|
FRAQMENTLƏRDƏN
***
Bilirəm, üzümə, bədənimə deyil, ruhuma aşiqsən sən. Bir az cəsarətimə, etiraflara, bir də sözlərə. Yazığım gəlir sənə - Unuda bilməyəcəksən məni tanıdıqca!
"PAYIZDA SƏN" SİLSİLƏSINDƏN
***
Ürəyimin başından aşağıda qopub düşən nəsə vardı. Hər səni görəndə… bu hiss hər səni görəndə yaşanardı - hündürlükdən qorxduğunu gej bildim.
***
nə vaxtsa hamımızın ürəyi belə döyünüb hamımız da unutmuşuq həmin vaxtı amma dünən Allah üzümə baxdı ürəyimin divarları yumulub açılınca saydım - kirpiklərini
***
Sənin kimi olmaq, sənin kimi düşünmək, sən olmaq - arzulanmaq, xoşa gəlmək istəyirəm. Amma qolumdan tutub silkələsən, "elə belə də yaxşısan" desən - yalan-doğru, mən heç nə istəməyəcəm.
KÖÇÜRMƏ (TƏCRÜBİ MƏŞĞƏLƏ)
Səni düşünmək şeir yazmaqdı - ritmi gözləyək…
Mahnı dinləməkdi səsini eşitmək - tonu qaldırma…
Görüşlərimiz tamaşadı - nə faciədi, nə məzhəkə - bizimki dram…
Xırda-para çəkişmələrimiz şou kimi - reklama hesablanıb - efir vaxtını uzatmayaq…
Nəsr məktublaşmalarımızdı - burda bütün üslublar gözəl… Amma mən çoxdandı kino çəkmək istəyirəm…
ANLAŞILMAZLIQ
Uzaqda, lap uzaqda, dənizboyu uzanan qəsəbədə uşaqlar qaçışır. Nənələri onlara təzə nağıl danışır. Bir kişi nəsə soruşur, bir qadın darıxır, saata baxır. Kimsə məni axtarır və bilmir ki, mən yaxında, lap yanındayam…
KİYEVLİ ŞEİRLƏR
Yalnız onlar mənə səndən hündür göründülər, Sən olmayanda yalnız onlar vardı. Cavandılar, yaxındılar, amma uzaqdan baxırdılar. Sən olmayanda onlara da toxunmadım. Təkcə baxıb köks ötürdüm tozağaclarına məni qısqanma…
***
"Çıxıb getsəm, bir də gəlməsəm" deyə hədələsəm səni, və "sag ol" yerinə desəm ki nə qədər çətindi səni sevmək - qapını göstər - bu daha yaxşı sakitlədər…
***
Qış kimi soyuq, elə o qədər də təmiz nəfəsini uzaqdan eşidib titrəyirəm - soyuqdandı, ya istidən - bilmirəm…
***
Üstünü örtəcəkdim, yuxulu gözlərini açıb mənə gülümsəyəndə adyalın ucunu itirməsəydim…
BAKI
Bu şəhərdə məni ən çox adamlar darıxdırır. Və bu şəhərdə səni ən çox adamlar xatırladır mənə…
***
gizlət məni üzünün hər gün artan qırışında adamlardan heç kəs tapmasın…
OĞLUMA
Qadınların asılmaq istəyini boş ver - bir kişidən, ya kişi əllərindən daha uzun, daha möhkəm ipdən... bilirsən, onlar üçün fərq etməz - boyunları çılpaq qalmasın birjə …
SON ŞEİRLƏR
Hər gecə yuxu görürəm... eyni yuxunu... Hər səhər dodaqlarımda eyni tam - duzlu... nə zamansa demişdin gecələr çox ağlayırsan...
***
Mən tərtəmiz sənin olmalıydım. saçıma toxunmamalı, dərimə hopmamalı, üzümə dəyməməliydi onlar - Giordani, Armani, Loreal.
|
|