Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

İsa İSMAYILZADƏ


 
OD

Sən torpağın rənginə bax…
Otlar od içindən elə bil,
Güllər od içindən qalxır elə bil…

Torpağım günəşlə qan qohumudur;
Odla oynamışam,
odda yanmışam,
Qovrulub,
qıvrılıb qarsalanmışam…

Qılınclar günəşlə ovxarlananda
Gözümdən od parlayıb,
Sözümdən od parlayıb,
Sədamdan od parlayıb -
Adım bələnib oda…

Torpağım günəşlə qan qohumudur…
Torpağımın rənginə bax -
Baxsan qanın qaynayacaq…
Baxa-baxa inandım -

Kəhrəba qayaların yaşı qədər yaşamışam,
Bu torpağın rəngi qədər yaşamışam,
Dərəsinin səssizliyi,
Dağ çayının daşı qədər yaşamışam.

Ulu diyar, nə ağırmış çəkdiyin yük…
Nağıllardan düşüb qalan
qayalara baxa-baxa,
Bu torpağın rənglərini gözlərimə yığa-yığa
İnandım ki, mənim milyon yaşım var,
İnandım ki, mənim milyard yaşım var -
Özümdən nə qədər böyüyəm, böyük…


ƏLİMDƏN GƏLSƏYDİ…

Saatda bir çevriliş,
gündə bir çevriliş,
planetimizin hər tinində çevriliş.
Polislərin fitindən
tutulacaq qulağı səkilərin, evlərin,
"Çevriliş" güşəsi açacaq yəqin
qəzetlər dördüncü səhifələrində.
Əlimdən gəlsəydi,
çevriliş eləyərdim adamlarda,
ürəklərə bayraq sancardım -
həqiqət yelənli, ümid dalğalı.
Hakimiyyət başına gətirərdim adamlara
işıqlı arzuları.
Onda görək - hər ürəyə bir teleqram,
hər arzuya təbrik vuram…


***

Qatım bir-birinə gecə-gündüzü,
Axşamım-səhərim qarışıq düşsün.
Yaza bilmədiyim sətirlərimdən
Alnıma təptəzə qırışıq düşsün.

Desinlər:
Bu nədir, bir gecəliyə
Adam da bir belə qocala bilər?..
Heç kəs bilməyəcək -
şeir yazanda
Bütün ağrıların gedər heçliyə,
Bütün qırışların açıla bilər! -
Açılar
ürəyin qırışıb belə…

Hamı gözlərinə ipək görünər,
Hamını öpməyə hazır olarsan.
Ulduzları dərib,
çiçək yerinə
Qızların üstünə tolazlayarsan.

Ayağı da yerə toxunmaz onda…
Elə bilərsən ki, damarlarından
Bir coşqun çay axır -
sevinc adında,
Boğula bilərsən burulğanında…

…Sonra yavaş-yavaş
sovuşub gedər,
Təkcə adı qalar sevincin, adı…
Bunu da bir kəsə açıb demirdim:
Hər şeir -
ömrümü bir gün uzadır,
Amma…
ikicə gün alır ömürdən.


GECƏ TELEQRAMLARI

Gecə teleqramlar döyər qapımı,
alıb oxuyaram ayaqdan başa:
"Məni gözləməyin, qarşılamayın".
Nə ünvan,
nə imza,
nə gün,
nə də ay.
Amma hay-harayla gələn qatarlar
obaşdan özünü salar üstümə:
"Məni qarşılayın!.."

Dəyişib ünvanım, dəyişib yerim.
İllər arxasında, gecəyarısı
sözsüz teleqramlar döyər qapımı,
qışqıra-qışqıra gələr üstümə,
məni tapmayanda qayıdar geri.

Eh, bilirəm, kimsə çıxıb qarşıma
"Sağ əlin başım" - deyəcək yenə.
Bəs sol əl?
Sol əli cibimdə gizlətməliyəm
sağ əl qatarları tutana kimi.
Qıvrıla-qıvrıla şütüyüb gedən,
Qışqıra -qışqıra gözümdən itən
uzaq xoşbəxtliyə çatana kimi…

BİR QARIŞ KÖLGƏ

Toyuqlar bir çimdik darıdan ötrü,
sərçələr bir parça kölgədən ötrü,
sərin bir ümiddən, "bəlkə"dən ötrü
ora vurnuxanda, bura qaçanda
atamın tərləmiş, duzlu kölgəsi
bir qarış olardı…

Atamın tərləmiş, sözlü kölgəsi
elə o zamandan bircə qarışdır.
O tərləmiş kölgə, o duzlu kölgə
elə o zamandan, elə o gündən
pencəyi,
köynəyi,
ürəyi kimi
qırış-qırışdır.
Neyləyim, axı -
kölgə ütüləmək gəlmir əlimdən…

Nəvəsi -
həvəsi böyüdü, amma
atamın kölgəsi heç boy atmadı,
heç əsgərliyə də aparmadılar.

Bir gün Qarayazı düzənliyindən
bir qatara minib Bakıya gəldi,
günəş şaxıyanda üstümə düşdü -
atamın kölgəsi mənə qarışdı.
Atamın kölgəsi bircə qarışdı,
atamın kölgəsi mənə qarışdı…
Neyləyim, axı -
kölgə ütüləmək,
kölgə uzatmaq,
kölgə yelpikləmək, kölgə yaşatmaq,
kölgə əzizləmək gəlmir əlimdən…

***

Ay ana, ay ata, ay doğma oba,
siz mənə,
siz mənə bir ömrü halal eləyin.
Bu gün gəlməsəm də gələrəm sabah -
siz mənə bir ömrü halal eləyin.

Mürgülü çöllərdən uzaq düşmüşəm,
təsbehli əllərdən uzaq düşmüşəm,
ixtiyar illərdən qaçaq düşmüşəm,
siz mənə,
siz mənə bir ömrü halal eləyin…

Əlimi uzatsam, əlimmi çatar,
qışqırsam- yolların qulağı batar,
gecələr yuxumdan şütüyər qatar -
siz mənə,
siz mənə bir ömrü halal eləyin…

Çəkmələrim hər gün yol udur - desəm,
ayağımın üzü yoladır - desəm,
gözlərim həsrətlə doludur desəm,
siz mənə,
siz mənə bir ömrü halal eləyin…

hər gecəm qıvrılar söz sorağında,
neçə yoxuşum var ağ varağımda…
Bir damın altında, Kür qırağında
siz mənə,
siz mənə bir ömrü halal eləyin…


GÜLLƏLƏR DEMƏDİ

                           Davadan qayıtmayan cavanlara

Getdilər… Getdilər fit çala-çala
getdilər atları çimizdirməyə -
bizi aparmadılar.
Qulançar yığmağa, moruq dərməyə
bizi aparmadılar.

Yalvarıb-yaxarıb dil tökəndə biz
Onlar üstümüzə od ələdilər,
qışqırıb-təpinib hədələdilər:
"Hələ uşaqsınız, nə yaşınız var…"

Bir gün xəbər gəldi: dava başlanıb…
Onlar əsgərliyə çağırıldılar,
nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular…

Yola salanlara qoşulanda biz
yalvarıb -yaxarıb dil tökdü onlar:
"Qayıdın… qayıdın, geri qayıdın,
qayıdın atları çimizdirməyə,
qulançar yığmağa, moruq dərməyə".

Biz getdik atları çimizdirməyə,
Qulançar yığmağa, moruq yeməyə.
Düşüb arxamızca gəldi uşaqlar,
Dilimiz gəlmədi bir söz deməyə…

Onların yoxluğu düşdü araya,
oyunlar, məclislər qaldı yarımçıq.
Toylar da seyrəldi toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq.

Kəndimiz yamanca uralanmışdı,
Yaman korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
"Deyəsən gedənlər qayıtmayacaq…"

Mərmilər, güllələr fit çala-çala
cuvar Cavad kimi qovdu onları,
ketmən vura-vura, ot çala-çala
baxdıq yollara…

Getdilər, getdilər Berlinə sarı,
getdilər … getdilər ölümə sarı…
Qəlpələr demədi: geri qayıdın,
lülələr demədi: geri qayıdın,
güllələr demədi: geri qayıdın,
Hələ uşaqsınız, nə yaşınız var…

MƏN BİR TERMOS ŞÜŞƏSİYƏM

Mən bir termos şüşəsiyəm,
çilik-çilik olmuşam,
tökülmüşəm içimə.
(Eh, kimin nə vecinə)

Birinin gözlərindən,
birinin ürəyindən
qolaylanıb atılanda
tənhalığın üstünə düşüb sınmışam -
necə sındığımı heç kəs görməyib,
Heç kəs bilməyib.
Mən bir termos şüşəsiyəm -
pərtliyin də üstünə,
sərtliyin də üstünə
düşəsiyəm bugün-sabah
Mənim ürəyimin qırıntıları
qəlpəyə dönə bilər,
dostuma, tanışıma, arzuma dəyə bilər…

Bir gecə
kiminsə əlləri qonaq gələcək,
kiminsə nəfəsi qonaq gələcək,
kövrəlmiş ürəyimə.
Toplayıb bir yerə qırıntıları
düzəcək yan-yana.
Sonra da yana-yana
zərgər barmaqlarla cilalayacaq -
xarabalığın tən ortasında
möhtəşəm bir ürək ucalacaqdır.
Ancaq möhtəşəm ürək
mənim ürəyimə bənzəməyəcək…
Soyuqdan genişlənib istidən sıxılacaq,
darıxacaq, boğulacaq,
bağlı qalmış qapı kimi
taybatay açılmaq istəyəcək…

Mən bir termos şüşəsiyəm… Təzədən, təzədən,
təzədən sınmaq üçün,
təzədən yanmaq üçün

bir heyrətin üstünə
daş kimi düşəsiyəm…


BİR DƏ GÖRƏRSİNİZ…

                               Dostlarıma, əzizlərimə

… Bir də görərsiniz mən də getmişəm,
Bir də görərsiniz,
yoxam dünyada.
Sizin gözünüzdən elə itmişəm,
Çətin,
Çətin yolunuza çıxam dünyada.

Başını bulayıb köks ötürən də,
Əlini dizinə çırpan da olar,
Tüstüsü başından çıxan da olar,
Mənsiz
bir ömürdən-gündən usanan,
Başdaşına dönüb baxan da olar…

Yığışın bir yerə, yığışın, dostlar,
Sizin aranızda,
sizdən xəbərsiz
Mənə də, mənə də bir yer tapılar.
Dinib-danışmaram, susaram onda…

Neyləyim, neyləyim açılmaz daha
Sözümə
ömürlük bağlı ürəklər,
Üzümə
ömürlük bağlı qapılar.
Siz də danışmayın, bir anlıq susun…
Siqaret üstündən yaşarsın gözü
Tüstüsü başından çıxan Abbasın.

Yalvarıram sizə,
Mən gedəndən sonra "qeybət daşını"
Bir qara daş kimi atın dənizə,
Dalğıclar yığılsa -
tapa bilməsin,
İlişməsin ayağına bir kəsin…

… Bir də görərsiniz, mən də getmişəm,
Bir də görərsiniz,
yoxam dünyada.
Sizin gözünüzdən elə itmişəm -
Çətin,
Çətin yolunuza çıxam dünyada…