Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

Balayar SADİQ


 

1.SÖZÜN BEŞİNCİ FƏSLİ

Qulu Ağsəs çağdaş Azərbaycan poeziyasında yaradıcılıq imkanlarının genişliyi, özünəməxsus təfəkkür tərzi, fikrin emosional tutumu, ədəbi fərdiyyəti ilə seçilən aparıcı simalardan biridir. Şeirlərinin təravətli və təkrarsız obrazları, orijinal bədii sözün keyfiyyət, həmçinin daxilindəki əsrarəngiz məna gözəlliklərini sərgiləyə bilmək məharəti onun həqiqi istedadının göstəricisidir. Maraqlıdır ki, bu bədii nümunələrdə ənənəvi Şərq üslubunun qeyri-adi təzahürləri ilə rastlaşırıq. Poetik nəfəsin yeniliyi, dilin ifadə zənginliyi, incə lirizm əlvanlığı kimi yüksək sənət faktorları təqdim etdiyim misraların bədii -fəlsəfi ümumiləşməsində özünü tam parlaqlığı ilə ehtiva edir.

"Görsən hər tərəfdən əlin üzülür,
Görsən üşüyürsən…
yandır özünü…"

Bu misralarda poetik fikrin məna dərinliyi, dilin səmimiyyəti sənət uğuru kimi dəyərləndirilə bilər. Təkcə elə bu misralar öz müəllifinə ədəbiyyatda, ümumiyyətlə, söz, düşüncə dünyasında əbədi yaşam hüququ qazandırır. Ümidsizliyin, tənhalığın ümid dolu təsviridir bu misralar. Qeyri-adi poeziya nümunəsi yaratmaq faktoru bu cür əyaniləşir. Belə poetik fikri ədəbi təhlil müstəvisinə çəkmək naşılıq əlamətidir. Kütlə dünyagörüşü ilə tərs mütənasibdir bu poeziya.
Q.Ağsəsin şeirlərində zamanın təlatümləri yeni ifadə tərzində, obrazların rəngarəngliyində, mövzuya uyğun formanın əlvanlığında, fərdi duyumun poetik naxışlarında gerçəkləşir.



"Qorx ki, yenə yerdən çıxa,
Buluddan dama adam…"

Yaxud:

"Baş açmazsan:
yaşdı, ya daş?! -

Damarında qan durar.
Gözündən düşən nədisə,
Ayağını sındırar…"

Və yaxud:

"Qoşulub göyün quşuna
Üstündən saat ötər…"

Qulu öz estetik məramını, poetik niyyətini dolğunluqla reallaşdıran, bədii sözün saflığını qorumaqla, sözün yükünü, çəkisini önəmsəyən şairdir. Qələmə aldığı hər hansı yazını özünəməxsusluq etiketi ilə təqdim etməyi bacarır. Onun yaradıcılığında poetik təfəkkür, ideya-estetik təfəkkürü tamamlayır, dolğunlaşdırır.
Maraqlı sənətkarlıq məziyyətləri, fəlsəfi məfkurəsi, poetik düşüncəsi onu Şərq poetik təfəkkürünün parlaq nümayəndəsi kimi diqqətə çatdırır. Yaradıcılığı zəngin xalq düşüncəsindən qaynaqlanan obrazlı dil faktorunun ən gözəl numunəsidir. Qulunun şeirləri hər cür süni boyalardan, sintetik fiqurlardan, soyuq bənzətmələrdən uzaq, doğma dilin saflığını, hərarətini, həzinliyini, zərifliyini öz ruhunda, qanında yaşadan yüksək bədii dəyərin ehtivasıdır.

"Yallar yaşılbaş sona
dərələr gölmüş kimi,
Quşlar pəsdən oxuyur,
boğazı gəlmiş kimi".

Yaxud:

"Dumanı şumlamağa,
bir xırman vəli ola,
Holavar çağırasan,
yamaclar dəli ola".

Bu misralarda orijinal metaforaların, rəngarəng epitetlərin zənginliyi yüksək sənət arqumentidir. Burada təbiət, insan və zamanla bağlı düşüncələr aşılanan ideyanın mühüm tərkib hissəsi kimi heyranedicidir. Ənənəvi mövzuda yazılmasına baxmayaraq, yığcamlıq, konkretlik, obrazlılığın yeniliyi - qeyri-standart forma mərhələlərində deyil, forma və məzmunun vəhdətində şeirin bədii keyfiyyətini və sanbalını səciyyələndirir. Əsərin yüksək lirik ahəngi mövzunun poetik həllində güclü element kimi çıxış edir. Təbiət həmçinin insanın özünüdərkinə xidmət vasitəsi kimi canlanır. Bu şeirdə xalq həyatının dərki, qan yaddaşının bərpası, bir növ xəlqiliyin və müasirliyin yeni formatda harmoniyasıdır. Şairin obrazlar sistemi onun poetik təfəkkürünün fərdi-bədii xüsusiyyətlərini bütün çalarları ilə üzə çıxarır. Bu obrazlılıq sayəsində onun özünməxsus sənətkarlıq cizgiləri aydın şəkildə ədəbi müstəvidə yeni bədii keyfiyyət kəsb edir.
O, hansı vəzndə yazmasından asılı olmayaraq, həmin vəznin məxsusi imkanlarından yaradıcı, sərbəst şəkildə yararlanır, həm də həmin formanı fərdi poetik xüsusiyyətlərlə zənginləşdirir. Ənənəvi şeirdə yaratdığı yeniliklərlə yanaşı, forma baxımından, daxili məzmunun təqdimatındakı modern nüanslarla avanqard təfəkkür imkanlarını da ortaya qoyur:

"Yalın ayaqlarına
ocaq çatıb cocuq
Bir ayağı üstdə yatıb cocuq…
Üzündə
yay uzunu həsrət qaldığı
sevinci, gülüşü
Əlindəki dondurma
əriyib ocağa düşür…"

Dərin həyat müşahidələrini poetik tabloda heyrətamiz ustalıqla canlandırmaq məharəti Qulu Ağsəsin qeyri-adi istedadını şərtləndirən amillərdən biridir. O, Şərq poetik təfəkkürünün hələ açılmamış qatlarına misra-misra işıq salan şairdir. Yeni nəfəs, milli kolorit, milli duyum, səmimi özünüifadə manerası onun şeirlərinin alın yazısıdır. Çox dolğun və zəngin qafiyə sistemi bu şeirlərin əsas məziyyətlərindəndir. O, xarici və daxili qafiyələrdən, cinaslardan, sərbəst və uzaq qafiyələrdən bəhrələnir. Dilin fonetik qaydalarına yaradıcı formada riayət edərək, təravəti və təzəliyi ilə könül oxşayan qafiyələrin seçimlərinə xüsusi diqqət yetirir. Məsələn:

"Başının uğultusu
alnında şırım açan
kotandandı…
Səni
qoluna girməyə çağıran
Vətən-dəmdi…

Yaxud:

"Yatasan torpağa, yatasan dağa,
Əzrayıl minnətə gələ, durasan.
Bir ağ kağız ola quş qayırmağa,
Bir şey tapmayasan tələ qurasan".

Bu misralarda poetik məna gözəllikləri dilin ehtiva etdiyi bədii söz incəlikləri ilə müşaiyət olunur. Qulu çox qədim fəlsəfi düşüncələrə yeni poetik biçimdə, modern düşüncəylə yanaşır. Bu məqamda onun obrazlı təfəkkür genişliyi, səmimi özünüifadə ovqatı böyük heyranlıq doğurur. Məsələn:

"Qış günü soyuqdan ölən ağacın,
Yasına mart ayı yarpaq yazdırıb…"

Yaxud:

"Bircə eybi var ki, dünya gözəlin,
Məni qucağına qonaq yazdırıb…"

Və ya:

"Şükür adımızı öz jurnalına
Əcəl ad qoydudan qabaq yazdırıb…"

Bu qənaətdəyəm ki, istənilən ədəbi-bədii nümunə, janrından asılı olmayaraq, ən yüksək sənət tələbləinə cavab versə də, əgər öz məzmununda, mahiyyətində ictimai-fəlsəfi, həmçinin milli keyfiyyət elementləri daşımırsa, bütün gözəlliklərinə rəğmən onu kamil sənət nümunəsi saymaq olmaz. Digər tərəfdən, yaradıcı şəxsiyyətin dövrün, zamanın ağrı-acısına öz düşüncə prizmasından yanaşmaq hüququ da mövcuddur.
"Müharibə əlili" şeiri öz bədii dəyəri, ideya-ictimai qayəsi baxımından ədəbi müstəvidə ənənəvi olmayan, fərqli bir baxışın təqdimatıdır. Bu şeirdə şair öz sənətkarlıq məziyyətlərini yeni rakusrdan sərgiləməklə, çevik və elastik dil elementlərindən, ironik detallardan istifadə məharətini də aydın şəkildə nümayiş etdirir.

"İki balam gözü yaşlı,
arvadım başıdaşlı…
Yazıq hər əmrə müntəzir:
həm məni gəzdirir
həm… özü gəzir…"

Sərbəst vəznlə heca vəzninin qaydalarından konkret bir poetik nümunədə sənətkarlıq səriştəsi ilə istifadə olunması, heca vəzninə xas poetik intonasiyanın ritmikliyi, ahəngdarlığı, həm də ironik emosionallığı şeirin özünəsəxsusluğudur. Bu detallar əslində şairin işıqlandırmaq istədiyi mənanın mahiyyətinə xidmət edir. Şairin poetik priyomu maraq doğurur.


2.SÖZÜN MÖCÜZƏ QATLARI

"525-ci qəzet"in 2008-ci il 29 noyabr sayında Ədalət Əsgəroğlunun yeni silsilə şeirlərini oxudum. Qönçə-qönçə açılmış mənaların poetik ətri, misraların, sözlərin təbəssümü ruhumu oynatdı. Bu şeirlər sadəcə poetik deyim deyildir. Parlaq bir istedadın bakirə nəfəsi bu məna və ifadə gözəlliklərinin alnından öpüb. İşığa, nura bələnmiş ilahi bir səmimiyyət çiçəkləyib hər misranın dodağında…

“Yazdığını pozmaz Tanrım,
Tikanını gül eyləməz.
İlmə-ilmə könül tikər,
Kətanını tül eyləməz".

Qədim şərq düşüncəsinin ən kamil, ən nadir incisi sayılan islami dəyərlərin incəliklərinə, ilahi, eşq fəlsəfəsinə vaqif olan Ədalət Əsgəroğlu, öz gəraylılarında bu böyük əxlaqın möhtəşəmliyini poetik rühünün təkrarsız gözəlliyi və yüksək sənətkarlıq məharəti ilə tərənnüm edir. Şair təkcə sözün ahəngdarlığına, kövrəkliyinə, obrazlılığına önəm vermir, həm də daha çox məna, ideya zənginliyinə diqqət yetirir. Bu şeirlərin maraqlı xüsusiyyətlərindən biri də odur ki, bunların hər biri həm ayrı-ayrılıqda, həm də silsilə halında canlı bir varlıq, bütöv bir orqanizmdir.
İslam fəlsəfəsinin sütunlarından sayılan "axirətə inam" hikmətini çox səmimi və zərif orijinallıqla "eşqin gümüş aynası"nda "əhdinə sadiq paşa" kimi əks etdirir. 8 hecalı ahəngdarlıqla, üç bəndlik bir şeirdə böyük fəlsəfi mətləbin ehtişamını rəsm etmək bacarığı mübaliğəsiz istedadın parlaq ifadəsidir.

"Mən gedirəm, Allah bilir,
Bir də nə vaxt qayıdacam.
Susmaz könül bu eşq ilə,
Demə, nahaq qayıdacam".

Gedənin (yəni ölənin) yenidən qayıdacağı (yəni diriləcəyi) günü (yəni vaxtı, zamanı) - Axirət gününü yalnız Allah bilir. Ə.Əsgəroğlu poetik dillə bu uca hikmətə, ulu həqiqətə misra-misra şəhadət verir.
"Susmaz könül bu eşq ilə" - misrasında şair hansı eşqdən söhbət açır? Əlbəttə, Tanrıya qovuşmaq eşqindən. Yəni, müqəddəs Vüsal günü hesab olunan Axirət, Qiyamət günündən. Daha sonra onun bədii qüdrəti görün necə çiçəkləyir. Sözün qulağına ilahi vəhy kimi pıçıldayan şairin zərif ruhunun, obrazlı güşüncəsinin, imanının ətridir bu misralar:

"Ümid gəlir axın-axın,
Sinəm güldü, yarın, baxın.
Bəlkə sabahdan da yaxın,
Bəlkə sabah qayıdacam".

Axirətin, Qiyamət gününün sirri Tanrıdan savayı kimsəyə məlum deyil və heç vaxt da məlum olmayacaq. Şair imanına toz qondurmadan poetik incəliklə bu müqəddəs məqamın vaxtını təqdim edir.
"Bəlkə sabahdan da yaxın."
Bu misra Ə.Əsgəroğlunun dərin islam dünyagörüşünə istinadən kəşf etdiyi vaxt, zaman ölçüsüdür. Forma və məzmunun vəhdət yaratdığı bu poeziya nümunələrində şair söz və məna harmoniyasından əsrarəngiz bədii lövhələr yaratmışdır.
XXI əsr Azərbaycan ədəbiyyatında təsəvvüf poeziyasının ən zərif, təravətli və mükəmməl nümunələrini yaradan şair Ədalət Əsgəroğludur. Bu cümlənin daşıdığı fikrin məsuliyyətini dərk edərək, inamla bildirirəm ki, ənənəvi üslubun yaratdığı forma məhdudiyyətlərinə baxmayaraq, şair qeyri-adi təfəkkür genişliyinin fenomenal gücüylə sözün möcüzə qatlarına enməyi bacarır:

"Bəndə olub sayıldıqca,
Pünhan qalıb bayıldıqca,
Dirilikdən ayıldıqca,
Çox qovruldum, bişdim, şükür!"

"Dirilikdən ayıldıqca" misrası özündə elə böyük, elə bir möhtəşəm mənanı, daha doğrusu, mənalar məcmusunu ehtiva edir ki, təhlilin, şərhin boyu çatmır bu ucalığa. Bu misrada poetik vəhylə açıqlanmış ürfani mətləbin dəyəri, əsrlər boyu Şərqdə təsəvvüf fəlsəfəsinin incəliklərini açıqlamağa cəhd edən çeşid-çeşid kitabların mahiyyətindən daha önəmlidir. Bu misra "Vəhdəti-vücud" fəlsəfəsinin poetik bakirəliyinin təravətini özündə ifadə edən ən yığcam bədii kəşfdir. İki sözün möcüzəsi!
Təsəvvüf fəlsəfəsinə, onun poetikasına bələd olmadan Ə.Əsgəroğlunun gəraylılarına ümumi sözlər və ifadələrlə qiymət verilə bilməz. Bu şeirlərdəki qeyri-adi məna çalarlarını, bir-birindən təravətli, heyranedici düşüncə qatlarını adi oxucu dünyagörüşü dərk etmək iqtidarında deyil. Qəribə olsa da, mənə elə gəlir ki, hətta bəzi ədəbi peşəkarlar da bu dərin mətləbləri dərk etməkdə "piyada"dırlar.

"Yardan necə yarıdım ki,
İndi yarıcan olmuşam".

Bu misralardakı məna lətifliyi, klassik Şərq poeziyasına məxsus forma gözəlliyindən, yəni misradaxili cinaslardan məharətlə istifadə etmək bacarığının səmimi nümayişidir. Bu cür sənətkarlıq səriştəsi ilə şair, həm fərdi yaradıcılıq uğurunu, həm də mənsub olduğu dilin ifadə zənginliyini, bədii qüdrətinin vacib elementlərini də sərgiləmiş olur. Məncə, şair istedadının qüdrətini şərtləndirən önəmli faktorlardan biri də onun dilin mübhəm incəliklərinə bələd olması, sözün sehrini düyması və özünün də bu mətləblərin yaradıcısı olmaq missiyasını həyata keçirməsidir. Bu mənada Ədalət Əsgəroğlu alnına belə bir şair taleyi yazılmış azsaylı söz sahiblərindəndir.
Ürfan dünyasından baş açmayan insanın bu gözəl mənalar gülşənində vəcdə gəlib: "Yaradanına əhsən" deyə bilməməsi məqbuldur. Ustad kəlamında deyildiyi kimi: "Bilməyən nə bilsin bizi, bilənlərə salam olsun".
Ədalət Əsgəroğlunun poeziyası çağdaş ədəbi ortamda düşüncə dərinliyi, məzmun zənginliyi ilə seçilən, bu yöndə tamamilə yeni bir ovqat aşılayan bədii-fəlsəfi özünütəsdiq hadisəsidir. Bu poeziya təkcə insanın lirik əhvali-ruhiyyəsinin ifadəsi deyil, həm də insan mənəviyyatının müxtəlif və rəngarəng cəhətlərinin etik, fəlsəfi, ictimai görüşlərinin obrazlı və orijinal əks-sədasıdır.

"Od olub oda qalandım,
Mən idim ki, şax dayandım.
Elə yandım, elə yandım,
Görən dedi tamaşadı".

Bu misraların içindəki poetikanın, obrazlı düşüncənin çoxqatlı, çoxçeşidli fəlsəfi elementlərlə yüklənməsi, şairin bədii qüdrətinin gözəlliyindən, düşüncə arenasının genişliyindən xəbər verir. Bu səpkili misralara əsaslanaraq, qeyd edərdim ki, Ə.Əsgəroğlunun bəzi şerlərinin bətnindəki məcazlar sisteminin fəlsəfi qayəsi, təkcə islami dəyərlərlə, təsəvvüf elementləri ilə nöqtələnmir. Burada təsəvvüfdən daha qədim tarixə malik dünyagörüşlərin, yəni "Tövrat"ın, "Zəbur"un, "Avesta"nın, "İncil"in havasını da duymaq olur.
Məncə, Ədalət Əsgəroğlunun ədəbi nailiyyəti ondadar ki, o, min illik tarixi təcrübəsi olan şərq poeziyasının ənənəvi üslübunda dərin fəlsəfi mətləbləri özünəməxsus poetik rənglərlə, incə, lirik naxışlarla bədii söz zirvələrinə qaldırır. İnamla demək olar ki, Ədalət Əsgəroğlunun poetik nümunələri sənətkarlıq məziyyətləri, məzmun əlvanlığı, fikrin bədii-fəlsəfi ümumiləşməsi baxımından, təkcə ədəbiyyatımızın deyil, bütövlükdə şərq təsəvvüf poeziyasının uğuru sayıla bilər.
Yaradıcılığının ən qaynar və kamil çağlarını yaşayan şair Ədalət Əsgəroğlu XXI əsr Azərbaycan təsəvvüf poeziyasının sonuncu mogikanıdır. Onun şerlərinin poetik təravətinin heç zaman solmayacağına əminəm. Bu əminliklə sözü kimi, qəlbi və ruhu da nura bələnmiş qələm dostuma yeni-yeni yaradıcılıq sevincləri arzulayıram.