Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Fərhad METE


FEYZİYYƏ


ƏLİ


Aysel ƏLİZADƏ


Vüsal NURU


Anar AMIN


Elnaz EYVAZLI


FƏRID


SAHAD GÖYCƏLI


BAHADUR


Aysel ƏLİYEVA


Leyla ŞƏRİFOVA


Mirbəhram ƏZİZBƏYLİ


Günel EMİNLİ


Vəlixan ABDULLAYEV


Günel RÜSTƏMOVA


Aytən TƏHMASIB


İLKIN NADİROV


GÜNAY


RƏBİQƏ


Elnura CAVADZADƏ
VAXTINDA DEYƏK


QA­RA­QAN
DAMDAN AŞAĞI
ŞEYTANIN DUASI


Cavid ZEYNAL
SƏFƏR
YAZIÇI VƏ KOKA-KOLA


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏZƏRIN DOSTLARI
ANA VƏ UŞAQ


NA­HID
DƏMIR QAPI
BU HEKAYƏNI OXUMAQA QORXDULAR
ULDUZA DÖNƏN ADAM


Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


Səməd SƏFƏROV
AFRİKASAYAĞI XAÇAPURİ


Se­vinc MÜR­VƏT­QI­ZI
BAĞLI QAPILARIN ARDI


Elbrus ƏRUD
ƏHLİ VƏ AĞABƏYİM
QAZ YUMURTASI


Zər­düşt SƏK­SƏ­NAL­TI
MAHMUDSUZLUQ


Orxan MUXTARLI
HƏYATIN QANUNU!



 

Ziy­ad QU­LU­ZA­DƏ
XOŞ VƏ UTANC DOLU GECƏ...


 

...günəş batır, hansı tanımadığımız qəsəbədə isə hələ axşam təzə düşürdü. Dənizin kənarında yerləşən ölkələrin günəşi qüruba endikcə səhradakı ay daha da parlayırdı. Kimsə sahildə sevgilsinin qoynuna sığınıb günəşin sonuncu şüasını dənizdən qəmgin-qəmgin çəkdiyini seyr edirdi.
Aşağı dərə kəndi...Onun ətəklərinə qədər yaşıllıq olan təpələri... və təpələrin üstündəki yaşıllığın şeh damlasını qurudan günəş təzə-təzə özünü göstərməyə başlamışdı. Bu kəndin günəşi həmişə nəmişlik qoxuyur. Bəlkə də, günəş hansısa dənizin üzərindən içdiyi damlaları Aşağı-dərə kəndinə səpdiyi üçündür... Bəlkə də, Kim bilir?
"Dur az,Çoban heyvanları çoxdan apardı.Tez ol."- deyə Nihad arvadının böyrünə təpiyini ilişdirdi. Sonra isə 12 ilə yaxın bir zaman içində bölüşdükləri yorğanı başına çəkib onun payına düşənin hamısını altına yığdı. Sara yorğun-yorğun yerindən qalxır köhnə, tövlə qoxuyan paltarlarını asta-asta geyinirdi. Hərdən dönüb ərinə baxır və ona qarşı hansı hissi keçirdiyini müəyyən etməyə çalışırdı. Onu sevirdi, yoxsa nifrət edirdi?
...fikirləşdi ki, neçə ildir eyni sözlərlə durur. Neçə ildir hər gün bu saat, bu sözləri eşidir və böyrünə bu ağır hədiyyəni qəbul edir. Əvvəllər, ilk günlər bu ağrılar ona o qədər də əzab vermirdi. Ancaq o zamanlar, hər zərbədən sonra ağlayırdı. İndi ağrılar ağırlaşdıqca o heç nə olmamış kimi yerindən durur və tövlə iyi verən paltarlarını geyinib, tövləsinə cumurdu. Həmişə bu saatlar belə əzablı olurdu. Yalnız ilk dəfədən başqa... Evləndikləri günün səhəri də belə durmuşdu. Ancaq o gün bu cümlə başqa cür, elə bil sevgi, eşq qoxusu verirdi...
Dönüb ərinin donuz kimi necə xoruldadığına nifrətlə baxdı. Kədərli gülümsəmə ilə otağı doldurdu və qapını çırpdı.
Son zamanlar ərinin bu soyuq münasibəti ona daha pis təsir edirdi. Oysa ki, Nihad ona evləndikləri 12 il ərzində yalnız müəyyən vaxtlarda xoş münasibət göstərərdi. 2-3 aydan bir sevişəndə, oğlanları olanda, birdə hər ayın 27-si şəhərə kefə gedəndə. Sara bilirdi ki, Nihad şəhərə başqa qadının yanına gedir. Ancaq o da bu 27-sini həvəslə gözləyirdi. Çünki, ayda bir dəfə xoş söz, mehriban gülümsəmə istəyirdi... o belə görüşlərə gedəndə təzə dəsmal, corab verər, ayyaqabılarını axşamdan silib qapıya qoyar və paltarlarının tozunu, şalvarının palçığını təmizləyib hazır edərdi.
Ayaqlarını sürüyə-sürüyə həyətə çıxdı. Həyətdə yol boyu çay daşlarından döşənmiş dar cığır və bu cığırın kənarına səliqə ilə əkilmiş qızılgül, kartof gülü və onların üzərinə sarılmış sarmaşığın ağ-qırmızı çiçəkləri... Ağacların yarpaqları arasından boylanan ərik, alça və s. meyvələr sərçə və qaranquşa cəhcəhləri üçün ilham verirdi.
12 ildir adət etdiyi hərəkətləri icra edidi. Həmişə səhər zərbələrindən sonra qapını çırpır, həyətdə qəmgin-qəmgin yeriyirdi. Həmin anda bu bağda hər şey dəyişirdi. Cığırın kənarındakı qar çiçəkləri, qızılgül, kartof gülü büzüşüb cırlaşır, meyvələr qoxur, quşlar isə bayaqkı cəhcəhini cırıltıya çevirirdilər. Elə bil hamı onun kimi yas tutur və onun taleyinə ağlayırdı.
Onun ardıcıl iş sistemi var idi. Heyvanları çobanın qabağına ötürər. Inəyi naxıra aparar, quzulara ot doğrayar, toyuqların dənini verər, buzovları suvarar, bütöv tövləni təmizləyər və evinə dönərdi.
O, bu işləri görəndə saat 10 olurdu. Saat 10-dan 12 -yə kimi günorta yeməyi hazırlayar və təzədən tövləyə dönərdi. Tövlədə saat 12-dən 2-yə kimi olar, sonra isə evə qayıdardı. Heç vaxt nə qaynanası, nə qaynatası, ərini qardaşı və bacısı onu gözləməz, özləri üçün süfrə açar, onun bişirdiyi yeməyi yeyərdilər. Ancaq, bir loxma da olsun yemək saxlamırdılar. O hər gün günortasını pendir, çörək və başqa dibdə bucaqda qalanlarla keçirərdi. Saat 2-dən 5-ə kimi axşam yeməyini bişirərdi. Paltarları yuyar və günortadan qalmış süfrəni yığışdırıb qablarını yuyaradı. Arada bir, əgər istəsə, qaynatasına çay da verərdi. 5-də yenə tövləyə gedər, axura yemək doldurar, inəyin və qoyunların gəlməsini gözləyər, onları sağar saat 11-də evə qayıdardı. O gələnə kimi yenə hamı axşam yeməyini yemiş, süfrəni isə yığışdırmadan eləcə qoymuşdular. Evdəkilərin çörəyə qarşı hörməti var idi. Onlar süfrədə heç nəyi yığışdırmasalar da çörəyi götürərdilər. Sara da əgər kiminsə artığı, yeyə bilmədiyi qalıbsa onu yeyər axşam çayını verər, cırıq corabları, şalvarları yamamağa başlayardı. Onun üçün axşam işləri həmişə çıxardı. Yorğanları tökmək, yunları didmək. Həmişə də saat 3-ə kimi çəkərdi. Yalnız o xoş günlər olanda, əri onu yanında görmək istəyəndə çağırar "Az, dur yat. Gecdir" deyərdi. Bu isə yalnız 2-3 aydan bir olardı. Zaman keçdikcə bu sözləri eşitdiyi vaxtların arası, daha da uzanırdı. Ən sonuncu dəfə altı ay bundan qabaq eşitmişdi. Qalan bütün vaxtlarda 3-də yatar səhər saat 6-da "XOŞ" bir zərbə ilə oyanardı.
Tövlənin taxta qapısı cırıltı ilə çırpıldı. Qapının ət ürpədən cırıltısı bütün heyvanları oyatdı. O, qoyunları çölə çıxarıb kəndin tarlaya gedən yoluna qədər qovdu. Yay olsa da soyuq külək əsirdi. Sara hiss elədi ki, titrəyir. Deyəsən, bir neçə dəfə dişləri də bir-birinə qeyri-iradi olaraq dəyirdi. Əlləri, ayaqları, bütün bədəni titrətmədən az qala yerindən qopacaqdı. Yəqin, xəstələnmişdi. Ancaq bu da bütün xəstəliklər kimi tez gəlib keçəcəkdi.
"Bu, o birilərinə oxşamır" dedi və işləməkdən çat atmış əllərini qoynuna qoydu.
Heyvanları tarlaya gedən yola ötürüb tövləyə qayıtdı. İnəkləri açdı və naxıra qaçırdı. Naxır çox uzaq getməmişdi. Onun dalınca çox qaçmadı. Hətta bu onu sevindirdi. Sevindi ki, əgər o da uzaq getsə idi qaçmaq onun göyərmiş ayağındakı tuluqları partlada bilərdi.
"Ana. Babam səni çağırır. Deyir ki, əlində nə işi var qoysun, gəlsin." Oğlu şad bir xəbər gətirirmiş kimi tövləyə cummuş və anasını muştuluqlamışdı.
"GET, gəlirəm." -deyə soyuq sözləri əsə-əsə oğluna dedi. Sara bilirdi ki, qaynatasının bu təcili çağrışı hansısa iş üçündür. Ona ya çay hazırlamağı tapışıracaqdılar, ya da hansısa xırda bir işi.(hansı ki, həmin işi Sara olmadanda edə bilərdilər)
Əlindəki süpürgəni tövlənin bir küncünə buraxıb titrəyə-titrəyə evə gəldi. Yol boyu fikirləşdi ki, nə olaydı onun bu xəstəliyini görüb deyəydilər ki, "daha sən işləmə.Yat. Dincəl. Bütün işləri özümüz görərik. Ən azı, bu gün axşama kimi yat." Sonra onun belə xoşbəxtçiliyə heç vaxt nail ola bilməyəcəyinin kədərinə gülümsədi.
"Nə etməli?"pıçıltı ilə bütün səsini boğub dilləndi.
Sakitcə qaynatasının qabağında dayanmış, gözlərini xalçanın üzərindəki buta şəkillərinin üstündə gəzdirirdi. O astadan dilləndi-"məni çağırmısan ata"- və bütün sifəti qızardı.
Otaqda divarın dibi boyu döşənmiş döşəkçələrin üzərində Qayınanası, qayınatası və əri oturmuşdu. Əri təhqiredici nəzərlərini Saranın üzərində gəzdirib dilləndi.
"-Hə, get tövlədə işi qurtar, gəl. Şəhərə gedirik."
Qayınanası dərdli adamlar kimi zarımağa və Saranı söyməyə başladı.
"Bacın xəstədir. Dünən xəstəxanaya aparıblar. Get də. Tez ol. Əfəlin biri, əfəl. Həmişə mən sənə deyirdim, Nargiləni alaq. Görürsən qızdakı fərasəti. İkisi də eyni ananın qızıdı də. Bu qoyundu ki, qoyun. Nargilə ərini burdan şəhərə apardı, "CİB" (o "cip"ə "cib" deyirdi) aldı. Evi var. Xanım kimi yaşayır. Fərasətsiz " deyə qadın özündən çıxır, az qalırdı ki, Saranı durub öldürsün.
Bacısının və onun ərinin bu evdə xüsusi hörməti var idi. Saranın bacısı, Nargilə şəhərdən gələndə onun qaynanasına pul verər, onun üçün şəhərdə jaketdən, yaylıqdan alıb gətirərdi. İndi də qadın Nargilənin xahişini yerə salmamış, Saranın gedib şəhərdə bir həftəlik qalmağına icazə vermişdi. (Ev işlərini görmək üçün.)
Ürəyi qəribə bir sıxıntı içində idi. Bacısının başın nə isə gəldiyini düşünürdü. Bəlkə ölüb. Yox, ola bilməz. Həm ölsə idi, bura gəytirərdilər, kəndə- ata evinə...Bilmirdi ki, bu adamlardan necə soruşsun. Ola bilərdi ki, onun xəstə olmağını yalandan deyirdilər. Sara fikirləşirdi ki, onlar bu yalanı ona görə uydururlar ki, Saranın ürəyi sıxılmasın. Nəhayət, bütün gücünü toplayıb az qala yalvara-yalvara dilləndi.
"Nargiləyə nə isə olub?"- yazıq nəzərlərini ərinin üzünə dikdi. Elə bil bu cümləni işlətməklə hansısa bəşəri bir səhvə yol vermişdi və bunu bütün varlığı ilə dərk edirdi. Gözlərini ərinin cod dərili, tüklü sifətindən çəkib yerə dikdi. Hiss elədi ki, göz yaşları yanağından süzülür.
"Ağlama, fərsiz. Get tövləyə, gedəndə öyrənərsən." - deyə qaynanası zorba, kök bədənini oturduğu yerdən atıb tuta-tuta bağırdı.
Bayaqdan bəri Saraya fikir verməyən qaynatası arvadının belə əsəbləşməyinə acıyaraq dönüb baxdı və yenidən tənbəkisinin qoxusunu evin üfunətli, xəfə iyinə qarışdırdı.
Belə xüsusi günlər üçün saxladığı "MARİYANA" corabını, ağ, ətrafı sarı iplərlə toxunmuş güllü dəsmalını sandığından çıxardı. O, bu sandığı 7-8 il olar ki, açmır. Sonuncu dəfə bura, ikinci oğlu olanda anasının ona bağışladığı qara rəngli, söyüd yarpaqlı parçanı qoymuşdu.
Codur əllərini təmiz, ipək parçaların arasında gəzdirib 12 ildir qalan qızıl gül ətirini sandığın dibindən çıxardı. Sonra, gəlin gəldiyi gün anasının ona cehiz verdiyi yapon yaylığını paketindən çıxarıb qoxuladı. Bu qoxu onun ürəyini kədərləndirdi. Uşaqlıq illərini xatırladı. Ancaq, ağlamadı...
Balaca güzgünü ayaqlarının arasına qoyub saçlarını daradı.O adətən, ayda bir dəfə çimər, saçlarını da çiməndən çimənə darayardı. Saçlarının pırtlaşığını açmağa çalışdıqca darağın dişləri qırılırdı.
Otağın qapısını astaca çırpıb, əlindəki təzə dəsmalını jaketinin cibinə qoydu. Qapının ağzında əri onu gözləyirdi. Aynabəndin içərisində iki sumka qoyulmuşdu. Bunların içərisində pendir, qatıq xüsusi meyvələr və qoz var idi.
Ərinin xoşuna gəldi. Az qaldı ki, toz basmış, köhnə ayaqabılarını çıxarıb getməyini təxrə salsın və axşam düşməyini gözləsin. Dodaqlarını Saranın dodaqları arasına soxub var gücü ilə öpsün... Səhərə kimi sevişsin. Hələ 12 ildə Saraya qarşı bu qədər şəhvət dolu olmamışdı. Bu gün ondan gələn qızıl gül qoxusu, daranmış saçlar və təmiz, ağ sifəti Nihadın qəlbini alovlandırırdı. Onun yuyulmuş sifəti gözəl görsənirdi.
Gözlərini onun təzə yapon yaylığında, cibləri cırılmış jaketində, bozarmış yupkasında və köhnə qaloşlarında gəzdirib özündən utandı... bayaq duyduğu, o şəhvət və sevgi hissini, utanmaq hissinə çevirdi.
Nihad Saranı şəhərdə gördüyü qızlarla müqayisə edirdi.O, uzun, laklı dırnaqları olan, sarı saçlı, döşlərinin arasına kimi açıq geyinmiş dar, qısa yupkalı, bütün sifətini cürbəcür boyalarla boyamış bar qızlarını xatırladı. Azərbaycanda keçid dövrü ilə əlaqədər olaraq əxlaqsızlığın artdığı və müasirliklə küçə fahişəliyini səhv salan bir düşüncənin hakim olduğu vaxt Nihad üçün qadın tapmaq çətin olmurdu. Qarabağdan gələnlər, əsirlikdə olmuş qadınlar, öz qardaşı tərəfindən əxlaqsızlığa sürüklənən gənc qızların olduğu bir ölkədə yaşadığına Nihad bir dəfə də olsun lənət yağdırmırdı.
Sonra isə arvadına baxıb ifşa edici bir nəzərlə gülümsədi.Özü də Sara ilə keçirmək istədiyi bir neçə xoş saniyə üçün özündən utandı. O, çiyinlərini nədənsə iyrənmiş adamlar kimi oynadıb ətrafa baxdı. Sanki, hər tərəf onu məzəmmət edirdi.
Dağların yamaclarında yaşıl çəmənliklər və qurumuş ağacların üstündəki tənha yaşıl budaqlar qatarın yanından özüb keçirdi.O, Nihadın yanında oturmuş, pəncərədə yol boyu uzanan və bir-birini əvəz edən mənzərələrə baxırdı.
Hərdən gülümsəyir, hərdən təəccüblənir, hərdən də ərinə dönüb necə sevindiyini göstərirdi. Əri tüklü və ifadəsiz sifətini tərpətmədən gözlərini qarşısında oturan kişinin keçəlində gəzdirirdi.
Sara ərinin sifətinə baxıb fikirləşdi. "Bəlkə də, günah yalnız məndədir. Axı, mən heç vaxt ona sevdiyimi göstərməmişəm." Çatlamış gobud dərili əlini ərinin qoluna saldı. Sonra onun sifətinə gülümsədi. Başını ərinin boynuna qoyub. Astadan dilləndi. "Sən məni nə qədər sevirsən?" Bu sualı Nihadı diksindirdi, elə bil indicə yuxudan ayıldı.
"Düz dur, küçük, qancıq"-dedi və arvadının barmaqlarından tutub sıxdı.
Qaçqın uşaqlarının cındır paltarlarda vaqon aralarında, şar, tum, siqaret satdığı anda Sara gözlərini pəncərədən çölə dikib Stansiyada biletçi qızın stansiya nəzarətçisi ilə məzələnməyinə, qızın qəhqəhə çəkib içdən gülməsinə, platforma boyu gedib gələn adamların sifətinə baxırdı.
"Mən sizin üçün Qarabağda vuruşmuşam. Ey, həmvətənlərim. Siz burada isti evlərinizdə oturanda, mən sizi qorumuşam. Bu ayağımı sizin yolunuzda qurban vermişəm. Allah rizası üçün mənə yardım edin."-deyə qoltuqlarının altında çəlik yerləşdirmiş, bir ayağı diz qapağından olmayan, əsgər paltarı geymiş kişi gəzirdi. Elə bil aradan keçən 15 il ərzində o paltarından başqasını tapa bilməmişdi.
"Az, keç bu tərəfə. Sumkaları da çək"- deyə Nihad onun üzərinə bağırdı. Sara sakitcə yerindən qalxmadan pəncərənin qabağını boşaltdı. Əri keçib onun yerində oturduqdan sonra cibindən siqaretini çıxarıb bir ədədini barmaqlarının arasına yerləşdirdi. Sonra isə "Zakir əmi spiçkan olar"-deyə qarşıdakı skamyada oturan kişidən soruşdu.


Zakir onların kəndində qoca komandirlərdən biri idi. Qarabağ müharibəsi qurtarandan sonra o, Fizulidən qaçıb Aşağı-dərə kəndinə yerləşmişdi. O, vəzifədə olanda burada kiçik torpaq sahəsi almışdı. Hər şeyi əldən gedəndən sonra, Zakir kişidə özü üçün balaca bir daxma tikib bir təhər yerləşmişdi. Zakiri hamı qeybətçiliyə görə tanıyırdı. O, özü də hərdən bu xasiyyətinə niftət edirdi.
Sara gözlərini cındır çantalarının üzərinə gəzdirir və gözünün altı ilə qaraçı qızlarının kişilərin atmacalarına necə cavab verdiklərinə baxırdı.
Əri siqaretini yandırdıqdan sonra tüstünü onun sifətinə üfürdü. O bunu 4-5 dəfə təkrar etdi. Saranın əsəbləşdiyni gördükdə sadist adamlar sayağı siqaretini onun üzərinə tez-tez üfürürməyə başladı . Sara bezmişdi. Həyatında ilk dəfə idi ki, necə alçaldığını və hər kəsin ona necə təhqiramiz nəzərlərlə baxdığını hissi edirdi. Bəlkə də, bu əzablı hissi ona imkan verirdi ki, ilk dəfə ərinə etiraz etsin. Yalnız ilk və son dəfə.
"Bəsdir, ayıbdır"- deyə qalın, qırmızı rəngli dodaqlarını-bu onun təbii rəngi idi- tərpətmədən sözü pıçıldadı.
"Hahaha. Qancıq. Nə oldu? Narahat olursan?!"- dedi və növbəti tüstünü onun sifətinə üfürdü. Birdən gözü qarşıda oturan Zakir kişiyə sataşdı. Onu sifətinə baxıb utandı və gözlərini pəncərən çölə dikdi.
Düzənlik boyu ucalan sümbül zəmiləri, buludların arasından boylanan günəş şüası və səmada qatar-qatar uçuşan qaranquşlar ona həyatının hansısa anına görə şükür etməyi təlqin edirdilər.
Fikirləşdi ki, Zakir kişi onun arvadına qarşı olan münasibətini gördü. O, kəndə qayıdana kimi bütün kənd onun öz arvadına necə münasibət bəslədiyini danışacaq. Onu şərəfsiz adlandıracaqlar. Axı, özü də bilirdi ki, belə bir münasibəti yalnız barlarda, fahişə qadınlara edirlər.
Kobud barmaqlarını arvadının əlinin üzərində gəzdirdi. Sonra barmaqlarını onun barmaqları arasına keçirib sıxdı və başını arvadının çiyninə qoydu. Gözlərinin ucu ilə Zakir kişiyə baxdı. Zakir kişi bunu görüb gülümsədi və başını aşağı saldı.
Nihad bu hərəkəti barda qızlardan birindən, Tanyadan öyrənmişdi. Tanya ilk dəfə onun əlini tutanda utanmış, arvadı kimi özünü birtəhər hiss etmişdi. Sonra müxtəlif barları ziyarət nəticəsində o sevişməyin bütün üsullarını öyrənmişdi və istənilər xarakterli əndazəni göstərə bilərdi.
Sara təcübblənsə də, sevinirdi və başını qorxa-qorxa ərinin başına dayadı.
Vaqon divarlarında flamastrla çəkilmiş qadın şəkilləri, xüsusi firmaların mallarını reklam edən lövhələr və işğal olunmuş torpaqların siyahısı, tarixi, şəkli var idi. Vaqonun ortasında asılmış lövhənin qabağında iki uşaq dayanmışdı. Onlardan biri qaraçı qız, o birisi isə yaxınlıqdakı çadır şəhərciyində yaşayan qaçqın oğlan idi.
"Bax, anam mənə deyir ki, biz ordanıq"
-qaraçı qız şəkilə baxıb dilləndi. "-Orda nə qədər cərgə var?! Siz hansı cərgədənsiniz."
" -O dey, ordan, lap birincidən-" deyə oğlan işğal olunmuş ərazilərin siyahısı asılan lövhəyə cumdu və barmağını birinci yazının üstünə yapışdırdı. Sonra isə hərifləməyə başladı. "x", "o", "c"
Bu an, qatar növbəti stansiyada durdu və qız oğlanın əlindən tutub o birisi vaqona sürüməyə başladı.
Gələcək, çata bilmədiyimiz arzuların yasını tutmaq üçündür. Dünya üçün bura kimin gəlməsinin heç bir fərqi yoxdur. Bizsiz, o yəqin daha da xoşbəxt olar.
Beton platformanın üzərində yeriyən şəhər qadınları gözə dəyməyə başladı. Onlar vaqonlardan enən qaraçılara təhqiramiz baxır, onları gördükcə öz müasirlikləri və həyat tərzləri ilə fəxr edirdilər... Siz elə bilməyin ki, burada demokratiyadır. Bizim ölkədə hər kəs çox gözəl bilir ki, Qarabağı itirəndən sonra bura quldarlıq quruluşuna qayıdıb. Bu ölkədə qullar da, quldarlar da öz yerini çox gözəl bilir. Hərdən bizim ölkədə qullar öz vəziyətlərinə şükür edib, ağalarının şəninə nəğmə də qoşurlar. Burada həddən artıq kök qadınların geyindiyi mini ətəklər, səliqəsiz təlxək makiyajı və harınlamış qadınlar (həmçini, kişilər.) sizin diqqətinizi cəlb edəcəkdir.
Mənim ölkəm quldarlığı demokratiya ilə, müasirliyi əxlaqsızlıqla səhv salıb.
Həyatının 20 dəqiqəsi istədiyi kimi keçdi. Yalnız 20 dəqiqəsi. Növbəti stansiyada Zakir kişi düşəndə o xoşbəxt 20-ci dəqiqə də sonuncu saniyəsini itirdi...
"Keç burdan, küçük. Sən elə bilirdin ki, hər şey düzələcək. Qancıq. Çəkil burdan. Keç başqa stula."-deyə Nihad bağıra-bağıra onu yumruqalyıb qarşıdakı stula itələyirdi.
Vaqonda gündə ərləri tərəfindən dəfələrlə döyülən qadınlar bu an, özlərini və ailələrini dünyanın ən xoşbəxti hiss edirdilər. Ən azından onları vaqonda döyməyiblər. Ancaq hardasa, onları da belə, Sara kimi alçaldıb, rüsvay ediblər.
Pilləkənləri əlləri cibində, iki-iki qalxan Nihad qapını döyməyə başladı. Saranın bacısı 16 mətəbəli binanın 8-ci mərtəbəsində qalırdı. Həmin gün lift işləsə də heç birini lift barədə məlumatı yox idi. Ümumiyyətlə Sara şəhərə gəlməmişdi. Ancaq evlərindəki balaca televizora bütün ailə yığışıb baxanda, o da baxırdı. Ona görə də bura barədə bir az məlumatı var idi.
Binalara dəmirdən otağın hərəkət edərək getdiyini, evlərin içindəki hamam və tualetin yanında yemək bişirildiyini bilirdi. Və o həmişə qoyunlara ot doğrayanda, köhnə corabları yamayanda bu adətlərlə razılaşmır və hesab edirdi ki, bu səhvdir. Hətta hərdən fikirləşirdi ki, bacısı onlara gələndə bunu ona başa sala bilər.
Əlindəki ağır çantaları sürüyə-sürüyə köhnə, sovet dövründə qalma boyalarının çoxdan getdiyi pilləkənləri bir təhər qalxdı."AVROPA QAPILARI" şirkətinin xüsusi hazırladığı bu seyf qapı adamı vahiməyə salırdı.
SARAnı bayaqdan bəri lərzəyə salan şəhər mənzərələrinə biri də əlavə olunmuşdu. O, hər gördüyü müasir nəsnələrə heyrət, maraq və qorxu içində baxırdı. Hətta binaların arası ilə keçəndə də qorxurdu ki, indicə hansısa aşacaq və onun altında qalacaq.
"-Salam, Sara bacı. Xoş gəlmisən-" dedi və onun əlindəki ağır çantaları almağa çalışdı. Sara dilinin altında, qorxa-qorxa "-salam "-dedi və çantaları özünə tərəf çəkdi.
"-Burax, özü aparar"- deyə Nihad qəhqəhə çəkib güldü.
Sara əmri almışdı. Daha ölsə idi də çantaları Nargilənin ərinə verə bilməzdi.
Axşam qaranlığı pəncərələrə qonduqca evin 24 lampalı büllur çilçırağının daşlarını parıldadır və bahalı əşyalara əsrarəngizlik verirdi.
"Sara bacı, mən gedirəm xəstəxanaya, axşam da orada qalacağam-" deyə Mahmud o birisi otaqdan danışırdı. Nihad getmişdi. Ona görə də Sara çəkinmir, astadan da olsa danışa bilirdi.
"Uşaqlar yoxdu?"-dedi və bütün sifəti qızardı.
"Uşaqlar? Onları nənəsigilə aparmışam" - Mahmud qapının ağzında dayanmışdı və Saraya baxa-baxa danışırdı.
"Zəhmət olmasa gəl, qapını bağla. Ola bilər ki, mən bir-iki gün gəlməyəcəyəm. Orda, güzgünün qabağında pul var. Nə istəsən aşağıdakı marketə yenib alarsan" - dedi və çıxdı.
Sara qapıya gəldi və onu açarla bağladı. Sonra isə otağa keçib pulları götürdü. Bu pulların arasında onun tanımadığı və ömründə görmədiyi başqa pullar da var idi. Gözləri birdən şifonerin qapısı üstündəki uzun, boy aynasına sataşdı. BU evə gəldiyi andan boy aynası onun diqqətini cəlb edirdi. Sara ilk dəfə idi ki, beləcə bütün bədənini görə bilirdi.
Pulu əvvəlki yerinə qoydu və mətbəxə keçdi. Mətbəxdə özünə bir çay süzüb balaca stulların birində oturdu və pəncərədən çölə baxdı. Pəncərə açıq idi.
Gözlərini yerdə balaca adamlara, maşınlara dikib baxırdı və birdən yerə düşməkdən qorxub mətbəxin pəncərəsini bağladı.
Yorulmuşdu. Yataq otağına getdi. Bacısının əri ilə yatdığı iki nəfərlik, böyük çarpayıda uzandı. Yuxuya getmişdi. Axşam heç kim gəlmədi. Oyananda səhər idi. Günəş çıxmış, otaq işıqlanmışdı. Ancaq özü də təəccüb edirdi ki, görən niyə belə gec durub. Oysa, həmişə saat 6 olmamış oyanardı. Sonra fikirləşdi ki, ömrünün sonuna kimi evdə, beləcə, tək yaşayasan. O, bu tənhalıqda xoşbəxt idi.
Bütün paltarları yudu. Özü gətirdiyi əti xəstəxana üçün qovurdu və otaqların tozunu aldı. Bu gün evə heç kim gəlməyəcəkdi.
Bu kimsəsizlikdə və özü ilə olmaqdan hiss elədi ki, tənhalıq onu da sıxa bilərmiş.
Getdi və əynindən paltarlarını bir-bir soyunmağa başladı. Bütöv boy aynasının qabağında dayanıb saçlarının hörüyünü açdı. Doğurdan, onun saçları bu işıqların altında çox təbii və qəşəng görsənirdi. İşıq onu parıldadırdı. Və bu parıltının təsiri altında onun gözəlliyinə yeni bir gözəllik qatırdı. O xoşbəxt idi. Pırtlaşıq saçlarını daha da gözəl olması üçün bacısının daraqlarından birini götürüb saçlarını daramağa başladı. Onun darağının dişləri qırılıb Saranın saçlarında qalınca sara özü də peşman oldu. Həqiqətən, bu ona utanc verirdi. Ən azından o darağı bir təhər yox etməyə çalışdı. Və kimsə görməsin deyə ətrafına baxdıqdan sonra çarpayının altına itələdi. Sanki, başqa kimsə var idi. Boş otaqların zəngin əşyaları arasında bu qadın tövlə iyi verən paltarlarını dəyişməyə çalışırdı. O bütün paltarlarını soyundu. Sallaq döşləri, köhnəlmiş alt paltarı, uzun saçlarının az qala örtdüyü əyri beli... hər şey ona qeyri-adi gəlirdi. Başını arxaya çevirdi, güzgüdə çılpaq bədəninə baxmağa başladı.
Özünü sual işarəsinə bənzədirdi. Döşlərini qabağa verib dikəltdi. Sonra saçlarını qaldırıb kürəyinə baxdı. Ayaqlarının tükü, qoltuq altlarındakı tükləri onun özünə də lazımsız gəlirdi. Onun tükləri o qədər də çox olmur. Tüklü deyildi. Bir dəfə də ikinci oğlanı doğanda təmizləmişdi. O da, ancaq qoltuq altını, ayaqlarını yox.
O, astaca şifonerin qapısını açdı və bacısının paltarlarından birini seçməyə başladı. Kinolarda və "Braziliya serialları"nda belə açıq geyimli qadınlar çox görmüşdü. Onun bacısı da dekolte paltar geyinirdi.
Yaşıl, döşlərinin arasında parıldayan nişanı və belin düz aşağısına kimi açıq dizindən iki qarış yuxarı yarığı olan uzun əlbisə. Götürüb bədəninə keçirdi. Saranın artıq dəri kimi sinəsinə yapışmış kiçik döşləri, əyri beli bu dekolte paltarda pis görsənirdi. Uzun müddət özünə beləcə baxdı. Sonra bacısının kosmetikalarından istifadə etməyə başladı. Astaca pomadanı götürdü və səliqəsizcə dodağına sürtməyə başladı. Sonra isə pomadanı yanaqlarına vurub qızartdı. O, bacısının bir yığın bəzək düzəyinin daha hansı işə yaradığını bilmirdi.
Onun sual işarəsinə oxşayan çılpaq bədəni güzgüdə gözəl görsənirdi. Codur əllərini qarnının, döşlərinin, sinəsinin üstündə gəzdirirdi. Əlləri ağ dərisini cızırdı. Gözlərini güzgüdəki əksinə dikib uzun müddət baxdı. Əllərini sifətinə tutub başını aşağı saldı.
"-ha,ha,ha-" qəhqəhə çəkib güldükdən sonra güzgüdən gözlərinin içinə baxmağa başladı. Birdən hiss elədi ki, öz dodaqlarını tutub öpmək istəyir. Utandı. Əlini dodağının üzərində gəzdirdi və arxasına çevrilib cırılmış altpaltarına baxdı. Çılpaq belini görmək üçün saçlarını yuxarı qaldırdı. Hiss elədi ki, beli daha da əyri görsənirdi.
Döşlərinin arasına qədər açıq olan bu əlbisə də o cinsi hissləri çoxdan ölmüş istənilən kişini özünə cəlb edə bilərdi.
Əlbisənin uzun yarığından onun tükləri görsənirdi. Sara bu paltarda necə hərəkət etməli olduğunu, onu necə düzəldəcəyini bilmirdi.
Əlbisənin arxası açıq idi və onun bütün kürəyini çöldə qoyurdu. Uzun saçlarını kürəyinə atdı.
Saçlarını daradı. Dodaqlarını boyadı və pamadadan bir balaca yanağına sürtdü. Bu makyaj şəhər qadınlarının stresdən boyanı necə gəldi sifətlərinə sürtməsini xatırladırdı.
Özü ilə fəxr edirdi. Çünki, heç vaxt bütün bədəninin çılpaqlığına belə heyran olmamışdı. Və indi bilir ki, qonşu qadınlardan da, Brazilya seriallarında baxdığı qadınlardan da, hətta bacısından da gözəl idi.
Heç kimin olmadığı evdə qorxa-qorxa hərəkət edir. Pərdənin arasından gizlicə həyətə baxırdı.
Hündürboylu, uzun sarı saçlı qadın sayağı hərəkət edən kişilər onun diqqətini cəlb etdi. Belə kişilərin yanında onun kimi geyinmiş gözəl qadınlar da var idi. Onu təəccübləndirən növbəti hadisə isə qadınların da siqaret çəkməsi idi. Ancaq Sara bir şey anlaya bilmirdi. Nəyə görə onların yanından keçən maşına qadınlı kişili hamı birdən cumurdu.
Şəhər insanın mənəviyyatını və əxlaqını pozur. Ona görə yox ki, burada "gay"lər və "fahişə"lər çox olur. Ona görə ki, burada kiçik kəndlərdəki kimi ümumi dəyərlər olmur. Böyük şəhərlərdə hər kəsin özü üçün qanunları var. Və bəlkə də buna görə dünya inkişaf etdikcə insan da cılızlaşır. Və nə yazıq ki, bu cılızlaşan mənəviyyatlara haqq qazandıran modern cəmiyyət qanunu var. Əxlaqsız olmaq və əxlaqla yaşamaq bunlar ikisi də bir-biri ilə yanaşıdır. Və eyni insan bəzən bir gendə həm əxlaqlı, həm əxlaqsız da ola bilər. Axı Freydin o lənətə gəlmiş kəşfləri də bizi əxlaqsızlığa qışqırdan amillərdən biridir.
-Şəhərdə belə olmalıdır də- deyə düşündü. Sonra homoseksualistləri görüb niyə Nihadının da belə olmadığını fikirləşməyə başladı. Hətta bir ara allaha əllərini açıb yalvarırdı ki, "nə olaydı, Nihadı da belə yumşaq xasiyyətdi, mədəni bir adam edərdi." - bayaqkı kişilərin çox iyrənc bir hərəkətini görəndən sonra təzədən allaha müraciət etməyə başladı ki, "o səhv edir. Nihadı bacısın əri Mahmud kimi yumşaltsın və mədəni adam etsin."
O gözəl idi və aşağıdakılar kimi geyinmişdi. Heç kim onun belə geyindiynə görə biabır etməzdi. Qərara aldı ki, həyətə düşsün.
Qaloşlarının palçığını yaş cında ilə sildikdən sonra çantasını götürdü. Bunu 12 il bundan əvvəl ona nişan hədiyəsi gətirmidilər.. İndi çox köhnə idi. Hələ kənddə olanda onu itirmişdi. Uşaqlar götürüb qonşunun qızına vermişimişlər. Sonradan qız evcik-evcik oynayanda götürüb ki, nə vaxtsa şəhərə gedəndə lazım ola bilərdi. Bura gələndə isə şəhərli kimi görsənsin deyə onu da götürüb gəlmişdi. Tələsik olduğu üçün içini açmamışdı. Onsuzda güman edirdi ki, bacısı lazımsız əşyalarını ona verəcək.
Qapını astaca açdı. Blokda heç kim yox idi. Birdən yuxarı mərtəbədən birindən səs gəldi. Qorxub tez geri qayıtdı və bir neçə saniyə gözlədi.
ər ki, şəhərəliyəm- dedi və özü üçün yaratdığı inamını da götürüb çölə çıxdı.
Pillələri yenə-yen necə də gözəl olduğunu fikirləşirdi.
Binadan çıxıb səki boyu getməyə başladı. Yanından gəlib keçən adamlar ona baxır, gülürdülər. Hətta bir cavan oğlan əlini atıb onun saçını da yellədi.
-Hop. Şəhər gözəlçəsi. Ayaqlarını qırxmamısan-dedi və çıxıb getdi.
O, bu an dərk etdi ki, doğurdan da çox səhv iş görüb. Gərək bir az örtülü geyinərdi. Özündən asılı olmayaraq gözlərindın yaş axmağa başladı. Yenə əvvəlki kimi adamlar ona baxır və gülüşürdülər. Qəhqəhlər onu təhqir etdikcə o bundan ləzzət alırdı. Taleyinin dəyişəcəyinə, bacısı kimi xoşbəxt yaşayacağına ümid edirdi.
-Alın, gözlərinizi silin- cavan oğlan onun qolundan tutub dəsmalı ona uzatdı.
-Bayaqdan sizi izləyirəm, ağlamayın. Sizin kimi gözəl qadına bu yaraşmaz -dedi və gözlərini onun qaloşlarına dikdi. Bu bir an oldu. Sonra gözlərini onun gözlərinə zilləyiib dayandı. Sara təəccüblənir və utanırdı. O heç nə deyə bilmədi. Oğlanın əlindən dəsmalı aldı və gözlərinin yaşını silməyə başladı. Xoşbəxt adamlar kimi güldü.
- Parkda gəzmək istəyərdiniz - deyə oğlan mehribancasına, şablon cümlələri ilə ona girişirdi.
O, xoşbəxt idi. İlk dəfə idi ki, onunla insan kimi rəftar edirdilər. Ona hörmət edirdilər və "sevirdi"lər.
-Gedək- deyə Sara astadan dilləndi. Yolu keçəndə oğlan onun əlindən tutdu. Saranın həyəcandan yolun ortasında ürəyi gedəcəkdi.
Onlar yolu keçəndə Saranın qəlbində həyatının bacısı kimi olmağa başladığına dair ümidlər yaranmışdı və o hardasa indiki vəziyyətindən çox razı idi.
Parkın sıx ağaclar olan yerində boş skamyaların üzərində lampa yanırdı. Onlar qabaqdakı xiyaban boyu düzülmüş masaların qabağından ötüb keçirdilər.
Sara təəccüblə baxdı və başını aşağı saldı. Skamyanın üstündə bayaq arvad kimi hərəkət edən kişilər öpüşürdülər. Onları görüb cəld oğlanın üzünə baxdı.
-Biabırçılq-dedi və süni şəkildə özünü namuslu adam kimi göstərməyə çalışdı. Sonra isə sifətini Saranın sifətinə dikib onun necə utandığını və qızardığını seyr etdi. Bu an fikirləşdi ki, bu qadın təsadüfən bura düşüb və ondan bu gecəliyinə yaxşıca istifadə edə bilər.
Əlinin onun çılpaq boynuna saldı və yanağından öpdü. Sara qorxub çevrildi və yazıq-yazıq oğlanın sifətinə baxdı. Gülümsədi. Məcbur idi. Axı, həm də bu ona hardasa ləzzət edirdi.
Onlar "TAXI"yə minib "LİFE" otelə gəldilər. Ikisi də otağa qalxdı. Artıq yol boyu hər ikisi üçün hara və nə məqsədlə getdikləri aydın idi. Hətta oğlan Saranı yol boyu dəfələrlə öpmüş, onun tüklü ayaqları ilə zarafat da etmişdi. Sara bu zarafatın qarşılığında heç nə deməmişdi, ancaq utanıb başını aşağı salmışdı. Utana-utana da öz nağılını danışmışdı. "Xoşbəxt nağıl"ını.
Sara nə etdiyini bilmirdi. Anacq bu qeyri-şüuri səyahət ona xoşbəxtlik verirdi. İlk dəfə idi ki, yad kişi ilə əlaqədə olurdu. Sevinirdi və utanırdı. Oğlanın enlikürəyi, yaraşıqlı sifəti isə onu daha da həyəcana gətirirdi.
Yatağın içində -Heyvanlar getdi. Ay ana. Mən indi necə edəcəyəm-deyə Sara yuxudan dik atıldı. Kişi yatmışdı. Boş dar otaqda küncə qoyulmuş bir nəfəlik yataqda lüt-üryan yad kişinin qoynuna sığındığını görüb dəhşətə gəldi. Yerindən dik atıldı. Alt paltarını, dekolte əlbisəsini geynib, hamama keçdi və üzündəki boyasını yumağa başladı.
Düşdüyü vəziyyət nə idi? O, necə etməli idi? Ağladı. Həyatında baş vermiş bu hadisəyə necə və hardan gəlmişdi. Onun namuslu anası var idi. Hər şeydən əvvəl o uşaqlarının üzün necə baxacaqdı? Bir anda beynindən bütün fikirlər gəlib keçdi. Belini bir az da əyib otağa keçdi. Kişi oyanmış və ona baxırdı. Heç nə demədən yerə düşmüş çantasını götürdü və hamam qayıtdı.
Saçını daramaq üçün çantasının içinə baxdı. Gülümsədi - istehza ilə gülümsədi. Çantanın içində bir neçə saman çöpü ona qarışmış yumurta qabığı və dişləri qırılmış daraq var idi.
O, köhnə darağı çıxarıb saçını daramağa başladı. Sadist adamlar kimi saçlarını daha dəhşətli şəkildə darayır və özünə əzab verirdi.
Kişi əynində alt paltarı ilə çılpaq, tüklü sinəsini qabağa vermiş hamamın qapısı ağzında dayanıb ona baxırdı. Bir az da yaxına gəlib boynundan öpdü. Bu zaman Sara özündən və kişidən iyrəndiyini hiss etdi. Tez otağa keçdi.
-Məni götürdüyün yerə apara bilərsən- deyə Sara yataq otağından danışırdı. Səsi ilk dəfə idi ki, özündən əmin və utanmadan çıxırdı. Təəccübləndi. Özünün ilk dəfə belə cəsarətli olduğunu anladı. O bilmirdi ki, onun bu hərəkətləri peşəkar fahişələrin hərəkətinə oxşayır. Nə etməli?!
Taksidən düşəndə arxadan oğlan çağırdı. "-hey, birdə nə vaxt görüşək-". O, heç nə eşitmirdi. Özünü lüt-üryan adamların arasında gəzdiyini düşünür və utancından köhnə qaloşlarını yerdə daha sürətlə sürüyürdü. Qapını açıb otağa keçdi. Tez paltarlarını çıxarıb evin ortasına yığdığı köhnə cındırlaını əyninə geyinməyə başladı. O hiss edirdi ki, onun bu köhnə paltarları tövlə iyi verir və həmin anda fikirləşdi ki, nə yaxşı bu paltarla çölə çıxmayıb. Təzəcə özünə gəlib axşam baş verənlər barəsində düşünürdü ki, birdən qapı döyüldü. Tez qapıya cumub açdı. Bu onun əri və Mahmud idi.
Heç kim heç nə demirdi. Elə bil Nihad bu gün bir az xoş xasiyyət olmuşdu. Sifəti də gülürdü. Onu görən kimidə sevinirdi. Gülümsəməyə başladı. Bu münasibət ona utanc verirdi.
"-hazırlaş gedirik-" dedi.
"-Bacın yaxşıdır. Bir neçə günə də özü gələcək. Sənə də salam yolladı. Indi, onun yanından gəlirəm.-" Nihad o biri otaqdan qışqıra-qışqıra danışırdı.
Yaxınlarının ona belə mehriban münasibəti Saranı az qala boğacaqdı. Başqa heç nə edə bilməzdi. Paltarlarını hazırladı və qapının ağzında dayandı. Nihad durdu və onlar öz kəndlərinə yola düşdülər.
Vağzalda -qaçqın uşaqları, vağzalda -kimsəsiz qocalar, vağzalda- müştəri axtaran fahişə qızlar və Vağzalda - kədərli bomj... Artıq Sara şəhər həyatına, onun bütün iyrəncəliklərinə əmin idi. Hətta bir çoxlarından fərli olaraq şəhər ona acı bir şillə də vurmuşdu. Onun namusunu pozub ən adi əxlaqsıza çevirmişdi. İndi Sara əvvəlki kimi şəhəri sevmirdi. Hərdən, o dar düşüncəsində fikirləşirdi ki, onun bacısı da bu lənətə gəlmiş şəhərdə bəlkə də pis yola düşüb və kim bilir nə oyunlardan çıxır. Axı, o pis qadınlar geyinən paltarlardan geyinirdi.
"-Burda dayan. Gəlirəm-" Nihad illərlə adət olunmuş səs tonu ilə onun üzərinə çımxırdı və getdi. Platformada dayanmış qadınlara, onların təmiz və gözəl görünüşlərinə baxırdı. Hərdən özü də gözəlliyinin yenidən sehrinə düşüb saçlarını əynində yeganə təmiz olan yapon yaylığının altından çıxarırdı. Sonra fikirləşdi ki, bu onun nəyinə lazımdır. Sən demə gözəllik onun işi deyilmiş və anladı ki, tanrının ona verdiyi bəxtlə o bu gözəlliyin və yaraşığını yeganə olaraq o qaba ərinə göstərə bilər. O da bu gözəllikdən iyrənə-iyrənə zövq almağa çalışırdı.
Qırmızı, kapron güllər onun əynindəki paltarla təzad yaradırdı. Nihad təmiz və gözəl gülləri əlində elə tutmuşdu ki, sanki onu zibillliyə atacaqdı... Sara sevindi...
"- Al-" deyə nəvazişlə kapron gülləri arvadına uzatdı. Sara sevinir, yerə göyə sığmırdı. Birdən fikirləşdi ki, bəlkə onun hərəkətindən Nihadın xəbəri var. Axı, onda elə evə gələn kimi onu basıb döyər, ömürlük buralarda atıb gedərdi. Elə həmin andaca bir şeyi xatırladı. Gərdəyə girdikləri günü səhəri Nihadın ona necə şərt kəsdiyini "_Səni bu evə qulluqçu almışam. Eşidirsən. Sadəcə, qulluqçu. Bunu heç vaxt unutma. Indi, get və heyvanları yemlə-".
"Axı, niyə? Görəsən, bu gülləri niyə aldı? Ömründə bir dəfə də olsun xoş nəvaziş göstərmədiyi arvadını sevməyəmi başamışdı?" Sara durmadan nə isə bir səbəb uydurur. Ona inanır sonra isə onu inkar edirdi.
"- Sən, vəhşisən. Onu ehtiyatla apar. Bacıma almışam. Yolda itirib eliyərsən. Maymağın biri maymaq _" dedi və onun cırıq jaketindən tutub vaqonun içinə itələdi.
Artıq hər şey aydın idi. O vaqonun pəncərəsinin önündə oturmuş kapron güllərini ehtiyatla əlində saxlamışdı. Vaqon hərəkət etdi. "Tak.tak.tak" yol uzunu bu səslər ardıcıl olaraq relslərin üzərində döyülməyə başladı.
Pəncərənin önündən gəlib keçən şəhər mənzərələri getdikcə özünü kəndin balaca komalarına, dərələrə və onun qoynunda otlayan quzuların mələşməsinə verirdi.
O, göz yaşlarını yanaqlarından süzdürüb təzə yapon yayalığının üstünə tökürdü. Hərdən göz yaşları kapron güllərin şeh ifadə edən suni kleyinin üstündə oynaşırdı. O, gözlərini kapron güllərə dikib özünü boşluğa atmışdı.