllik, məlahət elementləri qatmalı idi. Axı onu irəlidə Əsli, Gülçöhrə, Gülnaz, Təhminə, Minnət xanım, Xurşidbanu kimi müxtəlif səpgili rollar gözləyirdi. Əhməd Ağdamski bütün istedad və imkanlarını səfərbər edərək öz təbii oyunu ilə tamaşaçıları və tərəf müqabillərini inandırmağa çalışırdı ki, onların qarşısına çıxan arvad paltarı geyinmiş kişi deyil, əslində qadın aktyordur. Teatr tariximizdən məlumdur ki,1914-cü ildə Tiflisdə "Leyli və Məcnun" operasının tamaşasından sonra Gürcüstanın ictimai və sənət xadimləri aktyorlarımızı təbrik etmək üçün səhnəyə çıxırlar. Onlardan biri həqiqətən Əhməd Ağdamskini qadın hesab etdiyindən onun əlini riqqətlə öpmək istədikdə işin üstünü vurmadan ona bu şəraiti yaradır və yüngülcə təzim edir. İndi sizə danışacağım sürəkli qəhqəhə doğuran əhvalatı rəsmi tədbirlərdən birində teatrşünas rəhmətlik Cabir Səfərovun dilindən eşidərək yaddaşıma həkk etmişəm: Bir dəfə Azərbaycan aktyorları 1916-cı ildə Türkmənistanda qastrol səfərində çox çətinliklə "Leyli və Məcnun" operasını tamaşaya qoyurlar. Böyük müvəffəqiyyətlə oynanılan tamaşanın sonuna yaxın aktyorlarımız salonda səs-küyün qalxdığını hiss edirlər. Bunun səbəbini öyrənəndən sonra məlum olur ki, bir dəstə dəliqanlı gözəlliyinə vurulduqları üçün Leylini oynayan aktrisanı özləri ilə istənilən məbləğ müqabilində "qonaq aparmaq" istəyirlər. Əks təqdirdə xəncərə əl atacaqlar. Mirzağa Əliyev (1883-1954), Hacağa Abbasov (1888-1975) işə qarışaraq bildirirlər ki, bizim aramızda qadın yoxdur, hamımız kişiyik. Leylini oynayan artist də kişidir. Inanmırsınızsa yoxlaya bilərsiniz. Türkmənrlər yəqinlik hasil eləmək üçün öz nümayəndələrini aktyorların soyunub-geyinmə otağına yollayırlar... Yalnız bundan sonra onlar heyrət içində üzr istəyərək onlardan əl çəkirlər. Bu faktın özü Əhməd Ağdamski sənətinin yüksək səviyyəsindən xəbər vermirmi? Milli operalarımızda qadın müğənnilərlə tərəf müqabili olmaq Hüseynqulu Sarabskinin aktyorluq fəaliyyətində ən böyük istəyi olmuşdur. 1927-ci ildən sənət ömrünün sonuna kimi Əzizə Məmmədova, Sona Hacıyeva, Sürəyya Qacar, Həqiqət Rzayeva kimi görkəmli sənətkarlarımızla zəhnəyə çıxan Sarabskinin oyununda hissi-emosionallıq, təravət duyulurdu. Əhməd Ağdamski isə, heç olmazsa, həya-tında bircə dəfə kişi rolunda, özü də Məcnun, Kərəm deyil, Qərib libasında səhnəyə çıxmaq arzusu ilə yaşayırmış. Taleyin bəd rəftarı nəticəsində bu arzu baş tutmadığından ömrü boyu səhnəmizdə qadın həyatı yaşamışdı. Milli teatrımızın dirçəlişinə 12 il canfəşanlıqla qulluq etmiş Əhməd Ağdamski hiss ediləcək dərəcədə yaşa dolmağa başlayırdı. Artıq sinni qırxı adlamış kişi aktyorun gənc qızların rollarında çıxışları mümkünsüz idi. 1921-ci ildən paltarlarını Hüseynağa Hacıbababə-yova estafet şəklində ötürmək məcburiyyətində qalan Əhməd Ağdamski orkestrdə tar çalmağa başladı. Teatrdakı fəaliyyəti başa çatdıqdan sonra Əhməd müəllim pedaqoji fəaliyyətə başladı. O, 1923-cü ildən 1934-cü ilə kimi Ağdamda, bundan sonra isə ömrünün sonuna qədər Ağdaşda yaşayır. O, yaşadığı yerlərdə nəhəng maarif ocaqlarının açılmasında, gənc istedadlı musiqiçilər nəslinin yetişdirilməsində səmərəli fəaliyyət göstərir. Əhməd müəllim 1936-cı ildə Ağdaş musiqi məktəbinə direktor müavini vəzifəsinə təyin olunur. Bir il sonra qapılarını tamaşaçılarının üzünə açan Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Teatrının yaradıcı qrupu, demək olar ki, tamamilə Əhməd Ağdamskinin yetirməsi idi. Bu gün 120 yaşlı sənətçi haqqında təzə, tutarlı söz demək olduqca çətindir. Buna görə də teatrşünaslarımız, musiqi tədqiqatçılarımız yaradıcılıq axtarışlarını gücləndirməli, yeni tarixi faktları üzə çıxartmalıdırlar. Onun yaşadığı dövrdən zaman zolağı uzandıqca unutqanlıq hissi heç vəchlə bizə güc gəlməməlidir. Biz isə oxuduqlarımız, eşitdiklərimiz əsasında mülahizələr yürütmək məcburiyyətində qalmışıq. Respublikanın xalq artisti Habil Əliyev Əhməd müəllim haqqında xatirələrini belə danışır: – Əhməd əmi Ağdaş musiqi məktəbində işləyərkən bizim evdə kirayədə qalırdı. Olduqca mehriban, istiqanlı, gülərüz insan olan Əhməd müəllimin yanına yerli ziyalılar tez-tez gələrdilər. Onlar muğam dünyasından nağılvarı söhbətlər edər, tarı, kamançanı məharətlə dilləndirərdilər, mən də onları heyranlıqla dinləyərdim. Mənim gələcəkdə musiqiçi kimi yetişməyimdə onun böyük təsiri olmuşdur. Sonralar yeniyetmə çağlarından ustad xanəndə Veys Hacıyevi on il müddətində Əhməd əmi ilə birllikdə ətraf rayon və kənd toylarında müşayiət etmişik. Onun çox gözəl, cazibəli tarı vardı və onu məharətlə dindirirdi. Müşayiətinə söz ola bilməzdi. Həmin illərdə Əhməd əmi mənə məktub verərək Bakıya qardaşı oğlu, xalq artisti Şəmsi Bədəlbəylinin yanına göndərərdi. Həmin dönəmdə Şəmsi müəllim Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləyirdi. O, məktubda adı yazılan xanəndələri taparaq mənə qoşardı. Mən də onları toylarımıza aparardım. Yadımdadır, mən bir neçə dəfə respublilkanın xalq artisti Rübabə Muradovanı, əməkdar artistlər Rəhilə Həsənova və Fatma Mehrəliyevanı (Allah ölənlərə rəhmət eləsin) özümlə toylarımıza gətirmişəm. Sonralar Əhməd əmi Şəmsi müəllimin göndərdiyi aktyorları bəyənmədiyindən (yuxarıda adları çəkilənlər nəzərdə tutulmur) məni Seyid Şuşinskinin yanına göndərərdi. O da Əhməd əminin xahişini dərhal yerinə yetirərdi. Əhməd əmini mən sizə musiqiçi kimi deyil, bir insan kimi təqdim etmək istəyirəm. Gözəl ailə başçısı, ləyaqətli ər, qayğıkeş ata, mehriban qonşu, maraqlı müsahib. Əhməd əmi ömrünün sonuna yaxın ürək astmasından bərk şikayətlənirdi. Bəzən toylar gec qurtardığından məclis sahibinin evində gecələməli olurduq. Bəzən Əhməd əmi məni sübhə yaxın oyadar, kürəklərini ovuşdurmağı xahiş edərdi. Allah rəhmət eləsin! İstedadlı aktyor, bacarıqlı müəllim, böyük insan Əhməd Ağdamski 70 yaşında Ağdaşda vəfat etmişdir. Bir məsələ isə ömrü boyu onu narahat etmişdi: “Görəsən, uşaqlarım böyüyəndə illər boyu arvad paltarı geydiyimə, qadın rolları oynadığıma görə mənə tənə vurmayacaqlar ki?!” Xeyr, Əhməd müəllim, övladlarınız sizinlə fəxr edir və Ağdamski soyadını haqlı qürur və iftixar hissi ilə daşıyırlar.
|
|