MİNACAT Tanrım, görən mən kiməm, Nəçiyəm bu dünyada? Bir payı quru torpaq, Üç payı su dünyada? Adım peyğəmbər adı, Özüm adi bir adam. Bir də bu adilikdən Bezib çıxan fəryadam. Qənşərində durduğum Aynadakı mənəmmi? Ruhum mənə dardımı, Mən ruhuma tənəmmi? Əvvəl-axır deyilən Bir ölçü-biçi varmı? Varsa bəs ölçüsüzlük Nədi, bilmək olarmı? Bu cismi-can varlıqdı, Yoxluq divanəsiyəm. La İlahə İlləllah! – Kimdi məni səsləyən?
|