Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti



 

ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


 

Adil Mirseyidin cib telefonuna zəng vururam. Telefon qapalıdır. Təxminən yarım saatdan sonra yenə zəng edirəm.Telefon yenə qapalı.
Rəssam Adil Mirseyidin “ Avtoportret” rəsmi gözlərim önündə canlanır.
Şair Adil Miresyidin çox sevdiyim bir şeiri yaddaşımda səslənir:
gözüm görə-görə ötüb keçir gəncliyim
nə rahatlığım var nə də dincliyim
neçə yol qırıldi qolum qanadım
neçə yol yaramı açdım qanatdım
su kimi hər qaba axıb dolmadım
xəyanətlər gördüm xain olmadım
neçə yol dünyadan küsdüm barışdım
yalnız qadınlara yalan danışdım
akvariumda yaşayıram elə bil
akvariumda yaşamaq səadət deyil
Xalq yazıçısı Elçin - “Adil Mirseyid artıq sənətdə özünü təsdiq etmiş elitar Azərbaycan şairidir və onun son illərdə çap etdirdiyi şeirlərini mən müasir poeziyamızda hadisə hesab edirəm.”
... Yenə Adilin telefonu qapalıdır.
Mən şairdən nigaran olmağa başlayıram
... Məlum olur ki, şair özünü yaxşı hiss eləmir. Axşam şairin qapısını döyürəm. Qapını özü açır.
- Keçmiş olsun... Xəstələnmisən?
- Hə, ürəyim bir az dəcəllik edir. Mən də onun nazıyla oynayıram. “Ürək dediyin çarıqmış camış gönündən...” Nazim Hikmətin misralarıdı.
- Deyirlər ki, ürək xəstəliyi şair xəstəliyidi.
- Ürəyim xəstədi, demədim. Ürəyim bir az dəcəllik edir, - dedim. Bir də ayrıca şair xəstəliyi deyilən bir şey yoxdur. Mən taleyə-qədərə inanan adamam. Metofizika - filan da mənə yad deyil. Amma mövhumatçı da deyiləm. Vasvası adamlardan da xoşum gəlməz. Əslində mən özümü qorumamışam, uzun illər hər günü son gün kimi yaşamışam, ürəyim ağrı-yanda göz yaşımı içmişəm.
-Söhbətimizi ürəkdən başladığımızdan sənin bir şeirindəki bəzi misraları xatırladım. Qoy bu misralar söhbətimizə körpü olsun.
- Sən mənə şeir oxuyacaqdın...
- Hə, bağışla...
hardan nişan alsalar
güllə mütləq ürəyindən keçir şairin
həmişə hər yerdə hər yerdə həmişə
bir qəfil gülləyə hədəfdi şair ürəyi
və hər kəsin öz şairi var dünyada
... Dayan görüm necə idi... Yaddaşım zəifləyib... Sən hər kəsin öz şairi olduğuna inanırsanmı?
- Əlbəttə, inanıram. Mən bəzən şairin diriykən gözə görünmədiyinə inanıram. Şairi yalnız zindan zülmətinin, tənhalıq səfalətinin deyil, bəzən şöhrətin də öldürdüyünə inanıram. Gerçək şair üçün şöhrət çox təhlükəlidir. Qədim Çində bir vilayətdə özünü təsdiqləmiş şair doğma yerlərdən gedib başqa bir vilayətdə, başqa bir adla yaşayırdı, tamam fərqli şeirlər yazırdı. Nəysə, bu, uzun əhvalatdı... Dayan, sənə bir türk qəhvəsi hazırlayım. İndi mənə qəhvə içmək olmaz. Həkimlər belə deyir. Sən mənə fikir vermə. Əslində siqaret də çəkmək olmaz, amma mən çəkirəm. Bir az azaltmağa çalışıram. Mənim öz sevimli şairlərim, ustadlarım var. Nazim Hikmət, Əli Kərim, Vaqif Bayatlı Ödər, Atilla İlhan, Giyon Apolliner, Artur Rembo, İnqeborq Baxman, Fəyyad Xamis, Andrey Voznesenski, rəhmətlik dostum Aydın Əfəndi və s. Yaşıdlarımın, 80- ci illərdə ədəbiyyata gələnlərin yaradıcılığına bələdəm, istedadlı gəncləri də izləyirəm.
- Mənsub olduğun ədəbi nəsildən kimləri oxuyursan?
- Vaqif Bəhmənli mənə üç cildliyini bağışla-yıb. Vaxtım olduqca onu vərəqləyirəm. Rəfail İncəyurd, Məmməd Dəmirçioğlu, Adil Şirin, Qoca Xalid... daha kimi deyim... Mənim də ədəbi nəslimin “ yarpaq tökümü” başlayıb. Aydın Əfəndi çox tez getdi. Akif Səməd, Mətləb Nağı, Azər Mehdioğlu, rəssam Ucal Haqverdi. Allah dünyasını dəyişmiş bütün şairlərə, rəssamlara rəhmət eləsin... İndi əsasən nəsr oxuyuram, klassikləri oxuyuram. Bir də “ İnostrannaya literatura” jurnalını oxuyuram.
- Sən necə yazırsan, əgər sirr deyilsə?
- Ayrıca, xüsusi bir resseptim yoxdu. Mən azad adamam, həmişə də azad olmuşam. Özümü mənsəblə, siyasətlə, maddiyyatla buxovlamamışam. İlk şeirlərimi yazanda mənə elə gəlirdi ki, ilk söz, ilk metafora, obraz və ya ilk misra mütləq Tanrıdan gəlir. Əslində biz şeirə məğlub oluruq. Yer üzünün bütün şairləri şeirə məğlub olurlar. Bu mənada sözə yenilən, şeirə məğlub olan şair, Tanrıya məğlub olur. Bu isə gözəl bir məğlubiyyətdi.
- Necə yəni?
- Gerçək şairin öz ab-havası, üslubu, ifadə tərzi, stili olur. Stil isə adamın özüdü. Qrafomonların da arasında istedadlısı, istedadsızı mövcuddur. Amma hamısı özgə havasına söz qoşan adamlardı. Bu yaxınlarda əlimə qalın şeir antologiyası keçmişdi. O qalın antologiyada toplanan 100-dən artıq imzanın içində 5-10 həqiqi şair vardı. Bizdə də belədir. “Poeziya günü” almanaxına bax, sonra danışaq.
Gözəl hüsn-xətlə yazılmış, sonra qiymətli kağızlarda basılmış şeirlər ki var, bunlar hələ poeziya demək deyil, olsa-olsa qafiyəli, vəznli, çox zaman qafiyəsiz və vəznsiz mətnlərdir, heç mənsur şeir də deyil, söz yığınıdır. Gerçək poeziyanın daxili enerjisinin sirrini, sehrini nəsrdə ifadə etmək mümkünsüzdür. Şeir yazan adam elə şeir yazan adamdı, əsla şair deyil. Bəlkə də poeziya insan oğlunun göyüzünə dönmək, haqqa qovuşmaq nisgilidir. Poeziya bizim gerçəyi qavramağımızı konkretləşdirir, intensivləşdirir. Səttar Bəhlulzadənin rəsmləri də, Fikrət Əmirovun musiqisi də poe-ziyadır.
- Tənqidçilər deyirlər ki, sənin şeirlərin rəssamlıqla poeziyanın vəhdətindən yoğrulub. Azər Turan bir yazısında yazır ki, Adil Mirseyidi yalnız onun özünəməxsus kulturoloji təfəkkürünün konteksində dəyərləndirmək daha ədalətli olmazdımı?
- Sayın Azər Turanın o yazısını yaxşı xatırlayıram. Amma bu çox qəliz məsələdir, hər döşünə döyən tənqidçinin və ya şairin buna gücü çatmaz. Modernist poeziya, yəni çağdaş poeziya artıq çoxdan bəridir ki, məhdud milli çərçivədən çıxıb. Çağdaş sənətkarın vəzifəsi obyektiv gerçəkliyi təsvir etmək deyil, sənət əsəri subyektiv səciyyə daşıyır. Sürrealizm təsdiq edir ki, böyük alman filosofu E. Kantın “özündə şey”ləri həqiqətdir. Görünən hər hansı bir obyektin bir görünməz tərəfi də mövcuddur. Dünya yalnız görünənlə görünməzin vəhdətində bütövdür. Əsl poeziya görünənlə görünməzin qaynağında yaranır. Futurist şair Xlebnikov yeni fransız rəngkarlığı ilə özünün poetik dillə bağlı axtarışlarının analoqunu dönə-dönə vurğulayırdı. Mən poeziyaya təsviri sənət və caz elementləri gətirə bildim.
- Məncə, sən çağdaş Azərbaycan şeirinin üfüqlərini genişləndirə biləcək xoşbəxt taleli şairlərimizdən birisən. Sən dünyanı heç kimə bənzəməyən duyğularla, obrazlarla ifadə edirsən. Sənin poeziyan obrazlar poeziyasıdır. Güzgü obrazı sənin üçün çox önəmli obrazdır.
- Bu dünya bir aynadı, hər gələn baxar gedər. Güzgü-ayna obrazı içində yaşadığımız dünyanın özüdür. Güzgü-ayna, həm də metofizik dünyanın rəmzidir. Güzgü real dünya ilə irreal dünyanın arasıdakı sınırdır. Hərdən mən bu sınırı aşıb keçirəm. İlk kitabımın adı “Güzgüdəki adam” olub. Güzgüdəki adam mən özüməm.

küçə fənərləri sönsün
içini didsin bir sirr
əlindən düşsün sınsın
billur kimi bir şey

daha açılmaz səhərim
içdim əcəl şərabını
şair ölüm xəbərim
döysün sənin qapını

oğlumun üzündən öp
bağışla günahları
tanrının gözündən öp
geri döndər sabahları

- Səncə, şairin missiyası nədən ibarətdir?
- Mən yalnız və yalnız şairəm. Şair Türkün könül səsidir. Şair qəzavü-qədəriylə, könlünün nazıyla oynayan bir Allah bəndəsidir. Şairin xüsusi bir missiyası olmur, gəlin zorla şairin boynuna hər hansı bir missiya qoymayaq. Missiya sözündən də xoşum gəlmir. Missiya varsa, deməli, missioner də olmalıdır. Mən şairəm, missioner deyiləm. Missioner azad ola bilməz. Bu, əxlaq, mənəviyyat məsələsidir.
- Tənqidçilərimiz sənin yaradıcılığında bədbinlik notları arayıb tapırlar. Bəzən bu bədbinlik notlarını bilərəkdənmi, bilməyərəkdənmi xüsusi olaraq qabartmağa çalışırlar. Sən özünü nikbin, yoxsa bədbin hesab edirsən?
- Tənqidçilərə çox da etibar eləmə. Poeziyadan yazan bütün tənqidçilər haçansa uğursuz şeirlər yazıblar, şair olmaq istəyiblər, ola bilməyiblər. Mən biləni belədir. Mən nə nikbin adamam, nə də bədbin-mən şairəm. Melanxoliya var-melanxolikəm, amma melanxoliyanın nikbinliklə, bədbinliklə əlaqəsi yoxdur. Melanxoliya qara sevdadır. “Nikbin ol, qardaşım, meteor kimi nikbin!” - deyirəm onlara.
- Sənin kompleksin varmı?
- Hər adamda olduğu qədər. Mən bütün ömrüm boyu nonkomformist olmuşam. Bilmirəm bu bir şair üçün nə qədər əlverişlidir, bilmirəm. Mən uşaqlıqdan utancaq olmuşam, indi də eləyəm. Bir az depressiyalara meylli adamam.
- Bəs depressiyalardan necə çıxırsan?
- Çıxıb şəhərdə tək-tənha gəzirəm, ya da rəssam dostlarımdan birinin emalatxanasına gedirəm. Mütaliə, klassik musiqi və yuxu, vəssalam. Gəncliyimdə içki içərdim. İndi çoxdan içkinin daşını atmışam.
- Ürəyinə görə?
- Yox. Çoxdan atmışam o zəhrimarı. “İslam şərabı”, yəni qəhvə içirəm. İndi o da olmaz mənə. Bircə tütün qalıb.
Hər şeyin bir başlanğıcı olduğu kimi, bir sonu da olur. Söhbətimiz bitir, diktofonu söndürürəm. Söhbətə xalq yazıçısı Elçinin Adil haqqında yazdığı sözlərlə başlamışdıq, Elçinin sözləri ilə də bitirmək yerinə düşər. Elçin yazır: “Adil o şairdir ki, hamı üçün doğma ola bilməz, şeirləri geniş kütlənin ürəyinə yol tapa bilməz və elitar sözünü biz hissiyyata aid etsək, o zaman Adil bir qrup seçmənin şairidir, elitar şairdir.
Adilin şeirlərini söyləyən poetik “mən” ( tənqidçilər ona “lirik qəhrəman” da deyirlər ) haradasa məskun bir varlıq deyil, onun dünyası yaşadığımız dünyanın konkret ünvanına sığmır”.

P.S. “Bakı küçələrində, bağlarda, dəniz kənarında təpədən dırnağadək səliqəli cins paltarda, çiynində çantası, başında sevdası, çal saqqallı başını aşağı dikib saçından, saqqalından, üst-başından şeir yağa-yağa həzin-həzin gəzən dalğın bir adam görsəniz bilin ki, budur həmin qəribə adam. Qəribə Adam Adil Mirseyiddir.


Müsahibəni apardı:
Rəfail Tağızadə