|
Mən kiməm... Rejissor Elşən Zeynallının Xalq Şairi Fikrət Qocaya həsr olunmuş «Mən kiməm» sənədli-bədii filmi haqqında qeydlər Çağdaş Azərbaycan şeirinin ünlü isimlərindən Xalq şairi Fikrət Qoca haqqında çox yazılıb, çox deyilib, hətta bütöv monoqrafiyalar… Və yəqin ki, bundan sonra da deyiləcək, yazılacaq. Bəlkə də haqsızlıq edirəm, bəlkə də şair haqqında yazılanların hamısını oxumadan danışıram, amma bütün bunlara rəğmən, məncə, onun obrazı hələ özünün bütün genişlik və vüsətiylə, özəlliklə də fəlsəfi tutumuyla açıqlanmayıb. Azərbaycan ədəbiyyatının bir oxucusu kimi mənim təsəvvürümdə olan, mənim oxuduğum və tanıdığım Fikrət Qocaya bu yazılarda olsa-olsa bu və ya digər işarələr var və əslində, elə belə də olmalıdır. Çünki əsil şeir kimi, onun yaradıcısı da birmənalı, birqatlı, birplanlı olmur, təhlilə çətin gəlir. Hər cəhddə onun yaradıcılığı və şəxsiyyətinin bu və ya digər tərəfi açıqlanır, amma həmişə nə isə diqqətdən kənarda qalır. Canında şairin özü üçün belə anlaşılmayan məqamlar daşıyan bədii mətnin dərkinin sonucu bəlkə də yoxdur. Bədii düşüncənin sirli gözəlliyi, əbədiyyət iddiası da burdan irəli gəlir. Gənc rejissor Elşən Zeynallının bu günlərdə tamaşaçıların ixtiyarına verdiyi, şairin həyat və yaradıcılığına həsr olunmuş «Mən kiməm» sənədli-bədii filmi də Fikrət Qoca dünyasına girişin növbəti cəhdi kimi yadda qaldı. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, quruluşçu operatoru Mətləb Yaqubov, montay edəni Rauf Sultanov, səs rejissoru Firudin Bağırov, redaktoru Camal Yusifzadədir. «Mən kiməm» məşhur kinorejissor Eldar Quliyevin məktəbini keçmiş Elşənin söz adamları ilə bağlı ilk işi deyil. Gənc rejissor öncəki filmlərində olduğu kimi, bu işində də Azərbaycan ədəbiyyatına, milli bədii söz sənətimizin fədakar nümayəndələrinə duyğusal münasibəti ilə rəğbət oyadır. O, öz qəhrəmanlarını sevir və sevdirməyi bacarır. Filmə baxandan sonra şeirlərni uşaqlıqdan oxuduğum, neçə ildən bəri eyni təşkilatın üzvü olduğum, hər gün eyni binaya gəlib-getdiyim Fikrət Qocanı yenidən gördüm: işıqdan, sevgidən yoğrulmuş həyat fəlsəfəsi, şəxsi taleyi, təbiət vurğunluğu, vətəndaş narahatlıqları, yaşın gətirdiyi müdriklik kədəri…ilə birlikdə. Qədimdən üzü bəri sənətin başlıca missiyası da elə bu olub – sevdirməyi bacarmaq. Bu gün – nifrətin sevgi, şərin xeyir, zülmətin işıq üzərinə total hücumu dönəmində isə bu missiyanın önəmi daha böyükdür. Rejissor filmi əsas etibarilə şairin söhbətləri üstündə qurur. Bu, ona qəhrəmanına kənardan yox, daxili rakursdan baxmağa imkan verir. Doğrudan da, Allahdan aşağı insanı özündən yaxşı kim tanıya və təqdim edə bilər? Sözsüz ki, səmimi olmaq şərtilə… Fikrət Qoca lap başlanğıcdan öz səmimiyyəti ilə seçilən, boğazdan yuxarı pafos, patetikadan uzaq bir şair kimi tanınıb. Yəqin ki, kimsə onu nə vaxtsa boş, əsassız danışmaqda, sağa sola şişirtmə, yaxud kiçiltmələrdə qınaya bilməz. Lakin, məncə, Fikrət müəllim filmdəki söhbətlərində bu yöndən özü-özünü belə ötüb keçir. Tamaşaçı bu söhbətləri adi, gəlişigözəl sözlər kimi yox, ömür yaşamış, xeyir-şəri, yaxşı-yamanı dərk etmiş, nə dediyinin məsuliyyətini bilən, hər cür özünügöstərmək meyli və bayağı şöhrət hissindən uzaq bir şəxsin səmimi olduğu qədər ciddi, ciddi olduğu qədər səmimi «hesabatı» kimi dinləyir. Zatən bütün səmimi şeylər həm də ciddi olur. Məncə, ədəbiyata yeni gələn hər hansı bir gəncin bu söhbətlərdən əxz edəcəyi çox mətləblər var. Ən başlıcası isə budur: necə edəsən ki, ömrün yetmişinə alnı açıq, üzü ağ gələsən, milyonlarla tamaşaçı qarşısında durub öz kimliyini heç bir utanc hissi keçirmədən bəyan edə biləsən... Stuktural altyapısına varsaq, bu söhbətlər şairin təbiət və cəmiyyət fəlsəfəsini əks etdirir. M.Y.Lermontov insan qəlbini tarixlə müqayisə edir və deyirdi: «Bir qəlbin tarixi bir xalqın tarixindən daha zəngindir». «Mən kiməm» filminin rejissoru da öz qəhrəmanının cəmiyyətlə lişgili məqamlarına xüsusi diqqət ayırır. F.Qocanın sənətkar qəlbinin tarixi mənsub olduğu xalqın tarixi ilə birllikdə götürülür. Sözsüz ki, buna əsas verən ilk öncə şairin özünün yaradıcılığıdır. Filmin ssenari müəllifi Yaqub Əlioğlu bu məqsədlə daha çox şairin son dövr yaradıcılığı, xüsusən də «Şəhidlər xiyabanı» poemasına üz tutur, film boyu tarixi hadisələri əks etdirən kadrlara uyğun olaraq poemadan parçalar səsləndirilir – Bakı qalası önündə başı kəsilib qoltuğuna verilən general Sisiyanovdan tutmuş müstəqillik dönəmində heykəlinin başı bədənindən ayrılan Kirova qədər… Tarix özünün bu sadə və sadə olduğu qədər də dahiyanə həqiqətini bizə vaxtaşırı təkrarlayır - yalan, şər, zülm ayaq tuta bilər, amma yeriyə bilməz, çünki başı bədənindən ayrılar. Filmdə tamaşaçının yadında ömürlük qala biləcək təsirli səhnələr var. Bunlardan ikisini xüsusi qeyd etmək istəyirəm. Çağın urbanistik hay-küyü, dünyanı başına götürmüş mənəvi-əxlaqi tənəzzül, bir sözlə, zamanın makiyajlı gözəli əski çağların adamı olan şairi sıxır. Vaqif demişkən, «baş götür bu dünyadan ayaq tutduqca qaç…». Çıxış yolu bu hay-küydən qaçıb təbiətə, onun ilkin saflığına sığınmaqdır… Fikrət Qoca göz işlədikcə uzanıb gedən meşədə tək-tənha gəzişir. Tamaşaçı onun gözündəki kədəri də görür, çiyinlərinə çökmüş ömür yükünün ağırlığını da hiss edir. Və o, birdən düşüncələrindən ayrılıb əlini bir ağacın mamır basmış gövdəsinə çəkir, kədərli bir təbəssümlə «Qorxma, gözəlsən» deyir… Təkcə insan təbiətə sığınmır, təbiət də insan sevgisi, nəvazişinə möhtacdır. Bu dilsiz-ağızsız ağacların da öz dili var, sadəcə, o dili bilən gərək. Fikrət Qoca təbiətin dilini bilən şairdir. Bir az da dəqiqləşdirsək, ağacın dilini bilməyən ümumən şair ola bilməz. Haqqında danışmaq istədiyim ikinci kadr Fikrət Qocanın Heydər Əliyevlə bağlı xatirələrini danışdığı hissədir. Xatirələr kədərlidir, çünki şairin həyatının ölüm-qalım məqamları ilə bağlıdır. O, ağır xəstədir və hətta o dərəcədə ağır ki, həkimlər ölüm diaqnozu qoyublar. Əlbəttə ki, müalicə olunmaq olar, amma bunun üçün dünyanın ən yaxşı həkimləri, külli miqdarda pul lazımdır. Bunlar isə şairin imkanı xaricindədir. Və o, son ümid yeri kimi o vaxtlar Moskvada işləyən Heydər Əliyevə müraciət edir. Ədəbiyyat və incəsənət adamlarına mesenatlıq qayğısı ilə seçilən millət atasının tərəddüdsüz köməyi nəticəsində problem həll olur və əslində, şair həyata yenidən gəlir... Fikrət Qoca ölümü görüb, onun amansız və soyuq nəfəsini öz üzərində hiss edib yenidən doğulan şairdir. Onun şair təbiətinə əvvəldən də yad olmayan sadə müdriklikdə bu amilin xüsusi yeri olduğunu xatırlatmaq bəlkə də artıqdır. Amma bir məsələni vurğulamağa, yəqin ki, lüzum var - Tanrı da Tanrıdır, hər bəndəsini belə sınağa çəkmir, hər sınağa çəkdiyinə də belə şans vermir. Mən bu epizoda niyə xüsusi önəm verirəm? Bəzən böyük vəzifə sahibinə minnətdarlığın ifadəsini heç bir faktla hesabdaşmadan öz bildikləri kimi yozur, bunu hökmən və hökmən hansısa təmənna amili ilə bağlamağa çalışırlar. Amma unudurlar ki, hər kəs ilk öncə insandır və hətta ən böyük vəzifə sahibinin belə öz xeyirxahlığı müqabilində yaxşılıq elədiyi kəsdən minnətdarlıq eşitmək haqqı var. Özü də söhbət həyat-ölüm kimi ciddi bir məsələdən gedirsə. Ən ciddi sözü isə görülən işin özü deyir. İsa əleyhissəlamın məşhur bir sözü yada düşür: «Əgər mən sussam, daşlar dil açıb danışardı». Tamaşaçı filmin sözügedən kadrlarında danışan faktın hekayətini dinləyir. Əvəzi heç nə ilə ödənilməyəcək bu cür xeyirxahlıq nə qədər böyüklükdürsə, bunun qarşılığında minnətdarlıq da o qədər gözəldir. Burda ənənəvi hökmdar-şair ierarxiyası yox, bir insanın digərinə təbii münasibəti hökm sürür, sözün hökmdarı siyasi hökmdara özünün yeganə var-dövlətini – ürək sözlərini bağışlayır. Amma yəqin ki, bu köməyi ali mənsəb sahibi olan birisi yox, heç kəsin tanımadığı ən adi bir adam da göstərmiş olsaydı, haqqında eyni sözləri eşidəcəkdik - nə artıq, nə də əksik. Təbiətlə ünsiyyətində olduğu kimi, Heydər Əliyevə münasibətində də Fikrət Qocanın fikri təbii bir səmimiyyətlə aşılanıb. Kadrlara baxır və düşünürsən: çağın söz adamlarının bu cür qayğıya ehtiyacı böyükdür. Amma bunu düşünməkdən də özünü saxlaya bilmirsən: bəs onların əksəriyyətinin Fikrət Qoca səmimiyyətinə necə, ehtiyacı yoxdurmu? Filmdə yaddaqalan ekran görüntüləri var. Şair gecə fonunda, heyva ağacı altında oturub makinada yazı yazır və danışır. Ekarının kənarına yan tərəfdəki narın meyvələri düşür. Şübhəsiz ki, nə belə bir məkan, nə də zamanın seçilməsi təsadüfi deyil. Çünki yaradıcı adam ən çox gecələr, bütün ətraf sükuta dalandan sonra canlanır. Bundan başqa şairin qaranlıq fonda, zəif lampa işığında görünən siması dünyanın şəri, zülmətinə qarşı duran insan obrazını dəqiq səciyələndirir. İlk baxışda adi fon yaratmaqla yanaşı rəmzi məna daşyıan bu obrazlar bəlkə də özünün bütün film boyu inkişaf edən dinamik həllini də tapa bilərdi. Məsələn, finalda nar dənələrini ağ vərəqlərin üstünə dağıtmaq olardı. İnsan da ağac kimidir, yarpaqlayır, tumurcuqlayır, çiçəkləyir və ürək meyvəsini insanlara hədiyyə edir. Şairin ürəiyndən qopan hər şeiri parçalanmış narın bir dənəsinə bənzəyir… Filmdə nar açılmır və buna bəlkə başqa rakursdan da baxmaq olar: axı Fikrət Qoca poeziyasının hələ açılmamış qatları çoxdur.
Filmin əvvəlində öz estetik-fəlsəfi kredosunu - «Mən xeyirin, işığın, sevginin adamıyam, dünyaya bunun üçün gəlmişəm və bilmişəm ki, bu vəzifəni yerinə yetirməliyəm» - bəyan edən şairin vaxtaşırı olaraq tüfəng doldurması maraqlı tapıntıdır. Şübhəsiz ki, bu, qəddarlığın yox, şərə, şeytana, zülmə, ədalətsizliyə qarşı barışmazlığın ekran dili ilə şərti işarəsidir. Bu epizodun eyni şəkildə həddən artıq təkrarlanması görüntüyə ilk baxışdan yeknəsəklik gətirir. Lakin sırf vizual effekt baxımından yeknəsək görünən bu təkrarların arxasında şairin gizli daxili tərəddüdləri durur. Axı o, şərə, zülmə, ədalətsizliyə qarşı bütün barışmazlığı ilə birgə sinəsində yaradıcı insan ürəyi daşıyır: «Öldürməyə ixtiyarım varmı?!». Şair hər dəfə tüfəngi əlinə alanda sanki bu sual da səslənir. Filmin sonuna doğru açılan atəş bu daxili tərəddüdlərə qoyulan nöqtə kimi mənalanır. Amma nədənsə mən bu atəşi dövrün antihumanist ruhuna zahiri bir güzəşt kimi qəbul etdim. Dilsiz bir ağacın gövdəsinə əl çəkib «Qorxma, gözəlsən» deyən şairin kiməsə, nəyəsə atəş açması ağlasığmaz görünür… Finala doğru filmin kədərli ovqatı dəyişir. Şairin Qarabağ müharibəsindən qalibiyyətlə çıxacağımıza dair qətiyyət ifadə edən misraları səslənir. Qarlı dağların ətəklərindəki səngərdə, döyüşçülər arasında əsgər qiyafəsində ölkə prezidenti İlham Əliyev kadra gəlir. Məntiq aydındır: söz əməllə, qələm qılıncla birlikdə güclüdür. Prezident də, şair də Vətəinin əsgərləridir. Təxminən bir saata yaxın çəkən film başa çatır, özü də «partlayış» effekti yox, Fikrət Qocanın təbiətinə yaraşan sakit, təvazökar bir akkordla. Şair çəmənlikdən keçib gedir, amma çəmənlik də, şairin ayağı ilə bu çəməndə açıdğı çəhlim də qalır… Filmdə qoyulan sual da öz qüvvəsində qalır: Fikrət Qoca kimdir? Tamaşaçı bu sualın cavabını həm eşidir, həm də yox. Çünki nəinki bir saat, bəlkə bir günlük film də bu suala axıra qədər cavab verə bilməzdi. Ümumən, bu dünyada nəyin rizayi cavabı var ki? O ki qalsın, V.Hüqonun dili ilə desək, nəhəng bir dənizi xatırladan insan qəlbi ola! Biz bu filmdə Fikrət Qoca dənizinin olsa-olsa sahilində durduq, onun dalğalarının gurultusunu, ləpələrinin pıçıltısını eşitdik. Ən uzağı bu dənizin hardasa üfüqlə birləşən horizontlarını gördük. Deməyə söz isə hələ çoxdur. İstər Fikrət Qoca haqqında danışanlar, istərsə də şairin özünün. Mən də bu yazıda, təbiidir ki, nə Fikrət Qoca, nə də ona həsr olunmuş film haqqında fikirlərimi sona qədər demədim…
|
|