Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


O İLİN XEYİR-DUALARI


ANAR
ÖMRÜMÜN "QOBUSTAN" İLLƏRİ


Zemfira SƏFƏROVA
Müstəqillik dövründə Azərbaycan musiqisinə bir baxış


Mehriban ƏHMƏDOVA
HƏMİŞƏYAŞAR BƏSTƏKAR


CƏFƏR CABBARLI
(«Portretlər»dən)


Vəfa XANOĞLAN
İLYAS ƏFƏNDİYEV:
«YAZIÇI ÜÇÜN DIL ONUN ÜRƏYININ TƏRCÜMANIDIR»


«Mühit içində, təpədən dırnağa kimi ümid içində»


Elnur ƏHMƏDOV
Süleyman Ələsgərovun «Tarantella» pyesi


Vaqif SƏMƏDOĞLU
İlqar FƏHMİ
Çağdaş detektiv romanlar ustası


İmaməddin ZƏKİYEV
NAMƏLUM «HESABAT»IN MƏLUM MƏTNİ


Çingiz ƏLƏSGƏRLİ
XALQIN ARTİSTİ, XALQ ARTİSTİ İLHAM NAMİQ KAMAL


İmruz ƏFƏNDİYEVA
İstedadlı musiqişünas alim


Mehriban Sultan
MƏNƏVİ VARİSLİK HAQQI


Turan ŞÜKÜROVA
ABSURD TEATR


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ ANSAMBLLARI
TƏSVİRİ SƏNƏTDƏ


Səyyarə NAMİQQIZI
Milli irsin qorunması barədə?


Ziyadxan ƏLİYEV
Fırçayla yaradılan yaradıcılıq yolu


Elçin HƏŞİMOV
AZƏRBAYJAN XALQ ƏMƏK MAHNILARINA BİR NƏZƏR


Sevda AĞAYEVA
«Kaspi» qəzetində teatr problemlərinin əksi
(1910-1919-cu illər)


AĞASƏFA
ŞƏHƏRGƏ


Məlahət NƏCƏFOVA
Azərbaycanda yaşayış mühitinin yaranmasını və inkişafını
səjiyyələndirən əsas mərhələlər


«QOBUSTAN» – 40

 

ÖN SÖZ


 

40 il əvvəl – 1969-cu ildə respublikamızın mədəni həyatında ciddi bir hadisə baş verdi. İncəsənət toplumuz «Qobustan»ın ilk sayı işıq üzü gördü. Belə bir nəşrə çoxdan ehtiyac duyulurdu. Xeyli çətinlik və maneələrdən sonra müxtəlif sənət qollarını təmsil eləyən, hər baxımdan yeni bir toplu axır ki oxucuların görüşünə gəldi. Toplunun çox uğurlu sayılmalı adının «Qobustan» seçilməsi o vaxt «Ön söz»də belə əsaslandırılmışdı:
«Xəttimiz, sənətimiz Qobustan qaya rəsmlərindən başlanıb.
Qobustanda müxtəlif sənət növlərimizin toxumları səpələnib. Heykəl sənəti örnəklərinn – qabartmaları, oyuqları – Qobustanda axtarın.
Təsviri sənətimizin ulu nümunələri – qədim insanların görkəmi, məişəti, insanları, duyğuları Qobustanda hifz olunub.
Daş üzərində əbədi donmuş rəqsi – Yallını elimiz bu gün də yaşadır.
«Qavalçalan daş»ın səsi neçə min il bundan qabaqkı konsertin sədalarını bu günümüzə çatdırıb.
Mərasim, ayin, tamaşa sənətimizin əski ünsürləri – Qobustan dastanlarıdır.»
Doğrudan da Qobustan sənət rəmzidir. Bir çox sənət növlərimizi daş sinəsində qoruyub saxlayan zəngin xəzinədir.
İlk saylarından başlayaraq «Qobustan» öz kredosuna sadiq qaldı. Azsaylı əməkdaşları ilə yanaşı ətrafına topladığı müəllifləri də toplunun seçilən, sayılan, oxucuların hər sayını səbirsizliklə gözlədiyi bir nəşr kimi araya-ərsəyə gəlməsində səylərini əsirgəmədilər. Onların birgə çalışmaları sayəsində «Qobustan» müxtəlif sənət sahələrimizin həm keçmişinə, həm bu gününə güzgü tutdu, maraqlı yazılar, araşdırmalarla oxucu rəğbəti qazandı. Uğurlarına sevinənlərlə yanaşı həsəd çəkənləri, hətta bədxahları da tapıldı. Amma süni əngəllərə, yersiz müdaxilələrə, müyyən maneələrə baxmayaraq toplu tutduğu yoldan dönmədi, sənətə həqiqi xidmət yönlərini qoruyub saxladı. Şübhəsiz ki, toplunun öz dəsti-xətti, məziyyətləri olan bir nəşr kimi fəaliyyətində, formalaşmasında, böyük nüfuz qazanmasında onun ilk baş redaktoru Anarın həmişə xatırlanası, danılmaz xidmətləri vardır. 20 ilə yaxın bir dövrdə o toplunun bütün cəfalarına dözmüş, çətinliklərini dəf etmiş, uğurlarının təminatçısı olmuşdur.
Sonralar da istedadlı şairimiz Fikrət Qocanın baş redaktorluğu ilə çıxan «Qobustan» bir ara maddi çətinliklər məngənəsində sıxılsa da ən yaxşı ənənələrini qoruyub saxlaya bilmişdir. Son beş ildəsə indiki mətbuat tünlüyündə çoxdankı əməkdaşları və müəlliflərinin qüvvəsilə toplu işini əsasən ənənəvi xətti istiqamətində qurmaqla irəliləməyə çalışmışdır. Buna nə dərəcədə nail olduğunu şübhəsiz ki, oxucuları müəyyənləşdirə bilər. Redaksiyamızsa bu fikirdədir ki, toplunu günün tələbləri səviyyəsində oxuculara çatdırmaq üçün imkanları hələ tükənməyib, materialların keyfiyyətinə daha ciddi fikir vermək, bədii tərtibatını təkmilləşdirməklə, xüsusən topluda çalışan əməkdaşların fəallığı və öz işinə məsuliyyətli yanaşması ilə bunu gerçəkləşdirmək mümkündür.
40 ildə «Qobustan»da xeyli adam işləmiş, fəal müəlliflərilə seçilmişdir. Bu gün biz onların hamısını minnətdarlıqla anır, dünyasını dəyişənlərinə rəhmət, sağ-salamat olanlarına möhkəm cansağlığı, uğurlar diləyirik. Unudulmamalıdır ki, toplunun uğurlarında onlardan hər birinin az və ya çox əməyi olmuşdur.
40 yaş istənilən nəşr orqanı üçün də cavanlıq, əsl kamillik vədəsidir. Qoy «Qobustan» həmişə ruhən cavan, adaşı Qobustan kimi uzunömürlü olsun.