Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

Sabir YUSİFOĞLU


 
ŞAİR DOSTUM İBRAHİM İLYASLIYA

Dərinə çox getdik deyə,
Elə də üzdə olmadıq.
Görünməyə göründük ey, -
Di gəl ki, … gözdə olmadıq.

Gah əkində, gah biçində,
Oda düşdük qış keçəndə.
Bu qədər bahar içində
Bircə yol yazda olmadıq.

Çox dəftərdən silsələr də,
Bölüm-bölüm bölsələr də,
Türkün qanı axan yerdə
Türk olduq, özgə olmadıq.

AD GÜNÜNƏ

Dünyaya gəldiyin gündü,
Dünyanın ki, sonu deyil.
Lap elə bil ayrı gündü
Heç ayın da onu deyil.

Nə Adəm yaşıdın olub,
Nə də ki, Həvva gözaltın.
Xəyallar aldadıb səni,
Nağıllarda qaçır atın.

Nəyə gəlmişdin bilmədin,
Bilmirsən nəynən gedirsən.
Göydə Allahın var deyə,
Ölsən də göynən gedirsən.

Bu yaşda nəynən qazandın
Bu ağlıqda saç -saqqalı?
Ay evin qara günlüsü,
Ay dərdlərin ağsaqqalı.

Nə beşulduz otelin var,
Nə banklarda əmanətin.
Vətən üçün öldüyünü
Nə şah bildi, nə millətin…

***

Alnına yazılan qalıb
Qapqara rəngin altında.
Yuxuda ağ at görmüşdün -
Çap qara rəngin altında.

Bu cılız can hara sığar, -
Ora divar, bura divar?!
Yaxşı bax, bəlkə ağ da var
Lap… qara rəngin altında.

Bağladılar göy üzünü,
Yoxsa yer göydən üzülür?!
İndi düş axtar özünü,
Tap qara rəngin altında.

***

Yaxasız köynəkmi geyək
Yaxamızı dərd boşlasın?
Allah, bu nimdaş günləri
Dəyiş, təzəsi başlasın.

Qanundanmı, ya qandanmı…
Nəsə aldadır adamı.
Öz içinə ensin hamı, -
Şeytanı orda daşlasın.

Yerin-yurdun da bilinmir,
Özünü göstər, görün bir…
Bəndələrin gözəl, kifir,
Üzünü hara tuşlasın?!.

***

Gəl dərdi rüşvət verək,
bəxti güldürmək üçün.
Neyləyək, ayrı heç nə
yoxdu, güldürmək üçün.

Hardaydıq? -
yerdən uzaq,
eşqdən, kədərdən uzaq.
Bu dünya yolumuza
çıxdı öldürmək üçün?!

Ümidlərdə batdı gün,
Nə çox çəkdi bu sürgün.
Bəsdi daha süründün
vaxtı öldürmək üçün.

***

Onun-bunun hesabına
Dolanan oğlan deyilik.
Üşüsək, isti qoltuğa
Qaçıb sığınan deyilik.

Yüngül, ağır xərc çəkirik,
Kef çəkirik, dərd çəkirik.
Üstdən siqaret çəkirik, -
Kim deyir sağlam deyilik.

Bitmədik palıdlar təki,
Sonu… böyüdülmüş şəkil!
Hər halda bəxtimiz çəkib, -
Bir də doğulan deyilik.

GÖSTƏR ÖZÜNÜ, İLAHİ!

Bəndən allahlıq eləyir, -
Gözdən düşmürsən, ilahi?
Bu adama güc verdikcə
Gücdən düşmürsən, ilahi?!

Nə qədər əllər uzanır
Əl dəyməyən ətəyinə.
Yəni belə uzaqsan ki,
Bu ahlar çatmırmı sənə?!

Bir yetimin göz yaşını
Qurutmağa gücün yoxdu?
Bizdən üzün dönüb, yoxsa
Görünməyə üzün yoxdu?!

Göstər özünü, ilahi,
Bir az da özünə görün.
Haqqa qan udduranların
Qan tutmuş gözünə görün.

Cinin, şeytanın heç nədi, -
Üzündən tanımaq olur.
Yerdə allahlıq eləyən
Bəndələrdən bizi qoru!

ÜRƏKDƏN ÖLÜRÜK DAHA

                    Ürəyi tab gətirməyən qələm dostlarımın xatirəsinə

Sevincimiz nisyə gəlir,
Qəm-kədər nağdı yerindən.
Heç nəyimiz olmasa da,
Bir-iki "salam-əleyk" var
Hər səhər nağdı yerindən.

Hər addım ürək ağrısı,
Hər an əsəb bahasına.
Yaraşıqlı şəklimizi
Torpaq taxır yaxasına.

Qocalıb, əldən düşmədən,
Qəfil, sakitcə gedirik.
Nə təhər yaşamışdıqsa,
Elə də incə gedirik.

Gülün, çiçəyin ətrini
Küləkdən alırıq daha.
Ürəkdən yaşamaq olmur,
Ürəkdən ölürük daha.

YADIMDAN ÇIXIRAM

Nə özün gəlirsən, nə məktubların
Səninlə gedibmi yox olan yollar.
Bəlkə yer üzündən qırılıb düşüb
Bizim aramıza yıxılan yollar.

Qaldığın illərin yan-yörəsindən
Seyrəlib çəkildim duman, çən kimi.
Tək sənin yadına düşmürəm deyə,
Yadımdan çıxıram çıxan can kimi.

…Ulduzu tökülüb bizim göylərin
Nə sən o çiçəksən, nə mən o dəli.
Dadı, duzu qaçmış bu xarabada
Səninlə bir ölüb həmən o dəli

PAYIZ YAĞIŞLARI HOPUR CANIMA

Buludlar dənizi qaldırıb yerdən,
Çırpır küçələrin boz sifətinə.
İslanmış kölgələr qaçır işıqdan,
Oğru adam kimi qısılır tinə.

Bəlkə bir nadanın günahı üstə,
Hamının başına döyür bu yağış.
Kiminin gözündə yağışdı elə,
Kiminin içini oyur bu yağış.

Mamır bağlayacaq daşların üzü,
Dərdsiz ürəklərin divarı - yosun.
Belə yağandısa mənim qəlbimdən
Vəfasız bir qızın izini yusun.

Bu payız yağışlar hopur canıma,
Daha itirilmiş torpaq kimiyəm.
Yağışlar yorulub kəsəcək bir gün,
Mən bundan o yana çətin kiriyəm.

Nə qədər gözlərdə görünməz oldum,
Məni gəzən gözlər islanır harda?
Çiçəklər, yarpaqlar quruyub ölür,
Göyərib öləcəm bu yağışlarda.

BU YAĞAN QARIN ALTINDA

Canımda bir qışlıq soyuq,
Başımda bir dəli sevda.
Əlim yalın, başım yalın
Sevilmədim bu soyuqda.

Gedən gedib, gələn hanı,
Nə deyəsən dörd divara?!
İstəyirsən üzünü yox,
Ürəyini sürt divara.

Tək darıxan ürəyimi
Çıxartdım evdən bu qarda.
Tapıb ağrıyan yerini
Ovduqca ovdum bu qarda.

…Aldım hər nə çatasıydı,
Qaldı bircə sevgi payım.
Bu yağan qarın altında
Ölsəm, məni ağlamayın…