Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti



 

32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


 

1935-ci ildə Tehranda doğulub, 1967-ci ildə avtomobil qəzasında faciəli şəkildə həlak olan Foruğ Fərruxzad 32 illik ömründə beş kitablıq şeir yazıb. Onlardan dördü – “Məhbus” (1955), “Divar” (1956), “Üsyan” (1957), “Yeni təvəllüd” (1963) şairənin sağlığında, beşincisi – “İnanaq soyuq mövsümün başlanğıcına” (1974) ölümündən sonra nəşr edilib. Bu kitablar klassik şeirin bu günədək aktuallığını saxlayan poetoloji və texniki təcrübəsinin modernist ədəbiyyatla sintezi üzərində qurulmuş yeni fars poeziyasının ən uğurlu nümunələrdən sayılırdı və bu gün də sayılmaqdadır.
Foruğ Fərruxzad çox qısa ömür yaşasa da, onun “Məhbus” -dan “Yeni təvəllüd”ə qədər keçdiyi yol bütöv bir ədəbi epoxanın təkamülünün xarakterik cizgilərini izləmək baxımından maraq doğurur. Əgər “Məhbus”dakı şeirlərin əksəriyyəti ölçü, ritm baxımından ənənəvi şeir formalarına çox yaxın idisə, şairənin son kitabında toplanan əsərlər bütün çərçivələri dağıdaraq tam “sərbəstləşmişdi” (“ağ şeirlər” idi). Bununla yanaşı, mərhələlər arasındakı fərq obyektiv gerçəkliyin poetik təcəssümündə də özünü göstərirdi; əgər ilk kitablarda hər şey lirik qəhrəmanın yaşantıları kimi təqdim olunurdusa, “Yeni təvəllüd”də həyatın, gerçəkliyin, hətta hisslərin obyektiv mənzərəsi yaradılır və oxucu onlarla baş-başa buraxılırdı.
Təqdim etdiyimiz şeirlərin hamısı şairənin “Məhbus” kitabından götürülüb. Foruğ Fərruxzadın yaradıcılığı ilə maraqlananlar və ümumiyyətlə, yeni fars poeziyası ilə yaxından tanış olmaq istəyənlər üçün bu tərcümələrin maraqlı olacağını güman edirik.

İbrahim Quliyev,
AMEA-nın Şərqşünaslıq
İnstitutunun əməkda

ÜSYAN

Mənim dodağıma qıfıl vurma sən,
Çünki deyilməmiş çox dastanım var.
Ağır qandalları aç ayağımdan
Qəlbdə bu sevdadan həyəcanım var.

Gəl ey dost-özündən müştəbeh vücud,
Gəl aç bu qəfəsin nəfəsliyini.
Ömrümü zindana çevirdin yetər,
Gəl barı bir anlıq azad et məni.

Mən həmin quşam ki, xeyli zamandır,
Beynimdə bir uçuş əndişəsi var.
Nəğməm dar köksümdə naləyə dönüb,
Məni həsrətlərə tuş edib ruzgar.

Vurma dodağıma qıfıl, vurma sən
Sirrimi mən dilə gətirməliyəm.
Odlu nəfəsimlə nəğmələrimi
Bütün insanlara yetirməliyəm.

Gəl aç qapıları, qoy qanad çalım
Şeirin bu nurlu asimanında.
Əgər siz qoysanız pərvazlanmağa,
Bir gül olacağam söz bostanında.

Bu ətir qoxuyan bədənim sənin,
Bu şirin busəli ləblərim sənin.
Gizli atəşlərdə yanan baxışım,
Naləsi qan daman bu qəlbim sənin.

Lakin sən ey insan, ey xudbin vücud,
Demə sözüm çılpaq, şeirim xəcalət!
Coşğun duyğularçün özün bilirsən
Bir qəfəs fəzası dardır, dar, fəqət.

Demə günahlardan yoğrulub şeirin –
Doldur o günahla mənim badəmi.
Behişt, kövsər suyu, hurilər sənin
Cəhənnəm küncünə atarsan məni.

Bir kitab, bir xəlvət, bir söz, bir sükut
Mənimki məstlikdir,
sərsəm bir həyat.
Nə qəm, behiştə də gedə bilməsəm,
Qəlbimdə behiştə bənzər bir büsat.

Sükuta qərq olmuş göyün üzündə
Gecələr rəqs edir ay aram-aram.
Bu vaxt sən yatırsan, mən isə sərxoş
Ayı ehtirasla qucaqlayıram.

Məndən min-min busə alır küləklər
Günəşə min öpüş bağışlayan mən.
Gecə sən qoruyan məhbəsdə fəqət
Bədənim titrəyir bircə busəndən.

Dedi-qodulara fikir vermə, dost,
Guya, rüsvay olmaq həzz verir mənə.
Məni bağışlayar o pərvərdigar
Şairi yaradıb dəli-divanə.

Gəl aç bu qapını, qoy qanad çalım
Şeirin işıqlı asimanında.
… Eh, sizlər qoysanız pərvazlanmağa
Bir gül olacağam söz bostanında.

SONRALAR

Bir gün ölüm qapayacaq gözümü –
Nur selində cilvələnən baharda,
Ya kədərli-qüssəli bir qış günü,
Ya da payız bihal olan diyarda.

Bir gün ölüm qapayacaq gözümü –
Bu günlərdən boylanmaqda o səhər.
O gün başqa günlər kimi üzücü
Bu günlərin kölgəsinə bənzəyər.

Gözlərimdə dalanların zülməti,
Yanaqlarım mərmər kimi soyuq, sərt.
Qəfil yuxu məni alıb aparar
O boşluğa çatmaz daha nalə, dərd.

Söz sehrindən çıxan kimi əllərim
Enib düşər dəftər üstə səssizcə.
Yadımdadır, şeirimin qanından
Od qalxardı bir ruzigar əsincə.

Torpaq hər an pıçıldayar nəğməmi
Bu yerlərdən keçsə hər kim, eşidər.
Ah, bəlkə də gecəyarı qəbrimə
Gül gətirən aşiqlərim eşidər.

Məndən sonra bir gün mənim dünyamın
Üzərindən qara pərdə çəkilər.
Dəftərimin, kağızımın üstünə
Təəccüb dolu yad baxışlar dikilər.

Mənim kiçik otağıma gələrlər
Məndən sonra biganələr, özgələr.
Saçlarımın, əllərimin yerini
Saxlayacaq illər boyu güzgülər.

Mən özümdən ayrılaram, gedərəm
Məndən sonra hər nə varsa dağılar.
Ruhum qayıq yelkənitək bir zaman
Üfüqlərdə gözdən itər, yox olar.

Məndən sonra günlər, həftələr, aylar
Gəlib keçər hövsələsiz, çaparaq.
Bir məktubun sorağıyla gözlərin
O yollara dikiləcək, baxacaq.

Mənim soyuq bədənimi o anlar
Bu ac torpaq sıxar, sıxar, bürüyər.
Sənin qəlbin döyünəndə uzaqda
Mənim qəlbim torpaq altda çürüyər.

Lap sonralar yağış, külək adımı
Daş üstündə ovxarlayıb, toz elər.
Yol üstündə adsız qalar məzarım,
Unudular büsbütün əfsanələr.

SINIQ GÜZGÜ

Dünən sənin o sevginin şərəfinə,
Geydim yaşıl paltarımı mən əynimə.
Durub baxdım o aynada öz əksimə
Saçlarımı açıb tökdüm ağ çiynimə.

Üst-başıma və sinəmə ətir səpdim,
Gözlərimi süzüb, sürmə-sığal çəkdim.
Saçlarımı çiynim üstə həşəm etdim
Dodağımın lap küncünə bir xal çəkdim.

Öz-özümə təəssüf etdim ki, o yoxdur,
Ki mat qala bu əfsuna, bu qəmzəyə.
Əynimdəki yaşıl dona baxıb-baxıb
“Ah, nə yaman gözəlləşdin yenə” - deyə.

O, yoxdur ki, gözlərimin qarasında
Baxıb görə öz əksini, öz şəklini.
Eh, bu gecə həşəm saçın nə faydası?
Hanı onun barmaqları, çala məni.

O, yoxdur ki, ağuşuna girən anda
Bədənimin ətrin çəkə dəli kimi.
Sən ey güzgü, bu həsrətdən öldüm daha
O, yoxdur ki, sinəsinə sıxa məni.

Mən baxmaqda, güzgü məni dinləməkdə
Dedim: “Güzgü, bu müşküldən
qurtar bizi”.
Güzgü sınıb fəryad çəkdi ki, ey qadın,
Öz qəminlə sən sındırdın qəlbimizi”.

PAYIZ

Bu füsunkar təbiətin üzündən
Qapamışam kədər dolu gözümü.
İstəmirəm baxışıma köçürüm
Önümdəki bu matəmi, bu hüznü.

Payız, sən ey toz-torpaqlı müsafir,
Ürəyində hansı mübhəm düyün var.
Solğun, quru yarpaqlardan uzaqda
Axı sənin bu dünyada nəyin var.

Qəmdən başqa de, nə verər şairə
Səs-səmirsiz, vahiməli qürublar?
Bu sazaqdan, dərd-nalədən özgə nə
Mənim dərdli ürəyimə yol tapar.

Artırırsan bu sükutda qəmi sən –
Yatmış həsrət qövr eləyir dərində.
İtkin düşən həmin arzu canlanır
Xəyalımın gizli pərdələrində.

Payız, sən ey xəyal dolu zümzümə –
Məhəbbətin nəğməsisən büsbütün.
Bu füsunkar təbiətin üzündə
Payız, sənsən təəssüf dolu təbəssüm.

VİDA

Yenə viranə qalan mənzilimə,
Xəstə, üzgün və gözü nəm gedirəm.
Sizə məxsus bu şəhərdən, vallah,
Dəli-divanə ürəynən gedirəm.

Götürüb qəlbimi ta orda yuyam,
Yuyam üstündəki suç rəngini də.
Yuyam eşqin ləkəsin,
Xahişin, minnətin ahəngini də.

Ey əbəs, solğun ümidlər diyarı,
Götürüb qəlbimi sizdən gedirəm.
Ki, unutsun deyə keçmişlərimi
Mən diriykən onu da dəfn edirəm.

Yenə fəryad qoparıb
göz yaşım oynar… oynar
Buraxın… ah, gedirəm mən çaparaq.
Ey günah çeşməsi, sizlərdən uzaq
Yaxşıdır bəlkə də tənha yaşamaq.

Bir sevinc qönçəsitək açmış idim
Eşq əliylə qoparıldım budağımdan.
İndi “ah” söyləyirəm, səd əfsus,
Öpə bilməm daha sevda dodağından.

Ayağım düşdü səfər zəncirinə,
Üzü xəndan, ürəyi qan gedirəm.
Ürəyimdən əlini çək, ey ümid,
Baş alıb mən bu diyardan gedirəm.

ACI ƏFSANƏ

Nə könül oxşayan bir ümid qalıb,
Nə bir xəbər gəlir, nə tanış üz var.
Nə həmin fitnəkar baxışlar qalıb,
Nə dalğa sədalı o pıçıltılar.

Dərd, sevgi, zülmət və nur şəhərindən
Bir qadın ətəyin çəkib gedirdi.
Sanki yol azmışdı qu quşu kimi
Göz yaşın çöllərə töküb gedirdi.

Harda, kim ardınca göz yaşı tökdü?
Dərdinə, halına yanan kim idi?
Biganə insanlar bilmədilər ki,
Onun nəğmələri nalə səsidi.

“Bəlkə tapdım” dedi, dərdli gözləri
Gəzdi ümidini və arzusunu,
Fəqət alov saçan o gözlər yenə
Atdı günahların qoynuna onu.

Bir söz eşitmədi şəhvətdən özgə –
Zahiri gözəllik hər şeydən üstün.
Hara üz tutdusa, dedilər ancaq
Qadın yaranıbdı əyləncə üçün.

Bir gecə diz çöküb yalvardı fəqət:
“Getmə, qoy uzansın bu qəmlər” - dedi.
“Məni didarınla məst et” - söylədi.

O, getdi özüylə qaldı üz-üzə;
“Niyə bel bağladın bu eşqə?” - dedi.
“Onun ağuşuna atıldın niyə?
Divanə ürəyin sirrini axı,
Niyə faş eylədin o biganəyə?”

Niyə?..
O, pak idi şeh damlasıtək,
Sanki günəş düşdü gülün toruna.
Sübh vaxtı geriyə döndü o günəş
Kamına çatdırdı,
can verdi ona.


Ah, o camdakı mey şor daddığından
O təşnə dodaqlar eşqdə yanırdı.
O, vüsal dadmağa gəldiyi zaman
Cam özü sevgidən alovlanırdı.

Bir gecə uzandı intizar yaman
Yanar dodaqların öz arzu, kamı…
Nə üçün canına qıydı bu adam?
Niyə çilik-çilik eylədi camı?

İndi bir o qalıb,
bir soyuq sükut
Nə bir xəbər gəlir,
nə tanış üz var.
Nə həmin fitnəkar baxışlar qalıb,
Nə dalğaya bənzər o pıçıltılar.

TƏRK EDİLMİŞ EV

Bilirəm mən indi o uzaq evdən
Pərən-pərən düşüb həyat sevinci.
Bilirəm, bir uşaq ağlayır orda
Ana həsrətinə yas tutub indi.

Mənim xəyalımdan keçir hər zaman
Bir cansız və soyuq xəstənin əksi.
O dərdli, qüssəli vücudun üstə
Dolaşan ümidsiz əlin kölgəsi.

Orda – o ocağın kənarındasa
Bir kölgə görürəm titrək, yuxulu.
Həyatı asanca əlindən vermiş
Zəif biləklərin kölgəsidir bu.

Bir körpə uyuyur uzaqda qəmli
Qoca bir dayənin qolları üstə.
Süd dolu fincan da çevrilib orda
Xalçaya rəsm olmuş güllərin üstə.

Açıq pəncərənin kölgəsindəsə,
Güllərin al rəngi sarıya çalır.
Qapı darağına ilişir pərdə
Güldanın suyu da quruyub qalır.

Soyuq, sönük gözlü pişik də bu dəm
Gəzir ağır-ağır və ehtiyatla.
Şam da şölələnir sonuncu dəfə
O da vidalaşır sanki həyatla.

Bilirəm, mən indi o uzaq evdən
Pərən-pərən düşüb həyat sevinci,
Bilirəm, bir uşaq ağlayır orda
Ana həsrətinə yas tutub indi.