|
Müasir poeziyamızda predmet və detallar Müxtəlif ədəbi növ (epik, lirik, dramatik) və janrlarda (hekayə, qəzəl, komediya və s.) yazılmış bədii əsərlərdə istifadə olunan, poetikada funksiyasına görə heç də passiv olmayan ünsürlərdən sayılan predmet və detallar bədii əsərin əsas qayəsinin, ideya-məzmun xüsusiyyətlərinin, xüsusən də mətnaltı məna çalarlarının açıqlanmasında, aşkarlanmasında əhəmiyyətli rola malikdir. Poetikanın bu elementləri bəzi məqamlarda əsərin ideyasının açılmasında yalnız köməkçi vasitələr olaraq qalırsa, digər hallarda ideya-məzmunu birbaşa özündə cəmləşdirir. Məlumdur ki, reallıqdakı əşyalar (cisimlər, obyektlər) bədii əsərlərdə əksər hallarda öz real funksiyasından müəyyən mənada uzaqlaşaraq obrazlaşmış, daha dəqiq desək, bədiiləşmiş olur. Bu zaman əşyanın adı, yəni söz özünün ifadə etdiyi fiziki mənasından çıxaraq daha geniş poetik məzmun qazanır və poetik ünsürə çevrilir. İstər şifahi, istərsə də yazılı ədəbiyyatımızda geniş istifadə edilmiş predmet və detallar həm şifahi xalq şeirində, həm klassik, həm də müasir poeziyamızda bu bölgüyə uyğun spesifik cəhətlərə malikdir. Şifahi poeziyada «xalq şeirimizin əksər janrlarında hər bir real obyekt – «qərib», «aşiq», «bacı», «ata-ana», «dağ», «dərə», «bağ», «gül», «baxılmaz yollar», «batmış ay», «bükük boyun», «şirin çayın qəndi», «yarın üzü», «zülf» - müəyyən funksiya daşıyan rəmzi mənalardır» (Asif Hacılı. Bayatı poetikası. B., «Elm», 2000, səh.6). Misal üçün bir bayatıya diqqət yetirək: Gül əkdim şaxta vurdu, Nə yaman vaxtda vurdu; Bimürvət ovçu məni Yardan iraqda vurdu. Prof. A.Hacılının təbirincə desək, «normal cəhətdən buradakı «gül», «şaxta» simvolları birinci misrada təbiətlə bağlı ilkin motivlərdir, əsərin ümumi konteksti baxımından isə «gül» - eşqin simvolu, «şaxta» - zalım mühitə işarədir…» Poetikanın sözügedən fiqurlarından, yəni predmet və detallardan klassik poeziyamızda da geniş istifadə olunub. Dini-fəlsəfi görüşlərin çulğalaşdığı klassik ədəbiyyatımızda həmin poetik elementlər semantika, məzmun tutumu baxımından daha mürəkkəbləşmiş vəziyyətdədir. «Əlif», «sim», «qaş», «göz», «kirpik» və s. kimi detallar təkcə sırf bədii simvolik semantika ilə məhdudlaşmayıb, eyni zamanda, bu və ya digər dini-fəlsəfi (sufilik, hürufilik və s.) ideyaları oxumaq, anlamaq üçün xüsusi, gizli kodların funksiyasını da daşıyırdı. Belə detallar sufi, hürufi ədəbiyyatında geniş istifadə edilən bir «dilə» çevrilmiş və hətta təriqət nümayəndələri təqiblərdən qorumaq üçün fikirlərini, fəlsəfi ideyalarını bir-birinə məhz bu «dillə» çatdırmışlar. Buna görə, klassik ədəbiyyatda predmet və detallar həddən ziyadə məxsusi semantik mürəkkəbliyə malik olmuşdur və xüsusi araşdırma, tədqiq-təhlil tələb edir. Müasir poeziyamızda geniş istifadə olunan poetikanın haqqında danışdığımız elementləri özəl qayə kəsb etmişdir. Predmet və detallar çağdaş şairlərimizin şeirlərində mətn və kontekstdəki məzmun tutumu, semantik həcmi daraltması və dolğunlaşdırmasına görə iki yerə ayrıla bilər:
1. Məzmunu konkretləşdirənlər 2. Məzmunu genişləndirənlər Hər hansı bir şeir nümunəsində müəyyən bir məzmun daşıyan predmet və ya detal, başqa bir əsərdə tam başqa məzmun daşıya bilər. Yəni bir əsərdə konkret məzmun tutumuna malik predmet və ya detal, digərində daha geniş məzmun tutumu qazanır. Bununla belə bəzi qəlibləşmiş predmet və detallar var ki, onlar bir qayda olaraq yaxın məzunlu ola bilir. Bir qədər sonra konkret misallarla fikrimizi açıqlamaşa çalışacağıq. Söhbəti gedən poetik elementləri, eyni zamanda, məna, ideya məzmununun çeşidinə əsasən də üç qrupa bölmək mümkündür. 1. Məhəbbət motivlilər 2. İctimai-siyasi motivlilər 3. Qarışıq motivlilər Məqsədimiz ədəbiyyatımızın çağdaş şeir nümunələrindən bəzilərini bu səpkidə təhlilə cəlb etməkdir. Bizim üçün əsas maraq və tədqiqat obyekti məhz materialın, mətnin özü olacaq. Biz mətn deyəndə «…subyektivliyimizin izlərinin itdiyi qeyri-müəyyən, qeyri-adi məkan, subyektin, ilk növbədə yazanın varlığının yoxa çıxdığı ağ-qara labirint» (Rolan Bart. İzbrannıe rabotı: Semiotika. Pogtika. M., «Proqres», 1989, st. 384) nəzərdə tuturuq. Konkret nümunələrin təhlilinə keçək. Çiynimdə bir telin gəlib mənimlə (N.Kəsəmənli) Nüsrət Kəsəmənlinin «Çiynimdə bir telin gəlib mənimlə» şeirində «tel» predmeti məzmunca məhəbbət motivli olub, eyni zamanda, məzmunu konkretləşdirir. Buradakı «tel» həm şifahi şeirimizdəki, həm də klassik poeziyamızdakı «tel»dən («siyah tellər», «qara tellər» və s.) fərqli funksiya daşıyır. Əgər ədəbi ənənədə o, ən çox estetikaya xidmət edən bir detal kimi özünü göstərirsə, burada müstəqil predmet kimi semantik yük daşıyır və müstəqil obraza çevrilməyə meyllidir. Bu və ya digər predmetin özündə hansı məzmunu cəmləşdirdiyini başa düşmək üçün mətnin, kontekstin özü köməyə çatır. Bu zaman predmetin məzmun qayəsinin aydınlaşmasında digər poetik ünsürlərin, xüsusən strukturanın, sintaktik paralelin, təkririn və s. rolu böyükdür. N.Kəsəmənlinin doqquz bənddən ibarət, heca vəznində yazılmış sözügedən şeirinin hər bəndinin ilk misrası «Çiynimdə bir telin gəlib mənimlə» sintaqmı ilə başlayır. Bənd səviyyəsində özünü göstərən sintaqm təkriri «tel» predmetini qabardır, digər misralar isə yeni məzmun çalarının açılmasına köməklik göstərir. «Tel» predmetinin özündə cəmləşdirdiyi ideya şeirin sanki mikrosüjetini yaradır. Mətn kontekstinə uyğun olaraq «tel»in məzmununa əsasən mikrosüjeti belə qurmaq olar. Lirik qəhrəman öz yaxınına xəyanət edir. Xəyanəti sübut edən dəlil (tel) var. Lirik qəhrəman onu gizlətməyə çalışır, müxtəlif psixoloji vəziyyətlərə düşür. Sonda xəyanət müqəddəs cəzayla bitir. İndi isə «tel»in bənd kontekstində (B.K.) qısa şərhinə keçək: I. BK-də «tel»: xəyanətin nişanəsidir: lirik qəhrəmanın vicdan əzabı, edilmiş günahın tanrı qarşısında cavabdehliyi, axirət cəzası… II. BK-də tel: itki əlamətidir: əbədi məhv olmuş səadət, ömürlük bədbəxtliyə məhkumluq, sonrakı peşmançılığın faydasızlığı… III. BK-də tel: 2-ci misra kontekstində (MK) ümidsiz pənah yeri; 3-cü MK-də sevgilidən qalan son yadigarı saxlamaq istəyi; 4-cü MK-də cəzalanmamaq üçün xəyanət dəlilini yox etmək məcburiyyəti IV BK-də tel: arzu olunan insana, məşuqəyə, yaxud aşiqə qovuşmaq üçün vasitədir. V BK-də tel: ürək və ağıl, sevgi dolu qaydasız həyat və sevgisiz qaydalara tabelik yaşamı dilemması göstəricisidir VI BK-də tel: itirilmiş, gecikmiş xoşbəxtliyə işarədir. VII BK-də tel: adət-ənənə zəncirlərini qıran, ailəni dağıdacaq xəyanət dəlilidir VIII BK-də tel: xeyir və ya şərin qarşıdurması əlaməti, xeyirin qələbəsinə inamdır. IX BK-də tel: xəyanətin mənəvi işgəncəsi, onun üstünün açılması və ölüm cəzasıdır * * * Bu yaşıl ağacın altı bizimdi (Z.Yaqub) Şeirin məzmun kontekstinə uyğun olaraq «yaşıl ağac» məhəbbət motivli predmet kimi başa düşülür. «Yaşıl ağacın altı» vüsal yeridir, aşiq və məşuqənin bir-birinə qovuşduran məkandır, ülvi duyğularla dolu müqəddəs ocaqdır. Burada «yaşıl ağac» saf eşqin, əbədi gəncliyin, səadətin simvoludur. «Ağac», özü də «yaşıl ağac» - insanın ən əlçatmaz arzusu – zaman üzərində qələbəsinin, əbədi həyatın, ölməzliyin rəmzidir. Həyatın mənası sanki üç şeyin («Bir sənsən, bir mənəm, bir yaşıl ağac») vəhdətindən ibarətdir. Yaşıl Ağac Aşiq Məşuqə (tablisa) Aşiq, Məşuqə və yaşıl Ağac vəhdəti. Məlumdur ki, mətnin morfoloji və sintaktik vasitələrinin də predmetin özündə cəmləşdirdiyi məzmunun qabardılmasında, aydınlaşdırılmasında rolu böyükdür. Z.Yaqubun sözügedən şeirində də bu hal özünü həm morfoloji, həm də sintaktik səviyyədə göstərir. Bir çox mətnlərdə olduğu kimi, burada da morfoloji səviyyədə «bu» işarə əvəzliyi, sintaktik səviyyədə isə «Bu yaşıl ağacın altı bizimdir» sintaqm təkriri ideya-məzmunun açılmasına köməklik edir. «Bu» işarə əvəzliyi «yaşıl ağac» birləşməsinə yanaşaraq həmin təyini söz birləşməsinin semantikasını qabardır. Hər bəndin sonundakı sintaqm təkriri isə misralar şərhindən sonra təkrarlanaraq predmetin yeni bir məzmunu çalarını aydınlaşdırır. Ümumi poetizmindən ozan ruhu duyulan haqqında danışdığımız şeirə mifoloji-psixoloji metod nöqteyi-nəzərindən yanaşmaq heç də yersiz olmazdı. Məlumdur ki, dünyanın bir sıra xalqlarının əski dünyagörüşündə, mifologiyasında Ağacla bağlı motivlər mövcuddur (Geniş məlumat üçün C.C.Freyzerin «Qızıl budaq» kitabına bax). Həmçinin qədim türk mifik təfəkküründə Ağac sakral, müqəddəs obraz kimi qavranılmışdır (Bu barədə M.Uraz, M.Seyidov, A.Hacılı, K.Abdulla və başqalarının tədqiqatlarına bax). Ağac obrazı bir çox mifoloji funksiyaları daşımışdır ki, həmin funksiyalardan biri də kainatın ilkin məkan bölgüsüylə ilişgilidir. Bölgüyə görə «onun (Ağacın – R.A.) kökləri yeraltı, qaranlıq dünyanı, gövdəsi yeri, işıqlı dünyanı, budaqları səmanı təcəssüm etdirir» (A.Hacılı. Mifopoetik təfəkkür fəlsəfəsi. Bakı, Mütərcim, 2002, s.3). Bu motiv şeirin aşağıdakı misralarında da sezilir: Bu yaşıl ağacın üstü Allahın, Bu yaşıl ağacın altı bizimdi. Əlbəttə, burada Ağac obrazını mif kimi qələmə vermək fikrindən uzağıq. Lakin bizə elə gəlir ki, yuxarıdakı misralarda Ağac arxetipinin məkan bölgüsüylə bağlı sıxılmış mifik semantikası genefond yaddaşdan süzülərək, özünü təhtəlşüuru formada biruzə verir. Mətnə analitik psixologiyanın bədii-poetik yaradıcılığa münasibəti (K.Yunq) prizmasından baxsaq, daha maraqlı nəticələr əldə edə bilərik. «Oğuz Kağan» dastanında, «Oğuznamə»lərdə Ağacın üzərinə hər gecə nur düşür. Bir müddətdən sonra qapı açılır və ağacın içindən uşaq tapılır. Burada Ağac obrazının ana motivi ilə ilişgili ən əski mifik funksiyası özünü göstərir. Fikrimizcə, sözügedən şeirin aşağıdakı bəndində Ağac arxetipinin analıq motivi özünün son dərəcə sıx izlərini şüuraltı olaraq tapır: Bu sevgi, bu layla, bu beşik bizim, Çəkər növbəmizi bu keşik bizim, Nəyimizə lazım ev-eşik bizim, Bu yaşıl ağacın altı bizimdi. * * * Nərdivan (R.Rövşən) Ramiz Rövşənin «Nərdivan» şeirində eyniadlı predmet ictimai-siyasi məzmunludur. O, məna konkretləşdirici rolunda çıxış edir. Gəraylı formasında yazılmış dörd bənddən ibarət olan bu şeirdə «nərdivan» sözü cəmi iki yerdə, birinci bənddə sanki açar kimi işlənir, sonrakı misralar onun açılmasına yönəlir, axırıncı – dördüncü bənddə isə tamamlayıcı funksiyasını yerinə yetirir. «Nərdivan» predmetinin konkretləşdirici funksiyasını burada da morfoloji vahid – «bu» işarə əvəzliyi önə çəkir. Məlumdur ki, nərdivan sözünün əşyavi mənası yuxarı qalxmaq və ya aşağı düşmək üçün vasitə anlamı ilə bağlıdır. Həmin anlam şeirdə poetik cildə düşərək ictimai-siyasi, fəlsəfi məzmunla yüklənir. Mətn kontekstində «nərdivan» predmeti insanları şöhrətə, yüksək mənsəbə, vəzifəyə və s. çatdıracaq vasitə, eyni zamanda, doğumla ölüm arasında, bu dünyayla o dünya arasında körpü mənası funksiyasını ehtiva edir. Yüksək kürsüyə, şöhrətə çatmaq istəyi mənsəb düşkünlərini ümumiləşdirir. Lakin məqsədə çatmaq üçün hərə öz üsulundan istifadə edir. Onların sırasından ən çoxbilmişi ən yüksək mənsəbə çatan zaman allahlıq iddiasına düşür, özündən aşağıdakıların üzərində ağalıq etməyə başlayır. Şeirin axırıncı bəndində «nərdivan» predmeti məzmunca fəlsəfiləşir, struktura baxımından isə əsəri tamamlayır. Fəlsəfilik ondadır ki, bu dünya fanidir, onsuz da hər kəsin sonu eynidir – ölüm! İstər şah ol, istər gəda. Tərbiyəvi, didaktik məzmun isə insanları sonu puç dünyada mənsəb, şöhrət üstündə bir-biriylə didişməməyə çağırışdadır. * * * Bu dünyanın qara daşı göyərməz (M.Yaqub) Mussa Yaqubun «Leyləklərin çöp yuvası boş qalıb» şeiri predmet və detallar müstəvisində təhlil üçün zəngin bir mətndir. Bu şeirdə əsas predmetin simvolikasından irəli gələn müxtəlif məna çalarlarını qabarda biləcək, aydınlaşdıra biləcək bir xeyli detallardan istifadə olunmuşdur. Digər sözləri nəzərə almasaq, əsərin ümumilikdə predmet və detallar skletindən ibarət olduğunu görərik. Məlum olduğu kimi, predmet mətndəki funksiyasına görə detala nisbətən daha böyük poetik vahiddir. Əgər bir əsərdə predmet əsasən, bir (bəzən də bir çox) olursa, detallar xeyli miqdarda olur. Sözügedən mətndə əsas predmet «qara daş», özü də «bu dünyanın qara daşı»dır. «Boş qalmış çöp yuvası», «göy çəmən», «ocaq», «körpə budaq», «ot göyərmiş cığır», «çalxalanmaz dəniz», «Araz» kimi ayrı-ayrı detallar «qara daş»ın məzmununu müxtəlif səpkilərdə dolğunlaşdırmağa xidmət edirlər. «Bu dünyanın qara daşı göyərməz» sintaqmı həyatın acı bir həqiqət aksiomu kimi səslənir. İnsanın son ümid işığı da sönmüşdür. «Qara daş» özündə dərin fəlsəfi məzmunu cəmləşdirmişdir. İnsan zamanın gedişinin qarşısını almaqda aciz olduğunu dərk edir və bundan çox məyus olur. O, özü də kainatın obyektiv qanunlarının əsiridir. Bu əsirlik əbədidir. Lirik qəhrəman həmin əbədiliyi anladığından sarsılır. O, dərk edir ki, dünyanın öz əzəli, əbədi prinsipləri var və heç kim istəsə də, istəməsə də həmin qanunauyğunluqdan yaxasını qurtara bilməz. Bu əbədilik qanuni həqiqətdir. «Araz» obyektinin axırıncı bənddə işlədilməsiylə «qara daş» predmeti fəlsəfi məzmundan ictimai-siyasi məzmun çalarına doğru məna erroziyasına uğrayır. «Gerçək mühitdən gələn fakt kimi ümumiləşmiş Araz obyekti» (A.Hacılı) acı bir həqiqət kimi qəbul olunur. «Araz» sanki lirik qəhrəmanın murazının önünə sədd çəkilir və onun arzularına qovuşmasına mane olur. Bu maneə, əslində, ictimai-siyasi mühitin yaratdığı süni əngəldir. Predmetin məzmununun fəlsəfilikdən ictimai-siyasi müstəviyə keçməsi insanı reallığa qaytarır və qəhrəmanın ümid işartısı hələ ki, parıldayır. * * * Tərəzi (Ç.Əlioğlu) Mətnaltı məna tutumuna malik poetik ünsürlərdən hesab olunan predmet və detallar özləri müəyyən kontekstlərdə müstəqil obraza çevrilirlər. Çingiz Əlioğlunun «Tərəzi» şeirində də predmet müstəqil obraz kimi özünü göstərir. Bəzən predmet (detallar) hansısa mücərrəd, ümumiləşmiş bir gizli obrazın obrazı rolunda meydana çıxır. Belə obraza görünməyən, yaxud obrazaltı obraz da demək olar. (Haşiyə çıxaraq qeyd etməliyik ki, mətnə, yazıya «müəllifin ölümü» (R.Bart) rakursundan nəzər yetirmək burada daha məqsədəuyğundur). Bizə elə gəlir ki, görünməyən obrazı hər bir oxucu fərdi olaraq müəyyən etmək hüququna malikdir. Yəni, əslində, görünməyən obraz mətndə mücərrəd halda sıxılmış görkəmdədir ki, bu da hər bir oxucunun təxəyyülündə fərdi formalaşan obraz kimi özünü göstərir. Fikrimizi nümunə əsasında aydınlaşdırmağa çalışaq. Satan satır, alan alır, Arada sınan… tərəzi! Misal çəkdiyimiz iki misrada böyük bir ideya ifadə olunmuşdur. Burada üç obraz (satan, alan, tərəzi), hər bir obrazın isə istənilən qədər gözəgörünməyən obrazı vardır. Məsələn, hansısa bir oxucu burada təsəvvürünə belə bir ideyanı gətirə bilər. Ayrı-ayrı məmurlar rüşvət alış-verişindədir, haram pulları yığmaqdan gözləri doymur, əməllərinə görə, qanun qarşısında cavab vermək əvəzinə daha yüksək vəzifəyə keçirlər. Onların yerinə cəzanı isə xalq çəkir. Başqa bir oxucu bu misraları öz şəxsi həyatındakı hansısa bir uyğun hadisəylə bağlaya bilər. Bəzən isə bu əlaqələndirmə tamam məntiqsiz də görünə bilər. Lakin yenə də bunun əsasında hardasa məntiq var. Deməli, burada hər bir fərdə xas olan ümumilik var. İdeyanın semiotik quruluş sxemi isə aşağıdakı fomadadır. S2 Sn S1 S2 Satanın, Sn (n istənilən miqdarda) Alanın, S isə Tərəzinin obrazıdır. Bu cür semiotik quruluş modelləri ümumiləşmiş, abstrakt mahiyyətin sxemidir. Həmin sxemə isə istənilən sayda mövzu yerləşmiş olur. Müxtəlif janrlarda, ədəbi növlərdə yazılmış əsərlər mövzuca müxtəlif görünsələr də, eyni bir semiotik mahiyyət modelinə uyğun gələ bilir. Məzmunca fərqli əsərlər eyni bir semiotik modelin müxtəlif rakurslardan görüntüsü kimi başa düşülməlidir. Ədəbiyyatda, eləcə də incəsənətdə bir sıra semiotik modellər vardır ki, onlar ədəbi növdən, janrdan fövqəldə durur, daha ümumidir, mücərrəddir. Mövzu isə onunla müqayisədə çox kiçik vahiddir. Belə ki, yüzlərlə mövzu bir semiotik modelə uyğun gələ bilir. Yuxarıdakı semiotik modelə bir neçə müəllifin əsərlərindəki əsas qayənin uyğun gəldiyini konkret misallarda göstərək. I. Ç.Əlioğlunun yuxarıdakı misralarından doğan ideya artıq qeyd etdiyimiz semiotik modeldə aşağıdakı kimidir. S2 Sn S1 = Satan Alan Tərəzi II. M.Arazın «Məndən ötən qardaşıma dəydi» şeirinin əsas qayəsinin də semiotik modeli eynidir. Sn isə burada istənilən sayda subyektdir. S2 Sn S1 = Şəki xanı Bakı xanı İbrahim xan Fətəli xan… Vətən III. Artıq əvvəldə qeyd etmişdik ki, semiotik model ədəbi növ və janrdan fövqəldə durur. Buna görə C. Məmmədquluzadənin «Anamın kitabı» dramının ideyası da həmin semiotik modelə uyğundur. S2 Sn S1 = Rüstəmbəy Mirzə Məhəmmədəli Səməd Vahid Zəhra bəyim
Satirada predmet və detallar Satirada predmet və detallar başqa janrlara nisbətən daha geniş işlədilir. Burada poetikanın sözügedən elementləri mövzuca ən çox ictimai-siyasi məzmunlu, həmçinin çox konkretləşdirici funksiyanı yerinə yetirir. Zəmanəmizin görkəmli satirik şairi Baba Pünhanın satirik şeirləri əsasında predmet və detalların mətndə funksiyalarını açıqlamaq çox maraqlıdır. Satirada həmin poetik fiqurlar əksər hallarda mənanı konkretləşdirməsi ilə səciyyələnir. Məs.: Necə deyim ki, çeynəmə, ayıbdı tulla saqqızı, Əgər çalıbsa laylayın, anan çeyniyə-çeyniyə. Beytdə işlədilmiş «saqqız» predmeti milli keyfiyyətlərin, milli adət-ənənənin inkarı, məhvi deməkdir. Proses dərində getdiyindən artıq milli düşüncənin özü sarsılmış, yabançılaşmışdır. Onun əvəzinə yad, yabançı düşüncə tərzi formalaşmışdır. Bu isə milli mənəviyyatın, əxlaq tərzinin aradan çıxması deməkdir. Millət boğulurkən vətənin ac havasında, Məmurlarımız yallı gedir tac havasında. Nümunə gətirdiyimiz bu beytdə «tac» vəzifə, kürsü, mənsəb rəmzidir. Xalqın acınacaqlı həyat tərzinə biganə qalan həris dövlət məmurları yeni və daha yüksək vəzifə, mənsəbə çatmağa can atırlar. Onlar eyş-işrətdə öz keyf-damaqlarındadır. Əhali isə özbaşnalıq girdabına sürüklənib. Predmet və detallar satirik şeirlərdə daha konkretləşdirici funksiya daşıdığından onlara əsasən ideyanı asanlıqla anlamaq, oxumaq mümkündür. Məsələn: Özün alim olasan, xortuma quyruq deyəsən, Bu filin dalına hər gün baxasan ağlayasan. Burada bir predmet («fil») və iki detaldan («xortum», «quyruq») istifadə etməklə müəllif ideyanı yüksək şəkildə ifadə edir. Kontekstə uyğun olaraq «fil» - reallığın, real həyatın, «xortum» - acı həqiqətin, «quyruq» - yalanın rəmzi kimi təqdim olunur. Beytin əsas qayəsi ondan ibarətdir ki, ziyalı qılafına girən üzdəniraq yaltaqlar yalanı həqiqət kimi təqdim və təbliğ edirlər. Bu yolda dəridən-qabıqdan çıxan həmin miskinlər xalqın gözünü pərdələyirlər. Beləliklə, bütün bu deyilənləri yekunlaşdırsaq, poeziyada predmet və detallar məxsusi funksiyalara malikdir və bədii əsərləri bu prizmadan təhlilə, tədqiqə cəlb etməklə çox maraqlı nəticələr əldə etmək olar.
|
|