Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


 

TƏRCÜMƏÇİDƏN

Kiyev bizi yağışla qarşılasa da, göyüzü qaş-qabaqlı görünsə də, qədim şəhər, ulu məskən yenə də gözəl idi. Qara buludlar kefimizə soğan doğraya bilmədi, - xoşgörüşlüyün, ev yiyəsinin qonaqpərvərliyi müqabilində. "Ev yiyəsi" deyəndə, onlardan biri elə bizim həmyerlimiz, Beynəlxalq "Ukrayna-Azərbaycan dostluğu" xeyriyyə fondunun başçısı İlqar Abbasov idi. Bu qurumun şəxsən İlqarın dəvəti və himayədarlığı ilə bir dəstə ziyalılarımız, qələm sahiblərimiz Yazıçılar birliyimizin sədri Anar başda olmaqla səfərə çıxmış, Kiyevə gəlmiş, orada görüşlər keçirmiş, İlqar Abbasovun Brovarı qəsəbəsinin yaxınlığında, Tarasovka kəndində uğurla idarə etdiyi təsərrüfat müəssisəsinin qonağı olmuşlar. Bu sətirləri yazana da həmin səfərə qatılmaq nəsib oldu. Təəssüratımız bol fərəhlə doludur və bu barədə ayrıca söhbət gərəkdir. Hələlik iki qardaş xalqın mənəvi ülfətinə kiçik sovqat kimi tanınmış, istedadlı nasir, köhnə dostum, hazırda Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Yavorivskinin adı çəkilən hekayəsini ana dilimizdə səsləndirib oxucularımıza təqdim edirəm.
… Biz Bakıya qayıdan zaman Kiyev göylərində buludlar dağılmışdı, günəşin şöləsində kilsələrin qızılı suyuna çəkilmiş gümbəzləri bərq vururdu… Qoy Ukraynanın başını heç zaman qara buludlar almasın…

Vaxt yağmalanmış torpaq üzərinə çöküb soluxurdu.
Gecə qəbristanlıqlarda, qardaş məzarlıqlarında gecələyirdi.
Bir anlığa aləmə sükut çökdü.
Qorxunc bir sükunət.
Və birdən-birə qoltuq ağaclarının qupquru taqqıltısı sükutu çilik-çilik parçaladı.
Taqqaturaq…
Bomboşdur aləm, kəlmə kəsməyə bir adam tapılmır.
Taraq-taq…
Ətraf ənginlikdir, müdhiş bir ənginlik.
Taq-taraq…
Qollarını qaldır, aç uç özünçün…
Qol nə gəzir, boş qoltuğumu qaldıracaqsan?
Qalan əl-qolun haçandan taxta-tuxtaya pərçim olub.
Bizim hamımızı bir yerə topalasan, bəlkə on-on beş nəfər bütöv əlli-qollu adam yapmaq olardı, amma beləliklə yarıq-yarıq yaşayasıyıq.
Taraqqataraq! - üzülmüş qadın ürəklərini dəlir bu səslər.
Ağaclar qeyb oldu, göylərə uçdu, daxmalar adamları qucdu.
Gecənin içində nakam gəlinlər ağladı, çağladı.
Bəxti gətirənlər ərlərinin bədənlərindəki çapıqları, yara izlərini yoxlayır, sığallayırdılar.
Belələri Teklovka kəndində də vardı.
Dünyanın odasında:
- Mixaylo…
- "Mixaylo" indi dağ-dərə, çala-çuxura dönüb. Yer kürəsi maketi misalındadı. Bax, bu sinəmdən keçən şırımı görürsən, Dnepr çayı kimidir. Çiynimdən Rona aşıb keçir, kürəyimin altındakı oyuq da Qara dəniz… Hərdən mənə elə gəlir ki, day insan deyil, elmi vəsait, eksponatam, evə yox, birbaşa muzeyə qayıtmalıydım…
- Bağışla…
Davadan əvvəl Yuximi istəmədən ərə gedən, onunla qoşa balıncda yatmamaq üçün gecə gözətçi işinə düzələn Zesyanın komasını… Budur, eşikdə duran Yuximin çəlimsiz bədəni qaranlıq pəncərəyə qısılıb, elə bil çarmıxa çəkilib.
Zesyaya və onun aşnasına bir daha baxmağa gəlib.
Baxışları şüşəni, komanın yarıqaranlığını yarıb keçir.
Və Zesyaya çarpıb sınır.
O, tər-təmiz gəlinlik donunda otağın ortasında sona kimi yüngülcə yellənir, sanki süzürdü.
Divarın başında ikona əvəzinə Yuximin qara kağızı asılmışdı…
Zesyanın baxışları qara kağıza ilişsə də, ona dəymədi, qoparmadı.
Yuxim özünə zor gələrək pəncərədən aralanıb qapının qulpunu öpdü, kandardan bir ovuc torpaq götürüb boş qoltuğunu yelləyə-yelləyə, valaylaya-valaylaya uzaqlaşdı.
"Öləydim gərək", - deyə göynədi.
Fedosi öz evində yamaqlı-sırıqlı alt paltarında kətildə oturmuş, tayqol qardaşı da üzbəüz əyləşmişdi.
- Hə, de görək, vuruşdun-dalaşdın, nooldu? Əl-qolunu budadılar, artıqmış kimi. Yox, olmaya sənə heykəl qoyacaqlar?
- Mən elə özüm özümə heykələm. Amma natamam. Görürsən də, bir qolumu yapammayıblar
- Hə, indi sizin təki natamamlar kefin istədiyincədi, gəl indi külüng çal bunların əvəzinə.
- Orası düzdü. Gil ki var, hamıya çatmır, camaat gildən ev yapır… təki o gil, o torpaq bolluca taxıl yetişdirsin. Xalq ev-eşik qurdusa, doyunca çörək yedisə, mənə də çatışmayan qolum üçün gildən- zaddan ayırar… Mən də o gili sənə bağışlayaram ki, özünə bir ürək yoğurub yapasan, ürək!..
Ayağıyla qapını dürtüb açdı, çıxıb getdi.
… Denis isə tövlədə yır-yığışla məşğul olan arvadının yanındaydı.
İki qolunu da itirmişdi, sən deyən bazburutlu köynək-filan da ona daha lazım olmayacaqdı, bir heybə ola, dəlikli, keçirsin başına, vəssalam…
Oturub mis qabdan qurtum-qurtum araq içirdi. "İndən belə özümçün eşmə düzəldə bilməyəcəm", -deyə başını bulayırdı.
Arvadı da fikir götürmüşdü. "Noolacaq bizim işimiz, ilahi. Qucaqlaşa da bilməyəcək ömür boyu… yazıq…" Bu düşüncə qara quyu kimi onu çəkirdi, məyus-məyus araq süzürdü kişiyə.
İçgi beynini dumanladıqca Denis ürəyinin dibindən təskinlik verirmiş kimi söz qurdalayıb dilə gətirirdi:
- Qəm yemə, Mariya… hər halda əmin ola bilərsən ki, day sənə əl qaldırası deyiləm…
… O biri evdə Polya əri Vanyanın iki medalını ovcunda yanan kömür parçası kimi tutub sanballayır, Vanya yanındaca uzanmışdı.
- Ay Vanya, bunların sanbalı-zadı çoxmu-azmı?
- Davada "kazyonnı" sapoqları nə qədər geyib təpik çalmışamsa, yol yormuşamsa, o qədər…
- De görüm, orda korluq çəkmirdinmi, ac qalmırdınmı?
- Sənin bişirdiyin "borş" yadıma düşürdü.
- Bəs mən özüm necə?
- … Bir də o yekə sarı yumurta gətirən fərə… sobada bişirdiyin çörək…
- Yaxşı, ay İvan, bəs nə əcəb bircə yaran-zadın gözə dəymir, yəni heç yaralamayıblar?
- Yadımda qalmayıb. Bəlkə də.
- Gör ey … Başqaları bir ağızdan… hamısı çapıqlı, calaqlı qayıdıblar… - Yaxşı, zarıma, yaram da var.
Arvad onun sür-sümüyü qabaran bədəninə, kor adam tanımadığı yeri yoxladığı kimi ehmalca əl gəzdirdi.
Davadan əvvəl öküz buynuzu çapdığı izdən başqa bir şey tapmadı…
- Ay İvan, axı heç nə yoxdu. Bəs necə olsun? Sən axı cannan-başnan vuruşmusan. Elə deyilmi?
- Əşşi, qoy görək də, heç olmasa bu birinci dinc gecədə sol ayağımın çeçələ barmağı ki, vardı, həmişə də qabar tutardı, indi yerli-dibli yoxdu. Andıra qalmış güllə üzüb qopardı…
- Eh… deyirəm, yay olsaydı, səni ayaqyalın görənlər də bilərdi ki, dava sənnən də vaz keçməyib…
… Vasillə Katerinanın toy günü müharibənin başlaması ilə üst-üstə düşmüşdü. Görək indi evlərində nədən danışırlar:
- Ay sənə canım qurban, sağ-salamat qayıtmısan! Mən sənin üçün dua oxuyurdum, şükür ki, dualarım boşa çıxmadı. Şükür ki, bircə dənə də xəsarətin yoxdu. Lap anadangəlmə kimisən.
- Orası elədi, amma gəl indi camaatı inandır ki, od-alovdan keçmişəm, vuruşmuşam. İş o yerə çatmışdı ki, öz xoşumla əl-qolumu güllə altına tuturdum, deyirdim, vur də, çal də, a zalım, a əclaf. Di gəl, yan keçirdi, dəymirdi mənə. Bilirsən, Katya, düzü, gözükölgəli kimiyəm, sənin də, xalqın da qarşısında. Özü də bütün vaxtı ön cəbhədə olmuşam…
Kənd sovetinin başçıçı Fyodor kişi öz evində, arvadı, yatağı hazırlayınca, var-gəl eləyir, düşünüb-daşınırdı, haqq-hesabını "şotkalayırdı".
- İndi əmək qabiliyyətini itirmiş doqquz adamımız var. Dörd nəfər tayqol qayıdıb… Demək, qarovulçumuz bəs eləyər… Hə… toyuq-moyuq da azdır, on-on bir fərə olar, yenə də yumurta planı başımıza qaxınc olacaq, abrımızı tökəcəklər. Nəmxuda, orden-medalla qayıdanımız çoxdur, barı onları görk eləyərəm, sipər tutaram. Gözlərinə soxaram. Gözə gəldikdə, canım, hamısının gözü öz yerində. Düzdü, bir yabımız kordu, hayıf…
Ətrafı başına alan qoltuq ağaclarının taqqatuqqu arvadların, gəlinlərin ürəyini yeyirdi…



                                                                                Ukrayna dilindən çevirəni: 
                                                                                Səyavuş MƏMMƏDZADƏ