Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


O İLİN XEYİR-DUALARI


ANAR
ÖMRÜMÜN "QOBUSTAN" İLLƏRİ


Zemfira SƏFƏROVA
Müstəqillik dövründə Azərbaycan musiqisinə bir baxış


Mehriban ƏHMƏDOVA
HƏMİŞƏYAŞAR BƏSTƏKAR


CƏFƏR CABBARLI
(«Portretlər»dən)


Vəfa XANOĞLAN
İLYAS ƏFƏNDİYEV:
«YAZIÇI ÜÇÜN DIL ONUN ÜRƏYININ TƏRCÜMANIDIR»


«Mühit içində, təpədən dırnağa kimi ümid içində»


Elnur ƏHMƏDOV
Süleyman Ələsgərovun «Tarantella» pyesi


Vaqif SƏMƏDOĞLU
İlqar FƏHMİ
Çağdaş detektiv romanlar ustası


İmaməddin ZƏKİYEV
NAMƏLUM «HESABAT»IN MƏLUM MƏTNİ


Çingiz ƏLƏSGƏRLİ
XALQIN ARTİSTİ, XALQ ARTİSTİ İLHAM NAMİQ KAMAL


İmruz ƏFƏNDİYEVA
İstedadlı musiqişünas alim


Mehriban Sultan
MƏNƏVİ VARİSLİK HAQQI


Turan ŞÜKÜROVA
ABSURD TEATR


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ ANSAMBLLARI
TƏSVİRİ SƏNƏTDƏ


Səyyarə NAMİQQIZI
Milli irsin qorunması barədə?


Ziyadxan ƏLİYEV
Fırçayla yaradılan yaradıcılıq yolu


Elçin HƏŞİMOV
AZƏRBAYJAN XALQ ƏMƏK MAHNILARINA BİR NƏZƏR


Sevda AĞAYEVA
«Kaspi» qəzetində teatr problemlərinin əksi
(1910-1919-cu illər)


AĞASƏFA
ŞƏHƏRGƏ


Məlahət NƏCƏFOVA
Azərbaycanda yaşayış mühitinin yaranmasını və inkişafını
səjiyyələndirən əsas mərhələlər



 

Sevda AĞAYEVA
«Kaspi» qəzetində teatr problemlərinin əksi
(1910-1919-cu illər)


 

XIX əsrdən başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına təkan verirdi. Bütün sahələrdə köklü dəyişikliklər yaranırdı. Bu dövr daha cox Azərbaycan teatrı üçün əlamətdar oldu. H.Zərdabi və görkəmli yazıçı N.Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundovun «Lənkəran xanının vəziri» (10 mart), bir ay sonra isə «Hacı Qara» komediyasının tamaşasıyla Azərbaycanda dünyəvi peşəkar teatrın təməlini qoyuldu. Yeni formalaşan teatrların ilk fəaliyyət dövründə repertuarın əsasını M.F.Axundovun komediyaları təşkil edirdi.
Sonralar N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, N.Nərimanov, S.S.Axundov, C.Cabbarlı, H.Cavid kimi dramaturqlar M.F.Axundov ənənələrini davam etdirərək Azərbaycanda yeni tipli teatrın yaranması işinə xidmət göstərdilər.
Baş verən bütün bu ictimai, siyasi və mədəni dəyişikliklər təbii ki öz əksini mətbuatda da tapırdi. Həmin dövrlərdə Azərbaycan və rus dillərində xeyli qəzet çap olunurdu. «Baku», «Bakinets», «Zakafkazye», «Şərqi Rus», «Tərcüman», «İrşad», «Həyat», «Təzə həyat», «İqbal», «Səda», «Zənbur», «Sovqat», «Əkinçi», «Molla Nəsrəddin», «Kaspi» kimi qəzet və jurnallarda baş verən hadisələr öz əksini tapırdı.
Rus dilində çap olunan qəzetlərdən əsasən «Kaspi» qəzetinin adını çəkmək olar ki, müntəzəm çıxan və bu qəzetdə ictimai-siyasi hadisələrlə yanaşı mədəniyyət və incəsənət sferasında baş verən hadisələr də öz əksini tapırdı. Əsasən «Teatr və musiqi» başlığı altında teatr həyatına aid yazılar ardıcıl olaraq çap olunurdu.
1910-cu il 24 dekabr tarixli «Kaspi» qəzetinin «Teatr və musiqi» rubrikasında «Operettada» adlı yazıda oxuyuruq:
«Valentinovun «Bizim şəhərin sirləri» tamaşası. Havanın sərt olmasına baxmayaraq, demək olar ki, bütöv tamaşaçı auditoriyası toplanmışdı. Əlbəttə, «Bizim şəhərin sirləri» heç də «Yerli Diogen»dən çox yer tutan tamaşa deyildir.
«Bizim şəhərin sirləri» üç hissədən ibarətdir: «Giriş», «Bal rəqsləri» və «Sirk nömrəsi». Baxmayaraq ki, afişada göstərilirdi ki, üçüncü hissə teatr haqqında olmalıdır (və ya teatrda baş verməlidir), bizə elə gəlir ki, mətbəə səhvinə yol verilmişdir. Tryuklar, müdrik tapmacalar, köhnə təqvimdən götürülmüş Polşa lətifələri heç bir şübhə oyatmırdı ki, bu, məhz sirk üçün nəzərdə tutulmuş nömrədir və bunu klounlar və «qırmızıbaşlar» oynamalıdır. Əlbəttə, cənab Valentinovun yaradıcılığının harada bitdiyini, şəhər tamaşaçısının sevimlisi cənab Qarinin fantaziyalarının harada başlandığını ayırmaq çətin idi. Ancaq tarix üçün bunun əhəmiyyəti yoxdur, belə ki, hər şey eyni səviyyədə idi. Cənab Qarin – komik istedadlı artistdir və çox təəssüf olsun ki, o, tez-tez klouna onu kürəyinə mindirməsinə (qaldırmasına) icazə verir.
Beləliklə, tamaşaçılar həm cənab Qarindən, həm də pyesdən çox məmnun idi».
«Kaspi» qəzetinin 1913-cü il 20 fevral tarixli «Teatr və musiqi» rubrikasında yazılıb:
«Bazar günündən etibarən 14 fevralda Nikitin qardaşlarının teatr-sirkində müdriyyət tərəfindən dəvət olunmuş məşhur xarici aktrisa S.T.Stroeva-Sokolskayanın qastrol səfərləri olacaq, M.İ.Kaşirinin dramatik truppasının 5 tamaşası oynanılacaq.
Aktrisanın ilk çıxışı üçün «Mariya Stüart» faciəsi təqdim olunacaq».
1915-ci il 12 noyabr tarixli «Kaspi» qəzetinin «Teatr və musiqi» rubrikasında dərc edilən «Operettada» adlı məqaləyə nəzər salaq:
«K.A.Lenskayanın ilk qastrol səfəri. Qastrolçuların ilk çıxışı üçün «Karl-Sbad pərisi» tamaşası hazırlanmışdır. Özünün kiçik rolunda xanım Lenskaya musiqi baxımından olmasa da, ifasının zərifliyi baxımından parlamağa müvəffəq oldu. Tamaşaçılar aktrisanı hərarətlə qarşıladı və eyni münasibət artıq auditoriyaya çoxdan tanış olan xanım Alezi-Volskayaya da göstərildi. Cənab Qarexovun da ifası qənaətbəxş idi, cənab Yujin isə həmişəkindən daha fəal görünürdü. Qastrolçular tərəfindən üçüncü aktda ifa olunan «Hərbi marş» tamaşaçıların tələbi və xahişi ilə təkrar edildi.
Operettanın rəhbərliyi antraktları qısaltmaq barədə tədbir görməlidir. Üç pərdədən ibarət operetta həmişə saat 12-nin yarısınadək davam edir».
1915-ci il 14 fevral tarixli «Kaspi» qəzetində «Teatr və musiqi» rubrikasında dərc olunan «Mariya Stüart» adlı məqalədə oxuyuruq:
«S.T.Stroeva-Sokolskayanın ilk qastrolu:
M.İ.Kaşirinin antrepriz truppası ilə dörd tamaşaya dəvət olunmuş Xarkov aktrisası Xanım Stroeva-Sokolskayanın ilk qastrolu 14 fevral bazar günündə çoxsaylı tamaşaçı auditoriyasını cəlb etmişdi.
Bakılılar aktrisanı kifayət qədər isti münasibətlə qarşıladılar və onun ifasını gurultulu alqışlarla müşayiət etdilər.
Həqiqətən də, xanım Stroeva-Sokolskayanın ilk çıxışını kifayət qədər uğurlu hesab etmək lazımdır. Onun Şillerin faciəsirndə Mariya Stüart rolunda ifası, səhnədə hər bir hərəkətinin dəqiqliklə icrası aydın tələffüzlə fərqlənirdi.
Aktrisa dramatik yaşantıları adi oyunbazlıqdan uzaq olan çox dəqiq bədii təzahürlərlə tamaşaçılara çatdırırdı.
Təəssüf ki, bu tamaşanın bütün iştirakçıları haqqında biz eyni fikirdə deyilik. Onlardan çoxu öz replikalarını işgüzar suflyor vasitəsilə tamaşaçıların diqqətinə çatdırırdılar.

Y.Entus».

Diqqət çəkən maraqlı faktlardan biri də odur ki, qəzetdə dərc olunmuş bir məqalədə müəllif Bakını oprettalar teatrı adlandırır. Elə bunun nəticəsidir ki, qəzetdə müsəlman teatrlarından məhz opera və operettalar haqqında yazılara geniş yer verilir. Azərbaycan məkanında yeni olan opera və operetta janrları çox tez bir zamanda sevilmiş və populyarlaşmışdı. Bu illərdə teatrda opera, operetta və musiqili komediya janrları aparıcı rol oynayırdı. Ü.Hacıbəylinin, M.Maqomayevin, Z.Hacıbəyovun opera və musiqili komediyaları milli musiqi ənənələri ilə zəngin idi.
«Kaspi» qəzetinin 1913-cü il 4 yanvar tarixli nömrəsinin «Teatr və musiqi» rubrikasında yazılıb:
«Neçə vaxtdan bəri müsəlmanlar arasında inkişaf edən opera sənəti 1912-ci ildə bir qədər də irəliləmişdir. Bəstəkar Ü.Hacıbəyovun iki yeni operası meydana gəlmişdir. «Əsli və Kərəm» və «Şah Abbas və Xurşidbanu»dan ibarət olan bu operalardan sonuncusu musiqi cəhətdən daha çox müvəffəqiyyət qazanır…»
«Kaspi» qəzetindən:
«Türklərdə bir məsəl var, deyir: «Al da geysən yaraşar, şal da geysən yaraşar». Bu məsəl bizim müsəlman teatrına nə qədər münasib məsəldir. Teatrımız inkişaf edir və bu nəcib iş üçün nə edilərsə, biz ona minnətdar olmalıyıq. Qoy bu hələ cilalanmamış olsun, qoy bu hələ nöqsanlı görünsün, lakin bizim teatrımız hələ gəncdir, gələcəkdə o, öz yaradıcılarına və zəhmətkeşlərinə təşəkkür edəcəkdir. Biz dramı çox çətinliklə qaldırdıq, heçdən bir şey yaratdıq. Bir o qədər keçmədi ki, opera meydana gəldi və gəldiyi saatda da tamaşaçılar tərəfindən sevinclə qəbul edildi. Opera müəllifi, sonra operetta yaratmağı qarşısına bir məqsəd kimi qoydu. Bu, tamaşaçıları daha çox cəlb etdi. Birinci operetta unudulmaz təsir buraxdı. Xüsusilə müsəlmanların təsəvvürə gətirə bilmədikləri, gün-güzərana yaraşan havalar. Gənc bəstəkar Üzeyir Hacıbəyli gördü ki, onun opera və operettaları tamaşaçıların xoşuna gəldi, buna görə də yeni-yeni əsərlər yazmağa başladı. O, «O olmasın, bu olsun» operettasını yazdı…
Müəllifin elə əsas xidməti burasındadır ki, o, xalq havalarını dirildir. Üzeyir bəy əsərə yeni havalar yazmış, xalq havalarını yeniləşdirmiş və bunları nota salmışdır…
Avara».

1917-ci il 19 may tarixli «Kaspi» qəzetində oxuyuruq:
«Basırıq, hay-küy, qışqırıq.
Nikitin qardaşları teatrının yanındakı yollar hamısı tutulmuşdur… «Leyli və Məcnun» operası oynanılır.
– Mən Nuxadan gəlmişəm! – biri deyir.
– Mən isə Tiflisdən gəlmişəm! – o birisi cavab verir.
– Keçməyə yol yoxdur.
Üçüncü zəng vurulur və pərdə qalxır.
Tamaşaçıların qarşısında Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operası yeni quruluşunda. Keçmişdə onun bütün müsiqisini tar-kamança ifa edirdi. İndi isə on iki nəfərdən ibarət Avropa orkestri ilə çalınır. Tar çalanlar da vardır…
14 may. Bakı. Nikitin qardaşları sirki, Ü.Hacıbəyov – «Leyli və Məcnun»
Məcnun – Sarabski, Leyli – Ağdamski. Dirijor Ü.Hacıbəyov».
«Kaspi» qəzetinin 1915-ci il 3 yanvar tarixli nömrəsində yazılıb:
«1914-cü il ərzində dram əsərləri sahəsində Bakı müsəlmanları arasında bir qədər canlanma müşahidə edilmişdir. Məsələn, keçən il ərzində yazılmış və oynanmasına icazə verilmiş əsərlər bunlardır: Böyükağa Talıblının tərcümə etdiyi «Xəsis», Ayaz İshaqın «Müəllimə», Kərim bəy Şərifovun «Məmmədəli Şah Qacar, yaxud Səttar xan», M.Əlibəyovun «Məhkəmələr qapısında tökülfən qanlı göz yaşlarımız», Məlikovun «Rüstəm və Söhrab», N.Vəzirovun «Nə əkərsən, onu biçərsən», Z.Hacıbəyovun «Evliykən subay» operettası, Mirzə Qədir Vüsaqi İsmayılzadənin «Seyfəlmülk» operası, Kazımovskinin «Vur-ha-vur» operettası və S.Mənsurun tədbil etdiyi «Əhdə vəfa» əsəri…»
Azərbaycanlı müəlliflərlə yanaşı bəzən tərcümə edilmiş operalara da müraciətlər olurdu.
«Kaspi» qəzetinin 1917-ci il 29 dekabr tarixli nömrəsində dərc olunan yazıya nəzər yetirək:
«Ləbləbiçi» operası Azərbaycan dilinə tərcümə edimişdir. Onu yaxın vaxtlarda Bakı səhnəsində tamaşaya qoymaq üçün hazırlıq görülür. Bu operanın quruluşu ağır olduğu üçün erməni mədəniyyət cəmiyyətinin bədii sektoru ilə «Səfa» cəmiyyətinin teatr şöbəsinin birlikdə hazırlanması nəzərə alındığından bu günlərdə məsləhət görüşü olacaqdır».
Onu da qeyd edək ki, qəzetdə çalışan qeyri millətlərdən olan müəlliflərin məqalələri Azərbaycan teatrı haqqında çox zaman tənqidi xarakter daşıyırdı. Bu da Azərbaycan məkanında teatrın yeni, əsasən də opera və operetta janrlarının hələ ilkin mərhələlərdə olması ilə bağlı idi. Teatr inkişaf edib geniş vüsət aldıqca, təbii ki, fikirlər və mövqelər də dəyişirdi və ana dilində yazan yerli teatrşünas kadrların yetişməsinə böyük ehtiyac yaranırdı.