Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Elxan Zal QARAXANLI
XAQANNAMƏ


TƏNQIDÇI ILƏ YAZIÇI ÜZ-ÜZƏ


Makvala QONAŞVILI
(Gürcüstan)


Qulu AĞSƏS
QAPISI AÇIQ MƏCID...
esse


Vüsal NURU


TƏYYAR SALAMOĞLU
ÖLMƏZ SƏNƏTKARIN "ÖLƏN DÜNYA"SI


Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


ADIL MIRSEYIDLƏ
BIR FINCAN QARA QƏHVƏ


Mubariz CƏFƏRLİ
Hekayələr


32 ILLIK ÖMRÜN NƏĞMƏLƏRI


Aydın DADAŞOV


Gülşən BEHBUDQIZI


Vaqif İSAQOĞLU
MÜSADİRƏ
hekayələr


Sevinc QAZAXQIZI
Bakı şəhər 104 №-li orta məktəbin şagirdi


Fər­qa­nə MEH­Dİ­YE­VA
ƏDƏBİYYATA XOŞ GƏLDİNİZ!


Ağacəfər HƏSƏNLİ


DANIŞAN DUYĞULARIM…


Mina RƏŞİD


Aydın TAĞIYEV


Rafiq YUSİFOĞLU


Sevinc MÜRVƏTQIZI
“ÖMRÜMÜ YELƏ VERMƏMİŞƏM...”


Şakir ALBALIYEV
DAŞ İNSAN
(lirik poema)


ŞOTA İATAŞVILI


ÖYRƏNMƏSƏN, ÖYRƏTMƏYƏCƏKSƏN...
Şota İataşvili ilə Səlim Babullaoğlunun Bakı-Tiflis qatarındakı söhbəti



 

Adil MIRSEYID
CLASSICAL MUSIC FOR MEDITHATION
poem


 
buludlar toqquşur dənizin üstündə
indi yağış yağacaq
vivaldinin musiqisi kimi
məsum bir yağış ağladacaq könlümü
yağışlı havalarda dəniz
daha doğma daha əziz
sevdalar daha şirin
göz yaşı daha dərin
çılpaq budaqda bir qızıl alma
sevdalı payızın şair ürəyi
dəli divanə olacaq yenə
yenə yağmur mələyi
çəkib aparacaq məni röyalar dünyasına
orda qara sevdalar qorxulu macəralar və özgürlük
orda umud və ilham
orda yalnızlıq acısı yox əsla
orda ölümsüz bir yaşam
orda vivaldinin musiqisi səslənir hər axşam

* * *

zaqulba bağlarında incir ayı
günəşə dənizə rüzgara və vivaldiyə verdik bu yayı
dəniz sahilində balaca bir ev
balaca evdə qocaman bir dev
pəncərədə akvarium
yavrum gözlərini yum
akvariumda qırmızı balıqlar
dənizin dibində yosunlar su pəriləri və fələklər
göyüzündə bəyaz ruhlar və mələklər
dəniz nədi bulud nədi bilirsənmi
sevda nədi umud nədi bilirsənmi
gecələr dörd divar arasında çırpınan
devə baxıb dünyaya gülürsənmi
zaqulba bağlarında incir ayı
günəşə dənizə rüzgara quma
və vivaldiyə verdik bu yayı
könlüm rahatdı burda
indi bir rəsm çəkirəm vivaldinin musiqisinə
dəniz mavi yaşıl zaqulba yayı
dəniz mışıl mışıl bağlarda incir ayı
gəl yavrum gəl gülə gülə
gəl məni dənizdə dəfn elə

***

sorma bu dünyanın harasındayam
ulduzlarla dəniz arasındayam
əsən rüzgarlara
qoşulub uçmaq keçir könlümdən
yalvarıram söz açma ayrılıqdan ölümdən
burax gedim çiçəyim
rüzgar budağından qoparsın məni
burax gedim mələyim
bir gecə ay çəkib aparsın məni
sorma bu dünyanın harasındayam
dənizlə ulduzlar arasındayam
içimdə qanlı bir ümid
içimdə cəhənnəm yanğınları var
bir də bir bənövşə var içimdə
dərd dibindən baş qaldırıb
gülümsəyir hər bahar
hərdən röyalarda diksinirəm mən
röyalarda bir kəpənək
uçub qonur hərdən ürəyimin başına
tanrım bağışla məni röyalarda gördüyüm
kəpənəyin göz yaşına

* * *

röyada görürəm ölmüşəm yavrum
bu röyaya baxma gözlərini yum
ürəyimi dimdikləyir röyada qara quşlar
və dünyanı bürüyüb yağan qara yağışlar
qara quşların qara yağışları
qara yağışların qara quşları
bir şey çal mənə yavrum alfred şnitgedən
yavrum daha bir röya danışmalıyam sənə
amma gerçəkləri görüncə şaşırdım yenə
bilirsənmi bu dünyada hər ulduzun
öz qərib şairi
hər şairin öz qərib baxt ulduzu var
bir də bir qara sevda bir dəli qurşun
bir də alnımızda qara yazı var
bir şey çal mənə yavrum alfred şnitgedən
dəyişərdim ürəyimi bir kəpənək ürəyinə
uçub könül açardım bir sarı güz çiçəyinə
gün gələr anladaram mən sənə bir röyada
səadət nədir fani dünyada

* * *

bu gecə pəncərəmdə ulduzları saydım
musiqiçi olsaydım parisdə yaşasaydım
yazdığım şeirləri bu gün atardım oda
van qoqun rəsmlərini çalardım fortopianoda
və bir göyərçin uçub qonardı səslərin qəfəsinə
rəhmətlik şair aydın əfəndi kövrəlib ağlayardı
və hardasa bir ana qaralar bağlayardı
və bir yağış yağardı şamaxı dağlarında
və şeh damlaları titrəyərdi gül yarpaqlarında
yenə tənha bir mi notu əsərdi
dostum nijad verdizadənin içində
yəqin içib sərxoş olardı bir meyxanə küncündə
şair adil şirin də o musiqidə olardı
yəqin onun da gözləri dolardı
buludlar keçir dənizin üstündən
bir buludun üstündə oturmusan gülüm sən
buludların içindən bir yavru mələk əl edər mənə
baxaram huşum qarışar yenə
qafasındı qürbət yellər əsənləri
tanrısından küsənləri
venasını kəsənləri
bağışla dan ulduzu
ay işığı altında tək tənha qalmışam mən
göyüzündə bulud olmaq keçir könlümdən
məni də bağışla ey göylər qızı

* * *

bir simfoniyadı zaqulbada yay
yenə göyüzündə bədirləşmiş ay
əl uzadıb pəncərədən
bir budağı silkələsən əgər sən
ulduzlar töküləcək ulduzlar töküləcək
şeir dəftərində bir qız rəsmi çək
şair yenə ay ovsunlayır ən sevdalı qızları
çocuqlar və şairlər yığacaq ulduzları
sən də bir zamanlar şair idin
indi ayrılıqlar yuva qurub sənin könlündə
bir qıza könül vermişdin
çaykovskinin sonalar gölündə
sənin sadiq yarın qürbət ehtiyac
sənin sadiq yarın göyüzündə ay
bir simfoniyadı zaqulbada yay
aydan əsən rüzgar səsləyir məni
rüzgarın içində sevdalar sirlər
bu yay gecəsində necə şirindi
göz yaşı içində oxunan şeirlər
göydə aya baxıram uzun uzun
röyamda bir çocuq vardı hüzünlü məhzun
röyamdakı çocuğun əlləri ovcumda qalıb
yenə bədirlənmiş ay könlümü məndən alıb

* * *

sənsizliyin içində yağmur damlaları rəqs edər
yağmur damlaları səni salır yadıma
sənsizliyin musiqisi hopur xatirələrə
mən məhv oldum daha məhv oldum ana
daha heç kəs çata bilməz mənim dadıma
yağmur damlaları bir birinə qarışır
gizli bir kədər öyür ürəyimi
içimdə bir şair var ağrı acı içində
durnası azıb göydə qara bulud köçündə
qara sevda yollarında bir diləyim var
tərk etməsin onu böyük umudlar

* * *

min bir giriş qapısı var
görmədiyin talesiz şəhərlərin
hansı qapıdan girirsənsə gir
qara pişik çıxacaq yoluna
qara sevda yazılacaq alnına
qara fələk girəcək qoluna
qara quşlar qonacaq pəncərənə
qara mələk uçub gələcək hücrənə
qara alma ağacları altından keçəcəksən
qara tütün çəkəcəksən qara şərab içəcəksən
min bir giriş qapısı var sən doğulan şəhərin
bir çıxış qapısı var üstündə ölüm kölgəsi
min bir il hər gecə bir şeir yazdım
min bir il hər gecə bir şam yandırdım
min bir dəfə qəsd elədim özümə
min bir dəfə qara mələyim göründü gözümə
ölümlə aşıq aşıq oynadım
yadımdan çıxdı adım
pasportsuz filansız dolaşıram dünyanı
könlümlə qanad qanada sərhədlərdən keçirəm
yəməndə bir minarəyə qonuram
naməlum şairlə bir bardaqdan düyü arağı içirəm çində
bir gün açıq dənizdə yelkən açıram
bir gün himalayın üstündən uçuram
gündüzlər günəşə yoldaşam
gecələr aya qardaşam
bilsən necə məsudam mən
burma burma burulan buludların içində
amma göy qübbəsi altında vivaldi səslənir hər axşam
köhnə parisliyəm mən köhnə tokiolu olduğum qədər
amma heyva rəngli bu güz günündə
qılçıqlı balıq kimi boğazıma tıxanır qəfil kədər

* * *

sarı payız axşamı boz dəniz
dəniz qırçın qırçın
qayalar yalçın
payızın son ayı bilmirəm nədən
marianist rəssam ayvazovskinin
dənizini sevmədim mən
sarı payız axşamları
xatirələr tökülür budaqlardan
gün olur yaşamaq istəmir adam
amma göy qübbəsi altında
vivaldi səslənir hər axşam
gün olur umudun bəyaz
yelkəni görünmür uzaqlardan
proletar şairi berlioz və voland
allah varmı yoxmu deyə
mübahisə edirlər parkda
bu gün aysberqdi mənim məmləkətim
rofact - ağrısız həyat
heç bilmirəm necə sevgi şeirləri
yazır bizim şairlər
bilmirəm necə yaşayırlar bu payız günlərində
balıncları altında kama sutra
hərdən çıldırır ürək durub durduğu yerdə
təsəlli bulmadım mən musiqidə şeirdə
unudulmuş bir röya gözləyir məni hardasa
öz qiyamət günümü gözləyirəm mən
mən qiyamət günündən sonra doğulacağam yenidən
ya tanrı dağlarında ya edem bağlarında
ya da ləki vağzalında ya təbrizdə ya parisdə
amma harda doğulsam bəyaz mələyim yenə
şeir yazdıracaq mənə

* * *

ağlı başdan eləyən bir sevdanın sonunda
mələklər ağlayan gecə
bir yağmur yağar incədən incə
yenə vivaldinin musiqisi
süfrədə alma siqaret araq
ömür səhifələnər varaq varaq
bir gözəl şeir kitabıtək
sanki cəllad kötüyündədi ürək
ağlı başdan eləyən bir sevdanın sonunda
qanadı qırılmış yaralı bir quş
yağmurun içindən səsləyər məni
hər gecə iki misra arasında
can verirəm ölürəm
öz ölümümdən sonra belə
pəncərəmdə xrezantem kimi açan
tənha bir ulduza baxıb gülürəm
ulduzların pəncərəmə bu qədər
yaxın olmasından diksinirəm
bilirəm hardasa hardasa ulduzların birində
bir su pərisi ağlayacaq mənim şair qədərimə
orda ölümsüz bir yaşam
orda vivaldinin musiqisi səslənir hər axşam

* * *

əski bir xatirəm
için için ağlayır bir ağacın altında
çiçəklənmiş badam ağacı
xatirəmi qucaqlayıb
pıçıldayır ağlama ağlama ağlama bacı
badam ağacında bir quş yuvası
quş yuvasında qürbət havası
bir bulud dayanıb ağacın üstündə
buludun kölgəsi titrəyir gözlərimin aynasında
sən atının başını buraxıb keçdin burdan
badam ağacına baxdın amma
görmədin quş yuvasını
duymadın qürbət havasını
görmədin xatirəmin
yanağından süzülən göz yaşını
çapıb getdin dördnala buraxdın atın başını
bir səhər geri dönsən geri dönsən bir səhər
bu ağacı bu buludu bu əski xatirəni
bir də burda bulmazsan burda bulmazsan məni

* * *

əski bir sevdamı sərxoş xatirə
bıçaqladı təsadüfən qara qış gecəsində
şəhərin mərkəzində kabuslar küçəsində
bir meyxana pəncərəsindən
gördüm cinayəti mən kabuslar küçəsinin tinində
maniken qız fransızca qışqırdı supermarket vitrinində
maniken qızın səsi vitrin şüşəsini qırdı
qarabağlı gənc polis qırılan şüşəni gördü
harayı eşitmədi nədənsə
və sərxoş xatirəm qeyb oldu birdən
cinayəti gördüm mən meyxana pəncərəsindən
on beş dəqiqə işləmişdi gecə saat ikiyə
qara sevdam səndələdi yıxıldı daş səkiyə
gözlərində donub qaldı qatil xatirənin rəsmi
ölümündən sonra da qulağında cingildəyirdi
fransızca qışqıran maniken qızın harayı

kabuslar küçəsi dekabr ayı
sus yavrum sus
yeriyir üstümə qara bir kabus
maniken qız fransızca qışqırır
qızın səsi vitrinin şüşəsini qırır

* * *

gəncliyimdə ölümlə zarafat elədiyim
günləri xatırlayıram hərdən
nə yaxşı ki o günləri görməmisən sən
bilirsənmi neçə dəfə ölüm
mənə son şans verib gülüm
yenə prins hamleti oynayan aktyor kimi
dəli divanəyəm mən
nə cibimdə para var nə ev eşik nə vətən
and olsun hər səhər
sənin pəncərəndə doğan günəşə
mən təhlükə altındayam həmişə
heç kim fərqinə varmır
mən ruh kimi yaşayıram dünyada
məni görmək istəyən adamların
gözlərinə görünürəm hərdən
şeirlərim rəsmlərim röyalarım anılarım
bir də təbəsümüm var anamdan mənə yadigar
mən alma ağacıtək çiçəkləyirdim hər bahar
neçə gündü kimsə aydan əl edir mənə
bu gecə qara sevdadan sərxoşam yenə
səni gözü yaşlı gördüm dalağım sancdı

bütün yollar bağlananda
ay mənim üzümə bir qapı açdı

* * *

durnalarla uçub getdi ağacların kölgəsi
töküldü göylərdən quşların əssi
eynəyimi unutmuşam bulvardakı çayxanada
indi öz telefon nömrəm də çıxıb yadımdan
bu gün bir şair yaşayır payız güzgülərində
ona salam söylə mənim adımdan
eylul axşamı bir qadın keçir küçədən
gözlərində ay işığı qalıb uzun gecədən
dodağında cakonda təbəssümü
bir gül sancıb qızılı saçlarına
cavan olsaydım vurulardım
sevib aldadardım onu
baxmazdım göz yaşlarına
ölümə can vermərəm mən
dünya onun gözlərində belə gözəlkən
mən qara sevda yolçusuyam
qafamda qara rüzgarlar əsər
məni nə də qurşun yaralar nə qılınc kəsər
indi mənim dünyamda hər şeyin rəngi ağ qara
könlümdə bir son sevda qafamda
bir son macəra

* * *

gecələr ay işığında sevdalı ay işığında
sanki gülümsəyir dənizin üzü
gecələr dəniz və ay zamansız
bir dünyaya çəki aparır bizi
kim bilir bəlkə biz şairlər
cənnət cocuqlarıyıq belə deyirlər
uzun illərin yorğunluğunu çırpdım üstümdən
infantil bir adil var mənim içimdə bu gün
dünya fırlanan bir karuseldi onun üçün
ayın dənizdə çimdiyi yerdə
suyun üstündə mələklərin
izini apaydınca görür o
içimdən hopbanıb birdən dənizə sarı yürür
dənizə ay işığına qarışıb qeyb olur bir an
mən zamana qarşı gedirəm
mənə qarşı gedir zaman.