Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Vaqif BƏHMƏNLI


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Ra­fiq BA­BA­YEV
SA­BA­HA BİR GÜN QAL­MIŞ
hekaya


Balayar SADİQ


Sabir YUSİFOĞLU


HIC­RAN
GÜN + LƏR…
(prit­ça)


Vla­di­mir YA­VO­RİVS­Kİ
(Ukrayna)
DAVADAN SONRAKI GECƏ
("… Almalar düşür"… povestindən novella)


NAXÇIVAN ŞAİRLƏRİ


Ra­hid S.U­LU­SEL
ESSELƏR


NARINGÜL


Qəndab BABAYEVA


İslam SADIQ
TƏCNİSLƏR


Məmməd ASLAN
TƏSƏLLI TAPIRIQ
DÜNƏNIMIZI BUGÜNÜMUZƏ BAĞLAYIB
SABAHIMIZA ÜNVANLAYAN QƏLƏMDAŞLARIMIZLA


Əli ASLANOĞLU
RƏDIF QAFIYƏLI QƏZƏLLƏR


Rəşid FAXRALI
FAXRALININ BEŞ "DAĞLAR"I


Aydın XAN (Əbilov)
CƏNNƏTI YERDƏ - ƏDƏBIYYATDA AXTARANLAR...
(ESSEVARI ARAŞDIRMA)


ÇİÇƏK


Səyyarə MƏMMƏDLI


Ülkər ATƏŞ
"Xatun" mükafatı laureatı


GÜLƏMAİL


Fərqanə MEHDİYEVA


Fərqanə MEHDİYEVA
DÜNYA ÖZ-ÖZÜMLƏ BİR GÖRÜŞ YERİ


Bəhram BASQALLI


Şövkət ZƏRİN ( Horovlu )


Zirəddin QAFARLI


Gülbala MEHDİ


İsa İSMAYILZADƏ



 

NARINGÜL


 
QAÇDIM ADİLİKDƏN

Fəsillər dəyişən ağac şəklidir
Payıza sevindim, yaza sevindim.
Gördüm çəkəmmirəm, atdım yükümü
Bütün havalara oynaya bildim.

Yaxamdan yer tutdu, məni göy çəkdi,
Uca zirvələrə çatdım, oyandım.
Sən demə göy yerin təkrarı imiş,
Hamının keçdiyi yerdə dayandım.

Qaçdım adamlardan, gücüm çatınca,
Qaçdım adilikdən sirrə sığındım.
Mən çoşmuş bir çayam, qurumadım ki,
Səndən çəkildikcə sözə yığıldım.

***

Mələklər diyarından gəlirəm
qanadlarım yanımda.
ürəyim
küçə-küçə bölünüb,
küçələrdə yad adamlar dolaşır
görən, yad adamlara
salam versəm olarmı?
görən, o yad adamlar
məni duyub anlarmı?

mələklər diyarından gəlirəm
gözlərimdə bir boşluq uzantısı
ürəyimdə
səbəbi bilinməyən
etiraz aksiyası
və sonu görünməz bəlkələr,
bağlana bilmədiyim adamlar
Səhər-səhər
qapıları döyüb dilənən qadın,
üzündən təbəssüm ver mənə,
ötürüm adamlara.

Mələklər diyarından gəlirəm
mən yer adamı deyiləm.

***

Üzümdəki işıq çat verəcək
kölgə düşəcək şəhərə,
küçəyə, səhərə
və şəhər can verəcək
və küçə can verəcək
çıxıb gedəcəyəm
ürəyimdə adam izdihamı,
ürəyimdə sevgi izdihamı,
çıxıb gedəcəyəm
çıxıb gedəcəyəm üzü
qurumağa.
sən heç
ayaq üstə quruyan ağac
görmüsənmi?
qadın da ağac kimidir
içindən quruyur.
Çıxıb gedəcəyəm üzü tənhalığa
pəncərə arxasında
böyüyən tənhalığa.
səhərlər günəşlə bərabər
ümidlər doğacaq üzümə.
Amma mən qaranlıq düşməmiş
soyunub atacağam bütün
hissələrimi.
sən necə?

***

Kəpənək qanadlım,
canında titrəyiş var,
gözlərində təlatüm.
çaşqınlıq içində susursan
bəlkə də bu sondur,
bəlkə də dönüşdür.
sən uzaq yolların sonundan
gəlirsən.
Sən həmişə azadlıq havasına oynadın
sənin azadlığın tənhalığındır.
sənin azadlığın yuxularındır.
sən dünyanı başqa cür istəmişdin
sən - dünyamız hüdudsuzdur - demişdin.
anlamadığın adamlar
sənə dünyanı anlatdılar.
dünyanın bütün adamları
hardasa həqiqət gizlənib - dedilər.
gəz axtar,
gəz axtar, tapacaqsan!

kəpənək qanadlım, gözlərin açılır,
qanadların bərkiyir,
doğuluşun mübarək!
pəncərə arxasında toxunmadığın
çox şey var,
anlayışın mübarək!

NƏ VAXTSA QAYITSAM…

Daha nə nağıl var, nə də yalan var
Nə biri söz deyər, sözünün üstə.
Nə yol var həsrətdən uzanıb gedə
Əlini qoyasan gözünün üstə.

Küləyin ağzında payız nəfəsi,
Səpilir havaya quş lələkləri.
İntihar rəqsinə oynayır hər şey
Sinəsinə çəkir yer çiçəkləri.

Dönərək buluda çıxıb gedirəm
Bir daha çıxmaram yerdə qarşına
Nə vaxtsa qayıtsam, yağış şəklində
Çevrilib torpağa məni qarşıla.

***

Üzümə açılan gecə
Ürəyimi açarmı?
Səhər doğacaq günəş
Məni alıb qaçarmı?

Keçməyə qorxduğum ömür-
Gəlib məndən keçərmi?
Düyünlənmiş ovcumdan
Tənhalığım düşərmi?

Dünya adlı sualın
Düzgün cavabı varmı?
Sevinc bu qədər yüngül,
Dərd bu qədər ağırmı?