Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

FƏRHAD MENE ÜÇÜN


RƏBİQƏ
FƏRHAD METE ÜÇÜN


ZƏRDÜŞT 86
MÖCÜZƏ
Hekayə


V.S NAYPOL
GƏNÇ YAZIÇILAR ÜÇÜN


Con STEYNBEK
Gənc yazıçılara məsləhət


Uilyam FOLKNER
Gənc yazıçılara müraciət


Ali ALİOĞLU


Nahid HACIYEV
YUMULMAYAN GÖZLƏR
Hekayə


Leyla ŞƏRİFOVA


Anar AMİN


Elnura CAVADZADƏ
DEYİLMƏMİŞ SAĞLIQ..
Hekayə


Qəndab BABAYEVA


Vüsal NURU


İTİK
Hekayə


Günel EMİNLİ
"NAXIŞSIZ" ÇILÇIRAQ
QOXU
Hekayələr


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏYANƏTİN DOSTU
Hekayə


Qılman İMANLI


Sevinc MÜRVƏTQIZI
YANILMA
Hekayə


Aytən TƏHMASİB


Elnaz EYVAZLI


Elvin BAKİROĞLU


Kəramət BÖYÜKÇÖL


Fərid HÜSEYN


Hafiz HACXALIL


Dünya poeziyasından tərcümələr


Xəyalə SEVİL


Ziyad QULUZADƏ
Empty...
Hekayə


Xudabaxış ƏLİYEV
SON ADDIM
Hekayə
Şerlər


RUH­LAN
TÜNZALƏ AĞAYEVA ILƏ MÜSAHİBƏ....



 

Uilyam FOLKNER
Gənc yazıçılara müraciət


 

Prezident Eyzenhauerin iki il əvvəl təklif etdiyi plan əslində düzgün mülahizəyə söykənirdi. Onun fikrincə, müasir dünya və bəşəriyyət qarşısında dayanan dilemma müxtəlif irq, dil və mövqeləri təmsil edən insanların qarşılaşdıqları problemləri öz aralarında yox, rəsmi təşkilatların və antaqonist hökumətlərinin vasitəsilə müzakirə etmək məcburiyyətindən irəli gəlirdi.
Yəni, insanlara həyatlarının bütün mərhələlərində, dünyanın hər hansı nöqtəsində yaşayan həmkarları ilə danışmaq imkanı yaradılmalı idi: fəhlə fəhlə ilə, alim alimlə, eləcə də həkimlər, hüquqşünaslar, tacirlər, bankirlər məkandan asılı olmayaraq müqabil tərəflə müzakirələr apara bilməli idilər.
Sözsüz ki, bu, pis fikir deyildi. Ömrünü irqindən, rəngindən və mövqeyindən asılı olmayaraq insanlarla ünsiyyətə həsr etmiş və son nəfəsinəcən bu məqsədə can atacaq heç bir sənətkar - rəssam, musiqiçi, heykəltəraş, memar, yaxud yazıçı bu fikrin əleyhinə çıxa bilməz.
Mənim etirazıma isə prezidentin öz fikrini izah etmək üçün seçdiyi ifadələr səbəb olmuşdu: fəhlə fəhlə ilə, rəssam rəssamla, bankir bankirlə, kapitalist kapitalistlə. Mən Amerika və zəmanəmizə qədər davam gətirə bilmiş bütün ölkələrin mədəniyyətlərinə sirayət etmiş bir bəlaya etiraz edirdim: az qala dini qüvvəyə malik, mifik inanca görə, insanın insanla söhbəti mümkün deyil, çünki insan artıq ayrılıqda mövcud ola bilməz. Artıq heç kim dünyada insanların özünə qarşı dürüstlük, başqaları qarşısında məsuliyyət, zəifləri müdafiə, mərhəmət və rəhmdillik kimi sadə mətləblər haqqında danışa biləcəyinə inanmır. Çünki dürüstlük, məsuliyyət mərhəmət və rəhmdillik kimi insani keyfiyyətlər artıq mövcud deyil. İnsan yalnız öz fərdiliyindən üz döndərdikdən və aid edildiyi növün təşkilatlanmış qrupuna qoşulub əks cəbhədəki qrupa qarşı çıxdıqdan sonra sağ qalacağına ümid bəsləyə bilər. "Xalq demokratiyası", "azlıqların hüququ", "hüquq bərabərliyi", "sosial rifah" kimi eyni mücərrəd ifadələri eyni vaxtda qabartsalar da, özlərini müxtəlif cəbhələrə aid edən bu qruplar hər kəsi məsuliyyətdən imtinaya nəinki dəvət, hətta vadar edir, beləliklə etinasızlıqdan doğan xəcalət hissini də məhv edirlər.
Bu zaman Eyzenhauer (Prezidentin "İnsandan - İnsana" Komitəsini nəzərdə tuturam) həyatını insan qəlbinin problem və ehtiraslarını, iztirablara tab gətirməyin yollarını insandan insana ötürməyə həsr etmiş sənətkardan ömrü boyu inkar etdiyi mifologiyanı, yəni insanın ayrı -ayrılıqda heç bir məna kəsb etmədiyini, onun yalnız fərdiyyətindən imtina edib hansısa qrup daxilində sıra sayına çevrildikdən sonra müəyyən çəki və əhəmiyyət qazana biləcəyini təsdiq etməyi xahiş edirdi. Həyatını həsr etdiyi amalın mötəbərliyinin ölkəsi tərəfindən rəsmən tanındığı belə məqamlarda sənətkarın, insanı ixtisas, ticarət, gəlir vergisi, başqa meyar tapılmayanda isə hansısa maliyyə şirkətinin siyahısına mənsubluğa görə təsis edilmiş qrupa aid edib, onu nəinki məsuliyyət hissi, hətta fiziki ağrı və ölərilikdən azad olmaq dərəcəsində fərdilikdən məhrum etmək məqsədi daşıyan kütləvi qruplara bölünmə, təşkilatlanma arzusuna təslim olmaq məcburiyyətində qalması yetərincə kədərli deyilmi?
Faciə burasındadır ki, bu gün o, insani keyfiyyətlərini məhv etməyə yönəlmiş həmin kütləvi təzyiqə qarşı, sənətkar olmaq naminə mübarizə aparmaq, beləliklə öz kiçik, lakin (söhbət əsl sənətkardan gedirsə) son dərəcə dəyərli fərdi qüvvəsinin bir hissəsini itirmək məcburiyyətindədir. Məncə, bu gün bütün gənc yazıçılar bu dilemma qarşısında dayanıblar.
Zənnimcə, duyub-hiss etdiklərini dərhal yazıya köçürə bilmək üçün yüksək sürət və səylə çalışan bütün yazıçılar özlərindən sonra gələn gənc yazıçıları oxumurlar. Bu, arxada qalanlarla maraqlanmağa vaxtı olmayan, yalnız özündən qabaqdakılara çatmağa can atan qısa məsafə yarışçısının vəziyyətini xatırladır. Eyni səbəbdən mən də uzun müddət müasir ədəbiyyatla maraqlanmamışam. İyirmi beş illik boşluqdan sonra, bu yaxınlarda gənc yazıçılarla tanış olmaq qərarına gəldim. Oxuduğum ilk hekayədən aldığım təəssüratın müntəzəm şəkildə təkrarlanması məni müasir ədəbiyyat haqqında ümumiləşdirmə aparmağa sövq edir: mədəniyyətimizin hazırki vəziyyəti gənc yazıçını insan irqinin vakuumunda fəaliyyət göstərməyə məcbur edir. Bizi yaradıcılığa həvəsləndirən Dikkens, Fildinq, Tekkerey, Konrad, Tven, Smollett, Hotorn, Melvill, Ceyms və başqa ustadların yaratdığı qəhrəmanlardan fərqli olaraq, müasir yazıçıların oxucularına təqdim etdikləri obrazlar insan təbiətinə xas həyəcan və iztirablar içində yaşamırlar: onlar sanki nəfəs almır, hərəkət etmir, mübarizə aparmırlar. Həyəcan və iztirab kimi sadə insani xüsusiyyətlərdən təkcə qidalanmayan, həm də həmin hisslərdən doğulan bədii qəhrəmanları yaradan ustadların sayı həddindən çoxdur. Varlıqları ilə insanların yenilməz və bitib-tükənməz nikbinliyini təsdiqləyən bu qəhrəmanlar, hətta nifrət oyadan, cinayət işləyən, oğurluq, yaxud xəyanət edən zaman belə oxucularının özü qədər əlçatan və başadüşüləndirlər: həmin obrazları hərəkətə gətirən, hələ qruplaşma və təşkilatlanma məcburiyyətinin diktəsi ilə mürəkkəbləşməmiş ehtiras, qorxu və ümidlər bizə tanışdır. Onlar həmin həyəcan və iztirablara nəinki qorxmadan, hətta məmnuniyyətlə təslim olurdular: ən pis halda başları başqa bir insanın başı ilə toqquşacaqdı, ya da dirsəklərinin və ya dizlərinin dərisi sıyrıla bilərdi. Lakin dərini soyan dirsək də, diz də uzaqbaşı başqa bir insana məxsus olacaqdı. İnsanlar bucaqlara əsasən yox, qəbul edib - inandıqları əxlaqi prinsiplərin diktəsi ilə hərəkət edirdilər, çünki həqiqət baxış bucağından asılı olmayan, qəbul etmədiyiniz, yaxud hörmətlə yanaşmadığınız halda bütün varlığınızı sarsıda biləcək qüdrətə malik bir məfhum və ya keyfiyyət idi.
Müasir əsərlərin qəhrəmanları isə ayrıca fərd kimi yox, təcrid olunmuş halda yaşamalı, insan qəlbinin bitib-tükənməz ümid və iztirabların ardınca qaçmaq əvəzinə, seçmədikləri, öhdəsindən gələ bilmədikləri, tərsinə çevrilmiş şərab qədəhinin içindəki milçək kimi qarşısında aciz qaldıqları faktlarla dolu boşluqda mövcud olmağa çalışmalıdırlar.
Təkrar edirəm: Gənc yazıçıların bütün əsərlərini oxumamışam; hələ vaxtım olmayıb. Ona görə də yalnız oxuduqlarım haqqında danışa bilərəm. Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" romanını oxuduqlarımın ən yaxşısı hesab edirəm, bəlkə də ona görə ki, bu əsər demək istədiklərimi çox gözəl əks etdirir: gələcəyin yetkin kişisi, bəzilərindən daha ağılı və çoxlarından həssas cavan bir oğlan, bəlkə də Allahın hökmü ilə insanları sevir, bəşəriyyətin bir parçasına çevrilmək, insanlara qoşulmaq istəyir, lakin müvəfəqq ola bilmir. Məncə, onun faciəsi özünün düşündüyü kimi insanlar arasına qəbul edilmək üçün kifayət qədər möhkəm, cəsur və layiqli olmamasında deyildi. Faciə burasında idi ki, Holdenin qoşulmaq istədiyi bəşəriyyət adlı məfhum artıq mövcud deyildi. Onun hay-küy salmaqdan, hiddətlənməkdən, yorulub təslim olana, yaxud öz vızıltısı özünü məhv edənədək şərab qədəhinin şüşə divarları arasında vızıldamaqdan başqa əlacı yox idi. Əlbəttə, dərhal gələcəyin başqa bir yetkin kişisi, gənc Haklberi Finn yada düşür. Lakin onun savaşı yalnız öz qısa boyuna qarşı mübarizə ilə məhdudlaşırdı və zaman özü Hakın bu yarasını sağaldacaqdı. Vaxt ötdükcə onun boyu da ayaqlaşmaq istədiyi insanların boyuna çatacaqdı. İnsanlar onu öz aralarına qəbul edəcəkdi: təkcə qalırdı bir az böyümək.
Məncə, gənc yazıçı qarşısında dayanan dilemma bundan ibarətdir. Təkcə onun yox, hamımızın vəzifəsi insanın ayğır, qaban, yaxud öküz axtalayarcasına ruhsuzlaşdırılmasına mane olmaqdır. İş işdən keçmədən, insan adlı heyvanın insanlığı tamam yoxa çıxmamış bəşəriyyət simasızlıqdan xilas edilməlidir. İnsanlığın məhv olmaq təhlükəsi yaşamaq gücünü insandan alan sənətkardan çox kimi qorxuda bilər? İnsanlığı xilas etmək üçün yazıçı, şair və ya rəssamdan daha münasib kimsə varmı?


Tərcümə edəni Ülkər