Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


 

Zülmün topu var, gülləsi var, qəlpəsi varsa,
Haqqın da bükülməz dizi, dönməz üzü vardır!
Göz yumma Günəşdən nə qədər rəngi saralsa,
Sönməz əbəda, hər gecənin gündüzü vardır !...

(Tofiq Fikrət)


Düz-əməlli ata-baba qaydası ilə şeir yazan çox şair tanıdım bir ömürdə.(Klassik demirəm, dipdiri sayılmalı olan, bu gün yaşayan şairləri nəzərdə tuturam). Əli Aslanoğlunun bunların arasında ayrıca yeri var.
Bu şairdən klassik şairlərin havası gəlir və təbii ki, bu havada Əli bəyin özünəməxsus , amma o ulu şairlərimizə çəkən bir bəlli ətir, bir doğma ovqat əsintisi, bir şeir təntənəsi birgünlükdən duyulur. Onun əsərlərini, xüsusilə ədəbiyyatın mübarək klassik suyu ilə bəslənib ərsəyə gəlmiş qəzəllərini oxuyanda müəllifi yan-yörəndə unudub( bəlkə də görə bilməyib), üzünü ötən əsrlərə tutursan, uzaqlarda qalan möhtərəm bir şair dədəmizi xəyalına gətirmək istəyirsən:
Dilbəra, zülmün keçib ərşi-əladan o yana,
Görməmişdim bir bəla mən bu bəladan o yana...
Məlumdur ki, klassik poeziyamızın dili o zamanın ərəb, fars izafət birləşmələri ilə yüklənib, birdən-birə oxucuya qərib təsir bağışlayır. Əli Aslanoğlu bu ədəbi əngəldən, misralarından da göründüyü kimi, bacarıqla qaçır. Amma nə qədər təskinlik axtarsaq (və tapsaq da), hava o havadır,həvəs də o həvəsdir...
O poetik gözəllik, o divan ədəbiyyatı ədası, o eyş-işrət, o dilbər ifadələr çoxdan tarixə qarışdı, uzaqlaşdı; istəməsək də, solğunlaşıb doğmalar içində qəribsəyən talesizlərə döndü... Yazıqlar olsun!..
Əli Aslanoğlu kimi kişi şairlərə həm heyrət edirəm, həm də yazığım gəlir.
Onların sayı bu gün azdı. Ədəbi mənzərədə sıra nəfərləri çox dəngül-düngül görünürlər. Amma Ərvahın işini , ulu söz zərgərlərinin sanki gözəgörünməzlərdən gəlib boğazlarına bərk-bərk bağlanmış o keçmiş sənətkarlıq qayələrini doğrudan da böyük hünərlə davam etdirirlər.
Yazığım gəlir ki, bu qəbildən olan şairlər dadı-tamı azaldılmış bu ədəbi mühitdə öz oxucularını lazımi səviyyədə yetişdirə bilmirlər. Təkrarına dəyər ki, bu hünərvərlər, doğmalar içində vurnuxan qəribanlar kimi o qədər də xoş ovqatda gözə dəymirlər...
Həssas oxucu məni qınayar ki, bu şair elə ayın-arxayın danışır, guya ənənəvi şeirin günəşi tam vaxtında batıb-çıxır, heç ayı da bir zavala gəlməyib...
Qınayar, düz qınayar! Sənətdə yarpaq tökümü, ya özgə bir təbəddülat aşkarca özünü göstərməkdədir. Dünənki poetik dünyamızın ağlagəlməz dərəcədə çoxdan çox daşıyıcıları şeirimizin Məkkəsi, Mədinəsi olan Füzulidən, Nəsimidən ,Aşıq Ələsgərdən belə, üz döndərib, onları divana çəkməyə , ittiham etməyə girişiblərsə , oxucunu necə qınayaq?!...
Ədəbi meyarlar itib, sözün bəkarəti çirkləndirilib, kəlmə ən çox söyüşə-savaşa , latayır hərzə-mərzəyə tabe etdirib... Nələr olmayıb ki ?! Yenə heç olmazsa bu üzüağ olmuş adda-budda qalan Əli Aslanoğlu kimi şairlər öz qibləsi saydıqları klassiklərin ruhunu yaşadır, ədəbiyyatımıza sədaqətlə xidmət göstərirlər. Nə qədər ögeylik görsələr belə..
Sən oxudun, oxumadın... Arı bal çəkəndə, "məni yeyəcəklərmi, görəsən...?" deyə qayğılanırmı?! Xasay Mehdi demiş, "Şairlər söz arılarıdır!..." İstər ye, istər yemə! Özü yediyi də ona kifayətdir!
Çox yaxından tanıdığım Əli Aslanoğlunun gözütox təbiəti, kəlmənin şirəsini bir az artırsaq, şax qüruru onun "arı təbiətli" olmağından irəli gəlir, elə bilirəm...
Zamandır bu, zaman.
Amma nə qəm?! Füzulinin, Ruhi Bağdadinin davakar söz pərvanələri yaxşı ki, birdən-birə yoxa çıxmırlar. Çağdan-çağa adlayır, yerlərini yeni pərvanələrə əmanət eləyib, bundan sonra o heyranlıq vadisindən çəkilib gedirlər. Bu adamlar əslində , adamlar arasında tənha yaşayır. Amma vəcd ilə yola çıxmış tək-tük səhra yolçuları kimi öz Əli Aslanoğlusunu, bir az da qabağa qayıdıb, Süleyman Rüstəmini, Cəfər Xəndanını arayırlar. Onlarla "oturub-durmaq"dan məmnunluq duyurlar.
Ey mənə dərd artıran,

səndə ədalət hanı bəs?!
Varsa insafın əgər, lütfi- kəramət hanı bəs?!
... Etibar etdim sənə qəlbimin dürdanəsini,
Sən əgər məhv etmədin, söylə,
əmanət hanı bəs?!

Misraların daraq dişindən seçilməz sığalı, bu sığala çökmüş klassik tərənnüm ətri, öz nizamından özgə heç nə ilə razılaşmayan şair ürəyinin minilliklərdən yönü bəri sahilləri döyəcləyən yorulub-usanmaz çırpınışları mərdanəliklə deyir ki: bu şair sevdalı könüllərin qayim-qədim şairlərindəndir. Gah bu günümüzdə yaşayır, gah dünümüzdə! ( Məncə, ən çox klassiklərin hüzurunda)
Anadolu şairlərindən bir təsəlli gəlir qulağıma:

Şair, sən öldükcə və üzüldükcə yaşarsan!
(Faruk Nafiz Çamlıbel)


Hərtərəfli yaradıcılıq yolu keçməkdə olan sevimli Əli Aslanoğlunun şəxsi keyfiyyətləri haqqında, çoxyaşar poetik közərmələri haqqında çox əhatəli yaza bilərdim. Nəsə onun haqqında belə qısa yazmaq xoşuma gəldi. Onsuz da, onun xoşuna deyil, öz xoşuma , öz istəyimə əlimə qələm aldım. Neyləyim ki, çox sevdiyim şairləri tərifləməyə Rəbbimiz mənə fərasət verməyib. Hər şey qismətdir...