|
Üçüncü kərə «qarşı» sözünə qarşı» və başqa dərdlər II Yazı Həftə günlərinin adları hal-hazırda belə adlanır. (Həftə sözünün özü də dəyişilməlidir). Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar. Fikir verin! Burda çərşənbə, cümə, şənbə, bazar sözləri bizə yaddır. Günlərin sıralanmasında da bir dolaşıqlıq var. Həftə şənbədən başlayır - deyirlər. İndi baxın! Şənbə, bazar, Bazar ertəsi və çərşənbə axşamı mənasına görə çərşənbə axşamı səşənbədir — yəni üçüncü gündür. Amma burada dördüncü gündür. Bazar ertəsindən saysaq ikinci gündür. Axı, niyə günlərimiz dolaşıq düşüb. Niyə, bu dolaşıq düyünü indiyədək açmayıblar. Əvvəllər, yadımdadır. Günlərin adları təkhecalı sözlərdən ibarət idi. Tək, süd, duz və s. Hanı bu adlar, hanı bu sözlər? Fars dilində həftənin adları belədir. Həftə də fars sözüdür. Yekşənbə, düşənbə, səşənbə, çaharşənbə, pəncşənbə, şənbə, bazar. Bizim həftə günlərimizdə vaxtı ilə salı, adna sözləri də var idi. İndi bunlar unudulub. Türkiyədə günlərin adı belədir; Cuma, Cuma ertəsi, Pazar, Pazar ertəsi, Salı, Çərşənbə, Perşənbə. Elə burda da gün adlarının əksəriyyətini gəlmə sözlər təşkil edir. Və burda da günlərin sırası gözlənilməyib. Eyni dərddəyik. Günlərin adlarını dəyişilməsi üçün mənim bir neçə təklifim var. İndi, buna layihə deyirlər. Birincisi budur ki, mütləq həftə sözü Yeddigün sözü ilə dəyişdirilsin. Günlərin adları belə sıralansın. Günbir, Güniki, Günüç, Gündörd, Günbeş, Günaltı, Günyeddi. Bu bir layihə! Və yaxud bərəkətə görə: Arpa, Buğda, Sünbül, Xərmən, Dəyirman, Təndir, Çörək. Bu da ikinci! Ya da rənglərə görə günlərin adları; Boz, Qırmızı, Narıncı, Göy,Yaşıl, Mavı, Ağ, Ya da, təkhecalı sözlərdən düzələn adlar! Duz, Od, Su, Yer, Göy, Süd, Ay (-) gynləri! Hallananda belə olacaq. Yeddigünün Sünbülündə. Yeddigünün Arpa günündə. Yeddigünün Boz günündə. Yeddigünün Duz günündə. Əlbəttə, bu Yeddigünlərdən birini seçmək gərək! Oxucuların da fikirlərinə möhtacam. Bu iş bir adamın işi deyil. Ümumxalq işidir. Bu cür təsnifatı aylarm adları ilə də aparaq. Köhnəlmiş ay adlarından yorulmuşuq. Deyərlər, bütün dünya qloballaşdığı halda, bu nə şıltaqlıqdır. Bu nə millətçilikdir. Bu nə şıltaqlıqdı, nə də millətçilik. Sadəcə olaraq, bu adlar bizə yaddır. Çar Rusiyasının və qırmızı imperiyanın güclə bizə verdiyi adlardır. Azad ölkənin ay adları da azad olmalıdır. Ay adlarını sadalayaq; Yanvar. Fevral, Mart, Aprel, May, İyun, İyul, Avqust, Sentyabr, Oktyabr, Noyabr, Dekabr. Gör, bu sözlərin içində sənin dilindən bircə kəlmə söz varmı?! Gəlin bu adları dəyişək. Martdan başlayaq! Bizim Yeni ilimiz Novruz bayramından başlayır. Mart olsun - İlkyaz, Aprel - Yağış, May - Qızılgül, İyun - Bülbül, İyul -Gün - Ay, Avqust - Qorabişirən, Sentyabr -Yarpaq, Oktyabr -Əkin, Noyabr - Çiskin, Dekabr - Qırov, Yanvar - Qar -Boran, Fevral - Sis- Duman. Türk təqvimində ayların adı belədir. Yanvar - Ocaq, Fevral - Şubat, Mart - Mart, Aprel - Nisan, May -Mayis, İyun - Həziran, İyul - Temmuz, Avqust - Ağustos, Sentyabr - Eylul, Oktyabr - Əkim, Noyabr - Kasım, Dekabr – Aralıq, Türkiyə türkcəsində də ayların adları ordan- burdan gəlmədir, bərbaddır, qarışıqdır. Bu adları da milliləşdirmək lazımdır. * * * Yenə də qayıdaq «qarşı»ya. Mən qarşı sözünə qarşı çıxmıram. Mən qarşı sözünün yerini tapmayanlara qarşı çıxıram. Qarşıda qarşıdan da çətin sözlər var. Bu gün qarşı sözünü yerində işlətməyən aparıcı, qəzetçi, yazıçı, jurnalist sabah rast gələcəyi haqq və ədalət sözlərini işlədəndə çaşmayacaq ki, görəsən? Yoxsa, onlara o qədər azadlıq və demokratiya verilib ki, haqq və ədaləti unuda bilərlər. Bu da bu günün aynasıdır. Soruşarlar ki, nə tutmusan bu qarşının yaxasından? Yorulmadın, dadaş? Əl çək, bu qarşıdan! Əl çəkmərəm, Qarşı tərəfi razı salmaq üçün qarşını yerində işlətmək - gərək! Bu söz - şeirdə daha tez gözə dəyir. Yerində işlənib - işlənməməsindən bilinir ki, bu şairin qabında nə var. Şairdir, yoxsa yox. Bu yazıları yazmağa başlayandan öyrəndim ki, Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsinin dərdləri də eynidir, uğurları da! Yeri gəlib, burda bir neçə kəlmə də ortaq dil və ortaq əlifba haqqında düşündüklərimi də sizinlə bölüşüm. Əlbəttə, fərqli düşünənlər də var. Qoy olsun! Həqiqət mübahisələrdə meydana çıxır. Son illərin yaxınlığı zamanın işi olduğu üçün bilməliyik ki, nə qədər uzaqlaşmışıqsa, o qədər də yaxınlaşmalıyıq. Bütöv dilimizin qollara ayrılmasına nə qədər vaxt sərf olunubsa, bütövləşməsinə də o qədər, (o qədər də olmasa) çox vaxt lazımdır. Hələlik Türkiyə türkcəsindən istifadə etmək olar. Bu hələ, ortaq dil deyil. Ortaq dilə ortaq əlifbadan keçib gəlmək lazımdır. Belə bir əlifba yaranarsa iki dil arasında əsil körpü olar. İki dil arasında yeni bir Bosfor keçidi olar.Belə bir əlifba olsa hər iki tərəf bundan ürəkli istifadə edə bilər. Həm Türkiyə türkləri, həm Azərbaycan türkləri biri-birlərinin kitablarını oxuyarlar, biri-birlərinin dərdlərinə şərik olarlar. Sevincləri ilə sevinərlər. Ortaq əlifbanı yaratmaq üçün hər iki tərəf biri-birinə güzəştə getməlidir. Mənim bir neçə təklifim var.
Birincisi budur ki: Hər iki əlifbada olan «Ç» hərfi ilə «C» hərfinin yerləri və adları dəyişdirilsin. C və Ç kimi sıralansın. Odur ki, «quyruq» ikincidə olmalıdır. Eynən S hərfi ilə Ş hərfı olan kimi. Belə olanda əlifbada hərflər arasında paralellik yaranacaq. Əlifba sistemə düşəcək, gözəlləşəcək.
İkincisi budur ki: Ortaq əlifbada «E» hərfi ilə bərabər «Ə» hərfi də olmalıdır. Hal - hazırda birində «Ə»-var, birində yoxdur. Hər iki dildə «Ə» hərfi ilə başlanan və içərisində «ə» olan minlərcə söz var. Əgər «ə» yoxdursa, sözlərin qəsdən «e»-ləşməsinə gətirib çıxarır. Ə-hərfı dünya əlifbalarının bir çoxunda var. Ən çox işlənən, ən zərif, ən incə saitdir. İçərisində «ə» olan bütün sözlərə yaraşır.
Üçüncüsü budur ki; Ortaq əlifba üçün «X» hərfi də gərəklidir. Əgər «j»-hərfı ilə hər iki dildə, əsasən xarici dillərdən keçmə - onlarca sözə görə «j» hərfi varsa və hər iki dildə «x» hərfi ilə yüzlərcə söz varsa, niyə, onda «x» hərfı olmasın.
Dördüncüsü bulur ki: K ilə Ka ayrılmalıdır. K- ilə kənd, kəsək, Ka ilə Konsul. Komissar sözləri yazılır. Bir hərfdə iki səs var. Halbuki bir hərfdə bir səs olsa yaxşıdır. Bir yuvada iki müxtəlif quş yaşaya bilməz. Birinci «K» əvvəlki kimi yazılsın, bütün milli sözləri (kənd, kəsək, kərpic) yazmaq üçün işlənsin. İkinci Kanın üstünə qövs çəkilsin, bax belə K k Ğğ hərfində olduğu kimi burda hərflər arasında paralellik yaranacaq, simmetriya gözləniləcək. Bu naxışlar əlifbada xalça butalarına bənzəyəcək. Bu bölünmənin bir məziyyəti də budur ki, əvvəllər «Qq» - ilə yazılan bütün sözlər də indən belə qövslü «Ka» ilə yazılacaq. Əlifba bir az da yungülləşəcək. Gəlmə sözlər: - konsul, komitə, komissar ilə bərabər, qız qəşəng, qarış, qarışqa sözləri də bu hərflə y azılacaq. Demək əlifbada; C hərfi ilə Ç hərfi, S hərfi ilə Ş hərfi Bir cüt qoşa, ekiz buta. Bu hərflər bir-birlərindən «quyruq»la ayrılıcaqlar. K hərfi ilə Ka hərfi G hərfı üə G hərfi Bir cüt qoşa ekiz buta. Ba hərflər bir-birlərindən «qövs»lə ayrılacaqlar. Eləcə də O hərfi ilə Ö hərfi, U hərfi ilə Ü hərfi də bir cüt qoşa, ekiz butadır. Bu cütlüklər bir-birindən «iki nöqtə» ilə fərqlənəcəklər. Bütövlükdə bütün bu «quyruq»lu, «qövs»lü, «iki nöqtəli» hərflər - alt cüt buta. Həmin əlifba - xalçanın naxışları olacaq. 1. Türk əlifbası Aa, Bb, Cc, Çç, Dd, Ee, Ff, Gg, Ğğ, Hh, Iı, İi, Jj, Kk, Ll Mm, Nn, Oo, Öö, Pp, Rr, Ss, Şş, Tt, Uu, Üü, Vv, Yy, Zz. (29hərf, 30səs.) 2. Azərbaycan əlifbası Aa, Bb, Cc, Çç, Dd, Ee, Əə, Ff, Gg , Ğğ , Hh, Xx, Iı, İi, Jj, Kk, Qq, Ll, Mm, Nn, Oo, Öö, Pp, Rr, Ss, Şş, Tt, Uu, Üü, Vv, Yy, Zz. (32 hərf, 33 səs) 3. Ortaq əlifba Aa, Bb, Cc , Çç, Dd, Ee, Əə, Ff, Gg, Ğğ. Hh, Xx, Iı İi, Jj, Kk (kənd), Kk (konsul), Ll, Mm, Nn, Oo, Öö, PP, Rr, Ss, Şş, Tt, Uu, Üü, Vv, Yy, Zz. (32 hərf, 32 səs) P.S. Bu əlifbada A, B-dən sonra gələn birinci hərf c=cı-dır, quyruqsuz. İkinci hərf ç=çı-dır quyruqlu. * * * 20-ci əsrin 40-cı illərində Şamaxıya getmişdim, Çarhan kəndinə baş çəkəcəkdim. Gəldim yol ayrıcına. Gördüm, yaşlı bir kişi arabaynan keçir. Qışqırdım: - Arabaçı, saxla minim! Arabaçı saxladı. Mən də mindim. Soruşdum: Çarhana gedirsən. Başı ilə «hə» - dedi. Sonra dedi: Övlad, eşit, qulaq as! Arabanı saxlamazlar, arabanı əyləyərlər. Adam arabaya minməz. Ata minər. Adam arabaya qalxar. Yol boyu Tofiq Fikrətdən, Rza Tofiqdən, Orxan Seyfı Orxandan şeirlər dedi. Şirin dilindən doymadım. Sonra dedi: -1918-də gəlmişdim. İndi Mərəzədə yaşayıram. Bir Şirvan gözəli məni burda saxladı. Yol boyunca hələ çox ibrətli sözlər dedi. O, baba idi, mən nəvə. Mənə nəsihət idi bu sözləri. Çarhana çatdıq. Dedim: -Arabanı, əylə, düşüm. Yenə hirsləndi. Əyləni düz demişdim. «Saxla»- demədim. Amma. O: - Yahu, övlad! Daş düşər, adam düşməz! Adam enər - dedi. -Dedim, baba bağışla, arabanı əylə, enim. Dedi: - Bu doğru! Sonra soruşdu: - Adın nədir? Dedim: - Fikrət! Deyirlər mənim adımı Şamaxılı Soltan Məcid müəllim qoyub. Şamaxılılar ona Soltan Məcid Əfəndi deyərdilər. Dedi: - Onda Tofiq Fikrətdən dediyim şeirlər, lap yerinə düşüb ki! * * * Bir müddətdən sonra Çarhana bir də gəldim. Müharibə qurtarmışdı. İnsanların qırışığı bir az açılmışdı. Soruşdum: - Mərəzədə yaşayan o qoca türk dururmu ola?! Dedilər: - Bu qış dünyadan köçüb. Dünyadan köçsə də mənim qəlbimdən köçməyib. O, mənim gözümü açdı. Türkü mənə tanıtdı. Türk şeirini mənə sevdirdi. Pəltək sözlərimi düzəltdi. Türkün arabaçısı budursa, gör, bunun şairi, müəllimi, alimi nə mərtəbə ucadır. «Türklər bir irq və bir millət olmaq etibarilə yer üzünün ən şərəfli insanlarıdır». (Lamartin) «Nə xoşbəxtdir türkəm, deyən!» (Mustafa Kamal Atatürk) Müdrik qoca! Allah, sənə qəni-qəni rəhmət eləsin, ömrümün səhərində mənə rast gəlib, məni bu günümə göndərdin! Öz ömrünü qardaşının azadlığına qurban verdin. Qürbətdə yaşadın, amma qərib olmadın. Şamaxı sənə ana Vətən oldu: Burda sevib-sevildin. Burda övladların gəldi dünyaya. Millətə qarışdı. İndi heç birini, biri-birindən ayırmaq olmur. Budur türk yurdsevərliyi, millətsevərliyi, azadlıqsevərliyi və cömərdliyi! «Azadlıq - türkün həyatıdır!» (Mustafa Kamal Atatürk) * * * Türk dili təkhecalı sözləriylə zəngindir. Ay, Su, od, Gün və s. Bu dilin çox qədimiliyinə dəlalət edir. Türk dilində səs təqlidi ilə yaranan sözlər də çoxdur: su şırıltısı, yarpaq xışıltısı və s. Səs təqlidi ilə yaranan sözlərin də çoxluğu dilin çox qədimiliyinə sübutdur. «Herodotun Taryunaus, Tövratın Taqarıma adlandırıb, haqqında danışdığı türk - bu tarixdən və bu müqəddəs kitabdan daha çox qədim əsrlərin tanıdığı bir millətdir». (Hammer) * * * Türk dili - dünya dillərinin ilkinlərindən biridir. Qədim türk əlifbası da dünyada yaranan əlifbaların ilkinlərindəndir. Türk dili - aqlyutinativ - iltisaqi dillər qrupuna daxildir. Dünya dillərinin çoxu iltisaqi dillərdir. Burda söz yaratmaq imkanı çox genişdir. Sözdüzəldici şəkilçilərin köməyi ilə yeni-yeni düzəltmə sözlər və yaxud bir-iki sözün birləşməsi ilə yeni-yeni mürəkkəb sözlər yaranır. Şəkilçi qoşmaqla bir sözdən beş, yeddi və daha çox söz düzəltmək olur. Məs: Qorx, qorxu, qorxut, qorxaq, qorxudan, qorxan, qorxudulan, qorxulu, qorxunc, qorxa-qorxa. Bu ki, lap doqquza - ona çatdı. Başımızı ucaltdı! Güldan, Nəməkdan və bunlara bənzər xeyli söz fars dilindən birbaşa dilimizə qarışıb. Biz bu sözləri gülqabı, duzqabı kimi də işlədirik, sözlər daha da doğmalaşır. Fars dilindən abru (üzün suyu) sözünü alıb, abır eləmişik. Dilimizdə bu cür düzəldilən öz sözlərimiz ümmancadır. Məs: İstiot. Çox sərrast deyilib. Dilin kəşfidir - bu! Bu cür sözlər hesabına dilimiz daha da zənginləşəcək, Ortaq dilin lüğət tərkibi günü-gündən artacaq. Dilimizdə elə sözlər də var ki, elə bil türkcə-farsca lüğətdən qopub, düşüb. Məs: Uığ-cəm, uzundıraz. Bu sözlərin bir hissəsi türkcə, bir hissəsi farscadır. Bu cür qarışıq sözlər çox azdır. Barmaqla saymaq olar. Öz mürəkkəb sözlərimiz çoxcəhatəlidir, çoxmənalıdır. Genişliyi və rəngarəngliyi ilə seçilir. Məs: Qaraçuxa, çalpapaq, çirkətab, dəvədabanı, ayağıyalın, dəymə-düşər, Göygöl, doxsan, səksən, tükürpədici, xoruzquyruğu (çay), dördbucaqlı, gecəqondu və minlərcə biri-birindən gözəl - adı mürəkkəb, özü sadə və aydın olan sözlər. İkicə kəlmə də türk dilinin feilləri barədə! Bu feillər birər-birər qəhrəmanlardır. Heç bir dilə əyilməyib. Məğrur-məğrur durublar. Yeriyirlər, gəzirlər, gülürlər, ağlayırlar. Dilimizdə bir dənə də olsun başqa dildən keçmə - feil yoxdur. Milli sözü təkcə bunlara yaraşır. Bir də görürsən, bölgənin birində gözəl səslənən, mənalı bir söz, başqa bir bölgənin dilində pis səslənir və mənasızdır. Məs: Özbək dilində böyük sözü - ələngə kimi işlədilir. Ələngə - bizdə iri sümüyə deyirlər. Elə sözlər var ki, özbək deyəndə azərbaycanlı utanır, azərbaycanlı deyəndə özbək utanır. Türkiyə türkcəsində pıçıldamaq əvəzinə fısıldamaq işlənir. Pıçıldamaq pıçıltı sözündən yaranıb. Pıç-pıç danışmaqdan nəşvü- nüma tapıb. Amma fısıldamaq pıçıltını vermir. İlan fısıldayar. Ya kök adam fıs-fıs nəfəs alar. Başqa bir söz! Yenə Türkiyə türkcəsində mırıldamaq sözü var. Bizə görə it mırıldanır, ya pişik. İnsan zümzümə edər, mızıldayar. Ortaq dil olanda bu cür sözlər mürur - zamanla öz-özünə dəyişəcək, cilalanacaq, hamarlanacaq, dəqiqləşəcək, təbii seçmə qanunu ilə iki sözdən biri qalacaq. Hər iki tərəfin işlətdiyi sözə çevriləcək. Ortaq dil - hər iki dili təmizləyəcək. Bəzi sözləri biz «Y» hərfi ilə yazırıq. Məs: Yaponiya. Türkiyə türkləri isə «J» ilə - Japoniya yazırlar. Biz geoloji yazırıq onlar jeoloji. Ayrı cür, fərqli yazılan bu sözlər də ortaq dil olanda bir cür yazılacaq. Türkiyə türkcəsində əvvəllər «salam»- əvəzinə «gün aydın» - işlənərdi. Bizim böyük sənətkarımız Cəfər Cabbarlının pyeslərindəki adamlar (surətlər) bir-birbiriləriylə «gün aydın»la salamlaşırdılar. Nədənsə indi Türkiyədə «salam» əvəzinə «mərhəba» işlədirlər. «Mərhəba» - ərəbcə «xoş gəldiniz» - deməkdir. Bu söz ən çox «əhsən» və ya «afərin» əvəzində işlədilir. Bu salamların içində bizə ən doğma olanı, ən aydını elə «gün aydın»dır. Gün aydın! Gözəl səslənir. Günaydına qayıtmaq lazımdır. * * *
Bu işi elm və sənət adamları şair və nasirlər, ədəbiyyatşünaslar və dilçilər, jurnalistlər, siyasətçilər, tele və radio aparıcıları kəndçi və fəhlələr görəcəklər. Amma. Ən ağır yük yenə qara camaatın, sadə xalqın çiyninə düşəcək. Çünki, dilin sadəliyi və kamilliyi ümumxalq işidir. Xalq kimdir? Elə bu sadə adamlar. * * * Şərqdə türk dilini hünər dili adlandırırlar. Qərbdə alman dili komanda dili olduğu kimi. Bu günlərdə, Yazıçılar Birliyinin Natəvan klubunda böyük türk şairi, İstiqlal marşının müəllifi Məhməd Akif Ərsoyun 100 illik yubileyi keçirilirdi. Türkiyənin dövlət himni - İstiqlal marşı oxundu. Hamı ayaq üstə idi, fərağat durmuşdular. Əzəmətlə səslənən himnin akkordları altında hamı özünü əsgər bilirdi. Əmr olunsaydı elə burdan bir başa Qarabağı azad etmək üçün yollanardıq. Sözlərin zəhmi, siqləti, həcmi, tutumu zalı bürüdü. Səs aşıb-daşdı, açıq pəncərələrdən çölə atıldı, küçə dolusu axaraq dənizə qarışdı. Biz görməsək də bildik ki, dənizi də oynatdı, qaynatdı. Sim kimi tarıma çəkilən səs dalğaları - dənizi də dalğalandırdı. Vətən gəlib keçdi göz önündən, türk döyüş tarixi varaq-varaq oxundu. Çanaqqala şəhidləri ayağa qalxdılar, sanki. Məhməd Akif Ərsöy göründü gözümüzə. Zalda bir ukraynalı jurnalist qadın var idi. Türk dilini bilməyə-bilməyə bilənlərin ağzından alıb, bizimlə bərabər himnin sözlərini təkrar edirdi. Səhərisi şair Abbas Abdullanın yanına gəlib təssüratını danışdı. Dünənki günün böyüklüyündən, o himnin sözlərində ox-yay, qılınc, güllə səsləri eşitdiyini dedi. Himnin çoxdan yazıldığına baxmayaraq hələ qocalmadığını bildirdi. Türk dilinin səfərbərlik və sirayətedicilik qüdrətindən danışdı. İlk dəfə idi ki, bir slavyan qadının türk dilinə bu boyda məhəbbət bəslədiyini gördüm. Bir daha inandım ki, türk Allahın Yerə göndərilmiş əsgəridir. Haqq və ədalət qoruyucusudur. «Hunlar fırtına kimi görünür və uçan quşlar kimi yox olurdular. Tanrının dövlət günəşini türk bürclərindən doğurmuş olduğunu və onların mülkləri üzərində göylərin bütün qatlarını saxladığını gördüm. Zəmanəmizin xaqanlarını onların arasından çıxardı». (Qaşqarlı Mahmud) «(Yerin)... altını üstünə çevirən, qırıb-tökən, silib-süpürən, qasırğanı səhər yeli ilə yumşaltmaq olarmı? Qorxunc daşları qabarda-qabarda yürüyən bir dənizi dərhal sakitləşdirmək mümkündürmü?! İldırımı külə çevirmək imkanı vardırmı?! İnsanlar və hətta təbiət «yox, yox, yox» deməkdə tərəddüt etməz, deyilmi?!. Halbuki, mən qasırğaların səhər yelinə, coşmuş dənizin sevimli bir gölə, İldırımın külə çevrildiyini gördüm. Türkdən bəhs edirəm. Düşmənə hücum edərkən qorxunc bir dənizə və (amansız) bir ildırıma bənzəyən türkdən. (Torkvato Tasso) * * * Azərbaycan-dünya türkləri evinin - qonaq otağıdır - desəm yerinə düşər. Təbiətinə, sərvətinə, qüdrətinə, keçmişinə, bu gününə, mərifətinə, mədəniyyətinə, sənətinə və gözəlliyinə görə bu təşbeh ona yaraşır. Babilstandan gəlib Altaya və Sibirə gedənlər, Azərbaycandan keçib, gediblər. Bu ölkə Şərqin qapısı olduğu üçün qonşular arası kəsilmədən bu qapını döyüblər. İndi də döyürlər. Ərəblər, farslar, ruslar, ermənilər, bu torpağa həmişə pis niyyətlə baxıblar. Müstəmləkə gözündə görüblər bu cənnət torpağı. Biz qapımızı dost üzünə açmışıq. Düşmənlə qılıncla danışmışıq. Bu məmləkət böyük Turanın bir parçasıdır. Dağlarıyla, çaylarıyla, düzləriylə türkə layiq bir ölkədir. Bu ölkədə yaşayan türklər də bu torpağa layiqdirlər. İndən belə də bu torpaqla bağrıbadaş olacaqlar... Torpaqla xalqın bu məhəbbəti dünya xalqlarına körkdür, nümunədir. Azərbaycan - türk üzüyünün gövhər qaşıdır. Azərbaycan - türk ağacının şah budaqlarından biridir. * * * Bir az da tərcümədən danışaq! Dilimizdə xeyli qələti-məşhurlar var. Gün çıxıb. Gün batıb, ün üyünüb, ölü ölüb. Və s. Amma, indi qəsdən, rus dilindən hərfi tərcümə yolu ilə elə sözlər uydururlar ki, adam lap məəttəl qalır. Qələti məşhurlar bu qələti eləməzlər. Məs: «Oddan təhlükəlidir.» Oqneopasno - sözündən əmələ gəlib. Bilmək olmur ki, «təhlükəli» nəyə aiddir. Benzin sisternasına, qaz balonına yaxud onlardakı mayelərə, yoxsa toxunduğu nəyəsə. Bu sözü aydınlaşdırmaq lazımdır. Oddan qoru! Odda yanan. Odahəssas. Odqapan. Oddanalışan. Oda həris. Oda mütamail. Hansını istəyirsən seç, götür. «Oddan təhlükəlidir» demə. Dünyada ən qorxulu fəlakət elə oddur. Odur ki, «oddan təhlükəlidir», ifadəsi səhvdir. Burda söhbət oddan qorxmaqdan gedir. «Oddanqoru» daha dəqiq olardı. * * * Bir necə kəlmə yer adları barədə. Bir alim İstanbul sözünün mənşəyini tapıbmış kimi danışırdı, deyirdi ki, İstanbul, guya «stan» və «bul» sözlərinin birləşməsindən əmələ gəlib. Stan -yer, bul-tap deməkdir. Yəni yer+tap, qədim bir şəhərin adı Yertap ola bilməz. İstanbul Konstantinapol sözünün təhrif olunmuş, türk dilində eroziyaya uğramış, sadələşdirilmiş, türkcələşdirilmiş variantıdır. Bu ad göydən düşməyib. Bu şəhər Bizans imperiyasının paytaxtı Konstantinapol adlanırdı. Soltan Mehmət Fateh bu yeri tapmayıb, 1453-cü ildə qurbanlar bahasına fəth eləyib. Konstantinapol dönüb olub İstanbul. Kürdəmir sözünün də bir vaxt «Kürə dəymir» - kimi başa düşürdülər. Dili-mizdə Kürdəmir, Kürdmaşı, Kürdəxanı yer adları da var. Bu sözlərin mənası elə adlarının üstündədir. Sözləri hecalara ayırıb, bir sözdən başqa sözlər yaratmaq olmaz. Kürdəmir elə Kürdəmirdir. «Kürə dəymir - uydurmadır». Bu cür yer adı olmaz ki! Yenə tərcüməyə qayıdıram. ASE-də işləyirdim. Coğraflya şöbəsindən mənə çaylar haqqında məqalələr gəlirdi. Burda çayın adı, eni, uzunluğu, dərinliyi, gəmi üçün yararlğı. Və bir də axırda, rusca «Lesasplav», sözü yazılardı. Mənim gözəl ensiklopediyadaşlarım bu son sözü «meşə axıdılır» tərcümə eləmişdilər. Meşə də axar?! Meşə bitən, ayaq üstə dayanan ağaclar toplusuna deyərlər. Bəs, çayda axıdılan nədir? Taxta-şalbandır (kəsilmiş ağacdır). Taxta-şalban biri-birinə dəmir qarmaqlarla bərkidilir, sal kimi çay boyu üzüaşağı axıdılır. * * * Və yenə həmin şöbədən mənə bir məqalə gəlmişdi, təəccüb elədim. Yolın çiyni! (Şosse yolunun çiyni var, guya) Dedim, bu söz hardandır? Dedilər rus ensiklopediyasından. Bəlkə də orda «Pleço doroqi» - sözü işləyir. Bizdə işləməz. Yolun köbəsi, zehi, qırağı, ortası olar, amma çiyni olmaz. Mən bu sözdən bir lətifə də düzəltmişdim. Bir gün işə gecikmişdim. Həmkarlar Komitəsinin sədri (elə coğrafıya şöbəsinin müdiri o, idi). Məndən soruşdu ki, niyə gecikmisən? Mən özümü itirmədim, dedim, işə gəlirdim, bir də gördüm asfalt yol qalxıb durub, ayaq üstə. Dedim: Yat, aşağı, keçim, gedim. Dedi: - Yatmaram. Dedim: -Adam-zadsan, bəgəm, niyə ayağa durmusan? Dedi: -Yolun çiyni varsa, onda mən adamam. Şöbə müdiri - arif adam idi, eyhamı göydə tutdu, başa düşdü. Gecikməyimi mənə bağışladı. Bir əhvalat da fikrimdən çıxmır. «Gənclik» nəşriyyatında, tərcümə şöbəsində işləyirdim. Bir gün nəşriyyatm direktoru mənim yanıma bir gənc qız göndərdi, dedi ki, bu qızın bacarığını yoxla. Böyük adamın qızıdır. Soruşdum: - hansı dili bilir. Dedi: Rus dilini. Gəldi. Dedim bir səhifəlik mətn verəcəyəm, tərcümə elə, baxaq! Dedi:- müəllim, çoxdur. Dedim: Yaxşı, onda yarım səhifəlik bir yazı verəcəyəm. Dedi: - Bu da çoxdur. Yadıma düşdü ki, böyük adamın qızıdır. Dedim, yaxşı, onda sənə tək bir söz verəcəyəm, 2 - saat da vaxt. Hətta, istəyirsən lüğətlərə də bax! Dedi: - lüğətlər lazım deyil. Söz verdiyim sözü verdim. Neprislonyatsya! Dedim. Bu mürəkkəb sözü tərcümə elə! Dedi: - Yaxşı. Kağız-qələm istədi, verdim, 2 -saat keçdi. Durdu mənə yaxınlaşdı. Yazdığı vərəqi mənə verdi. Oxudum, məni ildırım vurdu. Dedim: - Qəşəng qız! Sən Axundov adına rus dili İnstitutunu bitirmisən, 5-il oxumusan. Bir sözü tərcümə eləməkdə çətinlik çəkirsən. Bir də oxudum tərcüməni. «Fil yanında durmamaqlıq!». Dedim: Bərəkallah, qızım! Bunu sənə kim öyrədib. Dedi: müəllimim. Deyib ki, rus dilindən cümləni və ya sözü azərbaycan dilinə çevirəndə axırdakı sözü və ya hərfi əvvələ gətir. Mən də elə elədim. «Ne» - ayrı çastitsadır. Qoy, hələ burda qalsın. Sonra gəlir slon-fil, sonra gəlir pri-yanında sonra da gəlir «yatsya»-bu da inkar bildirən mamaq-məmək şəkilçisidir. Yuxarıdakı, «ne» — çastitsasını da sözə qoşanda oldu, «fil yanında durmamaqlıq!». * * * Bu da bir əhvalat! Yenə həmin şöbədə işləyirdim. Gördüm, bir tərcüməçi yazıb ki, «durna su içmək üçün quyunun dibinə enib-qalxırdı». Söhbət rus kəndlərində su quyularının üstündə quraşdırılan mancanaqdan gedir. Bu mancanaq bir ayağı üstündə dayanmış durnaya oxşadığından ruslar buna «juravel» - deyirlər doğrudan da durna deməkdir. Amma. Quyuya enib-qalxan durna deyil. Su qabıdır və zəncirdir. Keçən yazımda. Dovşanı qoltuğuna vurub, qatarda gedən adamdan yazmışdım. Rus dilində «on poexal zayçom», o deməkdir ki, o, biletsiz sərnişindir. Yəni. Dovşan kimi qorxa-qorxa vaqonun bir küncündə gizlənib gedir. Bu söz - idiomadır. Bunu hərfi tərcümə eləmək olmaz. Gərək qarşılığını tapasan. Bu qədər bəsdir, gələn yazı üçün də qoy bir az söz qalsın. Dil bilməyən aparıcını işə götürərlər. Əvvəllər belə deyildi. İşə girmək istəyəni imtahan eləyərdilər, sınağa çəkərdilər. İndi baxır qırımına, durumuna, qohumuna, dost tanışına bəlkə də lap puluna! Odur ki, bu adam dili bilməyə-bilməyə dil-dil ötür. Di, gəl buna dil yetir. Sözün düzünü desən işin bitir. Yenə qayıdıram «qarşı» sözünü yersiz yerə işlədənlərin üstünə. Özünüz bilin, siz nə qədər səhvlərinizi təkrar etsəniz. Mən də bu sözləri tapıb, təkrar-təkrar sizə deyəcəyəm. Siz təkrarı sevirsiniz, görürəm. Mən də! İkimiz də təkrarı sevirik. Amma, fərqli. Bir bu qədər dərdi, mən bir yerə necə yığdım, bunu bir Allah bilir, bir də «qarşı» sözü. Keşkə, sabahdan qəzetlər də, tele-kanallar da «qarşı» sözünü yerində işlədəydilər. Onda mən nəyi bəhanə edib, növbəti məqaləmi yazacaqdım, bilmirəm. İyul-Avqust, 2005
|
|