|
Hardasa bir qu quşu var... Şəfəq Sahiblinin «Həsrətin evimin qonağı olur» kitabı haqqında Çağın televizyon xəstəliyi çoxluğu beş-on faiz işbazın reklamlarının tamaşaçısına çevirib və şairlər də ekranomaniya qanunlarına məhkumdur. Amma az qism də var ki, «qanundankənar» yaşar: şeirlərini yazar; kitablarını yayınlar… Şəfəq Sahibli də çoxluğun sıra dışında – sakit, təvazökar; nənələrimiz demiş, dindirməsən dinməz, güldürməsən gülməz… Şəfəqin 2006-cı ildə «Adiloğlu» nəşriyyatında yayınlanan «Həsrətin evimin qonağı olur» kitabına ön söz yazan Oqtay Rza «…Şəfəq Sahiblini Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına salonunda…xoşuma gələn çıxışından tanımışam» deyir. Amma onun bəlkə ilk və yəqin ki, son dəfə tribunaya çıxmasını mən görməmişəm. O, tribunalardan düşməyən, kabinetlərin qapısını döyən yaşıdlarından seçilir. Mən tribunadan çıxış etmək, hansısa xahişlə kiməsə üz tutmağın mütləq anlamda pis bir şey olduğunu vurğulamıram. Sadəcə, söz Şəfəqdən gedir və onun xarakterinin məlum cizgilərini ümumən də olsa, anlatmaq istəyirəm. Amma bu «qeyri-fəallığın» ziyanı ilə birgə özəlliklə xanımlara xeyri də var. Sözsüz ki, başa düşən yanında. Nədən ki, zəiflik və zəriflik fərqli şeylərdir. Məncə, qadın öz mənəmlik iddiası, məkri, hikkəsi, bir sözlə, çıldırı-saldırılarından çox, zərifliyi ilə güclüdür. Onun nəcabəti ən kötü gücləri susduracaq güclü yaraqdır və Şəfəq belə yarağa sahib xanımlardandır. Onun şeirləri də güclü zərifliyin poeziyasıdır. *** Şairləri üç tipə bölmək olar: dışarı aləmdən yazanlar, yəni epik şairlər; iç dünyasını sərgiləyənlər, yəni liriklər; bu ikisini üzvi birgəlikdə götürənlər. Sözsüz ki, bunlardan ən idealı üçüncüsüdür və ən çətini özünü görə-görə həm də kənara baxmağı bacarmaqdır. Amma bu üç tipdən hansına mənsubluğun bədii istedadın dərəcəsinə ciddi anlamda dəxli olmaz. Əsas odur ki, istedadın və səmimiyyətin olsun. Lirik-fəlsəfi şair olan Şəfəq, məncə, bunlardan məhrum deyil. Şəfəq xanım 90-ların yetirməsidir, tarixə devrim və savaş illəri kimi girən, bir sistemdən o birinə ağrılı keçid dönəmi kimi anılan 90-ların… Amma onun şeirləri çağın toplumsal-siyasi olayları yox, sözün ilkin və ölümsüz sirdaşı olan sevgiylə ilgilidir. 70-lərin təxminən sonunda o vaxtkı gəncliyin sevimli şairi Nüsrət Kəsəmənli məktəbimizin müsafiriydi. Və bir nəfərin «Niyə ən çox məhəbbət mövzusunda yazırsınız?» sorğusunu belə cavablandırdı: «Çünki hər şey gəldi-gedər, məhəbbət isə əbədidir. Füzuli ona görə ölməzdir ki, şeirlərinin əksərini bu əbədi mövzuya həsr edib». O vaxt bu cavabın məntiqi məni tutmuşdu. Amma indi düşünürəm ki, Nüsrət bəyin bu «kaliteli» cavabında bir az diplomatik xəlitə var. Çünki şairin ölümsüzlüyü düşünüb yazması ümumən absurddur. O nəyi bacarsa, onu da yazar, ölümsüzlük isə sonrakı işdir. Şəfəq, sözsüz ki, nə Füzuli, nə də Nüsrət Kəsəmənlidir, eləcə Şəfəqdir. Amma R.Rzanın dili ilə desək, «Rəsul Rza Rembo deyil, nə olsun, heç Rembo da Rəsul Rza deyil». Heç zaman Füzulidən danışmayan və ölümsüzlük iddiasında bulunmayan Şəfəqin sevgi anlamı isə Füzuliyə daha yaxındır, nəinki N.Kəsəmənlinin. Olsun ki, bunun bir nədəni də onların yaşadığı zamanlardadır. Çünki şeirlərində zamanla özəl bir ilişgi göstərməyən bu şairlər öz zamanlarıyla ilgilidir. Axı «insanlar ata-analarından çox zəmanələrinin övladlarıdır» (Hz. Əli). Şəfəqin zamanıysa Füzuliyə ruhən daha yaxındır. O, lənətlə damğalanmış ateist-materialist Sovetlər Birliyi dönəminin şairi deyil. Dünya anlayanlar üçün təpədən-dırnağa işarələr sistemidir və Şəfəqin məhz Füzulinin adını daşıyan bölgədə dünyaya göz açması da olsun ki, nəyəsə bəlgədir. Amma bu məsələdə zaman nəinki yeganə, həm də əsas səbəb deyil. Ana səbəb isə zamansızlıqdır. Çünki şair var ki, öz ruhunun zaman dışında yaşar və beləsi nəinki Füzuli, hətta Homerlə də «çağdaş» ola bilir. Zaman bədən, zamansızlıq isə ruh kimidir. Şəfəqin sevgi lirikası bədəndən arınmış duyğuların tərənnümüdür. Erotik duyğuları açıq-saçıq sərgiləmək, seksual «devrimçilik» bu lirikaya yabançıdır. Onun bədii antennası marçıltılar, xışıltılar, fısıltılar, cırıltıları tutmaz, ürəyin, ruhun diktəsini yazar. Ürəyə və ruha qədərki konuları isə Şərq-müsləman xanımı kimi kitabına salmaz. Olsun ki, onlar virutal röya qatında yaşanar, şeirə gəlib çatanacan isə röya kimi də dağılar:
Dünyam başdan-başa yuxu içində. Röyada sevmək, aşkarda ölmək… Cəzam sevməksə, qoy çəkim. Məni yuxularıma bağışla, Allah! Şəfəqin şeirləri müəllifin fərqinə varmadan yaratdığı klassik sevgi «konsepsiya»sıdır: onun qaynağı, göstəriciləri, aşiqdə yaratdığı yeniliklər, dönəmləri… O, gözəllik önündə məsum bir heyrətdən doğar: Görüşdük həsrət dolu, işıqlı bir gecədə. İlahi, sən o gecə Əlçatmazdın necə də! Heyrətə düşən insan sevər, heyrətlənən şair isə həm də yazar. Sevgi gözdən qana, qandan ürəyə, ürəkdən ruha köçər. Bir sözünə bənd olub, sənə səcdə qılıram. Yoxsa ruhuna hopub orda məskən salıram?
(«Bu nə sirdir») Ruha varanda insanın özü haqqında yalançı «eqo»ya dayanıqlı baxışları alt-üst olar. O, indiyə qədər özünü bilmədiyini bilər. Anlar ki, insanın əsil «mən»i sadəcə bir şəxs olmaz. Mən, sən o, biz, siz, onlar təkcə şəxs əvəzlikləri yox, həm də eyni bir İlkin, Ölümsüz, Tək Şəxsin əvəzlənmələriymiş. «Mən» ən azı, ən azı «sən» deməkmiş. Beləcə, Sevgi deyə anılan bir fenomenin milyardlarla insana açılan, milyardlarla insana açılacaq gizlinləri bir gün Şəfəqə də açılar və o, aşiq olar: Damardan axan qanım eşqindən xəbər verir. Məndə də «sən» yaşayır bu nə sehir, bu nə sirr?
(«Bu nə sirdir?») Aşiq həyatın əsil anlamının cismani yox, mənəvi-ruhani yaşamda olduğunu anlar. Və sevgisiz həyatın varlığına heyrət də belə yaranar: Yaşayırıq röyada, sən atlı, mən piyada. Mən sənsiz bu dünyada, Nə yaxşı ölməmişəm.
(«Nə yaxşı») Sevgi sonucda Tanrıya varar. İnsana sevgi burda bir pillədir. Kimi ikinci pilləyə qalxar, kimi elə birincidə də qalar. Sevginin gücüylə içdən nurlandıqca, Ölümsüz Tanrıya doğru qalxdıqca isə zamansızlaşarsan. Sevginin təkcə şirin vüsal dəmləri yox, ağrı-acılı hicranı belə zamansızlıqdır. Şəfəq xanım bunu «zamanı itirmək» kimi dəyərləndirir: Hanı könlün inamı? Hanı məhəbbət, hanı? İtirmişəm zamanı mən bu zaman içində. («Zaman içində») Zaman-məkan dışına çıxdıqca duyğunun, düşüncənin yeni ölçüləri biçimlənər - həmişə zirvəsinə baxdığın dağın, indi zirvəsindən baxarsan. Şəfəqin poetik təzadlar sistemi və paradoksal məntiqinin kökü, olsun ki, budur. Təsadüfi deyil ki, onun bədii arsenalında təzadlar digər təsvir və ifadə vasitələrinə nisbətən aşkar üstündür. Bu təzadların bir yanı ənənəvi, o biri yanı isə özünəməxsus düşüncəyə söykənər. Şair antiqütblərin ortağında durduğundan eyni anda onların hər ikisini görər: Məzar yolu qısadır, qısadır ömür kimi. Məzar yolu uzundur, sonsuzdur bir sirr kimi. Ayrılığın içində qovruluram haçandı. Qəbirliklər özü də bir ünvansız ünvandı. Bu yolların kədəri ürəyimi ağrıdır. Bu yol mənim üçün yad, bu yol mənə doğmadır. («Məzar yolu qısadır») «Məzar yolu qısadır» şeiri Şəfəqin ana itkisindən doğan ağrılarına qoşulub. Onun şeirləri arasında vətən əsgərlərinin igidliyinə, şəhid analarının çəkilməz dərdinə, dünya xanımlarının seyyidəsi Fatimeyi-Zəhranın qutsal əzablarına qoşulan parçalar da var. O, sərbəstdə də, hecada da yazır, çarpaz qafiyələnmiş dördlüklərə də, xalq şeirinin geniş yayılmış biçimlərindən qoşmaya da üz tutur. Lakin onun lirikasının əsasında sevgi mövzulu, nəğmə ahəngli yeddiliklər durur. *** A.Lunaçarski yazırdı: «Şeir ilk öncə nəğmədir, yerdə qalan hər şey isə prozadır». Şəfəqin əksər şeirləri nəğmədir. Elə nəğmə ki, oxuyanın nəinki qışqırığını, hətta özünü zərrəcə gücə saldığını belə duymazsan. Səssiz axan bulaq, ana laylası kimi bu nəğmələrdə hər şey tül qədər zərif emosiya-düşüncə axarına bələnər. Bu şeirlərdən Şəfəqin heç vaxt üzünü görmədiyim anasının səsi gəlir. Saxta pafos, patetika, hay-küy, səsini başına atmaq bu səsin sahibinə yaddır: Mən şair deyiləm, qəlbimin döyüntsünü ağ vərəqlərin qulağına pıçıldayan səsəm. Amma bu səssiz pıçıltılar sönüklük deyil. Bu, nəcib birisinin ən gərgin anlarda belə təmkinini saxlamasına bənzər. Beləsinin istər sevincdən doğan coşqunluq, istərsə də kədərdən yaranan yanğısı, dərindən yaşadığı duyğularının gərginliyi üz-gözündən bilinər, hətta boğazına qədər gələr, amma dışarı çıxmaz. Və bütün bu rəngarəng duyğular izsiz ötüşməz, səsin dışına yox, içinə hopar, onun diapazonunu dəyişməsə də, semantik vurğusuna təsir edər. Şəfəqin şeirləri də boğazdan yuxarı qışqırmır. Onun yaşantılarının dramatizmi səsinin gücü yox, rəng çalarlarındadır. Zərif bir xanımın hörmət doğuran həyası onun bədii intonasiyası, poetik diksiyasının müəyyənlik artiklidir. Bu həya Şəfəqin tembrini yüz səsin içində belə seçib ayırmağa yetər. Tələbəlik illərimdə V.Mayakovskinin bir məqaləsini oxumuşdum: «Şeiri necə düzəltməli?» Şeirə bu cür istehsalçı texnoloq münasibəti o vaxtlar mənə qəribə gələrdi. İndi görürəm ki, «intellektual» şairlərin çoxu, doğrudan da, şeiri qoşmur, düzəldirlər. Amma nə qədər pişik başı bəzəsən də, ürəkdən gəlməyən şeirlərin ürəklərə təsiri də olmaz, oxunub ordaca qalar, kağızıstanda dəfn olunarlar. Şəfəq şairlik eləmir, şeir yazır. O, aşırı metaforik aksessuarlar, gözə girən poetik makiyajla süni bədii dil baryeri yapmır. Kristial saflıq və lüzümsüz rekvizit basırıqlığından uzaqlıq isə onun düşüncə interyerinə nəfəs genişliyi verir. Burda diqqəti mətləbdən yayındıracaq heç nə yoxdur. Obrazlı, gözəl ifadə «düzəltmək» onu ilgiləndirməz. Əvəzində insanı mənalı düşüncə sonuclarına vardıran gözəl duyğunun özündən danışar. Şəfəqin poetik sintaksisi də sadədir, təbiətin özü qədər sadə, yaxud sadəliyin özü qədər təbii... Amma bu, «oğurluqdan da pis olan sadəlik yox, mürəkkəblikdən keçib gələn sadəlikdir» (A.Aleksin). Onun şeirləri sevən ürəkdən qan içir, rahatsız düşüncələrdən süzülür, poeziyanın təbii qanunauyğunluğu ilə bütöv və canlı doğulur. Burda söz sözün ardınca qoşur, misra misranı izləyir, bənd bəndi gəlişdirir. Bir-birini dabanqırma qovaraq sahilə çırpılan ləpələr kimi bu melodik axarda da aritmiya ilə üzləşmirsən, söz tilişgələri beyninə batmır. Üzdən mərmər misraların altında müəllifin kövrək qürurunu görmək, istər taleyə, istərsə də topluma qarşı gizli, amma dərin etirazını, daxili fəryadını eşitmək isə böyük həssaslıq istəmir: bu kimin taleyidir mən yaşayıram? axı mən bu ömrü sürməli deyildim… Şəfəqin bütün iç dünyası - insanlıq ləyaqəti, qadınlıq məlahəti, şair obrazı avtoportret yanrında yazdığı «Mən tənha qu quşuyam» şeirində aydın görünür: Mən tənha qu quşuyam, dərdlərimlə baş-başa. Cah suya çırpınıam, gah qayaya, gah daşa. Güman ki, Şəfəqin şeirlərinin melodikası bəstəçilərimizin diqqətini çəkər və onlar bəstəsi özündə olan bu şeirlərə oranjimanlarını verərlər. Yeri gəlmişkən, artıq bu şeirlərdən bir çoxuna mahnı bəstələnib. Bu mahnılardan biri isə qədərincə populyardır: Gah borana düşdüm, cah qara düşdüm, Mən sənin yoldunda yollara düşdüm. Axırda çiçəkli bahara düşdüm, Sənin görşünə gəldim bu gecə. («Bu gecə») Təəssüf ki, plagiatın geniş yayıldığı, müəllif haqlarının isə qorunmadığı bir dönəmdə bu mahnının istər bəstəçi, istərsə də ifaçısı mətnin əsil müəllifinin kimliyini «unudur», titrlərdə yazdırmırlar. Görünür, mətn üzərində apardıqları özbaşına redaktənin onlara bu haqqı verdiyini zənn edirlər. Tənha qu quşu isə susar… Ögey taleyi, yad ömrü yaşamağın doğma əzabları ilə baş-başa durar - susar, lələkləri havaya, arzuları zamana sovrular - susar, dərdi sulara, ağrı-acısı qayalara, daşlara dönər - susar… Və səbrliləri sevən Tanrı rəhmə gələr. Bir gecə mələklər havaya sovrulan lələklərdən şəfəq saplarla nurlu bir don tikər, zamana sovrulan arzularla onu bəzərlər. Arayar-axtarar, gözdən-qulaqdan, əldən-ayaqdan uzaq Bakı adlı şəhərdə bir qızcığazı yuxudan elərlər. Dondan bir lələk çəkər, «Bu donu gey, bu lələyi götür, o tənha quşun dərdini yaz» deyərlər. Səhər açılar. Qızcığaz quş qanadlı, adam gözlü mələklərin gecəynən qonaq gəldiklərini heç kimə deməz, qorxar ki, inanmasınlar. Axı Gecə xanım gedəndə qızı Səhərə nurlu donu xəyal qarderobuna, zər qələmi xatirə qələmdanına qoymağı tapşırıb. O sirli gecədən nurlu gündüzlərə qalan isə masa üstündəki bir parça kağızdır: Həyat öz axarında, insan öz istəyində. Mən tənha qu quşuyam, kədər var ürəyimdə…
|
|