Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

NAXÇIVAN ŞAİRLƏRİ


 
Asim YADİGAR

ÇATAR

Qəmim də var, sevincim də,
Bölüm - bölənəcən çatar.
Sevincim ağlayanacan,
Qəmim gülənəcən çatar.

Qorxutmaz ki, məni ölüm,
Odam - sönsəm qalar külüm.
Nəfəsim qorxma, ay gülüm,
Əcəl gələnəcən çatar.

Uçar əldən sona kimi
Heyif deyə, yana kimi.
Xərcləyəcəm sona kimi
"Ömrüm ölənəcən çatar".

GEDƏK

Doldun yenə bulud kimi,
Gözümüzü sıxaq gedək.
Ömür nədir? - Göz qırpımı,
Şimşək ömrü - çaxaq gedək.

Böldük ömür xeyrə, şərə,
Ulu dünya bir pəncərə.
Gələn baxıb - bircə kərə,
Bəlkə biz də baxaq gedək?

Vaxt - dəyirman, batıb ünüm,
Üyüdülür ömrüm-günüm.
Haçan doysan, dəli könlüm,
De dünyadan çıxaq gedək.

ÖLƏN SEVGİMƏ AĞI

"Sənsiz yaşamaram" - demişdin mənə,
"Sənsiz yaşamaram" - sözə bax, Allah!
Mənsiz yaşamadın -inandım buna,
Sinəmi yandıran közə bax, Allah!

O hansı qüvvəydi dodaqlarından
İlahi bir səsi uçurtdu belə.
Sənsizəm, dediyin bir kəlmə sözün
Odunda qovrulub, yanıram hələ.

Yoxluğun ruhuma saldı zəlzələ,
Könül sarayım da dağıldı, gülüm.
Demişdin bu sevgi bir nağıl olar,
Doğrudan bir şirin nağıldı, gülüm.

Bu da bir nağıldı, nağıl deyirəm,
Sən adda bir mələk vardı cahanda.
Sən uçub gedəli gidi dünyadan
Qəlbimə, ruhuma, dardı cahan da.

Nə qədər alışım, yanım gizlicə,
Dərdimi deməyə dərddaşım hanı?
Ağlaya bilmədim ölən sevgimə,
Ağlaya bildimsə - göz yaşım hanı?

TUT AĞACLARI

                         Təbrizdə boyu 1,5-2 metrə çatan salxım
                          söyüdlərə bənzəyən tut ağacları gördüm…


Elə bil səsləri içində batıb,
Boyları boyumdan uca deyil ki…
Bu başı aşağı tut ağacları
Körpəcə uşaqdı - qoca deyil ki.

Mənə elə gəldi bu ağacların
Günəşə uzanan əli kəsilib.
Boyu kəsilməyib bu ağacların
Elə bil söz deyən dili kəsilib.

Bu barlı-bəhrəli tut ağacları
Göynəyən ağrımdı, acımdı mənim.
Bu başı aşağı tut ağacları
Təbrizli qardaşım, bacımdı mənim.


Elman HƏBİB

YERİ-YERİ

Bu hikkənlə, bu acıqla
yer üzündə bəlkə təksən,
Dünən səndən olmayıbdır,
bəlkə sabah, gələcəksən.
Bir gün şimşək inadınla
Sən üzümə güləcəksən.
Yeri-yeri daşım yeri,
Bu zirvəni aşım yeri!

Xislətində bağışlamaq,
barış salmaq yoxdu, deyən…
Bir sözümü o birindən
daldalamaq yoxdu, deyən…
Yaxşı nə var, yaman nə var
sadalamaq yoxdu deyən.
Yeri-yeri daşım yeri,
Nələr çəkir başım yeri.

Bu vəzifə başımıza
dəyən qızıl qapaz deyil,
hər gördüyün çay olsa da,
o Kür deyil, Araz deyil.
Nə olsun ki, işlərimiz
hələ dümdüz, taraz deyil.
Yeri-yeri daşım yeri,
Gözlərimdə yaşım yeri.

Ciliklənmə hədər yerə
düşmən bilmə yan-yörəni,
Qiblə bilmə, mehrab bilmə
hər sənə yol göstərəni.
Bir daş sanma bu qayanı,
aşiq bilmə hər sevəni.
Yeri-yeri daşım yeri,
Sirdaşım, sirdaşım yeri.

Kimə neylər bu hikkən de,
bir özünü yandıracaq.
Yoxluğum da çox mətləbi
bir gün sənə qaldıracaq.
Sən yolunla yeri yenə,
qarşıdadır son duracaq.
Yeri-yeri daşım yeri,
Sənə nəğmə qoşum yeri.

ADSIZ ŞEİR

Çox baha gələcək
bu bəxşiş mənə
Çox baha gələcək
bu alqış mənə.

Öz sözünü dedi
ötən qış mənə, -
Daha təsir etməz
bu yağış mənə.
Mənim də yağmalı
vədəm ötübdü.

Kimi səslədimsə
hayıma çatdı,
Allahım mürgüdən
məni oyatdı.
Yaxşı da, yaman da
elə həyatdı.
Sevmək mənə təzə,
sənə boyatdı,
Səndən belə nisgil,
o qəm ötübdü.

İçimdə həsrətin
acı göz yaşı
Gözümlə görmüşəm
içimdə qışı.
Daha məhəbbətdə
deyiləm naşı.
İçimə tökülən, ay
qış yağışı
Mənə elədiyin
sitəm ötübdü.

BİR YANA

Üyündü bu dünya vaxt qıtlığından,
Samanı bir yana, dəni bir yana.
Saldı öz taxtında, ucalığından
Səni bir tərəfə, məni bir yana.

Zirvəni haqladı bu gürşad bulud,
Papaqsız kişiyə döndü köhnə yurd.
İndi ha gözünün yaşını qurut,
Ha çək bu dumanı, çəni bir yana.

Elman haqq deyənin haqqından tutub,
Hər şeyi buraxıb xalqından tutub.
Tutub, ürəyini qızıl qan tutub,
Zülməti bir yana, danı bir yana.


GENİŞLİK

                                 Ustad Rəsul Rzaya
 
Rəsul Rza keyf sürüb həyatda:
Nə onu vəzn sıxıb,
nə qafiyə, nə heca.
Torpaqları şumlayınca
Topanlayıb kalasını, bıtrağını.
Eləyib poeziyanın
vəznli, qafiyəli, hecalı alağını.
Seçib söz üyüdən ürəklərin
yaltağını, yalağını.
Nə qaraciyəri serroz olmaq
qorxusunu keçirib.
Nə altına saldığı
xalq toxuyan
kilim su keçirib.
Nə dalağı şişib,
nə ödü öskürəkli olub,
Nə ağ ciyərlərində hava seyrəkliyi olub
Bir sözlə ölçüdən-biçidən,
qoruqdan, qadağadan uzaq.
Bəzən bərk, bəzən yumuşaq,
bir ömür yaşayıb Rəsul Rza.
Nə kiminsə vəzifəsində gözü olub…
İçində bir Kərbəla düzü olub.
Başqaları mövzu axtaranda
düzüm-düzüm sözü olub.
Namərdlər ürəyini daşlayana qədər,
Bir kimsəyə çor demədi.
Daşlandı yenə demədi.
O, dənizi sevirdi,
Bakının dəniz havasını,
Bakı bağlarının qumunu,
Göyçayın çinarını,
narını,
Nigartək yarını sevirdi.
Rəsul Rza nə gəmiyə sığmırdı,
nə qayığa.
Onun qolları arasına
sığırdı dəniz də,
gəmi də, dalğa da,
qağayı da.
Rəsul Rza genişlikdi,
Nə vəznə sığır, nə qafiyəyə sığır
nə də hecaya.
Bu gün həm uşağa yoldaşdı,
həm cavana qardaşdı,
həm də həmfikirdi qocaya.
İstər cavanlıqdan
qocalığını boynuna alan,
Rəsul Rzanın "Həbəşistan"
poemasından doğulan,
yazıçılar ittifaqının
katibi Fikrət Qoca gəlsin.
İstər sərhəd dirəklərini
yıxmaq istəyən
"AT"lı Fikrət Sadıq gəlsin,
İstər yetmişinci illərdən bəri
öz ürəyini başının altına qoyan
30 ildir nə yatan, nə uyuyan
xalq şairi Məmməd Araz gəlsin;
Rəsul Rza onlardan nə vəzifə istəyəcək,
nə də çap olunmaq imkanı.
Göy gözləri ilə üfüqə baxacaq,
Bakının açılan sabahına
Və ötən günlərə baxa-baxa
gələn günləri
xatırlayacaq.
İbrahim YUSİFOĞLU

MƏN ZALIM ADAMAM

Səni aldatmasın körvək duruşum,
Məni dərdli görüb, halıma yanma.
Aslan vuruşudu mənim vuruşum,
Mən zalım adamam, mənə inanma!

Sən mənə inanma, qoy, belə durum,
İnansan, bir ümid itirəcəksən.
Məhəbbət güllərim quruyub, quzum,
Təzədən nə təhər bitirəcəksən?!

Mən zalım adamam, zalım olmasam
Səni öz dünyandan qopararammı?
Kükrəyən dənizin dalğalarına,
Yelkənsiz qayıqda apararammı?!

Sənin istəklərin billur qab kimi,
Düşüb əllərindən çiliklənəcək.
Bağrına sıxdığın hörüklərini,
Qara gecələrin ağ bələyəcək.

Köksünü yandıran od hisslərinlə,
Dəli inadından dönməyəcəksən.
Parlaq ulduzlartək saf gözlərinlə,
Eşqin səmasında sönməyəcəksən.

… Səni ovsunlayıb kövrək duruşum,
Məni dərdli bilib, halıma yanma.
Uç get öz baxçana, Səməndər quşum,
Mən zalım adamam, mənə inanma.

BU NƏĞMƏM SƏNƏDİR, DOĞMA NAXÇIVAN

Gəzirəm qoynunu hey qarış-qarış,
Nura boyanırsan doğulanda dan.
Hər yanda yüksəliş, hər yanda yarış,
Bu nəğməm sənədir, doğma Naxçıvan!

Sən Oğuz elisən, Nuhun yurdusan,
Tarixlər yaşayır "Gəmiqaya"nda.
Alınmaz qayasan, qalib ordusan,
"Əlincə" mərd olub ən ağır anda.

Qoynunda çağlayan çeşmə suları,
Evləri dolaşır, sərinlik yayır.
"Sirab", "Badamlı" tək əvəzsiz varı, -
Çoxları dərdinin dərmanı sayır.

Zəhmətlə yaşayan oğul, qızların,
Min nemət yetirir hər bucağında.
Kəhrəba üzümün, gülöyşə narın,
Sulanır, qızarır gen qucağında.

Memar Əcəminin gənc nəvələri,
Tikirlər, qururlar - gözəlləşirsən.
Müstəqil günündən ta üzü bəri,
Gözəl diyarlara bərabər, birsən.

Qovmusan başından dumanı, çəni,
Toylu-büsatlıdı qoynunda hər yan.
Qəlbimdən süzülən bu şən nəğməni,
Sənə bəxş edirəm, doğma Naxçıvan.


Səhlab MƏMMƏDOV

SƏN ALDANMA

Güvən yalnız öz qoluna
Fitnə əkmə düz yoluna.
Gədaların sağoluna
Mən aldandım, sən aldanma.

Ömrə, günə əbəs deyib,
Məhəbbətə həvəs deyib,
Bu dünyaya qəfəs deyib,
Mən aldandım, sən aldanma.

Çaylaq daşı gövhər deyil,
Bəxtim çapan kəhər deyil.
Mey qədəhi zəhər deyil?
Mən aldandım, sən aldanma.

Qoltuğumda guran gəzdim,
Quşu gözdən vuran gəzdim.
Arxamda bir duran gəzdim,
Mən aldandım, sən aldanma.

Hər xoş gündən bir an yaşar,
Bir damlada ümman yaşar.
Sanma böhtan nər an yaşar,
Mən aldandım, sən aldanma.

Uydum dürlü gözəllərə,
Qələm çəkdim düz illərə
Huş aparan gözəllərə,
Mən aldandım, sən aldanma.

Hər bahara cənnət dedim,
Hər irada minnət dedim.
Erməniyə millət dedim,
Mən aldandım, sən aldanma!


Sürəyya NƏSİB

TƏN SEVMƏYƏNDƏ

Sevgisiz ürəkdə solar arzular,
Tarazı pozular tən sevməyəndə.
Mənim də dünyada çox sevənim var,
Ha sevsin, nə çıxar mən sevməyəndə.

Sənin atəşindir hopup ruhuma,
Acı var, şirin var, hər tam başqadır.
Bütün insanları sevirəm, amma,
Sənə məhəbbətim tamam başqadır.

Sən mənim sinəmdə fərəhsən gülüm,
Gör bir səddi aşıb hara keçmisən.
Sən elə bir mahir cərrahsan, gülüm,
Sinəmi kəsmədən ora keçmisən.


Maarif TƏMKİN

QƏRİBLİK ÇÖKÜR

Sökülür alaçıq, səngiyib ocaq,
Önümdə dilbilməz ayrılıq durur.
Gözüm gözəlliyə möhtac qalacaq,
Məni bu həsrətin odu yandırır.

Ya qismət, çəməndə güllə görüşə,
Təbiət dərdini ağlar kimsəsiz.
Payızın son ayı qalır həmişə,
Dərələr fikirli, dağlar kimsəsiz.

Sanki gözəlliyə gəlir bəd xəbər,
Göydə buludlar da göz yaşı tökür.
Elə bil hər gələn qışla bərabər,
Hissimə, duyğuma qəriblik çökür.

ARZUMU QANADLI QUŞ ELƏMİŞƏM

Ruhumu pərişan, duyğumu kövrək,
Arzumu qanadlı quş eləmişəm.
Nə vaxt ki, könlümə düşüb tər çiçək,
Səmtimi dağlara tuş eləmişəm.

Yaşadım ömrümü məhəbbət ilə,
Dolandım elləri saf niyyət ilə,
Güllü yaz gələndə təbiət ilə,
Həmişə aramı xoş eləmişəm.

İstəyim olmayıb külək əsimi,
Çatdıra bilmişəm haqqa səsimi,
Təmkinəm, ay ellər vətən eşqimi,
Bütün arzulardan baş eləmişəm.


QAFAR QƏRİB

NƏ YAXŞI ŞAİRİ ÇOXDU BU XALQIN

Millətin QƏM şəklin şairlər çəkir,
Fil çəkməz bu qəmi, şairlər çəkir.
Çəkir, dərdimizi şairlər çəkir -
Nə yaxşı şairi çoxdu bu xalqın.

Qoymadım qəlbimdə bişə dərdimi,
Söylədim bir zərif Quşa dərdimi.
Kim çəkə bilərdi Şuşa dərdini -
Nə yaxşı şairi çoxdu bu xalqın.

Bu yazıq vətənin ürəyi xəstə,
Qırıq arzuları, diləyi xəstə.
Tökür dərdimizi ağ varaq üstə -
Nə yaxşı şairi çoxdu bu xalqın.

Bu alın yazısı pozulan deyil
Dərdimiz çəkməklə azalan deyil.
Bu qəmi bölməsək, yazılan deyil -
Nə yaxşı şairi çoxdu bu xalqın.

Qanqal bitirəndən, xar yetirəndən,
Vətənin üzünə söz gətirəndən.
Çörəkitirəndən, duzitirəndən,
Nə yaxşı şairi çoxdu bu xalqın…
Nə yaxşı şairi çoxdu bu xalqın.


SATIR

                İçimdə bir yeni kədər cücərdi,
                Bir kişi sazını satırdı yolda.
                Gözündə dünyanın ələmi, dərdi,
                Bir kişi sazını satırdı yolda.

                                      Sevinc MÜRVƏTQIZI

Dünya düz dolanmır, yol azıb, kişi!
Tale sənətkara gor qazıb, kişi!
Axı kim nə bilsin bu yazıq kişi,
Niyə, nə səbəbdən sazını satır?!

Bir şirin dil ilə alıblar onu,
Düşməyib, bu günə salıblar onu.
Aldadıb "Çox"unu alıblar onun,
İndi yaşamaqçün azını satır.

Kimisi çırmanıb "dağ yıxsın" deyə,
Qaralar səy edir Ağ yıxsın deyə.
Kimi də bu qışdan sağ çıxsın deyə,
Bu başdan baharın, yazını satır.

Kimi azadlığın, hürriyətini,
Kimi arzuların, xoş niyyətini,
Kimisi mənliyin, şəxsiyyətini,
Kimi də "quruşa" özünü satır.

Dərd birmi, ikimi, bu boş dünyada?!
Kimə üz tutasan badoş dünyada?!
Fərqi yox - ya bəd ol, ya xoş dünyada -
Çox Yalan görmüşəm "düzünü" satır.

Şairlər hər şeyə güzəştə gedər,
Ehtiyac boğanda, Əcəl zənn edər.
"Saz satan" görəndə, ürək tab edər,
Şair var Hadi tək sözünü satır.


SƏN ƏRƏ, MƏN "GOR”A GETDİM

İnsan oğlu doğulur tən -
Bir para MƏN, bir para SƏN.
Səni yarım bilirdim mən -
Birləşmədin, para getdin.

Bu sevgidə bar görmədim,
Bu zirvədə qar görmədim.
Səndən başqa yar görmədim -
Səni gördüm, hara getdim…

Biz bir ötən şirin dildik,
Bir ağladıq, bir də güldük.
Bir doğulduq, bir də ÖLDÜK -
Sən ərə, mən "gor”a getdim.


QƏRİB, CİNLƏR DİYARINDA

                     Dünyaya yenicə gələn Körpəmə

Xoş gəlibsən yer üzünə,
Gəl bu Evdə birgə qalaq!
Bir yer tapıb Sən də otur,
Sənin kimi biz də QONAQ…

Kimsə sənə çörək verməz,
Özün bir şey tapıb ye, Sən!
Dünyanın lap AC vaxtıdır,
Ər qızısan tapıb yesən..

Gəlmisənsə, hər əzaba
Dözməlisən sinə gərib.
Sən bu Cinlər diyarına
Xoş gəlibsən, Selcan Qərib!
Həsənəli EYVAZLI

QAYTARIN KEÇMİŞİN ŞAİRLƏRİNİ

Qaytarın keçmişin şairlərini,
Meydanda şairlər yaman çoxalıb.
Nə "ağır oturan", "nə batman gələn",
Nə də şeirlərdə bir məna qalıb.

Qaytarın keçmişin şairlərini -
Bizi sözləriylə sehirləsinlər.
Hər söz yığınına şeir deyənin,
Yaltağın dilini möhürləsinlər.

Qaytarın keçmişin şairlərini -
Hər kəs Füzulidən alsın dərsini.
Qoy biz də soyulaq haqqın yolunda,
Nəsimi Hələbdə soyulan kimi.

Qaytarın keçmişin şairlərini -
Şairlik dərsini keçəyin bir az.
Duyağın hər sözün öz mənasını,
Yaxşını yamandan seçəyin bir az.

Qaytarın keçmişin şairlərini-
İnam, etibarım qayıtsın geri.
Ucuz şöhrət üçün əl çalmayağın,
Bilinsin həyatda hər kəsin yeri.

Qaytarın keçmişin şairlərini -
Deyim ürəyimin arzularını.
Hər söz ürəklərdə nəğməyə dönsün,
Yazaq əbədiyyət mahnılarını.

Qaytarın keçmişin şairlərini -
Yoluna qoyulsun dərdi-sərimiz.
Eyvazlı, çin olsun hər arzu, dilək,
Yazılsın möhtəşəm əsərlərimiz.

YAŞAMAĞI BACARSAN

Yaşadığın yaşa dəyər -
Yaşadığın yaşdısa?!
Yazdıqların ayaqda yox,
Dayanıbdı başdasa!

Söz ürəkdən süzülmürsə,
Günahkarmı qələmin?
Kül eşib, od axtarma,
Artar dərdi -ələmin.

Göl altında gölməçə yox,
Gur çağlayan bulaq ol.
Aç qəlbini vərəqlərə,
Ürəklərə axıb dol.

Söz mülkündən daxma deyil,
Göz oxşayan saray qur.
Misraların sıralansın,
Keşiyində özün dur.

Könül barı - doğma bala,
Hərəsinin öz yeri.
Biri xətər görərsə,
Qopar dünya mehvəri.

Yaşadığın yaşa dəyər -
Yaşamağı bacarsan.
Öz şeirinlə, öz imzanla,
Fəxr elə, sən də varsan!


Nazlı HACILI

DAĞLAR

Dağların vüqarlı dağ adı vardır,
İnciyər söyləsən yazıqdı dağlar.
Boz bozdur, ağın da ağ adı vardır,
Ağa ağ, qaradan uzaqdı dağlar.

Torpağa bağlayır dağlar dağ kökün,
Mərdanə daşıyır yağış, qar yükün.
Elə bil vətəni qorumaq üçün
Yatmayır, əbədi oyaqdı, dağlar.

Bitir yamacında lalə, süsən də,
Heç vaxt görməmişəm dağlar küsəndə.
Elə parlayırlar günəş düşəndə,
Sanarsan nur saçan çıraqdı dağlar.

Sanki düzülüblər eli qucmağa,
Qoymaz şər üstünə ayaq açmağa.
Onlara gərək yox bayraq asmağa,
Özləri təbii bayraqdı dağlar.

Zaman, il dəyişir, dağlar dəyişmir,
Əsən yel dəyişir, dağlar dəyişmir.
Dəli sel dəyişir, dağlar dəyişmir,
Hər zaman mərd, mətin sayaqdı dağlar.


NEYLƏDİZ

Burdan keçib getmiş yarım,
Qəlbimi qan etmiş yarım.
Gözdən tamam itmiş yarım,
Yollar, yarımı neylədiz?

Keçdi günlər, keçdi aylar,
Könlüm elə yar haraylar.
Gurhagurla axan çaylar,
Sellər, yarımı neylədiz?

Çəmən çiçəyə büründü,
Düzdə lalələr göründü.
Əlvan çiçəklər dərildi,
Çöllər, yarımı neylədiz?

Çoxdan gəlmir səs-sorağı,
Yandırdı məni fərağı.
Söndü eşqimin çırağı,
Ellər, yarımı neylədiz?


Yaşar HƏSƏNLİ

KÖÇƏRİ QUŞ


Nədənsə sevmirəm köçəri quşu
Həmişə axtarır o isti yeri,
Axı necə sevim mən qaranquşu,
Hava soyuyantək dönəcək geri?

Günləri bir yerdə xoş keçən zaman
Həmin yer onlara doğma vətəndir.
Vətənin üstünü alanda duman,
Onların sevdiyi candır, bədəndir.

Demək istəyirəm köçən quşlara,
Siz bura gəlmədən yaz gələcəkdir.
Kim dözsə qoynunda qarlı qışlara
Yurdunun qədrini o biləcəkdir.

GÖRÜNMƏDİ

Şah taxtının dadı, tamı,
Həris saldı cəllad xamı.
Yox! Yox! Dedi onda hamı,
Bircə "Bəli!" görünmədi.

Yenə artdı ulduz sanı,
"Ora" xanı, "Bura" xanı.
Axıb getdi qardaş qanı
Düşmən əli görünmədi.

Hərislərin boş başları
Çox axıtdı göz yaşları.
Bu quyuya bu daşları
Atan dəli görünmədi.

Demə, daşı Əli atdı,
Aranı da Vəli qatdı.
Məhkəməyə növbə çatdı,
Əli, Vəli görünmədi…

GETDİ

Biri yumdu gözünü,
Şam edərdi özünü.
Ürəyinin sözünü,
Deyə bilmədi getdi.

Cəllad idi bir nəfər,
Qan tökərdi hər səfər.
Döşünə bircə dəfə,
Döyə bilmədi, getdi.

Bir qərib düşüb şərə,
Gəldi uzaq bir yerə.
Vətənə bircə kərə
Deyə bilmədi, getdi.

Biri qırdı onunu,
Şah görürdü sonunu
Aldığı şah donunu
Geyə bilmədi, getdi.

Pula həris bir harın,
Atdı insafın, arın.
Belə yığdığı varın
Yeyə bilmədi, getdi.


Elxan YURDOĞLU

ƏN XOŞ GÜNÜM


Toyuma gəlməyənlər,
Yasıma gələcəklər.
Ağlıma gəlməyənlər,
Başıma gələcəklər.
Üzümə gülə-gülə
Dalımca daş atarlar.
Sevincimi öldürər,
Qəmimi yaşadarlar.
Bilməzlər ki, Əzrayıl,
Qurtuluşdur mənimçün.
Ən xoş günüm olacaq.
Bu dünyadan köçən gün.


ÇİÇƏK SEVGİM

Artıq sənin ürəyin
Mənim üçün zindandır.
Yoxsa hər cür sevgiyə
Nəfəs qutun güldandır?
Mənim bu çiçək sevgim,
Qışda solub saralar.
Bülbülünə yetməmiş
Çiçəyimi xar alar.
Qaytar çiçək sevgimi,
Nazını özüm çəkim.
Güldan ona dar gəlir,
Aparım bağa əkim.

DƏRDİM

Alnı qırış-qırışdır,
Qocadır məndən dərdim.
Düşmən görünür, ancaq
Sirdaşdı mənnən dərdim.

Başdan-başa sərasər
Qalmayıb kefdən əsər.
Uman yerdən küsərlər
Küsmüşəm səndən, dərdim.

Bəxtdən ümid kəsilib,
Arzum "yox"dan asılıb.
Ürəyimə qısılıb
Dərd çəkən gündən dərdim.


İlqar QULUBƏYLİ

GÜLƏ DOĞRU QAÇIRAM

Gül-çiçək yasa batıb,
Güllər səhər ağlayır.
Axşam təzə gəlintək,
Üz-gözünü bağlayır.
Bülbüllərdən xəbərsiz,
Gülə könül açmışam…
Mən ömür savaşında,
Gülə doğru qaçmışam
Həyatdan necə doyub,
Ömrü qısa gedirlər,
Güllər iki üzlüdür,
Toya-yasa gedirlər.

DƏRVİŞ KİMİ GƏZƏN OLDUM

Şeir yazmaq ibadətdi,
Dərviş kimi gəzən oldum…
Səsi içində boğulan,
İlhamıma azan oldum.

Ölümümə getmə deyib
Gözlərimdən itmə deyib,
Ürəyimi kədər deyib,
Öz qəbrimi qazan oldum.

Saçı yolmaq istəyirdim
Gül tək solmaq istəyirdim,
Məcnun olmaq istəyirdim,
Dönüb şeir yazan oldum.

ÖLÜM ŞAİRLƏRİN ƏYLƏNCƏSİDİR

Ölüm -ürəklərin yaxdığı pillə,
Ölüm-uşaqların qorxduğu pillə,
Ölüm -əcdadların baxdığı pillə,
Ölüm-şairlərin qalxdığı pillə,
Ölüm-şairlərin əyləncəsidi…

Yuxulu, yuxulu gəzər həyatda
Yuxulu, yuxulu gülüb gedərlər,
Bir gözəl gördümü ürəyi partlar,
Necə qız gözündə ölüb gedərlər,
Ölüm-şairlərin əyləncəsidi…

Dünyanın gözü də qorxar ölümdən,
Çığırı, izi də qorxar ölümdən,
Kəlməsi, sözü də qorxar ölümdən,
Əzrayıl özü də qorxar ölümdən,
Ölüm-şairlərin əyləncəsidi…

Şair Əzrayıla oxşaya bilməz,
Şair ölümünü daşlaya bilməz,
Şairlər ölməsə yaşaya bilməz,
Ölüm-şairlərin əyləncəsidi…

Kövrəklik duyular hər gün səsində,
Dərdini şeirlə bölər şairlər,
Bəzən ehtiyacın məngənəsində,
Sıxıla-sıxıla ölər şairlər,
Ölüm-şairlərin əyləncəsidi…


Sədaqət NEMƏT

QAYITMADIN

Yaman darıxmışam sənsiz ay gülüm,
Həsrətəm üzünə-çəkirəm zülüm.
Ancaq inanıram açacaq gülüm…
Durnalar qayıtdı, sən qayıtmadın.

Bu eşqə düşəndən gülmədi üzüm,
Zülmət gecə oldu nurlu gündüzüm,
Sənin həsrətinə mən necə dözüm?..
Durnalar qayıtdı, sən qayıtmadın.

Pərvanə olmuşam, şama həsrətəm,
Sevda mizrabıyam, simə həsrətəm.
Vüsala həsrətəm, bəmə həsrətəm
Durnalar qayıtdı, sən qayıtmadın.

Səni hər ötəndən soruşuram mən,
Həsrətini çəkib alışıram mən.
Cansız şəklinlə danışıram mən…
Durnalar qayıtdı, sən qayıtmadın.


Səbinə ƏLİNCƏLİ

***

Məni səmum yeli eylə, İlahi,
Keçim bu şəhərdən, ötüm o kənddən.
Harda haqsızlıq var günün sabahı,
Dolum o pəncərə, o aynabənddən.
Məni səmum yeli eylə, İlahi.

Özümü yetirim hay-haraylara,
Nisgili, kədəri, qəhəri, ahı,
Süpürüb aparım töküm çaylara,
Məni səmum yeli eylə, İlahi.

Torpaqdan güc alım, günəşdən ziya
İnsanın içində olan tamahı.
Atım dəli çaya, töküm gur suya,
Məni səmum yeli eylə, İlahi.

Hamı təmiz gəlsin qoy təzə əsrə,
Bəşəri məhv edən, qıran silahı.
Süpürüb basdırım dərinliklərə,
Məni səmum yeli eylə, İlahi.