Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

FƏRHAD MENE ÜÇÜN


RƏBİQƏ
FƏRHAD METE ÜÇÜN


ZƏRDÜŞT 86
MÖCÜZƏ
Hekayə


V.S NAYPOL
GƏNÇ YAZIÇILAR ÜÇÜN


Con STEYNBEK
Gənc yazıçılara məsləhət


Uilyam FOLKNER
Gənc yazıçılara müraciət


Ali ALİOĞLU


Nahid HACIYEV
YUMULMAYAN GÖZLƏR
Hekayə


Leyla ŞƏRİFOVA


Anar AMİN


Elnura CAVADZADƏ
DEYİLMƏMİŞ SAĞLIQ..
Hekayə


Qəndab BABAYEVA


Vüsal NURU


İTİK
Hekayə


Günel EMİNLİ
"NAXIŞSIZ" ÇILÇIRAQ
QOXU
Hekayələr


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏYANƏTİN DOSTU
Hekayə


Qılman İMANLI


Sevinc MÜRVƏTQIZI
YANILMA
Hekayə


Aytən TƏHMASİB


Elnaz EYVAZLI


Elvin BAKİROĞLU


Kəramət BÖYÜKÇÖL


Fərid HÜSEYN


Hafiz HACXALIL


Dünya poeziyasından tərcümələr


Xəyalə SEVİL


Ziyad QULUZADƏ
Empty...
Hekayə


Xudabaxış ƏLİYEV
SON ADDIM
Hekayə
Şerlər


RUH­LAN
TÜNZALƏ AĞAYEVA ILƏ MÜSAHİBƏ....



 

RƏBİQƏ
FƏRHAD METE ÜÇÜN


 

Bu il sənin 33 yaşın tamam olacaqdı. Səndən sonra - avqustun 13-də onlar üçü qaldılar, Hicran, Səbinə, Mətin. İndi (15 avqust) bloknotumu açıb baxıram - yazdığımız dəftərdə sənin "on bir hecalıq" misralarından biri (düşər gözlərimdən yuxular yaş kimi) təqvim qeydinin "13" rəqəmi ilə yanaşıdı. Hərəmiz üç misra yazmışıq, üç bənd alınıb. Sənin sonuncu misralarındı bu üç misra. Sonuncu üç misra, sonuncu gün… və sən mənim üç ən yaxın dostumdan biriydin…
Bunlar mənim bildiklərimdi…
Gəl "3" barədə düşünmə bundan sonra, 3, 13, 33 mistikasını…

***

"Dəli kimiyəm" - indicə (13 avqust) Fərid mesaj yazıb Qazaxdan. Bayaqdan bir neçə dəfə Sabutay Cəlilabaddan zəng vurub, deyir, səndən narahatam…
Mən dəli kimi deyiləm, Fərhad, hər zamankından daha ağıllıyam, daha sakitəm elə bil. Sakit bir hüzn var içimdə. Sakit bir ağrı…
Bu gün yenə uşaqlarla bir yerdəydik. Dünən (15 avqust) Sabutayla bir neçə dəfə zəngləşdik. Sonuncu dəfə 12 dəqiqə danışdıq - daha doğrusu, hərəmiz xəttin bir tayında ağladıq. Nə yaxşı, dostlar var, yoxsa tək bu ağrını yaşamaq olmazdı…
Həmişəki kimi daha çox detallar incidir, ağrıdır, yandırır. Dözürəm. Dişlərimi dodağıma sıxıram və çığırmıram qəbrinin üstündə - "yəni sən bura yerləşirsən, yəni sən burdasan?" deyə. Xeyir-şər evində süfrəni görəndə özümü saxlayıram, bircə gözlərim sözümə baxmır. Yadıma cəmi bir həftə əvvəl yemək yeməyimiz düşür. Alçaqcasına dözürəm. Yeyirəm. Keçir e boğazımdan. Yeyirəm ki, Hicran da yesin - üç gündür dilinə almır heç nəyi…
Gecə ilə zəng elədilər ki, şəklini və şeirlərini istəyir yaxınların. Səhər saat 9-da Anarla görüşməliydim. O vaxt bütün fotostudiyalar bağlıydı, gümanım evdəki çərçivələrə gəldi - sertifikatlara, müxtəlif mükafatlara, şəkillərə (bu, təsadüf deyil yəqin, nə demək istədiyimi anlayırsan da, bilirəm, indi başını bulayırsan, amma belədi, özün də bilirsən). Ən yaxın dostumun böyüdülmüş şəklini, şeirlərini öz əlimlə çərçivəyə salıb yasına apardım. Gücüm çatdı e, Fərhad…
Şəkillərinə baxıb dəli oluram - dəli olmamağıma dəli oluram e, qardaşım…

***

Nə qəribədi, ağrımı bölüşmək üçün dostları beynimdə sıralayanda da birinci sənin adın gəlir ağlıma. Sənin yoxluğunu səninlə bölüşmək istəyirəm qeyri-şüuri. Telefonun kontakt listində adını görəndə dayanıram, anlayıram ki, cavab verən olmayacaq. Sən bizim əhatə dairəmizi tərk etmisən - bilmirəm səninlə danışmaq və səni eşitmək üçün orbiti dəyişməkdən özgə də yol var, ya yox. Sən mistikaya çox bağlıydın, sənin, bəlkə, ağlına daha çox fikir gələrdi. Mənim təxəyyülüm səninki qədər zəngin deyil, nə yazıq. Ona görə də sənə bu cür yazıram danışmaq istədiklərimi. Hər şənbə bir yerdə oturduğumuz kafedə. Evdə yaza bilmədim. İstəmədim…
Əslində, mən bu yazını yazmayacaqdım. Özümə söz vermişdim, səndən yazmayacam. Elə yoxluğunun birinci günündəcə "yazmalısan" dedilər, bu sənin qarşında borcumdu dedilər, amma mən sənin haqqında yazmadım, sənə yazdım…
Bilirsən, nə qədər böyük günah olsa da, mənim hər şeyi lənətləməyim gəlir - sənin yatdığın torpağı da. Bu yazını da. Günlər keçdikcə azalmaq əvəzinə artır ağrı - bundan yazımmı? Yazımmı ki, səni çox istəyirdim? Bunu kim bilmir ki? Bir də, səni kim istəmirdi axı?..
Bu məktub əslində müxtəlif günlərin qeydlərindən ibarətdi. Hər gün gah əvvələ, gah ortaya, gah da axıra nəyisə əlavə edirəm. Bitmir. Amma sənin zaman ölçün başqa olmalıdır indi, sən yəqin hiss etmirsən bu mətndəki gün və zaman ardıcıllığının pozulmasını. Ona görə narahat deyiləm. İstədiyim cümləni istədiyim abzasa atıram. Həm də bu, ədəbiyyat nümunəsi deyil ki, mükəmməl olsun. Sənin səbrin yoxdu məndə. Sən bir şeiri altı aya yaza bilərdin, tam mükəmməl hesab etmədiyin mətni göstərməzdin bizə. Mən mükəmməl olmadım heç zaman, məndə bundan sonra da belə alınmayacaq, ona görə də səbrsizlikdən doğan səliqəsizliklə yazmağa davam edirəm…

***

Qəribədi, Fərhad, səni ənənəvi şəkildə xatırlamaq da olmurmuş. Ahmet Kayanı dinləyirəm, sonra "Adajio"nu. Sonra Keyko Matsuini və Frenk Düvalı - sənin mənə göndərdiyin mahnıları. Məncə, belə xatırlanmağın sənə daha xoş olar… "Xatırlamaq" sözü məni diksindirir. Bir üzü unutmaqdır xatırlamağın. Cəmi 5 gündür görüşmədiyimiz (14 avqust). Bilmirəm, növbəti görüşə nə qədər qalır…
Bir dəfə kimsə (Səlimmi, Pərviz Yusifmi, ya ədəbiyyatçılardan bir başqasımı, dəqiq yadımda deyil) dedi ki, qədim romalılar salamlaşanda "Ölümünü düşün" deyirmişlər bir-birlərinə. Üşəndirmişdi bu məni. Sənsə əcəl barədə elə sakit danışırdın ki, "burda nə var" deyə. "Nə var orada, Fərhad?" desəm, cavabında susacaqsan deyə soruşmuram. Bilirsən axı, suallarımın cavabsız qalmasından necə hirslənirəm…

***

İmzanla ilk dəfə "Kultaz"da rastlaşdığımı xatırlayıram. O zaman mənə elə gəlirdi ki, ora mənim sahəmdi. Sən mənim ovlağıma girməyə cəhd göstərən "yad" idin. Səni bəyənməmək üçün özümə məntiqli və "obyektiv" səbəb tapmalıydım. Əvvəl təxəllüsünə "ilişdim" - şəkildən boylanan yaraşıqlı sifətindəki təbəssüm mənə özündənrazı göründü, üstəlik, özünü böyük hun sərkərdəsinin adı ilə adlandırmandan qıcıqlandım (sonradan biləcəkdim ki, əslində, burada heç bir təkəbbür əlaməti yoxdu, Mete sənin vaxtsız itirdiyin rəhmətlik atanın adıdır). Sonra şeirinə baxdım - "hələ vaxt var". Mən sənə növbəti dəfə qəzəblənməyə əsas tapdım öz ürəyimdə - sevimli şairimin "Hələ var, hələ vaxta var" misrasını xatırlatdım və kinli-kinli sevindim - tapmışdım. Əslində, qəzəb məni yanıltmışdı. Bu, şeirin deyil, həyatın surəti idi hər ikinizdə…
Adamlar həmişə mənə ədəbiyyatdan vacib olub. Səninlə Gənc Ədiblər Məktəbində görüşəndə hər hansı iddia, təkəbbür görməyəndə qəzəbim əvvəl özümə qarşı yönələcək, sonra da unudulacaqdı. Sevgi olan yerdə qəzəbi unutmağa nə var ki. Sonra yeni şeirlərini oxuyacaqdın mənə - "Adajio" məni dəli edəcəkdi, sonra köhnələrə yenidən diqqət verəcəkdim və mənim "üçlüyümə" daxil olacaqdın - ədəbiyyatda və dostluqda. O qədər yaxınlaşacaqdıq ki, sizi görmək üçün BSU-ya gedəcəkdim - ədəbi yaradıcılıq dərslərinə. Tənəffüslərdən birində səndən soruşacaqdım: "sən harada təhsil almısan" və cavabını eşidəndən sonra növbəti dəfə təəccüblənəcəkdim: "yəni doğrudan ali təhsilin yoxdu?"…

***

Sən son altı ayda ən çox ünsiyyətdə olduğum üç dostdan birisən. Sabah şənbədir, sənin "ev günün". Amma sabah ilk dəfə sənə zəng etməkdən qorxacağam. Bu hələ sabah olacaq. İndi bu barədə düşünməyək, hə?
İndi "Adajio"nu eşitmək istəyirəm sənin səsində - sənin ən çox sevdiyim şeirini. Həmişə tədbirlərdə bu şeiri məhz mənim sevdiyimi vurğulayıb, gülümsədikdən sonra oxuyardın. Bir az da sən ərköyünləşdirmisən məni desəm, inciməzsən ki, qardaşım?..
Həmişəki kimi sənə şikayətim var yenə. Səlimdən - birinci ondan eşitdim axı yoxluğunu (yəqin ki, beləcə, hər zaman Anar Amin mənə bir balaca qəzəbli olacaq, Fərid Hüseyn də, Sabutay da, sənin barəndə xəbəri məndən alan digərləri də məndən inciyəcəklər, bilirəm). İkinci, elə Sabutaydan küsmüşəm - sənin də yanımda olmadığını bilə-bilə məni tək qoyub. Üçüncüsü, Qismətdən - məni yaman ağlatdı yazısı ilə…
Bir də, bir də… səndən küsmək istəyirəm, Fərhad…

***

Bəzən kiməsə bağlanandan sonra onunla eyni dalğaya köklənirsən, daha doğrusu, onun dalğasına düşürsən. Səninlə belə deyildi, biz ikimiz də eyni dalğa idik səninlə, eyni kordinatda. Bir-birimizin yanında rahat olurduq, bir-birimizin şeirlərini anlayırdıq və sevirdik, bir-birimizi qiymətləndirirdik. Bilirdik ki, bizdən əvvəl söz olub, bizdən sonra da söz olacaq. Amma bizim üçün sözdən öncə adamlardı - söz də elə adamlar üçündü bizə görə…
Kim olacaq yanımda tədbirlərdə bundan sonra? Çay stolu arxasında bir qədər çox yubananda kim taxta skamyalarda oturmaqdan yorulduğunu deyəcək ? Milli Parkda Vaqif Cəbrayılzadəni axtarmağa kiminlə gedəcəyik? Kefim olmayanda kim xatırladacaq Xan Rəsuloğlunun sözlərini: "Ay qız, üç günlük dünyadı, kef elə, amma heç kəsə" demə deyə. Telefondakı mahnıları kim paylaşacaq mənimlə? Kim dözəcək mənə?..
Heç tək qoymazdın məni. Bilirdin ki, yanımda kimin oturmasının dəhşətli dərəcədə əhəmiyyəti var mənim üçün - xoşlamadığım adamların əhatəsində dəfələrlə necə dəli olduğumu görmüşdün, hiss eləmişdin. Sonuncu dəfə şənbəydi, yenə bizim komanda bir yerdəydi. "Axşam heç gəmidə olmamışam" dedim, Qismət istəmədi, Anar razı olmadı, Əli gəminin şüşələrinin bağlı olduğunu bəhanə elədi. Yenə təkcə sən razılaşdın və səyahət boyunca cəmi iki-üç kəlmə danışdıq. Indi ən çox bununla məşğuldur fikirlərim - görəsən, sən nə fikirləşirdin? Deyəsən, mən Şimal Buzlu Okeanından, Antarktidada olmaq istədiyimdən danışırdım, bu şəhərdən və insanlardan qaçmaq istəyirdim bir neçə günlük. Sən demə, sən ünvanı həmişəlik dəyişməyi düşünürmüşsən. Nə biləydim axı…
Sonra nə dediyini xatırlamaq istəyirəm saniyələrədək. Səbinədən, Mətindən, İlhamdan, Brüsseldəki qardaşından nəsə deyirdin. Sentyabrda yenə komanda şəkilndə Gürcüstana - Əligilə gedəcəyimizi müzakirə edirdik. Təbiətən çox narahat olduğumundan, mən Allah bilir, neçənci dəfə soruşurdum səndən: "Sənin xarici pasportun var da, hə?". Sən başqa marşrutu seçdin. Gürcüstan sənə görə çox yaxınmış yəqin. Adam kişi kimi qaçar qaçmaq istəyəndə - qayıtmayacağın qədər uzağa. Belədi?!!!

***

Sən heç yerə sığışa bilmirdin. Bir dəfə addımlarını saymışdın, 10 mini keçmişdi. Qəbrinə baxanda hamımız dəli olduq - necə yerləşirsən ora. Amma mən bilirəm, sən orda deyilsən, hardasa bizi gördüyün bir yerdəsən və məzarın üstündə deyilən, bizim hamımız əsəbiləşdirən o "şeirə" gülümsəyirdin uzaqlardan. Biz sənin xatirinə dözdük ona, o isə başa düşmədi. Başa düşmək üçün səni oxumalıydı, tanımalıydı…
Biz sənə şeir oxuyacağıq, Fərhad. Bilmirəm nə qədər vaxtımız qalır, amma oxuyacağıq. Sən yaxşı şeir üçün darıxırdın axı. Bəs özün necə, nəsə yaza bilirsənmi orada? Mən sizdən qayıda-qayıda bu barədə düşünürəm və Qismətdən soruşuram: görəsən, orada nəsə yazmaq olur? Kimsə, deyəsən, Tapdıq cavab verir - yox, orada problem yoxdu axı, şair olmur orada. Deməli, sənin bizə oxuyacağın bir şey yoxdu - sən yalnız bu şəhərə uzaqdan baxırsan…

***

Yadındadı, həmişə sənin şeirlərinin yumşaqlığından danışırdım, mənə elə gəlirdi ki, bu yumşaqlığa necəsə toxunmaq olar, onu fiziki cəhətdən hiss eləmək olar. Mənə indi də belə gəlir. İndi (13 avqust) sənin varlığını əvvəllər olduğu kimi hiss edirəm. Əvvəllər - yəni bir gün əvvəlmi???
Bu sualın cavabını düşünüb özümü ağrıtmaq istəmirəm, həmişə ağrımaqdan zəhləm gedib. İndi də sənə ağlayıb-sızıldamayacam. Bugünlük bəsindi, düşünürəm. Sadəcə danışmaq istəyirəm səninlə. Bu günədək də belə danışdığım olub axı ürəyimdə (Zəng edə, mesaj yaza bilməyəndə çox vaxt belə danışıram dostlarla, bilirsən. Həmişə də əminlik var içimdə - onlar məni eşidir. Ya da, bəlkə, sözlərin tamam başqa bir xüsusiyyəti var, hə? Bəlkə, doğrudan, sözləri eşitməkdən özgə də necəsə hiss etmək olur, bilmirəm. Sən indi bunu məndən yaxşı bilməlisən. İndi məni hiss edirsən, bircə bunu bilirəm).
Səninlə belə söhbətlərimin biriydi, dekabrın 31-dən 1-nə keçən gecə il yeni təhvil olmuşdu. Evdəkiləri yuxuya verib, kefsiz, işsiz və demək ki, həm də pulsuz vaxtlarımda olduğu kimi, notbukumu qucağıma alıb dəhlizdə oturmuşdum. Həə, bu dəfə həm də sevgisizdim, bu hissin məni tərk etdiyi nadir anlardan biri idi. Niyəsə məhz sən yadıma düşdün, başqa heç kəslə danışmaq istəmədim, başqa hamıdan küsmüşdüm. "Bircə sən bilirsən" dedim əvvəl, sonra da köçürdüm kompyuterin yaddaşına:

Bircə sən bilirsən - gecələr
Qapı ilə necə oynayır külək.
Bircə sən bilirsən - bu hələ
Sabah səhərədək çəkəcək.

Sonra mənasız bir şəkildə utandım bunu məhz sənə yazdığımı göstərməyə, dedim, birdən düz anlamazlar (sən demə, mənim də belə mənasız komplekslərim varmış!!!). Və bir də sonuncu dəfə görüşəndə dedim bunu sənə. Nə yaxşı ki dedim…
Hə, o vaxt "Fərhad üçün" başlığını çıxardım və düz 6 ay bir bənddə ilişib qaldım. Bilmirəm niyə, niyə mənə elə gəlmişdi ki, qapının küləklə oynamasını səndən daha yaxşı heç kəs sezə bilməz. Bəlkə, o an mənə elə gəlmişdi ki, heç özüm də sənin qədər darıxmıram…
Sonra tamamlayacaqdım o parçanı, amma niyə yalan deyim ki, gerisini yazanda səni düşünməmişdim, səninlə danışmamışdım. İçimdəki sevgi yerindəydi bu dəfə…

***

Mənimlə roman yazacaqdın. Demişdin, başlamısan, göstərəcəksən mənə və mən də ritmə düşüb yazacam boynuma düşən hissəni. Özümə inanmasam da, sənə inanıram. Bax, elə bu yanaşı stulda mənə süjeti danışmağını xatırlayıram, dəli olmağım gəlir. Mən bunu yazacam, Fərhad. Bir az sakitləşəndən sonra - sənə layiq şəkildə. Söz verməkdən nə qədər qorxsam da, deyirəm, yazacam.

***

Sonuncu dəfə şəkillərini mən çəkdim - səsin hələ qulağımdadı, dedin ki, şəkildə yaxşı düşmürsən, fotogenik deyilsən. nə yaxşı zorla səni qalxıb Anarla, Qismətlə yanaşı durmağa məcbur elədim… Bilsəm, yenə çəkərdim, bir də, bir də…
Sonuncu dəfə mənim dəftərimə şeir yazdın, bilsəm deyərdim bu şeir oyununu bir az da uzadaq… sonra bir də… bir də… (Baxıram ki, Qismətin yazdıqlarını təkrarlayıram bəzən. Təbiidir, sənin ayrılığını hamımız eyni cür yaşayırıq - xatirələrimiz bir qədər fərqli olsa da)…
Bircə dəfə xətrinə dəydim, yadımdadı, səni qorumaq istədiyim üçün. Sənin darıxmağın keçəcək dedim, dedim ki, keçəcək, amma sonra yenə darıxacaqsan və sonra yenə keçəcək. Mənə yazdın ki, haqlıyam. Amma mən səhv etmişdim. Mənə həmişə elə gəlirdi ki, bu xroniki mərhələlər heç vaxt bitmir. Ölüm o qədər uzaq idi ki, mən həyatı əbədiyyətlə eyniləşdirirdim. İndi çox şey dəyişib, Fərhad, ölüm o qədər yaxındadır ki, mən hər dəqiqə kimisə itirəcəyimi gözləyirəm elə bil. Bu dəhşətdi, dostum…

***

İçimizin ən yaraşıqlısı, ən işıqlısı, ən istedadlısı, ən fədakarı… Bu "ən"ləri ard-arda düzməyin nə mənası. Tanımayanlar deyəcəklər, yoxsan deyə belə fikirləşirik. Tanıyanlar isə bilir…
Elə bilirəm yenə mənə zəng edəcəksən ki, İlham darıxır, Ağsudadır, bilməsin mən demişəm, götür ona bir mesaj yaz. Mən də zəng edəcəm və telefonda İlhamın gülüşünü eşidəcəm…
Amma İlham hələ uzun müddət gülə bilməyəcək bundan sonra. Az qala iti belə gülməyə məcbur edən Anar Amin əvvəlki qədər duzlu-məzəli olmayacaq. Və mən heç vaxt sənin yanında olduğum qədər rahat, arxayın olmayacağam, qardaşım…

***

Sən işıqlı adam idin. Biz qaranlıqda işıq axtarmağı sevirdik səninlə. Məncə, səninlə bu dəfəki söhbətim də işıqla bitməlidi.
Qismət yazıb, komandamızın ən yaxşı oyunçusunu itirdik. Həəə, biz göstərəcəkdik ki, azərbaycanlılar komandada oynaya bilirlər. Düşünmürəm ki, sənin getməyin əlamətdir. Məncə, bu sınaqdır, sadəcə, biz sənsiz - ən yaxşı oyunçusuz oynamalı olacağıq - sənə qırmızı kart göstərdilər, biz indi oyunu sənsiz davam etdirməliyik…
Biz yerdə sənin üçün dua edirik, sən də bizə uğur arzula göylərdən…
Buna ehtiyacımız var, dostum…



13-16 avqust