Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

FƏRHAD MENE ÜÇÜN


RƏBİQƏ
FƏRHAD METE ÜÇÜN


ZƏRDÜŞT 86
MÖCÜZƏ
Hekayə


V.S NAYPOL
GƏNÇ YAZIÇILAR ÜÇÜN


Con STEYNBEK
Gənc yazıçılara məsləhət


Uilyam FOLKNER
Gənc yazıçılara müraciət


Ali ALİOĞLU


Nahid HACIYEV
YUMULMAYAN GÖZLƏR
Hekayə


Leyla ŞƏRİFOVA


Anar AMİN


Elnura CAVADZADƏ
DEYİLMƏMİŞ SAĞLIQ..
Hekayə


Qəndab BABAYEVA


Vüsal NURU


İTİK
Hekayə


Günel EMİNLİ
"NAXIŞSIZ" ÇILÇIRAQ
QOXU
Hekayələr


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏYANƏTİN DOSTU
Hekayə


Qılman İMANLI


Sevinc MÜRVƏTQIZI
YANILMA
Hekayə


Aytən TƏHMASİB


Elnaz EYVAZLI


Elvin BAKİROĞLU


Kəramət BÖYÜKÇÖL


Fərid HÜSEYN


Hafiz HACXALIL


Dünya poeziyasından tərcümələr


Xəyalə SEVİL


Ziyad QULUZADƏ
Empty...
Hekayə


Xudabaxış ƏLİYEV
SON ADDIM
Hekayə
Şerlər


RUH­LAN
TÜNZALƏ AĞAYEVA ILƏ MÜSAHİBƏ....



 

FƏRHAD MENE ÜÇÜN


 
Bir şəhərin anatomiyası

bu şəhərə uzaqdan baxarsan, bu şəhər elə şəhərdi -
bütün başqa şəhərlər kimi
amma bir az yaxına gəlsən görərsən ki, ən hündür binanın
önündəki dayanacaqda
yağışdan bir adam və iki qaraçı qadın gizlənmişlər
görərsən ki, o adam sol əlini onlara uzadıb ovcunu göstərir
və nə isə deyir
sonra da qaraçı qadınlar qorxaraq oradan uzaqlaşırlar
islanıb qaranlığın qatı yerinə qarışırlar…
bu adama uzaqdan baxarsan, bu adam elə adamdı
bütün başqa adamlar kimi
amma gəlib yanında dayansan görərsən ki,
halsızdı, bənizi solmuş, bir az da sərxoşdu
görərsən ki, hələ də qaraçı qadınların arxasınca küsəyən
uşaqlar kimi mızıldanır -
"evimin bütün divarlarından mənə o qadın baxır …"
bu evə uzaqdan baxarsan, bu ev elə evdi,
bütün başqa evlər kimi
amma qapıdan içəri girsən görərsən ki,
bu evin bütün divarları güzgüdəndi və hər divarla üzbəüz
o qadının şəkli qoyulub
və hər şəklin arxasında eyni sözlər yazılılb
bu qadına uzaqdan baxarsan … sən bu qadına heç uzaqdan da baxa bilməzsən
çünki, güzgülü divarlarla üzbəüz o şəklin arxasında səliqəsizcə yazılıb
"çalış hər şeyi unut, gedirəm sizə uzaqdan baxmağa -
bu şəhərə, sənə və bu evə…"

Xocalı

Orada hər şey faciə gününün sonrasını xatırladır -
şəhər intihar etmiş, sağ əli Allaha doğru uzalı
sol əli ilə asmış özünü göyün yeddinci qatından
və itələmiş ayağının altından torpağı, qovuşmuş cənnətinə
cənnətdə hər şey donmuş haldadır deyirlər
o şəhərin insanları da bizlərə bənzəməz
qocaların gözləri və əlləri heyrətdən açıq qalmış
sanki qarıları yenidən gəlinlik libası geyinirmiş kimi
axtalanmış kişilər üçün qadınları əkin tarlaları,
döşləri kəsilmiş qadınlar üçünsə kişiləri süd qardaşları
insanlar ən çox təhlükə anında doğmalaşırlar
o şəhərin körpələri nağıl filmdəki taxta həmyaşıdlarına bənzəyirlər
baxışları canlı, vücudları sərt…
və soruşurlar uşaq sadəlöhvlüyülə "biz cənnətin hansı qatındayıq?"
orada itlər də zəncirindən başıaşağı sallanır
göy üzünün quşları da boğulmuş gümüşü sularda
orada hər şey faciə gününün sonrasını xatırladır,
inanmırsınız, gedin baxın…


Feyziyyə

İlhama məktub

Bir sabah ayılıb görəcəksən ki, hər şey dəyişib…
Çox istərdim ki, bu məktubu ənənəvi sözlərlə başlayım. Məsələn - Salam, necəsən? Biz yaxşıyıq, sənin də yaxşı olmağını o bir olan Allahdan arzulayırıq…
Biz əslində sənin yaxşı olmağını arzulayırıq, amma…
Bilmirəm olanları biləndən sonra sənin yaşamağa gücün qalacaqmı? Bunu sənə heç kim demək istəmir, amma bir gün biləcəksən ki, artıq "göy üzünün yerində günəşdi"…Biləcəksən ki, "Bütün acı xəbərlər gecə saatlarında gəlir" deyib, dünyanın ən böyük yalanını danışdı bizə Fərhad. Biz onun acı xəbərini səhər eşitdik…
Bu şəhərə uzaqdan baxarsan, bu şəhər elə şəhərdi,
Bütün başqa şəhərlər kimi. Amma bir azca yaxına gəlsən görərsən ki…
Görəcəksən ki, daha heç nə əvvəlki kimi olmayacaq. Daha "Hanı Sumqayıt komandası?"- deyib, Rüstəm Kamal bizi soruşmayacaq. Yadındadırmı, Salam Sarvanın bizim üçümüzü ədəbi ictimaiyyətə təqdim etdiyi? Səni, məni və Fərhadı. Yadındadırmı ondan sonra Fərhadın həmişə fəxrlə "biz üçbaşlı əjdahayıq" dediyi. O, nə səni, nə məni həyatdan küsməyə qoymazdı. Deyirdi, birbaşlı əjdahanın marağı yoxdu. Yorulmadan gah səni, gah məni həvəsləndirirdi. "Biz fərqli olacağıq"- deyirdi. Keçən ilin yayı idi. Mən nədənsə bərk sarsılmışdım. Bezmişdim hər şeydən. Hamıya məni tapşırırdı. Mənə ədəbiyyatı atmamağı tövsiyə edirdi. Bir dəfə artıq bezib çox sərt şəkildə dedi ki, yaxşı, qoy sən deyən olsun. At hər şeyin daşını. Kafka "Çevrilmə" əsərini sənin kimilərinə yazıb - "həyatın oyununda uduzub həşarat olduğunu boynuna alan, həşarat kimi də məhv olanlara!". Ay Ilham, bir bilsən söz məni necə tutdu! Necə yəni? Dedim, belə oldu? Baxarsan, mən sənə sübüt edəcəm ki, mən həşarat deyiləm və heç kim, heç vaxt məni əzə bilməyəcək. Dedim görərəcəksən ki, mən həşarat ola biləcək qədər aciz yox, həşarata döndərmək qədər güclüyəm. Sənin xəbərin olmadı, mən onu xeyli vaxt danışdırmadım. Sonra dərsdə gülə- gülə gəlib salamlaşdı. Həmişəki kimi "Necəsən, ay qız?"- dedi Dedim,- sən mənə həşarat deyəndən bəri yaxşıyam. Güldü. Dedi,- "Neyniyim, başqa çarə qalmadı, sən o qədər tərssən ki, səni ancaq belə geri qaytarmaq mümkündü". Mən də qorxudan daha heç kimdən küsə bilmirdim.
O, səndən çox nigaran idi. Daha həyatdan küsə bilmərik, çünki bizi barışdıran olmayacaq. Fərhad bizə dostluq, yoldaşlıq yox, atalıq edirdi ədəbiyyatda. Üzümüzü ona tutub deməliyik, ay Fərhad:
İstədiyin kimi oldum,
Belə güclü, belə sərt və heç zaman ağlamayan…
Fərhadın istədiyi kimi və Fərhadın özü kimi olaq. Dostlar həmişə güclü, sərt və heç zaman ağlamasınlar deyə.
O, çox istəyirdi ki, sənin də çıxacaq diskdə səsin olsun. Sənin gələ bilmədiyinə çox məyus olmuşdu. Mən onu son dəfə avqustun 8-i gördüm, səsyazma studiyasında. Hər şey yaxşı olacaqdı…
Fərhad boynuma bir öhdəlik qoyub, hələ il yarım bundan qabaq. Bir gün dedi:- Feyz, sən bir roman yazmalısan,- "Sarı". Mən axı ədəbiyyata şeirlə gəlmişdim. Gözlərimi bərəldib bircə söz dedim,- "Nə?". Elə bildim mənlə zarafat edir. Əlbəttə, yəqin belə olardı, mən hara, roman hara?! Hələ bir adını da qoyub - "Sarı". Hər dəfə məni görəndə mənə xatırladırdı: "Feyz, sən hazırlaş, o romanı yazacaqsan, mütləq yazacaqsan". Dedim,- axı mən heç hekayə yaza bilmirəm, zarafat edirsən? Dedi,- yox, vallah, ciddi sözümdü. Sən onu yazacaqsan, çünki onu yalnız sən yaza bilərsən. Amma indi yox. Sonra, 5-10 ilə. Deyirdi,- "Feyz, sən bizim ədəbiyyatın Saqanısan. Səndə bunun üçün bütün keyfiyyətlər var, bircə iddian yoxdu. Bax bu çox pisdi. İddialı olmalısan". Həmişə də bu sözü qeyri ciddi qəbul edirdim. "Sən Allah, yenə başlama, mən hara, Saqan hara? Bunu eşidən gülər sənə".
Yadındadırmı, biz Slavyan Universitetindən qayıdanda həmişəki kimi uşaqlarla birlikdə metroya düşdük. Izdihamı yararaq bir qədər irəli getdik ki, seyrəklikdə dayanaq. Uşaqlar nəyisə müzakirə edrdilər. Birdən Fərhad mənə sarı dönüb sakitcə "Ora bax, Feyz, gör nə yazılıb!"- dedi. Qatar relsinin üzərində bir reklam lövhəsi gördüm. Iri hərflərlə "Sarı" yazılmış lövhə düz üzümə baxırdı. Nəyin reklamı olduğunu xatırlamıram, amma dəqiq xatırlayıram ki, daha sonra o, həyatda təsadüf olmur,- dedi.- Sən onu mütləq yazmalısan. Və biz bu mövzuya bircə dəfə qayıtdıq. Onda da mən niyə məhz "Sarı" deyə soruşdum. O mənə müammalı bir cavab verdi. Bağışla ki, sənə onu yalnız romanı yazandan sonra deyəcəm. Yox, əgər buna ömrüm imkan verməsə, onu evdə kompüterdə qeyd etmişəm, axtarıb taparsız.
Bilirsənmi, Anar ayın 13-ü gecə gördüyü yuxunu danışdı bizə. Dedi, yuxusunda görüb ki, Fərhad xərçəng xəstəliyinin dərmanını hazırlayıb ona verir. Həmin dərmanın rəngi sarı idi.
Son dəfə Poeziya klubuna gələndə əlində bir kitab var idi- "Yüz ilin tənhalığı". Içəridə bir neçə adam olmağına baxmayaraq başını aşağı salıb, sakitcə bu kitabı oxuyurdu. Birdən başını qaldırıb dedi: "Feyz, super əsərdi, bunu mütləq oxu. Təsəvvür elə ki, bir şəhərin əhalisi xəstəliyə tutulur. Hamı yaddaşını itirir. Hər əşyanın üzərinə öz adını yazırlar, bir də göyə yazırlar ki, Allah var…". Güldü və yenə başını aşağı salıb, oxumağına davam etdi. Mən isə donub qaldım. Sözlər məni yaman tutmuşdu, həm də çox uzaqlara aparmışdı. Anamın ölümündən sonra mən çox dəyişdim. Özün bilirdin ki, mən inamımda israrlı idim. Amma anamın gedişindən sonra bütün günü, hətta yuxularımda belə özümə bir sual verirdim: "Allah varmı?". Elə bil kitabdan gətirdiyi bu sitat məni yuxudan ayıltdı… Necə bilirsən, o haradan bilə bilərdi ki, mən bu sualın cavabını tapmaqda çətinlik çəkirəm. Xeyli keçmiş yenə başını qaldırıb dedi: "Gedərsən Xanın yanına, deyərsən Fərhad deyir ki, "Küknarlara məktub" - əsərini versin, oxu. Gürcü yazıçısıdı, balaca kitab olmalıdı. Onu mütləq oxu". Istədim soruşam ki, niyə oxumağına ara verib, birdən o əsəri oxumağı mənə məsləhət gördün? Soruşmadım.
Səni çox istəyirdi, lap çox. Elə Rəbiqəni də. Anarın xətrinə dəymək olmaz, Anardı də, ona nə desə olar,- deyirdi. Salam müəllimə xüsusi pərəstiş edirdi. Deyirdi Ibrahim Ilyaslı çox yaxşı adamdı, haracan desən. Hamıya qarşı çox diqqətli idi. "Feyz, bu gün Ilhamın ad günüdü, onu təbrik elə. Feyz, bu gün Rəbiqənin ad gündü, onu təbrik elə". Son dəfə danışığımız da elə belə oldu. Ayın 10-u, səhər. Nəsə səsindən qanının qara olduğunu anladım. Sən bilmirdin səbəbini? Dedi: "Feyz, bu gün Salam müəllimin ad günüdü, onu tərik etməyi unutma… Mən gedirəm Ilhamın yanına, birlikdə universitetə gedəcəyik, müəllimi görməyə…"
Vəssalam, bu da son danışığımız…
Mənim də xətrimi çox istəyirdi, axı mən onun balaca bacısı idim. Telefonla danışanda kimsə ona "kiminlə danışırsan?" sualını verəndə deyirdi bacımla danışıram.
Ehhh… sən onu bizim hamımızdan yaxşı tanıyırsan. Istəyirəm hər şeyi biləndən sonra olanlarda özünü günahkar saymayasan. Çünki fitri istedadıyla, bütün keyfiyyətlərindəki orijinallığı ilə Allah onu bizim hamımızdan çox sevdiyini göstərmişdi. O, hamımızın içində bütün özəllikləri ilə öndə gedirdi. Elə həyatdan da birinci getməliydi. Yolüstü sənlə vidalaşmadı deyə ondan incimə. Axı o səni çox istəyirdi, istəməzdi kövrələsən, and-aman edəsən.
Unutma ki, bu şeiri üzünü sənə tutub yazmışdı. Demişdi ki, ay Ilham:
Bir sabah ayılıb görsən ki, hər şey dəyişib,
yəni gördüyün kimi deyil nə varsa…
yəni göy üzünün yerində günəşdi.
Sonra yadına düşsə ki, yuxuda qadın görmüşdün-
uşaq yerinə iri buğda dənəsi doğan çılpaq qadın.
Qorxma, sığal çək sevgilinin saçlarına
və pıçıltı ilə "səni sevirəm" de,
O da mütləq "mən də sevirəm" deyəcək.
O sabah ayılıb görsən ki, hər şey dəyişib
yəni gördüyün kimi deyil nə varsa,
bom-boz evlərin önündəki dəniz deyil, zəmidir-
həm də içinə girib aza biləcəyin qədər sonsuz zəmi.
Sonra yadına düşsə ki, yuxundakı o qadın
qorxudan atıb getmişdi ağlayan buğda dənəsini
Qorxma, baş əyib sevgilinin önündə diz çök
və pıçıltıyla "mənə ümid ver" de.
O da mütləq "mənəm ümidin" deyəcək.
O sabah ayılıb görsən ki, hər şey dəyişib
yəni gördüyün kimi deyil nə varsa,
yəni birləşir günəşlə o sonsuz zəmi
birləşdikcə də boğulursan, nəfəsin kəsilir.
Yadına düşəcək ki, yuxuda ağlayan buğda dənəsini
qucağına alıb qaçmışdın arxana baxmadan,
Qorxma, qaldır otağın küncündəki boş beşiyin örtüyünü
və soruş sevgilindən "içində bir şey tərpəndimi?" deyə,
O da mütləq "tərpəndi" deyəcək.
Mütləq deyəcək…