Paslı açarlar Bakıdakı Təzə bazarda gördüyüm mənzərədən sonra yazılıb. Təzə bazarın köhnə, daha doğrusuzir- zibil hesab etdiyimiz, əşyalar satılan unudulmuş hissəsi... Burada hər şey köhnədi, hətta satıcılar da. Çünki onlar da sahibləri tərəfindən bir daha heç xatırlanmayacaq dərəcədə çoxdan unudulmuş əşyalar kimi çoxdan yaddan çıxarılıblar. Hamısının üzündə bir ifadə var: Yoxsulluq! Dünya öz yolu ilə, onlar da öz yolları ilə gedirlər, ancaq dünya ilə kəsişən yolları hər günümüzün xüsusi isminə çevrilmiş Yoxsulluqdan, Amansız Aclıqdan keçir... Bazarın bu hissəsində "piştaxta" hesab olunan – torpaq üzərinə dağıtdıqları köhnə-köşkülü satıcılar yenə də bir təhər işə keçirirlər, amma bir şeydən başqa: Nimdaş, yırtıq kostyum-şalvar geyinmiş bir qocanın qarşısına qoyub satdığı bir topa kilidsiz paslı açarlardan başqa. Hər kəs bu qocanın satdığı kilidsiz paslı açarlara maddım-maddım baxıb əvvəlcə təəccüblənir, sonra özünü toxtayıb, - əşi, başı çatmır,- deyib saymazyana yanından ötür. Qoca isə gülümsəyir içində, lakin kədər görmək olar ikrah dolu əzəmətli üzündə... Ey qoca, içində gülürsən, çünki o paslı açarların sirrini təkcə sən bilirsən, sən onların tarixini özün qədər sevirsən. Bilirsən ki, o kilidsiz açarlar sevgiyə möhtac, qayğıya susamış evlərin açarıdır. Bilirsən ki, o açarlar haqsızlıqla canlar çürüdülən ədalətsiz zindanların açarıdır. Bilirsən ki, o açarlar kabinetlər qarşısında tökülməkdən özü-özündən həyalanan abrımızın açarıdır. Bilirsən ki, o açarlar günü-gündən özgələşən, düşkünləşən ruhumuzun açarıdır. Bilirsən ki, o açarlar daşdan çıxan ruzumuzun açarıdır... Yox qoca, bunlar nədir ki, o paslı açarların arasında Qarabağda qoyub gəldiyimiz mənzillərin də açarları var, əlaltından satılmış muzeylərin də açarları var, hələ bir az eşələsək Qarabağın da açarları var... Ancaq, ey qoca, indi sən satdığın itirilmiş açarların içərisində bir açar yoxdur, çünki o heç vaxt da olmayıb, o da, ağlımızın uzaqgörənlik açarı... Tənhalıqdan ağlayan qadın
Yenə tənhalıqdan ağlayan qadın, Baxarsan yollara yaşlı gözlərlə. Dərindir həsrətin zamanın kimi, Aldatma özünü yalan sözlərlə. Qara saçların da ağardı vaxtsız, Axı həyat dolu ürəyin vardı. Qəlbinə dəyəndə kədər yarası, Onu ovutmağa köməyin vardı. Gözləmə, o günlər qayıdan deyil; Sanardın hər bir şey gülür səninlə. Məhv et dünyasını zülmün, sitəmin, Barış bu həyatın, bu taleyinlə. Uca tut başını, burax diz çöksün Qarşında zalımın acı kədəri. Sevgiylə süslənmiş müqəddəsliyin, Fəth etsin inamla ülvi göyləri. Bəlkə anlayarsan Duruşum, baxışım, danışmağım da Söz olur yanında, əl çək, get daha! Köhnə nağılların məkruh səsindən Zülmətəm, inamım yoxdur sabaha. Gülmə üzümdəki kədər dünyama, Onsuz da gizlənir o, nəzərlərdən. Sonu müəmmalı həyat içində Bilmirsən bu ürək keçir nələrdən.
Mənim sükutumu bilmək istəsən, Səssiz arzuların səsini dinlə. Dolmuş gözlərimdə donan ümidim, Ağlayar, sızlayar onda səninlə.
Qayıdıb özünə, dərin nəzərlə Seyr et həqiqəti, seyr et yalanı. Süzülüb ziddiyyət qaranlığından, Bəlkə anlayarsan hər bir insanı.
Mələklər qapına təzimə gələr Bu dərdli sinəmdə qapında hər gün Ahu-zar eylərəm, ya Rəsul Allah! Dalıb nurundakı rəhmət selinə Sevgidən ağlaram, ya Rəsul Allah! Xəstə könüllərə məlhəm bəxş edən, Səninlə aləmi gözəllik sardı. Ey xəlq olmuşların ən xeyirlisi, Rəhmətin qəməri ikiyə yardı. Heyranın olmayan varmı birisi?! Gecə də, gündüz də adını söylər. Içməkçün qəlbindən kövsər suyunu Mələklər qapına təzimə gələr. Titrədər yerləri, göyləri səssiz, Qəlbimdə çağlayan kədər ağrısı. Ruhuma qanad ver, ruhuma ruh ver, Odlanar içimdə həsrət yanğısı. Sadiq qul-kölənəm, unutma məni, Səslərəm, ya Rəsul, səni yaralı. Diz çöküb, yalvarıb, şəfaət dilər Qarşında vüqarsız yazıq Vüqarlı.
|