Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti



 

ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti


 

- Şeir və poeziya… nə deməkdi bunlar? Əlbəttə, sənin üçün.
- Şeir? Yəni poeziya? Bəlkə sən onları fəqləndirirsən? Axı poeziya yer üzündə yazılmış bütün şeirlərin mexaniki birliyi demək deyil, hətta həmin şeirlər şedevrlər olsa belə… şeir poeziya dənizinin bütün keyfiyyətlərini əks etdirən o damlası deyil. Damlalar çox fərqlidi, ümumiyyətlə, poeziya dənizini damlalarla ifadə eləmək olmaz. Poeziya haqqında danışmaq kosmos haqqında danışmaqdı, şeir haqqında danışmaq isə o kosmosu yaradan xaos haqqında danışmaqdı.
- Maraqlıdı…baxır harda və necə…nəsə…fikrini kəsmək istəmirəm, amma qeyd eləməyi vacib bilirəm ki,bu düsturla razılaşmaq çətindi…davam elə,zəhmət olmasa…
- Əlbəttə, bu fikirlər şərtidir. Və bir şairin və ya oxucunun təsəvvürünü alt-üst edə bilər…məsələn, poeziya xaos, şeir kosmos ola bilər…
- Mən də elə bunu nəzərdə tuturdum…
- Prinsipcə, hər iki düsturun öz həqiqət payı var…bütün başqa nəzəriyyələrdə olduğu kimi. Və mən anlayıram ki, bu düşüncə dənizində sahildən çox uzaqlaşmışam, boğulmaq təhlükəsi yarana bilər. Sahil dediyim həyatdı. Poeziya dalğaları onun haqqında şırhaşırla danışır. Qabarmalar və çəkilmələr var, tufan var, dənizin dibi boğulmuş şair cəsədləri ilə, gəmi qalıqları ilə doludu, müxtəlif yerlərdə lövbər salmış klassiklərin gəmiləri gözə dəyir, düzdü, bəzən piratlar onlara da hücum edir…
- Hə. İndi metafora işləməyə başlayır, Şota…
- Səhnəni detallarına qədər aydınlaşdırmaq olar. Daha da dərinə getmək olar, amma bunun mənası olacaqmı? Bütün təsvir olunan səhnə obrazlılığı ilə yanaşı obyektivdir, amma sən yəqin ki, məndən poeziya fenomeni ilə bağlı subyektiv təəssüratımı öyrənmək istəyirdin. Bilmirəm. Daha doğrusu, fikrim tez-tez dəyişir. İndi deyəcəyim də yalnız indiki cavab olacaq. Dünənki, yaxud sabahkı cavabım yəqinki fərqlənərdi. Bu, təəccüblü olmamalıdı. Görünür, adamlar yalnız ikinci dərəcəli məsələlərə dəyişməz, stabil cavablar verirlər. Birinci dərəcəli məsələlərə cavablar həmişə dəyişir. Bəlkə də ona görə onlar birinci dərəcəlidir…
Deməli, poeziya…Bu - ədəbiyyatdan, ədəbiyyatın sərhədlərindən çıxmaq kimi əndişəli cəhdlərdir. Həqiqi şair heç vaxt hətta pozitiv mənası ilə belə ədəbiyyatçı olmaq istəmir. Digər janrlar az və ya çox dərəcədə ədəbyyatçılar üçün yaranıb və onlara aiddir. Poeziya isə ədəbiyyata bərabər deyil, onları bərabərlişdirmək olmaz. Əlbəttə, mənim söylədiyim metaforadı və bunu hiss eləmək lazımdı. Öz poetik keçmişinin ən yaxşı və pis məqamlarını xatırlamaq, yaradıcılıq ehtirasının var gücüylə, son hədlərində uğurlu və ya uğursuz yaradılan qəribə nəsnənin necə qəbul olunmasını xatırlamaq və bundan sonra öz-özünə sual etmək lazımdı: həmin anlarda, sən özünü ədəbiyyatçı hiss etmisənmi? Əgər bu cavab da azacıq inkar belə olacaqsa, demək, həmin fəaliyyət heç də ədəbiyyat deyil…ona görə də şairlərin şeir yazmaqdan başqa bir ədəbi vərdişinin olmaması qəbahət saylımaya da bilər. Poeziyanın qeyri-peşəkarlığa tabı daha çoxdu, o, ədəbiyyatın sadəlövhüdü.
- Mən yenə bu məntiqi anlasam da, onu bölüşmürəm, dostum…
- Ola bilsin, bu xarakteristika daha çox poeziyanın dünəninə aiddi. Və elə mən özüm də naşılığın və anlaşılmazlığın apologeti deyiləm, tam əksinə, amma yenə də poeziyanı ədəbiyyatın zirzəmisindən çıxarmaq ehtirası arada mənim içimdə nədənsə güclənir. Əlbəttə ki, mənim metaforam bir o qədər dəqiq deyil, o saat öz kontrarqumentlərini doğurur. Əgər mən söylədiyim yüzə yüz doğru olsaydı, Pol Valeri, Eliot, Rilke kimi şairlər- həm də ilk növbədə olduqca miqyaslı və dahi ədəbiyyatçılar o arqumentlərin qabağını asanlıqla kəsməzdi. Bəs necə olsun? Necə bilirsən, cavab var? Məncə, o çox sadədi . Bütün varlıqları ilə ədəbiyyata aid olduqları üçün hiperədəbi poetik cəhdləri vardı onların, yəni ədəbiyyatı poeziyaya qədər böyütmək, bir qədər başqa fenomenə çevirmək ehtirasıydı bu…
- Sənin cavabların çox maraqlıdı. Həm də ona görə ki, sən öz şeirlərinlə cavabını təsdiqləyisən. Sən şeirlərin külçə poeziya təəssüratı yaradır. Amma, məncə, onların sən dediyin ədəbiyyat tərəfi bilərəkdən gizlədilib…bir az da aydın danışsam, sən öz şeirlərinin sadəliyini- bu isə daha çox poeziyanın xislətidi - üslub halına gətirmisən. Bu bəlkə bir az da komplimentdi. Amma niyə də olmasın. Əgər söhbətimizin stixiyası belə tələb eləyirsə, niyə də olmasın… Amma yenə deyirəm, əsla mübahisə xətrinə yox, məhz ədəbiyyat, lap düzü isə poeziya və şeir xətrinə başqa düşüncələr ortaya qoymaq olardı. Həm də ona görə ki, sən danışasan. Amma məsələ budu ki, sonra bu danışığı kağıza köçürmək gözümə durub, bu isə daha çox ədəbi işdi…Keçirəm növbəti suala…Nə vaxtdan yazmağa başladın?
- Mən şeir yazmağa uşaqlıqdan başlamamışam. Hətta tələbəlik illərində də yazmamışam. Mən o vaxt riyaziyyat öyrənirdim, kinorejissuranı tədqiq edirdim, ustalığa namizədlər səviyysəsində şahmat oynayırdım, dünyaya başqa, fərqli rakurslardan baxırdım, baxmağa hazırlaşırdım. İnan, indi məni poetik qızdırmaya mübtəla edən səbəbləri xatırlamaq, necə deyərlər, o kardinal dəyişikliyin səbəblərini anlamaq bir qədər çətindi. Mən uzun müddət özümdəki hər hansı bir məxsusi poetik istedadın olduğuna inanmamışam. İstəmirəm bu sənin qabağında naz kimi görünsün, amma indi də özümə kənardan baxmağa cəhd edəndə, öz işim haqqında düşünəndə, məni bu qəribə işə sövq edən səbəbi müəyyənləşdirə bilmirəm. Ətrafda, dünyada o qədər sirr var ki…Və məncə adamlar mikroskop və teleskop altında (bunu həm də məcaz kimi deyirəm) daha maraqlı şeylər görə bilərlər… Amma sən elə hey şeir yazmaqla məşğulsan…Düzdü, ola bilsin, bu fəaliyyət səni də, sənin bir neçə oxucunu da zənginləşdirir…amma zaman ötür, həyatının həmin- "dünya necə qurulub" kimi başlıca "uşaq" sualları "bədii mətnlərin strukturları necədi" sualıyla əvəz olunur, birinci ehtiras ikinciyə çevrilir, kütləşir… Belə hallarda, kədər məni üstələyəndə mən köhnə zamanlar, eyni zamanda riyaziyyatçı, fizik, teoloq və yazıçı olan universal düşünərləri - filosofları fikirləşirəm… Əlbəttə, bu - tək-tək adamların aqibətiydi və əgər səndə belə bir ruhi, mental miqyas, əhatəlilik yoxdusa, sən onların həyatıyla, onlar kimi yaşaya bilməzsən- əsas məsələ bu deyil. Məsələ ümumi tendensiyalardadı. O dövrlərdən sonra dar ixtasaslaşmalar zamanı gəldi. Və indi potensialı böyük olanlar belə qanadlarını geniş aça bilmirlər. Riyaziyyatçılar- yalnız riyaziyyatçı, rəssamlar- rəssam, yazıçılar- təəssüf ki, yalnız filoloqdular. Amma mənə nədənsə elə gəlir ki, bu dövr bitəcək və adamlarda yenə universalizm ehtirası baş qaldıracaq. Bilirsən niyə belə düşünürəm? Son illər ağılsız sıçrayışlarla baş verən texniki tərəqqi insanı şoka salıb. Demək olar ki, hamı texniki marketinqin hər gün təklif etdiyi şeyləri mexaniki olaraq qəbul edir, məsələn, 100 dollarlıq mobil telefonu ona vermək üçün insan əqlinin hansı sirlərə vaqif olması, keçdiyi yol haqqında qətiyyən düşünmür. Əlbəttə, texniki tərəqqinin tempi azalmayacaq, amma fikirləşirəm ki, bu şok keçəcək və insan onun istifadəsində olan şeyin, dünyanı dəyişən möcüzələrin ələ gəlməsi üçün kimya, biologiya və fizikada hansı qanunların tapılmasına dəyər verəcək… Düşünürəm, yalnız bundan sonra bu dəhşətli texknokratiya yeni ruhi don geyəcək, sonra da yeni universal-düşünərlər doğulacaq… Bax, Səlim, bu - mənim inandığım, inanmaq istədiyim xeyirxah utopiyamdı ki, bunsuz şeirin və rəsmin dünyanı xilas edəcəyini ağlıma gətirmirəm.
- Elə şeylər var ki, onlara yalnız qoşulmaq lazımdı. Sən danışdın və mən nədənsə Nazim Hikmətin misrasını xatırladım: "Sonu yaxşılıqla bitən kitablar yollayın mənə…" Müəllimlərin haqqında danış, Şota…
- Müəllimlər…Mən artıq elmdən ədəbiyyata özümün səbəbini indi də anlamadığım qəribə və qəfil keçidimi dedim. Ona görə əlimi ürəyimin üstünə qoyub konrkret deyə bilmərəm ki, mənim müəllimim filankəs olub. Mən həmişə çox oxumuşam…Hətta daha artığını deyim, mən ədəbiyyatçıların mühitində böyümüşəm: atam dramaturq olub, dayım prozaikdi, evimizdə həmişə ədəbiyyatçıları görmüşəm… amma yenə də, yenə də… mən daha çox nəsr və fəlsəfə oxumuşam. Poeziya oxumamışam. Onu da bilirsən ki, poetik məktəb proqramı əsasında milli şeiri sevmək olmaz…(duruxur) Razı deyilsən?.
- Fikirləşirəm ki, poeziyanı primitiv uşaq şeiri əsasında da sevmək oar və bu qətiyyən sənin gələcəkdə yaza biləcəyin şeirin səviyyəsi demək olmayacaq… amma sən öz təcrübəni danışırsan və ona görə də haqlısan, davam elə, zəhmət olmasa…
- Ola bilsin… amma mən bu axıradək anlamadığım dəyişiklikdən bir az sonra başa düşdüm ki, baş verən keçici br əyləncə yox, ekzestensial haldı və mən poeziyaya görə o vaxtadək məşğul olduğum bütün başqa şeyləri qurban verə bilərəm, buna hazıram. Dayanmadan, non-stop rejimdə bütün xalqların və dövrlərin şeirlərini oxumağa başladım. Ona görə indi müəllimlərimi müəyyənləşdirməkdə çətinlik çəkirəm. Amma dərindən düşünəndə daha çox XX əsrin başlanğıcı dövrünün poeziyası- futurustik, dadaistik, sürrealistik poeziya, eksperimentlər- Mayakovski, Apolinner, alman koknret poeziyası təsir edib. Bu da təbiidi. Yeni yazmağa başlayan və özüylə dünya şeirinin yeni bir mərhələsinin başlayacağına inanan şair üçün inkar və üsyançı poeziyanı, ruhu sevmək təbiidi. Eyni ruhu mən bitniklədə hiss elədim və onları, bütün Amerika poeziyasını oxudum, bu gün də onları sevirəm. Klassik yapon şeirini və poetik formalarını- hayku və tankaları sevirəm, xüsusən haykuları. Trakl və Selan kimi mürəkkəb müəllifləri sevirəm. Onları əvvəllər oxusam da indi daha yaxşı başa düşürəm. Bu bitməz və tükənməz bir prosesdi. Mənə elə gəlir ki, beynim, ruhum, sensorlarım o qədər poetik rəngarənglik və mətnlərə hazırdı ki, oxuduğu hər şeyi o saat özünə hopdurur. Gürcü poeziyasında isə mənim müəllimlərim altmışıncılar nəslinə aid şairlər- Besik Xaranauli və Lia Struadı.Verlibristlər. Onların müəyyənləşdirdikləri poetik hədd indi də çox yuxarıdadı. Sonra, əlbəttə, adama ən çox onun müasiləri təsir edir və bu təsir prosesi daha canlı və üzvi surətdə baş verir. Onlar sənə, sən də onlara təsir edirsən. Bu mənada 90-cı illər çox maraqlı bir dövrdü gürcü poeziyasında. Düzdü, indi bəzən müəllimlik-şagirdlik uğrunda xoşagəlməz çək-çevirlər olur, amma bu, destruktiv həddə deyil. Hərçənd xoşagəlməzlik sonra hamıya mane olur.
- Razıyam. Bu mənada bütün situasiyalar oxşardı. Şota, sən bilirsən ki, bizim söhbətimiz sənin Bakıda çapa hazırlanan kitabın üçün nəzərdə tutulub. Ona görə mənə gürcü poziyasının ümumi səhnəsi ilə bağlı sualı çıxardıram. Çünki, həmin kitabda sənin "NLO" da ( "Novoye literaturnoye obozreniye", dərgisi, Moskva) nəşr olunan maraqlı yazın da yer alıb. Gəl, sualın ardı kimi, bədii təsirdən danışaq… Nədi təsir?
- Təsir- bu, hamıdan öyrənməli olduğun əsas dərsdi. Amma elə bir dərsdi ki, təkcə öyrənməli yox, həm də bu dərsi verməlisən. Öyrənməsən olmaz, verməsən-plagiatorsan. Öyrənməsən, öyrətməyəcəksən. Bunun praktiki tərəfinin başında tərcümə prosesi dayanır. Praktik dərslərdi bunlar. Başqa dildən öz dilinə poetik misra köçürmək işi olduqca maraqlı məşğuliyyətdi. Dildəki fərqlər yeni fəndlər, çıxış nöqtələri, strukturlar, səslənmələr yaradır. Bu isə sonra sənin orijinal yaradıcılığına da şüurlu və ya qeyri-ixtiyari şəkildə sirayət edir. Mən hamıya tərcümə ilə məşğul olmağı tövsiyyə edirəm. Uğurlu, uğursuz, bu fərdi poetik dilin inkişafı üçün əvəzolunmaz vasitədi.
- Bizim ədəbiyyatla tanışlığın haqqında danış. Daha doğrusu, poeziya haqqında…
- Uşaq vaxtı kitabxanamızda dünya xalqları nağılları kimi seriya vardı. Azərbaycan nağıllarını, əlbəttə, oxumuşdum.Nizami Gəncəvini oxumuşdum. Sizin "Koroğlu" eposunuzu oxumuşam. Yeri gəlmişkən, Zezva Medulaşvilinin tərcüməsində onu bizim "Qafqaz evi" nəşr edib. 2003-cü ildə bu tərcümə ilin tərcümə kitabı kimi "Saba" mükafatını alıb. Amma əsaslı tanışlığım bizim səninlə 2005-ci ildə gördüyümüş işlər-qarşılıqlı mübadilələr, tərcümələr və nəşrlər zamanı baş verib. Sonra da "Qafqaz evi"nin xətti ilə müasir Azərbaycan poeziyası antologiyasını nəşr etdik, sən bunu bilirsən, nəşrin məsləhətçisi idin. Mən bu prosesdə Azərbaycan poeziyasını daha yaxşı tanıdım, estetik, etik, mental eyniliklər və fərqləri hiss etdim. Bəzi müəllifləri sevdim, tendensiyaları müəyyənləşdirdim. Amma düşünürəm, mənim sizin şeiri təhlil etmək imkanı bundan sonra baş verəcək…
- Təşəkkür edirəm, Şota. Bir azdan qatarın taqqatuqunu sənin sözlərinin təsdiqi kimi qəbul eləyib fikirləşəcəm ki, mən bu söhbətə olsa-olsa yalnız şəkilçi əlavə eləyə bilərəm.


Tərcümə
Səlim Babullaoğlunundur