|
Xəbər əlüstü yayıldı; kimi dedi tereqram gəlib, dedi səhvin var, zəng vurublar. Kimə gəlib, kim danışıb, kimnən danışıb-bir bunu soruşan yox idi. Karıxmaqdan, özlərini itirməkdəniydi. Bilmirdilər hara getsinlər, gedib neyləsinlər. İndi elə biləsən, bütün kənd bir canıydı, bir adam idi - bu adam da yüz yolun bir ayrıcında qalmışdı, elə biləsən üstdən sel gəlirdi, onu haqlayırdı. Bu adam da qaçardı, seldən sovuşa bilərdi, ancaq oturub fikirləşirdi ki, məni aparsa, daşa çırpmasa, boğulmasam, selin əlindən hayanda qurtararam, qurtarıb neyləyərəm. Yox, heç kim yalandan bu cür söz bəzəmədi. Səidin ölməyi, yəqin ki, düz idi. Kənddən o boyda professor çıxa, ondan da belə xəbər gələ-bunun dəhşəti, vahiməsi, təkbaşına çəkilməz ağrısı ev-ev, qapı-qapı hamını bir yerə yığdı. Neçə illərin incikliyi, Səidin burdan çıxalı kəndə dönməməyinin qəlbə dəyməsi, göynətməsi, çox şey, elə bil, olmamışdı. Görəsən, doğrudanmı, Səid ölüm ayağında nəyisə yadına salmışdı, demişdi ki, onu burda-kənddə basdırsınlar? Deyər, mütləq deyər - bir buna min şükür. Bəlkə də heç belə deməmişdi, xəbəri qəsdən belə çatdırmışdılar, ya da kənddəkilərdən biri uydurmuşdu bunu? Ola bilsin ki, basdırmağa heç kəndə də gətirməsinlər. Nolsun ki, onda özləri gedəcəkdilər. Gətirməsələr, özləri gedəsi olsalar, indidən də bilirdilər ki, yas yerindən qayıdanda kənddə nə deyəcəklər. Yəqin ki, belə: düzdü, yadına da salıb, deyib də. Ancaq gətirəmməyiblər neyləsinlər, yol uzaq, hava da isti. Lap hava sərin olsaydı da, belə deyəcəkdilər, buna eşidən də inanacaqdı, deyən də. Bu elə bir şeydi ki, əslində ona bu başdan inanmalısan - gedənlər getməmişdən, qayıtmamışdan, qayıdıb o sözü deməmişdən. İndidən, özü də həmişəlik inanmasan, onda batdın, onda bu kənd gözlərinə yaman başıbəlalı görünəcək, elə biləcəksən burda çox şey içindən əriyib tökülür, burda yaşamaq cəhənnəmdən də betər gələcək sənə. Allah eləməsin. Yaxşı ki, belə qara-qura şeylər heç kəsin ağlına gəlmirdi. Bir də bu vacib şeyə inanandan sonra niyə də ağlına gələydi? İnanırdılar, inandıqlarından da tərs kimi indi bir-birinin üzünə baxammırdılar. Çünki inanandan sonra mütləq sevinməliydin. Sevinəndən sonra üz-gözündə nəsə olmalıydı. Üzdə-gözdə nəsə olsun, onlar da baxsınlar bir-birinin üzünə, ordakı sevinci görsünlər - nə var ki, kəndlərindən çıxan buranı böyük bir matah bilib, qəribə işdi. Özlərinin də beynindən bir dəqiqə çıxmır ki, orda dağ boyda kişi ölüb. Tamam səfehlikdi. Bunu da özləri fikirləşirdilər, onu da. Bir dəstə gəlib çıxmışdı qəbristanlığın ayağına. Bəs indidən bura niyə yığılmışdılar? Özləri də bilirdilər ki, Səidi gətirənlər indi Bakıdan çıxsalar, sabah bu zamana ancaq kəndə çatarlar. Lap elə çatdılar da: düz qəbristanlığa ki, gəlməyəcəkdilər. Hansı qapıyasa düşməliydilər, dəfnin yüz cür işi var - onları görməliydilər. Bir-birinin üzünə baxammırdılar, ancaq çoxu da gözünü eyni yerdən çəkəmmirdi - Səidin dədəsi Müsirzanın qəbrindən. Qəbir lap baş tərəfdə idi, bu da o deməkdi ki, kənddə Müsirza kişinin yeri müdam yuxarı baş olub. Hamı o qəbrə baxırdı, ancaq biri dilləndi: - Niyaran getmişdi rəhmətlik, indi də, yəqin, narahatdı. - Hə, - dedilər. Kişi nigaran -zad getməmişdi; hamı necə, o da elə. Niyə bəs hə dedilər? Bəlkə nigaran yaşamışdı, bu cürə də getmişdi, ancaq bunu hiss eləyən olmuşdumu? Bəlkə buna da hə deyərlər? Hünərləri vardı, bunu o vaxt bircə dəfə kişinin üzünə deyəydilər. Üzündə-gözündə bircə dəfə bunu dedirdən şey görmüşdülərmi, ürək də eləyəydilər. Bəlkə olmuşdu, onlar başa düşməmişdilər, başları iş-gücdən, qəhri-qəzəbdən ayrılmamışdı ki, kişiyə diqqətnən baxsınlar? Arvadı öləndən, tamam tək qalandan sonra da şax yaşadı - həyətinin səliqəsindən üstünün sahmanınacan heç nə dəyişmədi. O vaxt söz çıxdı ki, Səid xəbər yollayıb, deyib hazırlaşsın, gəlib köçürəcəyəm yanıma, Bakıya, gen-bol ev-eşiyim, bir arvaddı, bir özüm. Çox gözlədilər, gördülər kişi heç tərpənənə oxşamır, biri usta çıxdı: meydanda, adam içində soruşdu: - Səid xəbər göndərmişdi axı, demişdi səni Bakıya köçürəcək. Niyə getmədin? Müsirza kişi də: - Gəlin - zadammı, ə, məni köçürsünlər, - demişdi. - Bəlkə mənnən bezmisiz, getməyimi istəyirsən? Kişinin, görmüşdülər, saç-saqqalı dümağdı, gözləri də birtəhərdi, elə bil dolub. - Bu nə sözdü, - demişdilər, - o bir qələtdi eləyib, belə deyir, sən də baş qoşma. … O vaxt Müsirza kişinin gözlərinin yaşarmağını görmüşdülər, bilmişdilər ki, çox gülməyindəndi, ta nədən ola bilərdi. İndi dur de, qəhərdən hulqumu da titrəmişdi; necə desinlər, o vaxt bunu görməmişdilər axı - o vaxt ayrı, indi ayrı. Kişi öləndə Səid özü həftəsini verdi, yeddi gün kənddə oturdu, əlindən nə gəlirdi elədi. O vaxt da bir şeyi dinməz-söyləməz başa düşdülər ki, Səidin Bakıda qalmağının, professorluğunun, nə bilim xaricə getməyinin bu kəndə heç bir ziyanı yoxdur. Səid bütün bunları eləyir, ancaq kəndliliyindən də özündə bir şey saxlayır - elə bu da zor işdi. Baxdılar ki, bu kənddə cəmi dədəsi ölənləri gör, bunu gör; heç bir təfavütü yoxdur: həmin dolmuş gözlər, həmin üzüntülü, çarəsiz sifət. Hələ rəhmləri də gəldi, fikirləşdilər ki, burdan qayıdandan sonra bunun gün-dirriyi necə olacaq - yəqin darıxacaq, yəqin kəndə tez-tez gələcək. Amma day gəlmədi, elə o gedən oldu. Özündən olsaydı gələrdi, bilirdilər, kənddə üç qotur şeydən baş qaşımağa özlərinin vaxtı olmur. Səid yazıq o vurçatlasında hardan tapsın? Ancaq Müsirza kişinin qapısındakı qıfılı gördülər, dodaqlarını dişlədilər, qəribə baxdılar, elə bildilər, indi kənd stansiyasında dayanan - gedən qatarlar guya nəyi isə yada salmaqdan ötəridi. Ancaq hər halda Müsirza kişi nigaran-zad getməmişdi. … Bu çaşqınlığın içində kimsə usta çıxmışdı; beldən, qazmadan götürmüşdü, gördü ki, heç kəsin tərpənmək xəyalı yoxdu, bel-qazması əlində qəbirlərə tərəf getdi. Qocalardan biri: - Hara? - dedi, - bir gözlə görək nə xəbərdi, yalandı, gerçəkdi. İndidən qəbri neynirsən? Bə neyləsinlər, bir iş görmək lazımdı, ya yox? Burdan görünməsə də, bilirdilər ki, camaat indi qapıların qabağındadı kom-kom, hamı da fikirli, xəyallı. Onlar kənd adamı idilər, bir yerdə durmaq onların alnına yazılmamışdı, əllərinin içindəki qabarlar da gicişirdi. Əli qoynunda dayanmaq lap ağır idi, kimsə də bu ağırlığın xofu altında soruşdu: - Özümüz heç, özümüz hər şeyi bilirik, Səidnən yəqin Bakıdan böyük adamlar gələcək, yası harda tutaq ki, uyarı olsun, utanmayaq? Müsirza kişinin qıfılı qapısının o tərəfində yəqin bir tir əyilmişdi, bir divar sızmışdı, bir daş, yəqin, laxlayıb düşmüşdü, yolu ot basmışdı, yəqin nəsə toz-torpağın içində əpriyib gedirdi… Ora heç, o qapı bağlı… Üç-dörd qohum hərəsi bir yandan başını buladı, yəni ki, bu nə söhbətdi, ev-eşiyimizə nə gəlib. Bu birilərin də incik baxışları onları kiritdi: yəni söhbət evdə, eşikdə deyil, qohumda, yadda da deyil, ev-eşiyin necəliyindədi. Məlumdu niyə. Kəndin hökumətinin, məktəb direktorunun evi məsləhətdi, sonra… Deyəsən, bu sonraların uzanması Əmralı kişinin əsəblərini yerindən oynatdı: - Ə, böyük adamdı, Bakıdan gəlib, sağ olsun, guya Bakıdakı bilmir kənddəki nə kökdədi. Kefə ki gəlmir, çağırmışıq özümüzü onlara göstərək? Ya onlar bizimki deyil, tanımırlar bizi? Kişilər utanırlar, başmaqlarını çıxarmırlar ki, corablarının cırığı görsənməsin; başmaqlarını çıxarmasaz da, onlar bilirlər ki, corablarınız cırıqdı. Heç bilirsiz Səid niyə elə vəsiyyət eləyib? Haqq yoluna dədə ocağından yollanmaq istəyib. Öz evi var, yasın da orda tutacağıq. Birdən-birə başa düşdülər ki, Səidin, kəndliliyindən özündə saxladığı şeylərdən biri də elə bu imiş; o vaxt hiss eləməyiblər, kor olublar, görməyiblər. İndi günahkar-günahkar başı aşağı salmaqdan nə çıxar - bəlkə bu da lazımdı? Hə, lazımdı, bir də başını qaldıranda hər şeyi görə biləsən - nəyi necə var, eləcə. Bu qəliz məsələni beləcə həll eləyən Əmralı kişi: - Səidin uşaqlığı gözümüzün qabağındadı, - dedi,- mehriban idi, bir az da şuluq. Qaynar çaydanı aşırmışdı üstünə, qarnı fırıq getmişdi. Yəqin hələ də qarnında yeri qalıb. Elə danışdı ki, ölüyuyan Qasımın barmaqları keyidi; elə bildi Səidi yuyur, əli də o yanıq yerin üstündədi. Bunu dəhşətdən qurtarmaq üçün tələsik dedi: - Bakıdan kimlər gələcək, görəsən? - Kim olacaq, - dedilər,- yəqin özü kimi professorlar. - Səid nəyin professoru idi? - bunu da Qasım kişi soruşdu. Cavan müəllimlərdən biri: - Tarixçi idi, -dedi. Qocalardan da biri, başqa vaxt olsaydı, yəqin ayrı şey danışardı, ancaq indi: - Tarix yaman şeydi, - dedi, - bunun adamı gərək lap başlı olsun. Onlardan ötrü tarix çox uzaq idi, qoca, əlçatmaz idi, həm də qorxuluydu - hər sözdən sonra lap birtəhər olurdular. Hiss eləyirdilər ki, itirdiklərinin yerini doldurmaq mümkünsüzdü. İtirdiklərindən biri, yəqin Səid idi. Bəs indiyə qədər niyə tanımamışdılar onu? Hamı kövrəlsin - kövrələndə istər-istəməz ayrı şeyləri xatırlayırsan, elə şeylər ki, başqa vaxtı özünü həlak eləsən də, ağlına gəlməz, elə şeyləri ki, ondan mütləq ayrı cür danışırsan, səsin elə olur ki, daha şübhəyə, gümana, soyuqluğa yer qalmır. Hiss eləyirsən ki, doğmalığın, yadlığın və sənin aranda ayrılıq heç nədi, mümkünsüz şey itirməkdi. Müsirza kişinin qıfıllı qapısının ağzına arvadlar komalaşmışdılar - qəbristanlığın ayağına yığışanların anaları, bacıları, qızları idi. Kəndin kişiləri, bəlkə də bu arvadlara görə özlərini Allahın bəlası bilirdilər - arvadlar onları dinməz-söyləməz başa düşməyə, ləzzətdən məst ola-ola itaətlərində durmağa yaranmışdılar. Rusiyanın bazarlarının, Türkiyədəki iş yerlərinin iyini, qoxusunu kişilər özləriylə kəndə gətirirdilər, bu iy dükanlardakı borc dəftərlərindən adlar silinənəcən qalırdı, ta yenidən adlar ora yazılanacan getmirdi. Bu iydən, ad yazılıb-pozulmadan arvadlar qəribə-qəribə nağıllar uydurmağı öyrənirdilər. İndi də ayrı yerdə yox, Müsirza kişinin qapısı qabağında komalaşmaları sirri-xuda deyildi; içi pas tutmuş qıfılın mütləq indi açılacağını hiss eləmişdilər, sonra isə bu qapıdan içəridə onlarlıq iş çox olacaqdı. Uzun illər adı yadlarına da düşməyən Səiddən danışa-danışa nəyisə aparacaqdılar, nəyisə gətirəcəkdilər, vurçatlasın qopacaqdı. Elə səliqə-səhman yaradacaqdılar ki, sabah kişilər Bakıdan gələnlərin qabağında boynubükük dayanmasınlar: bunlar heç, bunları eləyəcəkdilər; hələ axşamtərəfi davar gələcəkdi, naxır gələcəkdi, mal-heyvanı da yola verəcəkdilər, sonra yenə Müsirza kişinin həyətinə qayıdacaq, səhərəcən burda əlləşəcəkdilər. Bunlar da heç, ancaq nə isə bir hiss onları tutmuşdu, ömürlərində birinci dəfəydi belə olurdular. Bir-birinin səsini eşidirdilər, sifətini görürdülər, ancaq hər biri özünü anlaşılmaz bir yerdə bilirdi, elə biləsən, gün vurmuşdu heç cür bundan çıxa bilmirdilər. Sabah necə olacaq? Səid uşaq vaxtı burdakı arvadlardan kiminsə qucağına dırmanmışdı, kimisə çağırmışdı: ay xala, ay bibi… bütün bunlar olmuşdu, ancaq indi arvadlara elə gəlirdi ki, bütün bunlar olmayıb, özlərini inandırmaq istəyirlər ki, olub. Yoxsa sabah Səidi bu qapıdan çıxardanda, həmişəlik aparanda onu oxşayıb - əzizləməyə söz tapmazlar - buna görə də özlərini inandırırlar. Sənəm xalanın dörd oğlu Bakıda olurdu, ona görə də burdakıların bilmədikləri çox şey ona agahdı. - Bizimkilər deyir, Bakıda Səidin dəm - dəstgahı ayrı şeydi - var-dövləti, ev-eşiyi, - Sənəm belə deyəndə arvadların çoxuna Müsirza kişinin ev-eşiyi, həyət-bacası yaman başıbəlalı gəldi, gözlərinə bura yaman yazıq görsəndi. Sabah bu həyətdə arvadlar dil deyib ağlaşacaqdılar. Ürəyi daşdan olanı da muma döndərəcəkdi Müsirzadan sonra yiyəsini gözləyən bu ev-eşik. Arvadlar bilirdilər, həyətdə, arxın qırağında alça ağacı vardı, divar tərəf tamam nar kolları idi; turş narlar, turş alçalar-arvadların elə vaxtları olmuşdu ki, bu həyətdəki turş narların, turş alçaların görmüşdülər ətri gəlir, bu qoxudan can qurtarmaq üçün burunlarını tutmuşdular, evlərə təpilmişdilər, yüz oyundan çıxmışdılar, görmüşdülər yox ey, belədə ətir lap bərk gəlir. Neyləsinlər, ürəklərində "yoxdu-demişdilər, -nə Müsirzanın həyəti, nə ağac, nə kol, gözümüzə görsənir, şeytan aldadır" - demişdilər; istəmişdilər bu yalanla öz başlarını qatsınlar, turş nar, turş alça yadlarından çıxsın. Ancaq görmüşdülər yox, dünyanın harasına qaçsalar, o ətir əl çəkməyəcək. Nə işdi, Müsirzadan sonra, deyəsən, bu həyətdə nar kolları, alça ağacı qarışıq nə vardısa, lal-dinməz olmuşdu, yəqin dam-divar da əpriyib-gedirdi, ovulub tökülürdü. Gedəni gəlməyən adamlar var- baxırsan içinə qısıla-qısıla, səssiz-səmirsiz quruyur, xırdalanır, göz görə-görə qaxaca dönür. Arvadlar bilirdilər bu həyət indi o gündəydi; bir gecəyə kişilər burda çox iş görəcəkdilər - çəpərin söküyünü tutacaqdılar, qapının əyrisini düzəldəcəkdilər, ağacın qurusunu kəsəcəkdilər, ancaq noolsun ki, nə isə dəyişməyəcəkdi. Bu ev elə köhnəlmişdi, köhnəlməyə ta heç nəyi qalmamışdı. Sabah arvadları bu evin özü ağladacaqdı. -Kimə qaldı o var-dövlət, bir züryəti də yoxdu. İndi arvadı yesin, kef eləsin, - bunu da Sənəm xala dedi. Arvadlar ona çox incik baxdılar, yəni ki, bu nə sözdü, nəyimizə gərək Səidin var-dövləti, kimin yeyib kef eləməyi, bir yasıdı - onu da kişilər yola verəcəklər. Ancaq çoxunun da ürəyindən keçdi ki, sabah arvadı da gələcəkmi? O vaxt deyirdilər ki, Səidin arvadı bizim dildə danışammır - kənd arvadları Səlib yürüşlərindən xəbərsiz olsalar da, bizim dildə danışammayanlara nağıl qoşa bilirdilər. Görəsən gəlsə, Səidin arvadı necə ağlayacaq, Səidi necə oxşayacaq. Yəqin ki, həmin gün qara donlu arvad yaman gözəl görsənəcək - lap dərdli mələk kimi.. günlərin birində qayıdıb Bakıya gedəndə onlara nə deyəcək? Arvadlardan biri handan-gecdən dilləndi: - Səid ki qayıdıb-gəlib, bu bəsimizdi. Bundan sonra çox şey yada düşdü - kim hayanda Səidə süd verib, Səid kimin qucağına necə dırmaşıb, kimi necə çağırıb, gəlməyi, getməyi necə idi. Bu söz Həcəri diksindirdi - yeddi uşaq anası hər dəfə oğlan doğanda beləcə diksinmişdi, doğduğunun adını Səid çağırmaq istəmişdi, ancaq ona çörək verən, evini isidən əri yadına düşmüşdü, utanmışdı, fikrindən vaz keçmişdi. Yəqin ki, uşaqlarının birinin adını Səid qoysaydı, heç kimin ağlına bir şey gəlməzdi, ərinin də. Özü özündən utanmışdı, qoymamışdı. Həcər indi başa düşdü ki, kişilər Səidi son dəfə bu qapıdan çıxaranda, həmişəlik aparanda özünü saxlamağa taqəti çatmayacaq, mütləq hönkürəcək ki: - Səid, sən niyə belə elədin? Gəl indi başa düş; burda "niyə belə elədin", "niyə öldün" deməkdi. Guya ölüm Səidin öz əlindəydi, istəyib; ölüb, axı Həcər bilirdi ki, Səid hər şeyi eləyib. Bir istədiyini yox. "Sən niyə belə elədin, Səid". Orda - diblərinin otu biçilmiş ağacların altında; ağaclar ki çox sıx idi - istəyirsən bir qoşun gizlət; orda ki qurumağa sərilmiş otların arasında sərçələr vurçatlasın kefdə idilər, bir ayrı qoxu vardı, adamı nəsə deməyə, eləməyə çağırırdı, sən burda otun, çiçəyin, ağacın bir hissəsiydin, arılar sənin üstündə dızıldaşırdı - orda heç nə günah deyildi. 16-17 yaşlarında Səid idi, bir də Həcər. Burda necə tapışmışdılar - Allahın özü başların tumarlaya-tumarlaya onları burda rast salmışdı. Səid qurumuş otları bağlayırdı, Həcər gəldi. Sonra, deyəsən, Səid komlanmış otların üzərində dirsəkləndi, Həcər də, deyəsən, oturdu onun yanında. Səid qızın əlini almışdı əlinə, ovcuna baxırdı, Həcərin ovcunun içi burulmuş kəndirə oxşayırdı - tamam qabar. - Dədən çox incidir, hə, səni, - Səid dedi, - işlədir. - Dədəm neyləsin, ailə böyük, iş çox, o tək - bunu da Həcər dedi. Səid burulmuş kəndirə oxşayan ovucu dodaqlarına tərəf aparmışdı, qızın gözləri yumulmuşdu, öpəcək, ovcumu öpəcək - həm qorxurdu, həm utanırdı. Səid əlini ehmalca aparıb onun dizinin üstünə qoydu. Vəssəlam. Heç nə demədi. Nəsə deməli idi, istəmədi desin. "Sən niyə belə elədin, Səid"; hər şey ayrı cür ola bilərdi - bütün ömrümüz. Niyə istəmədiklərini elədin? O niyə o cür fikirləşir, bəlkə Səid ancaq istədiklərini eləyib? Bax elə biri bu: istəyib ki, onu kənddə basdırsınlar, nəsə yadıma düşüb, bəlkə də Həcəri xatırlayıb? O vaxtkı Həcərin ovcunu - qaralmış, içi burulmuş kəndirə oxşayan ovcunu. Həcərin nəfəsi təntiyirdi, gözləri sulanırdı, su damcı-damcı üzüaşağı yuvalanırdı. İndicə kişilərdən biri gəlməliydi, içini pas tutmuş qıfılı açmalıydı. Kişilərsə qəbristanlığın ayağındaydılar. Gözləyirdilər, özləri də bilirdilər ki, bu gün heç nə olmayacaq, kiminsə gəlməyinə güman da yoxdu; bilirdilər, ancaq gözləyirdilər. Beləcə yava-yava gözləməyin yüz cür adı vardı; o yüz cür adın elə birini ürəyindəcə çəkmək bəs idi ki, özünü dünyanın ən murdar məxluqunun qabağında biabırcasına, aciz-avara dayanmış kimi hiss eləyəsən. Çox pis hiss idi. Özünü kasıblığına, bir tikə yavan çörəkdən yana ora-bura çırpmağına baxmayaraq, Allahın bəlası biləsən, günlərin birində də görəsən ki, əlindən heç nə gəlmir. Hələ deyirlər həmişə möhkəm olmuşuq; belə möhkəm? Qəzetdə nekroloqlar da oxumuşdular, bəd xəbərlər də eşitmişdilər. Elə vaxtları, düzdü, ölənin cavalığına yanmışdılar, düzdü, onu tanımamışdılar, bir bunu bilmişdilər ki, böyük adammış, heyif olub. Ancaq nədənsə ölənin doğmalarını, tanıyanları, onların dərdli sifətlərini, yaşlı gözlərini fikirləşmişdilər: bunlar tanımaya-tanımaya belə olanda, gör onlar nə çəkir. Hələ bəzisi nekroloqdakı şəklə baxıb ölənin sifətdən kimə oxşamağını da deyirdi. Yəqin indi kimlərsə hardasa Səiddən danışır, fikirləşirlər ki, onu tanıyanların, doğmaların müsibəti böyükdü. Ağıllarına da gətirmirlər ki, bura - qəbristanlığın ayağına toplaşanların çoxu indi bilib Səid nə peşə yiyəsidi. Yamanca tanımaqdı. Pis hiss, açıq-aşkar pərtlik bəlkə də buna görə idi. Sonra iki maşın gəldi, maşındakıları rayonda ancaq familiyaları ilə çağırırdılar. Onlar niyə gəliblər? Gələnlər "Dərdinizə şəriklik" dedilər. Xəbər elə bunlarda imiş ki… - Böyük itkidi, - dedilər, - rəhmətlik fəxrimizdi. Bakıdan xəbər gəlib ki, sabah səhər burda olacaqlar. Hər şeyi indidən hazırlamalıyıq, adına layiq olmalıdı hər şey … - Mütləq olacaq, - bunu da kəndin hökuməti dedi. Bu nə vaxt özünü yetirib? Üz-gözü də tamam tər, dəsmalı da əlində. Tər aparır, silmir,nəyi gözləyir, bəlkə yadından çıxıb ki, dəsmalı əlindədi. Zalımın balasının üz-gözündən axan tər, onun da sel-suya eləcə mütiliklə dözməyi burdakıları yordu. Biri əlini başına apardı, bir üzünə, biri qoltuğuna. Bir Əmralı kişi əvvəlki qərarda idi, özü də elə qoca görsənirdi, istəsən də, istəməsən də gözünü ondan çəkəmmirdin. - Heç nə lazım deyil, hazırdı hər şey, - dedi. Bilirdi ki, heç nə hazır deyil, özü də deyirdi hazırdı. İndi Əmralı kişi elə qoca görsənirdi, sözünü qaytarmaq olmazdı. Gələnlərdən biri : - Rəhmətlik, - dedi,- mənə orda dərs demişdi. Xəbəri eşidəndən özümə gələmmirəm. Yəqin hələ qəzet almamısız, nekroloq veriblər. Əlindəki qəzeti göstərdi - Səidin qara haşiyədə şəkli, yanında da sözlər, kəndlərinin adı da orda idi, o sözlərin içində. Qəribə camaatdı, kədərdən boğulurdular, kəndlərinin adının orda olmağına sevinməyə də vaxt tapırdılar. Qara haşiyədəki şəklə minnətdarlıqla baxdılar. Bəlkə hansınınsa ürəyindən keçdi ki, bu nə giclikdi biz eləyirik. Əmralı kişi bir köhnə dostunun - Müsirzanın qəbrinə tərəf baxdı, bir bu şəklə; yəqin ürəyində dedi ki, görürsən, ay dost, oğlundu, görürsən… Yox, yaxşı ki, görmürsən, biz dözəmmirik, sən hardan dözərdin. Özü ilə qəzet gətirən: - Rəhmətliknən gələnlər, - dedi, - axşam qatarıynan qayıdacaqlar. Sakit bir yer hazırlamalıyıq, dəfndən sonra dincəlsinlər, elə yer ki, xəcalətli qalmayaq. Bu nə danışır? Səid dərs demişdi ona, o da Səidin şəkli olan qəzeti gətirmişdi - bundan keçəmmirdilər, qəlbinə dəymədilər. İnanmadılar ki, sabah aləm bir-birinə qarışanda Səidnən gələnlərin yadına dincəlmək düşə. Bu da hələ durub evin yaxşısı-pisini axtarır. Əmralı kişi hiss elədi ki, qorxur - birdən dəfndən sonra bunlar ordan gələnləri aparar kənd böyüklərindən birinin evinə, neyləmək olar? Heç nə, hörmətdi, deyəcəklər, kəndin adınadı… Gözünün qabağına da gəldi: qəbristanlıqdan qayıdırlar - Müsirza, bir də Səid, dədə-baba qalır orda, başdaşları qayıdanların arxasınca baxır, kimsə də yavaşca Səidi gətirənlərə him-cim eləyir ki, ayrılın, biz bu yana getməliyik. Bu yanda başqa kəndlilərin evinə oxşamayan bir evdə hər şey arəstədi. Olar ki, gələnlər buna heç məhəl qoymasınlar, qoşulsunlar camaata. Bu da olar ki, qonaqdılar, söz deyəmməyib, camaatdan ayrılsınlar. Qəzet gətirən, elə bil, qabaqcadan hər şey boynuna götürmüşdü: - Yaxın yerlərə, qəbristanlığın yan-yörəsinə gərək əl gəzdirək. Gələnlər buraları görüb, allah bilir, nə fikrə düşərlər. Elə qəbir də indidən qazılsa yaxşıdır. Əmralı kişi dözmədi: - Nə danışırsan? Kim görüb bu gündən sabaha qəbir qazıla - belə şey yoxdu. Qazsan da, axşama gərək boş saxlamayasan, təzədən torpaqlayasan. Sonra da hərə bir söz dedi: qəbri niyə boş saxlamazlar, saxlayanda nə olur? Hərə bir söz deyirdi, Əmralı kişi də altdan-altdan qəzet gətirənə göz qoyurdu. Deyəsən, nəyisə ürəyinə yatırdı - gözəl-göyçək oğlan, üst-başı ayrı aləm, bax, tamaşasından doyma, bir çənəsini belə boş qoymayaydı. Özün belə gözəl olasan, belə savadlı, üst-başın da belə sahmanlı ola, şalvar-köynəyindən adam iyrənən Əmralı kişi də dura sənə dərs deyə. Birdən-birə Əmralı kişiyə elə gəldi ki, üst-başındakılar əyninə yaman lortdu, tökülüb-gedir, lap pərt oldu. Ancaq maşınlarda gələnlər qıs-qıvraq idilər - baxanda sevinirdin. Onlar sabah Bakıdan gələnləri məxsusi hazırlanmış evə apara bilərdilər. Bəlkə belə yaxşıydı - belədə bu lortluq, hər şeyin tökülüb-getməyi, kəndin üstünə qayıdıb gəlmiş oğlunu başqalarının gözləri qabağında dəfn eləməyə acizliyi - çox şey bir o qədər hiss olunmazdı. Kaş elə birdən birisigün olaydı, sabahın bu əzablı fikirlərindən can qurtaraydı. Bir də ağlına gəldi ki, tamam qorxaqlıqdı bir sabahın nəyinə görəsə sabah olmadan birisigünün gəlməyini beləcə arzulamaq. Nəsə olmalıdı, birdəfəlik ayırd edilməlidi. … Sabah bəlkə də o qəbrin yanından hamı ilə bir yerdə qayıtmağa Əmralı kişi özündə taqət tapmayacaqdı; bəlkə onun Müsirza kişiyə nəsə bir sözü vardı, neçə illər ürəyində gizlətmişdi; hamı çıxıb-gedəndən, tamam tək qalandan sonra üzünü tutacaqdı dostu yatan otağa. Nə bilmək olar, bəlkə sabah Həcər aranı xəlvətə salıb o qəbrin yanına tək gələcəkdi, burda birdən-birə başa düşəcəkdi ki, neçə illər qorxduğu metryarımlıq torpağın ən əziz adamı üçün beləcə bir qəbrə çevriləcəyi gün olub; day canında heç bir qorxu yoxdu. Yəqin arvadlar da hələ xeyli vaxt o qəbirdə yatanın anasının deməli olduğu sözləri deyəcəkdilər. Bütün bunlar olmalı idi, mütləq olacaqdı. Hələ ki, bir şeyi bilirdilər: bütün gecəni kənddə heç kim yatmayacaqdı, səhərə kimi Müsirza kişinin evində işıqlar yanacaqdı, səhərə kimi ev, həyət dolub-boşalacaqdı - kimin əlindən nə gəlir, eləyəcəkdi. Bəlkə belə yaxşıydı - başları qarışacaqdı, sabahın əzablı-üzüntülü fikirlərindən az da olsa canları qurtaracaqdı, özlərinin acizlikləri ilə bağlı hiss ani də olsa canlarından çıxacaqdı. Sabah nə olar-olar… Hələ ki, sabaha bir gün qalırdı…
|
|