|
İnsanın mahiyyəti və missiyası haqda
Dini kitabların, bir çox mütəfəkkirlərin dediyi kimi, dünyanın dərki, insanın özünü dərk etməsindən başlayır. Allahın yaratdığı mükəmməl bir varlıq olan insanı dərk edib, insanla o biri varlıqların müqayisəsini apardıqca kiçik bir hissəciyin də, planetlərin də, kainatın da bir çox sirləri aydınlaşmağa başlayır. Ən qədim zamanlardan da insan öz mahiyyəti barədə düşünməyə başlayıb. İnsan problemi hər zaman bədii yaradıcılığın, ədəbiyyatın diqqət mərkəzində olub. İnsanın mahiyyətini daha yaxşı sezə bilən istedadlı yazıçıların əsərləri daha bəşəri xarakter daşımış, daha uğurlu olmuşdur. Çox təəssüf ki, indiki zamana qədər, insan özü özünü hələ lazımi qədər dərk edə bilməyib. İndiki dövrdə insan problemlərinin araşdırılması sahəsində dünyada ən tanınmış mütəxəssislərdən biri olan, akademik A. Q. Spirkinin yazdığı kimi «İnsanın həqiqi mahiyyətinin dərk olunması məsələsi bir çox fəlsəfi nəzəriyyələrdə ortaya qoyulsa da, bu sahədə tam, bütov bir fikir hələ deyilməmişdir. Amma bu mahiyyətin açılması prosesi bir vulkan kimi döyünməkdə, lakin hələ üzə çıxa bilmədiyindən səngiyərək, öz daxili energisinin həlledici təkanını gözləməkdədir. Bir vaxt gələcəkdir ki, müxtəlif tellərlə cəmiyytlə, kainatla bağlı olan insan fəlsəfi biliklərin mərkəzində dayanacaqdır» ( A. Q. Spirkin. Filosofiə. Moskva: Qardarika, 1998, s. 339 ). Bir varlıq kimi insanın öz mahiyyəti nədən ibarətdir? XIII əsrə qədər dünya sivilizasiyasında aparıcı rol oynayan Şərq elmi, dinlərin hamısı bu suala cavab verməyə çalışsalar da, bu cavablar elmi baxımdan konstruktiv olmayıb. Dinlərin hamısına məxsus olan kodlarla verilən informasiyaların əksəriyyəti ən məşhur din xadimləri tərəfindən belə sona qədər açıqlana bilməmişdir. Şərq elminin isə müxtəlif dini cərəyanlara, əsasən buddizmə, sintoizmə, konfusizmə, şamançılığa, islama mücərrəd şəkildə dayaqlanan mühakimələri isə insanın mahiyətini mifik–bədii şəkildə izah etməyə daha çox meylli olmuşdur. Dünyadakı bu günkü sivilizasiya isə əsasən XIX əsrdə formalaşmış Avropa elmi dunyagörüşünün təsiri altındadır. Dərindən təhlil edildikdə məlum olur ki, bu elmi dünyagörüşü harmoniya prinsiplərini lazımınca nəzərə ala bilməyib və insan, cəmiyyət üçün olduqca mühüm olan kosmik amillərdən bəhrələnə bilməyib. Həmin çatışmazlıqlar bu günkü qərb mədəniyyətində, qərb elmində yenə də davam etməkdədir. Qədim şərq və müasir qərb elmindəki bir sıra önəmli nəticələri də nəzərə alaraq, insan barədə indi elmdə orlan baxışları xeyli genişləndirmək olar. Bu sahədəki mülahizələrimi diqqətinizə çatdırmaq istəyirəm. Müasir elm insana bir «bio- sosial» varlıq kimi baxır. Əslində isə, dərindən fikir versək insana «bio- sosial» varlıq deməklə onun mahiyyətini xeyli məhdudlaşdırmış oluruq. Bir çox fəlsəfi təlimlərə görə, bütün kainat bir orqanizm, bir sistem halındadır və insan onun kiçicik bir zərrəsidir. Belə olduqda, insan bədənindəki kiçicik bir toxuma insanın bütün bədəni ilə həm fiziki, həm energetik orlaraq əlaqədə olduğu kimi, insan öz varlığı, ruhu ilə bütün bü kainat aləmi ilə əlaqədədir və eyni zamanda kainatdan aldığı enerjinin köməyi ilə mövcuddur. İnsanın ruhu onu kosmik vücudla bağlayan, bu vücuddan insanın insan kimi formalaşması üçün yaradıcı əhəmiyyəti olan proqramları daşıyan, bəzən Yaradanın (Allahın) nəfəsi deyilən energetik bir aləmdir. Bu amili nəzərə alaraq insana eyni zamanda bir «kosmo» varlıq kimi də baxmaq tamamilə qanunauyğyn bir haldır. İndiki elmin də dediyi kimi, insan doğrudan da, eyni zamanda bir bioloji varlıqdır. Amma insan o biri bioloji varlıqlardan, ruhun təsiri altında formalaşan psixi sistem olmağı ilə seçilir. Bu psixi aləm ruhun təsiri ilə insanın qəlb dünyasını, idrakını formalaşdırır. Və nəhayət, insan doğrudan da eyni zamanda cəmiyyətin, başqaları ilə ünsiyyətin məhsuludur- bir sosial varlıqdır. Deməli insana yalnız indiki elmin dediyi «bio-sosial» varlıq kimi yox, «kosmo-bio-psixo-sosial» varlıq kimi baxmaq daha düzgün olar. İnsanın həyatda normal, ahəngdar fəaliyyət göstərə bilməsi üçün o, kosmik bağlılıq içində bioloji cəhətdən sağlam, psixoloji cəhətdən rahat, sosial cəhətdən əhəmiyyətli və mənəvi cəhətdən zəngin, ahəng içində olan bir həyata malik olmalidir. İnsanların özləri əksər hallarda öz şəxsi həyatlarında, ailələrində belə bu balansı qorumağın fərqinə varmırlar. Əsl xoşbəxtliyə yalnız bu dörd amilin balansını yaratdıqdan sonra nail olmaq olar. Vəhdətdə olan yer üzündə insan təkcə yer üzünün varlığı deyil, kosmosun – göy üzünün yer üzündəki varlığıdır. Yer üzü elə özü kosmosda – göy üzündədir. Aydındır ki, yer üzündəki bütün varlıqların hamısı göy üzünün təsiri altındadır. Hər bir insan kosmosla, göy üzü ilə yer üzünün birlikdə məhsuludur. İnsana həm yer qanunları, həm də kainatın qanunları təsir edir. Hər bir konkret adamda göy üzü ilə yer üzünün payı müxtəlif nisbətdədir. Bədəndə olan müxtəlif orqanların hər biri beyinin, onurğanın müxtəlif nöqtələri ilə daha çox əlaqədədir. Buna bənzər olaraq da insanlar kosmosda müəyyən bir aləmin müxtəlif hissələri ilə müxtəlif əlaqədədirlər. İnsan göy üzünün elə bir aləminin təsiri altındadır ki, yer üzündəki heç bir varlıq həmin aləmlə insan qədər əlaqədə deyil. Həmin aləmə «insanyaratma aləmi» demək olar. Ancaq yer üzündəki bütün insanlar da göy üzünün həmin aləmi ilə eyni şəkildə, eyni dərəcədə əlaqədə deyillər. Müxtəlif insanların həmin aləmlə əlaqələri müxtəlif şəkildədir. O aləmi bir okeana bənzətsək, kimi o okeanın bir adası, kimisi başqa adası, kimisi suların üzü, kimisi isə suların altı, ya bir qayalıq, meşəlik və s. hissə ilə əlaqədardır. Həmin aləmin hər bir hissəsindən axan ruh, insana həmin hissənin xarakterini gətirir. Bir məkanda olan bulaqla meşənin ruhu, energetikası, havası eyni olmadığı kimi həmin «insanyaratma aləmi»- nin də müxtəlif yerlərinin ruhu müxtəlifdir. Bu okeanın eyni bir hissəsi ilə daha yaxın olan insanların psixikası, xarakteri, ruhu biri birinə yaxın olur. İndi tez–tez incə, həssas dünya barəsində mülahizələr eşidilməkdədir. İlbəil daha həssas dalğalar, sahələr barədə məlumat əldə edilir, hətta bu sahələri ölçə bilən, bu sahələrdən istifadə edən mexanizmlər, çihazlar, gündəlik tələbat malları hazırlanır. Kompüter erası bu istiqamətdə daha sürətli irəliləyişi təmin edir. Bizim hələ ki, bilgi əldə etdiyimiz həmin həssas dalğalar, sahələr və s. həmin sirli aləmdəki nisbətən kobud varlıqlardır. Həmin varlıqların arxasındakı sonsuz aləmləri göz qabağına gətirməklə, hansı bir aləmin içində yaşadığımızı təsəvvür etmək çətin deyildir. İnsan hələ bu aləmin ona, onunsa bu aləm vasitəsi ilə hadisələrə nə dərəcədə təsir edə bilməsi barədə lazımi bilgilərə malik deyildir. Bu bilgilərsizsə insanın mahiyyətini kifayət qədər dərk etmək mümkün deyil. Hər bir insan yalnız bizim gördüyümüzdən ibarət deyil. Hər bir insanın xarici görünüşü, fəaliyyəti böyük bir sirli aləmin real həyatdakı əksi, görüntüsüdür. Hər bir insan öz mahiyyəti etibarı ilə göy üzünün informasiya daşıyıcıçıdır. Hər kəsə obrazlı olaraq həm alıcı, həm də verici antenna kimi də baxa bilərik. Döğrudulur, bu «antennalar» müxtəlif gücdədir. Kimi kosmosdan güclü enerji, informasiya qəbul etdiyi halda, digərlərinin bu əlaqəsi olduqca zəifdir. Bu barədə L. Qumilyovun etnogenezlə, passionar enerji ilə bağlı fikirləri olduqca diqqəti çəkəndir. Gözümüzün qarşısında gördüyümüz hər bir insan əslində özünün olduqca kiçik, gözə görünən bir hissəsidir. İnsan ətrafdan aldığı və ətrafa yaydığı dalğaları ilə sonsuz bir miqyasda mövcuddur. Əgər ona məxsus dalğalar hənsısa bir okeana, buluda, planetə qədər gedə bilirsə, deməli insan həmin dalğalarının mövcud olduğu yerdə mövcuddur. Mobil telefonla dünyanın istənilən ölkəsinə zəng etmək mümkündür. Hər kəsə aydındır ki, insan Allahın yaratdığından daha mükəmməl bir şey yaratmaq imkanına malik deyil. Bir Mobil telefonun belə imkanı varsa, insanın da belə imkanları olduğuna şübhə etməyin. Sadəcə olaraq insan hələ özünün bu imkanlarını fəallaşdırmaq, dərk etmək praktikasına malik deyildir. Beləliklə, hər bir insan özünün sonsuz, nəhayətsiz dalğaları ilə birlikdə mövcuddur. Bəzilərində bu dalğalar ələqələr səviyyəsinə görə daha fəal, daha sıx, bəzilərində seyrək azdır. Burada QANADLI İNSAN, İLHAMIN QANADLARI kimi anlayışların da izahını vermək mümkündür. Ətrafında dalğalar daha sıx, daha güclü olan insanlarda bu dalğalar sanki, sıxlaşaraq bir qanad əmələ gətirir. Yaxud, insan ilhamlananda (müəyyən bir istiqamətdə energetik sistemi güclənəndə) onun ətrafındakı dalğalarda bir güclənmə, sıxlaşma yaranır. Bu zaman da sıxlaşmış dalğalar qanadı xatırladır. İnsan öz fiziki bədənini sağlamlığının qeydinə qaldığı, yaxud qeydinə qalmalı olduğu kimi, energetik canının da sağlamlığının qeydinə qalmalıdır. Bu sağlamlığı qorumaın öz yolları vardır. Bu yolların əsas qayəsi insanın öz energetik sisteminin gücləndirməsidir. Yəni, deyək ki, bir var özünü bütün xəstəliklərdən qoruyasan, bir də var canını elə möhkəmlədəsən ki, xəstəliklər sənin canında asanlıqla yol tapa bilməsin. Canı möhkəmlətmədən, yalnız özünü xəstəliklərdən qorumağın elə böyük bir effekti olmur. Zəifləmiş can özü elə axtarıb xəstəlik tapır. Energetik canı sağlam saxlamağın, möhkəmlətməyin ən əsas yolu dini təlimlərin öyrətdiyi kimi nəfsi təmiz saxlamaqdır. Amma təbii ki, fiziki, psixoloji sağlamlığın, sosial münasibətlərin də əhval ruhiyyəyə ciddi təsiri vardır. İnsan özünün fiziki, psixoloji olaraq sağlam saxladıqca, sosial münasibətlərdə harmoniyaya çalışdıqca, daima nəfsini təmizləməyə, mənəvi zənginləşməyə can atdıqca, bünün üçün vacib ayinləri, ibadətləri yerinə yetirdikcə onun energetik sistemi sağlamlaşır. Energetik sistemi sağlam adamın həyatdakı fəaliyyəti daha güclü olur. Bir məsələ haqda da danışmaq istəyirəm. İnsanlar təkcə məkan və zaman içərisində yaşamırlar. Onların hər birnin eyni zamanda aid olduğu başqa xüsusi koordinatları da vardır. Bu koordinatlar müəyyənləşməsində onların «kosmo», «bio», «psixo», «sosial» komponentləri mühüm rol oynayır. Bu komponentlərin hər biri hər bir şəxsdə müxtəlif vəziyyətdədir. Bu dörd komponentin biri biri ilə qarşılıqlı əlaqələri isə tamamilə yeni bir aləm yaradır. Bu aləmin müxtəlif səviyyələri var. Bu səviyyələrin hər biri insana müxtəlif insanlıq keyfiyyətləri verir. Bu səviyyələrin hər birinin öz bəsirət, intellektual, duyğu və s. imkanları vardır. Bir neçə misal göstərək. Elə insanlar var ki, ən qısa zamanda dörd, beş rəqəmli ədədlərin üzərində kompüter kimi əməliyyatlar apara bilir. Onlardan soruşanda ki, bunu necə edir, həmin adam heç izah edə bilmir. Yaxud elə insanlar var ki, minlərlə şeiri əzbər bilir və yenilərini də dərhal öyrənir. Amma bir çox şairlər heç öz şerlərini də əzbər bilmirlər. Kimininsə valehedici səsi var və s. onlar bunu necə etdiklərini yenə də izah edə bilmirlər. Bunları sadəcə qabiliyyət kimi qəbul edirik. Amma söhbət təkcə hansısa işi daha yaxşı ya pis görməkdən getmir. Mənə elə gəlir ki, ətrafımızda, kainatda müəyyən dalğa, işıq layları vardır və o layların hər biri ilə təmas bizə müəyyən bir qabiliyyət verir. Yəni bu qabiliyyət deyilən şey həmin o layların əlamətləridir. Hər bir insanın o laylarla təmas mənzərəsi müxtəlif şəkildədir. O təmasların yekunu bizim ümumi qabiliyyətimizi müəyyən edir. İnsan müəyyən ahəng vəziyyətində olduqca həmin laylarla əlaqəsində də bir ahəng yaranır. Bu əlaqələr bir sistem – xüsusi bir aləm yaradır. İnsan məkandan, zamandan başqa daxil olduğu koordinatlardan biri də həmin xüsusi aləmdir. Misal üçün Peyğəmbərlərə məxsus bu xüsusi aləmin imkanları daha mükəmməldir. Övliyalara aid xüsusi aləmlərin imkanları bir başqa, dahi insanların, alimlərin, sıravi insanların imkanları isə bir başqadır. İnsan öz fəaliyyəti ilə bu sistemi təkmilləşdirə, mükəmməlləşdirə də bilər, əksinə zəiflədə, aşındıra da bilər. Sufiliyin, təsəvvüf fəlsəfəsinin də öyrətdiyi- daha kamil sistemə yüksəlmək yollarıdır. Daha mükəmməl sistemə yüksələn insan artıq həssas dünyanı həssaslıqla duya bilir. Daha kamil olanın xususi aləmi sirli aləmin bir parçası olur, Allaha qovuşur. İnsanlarıın bir çoxunu düşündürən məsələlrdən biri də insanın missiyası məsələsidir. Tez – tez belə bir sual eşidirik: - axı Allah bu insanı niyə yaradıb? İnsanın yer üzündə missiyasının nədən ibarət olduğu əksər filosofları düşündürmüşdür. Amma təəsüf ki, onların izahlarında elə bir aydınlıq olmamışdır. Sual bir çox hallarda cavabsız qalmış, yaxud ona qeyri müəyyən cavablar verilmişdir. Amma bu suala müəyyən bir cavab vermək olar. Qurani –Kərimdə, Əl bəqərə surəsində 30-33 sü ayələrində insanın missiyası barədə kodlaşmış şəkildə, tamamilə aydın məlumat var. 30 - cu ayə göstərir ki, insan bəzilərinin dediyi kimi yer üzündə vəhşilik etməyə gəlməyib ((Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şə’ninə tə’riflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara: ) “ Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu). İnsan yer üzünün təşəkkül prosesinin bir zamanında yaranıb və xüsusi bir missiya ilə yaradılıb. Ayədəki “ Mən bildiyim şeyi siz bilmirsiniz!” ifadəsi o deməkdir ki, insanın yer üzərində, kainatda öz missiyası vardır. 31-32 –ci ayələr isə onu göstərir ki, dalğalar şəklində mövcud olan məlakələr avtomatik fəaliyyət göstərir. Onların özlərinin yeni bir şey öyrənmək xüsusiyyəti yoxdur. Onlar yalnız öz öhdələrinə düşən vəzifələri dəqiqliklə avtomatik olaraq yerinə yetirirlər. 33 – cü ayə isə onu göstərir ki, insanın "göylərin və yerin gözə görünməyən sirlərini» və məlakələrin – təbiət hadisələrinin «gizlinini və aşkarını» bilmək qabiliyyəti var. Deməli kainatın təşəkkül tapıb mükəmməl hala gəlməsi üçün insan xislətli bir varlığa da ehtiyac vardır. Əl bəqarə surəsindəki bu ayələrdən sonra gələn ayələr(34-38) isə göstərir ki, insan özü xeyir qüvvələrin təmsilçisidir və təbiətdəki xeyir qüvvələrin sirlərini bilmək qabiliyyəti vardır. O xeyir qüvvələrin təmsil etdiyi prosesləri idarə də edə bilər. Amma şər qüvvələrin xislətini aça bilmək onun imkanları daxilində deyildir və o şər qüvvələri idarə etmək gücünə malik deyildir(34-cü ayə: (Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu). Əksinə şər qüvvələr onun fəaliyyətində bir zəif noqtə tapdığı anda bu fəaliyyəti poza bilir(35- ci ayədən: (Lakin) Şeytan onları azdırıb (buğdadan yedizdirməklə ne’mətlər içində) olduqları yerdən uzaqlaşdırdı). Adəm, Həvvanın və Şeytanın cənnətdən qovularaq yer üzündə onlara sığnacaq verilməsi isə onu göstərir ki, insan yarandığı vaxtdan şər qüvvələrə aldana bilmək kimi bir zəifliyi var və yer üzü ona bu zəifliyinin ortadan götürülməsi üçün bir müalicə, sığnacaq yeridir. Yəni insan hələlik bu kainat sistemində öz missiyasını layiqincə yerinə yetirə bilmir. Bu missiyanı yerinə yetirmək üçün ona əvvəlcə öz nöqsanını ləğv etmək lazımdır. Beləliklə insanın cari missiyası daha çox ozünü təkmilləşdirmək, mövcud nöqsanından xilas olmaq, prespektiv missiyası isə kainatı sisteminin təkmilləşməsində fəal iştirak etməkdir. Bu missiyanı yerinə yetirərkən o təbiət hadisələrini, dünyanı daha dərindən dərk etməklə burada müəyyən bir nizamlama işlərini aparılmasına kömək edəcəkdir. Mələklərdən fərqli olaraq bunu şüurlu şəkildə edəcəkdir. Yəni Allahın nurunu – kainat adlı sonsuz ölçülü sistemin xüsusiyyətlərini yer üzünə, kainatın içindəki alt sistemlərə, elementlərə daşımaqla kainatın özü özünü tənzimləmə prosesini sürətləndirəcəkdir. Hələliksə insanın qarşısında duran birinci vəzifə öz nöqsanını ortadan götürməkdədir. Bu nöqsanı yaradan onun tamahı, nəfsidir. Tamah, nəfs bu nöqsanın bu xəstəliyin ən birincə əlamətləridir. Ədabazlıq, qürur, meşşanlıq və s. kim mənfi xüsusiyyətlər də bu tamahın və nəfsi əlamətlərinin törəmələridirlər. Tamah, nəfs güclü olduqca insanın qəlbində iblis üçün böyük fəaliyyət meydanı yaranır. Bu isə insanı şeytanın əlaltısına çevirir. Kimdə tamah və nəfs nə qədər varsa onun qəlbində iblis üçün o qədər münbit şərait vardır. İblisin fəaliyyəti geniş olduqca isə insan öz missiyasından daha uzaq düşür. Bütün dinlərin irəli sürdüyü ibadətlər insanın nəfsi tərbiyəsinin tərbiyəsinə yönəlib. Eyni zamanda onu da demək olar ki, nəfsi tərbiyəyə kömək edən hər bir fəaliyyət də ibadət kimi qəbul oluna bilər. Hətta materialistlərin, kommunistlərin belə nəfsi tərbiyə ilə bağlı həyata keçirdikləri bir çox şeylər ibadət kimi qəbul oluna bilər. Hər bir sistem yalnız öz missiyasına uyğun olaraq fəaliyyət göstərəndə onda rahatlıq, ahəng yaranır. Əks halda isə o sistem daima gərginlik, məhv olma təhlükəsi içəriçində olur. Deməli insan bir rahatlıq tapmaq, xoşbəxt olmaq üçün ən əvvəl öz missiyasına uyğun olaraq fəaliyyət göstərməlidir. Bunun üçün o əvvəlcə öz cari missiyasını həyata keçirməlidir. Yəni nəfsini, əxlaqini tərbiyə etməlidir. Yəni elə bir vəziyyətə gəlməlidir ki, daha şər qüvvələr onun zəifliyindən istifadə edib onu aldada bilməsin. Bu tərbiyə sistemininsə əsas meyarları yenə də ahəng prinsipləri olacaqdır. İnsan ahəng prinsiplərinə qovuşduqca özünün xilas yoluna qovuşur, bu prinsiplərdən qaçdıqca isə əksinə, daha da əzab əziyyətə düçar olur.
|
|