Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

FƏRHAD MENE ÜÇÜN


RƏBİQƏ
FƏRHAD METE ÜÇÜN


ZƏRDÜŞT 86
MÖCÜZƏ
Hekayə


V.S NAYPOL
GƏNÇ YAZIÇILAR ÜÇÜN


Con STEYNBEK
Gənc yazıçılara məsləhət


Uilyam FOLKNER
Gənc yazıçılara müraciət


Ali ALİOĞLU


Nahid HACIYEV
YUMULMAYAN GÖZLƏR
Hekayə


Leyla ŞƏRİFOVA


Anar AMİN


Elnura CAVADZADƏ
DEYİLMƏMİŞ SAĞLIQ..
Hekayə


Qəndab BABAYEVA


Vüsal NURU


İTİK
Hekayə


Günel EMİNLİ
"NAXIŞSIZ" ÇILÇIRAQ
QOXU
Hekayələr


Ül­viy­yə HEY­DƏ­RO­VA
XƏYANƏTİN DOSTU
Hekayə


Qılman İMANLI


Sevinc MÜRVƏTQIZI
YANILMA
Hekayə


Aytən TƏHMASİB


Elnaz EYVAZLI


Elvin BAKİROĞLU


Kəramət BÖYÜKÇÖL


Fərid HÜSEYN


Hafiz HACXALIL


Dünya poeziyasından tərcümələr


Xəyalə SEVİL


Ziyad QULUZADƏ
Empty...
Hekayə


Xudabaxış ƏLİYEV
SON ADDIM
Hekayə
Şerlər


RUH­LAN
TÜNZALƏ AĞAYEVA ILƏ MÜSAHİBƏ....



 

Hafiz HACXALIL


 

BAKI

Bakı,
mən sənin qoynunda doğulmadım,
kürəyimi Xəzərə yox, dağlara söykədim.
Taleyimə qaçqınlıq yazılanda sənə sığındım.
Uşaq olsam da qəriblikdən,
qaçqınlıqdan sıxıldım.
Sıxıldım nənəmin göz yaşlarına,
sıxıldım əmimin,
babamın sındırılmış baş daşlarına.
Göz yaşımı oyuncaqlar aldatmadı.
Bəyaz mələklər girdi yuxuma,
yuxularda göylərə göylük deyib
qaçdım yorulmadan.
Nə ulduz dərə bildim, nə də çiçək,
baxdim ki, böyümüşəm -
Hər günüm ömür adlı yelləncək.
Bakı,
sən də böyümüsən
bulud keçməz göydələnələr şəhərisən.
türkə, farsa, erməniyə vətənsən yenə.
Yad daşından dəyən
zərbə yaddaşını zədələyir.
təzə yollar çəkilir köhnə xatirələrin üstünə.
Hər gün bir qəza, qədər.
təzə tanışlar, köhnə sevgilər.
Ağacların da xərçəngə tutulub artıq.
bir yaşıl yarpağa, bir axar suya möhtacıq.
Bakı,
neftli gözlərindən öpüm.
dərdimi sənə dedim,
doğulduğum torpaqdan qovuldum,
bəs indi hara gedim?

***

                       Elçin İsgəndərzadəyə

Bakıda nəyin var, şuşalı qardaş,
Bizim ki canımız qəfəsə sığmaz.
Mən də vətənimdən atılan bir daş,
Bu bulud gözümün ipi yığılmaz.

Ta bundan o yana ...səbir neynirəm,
İndi Yaradan da səbirdən çıxıb.
Bu dərd kəfənimi geydim əynimə,
Gördüm ki, bir ucu qəbirdən çıxıb...

Durna da yoxdur ki, salam göndərək,
Sən Cıdır düzünə, mən İlməzliyə.
Ən böyük dərd imiş dözüb gözləmək,
"Günlərin birində dönərik" deyə.

Qar deyil, yolları ahımız tutub,
Vətən söyləməkdən dil qabar-qabar.
Bir anlıq hər şeyi "qardaş" unudub,
Tut mənim əlimdən Şuşaya apar.

Dərd gəldi, sinəmi dəldi də keçdi,
Üşüyən qəlbimdə qar qıza çətin.
2009 da gəlib yetişdi.
Gedə biləcikmi Qırxqıza?...çətin

Yaxın buraxarmı bizi o dağlar,
Düz 20 ildi ki, yada dönmüşük.
Boy verə bilmirik qayalar kimi
Hərəmiz bir quru ada dönmüşük.

"Ya ölüm, ya olum", ya da ki, heç nə.
"Dur" deyəm gözümün yaşına bir gün.
Sancam ürəyimi bayraq yerinə
Şuşa qalasının başına bir gün.

DÜŞÜR

Eh, görəsən hər günümə
Neçə dənə günah düşür.
Bu günahlar içində hey,
Ürəyimə min ah düşür.

Yoxdu bir sevinc verənim,
Dərd kəsilib ömrə qənim,
Mələklərim ölüb mənim-
Hər çiynimdən qanad düşür.

Hey baxırıq yerə-göyə
Gözümüzü döyə-döyə
Günü, ayı görək deyə,
Axşam düşür, sabah düşür.

Yaşayırıq qaça-qaça
İstər cavan, istər qoca
Özümüzü unutduqca
Yadımıza Allah düşür.

QALMAYIB

Viran olub yurd yerləri,
Daş üstündə daş qalmayıb.
Əzilibdi ləçək-ləçək
Çəmən, çiçək xoş qalmayıb.

Lal qayalar tutub yası,
Bulaqların göynər sazı.
Yamaclarda yaz havası.
Zirvələrdə qış qalmayıb.

Fələk vurdu sərt əlinnən
Ölmüşəm namərd əlində.
Nə yaxşı ki, dərd əlindən
Sınıq könlüm boş qalmayıb.

***

Qız, sənin qara saçların,
Dilimdəki duadırmı?
Hər telində bağlı qalan
Min sehrli sualdırmı?

Səni oxuyam dua kimi
Nə qorxam, nə də çəkinəm
Səsini təmiz su kimi
Hər gün başıma çəkirəm.

Baxışlarım kirpiyində
Tilsim olar, düyün olar.
Günahsızsan, gözəl bəndə,
Günah yerin, göyün olar.

***

                           Qrup yoldaşım Aytənə

Ötəri hiss kimi kəpənək olmur,
Onun güldən-gülə qonmağı çətin,
Bir yerdə doğulur, min yerdə ölmür.
Məzarı bir olur ilk məhəbbətin.

Cücərib boylanar çiçəksayağı,
Uçar göy üzünə quş qanadında.
Kökünə güc verər ürək torpağı
Çıxar yarpaqları sevgi adında.

Sevinc uzaq düşər, qəm yaxın gələr.
Süzülər yanaqdan göz yaşı kimi.
Görənin içini sökər, silkələr
Qərib məzarlıqda başdaşı kimi.

Danışar Tanrının sevdiyi dildə,
Ürəyi ürəyə calaq eyləyər.
Hər sevən ürəkdə, sevən könüldə
"Məhəbbət" sözünü bayraq eyləyər.

Ya adı, ya odu qalar xatirə
Ya göyə çəkilər bulud donunda.
Sədasız, səmirsiz getdiyi yerə,
Gedər, sakit gedər, sükut donunda.
Atalar düz deyib: Hər şeyin ilki,
Görən ilk məhəbbət yarımır niyə?
Bəlkə də yenidən biz sevirik ki,
Onun ağrısını unudaq deyə.

ÇƏKƏR

Hər gün ömrə naxış vurar astaca
Hər gün ömrə qara çəkər, ağ çəkər.
Mənim kimi külü göyə sovrulan
Gecə-gündüz nalə eylər, ah çəkər.

Ovçusu çox ömür adlı bərənin,
Tanrı yazan qisməti var hərənin.
Min günahın içərisində ölənin
Günahını diri çəkər, sağ çəkər.

Suya həsrət torpaq idim, yer idim.
O ulduzdan bu ulduza yeridim.
Elə bil ki, sinəm şəkil yeridi.
Zalım fələk gündə neçə dağ çəkər.


***

Yazılan qismətdi başıma gəlir,
Hara gedirəmsə qarşıma gəlir.
Bilirəm, sənin də xoşuna gəlir.
Allah, bu sevgiyə bağışla məni.

O haqdan süzülən qaynar bulaqdı,
Nur kimi gözümdən könlümə axdı.
Ömrümün, günümün bu cavan vaxtı.
Allah, bu sevgiyə bağışla məni.

Geyinsən geyilmir, yesən yeyilmir.
O, sazda çalınmır, dildə deyilmir.
Sənin də bir adın sevgi deyilmi?
Allah, bu sevgiyə bağışla məni.

Nə yansın, nə də ki min ah eyləsin,
Zülmət gecələri sabah eyləsin.
Bəndələr sevməklə günah eyləsin.
Allah, bu sevgiyə bağışla məni.

Sevgimə şahiddir bu qələm, kağız.
Qu tək oxuyuram mən də bir ağız.
Yazıqdı, nə olar, yazıqdı o qız.
Allah bu sevgiyə bağışla məni.


II Qİsmət

ANALİZ
Şeir

Adamlar ,
səhər acqarına
bir kibrit qutusu ürək verin analizə.
Görəssiniz ki,
günahınızın atası şeytandı.
Görəssiniz ki,
siz günaha hamiləsiz...

ağaclar ,
səhər acqarına
bir kibrit qutusu yarpaq verin analizə.
Görəssiniz ki,
yarpaqlarınızın atası buluddu.
Görəcəksiniz ki,
siz ucalığa hamiləsiniz...

dənizlər ,
səhər acqarına
bir kibrit qutusu mavilik verin analizə.
Görəssiniz ki,
maviliyin atası səmadı.
Görəssiniz ki,
siz qağayılara hamiləsiniz.

Şairlər ,
səhər acqarına
bir kibrit qutusu SÖZ verin analizə.
Görəssiniz ki,
ALLAH var.
Görəssiniz ki,
Hər şey dəqiqdi, düzdü.
Görəssiniz ki,
dünya SÖZDÜ...


Bilirdim gəLəcəksən...

Esse

Heç vaxt qayıtmadım.Nə küsdüyüm dostlara, nə ayrıldığım sevgililərə, nə vaxtilə sevmədiyim kitablara, nə də dəbdən düşüb deyə nə vaxtsa sevdiyim mahnılara- heç kimə və heç nəyə heç vaxt qayıtmadım.
Mən biletləri həmişə birtərəfli aldım.
Həmişə "gedən" oldum, həmişə "vəfasız" oldum.
Geri dönmədim, heç vaxt geri dönmədim.
Arabir adamın içindən bütün qayıtmadıqlarına qayıtmaq keçir.
Bəzən az-az çəkdirdiyim şəkilllərə baxıram.
Unutduğum üzləri, adları xatırlayıram.
Bəzisinə gülürəm, bəzisinə kövrəlirəm...
Bəzisini yırtmaq istəsəm də, bəzisinə qayıtmaq istəyirəm...
Arada mənə elə gəlir ki, nə vaxtsa sevgilim olmuş bir qız və ya "qardaşım" dediyim bir dost bu şəkillərdən hansındasa DELETE olunub.Bu şəkillərin yarımçıq hissəsindəki o sevgililər, dostlar arada elə bil ki, hardansa uzaq keçmişdən nəsə deyirlər.
Amma mən uzaqlığın və yadlığın dilini bilmirəm.
Qayıtmaq...
Məsələn, birinci kursa...
Məsələn, bir il əvvələ...
Məsələn, dünənə...
Amma keçmişdəkilər sən qayıdanda sənin onları orda qoyduğun kimi olmaya da bilərlər.
Nə bilmək olar.
Bilmirsən ki, keçmiş sənin qayıtmağına minnətdar olacaqmı ?
Üzünə güləcəkmi ?
"Gəlişini gözləyirdim" -deyəcəkmi ?
Yadıma nəsə düşdü...
Savaşın ən qanlı günlərindən biri...
Əsgər ən yaxın dostunun bir az irəlidə vurulduğunu gördü.
Güllə yağışı yağırdı.
Əsgər komandirin yanına qaçdı və dedi :
-Icazə verin, gedim dostumu gətirim.
- Getməyə dəyər, səncə ? Dostunu vurublar... Yəqin ki, artıq ölüb.Öz həyatını təhlükəyə atma.
Əsgər israr elədi.
"Yaxşı, get"- dedi komandir.
Möcüzə baş verdi.Əsgər o güllə yağışının altında dostuna çatdı və onu götürüb səngərə qayıtdı. Birgə səngərin içinə yuvarlandılar.
Komandir qan içindəki əsgəri yoxladı.Sonra onu səngərə daşıyan dostuna döndü və dedi :
- Sənə həyatını təhlükəyə atmağa dəyməz, demişdim.Bu, onsuz da ölüb.
- Dəydi, cənab komandir, dəydi.
- Necə yəni dəydi ? Görmürsən bu ölüb ?
- Yenə də dəydi.Çünki onun yanına çatanda hələ sağıydı.Onun son sözünü eşitmək mənim üçün hər şey idi.
- Nə dedi ki ? Vəsiyyət-filan elədi ?
- Yox.Vəsiyyət filan eləmədi.Sadəcə dedi ki, bilirdim... bilirdim ki, gələcəksən.
Bəzən adam qayıtmaq istəyir.
Qayıtmaq istəyir saqqız çeynədiyi, şəkillər yığdığı, söyüş öyrəndiyi, gizli siqaret çəkdiyi, məhlədən qız sevdiyi, ayaqqabısı mazlı, saçı jeleli günlərə...
Qayıtmaq istəyirsən bir dostun qəlbini qırdığın anı düzəltməyə, sevgilini öpdüyün günə, bir filmə baxıb ağlamağı bacardığın qədər adam olduğun illərə...
Bəlkə də kimsə o illərin, günlərin hansındasa və harasındasa dayanıb səni gözləyir.
Səni görən kimi gülümsəyib deyəcək : "Qismət, bilirdim gələcəksən..."