Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

FƏRHAD MENE ÜÇÜN


RƏBİQƏ
FƏRHAD METE ÜÇÜN


ZƏRDÜŞT 86
MÖCÜZƏ
Hekayə


V.S NAYPOL
GƏNÇ YAZIÇILAR ÜÇÜN


Con STEYNBEK
Gənc yazıçılara məsləhət


Uilyam FOLKNER
Gənc yazıçılara müraciət


Ali ALİOĞLU


Nahid HACIYEV
YUMULMAYAN GÖZLƏR
Hekayə


Leyla ŞƏRİFOVA


Anar AMİN


Elnura CAVADZADƏ
DEYİLMƏMİŞ SAĞLIQ..
Hekayə


Qəndab BABAYEVA


Vüsal NURU


İTİK
Hekayə


Günel EMİNLİ
"NAXIŞSIZ" ÇILÇIRAQ
QOXU
Hekayələr


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏYANƏTİN DOSTU
Hekayə


Qılman İMANLI


Sevinc MÜRVƏTQIZI
YANILMA
Hekayə


Aytən TƏHMASİB


Elnaz EYVAZLI


Elvin BAKİROĞLU


Kəramət BÖYÜKÇÖL


Fərid HÜSEYN


Hafiz HACXALIL


Dünya poeziyasından tərcümələr


Xəyalə SEVİL


Ziyad QULUZADƏ
Empty...
Hekayə


Xudabaxış ƏLİYEV
SON ADDIM
Hekayə
Şerlər


RUH­LAN
TÜNZALƏ AĞAYEVA ILƏ MÜSAHİBƏ....



 

Günel EMİNLİ
"NAXIŞSIZ" ÇILÇIRAQ
QOXU
Hekayələr


 

"NAXIŞSIZ" ÇILÇIRAQ

Sizə öz kiçik hekayəmi danışacam. Öz çilçıraq hekayəmi. Bəlkə də maraqsız, xüsusi təmtəraqsız çilçıraq hekayəsini. Mən otuz şamdandan ibarət olan gözəl, böyük, varlı, lakin zövqsüz insanların lovğalıqlarını qıcıqlandıran çilçırağam. Mən gözələm. Mənim gözəlliyim bahalı olmağımda deyil, həm də üzərimdəki işləmələr, əsl brilyant kimi parlayan şüşələrlə, bir cüt gözü heyran qoyan çilçırağam. Mənim sahibim də öz kök arvadıyla dükana girəndə gözləri birinci məni tutdu. İnanmıram, gözləri mənim gözəlliyimdən qamaşdı. Sadəcə böyüklüyüm, onların pullarının çoxluğu ilə düz mütənasib olduğundan sevincək oldular. Məni tələm-tələsik alıb, öz qonaq otaqlarından asdılar. Sahibim biznesmen, yəni loru dillə pullu alverçi, arvadı isə özü kimi pullu xanımlara paltar tikən dərzi idi. Dərzi deyəndə ki, dərzidən başqa hər şey, modelyer, dizayner, stilist, imicmeyker, nə desəniz o. Deməli, varlı, ədabaz xanımlar qarderoblarının bəzi hissəsini gətirib, bizim xanıma göstərir, bizimki də hansı paltarı hansı kəmərlə taxmaq, hansı ayaqqabı ilə uyğunlaşdırmaq, hansı çanta ilə götürmək kimi məsləhətlər verirdi. Sual meydana çıxır ki, bizim varlı sahibənin başqalarına məsləhət verib, pul qazanmağına nə kimi ehtiyac var. Cavab olunur: "Artıq pul" məfhumu yoxdur və bir də onun səviyyəsində olan qadınların qarderoblarına bu yolla nəzarət etməkdən asan və əyləncəli vasitə yoxdur. Hələ bir bu söhbət əsnasında şəhər qeybətləri, təzə söhbətlər, "yuxarı"da baş verən dəyişikliklərdən, hansı salonda saç düzəltməsindən başlayıb, sabah kiminsə evinə aparılacaq xonçanın içində şirninin hansı dükandan və neçəyə alınmasına kimi, xonçanın hansı gül salonunda düzəldilməsinə qədər olan söhbətlər, bunları sizcə nəyə dəyişmək olar?
Bircə onların olduğu otağın divarlarının, çilçırağın, bütün əşyaların bəxti yaman gətirib. Bütün günü söhbətlər, dedi-qodular, təzə qeybətlər, bir-birinə qarımış bahalı ətirlərin xaotik məcmusu, paltarlarını dəyişərkən öz fiquralarını reklam etdirən əndamlar, onların gözləri qabağında xoş mənzərə kimi canlanırdı. Bircə mən idim bu gözəl kompaniyadan ayrı düşən. Mən olduğum otaqdan bura yaxın düşmək belə mümkün deyildi. Yadımdan çıxmışdı axı, mənim yerimi dəyişmişdilər. Mən artıq cah-cəlallı qonaq otağını yox, koridorun lap sonunda yerləşən balaca otağı işıqlandırırdım.
Hadisə belə baş verdi. Ev yiyələrinin kiçik oğlu qonaq otağında Ronaldoluq etmək eşqinə düşdü. Və vurduğu top zərbəsi Ronaldonun vurduğu kimi topu tora yox, düz mənim üstümə göndərdi. Nəticədə hesab dəyişmədi. Amma mənim şamdanlarımdan birinin lampasını dəyişməli olduq. Ancaq bu da kömək eləmədi. Zərif şüşələrimin birində zərif çat yarandı. Sahiblərim onu düzəltmək əvəzinə ağıllarına daha orijinal fikir gəldi. Məni qaranlıq, balaca otağa keçirmək, bura isə daha gözəlini, daha təmtəraqlısını almaq. Beləcə mənim bəxtimin naxışı məndən üz döndərdi. Mənim kimi çilçırağı balaca otağa gömdülər. Mən o yeddi otaq qədər otaq işıqlandıra biləcəyim halda, dükanda hamının mənə həsrətlə baxıb keçdiyi halda, məni buna layiq bildilər. Adımı lap dəyişmək istədim, çilçıraq yox, qəmli çıraq. Böyük, gözəl olduğum halda, lampa taleyi yaşamalıydım. Artıq elə qəmlənirdim ki, toz da mənim üstümü örtməyə başladı. Ayda bir dəfə yadlarına düşəndə gəlib üstümü silirlər, vəssalam.
Mən bu qəmli hekayəti elə burada bitirəsiydim, amma bir dəfə xoş bir hadisə də oldu. Mənim bu xanımımın evinə gələn həmişə özündənrazı xanımlar olduğu üçün onlar mənim kimi çilçırağın belə uzaq otaqda varlığından belə xəbər tutmazdılar. Niyə ki, hamının yanında paltarlarını dəyişirdilər, heç o biri otağa keçmək barədə belə düşünmürdülər. Bir dəfə bu evə bir xanım öz kiçik qızı ilə gəldi, ətəyini düzəltdirməyə gəlmişdi. Ətəyi geyinib dərzi xanıma göstərmək məqamı gələndə o, paltarını hamının yanında dəyişmək istəmədi. Koridora çıxıb, düz mən olan otağa gəldi. İşığı yandırıb, içəri girdi. Məni görəndə gözlərində elə qəribə ifadə yarandıki. Dərdimə şərik olacaq yeganə məxluqu canlılar və cansızlar içərisində tapdım. O, heyifslənən kimi oldu, paltarını dəyişdi, getmədən əvvəl bir də çönüb mənə baxdı. Bu baxış məni sakitləşdirdi, deməli, dünyada hələ anlayışlı insanlar var, bəxtində naxış olmayan, üzərində naxışı olan çilçırağın dərdinə şərik olan insanlar.

QOXU

Asta-asta geyinib, çölə çıxdım. Hava buludlu və soyuq idi. Adətən belə havalar əsəbləri zəif olan və depressiya halına meylli olanlarda suisid fikirləri aşılayır. Bilmirsən ki, bu buludlu günün axırında neçə əsəbi zəif özünə qəsd edib? Əslində heç bilməsən yaxşıdır.
Yaxınlıqdakı metro stansiyasına yaxınlaşıb, eskalatorla aşağı enməyə başladım. Eskalatorda olarkən nə geyindiyimin fərqinə vardım. Qara paltomu geyinib, üstündən qara şərf bağlayıb, qara papağımı gözlərimin üstünə kimi çəkmişdim. Şərfimi də gözlərimin üstündən bağladığımdan, bircə gözlərim açıq qalıb, vəhşi bir parıltı ilə yanırdı. Bu dəqiqə özümü vəziyyətimə görə qınına çəkilmiş tısbağa, əhvalıma görə isə ovunun üstünə atılıb onu parçalamağa hazırlaşan vəhşi bir heyvana bənzədirdim.
Qatar perrona yaxınlaşıb dayandı. Camaat itələşərək içəri daxil oldu. Çox adam yox idi. Vaqonun lap küncündə bir yerdə əyləşdim. Buradan bütün vaqon yaxşı görsənirdi. İlk dəfə bu əhvalımla insanları seyr edirdim. Həmişə vaqonlardakı insanlara yazığım gəlirdi. Özümə isə hamıdan çox. İndi isə əksinə. Özümdən başqa hamıya nifrət edirdim, mən yenə yaxşıyam, həyatla mübarizə aparıram, bunlar isə həyatın hər üzü ilə barışmış qoyun sürüsüdür. Bir bunlara baxın, necə yazıq-yazıq ətrafa baxırlar. Vaqonda yer üstündə az qala özlərini həlak edələr.
Qəfildən vaqondakı sərnişinlər bir-birlərinə baxıb, narazılıqla başlarını bulamağa başladılar. Kimisi burnunu ovcuyla, kimisi paltosuna sıxaraq, kimisi də açıq-aşkar şəkildə pis qoxudan şikayətlənməyə başladı. "Aman Allah, bu nə qoxudur", bir-birlərindən soruşmağa başladılar. Yavaş-yavaş sərnişin sürüsü vaqonun küncünə mən tərəfə diqqətlərini yönəltməyə başladılar. Deyəsən, qoxunun mən tərəfdən gəldiyini hiss etmişdilər. Artıq gizlətməyin mənası yox idi. Yaxşı ki, qatar 28 may stansiyasına yaxınlaşırdı. Qatar stansiyaya çatan kimi özümü çölə atdım. Eskalatorla yuxarı dırmaşmağa başladım. Bu qoxunu özümdən necə təmizləyəcəkdim. Bu, mənim içimdəki illərdən bəri yığılmış nifrətin, kinin qoxusu idi. Bu qoxunu bu səhər ərimi öldürməklə bir az kəsmişdim. Amma vaqonda olarkən sərnişinlər bunu hiss etdilər. Bu qoxu yeraltı məkanlarda çox sürətlə yayılırdı. Eybi yox, gələn dəfə məni işdə rahat qoymayan, çoxdandır, məni istədiyim vəzifəyə keçirməyən bir məxluqun nifrət qoxusunu yatızdırmaq növbəsidir. Onun işini bitirəndən sonra taksiylə gəzəcəm.