|
Bu, Vaqif Yusiflidir... 60 yaşını qeyd etməyə hazırlaşan tənqidçi Vaqif Yusifli “Körpü”nün qonağıdır... - Vaqif müəllim, icazə verin Sizi qarşıdan gələn 60 illik yubileyiniz münasibətilə öz adımdan və oxucularımız adından təbrik edim. Necəsiniz? - Sağ ol. Azərbaycanda tənqidçi necə ola bilərsə, eləyəm. - Gəlin, bir az əvvələ qayıdaq. Sizi tənqidçi Vaqif Yusifli olmağa gətirib çıxaran yol haradan başlayır? - Mən orta məktəbdə dərs əlaçısı olmuşam. Hətta mənə qızıl medal vermək istəyirdilər. Uşaqlıqda ən böyük arzum əmim Ramazan Əliyev kimi fizik olmaq idi. İki ol əvvəl vəfat etmiş əmim Azərbaycan Pedaqojı İnstitutunda dərs deyirdi. Amma ədəbiyyat müəllimim Xurşud Qasımov arzularımın istiqamətini dəyişdi – o vaxtlar tez-tez keçirilən oxucular konfransında Abdulla Şaiqin “Araz” romanını oxumağı mənə tapşırmaqla... Bir qədər sonra isə o, Bəxtiyar Vahabzadənin “Şəbi-hicran” və “Etiraf” poemaları haqqında məruzəni mənə tapşırdı. O vaxtdan mənim güclü yaddaşım olub. Yadımdadır ki, iki gün ərzində bu poemaların hərəsindən yüz misra əzbərlədim. Çıxışım gurultulu alqışarla qarşılandı. Elə bu alqışlar altındaca ədəbiyyatçı olmaq qərarına gəldim. Sonra da ki... - 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 1978-ci ildə aspiranturanı bitirdiniz. Həmin il akademik Kamal Talıbzadənin rəhbərliyi ilə Azərbaycan romanında qəhrəman və xarakter mövzusunda namizədlik dissertasiyasını müdafiə etdiniz. Bunlar tənqidçi Vaqif Yusiflinin keçdiyi ömür yolunun hamıya məlum faktlarıdır. Bəs naməlum faktları necə? - İndiki kimi yadımdadır. 1979-cü ilin oktyabr ayının 26-sı idi. “Azərbaycan” jurnalında işləyən İntiqam Qasımzadə mənə jurnal üçün Musa Yaqub haqqında məqalə yazmağı təklif etdi. Məqaləni yazdım. Sonralar başa düşdüm ki, mənə - gənc bir tənqidçiyə edilən bu təklif o vaxtlar jurnala yenicə baş redaktor təyin edilən Əkrəm Əylislinin öz komandasını yaratmaq ideyasının tərkib hissəsinə daxil imiş. - Bu komandanın üzvü ola bildinizmi? - Oldum. Ümumən, Əkrəm Əylisli yenilikçi ruha malik bir insandır. O, “Azərbaycan” dərgisində inqilabi dəyişikliklər etmək istəyirdi və etdi də. Bu məqsədlə də öz dünyagörüşü və ruhuna uyğun cavanları jurnalın ətrafında birləşdirmək istəyirdi. Baş redaktorun müavini tənqidçi Nadir Cabbarlı idi. Fikrət Qoca poeziya, İsi Məlikzadə və Məmməd Oruc nəsr, Natiq Səfərov tərcümə, Nemət Veysəlli publisistika bölmələrinə təyin edilmişdi. - Sizcə, komanda öz qarşısına qoyduğu məqsədə nail ola bildimi? - Şübhəsiz. Fəaliyyətimizin nəticələrini bir neçə məsələ ətrafında belə qruplaşdırmaq olar: birincisi, uzun illərdən bəri dərgidə dərc olunan məşhur ortababların ayağı dərgidən kəsildi; ikincisi, ədəbi gənclik yetişdi, məsələn indiyə qədər dərgi adətən Süleyman Rüstəmin şeirləri ilə açılırdısa, indi Ağacəfər Həsənli, Ramiz Rövşən, Vaqif Bayatlı, Vaqif Bəhmənli kimi gənclərin şeirləri ilə açılmağa başladı; üçüncüsü, ədəbi-tənqidi xətt gücləndirildi. Əkrəm müəllim həmişə mənə deyirdi: “İylənmiş ədəbiyyatşünaslıq yazılarını yaxın qoyma”. Asif Atanın dərgidə intensiv dərcinə xitam verildi. Bunun əvəzində Kamil Vəli Nərimanoğlu, Aydın Məmmədov, Nizaməddin Şəmsizadə, Rahid Ulusel, İlham Rəhimli, Şirindil Alışanov, Məti Osmanoğlu kimi cavanlara meydan verildi və yeni tənqidçilər nəsli yetişdi; üçüncüsü, Afaq Məsud, Dilsuz və sair kimi gənc nasirlərin timsalında yeni tipli bədii nəsr dərgiyə ayaq açdı; dördüncüsü, sovetizmə bayağı bəzək-düzək vuran publisistikanın yerini aktual mövzu, kəskin problematikalı publisistika tutdu; beşincisi, dərginin üfüqləri genişləndirildi, bu gün Azərbaycan bədii tərcümə sənətində iz buraxan Natiq Səfərlinin səyləri nəticəsundə Azərbaycan oxucusu Kafka, Folkner, Kamyü, Markes, Selincer kimi dünya ədəbiyyatı nümayəndələrini doğma dilində oxumaq imkanı əldə etdi. - Mən hesab edirəm ki, ömrünüzün 30 ili ilə bağlı olduğunuz “Azərbaycan” dərgisindən danışmaq elə sizin keçdiyiniz yoldan danışmaq deməkdir. Ona görə, növbəti sualımı da dərgi ilə bağlı versəm, güman edirəm ki, bu, nə oxucular, nə də sizin tərəfinizdən qəribə qarşılanmayacaq. Əkrəm Əylisli bu qədər bağlı olduğu dərgidən niyə belə tez getdi? - Məncə, o yorulmuşdu. Jurnal tez-tez haqsız tənqidlərə məruz qalırdı. Bu isə indi göründüyü qədər də sadə məsələ deyildi. Tez-tez dərginin bu və ya digər əməkdaşını KQB-yə çağırırdılar. İmran Qasımov, Mirzə İbrahimov kimi adlı-sanlı yazıçılar dərgidən narazı idi. Əkrəm müəllim bütün bunlara 6 il dözdüsə, bunun özü böyük şeydir. Amma yeri gəlmişkən, “Azərbaycan” dərgisində gedən islahatlar İsmayıl Şıxlının vaxtından başlamışdı. Əkrəm Əylisli bu islahatları genişləndirdi, dərinləşdirdi və başa çatdırdı. - Deyilənlərə görə, gənclik illərində şeirlər yazmısınız. - Yazmışam. Hətta Asif Ata bir dəfə radioda mənim Bülbül haqqındakı şerimi oxumuşdu. Sonra gördüm ki, Füzulinin bir misrasını da yaza biulməyəcəyəm. Fikirləşdim ki, tənqid etdiklərimdən zəif yazmağa ixtiyarım yoxdu. - Vaqif müəllim, bunu qoyub ona getmək kimi çıxmasın, amma bəyəm Füzulidən sonra o səviyyədə ikinci şairimiz olub ki? - Məncə, onun bircə misrasını belə təkrar etmək gücündə şairimiz olmayıb. O, bədii düçüncə və dilin zirvəsidir. Amma hər şairdə Füzulidən nəsə var, lap bir çınqı belə olsa. Hər dəfə Füzulini oxuyanda elə bilirəm ki, bunlar mənim yaza bilmədiklərimdir. - Gəlin tənqidə qayıdaq. Sovet rejiminin azad ədəbi-tənqidi fikrə təzyiqini necə xatırlayırsınız. Şəxsən sizə qarşı təzyiqlər olubmu? - İkinci kursda oxuyanda Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının təsiri ilə antisovet şeirlər yazmışdım: Lənət partiyaya, Lənət Leninə. Və yaxud Kirovun heykəlinin uçurulub yerində Koroğlunun heykəlinin qoyulması ilə bağlı şeir. KQB-nin məinmlə bir kursda oxuyan gözcüklərindən biri məni içirdir, sonra bu şeirləri mənə oxudurdu. Bir gün məni dekanlığa çağırdılar, məlum oldu ki, KQB-yə getməliyəm. Getdim. Hündürboylu bir kişi məni sorğu-suala tutdu ki, atan kimdir, necə oxuyursan? Sonra qayıtdı ki, arada da bəzi-para şeirlər yazırsan... və şeirləri qoydu ortaya ki, bunları niyə yazmısan? Dedim ki, təsir altına düşmüşəm. Amma indi başa düşmüşəm ki, bizim quruluş dünyanın ən humanist, ən gözəl quruluşudur. Görünür, tərifim vurub kəllə-çarxa çıxıbmış, o, dərəcədə ki, kişi hətta mənə onlarla işləməyi təklif etdi. Razılıq vermədim ki, bacarmaram. Amma bir daha antisovet şeirlər yazmayacağıma söz verdim. Və sovet rejiminə dair fikirlərimdə ciddi olduğumu sübut etmək üçün iki aydan sonra Lenin haqqında əruz vəznində mədhiyyə yazdım: Lenin, ulu rəhbər, ulu qüdrət və mətanət. Sığmaz bu cahan mülkünə həm səndəki hikmət! Sonra Masallıdakı Lenin prospekti haqqındakı şeiri yazdım. Və özümü əməlli-başlı sığortalamaq üçün bu qəbil şeirləri “Lenin tərbiyəsi uğrunda” qəzetində dərc etdirdim. KQB-nin gözcüyü bir dəfə gəldi ki, təzə antisovet şeirlərin varsa, ver oxuyum. Dedim ki, indi ancaq sevgi şeirləri yazıram. Və qrupumuzun uşaqlarına bildirdim ki, ondan ehtiyatlı olsunlar. - Vaqif müəllim, yaradıcılıqla məşğul olan hər kəsi Tanrı sanki əvvəlcə sınağa çəkir. Bir müddət onun işləri daşa-qayaya dirənir. Ola bilsin ki, bu sınaq hətta illərlə çəksin. Yalnız bu sınaqdan üzüağ çıxanlara yollar açılır. Amma bu sınaqdan çıxmayıb sənəti, elmi tərk edənlər də olur. - Məndə bu qəbil çətinliklər olmayıb. Rayon qəzetində dərc olunmuş ilk yazım şair Məmməd Kazımın kitabına həsr olunmuşdu. Professional ədəbi-tənqidə 1975-ci ildən başlamışam. Bu vaxtdan etibarən “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan” dərgisində dərc olunmuşam. Və bu günə qədər qələmi yerə qoymamışam. Yorulanda xanəndələrdən, aktyorlardan yazmışam. Amma ümumən götürəndə həyatda çətin, ağır günlərim olub: anamın ölümü, oğlumun üç dəfə dalbadal cərrah bıçağı altına düşməsi... Yadımdadır ki, o növbəti dəfə əməliyyat olunandan iki gün sonra Əli Vəliyevin yubileyində çıxış etməli oldum. Bir də maddi çətinliklərim olub. Elə indinin özündə də var. Amma dediyim kimi bütün bunlar məni qələmdən soyutmayıb. Sadəcə, əvvəlki kimi gecə-gündüz oxuya bilmirəm. Neyləsən də, yaş öz sözünü deyir. - Azərbaycan oxucusu undiyə qədər sizin çağdaş ədəbiyyat və incəsənətin bu və ya digər problemlərinə dair on beşdən artıq kitabınızla tanışdır: “Nəsr: konfliktlər, problemlər”, “Məmməd Araz dünyası”, “Ürəyimi sərdim günəşə”, “Karvanbaşı, yolun hayanadır”, “Tənqid yarpaqları”, “Yollar hayana aparır”, “Bu nə sehirdi belə...”, “Tənqid və bədii söz”, “Tənqid də yaradıcılıqdır”, “Yol ayrıcı”, “Yaxşı ki, sən varsan”, “Yolun düşsə Şirvana”.... Amma kitablarınızdan biri tamam fərqli mövzuya həsr olunub. Məşhur öncəgörən Məlahətə həsr olunmuş “Fenomen” kitabı. - Mənim vaxtilə bir xobbim var idi: qızların oğlanlara və əksinə, oğlanların qızlara yazdığı sevgi məktublarını oxumaq. Belə məktublardan kolleksiya da toplamışdım, təxminən 500 məktub... Bir də Əli Səbri, Qulam Məmmədli kimi sinədəftər qocalarla söhbətləri sevirdim. Bir xobbim də fenomenal təzahürlərdir. Məlahət haqqındakı kitab bu maraqdan irəli gəldi. Ondan bir məqalə yazdım. Mənə bir çox proqnozlar verdi. Dedikləri düz çıxdı. Məsələn, dedi ki, prezident səni qəbul edəcək, dinləyəcək və çıxışını bəyənəcək, vəzifən bir pillə yüksələcək. Bunu deyəndən on gün sonra – yəni Azərbaycan Yazıçılar Birliyinin onuncu qurultayına bir gün qalmış doğrudan da Pzezidentin qəbulunda oldum. Prezident gənc yazarları qəbul etdi, Əbülfəz Qarayevin çağırışı ilə mən də gəncliyin yaradıcılıq problemləri ilə bağlı yazılar müəllifi kimi bu görüşə qatıldım. Çıxışım Prezidentin xoşuna gəldi və “Azərbaycan” dərgisində şöbə müdirliyindən baş redaktorun müavini vəzifəsinə irəli çəkildim. Yaxud oğlum cərrahiyyə əməliyyatına düşməli idi. Məlahət dedi ki, əməliyyat ağır keçəcək, amma yaxşı qurtaracaq. Dediyi kimi də oldu. Bütün bunlar məndə onun vergi sahibi olduğuna inam yaratdı və “Fenomen” kitabı meydana gəldi. - Azərbaycanda obyektiv tənqidçi olmaq o qədər də sadə məsələ deyil. Bu baxımdan nə kimi problemlərlə üzləşmisiniz? - Bayram Bayramov, Qulu Xəlilov, Ələviyyə Babayeva, Gəray Fəzli, Əlibala Hacızadə, Cəlal Bərgüşad və bu qəbildən olan yaşlı tənqidçi və yazıçıları tənqid etməyimlə bağlı problemlərlə üzləşmişəm. Onların bəzıləri üz-üzə gələndə məni söyməkdən belə çəkinmirdilər. Cəlal Bərgüşad isə eşitdiyimə görə, hətta Masallı rayon partiya komitəsinin birinci katibi Ələddin Həsənova demişdi ki, Vaqifin atasını işdən çıxar. Haqqımda təhqiramiz çalarlı yazılar dərc olunurdu, hətta buna görə bir dəfə xəstələnmişdim də. - Yaradıcılıq həyatınızın ən ağır məqamı... - Ömrümdə üç-dörd dəfə ağır tənqid olunmuşam. Yadımdadır ki, bir dəfə Rəhim Əliyevlə mənim aramda Vaqif Nəsibin “Bilalın elçiliyi” əsərində qəhrəman məsələsi ilə bağlı polemikası oldu. Mən bu məsələdə onunla razılaşmadığımı mətbuatda yazdım. O da cavabında yazdı ki, Vaqif uşaqlıqda başqasının şeirini öz adına dərc etdirib. - Belə şey doğrudan olmuşdu? - Olmuşdu. - Məncə, uşaqlıq səhvi o qədər də böyük xəta deyil və bunuin sizə ağır təsir etməsi qəribədir. Məsələn, mən buna gülərdim. - Onda mətbuatda tənqid olunmaq indiki qədər sadə məsələ deyildi. Bir dəfə də Rafiq Tağının hekayələrini tərifləmişdim, amma onun klassiklərə təhqiramiz münasibəti ilə razılaşmadığımı bildirmişdim. Bunun müqabilində o məni təhqir edərək “ilham atlarının mehtəri” adlandırmışdı. - Bu isə o qədər də orijinal təhqir olmadı. Yəqin Rafiq Moskvada yaşadığı müddətdə bu ifadəni Puşkinin şeirlərindən yadında saxlayıb. Amma yəqin ki, tənqidçi ömrünün xoş anları da olur. - 1986-cı ildə ilk kitabım işıq üzü görmüşdü. Qardaşım Cavanşirlə düşdük kitab köşklərinin canına, yüz kitab aldıq ki, dosta-tanışa paylayaq. Məmməd Arazla bağlı kitaba görə mükafat almağımı da yaradıcılıq həyatımın xoş çağlarından sayıram. Bu kitabı vur-tut 56 günə yazmışdım. Prezidentlə görüşümüzlə bağlı bayaq danışdıqlarım da tənqidçi ömrümün yaddaqalan günlərindəndir. - İndi 60 ilin uzaqlığından dönüb geriyə boylananda nəyə təəsüf edirsiniz? - Yaza bilmədiklərimi düşünəndə məni dəhşət götürür. Çox şeylər yaza bilərdim, yazmadım, məsələn, Azərbaycan romanının inkişaf yolu, milli şerimizdə məhəbbət mövzusu... Füzuli haqqında vur-tut iki-üç səhifəlik bir yazı yazdım. Onu öz təfəkkür süzgəcindən keçirə bilmədim... - Yaradıcılıqla məşğul olan adam üçün depresyon halları səciyyəvidir. Belə məqamlarda dözməyib sənəti tərk etmək istəyənlər də olur. Uzun illər boyu ədəbi fəaliyyətlə məşğul olan Vaqif müəllimin həyatında belə məqam olubmu? - Həyatımda ağır anlar olub, amma heç vaxt yaradıcılığı tərk etmək haqqında düşünməmişəm. 90-cı illərdə, “Azərbaycan” dərgisinin dərcinin az qala dayandığı illərdə, hətta Azərbaycan Yazıçılar Birliyinin guya tezliklə dağılacağına dair söz-söhbətlərin gəzib-dolaşdığı vaxtlarda belə... Gün-güzəran dərdindən, ümidsizlikdən hərə başını götürüb bir yana qaçırdı, təkcə mən heç yerə getmədim. - Bəlkə getməyə yeriniz olmayıb. - Getməyə yerim, doğrudan da, yox idi. Amma indi fikirləşirəm ki, yerim olsaydı da, sənətdən ayrıla bilməzdim. Çıxışım prezidentin xoşuna gəldiyindən mənə prezident aparatında işləmək təklif olundu. Bu təklifi qəbul edə bilmədim. Çünki rejim şəraitində işləyə bilmərəm. Mən bir az da şairanə ovqatlı adamam: tez vurula bilərəm, nəyəsə aludə ola bilərəm, sonra eyni sürətlə peşiman ola bilərəm. Bəlkə də bu üzdən doktorluq dissertasiyamın müdafiəsi indiyə qədər ləngiyir. - Mövzunuz nədir? - “Azərbaycan nəsrində ənənə və novatorluq” – 1960-2000-ci illər. Amma bir şey var: bu dissertasiya elə şeydir ki, gərək çalışıb onu 40 yaşa qədər bitirəsən. - Sizə bu işdə uğurlar və növbəti sualımı elə məhz bu aspektdən vermək istəyirəm. Ədəbiyyatda ənənə və novatorluğa münasibətiniz. - Mən klassik ədəbiyyata bağlı adamam. Füzuli, Nəbati. Məncə, bütün yeniləşmələr ənənələr üzərində yetişib formalaşmalıdır. Yoxsa söz oyunbazlığından uzağa getməyəcək, özülsüz bina təsiri bağışlayacaq. - Bəzən cavanlar özləri haqqında nə tərif, nə də tənqidə psixoloji cəhətdən hazır olmurlar. Daim gəncliklə bağlı tənqidçi kimi peşiman olduğunuz məqamlar olubmu? - Ədəbiyyat adamı olduğum üçün ədəbiyyatdakı sözün ciddi mənasında bütün yeniliklər məni sevindirir. Altmışıncı illərdən sonra ədəbiyyatda özünü göstərən bütün yeniliklər haqqında yazmışam. Bəzən cavan bir şairi üç-dörd seçmə şeirinə görə qanadlandırmışam. Sonra görmüşəm ki, deyəsən səhvə yol vermişəm. İndiki cavanlardan da yazıram, Tərlandan, İlqar Fəhmidən, Aqşindən... Ona görə Nizami Cəfərovun bu fikri ilə razı deyiləm ki, müəyyən yaşdan sonra cavanlardan yazmaq olmur. Necə yəni olmur?! Əgər sən cavanların yaradıcılığını daxilən duyursansa, niyə də yazmayasan? Amma mən yenilik adı altında hoqqabazlığın, uğursuz eksperimentçiliyin əleyhinəyəm. Əsl ədəbiyyat eksperiment dövrü bitəndən başlayır. Bir də ki, istedadın yaşa dəxli yoxdur, yaxşı əsəri, yaşlı da, cavan da yaza bilər. - Sizcə, çağdaş ədəbiyyatın əsas problemi nədir? - Qrafomaniya! İndi hamı yazır. Yazıçılar Birliyi üzvlərinin sayı az qala ildırım sürətilə artır. Bilmirsən bu adamlar üzvlük biletlərini nə yolla alırlar. Qrafomanlar teleekranları, radionu zəbt edirlər, Natəvan klubunda hər gün hansısa həvəskarın bayağı kitabının təqdimatı keçirilir. Nə olsun, bunların yüzündən doxsanı epiqondur. Baxırsan, vəzn, qafiyə, daxili bölgü, hətta obraz yerində, təkcə poeziya yoxdu. Bəzən bütöv bir kitabda Füzulinin bircə misrasının belə yükü olmur. - Sizi az-çox tanıyanlar bilirlər ki, Füzulidən onlarla qəzəli əzbər bilirsiniz. Füzuliyə marağınız necə başlayıb? - Mən gənc yaşlarımdan məşhur füzulişünas Sabir Əliyevlə dost olmuşam. Füzuli poeziyasına marağımda bu dostluğun rolu olub. Qırx yaşa qədər Füzuli ilə tanışlığım səthi olub. O vaxta qədər qadınlara sadəcə materiya kimi baxırdım. Füzuli ilə tanışlıq mənə qadının ilahi tərəflərini göstərdi: - Həqiqət xəttini yazmaq diləsən lövhi-zatında Xəttin gülrüxlərin mənzur tut, məşqi-məcaz eylə. - Elədir... Təəssüf ki, şairlərimizin çoxu Füzuliyə nabələddir. Vaqif Səmədoğlu deyir ki, Füzulini oxumamışam. Amma oxumasa da, fitri bir istedadın hesabına onda Füzulidən nələrsə var. Elələri də var ki, Füzulinin heç qapısının ağzina da yaxın düşmürlər. Füzulini oxuyandan sonra Azərbaycan ədəbiyyatıni dərk etmək sənin üçün asanlaşır. - 60-70-ci illərdə ədəbi-tənqidə gələnlərlə 90-cı illərdə yetişən tənqidçilər arasında nə kimi fərqlər görürsünüz? - Biz çalışırdıq ki, özümüzdən əvvəlkiləri təkrar etməyək, onların davamçısı olaq. Onlar öz ədəbi nəsillərini tədqiq etdikləri kimi biz də Anardan, Əkrəmdən, Elçindən və başqalarından yazdıq. İndi onların bəzisi dünyasını, bəziləri isə sənət sahələrini dəyişiblər. Bizim nəsildən tənqiddə deyəsən təkcə mən qalmışam. Son dövrdə də tənqidə yeni cavanlar gəlir: Cavanşir Yusifli, Tehran Əlişanoğlu, İradə Musayeva, Nərgiz Cabbarlı, Elnarə Akimova... Kompyuter dövrünün yetirmələri olan nəslin təmsilçiləri daha azadfikirli, dünya ədəbiyyatına daha meyllidirlər, klassik ədəbiyyata yeni baxışları var. Bununla bağlı yaxşıdır ki, nəsillər arasındakı əlaqə qırılmayıb, ümumi fikir vahiddir. - Qardaşınız Cavanşir bu gün respublikanın tanınmış tənqidçilərindən biridir. Bəs övladlarınız arasında necə, yolunuzu davam etdirən oldumu? - Təəssüf ki, yox. Böyük oğlum ekoloq, qızım iqtisadçı-hüquqşünas, kiçik oğlum Yaşar isə indiki cavanların dili ilə desək, avtoşdu. - Yaradıcı kişinin xanımı olmaq əzabına hər qadın qatlaşmır. Ailə-məişət zəminində çox istedadların məhv olduğu da məlumdur. Vaqif Yusiflinin bu cəhətdən bəxti gətiribmi? - Həyat yoldaşım müəllimədir. Ondan narazılığım yoxdu. O, yaxşı oxucudur. Əvvəllər yazılarımı makinada o yazardı. Sonralar ailə qayğılarının artması buna imkan vermədi. Ailə-məişət zəminində bizim ailədə elə bir ciddi problemin olduğu yadıma gəlmir. Yoldaşımın da, mənim də rayondan gələn qohumlarımızın düşəcək yeri biz olmuşuq. Bəzən 20 adam bizdə gecələməli olub. Bu, uzaqbaşı narahatlığa səbəb olub, narazılığa isə heç vaxt. Mən çəkilib bir küncdə yazılarımı yazmışam. - Etiraf etmək istədiyiniz günah. - Anamın ölümündən bir il əvvəl onu yaxşı yoluxmadım. Öləndə mənim şəklim sinəsində olub. Amma mən özümü çatdıra bilmədim. Bunu özümə bağışlaya bilmirəm. - Kənd sizi çəkirmi? - Kənd məni unutmayıb, mənimlə fəxr edir, məni sevirlər. Amma anamın vəfatından sonra kəndə az-az gedirəm. Bir də ki, indiki kənd mənim 1975-ci ildə qoyub gəldiyim kənd deyil. Urbanizasiya kəndə əməlli-başlı təsir edib. Papaqların sayı azaldığı kimi təndir çörəyinin də ətri duyulmur. - Bir vaxtlar sizə bəlkə də kosmik uzaqlıqda görünən 60 illlik yubiley artıq qapının ağzını kəsib. Siz bu illərdə bir tənqidçi kimi nüfuz və hörmət qazanmış, elmi dərəcə almış, mükafat və diplomlara layiq görülmüsünüz. Amma hər yaşın öz tələbi, öz arzusu var. Altmış yaşa şəvə kimi qara saçlarını, səhhətini, sağlamlığını, cavanlığını verən Vaqif müəllim bu yaşdan nələr gözləyir? - İnsanın ürəyindən çox şeylər keçə bilər. Əgər baş tutmayacaqsa, bəlkə də heç deməmək yaxşıdır. Amma madam ki, soruşursan, bir arzumu deyəcəyəm. Mən Azərbaycanın əməkdar mədəniyyət işçisiyəm. Bəxtim gətirsə, bəlkə də 60 yaşda əməkdar elm, ya da incəsənət xadimi ola bilərəm. Planımda üç-dörd kitabı nəşr etdirmək var. İstəyirəm ki, yubiley ərəfəsində özümlə bağlı bir kitab dərc etdirim. Oğlumun ailəsi bizimlə birlikdə yaşayır. Ona heç olmasa, iki otaqlı bir mənzil lazımdır və sairə... - Vaqif müəllim, qarşıdan gələn yubileyinizi bir daha təbrik edirəm, arzu edirəm ki, bu yubiley ili həyatınıza sadaladığınız arzuların gerçəkləçməsi ili kimi daxil olsun. - Sağ ol. “Körpü” dərgisinə mənə göstərdiyi diqqət üçün təşəkkürümü bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. Söhbətləşdi Əsəd Cahangir
|
|