Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti



 

Mubariz CƏFƏRLİ
Hekayələr


 

GÜZGÜ

Qəfil səksəkə içində oyanmaq istədi, gözü qaranlığa alışmadığından otaqdakı əşyaları ayırd eləyə bilmədi, tamam ayılmamışdı, fəhmən çalışırdı ki, ayağa dursun, çünki vahimələnmişdi, ancaq yadına sala bilmirdi gördüyü yuxunu. Nə o yanlıq idi, nə bu yanlıq. Ölümün qardaşı onu ağuşundan buraxmırdı, o isə var gücü ilə müqavimət göstərməyində idi, lakin get-gedə qüvvəsi tükənirdi, nəhayət, bədəni sustaldı, gözləri təzədən yumuldu. Yenə baş vurdu üzü o tərəfə. Bəriyə dönmək üçün kənar köməyə ehtiyac vardı. Ya saatın zəngi çalınmalıydı, ya telefonun səsi aləmi başına götürməliydi, ya da Allah eləməmiş zəlzələ-filan olmalıydı. Amma zaman sakit axmağında idi. Qismət beləymiş, o, yarımçıq yuxusunu başa vurmalı, tamamlamalı, upuzun, sonu görünməyən yolu axıracan getməliymiş. Əvvəlcə maşında, bozumtul asfaltla, sonra pay-piyada otsuz-qanqalsız qupquru çöllüklə... O, hara yol almışdı, niyə gedirdi, mənzil başında onu nə gözləyirdi? Yuxu özü də açılacaq sabahlar kimi sirri-xudadı. Yuxu, vaqeə öyrəşdiyimiz həyat tərzindən həm qəlizdi, həm də dərin...
Hər səhər oyanıb eyni qadını yanında görmək çox yorucudu. Üstəgəl eyni iş-güc, institutun auditoriyalarında oxuduğu mühazirələr. Eyni müəllim yoldaşları, illər ötdükcə təzələnməyən, köhnə kitablardan əzbərlədiyi təkrarlama... Çevir tatı, vur tatı...
"Nələr arzuladım, nələr qazandım..."
Elə günahın, səhvin, müəmmanın ən böyüyü burda gizlənib; dünyaya qazanc dalınca gəlmək istəyində... Guya, doğrudan-doğruya nə isə qazanmaq olarmış. Kim qoyub bu mənasız alış-verişin əsasını? Qumluqda imarət, cah-cəlal qurmaq eşqinə birinci kim düşüb? Dünya malı ilə əbədiyyət qazanmaq xülyası kimin ağlına gəlib? Firondan da o yana gedib çıxır... Adəm-Həvva dövrünə... Habillə Qabilin ölüm-dirim savaşına... Qarğanın öldürülmüş ilk Adəm övladını torpağa basdırmağın yolunu göstərməsinə. Şeytan öz işini nə tez görmüşdü, xudaya! Bu davada, bu oyunda Tanrı özünəbənzər yaratdığına tərəfkeşlik eləsəydi, mizan-tərəzi pozulardı. Amma qovulmuşları özbaşına buraxmaq da olmazdı. Beləcə, peyğəmbərlərə ehtiyac yarandı. Yerə müqəddəs kitablar göndərildi. Əsrlər ötüşdü, gəlib çatdıq son mərhələyə, tənəzzül dövrünə, çevrə qapanmağa yaxınlaşır, yenidən daş dövrünə qayıtmaq üçün milyon illər keçməliydi. Oyunun, böyük mərcin axıraxırıydı, ağıl ölçüsü ilə dərk eləmək müşkül olan oyunun sonu. Qalib-məğlub məsələsi bizlik deyildi, şərt kəsiləndə də bizim rəyimizi soruşan olmamışdı. Zəncirvari olaraq biz də öhdəmizə düşəni başa vurub estafeti özümüzdən sonrakılara ötürməliydik. Əlbəttə, bacardığımız qədər. Boyumuzdan yuxarı tullana bilməzdik ki! Bəxtimizə yazılanı yerinə yetirib dünya adlı güzgüdən anicə boylanaraq yolumuza davam elədik.
Yuxu ilə ayıqlığın arasında var-gəl eləyib axırda taleyi ilə barışan institut müəllimi, başını girləyən saysız- hesabsız ortabab elm adamlarından biri hələ də güzgüyə baxırdı. Həmin güzgüdə təkcə özünü görmürdü, bütün nəsil-nəcabətinin surəti ardıcıllıqla gözünün qaba-ğında canlanırdı. Qəribə burasıydı kı, özündən sonra heç kimi görmürdü güzgüdə. O, sonuncu idi. Bəs oğlu? Məntiqlə sonra oğlunun əksi görünməliydi. Qəfil ağlına gələn fikirdən yuxudamı, ayıqlıqdamı tükləri biz-biz oldu, bir anlığa nəfəsi kəsildi, az qala canını tapşıracaqdı. "İlahi, ip qırılıb, o, mənim oğlum deyil. Mənim övladım yoxdu..." Deməli, xəyanət... Əsrlər boyu təkrar-təkrar baş verən, bir-birini əvəzləyən qadın xəyanəti. Tarix həqiqətən təkrar olunurmuş. Görəsən arvadı ona kiminlə xəyanət eləyirmiş? Düzdü, o özü də az aşın duzu deyildi, intəhası, iş övlad, uşaq məsələsinə gedib çıxmırdı. Heç vaxt imkan verməzdı buna. Elə bir şey olsaydı özündən sonra güzgüdə ayrı sima görərdi. Öz davamçısını, öz oxşarını... Amma böyüdüb yekə kişi elədiyi ona qətiyyən bənzəmirdi. Bu da belə! Qadınlara inanmaq səfehlikdi. Arvadın pisi pisdi, yaxşısının zatına lənət! İllər boyu çalış-vuruş, qazan, axırda da qal quru yurdda. Demə, özgə törəməsini böyüdürsənmiş, nəslinin sonuncususanmış. Vəssalam, səndən sonra nöqtə qoyulur. Görəsən, bərkə dursaydı arvadı nə deyə-cəkdi? Yəqin boynuna almayacaqdı. Necə sübut eləyə bilərdi? Yuxuda filan məsələ mənə əyan olub... Bəlkə arvadı qızıl-qırmızı onun üzünə dayanacaqdı ki, yaxşı eləmişəm, lap belə əlimin içindən gəlib, sən yüzü ilə yaxınlıq eləmisən, mən də biri ilə başbir olmuşam?! Biri ilə?.. Kim sayıb siyahılamışdı zinakarları? Bir, ya yüz fərqi yoxdu, arvadı onu barmağına dolamışdı. Kişi ilə qadını eyniləşdirib bir tərəziyə qoymaq düzgün deyil axı...Kişi arıdı, güldən-gülə qonub şirə çəkməsi qəbahət deyil. Qadınsa öz "arısını" gözləməlidi, "arısına" sadiq qalmalıdı.
Adam yuxuda ya tamaşaçıdı, ya aktyor. Həmişə gözəgörünməz rejissorun əmrini yerinə yetirir. Həyatda belə səbrli deyildi. Onu aldatmışdılar, o isə sakitcə olub keçənləri götür-qoy eləyirdi. Oğlunun, daha doğrusu, böyütdüyü oğlanın təvəllüdünü nəzərə alıb bu xəyanətin təxmini vaxtını bilmək mümkündü. Lakin noolsun? Sonra? Görəsən, arvadı hansı Yusifcamala bənd olmuşdu? Arvadına inanmışdı həmişə, onu aydan arı, sudan duru sanmışdı. Amma şübhəyə səbəb göz qabağındaydı. Sadəcə, bir az diqqətli olmaq lazım idi. Böyütdüyü oğlan ona zərrəcə bənzəmirdi. Sarışındı, gözləri də gömgöy. İndiyəcən fikir vermədiyi bu detallar uzaqdan adama "gəl-gəl" deyirdi. Bəs onun, elmlər namizədinin boş başı hardaydı? Tələbələrdən rüşvət yığmağa qarışmışdı? Hərdənbir başını qaldırıb ətrafa baxsaydı anlayardı məsələni. Buna şəkk-şübhə yoxdu. Oğurluqla ayağısürüşkənliyin qırx gün ömrü var. İndisə qatar gedib...
Görəsən o, böyütdüyü oğlanın atasını tanıyırdımı? Çox güman ki... O adam Aydan-zaddan gəlməmişdi. Ən azı böyütdüyü oğlanın atası onu görmüşdü. İndi dərdini kimə deyəsən, çıxış yolunu harda axtarasan? Böyütdüyü oğlan nişanlı idi. Beş-on günə toyu olacaqdı. Bəlkə oğlanın atası toya gəlib bir küncdə oturacaqdı, yavaş-yavaş araq vurub keflənəcəkdi, qol götürüb oynayacaqdı və ürəyində ona, "toy yi-yəsinə" güləcəkdi? Bəlkə lap dəmləşib onun yaxasından yapışaraq qəhqəhə çəkəcəkdi, dəli, vəhşi qəhqəhə ilə deyilən kəlmələr toydakıları donduracaqdı: "Bu toy sənin oğlunun deyil, mənim oğlumundu..." Ağlına gələnlərdən elə röyadaca əti ürpəşdi. Oyaq olsaydı, bəlkə də ürəyi dayanardı. Yuxuda ölmək ona görə xoşdu ki, onsuz da az qala ölümün içindəsən, daha irəli-geri var-gəl eləməyə lüzum yoxdu, təkcə Əzrayıl gəlmir, yatan da sövq-təbii ona doğru addım atır.
Aldadılanla aldadan bir çarpayıda yatmışdı, aldadılan oyananda xəyanətkarı yatağında, yanında görəcəkdi. Qonşu otaqdasa mayası xə-yanətdən yoğrulanın xorultusu aləmi gö-türmüşdü. O, elə uşaqlıqdan " başından yekə" xoruldayırdı. Bir ara onu həkimə də aparmışdı. Elə bilirdi uşağın burun-boğazında artıq ət var, ona görə rahat nəfəs almır. Həkimsə demişdi ki, hər şey, daha doğrusu, uşağın burun-boğazı qaydasındadı, xoruldamağına gəlincə, bunun ziyanı yoxdu. Ola bilsin irsidi... "Ola bilsin irsidi..." O vaxt bu kəlmələri vecinə almamışdı, həkimin: "Bunun ziyanı yoxdu,"- deməsindən elə sevincək olmuşdu ki, daha dərinə getməmişdi. İndisə elə yuxudaca başı saat kimi işləyirdi; axı o da, arvadı da quzu kimi sakit yatırdı. Deməli, uşaq əsl atasına oxşamışdı. Beləydisə, onu elə xoruldamağından tanımaq olardı. Əlbəttə, bu dəryada balıq sevdasıydı. Suda boğulan saman çöpündən yapışar, aldadılan da nədənsə yapışıb qamətini düzəltmək, dikəltmək istəyirdi, amma başa düşürdü ki, bu dava çoxdan uduzulub, indi hara əl atsaydı, hansı yola üz tutsaydı heç nə dəyişməyəcəkdi, olan olmuşdu, torba dolmuşdu.
Kaş ölənəcən aldadıldığını anlamayaydı. Gözüyumulu yaşamaq can rahatlığıymış. Həqiqəti bilməyi nəyi dəyişdi ki?.. Ürək ağrısı və təlaşla bu fani dünyada tamam-kamal tək-tənha qaldığını hiss elədi. Sonra? Kiminlə, necə mübarizə aparasan? Neçə illik nəzir- niyazdan, dava-dərmandan sonra arvadı uşağa qalmışdı. Ay-hay! Bu Allah payı yox, Tanrının istehzası imiş. Niyə? Səbəbi? Yaradan gizlinləri məqamı yetişməmiş açmır. Yaxındakı işarələri başa düşməyə hər kəsin kəraməti çatmır. Yalnız dayazdakıları anlaya-anlaya, oxuya-oxuya dərinə getmək mümkündü. Yoxsa batarsan! Necə ki, o, batırdı, o, boğulurdu. Aldadılanın öz övladı olmayacaqdı. Buna nə yaşı, nə də güc-qüvvəsi imkan verirdi. Onun ölümü və son! Amma kim belə amiranə hökm verə bilər? Hər şeyi yerli-yataqlı götür-qoy eləmək lazımdı. Bəlkə əsas məsələ həqiqəti tapmaq yox, daha dərində gizlətməkdi? İndi də özünü aldatmalıydı? Özünü heç nədən xəbərsiz göstərməliydi? Elə həqiqət var ki, yalandan ziyanlıdı. O, adına " hörmət" deyilən çox haqq almışdı, deyəsən, indi də haqq vermə məqamı yetişirdi. Heç kəs bütün ömrü boyu yalnız və yalnız qələbə qazanmır. Qazancla itki əkizdi. Yoxsa tərəzi əyilər. O, keçmişini itirmişdi, gələcəyi duman içindəydi. Ancaq bundan sonra hansı gələcəkdən söhbət gedə bilərdi? Gələcək özü də keçib getmişdi. Yuxuda zaman ölçüsü bir-birinə qarışır. Yuxu görən yatdığını anlayıb istədiyi məqamda oyana bilsəydi, insan röyanı idarə eləmək gücünə malik olardı. Bu da insanların qanadlanması anlamına gələrdi. Yuxu bir qırağa, adamlar ağlı başında olan dəmlərdə oyanışlarını düz-əməlli idarə eləyə bilmirlər. Nəyi isə tapmaq üçün arayıb-axtarmaqdan da əfzəl bircə şeyi unutmamaq lazımdı; göylərin iradəsi olmadan heç nə tapmayacaqsan. Tapıntı kimi görünən başaldadıcı ilğımdı. Necə ki, o, böyütdüyünün atasını tapa bilməyəcəkdi. Nə yuxuda, nə də sonra. Elə özünü bilməməzliyə vurub axıracan ata rolunu oynamaq ən başağrısız, dava-şavasız, sakit çıxış yoluydu. Ya da heç oyanmayıb hər şeyi fələyin ixtiyarına buraxmaq. Onsuz da ikiayaqlıların cidd-cəhdlə gizlətməyə çalışdığı sirlər göylərdə açılacaq. Ən yaxşı çıxış yolu yuxudan üzü o tərəfə addamaqdı. Sonrasına, Allah kərimdi...

OYUN-OYUNCAQ

Qələbə bir addımlıqda idi. Valeh bazardakı bütün daşları götürdüyündən şıdırğı məşğuldu. Gah əlindəki xalları sayırdı, gah yerdəki daşları... Mənimsə bir daşım qalmışdı, razılıqla ətrafa boylanıb demək istəyirdim ki, dominonun ustasıyam, bazardakı iki daşa baxandasa nitqim tutuldu; bazarda iki ikilik qalmışdı, dörd ikiliksə yerdəydi, əlimdəki daşsa ikiliyin qoşasıydı, bir sözlə, mənim daşım " ölmüşdü". İndi ümid onun səhvinə qalırdı ki, qəflətən oyun bağlı gəlsin, əlbəttə, buna ehtimal azdı, lap Paskal xortlayıb yerimdə otursaydı da qoşa ikini ovcunda bərk-bərk sıxmaqdan vaz keçib təslim olardı, bir azdan Valehin hər şeyi anla-yacağına şəkk-şübhə yoxdu, ən əsası, ürəklənib bir-iki daşı mizin üstünə düzənəcəndi. Deməli, hələ vaxtım vardı, daha doğrusu, vaxt vardı və həmin vaxt doğrudan-doğruya mənim deyildi, təbiətindi, kənar təsirindi. Yəni qəfilcə ildırım çaxıb oturduğumuz çayxananı külə döndərərdi, hərdənbir armudu stəkandakı çayla dodağını isladanda damcı nəfəs yoluna gedib Valehi o dünyalıq eləyərdi - hərçənd onun stəkanı boşalmışdı - və s. və i.a.
Mən yenə yan-yörəmə baxdım. Bu dəfə narahatlıqla... Və sövq-təbii çayçını səslədim:
- Əli, maqnitofonu nöşün söndürmüsən? - hər halda, musiqini də fikri qarışdıran kənar amillərə aid eləmək olar. Deyirlər, qədim misirlilər xəstələri musiqi ilə sağaldırmış. Valehi misirli xəstələrə oxşatmaq həzrət Yusifi Ezopla eyniləşdirməkdi. Tərs kimi gör nədən mərcləşmişik.

Bağa girdim üzümə,
Tikan batdı dizimə,
Əyildim çıxarmağa,
Yar sataşdı gözümə.

Əslində dünyanın səkkizinci möcüzəsi baş verməsəydi, mən nə maqnitofondan ətrafa yayılan musiqini düz-əməlli eşidərdim, nə də ahəstəcə oxunan bayatını. Möcüzəsə bundan ibarətdi ki, Valeh mütiliklə əlindəki daşları yerə qoyub pıçıldadı:
- Eşitdin?
- Nəyi? - çiyinlərimi çəkdim.
- Bayatını...
Deyəsən, təngə gəlib məğlubiyyətlə barışmışdı, araya söz atırdı ki, izi azdırsın. Mənim də işim yaş olduğundan tez təsdiqlədim:
- Hə, gözəl bayatıdı.
Gülümsünüb gözlərini ovuşdurdu:
- Gopa basma, söhbət bayatının çirkinliyində, gözəlliyində deyil. Mən bu bayatını çoxdan gözaltı eləmişəm. Bayatılar kitabına da salmayıblar bunu. Dərin fəlsəfi güc-filan da yoxdu içində. Üzdən baxanda bütün misralar adama aydın görünür. Az-maz rəssamlıq duyulur dəst-xəttində, vəssalam. Əsas başqa çalarlardı. Belə incə notları sezmək ariflərin işidi, - Valeh çayniki götürüb boşalmış stəkanlarımızı doldurdu və yerin altından-üstündən agahkar təbəssümlə bic-bic üzümə baxdı. - Belə-belə işlər, əzizim. Məsələ müəllif bicliyindədi, öz istəyini dərində gizlədib. Danışmamağa, sirrini faş eləməməyə gücü yoxdu, İsgəndərin buynuzunu görən dəllək kimi sirr ürəyini deşir, amma dəlləkdən fərqli müəllif gizlini elə deyir ki, nə ətrafındakı bir şey anlayır, nə aqillər düzünə yoza bilir. Dinmə, dinmə, bilirəm, deyəcəksən ki, bayatıya nə müəllif? Bəs, Sarı Aşıq kimdi? O dəfə də dedim sənə: nağılın da, bayatının da, rəvayətin də, dastanın da konkret müəllifi var...
Nuh əyyamındakı söhbətimizi unutsam da onu qızışdırmaq xatirinə armudu stəkandakı çaydan bir qurtum alıb itaətlə başımı tərpətdim:
- Yadımdadı...
- Ay sağ ol. Yadındadısa, o vaxt mən demişdim ki, müəllifini tapa bilməyib adına xalq yaradıcılığı dediyimiz əsərlər əslində xalqın deyil, ayrı-ayrı seçilmiş şəxslərindi. Çünki dünya yaranandan xalq bir yerə yığışıb ağıllı işlə məşğul ola bilməyib. Birlikdə qan tökmək, inqilablar, müharibələr eləmək mümkündü. Şedevrləri tənhalar yaradır. Nə isə... Keçək qulaq asdığımız bayatıya. Əslində məsələ sadədən-sadə, adidən-adidi. Müəllif əclafın məqsədi bizləri barmağına dolayıb yolumuzu çaşdırmaqdı. Yəni, bağa girən kələkbazın məqsədi üzüm yığmaq yox, elə cananını görməkmiş...
Sövq-təbii məndən dəli qəhqəhə qopanda Valeh qımışınb susdu, mən toxtayıb yan-yörəmə nəzər saldım. Elə bir qəbahət yox idi, hava isti olsa da çayxanada adam azdı, çünki buralarda, bulvarda çayxanaların sayı-hesabı itmişdi.
Valeh özündən razılıqla davam elədi:
- Belə, yoldaş filosof, yəqin azı yüz dəfə bu bayatını eşitmisən. Bəs çıxardığın nəticə nə olub, hə? Bu barədə düşünməmisən də. İstə-yirsən bir az da dərinə gedək?
- Day sözünü dedin də...
- Yox, bu birinci misradı, jurnaldı hələ...
Dominodan söz oyununa keçsək də, fikrim ovcumdakı daşda idi, Valehin ipinin üstünə odun yığmaq çətindi. Bəlkə bir az da özündən çıxsaydı, kələfin ucunu itirərdi.
- Onda de gəlsin...
- Məlum məsələdi ki, üzümlüyə girənin dizinə tikan batmağı absurddu. Necə ki, sonrakı misralarda müəllif bunu dolayısıyla etiraf eləyir. Yəni, mənim dizimə tikan-zad batmamışdı, ay başıboşlar, ay dilbilməzlər, sadəcə, mən əyilib, gizlənib sevgilimi güdürdüm, yaxud istəmirdim ki, yar bağçasında məni özgəsi görsün. Sirrimiz aləmə yayılsın. Həm də yaxşı fikirləş, bu zalım oğlu bağa şalvarsız getməmişdi ki, durduğu yerdə dizinə tikan bataydı, o vaxtlar şortik-zad dəb döyüldü axı...İntəhası, tikanın əyilməyə bəhanə olmağı uşağa da aydındı. Bəlkə də "dizimə tikan batıb" bəhanəsilə çöməlib cananın gözəgəlimli yerlərinə baxırmış...
- Əstəğfürullah, - boğazımdakı çayı güclə uddum, çeçəsəydim ağız-burnumun suyu bir-birinə qarışacaqdı.
- Əşi, rədd elə e, bunları, - Valeh domino daşlarını kənara itələdi, daşlar dəm çaynikinə dəyib cingildədi. - Dur bir az gəzişək...
- Demək uduzdun, hə? - mən fürsəti fövtə vermədim.
O, vecsiz-vecsiz əlini yellədi:
- Yavaş ye, boğazında qalar. Əlindəki qoşa ikini də bərk saxla...
- Hardan bildin? - daşı çevirib qoydum masaya.
Yerində qurcalanıb tənbəl-tənbəl əsnədi:
- Boş şeydi... Ancaq hər nədisə, sən oynamağı öyrən. Rəhmətlik qaynatam deyərdi ki, həyat oyundu...
- Mənim rəhmətlik atam da yeri düşəndə buna oxşar bir söz deyərdi.
- Nə deyərdi?
- Deyərdi ki, həyat oyuncaqdı...
Valeh cibindən pul çıxardib nəlbəkinin altına qoydu və çayçıya işarə elədi ki, gəlib haqqını götürsün, dominonu da yığışdırsın...

AYRILMA

Əslində biz ayrılmadıq, çünki görüşümüz baş tutmadı, mən onu gözləməkdən bezikib evlərinə zəng vurdum. Bəxtimdən dəstəyi özü götürdü.
- Harda qalmısan? -dilxorçuluqdan salam-kəlamsız soruşdum.
- Mən gələ bilməyəcəm, - sakitcə cavab verdi. - Atam özünü güllələyib, - elə bil deyirdi ki, qonağımız gəlib.
Dəstəyi asdım.
Geyin-kecin, şəhərin o başından bu başına gəl, indi də suyu süzülə-süzülə qayıt. Cibində ağappaq dəsmal, əynində kostyum, boynunda qalstuk. İsti də bir yandan...
Pencəyimi çıxarıb qolumun üstünə atdım. Heç olmasa bir az veyillənim. Gəzən ayağa daş dəyər, deyiblər. Mənimkinəsə, təzəcə ətrafa baxırdım ki, kötük ilişdi. Cavidi gördüm. Xanım ovuna çıxmışdım, toruma erkək düşdü.
- Xeyir ola, bu nə vid-fasondu?
- Heç, elə-belə...
- Hara gedirsən?
- Bekaram, gəzirəm özümçün.
- Gedək çayxanaya. Elçin pul gətirməlidi. Sənin də payını verərəm.
İstirahət günü olsa da dəniz kənarındakı çayxanada adam azdı, yerimizi rahatlayan kimi çayçı çay dəstgahını masaya düzdü.
- Atan necədi? - Caviddən alacağımın əvəzini "verməyə" çalışdım.
- Elə yatır də...
- Nədi ki, xəstəliyi?
- Şəkər... Böyrək... Qara ciyər. Hamısı qarışıb bir-birinə.
- Kim baxır ona?
- Qulluqçu...
- Pulu kim verir qulluqçuya?
- Elçin...
Elçin Cavidin böyük qardaşı idi, ancaq mən bilən ögeydilər, anaları ayrıydı.
- Neçə yaşı var kişinin?
Cavid nəlbəkidəki fındığı ağzına atdı:
- Altmış doqquz.
- Çox qoca deyil a...
- Onu vurmaq o kökə salıb. Cavanlıqda möhkəm içənmiş...
- Satlıq nəyiniz var? - Cavidin verəcəyinin haqqını tamam-kamal ödəyəndən sonra söhbətdən tutalqasız döndüm.
- Cürbəcür arvad tumanları. Müştəri tap, sən də bir-iki manat qazan...
- Mən elə şeyə kliyenti hardan tapım? Ayrı nə var?
- Hələ heç nə. Bura bax, telefonun nöşün cavab vermir?
- Evi dəyişmişəm. Əhmədlidə oluram.
- Elə nöşün?
Çiyinlərimi çəkib təzə mənzilimin telefon nömrəsini masadakı siqaret qutusunun qapaqcı-ğına yazdım, o, dinməz-söyləməz qutunun ağzını qoparıb köynəyinin döş cibinə qoydu və armudu stəkandakı çaydan bir qurtum alıb qəfilcə dedi:
- Gəlsənə evlənək?
Zarafata saldım:
- Kimi alaq?
Tamam ciddi davam elədi:
- Ağıllı-başlı birini. Day cındır-mındır olmasın də... Bizə görüm-baxım eləsin. Elçini qaynatası adam eləmədi? Bizim qrupdan elə ikimiz subay qalmışıq. Bircə Sərdarnan Adil müharibədən qayıtmadı. O dəfə Qurbanı gördüm, oğlu az qala mən boydadı.
- Mən birini almaq istəyirdim, atası özünü güllə ilə vurdu.
- Öldü?
Çaşdım:
- Kim?
- Qızın atası da...
Dəqiq bilməsəm də:
- Hə, - dedim. - Deyəsən öldü...
- Cavid ətrafa boylandı:
- Bu əclaf gəlib çıxana oxşamır axı...
- Gələr, - onu sakitləşdirməyə çalışdım.
- Otur burda, mən bir zəng vurum evinə.
Cavid getdi. Mən siqaret yandırıb yarıyacan çəkmişdim ki, qayıtdı.
- Heç kim cavab vermir, - qara eynəyini çıxarıb üzümə baxdı. - Bəlkə qəsdən dəstəyi götürmür, hə?
Yaxamı kənara çəkdim:
- Mən nə bilim... Gəl bir az da gözləyək...
O gün Cavid düz beş kərə qalxıb zəng vurmağa getdi və özünün dediyinə görə dəstəyi götürən olmadı. Cavid də Elçinin yeddi arxa dönənini xortladıb qəbirdən çıxartdı.
Başını qatmaqdan ötrü dedim ki, gedək bizə, evimi tanı. "Yox, - dedi, - təzə evə əliboş getməzlər, əlim aşağıdı, sonra gələrəm".
Biz çayxanadan çıxanda günortadan xeyli keçmişdi. Cavid hələ də qardaşının qarasınca deyinməkdəydi:
- Müharibə başlasa gedəcəm vuruşmağa, - dedi. - Qoy Elçinin canı çıxsın, xəstə kişiyə qulluq eləsin. Görsün mən nələr çəkmişəm...
Üç aydan sonra, payızın ilk günlərində ona zəng elədim. Dəstəyi yaşlı bir kişi götürdü. Özümü yığıb-yığmalayıb soruşdum ki, filankəsi olar? Kişi cavab verdi ki, onlar burdan köçüb...


CANGÜDƏN

Dayanmışam pəncərənin önündə. Adətən pəncərədən çölə baxarlar, mənsə şüşənin özünə göz gəzdirirəm: üstünə toz qonub, çoxdandı silinməsə də bərq vuran təhər görünür. Əlbəttə, istəsəm həyətə baxaram, qonşu binadakı yay-qış yarıçılpaq gəzən musiqi müəlliməsini süzərəm. İndi məsələ bunda deyil. Musiqi müəlliməsi hələ evinə gəlməyib. Məsələ divin hiyləgərliyindədi ki, bayaqdan beynimi-şüurumu rahat buraxmır. Öz canını şüşədə, hər tərəfi göz qabağında olan bir yerdə gizlətmək( hərçənd şüşə rəngli də ola bilərdi) ağıldan savayı cəsarət də tələb eləyir. Şüşə ağlagəlməz yer olsa da etibarlı deyil. Kimsə təsadüfən toxunub sındıra bilər, hardansa atılan daşa tuş olub çiliklənər. Ağlasığmaz yer bir qılınc zərbəsindən min qəlpəyə bölünməməlidi. Ən dəyərli xəzinəni - canı - belə yerdə gizlətmək böyük riskdi. Məlikməmmədlə div qırx gün qırx gecə vuruşur, axırda divi dizlərinin üstündə yatızdıran gözəllər gözəli Məlikməmmədə deyir ki, ey dili qafil divin canı şüşədədi. Məlikməmməd də qılıncıyla həmin şüşəni divi sadəcə, bəzək- düzəksiz desək, öldürür. Amma divin axırına çıxmaq meyli olsaydı girəvə tapıb o şüşəni qırmaq və beləliklə, Azadlığa qovuşmaq gözəllər gözəlinə çətin deyildi. Gözəllər gözəlisə Məlikməmmədi görəndən sonra özlüyündə divlə şah oğlunu daş -tətəziyə qoyub divi qurban verdi. Əslində div özü cəllad kötüyünə boyun əymişdi - sirrini gözəllər gözəlinə deyəndə... Falçı Xeyransanın sevimli bir kəlamı vardı: " Arvadnan saxsıya etibar yoxdu." Bütün parametrlər zərgər dəqiqliyi ilə düppədüz gəlir. Bəlkə falçı Xeyransa qarıyıb evdə qalmasaydı heç vədə bu kəlamın yiyəsi ola bilməzdi. Bir şeyi dürüst anlamaqdan ötrü lap yaxına getmək lüzumsuzdu. Elə o dəfə Cavanşirlə davamız düşmüşdü az qala. Özü mənə dil tökdü, yalvarıb yaxardı ki, sevdiyim qızla görüşüm var, gəl gedək kafeyə, qız da ora gələcək, ikilikdə tanışlığımızın birinci ayını qeyd eləyəcəyik. Ha dedim sənin sevgilin gələcək, day məni hara sürüyürsən, olmadı. İki ayağını dirədi bir başmağa. Yox ki yox! Gərək sən qızla tanış olasan, sən mənim ən yaxın dostumsan, ya balqabaqsan? Dərindən fikirləşəndə mənim heç vaxt dostum olmayıb, ancaq Cavanşirlə dostluq, yaxud balqabağa dönmək dilemması qarşısında qalsaydım çox güman, birincini seçərdim. Nə isə, gəldik kafeyə. Qız bizimlə bir az oturub getdi. Dedi ki, dərzimə dəyməliyəm, burda gözləyin, bir saata, uzaqbaşı, saat yarıma qayıdıram. İçkidən və məhəbbətdən Cavanşirin gözləri parıldayırdı. Mən isə dilxor idim. Çünki Cavanşir yaxamdan əl çəkmirdi. " Mən ölüm necə qızdı?!. Sən allah, sən kəsdi-yimiz duz- çörək düzünü de..." Dinmirdim, yox, lənət şeytana, deyirdim ki, yaxşıdı, - lap qızışırdı:
- O, məndən başımı da istəsə əsirgəmərəm, - doluxsundu qəfilcə. - Heç sən də başımı istəsən əsirgəmərəm, - başladı qımışmağa. - Burası var ki, sənə başımı xəsisliklə, ürəyim ağrıya- ağrıya verərəm, ona sevinə - sevinə... Mən ölüm, sən məni qəbrə qoyasan necə qızdı, hə?
Günah məndə oldu ki, ona baş qoşdum. Əməlli-başlı keflənmişdi.
- İnciməzsən ki?
Sevincək əlini süfrədəki çörəyə uzatdı:
- Sənnən ha... Bu bərəkət mənə qənim olsun...
Yəqin mən də dəmləşibmişəm, yoxsa:
- Deyəsən o qız bir az ayağısürüşkəndi axı?.. - deyib üstəlik cavab da gözləmədim.
Cavanşirin gözləri doğrudan- doğruya kəlləsinə çıxdı, ya da mən ətrafı yaxşı seçmirdim, siqaret tüstüsündən yan- yörəm həqiqətən dumanlıydı, ancaq hər nəydisə, göz, adi adam gözü bircə kəlmə ilə və bir dəqiqənin içində belə iriləşə bilməzdi...
Və barıt partladı. Elə bil vertolyotda, yaxud köhnə təyyarədə oturmuşdum, qulaqlarım uğuldayırdı, ritmik uğultunun içindən Cavanşirin boğuq səsi birbaşa peysərimə yeriyirdi, sanki onun sözlərini yaxşıca qavramaq üçün tez- tez arxaya baxırdım.
- Sən nə bilirsən qız- qadın nədi, təmizlik nədi? Sən subay öləcəksən, oğraşın biri oğraş... Sən... - uğultu ... və ofissiant mindiyimiz vertolyotun motorunu söndürdü, havada ləngər vuran motoru sönmüş vertolyotda Cavanşir sevgilisini mənsiz gözləməli oldu. Yaxşı ki, çox dərinə getməmişdim.
Həmin axşam qız mənə zəng vurdu.
- Sən ona heç nə demədin?
- Yox.
- Bəs məni niyə gözləmədin?
- Çünki dərzi- mərzi bəhanə idi...
- O, məni almaq istəyir...
- Mübarəkdi...
- Lap yalvarır...
- Təbrik eləyirəm...
- Gülməlidi, hə?
- Yox. Sənnən yaxşısını almayacaq ki...
- Bu yaxınlarda toyuma çağıracam səni...
Qadınları tanımaqdan ötrü hökmən evlənmək lazımdısa gərək falçı Xeyransa kişi doğulaydı. Bayaq aləmi qatıb-qarışdıranda deyirdim div hiyləgərdi, indisə yazığım gəlir ona. Mən özüm dünya dağıla canımın yerini heç kəsə deməzdim. Elə Məlikməmmədin də halı həsəd aparılası deyil, haçansa gözəllər gözəli onu da qurban verəcək, beləcə, bu gün qalib çıxan sabahın qurbanlığıdı...
Heç o gözəllər gözəli... Sakit... Dayan gö-rüm...
Musiqi müəlliməsinin evində işıq yandı...