Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


O İLİN XEYİR-DUALARI


ANAR
ÖMRÜMÜN "QOBUSTAN" İLLƏRİ


Zemfira SƏFƏROVA
Müstəqillik dövründə Azərbaycan musiqisinə bir baxış


Mehriban ƏHMƏDOVA
HƏMİŞƏYAŞAR BƏSTƏKAR


CƏFƏR CABBARLI
(«Portretlər»dən)


Vəfa XANOĞLAN
İLYAS ƏFƏNDİYEV:
«YAZIÇI ÜÇÜN DIL ONUN ÜRƏYININ TƏRCÜMANIDIR»


«Mühit içində, təpədən dırnağa kimi ümid içində»


Elnur ƏHMƏDOV
Süleyman Ələsgərovun «Tarantella» pyesi


Vaqif SƏMƏDOĞLU
İlqar FƏHMİ
Çağdaş detektiv romanlar ustası


İmaməddin ZƏKİYEV
NAMƏLUM «HESABAT»IN MƏLUM MƏTNİ


Çingiz ƏLƏSGƏRLİ
XALQIN ARTİSTİ, XALQ ARTİSTİ İLHAM NAMİQ KAMAL


İmruz ƏFƏNDİYEVA
İstedadlı musiqişünas alim


Mehriban Sultan
MƏNƏVİ VARİSLİK HAQQI


Turan ŞÜKÜROVA
ABSURD TEATR


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ ANSAMBLLARI
TƏSVİRİ SƏNƏTDƏ


Səyyarə NAMİQQIZI
Milli irsin qorunması barədə?


Ziyadxan ƏLİYEV
Fırçayla yaradılan yaradıcılıq yolu


Elçin HƏŞİMOV
AZƏRBAYJAN XALQ ƏMƏK MAHNILARINA BİR NƏZƏR


Sevda AĞAYEVA
«Kaspi» qəzetində teatr problemlərinin əksi
(1910-1919-cu illər)


AĞASƏFA
ŞƏHƏRGƏ


Məlahət NƏCƏFOVA
Azərbaycanda yaşayış mühitinin yaranmasını və inkişafını
səjiyyələndirən əsas mərhələlər



CƏFƏR CABBARLI – 100
 

CƏFƏR CABBARLI
(«Portretlər»dən)


 

Ölkəm

Şiş ucları buludlarla döyüşən
Dağlarinda buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən
Tarlaları, düzləri var ölkəmin.

Verimli torpağı, geniş çölləri,
Çalışqan ərləri, igid elləri,
Böyük gəmiləri, dəmir yolları,
Keçidləri, rizləri var ölkəmin.

Coşqun Xəzər oynar ayaqlarında,
Işıq saçar nefti torpaqlarında.
Tarixlərin qızıl yarpaqlarında
Dadlı-dadlı sözləri var ölkəmin.

Cəfər Cabbarlı və Azərbaycan kino sənətinin təşəkkülü
C.Cabbarlı müxtəlif sənət sahələri ilə məşğul olmasına, hətta rəsmi sənədlərində onun jurnalist kimi təqdim edilməsinə baxmayaraq şair, nasir, tərcüməçi, kinossenariçi olan ədib daha çox və hər şeydən əfzəl dramuturq və teatr xadimi idi. O, teatrın bədii hissə müdiri və teatrı repertuarla təmin edən dramaturq və hətta teatrın rejissoru kimi 20-30-cu illərdə elə böyük nüfuza malik idi ki, onun digər sahələrdə gördüyü ciddi işlər dramaturq, rejissor və teatrşünas C.Cabbarlının möhtəşəm fəaliyyəti fonunda kölgədə qalırdı.Və belə diqqətəlayiq sahələrdən biri C.Cabbarlının kino yaradıcılığı idi. Heç şübhəsiz ki, C.Cabbarlı Azərbaycan kino sənətinin banilərindən biri idi.Öncə nəvəsi Qəmər Seyfəddin qızının bir mülahizəsinə nəzər salaq: “Uzun müddət Azərbaycan Dövlət Dram Teatrında ədəbi hissə müdiri işləyən professional dramaturq o vaxt yenicə inkişaf edən kino sənəti ilə çox maraqlanırdı. 1928-ci ildə Bakı kino fabrikində M.F.Axundovun vəfatının 50 illiyi münasibətilə “Hacı Qara” əsərinin motivləri əsasında “Sona” adlı kino filmi çəkilir...
“Sevil” filmi 1929-cu ildə C.Cabbarlının ssenarisi əsasında çəkilmişdir.Bu film Azərbaycan kinematoqrafiyaçılarının qadın hüquqsuzluğuna, qadın əsarətinə ilk etiraz səsi idi.”
C.Cabbarlı Azərbaycan kino sənətinin mahir təşkilatçısı, ilk ssenariçisi və ilk rejissorlarından biri idi, kinoya sadəcə nüfuzlu bir teatr və mədəniyyət xadimi kimi gəlməmişdi. O, 1925-27-ci illərdə aktyor və kinorejissor kurslarında oxumuşdu. Kinonun problemləri Cəfəri təkcə bir yazıçı kimi deyil, həm də bir mədəniyyət xadimi, vətəndaş kimi həmişə narahat etmişdir. O, kinoya çox ciddi münasibət bəsləyir, böyük gələcəyinə inanırdı.
XX əsrin 20-30-cu illəri, yəni C.Cabbarlının çoxşaxəli fəaliyyət göstərdiyi dövr kino sənətimizin təşəkkül dövrü idi. Obrazlı desək kino – XX əsrin möcüzəsi yeni bir həyatla üz-üzə gəlmişdi. Bu, kino tarixində səssiz kino dövrü idi. Azərbaycanda ilk səsli bədii film 1936-cı ildə S.Mərdanov və B.Barneqin çəkdiyi “Mavi dənizin sahilində” əsəri idi. Bir neçə il sonra məşhur “Kəndlilər” və “Bakılılar” filmləri meydana çıxdı.Amma Cabbarlı həmin filmləri görmədi.
30-cu illərin filmləri, artıq qeyd etditimiz kimi, yeni həyatın sürətli inkişafından doğan mövzu və problemləri əks etdirirdi. Kinoşünas A.Kazımov bu dövr kino sənətimizin təşəkkülü ilə bağlı çoxsaylı faktlardan 3-nü fərqləndirir:
“Xalq Komissarlar Sovetinin 5 mart 1923-cü il tarixli xüsusi dekreti ilə fotokino şöbəsi əsasında Mərkəzi Dövlət Kino Müəssisəsi Xalq Maarif Komissarlığının Azərbaycan Foto Kino İdarəsi – AFKİ yaradılır; 1923-cü il sentyabrın 12-də “Qız Qalası” 2 seriyalı bədii filmin çəkilişinə başlanır. “Bu film Şərqdə müstəqil kinematoqrafik həyatın inkişafına doğru ilk addım idi”; və nəhayət “30-cu illər” Azərbaycan kinosunda aparılan əsas xətt – müasir mövzu ilə daha çox bağlı olmuşdur. Bu da səbəbsiz deyildi. Çünki respublikada təzə həyat qurulur, əməyə münasibət dəyişir, əsrlərdən bəri formalaşan məişətimizdə ictimai həyatın yeni formaları öz təsdiqini tapır, adamlar arasında yeni münasibətlər yaranırdı.”
Bu dövrün filmlərində yeni zəmanənin – sosializm quruculuğunun tarixini əks etdirən, “mədəni inqilab”ın tələblərinə cavab verən mövzular yer alırdı. Şəhərin sənayeləşməsi, kənd təsərrüfatının kollektivləşməsi, emansipasiya – qadın azadlığı bu mövzuların əsas istiqamətlərini müəyyənləşdirirdi. 1924-cü ildə kinorejissor Ş.Mahmudbəyov AFKİ-yə sədr təyin edilir. Bununla da kino fabriki həm təşkilati cəhətdən, həm texniki - təchizat, həm də kadr potensialı baxımından möhkəmlənir.
C.Cabbarlı kinoya gəldiyi dövrdə 20-ci illərin ikinci yarısında Azərbaycan kino sənəti belə bir arsenala, mədəni-tarixi kontekstə malik idi. Onun kino fəaliyyəti üç istiqamətdə başlandı: kinoşünas, ssenariçi və kinorejissor! Bu sıraya onun kino təşkilatçılığını da əlavə etmək olar.
C.Cabbarlı kinoya ssenariçi kimi gəlir. 1928-ci ildə öz böyük sələfi, dramaturgiyamızın banisi M.F.Axundzadənin “Hacı Qara” komediyasının motivləri əsasında “Sona” bədii filminin ssenarisini yazır. Bununla da o, Azərbaycanın ilk milli kino ssenariçisi (Q.Seyfəddin qızı) kimi meydana çıxır. C.Cabbarlı ssenaridə dövrünün yəni, “mədəni inqilab” epoxasının tələblərinə uyğun olaraq qadın azadlığı – emansipasiya problemini ön plana çəkmişdi. Həmin istiqamətdə 1924-cü ildə “XX əsrin 20-ci illərində müasir həyatı təsvir edən ilk bədii film” (A.Kazımzadə) “Bayquş” ekran əsəri yaradıldı, bir il sonra isə P.Blayinin ssenarisi əsasında A.M.Şərifzadə dini fanatizmə qarşı mübarizə mövzusunda “Bisimillah” filmini lentə aldı.
20-ci illərdə çəkilmiş ilk ikiseriyalı səsziz bədii filimlərdən biri C.Cabbarlının “Qız qalası” poeması əsasında yaradılan “Qız qalası haqqında əfsanə” filmi idi. “Qız qalası” əfsanə poeması “Maarif və mədəniyyət” jurnalında (1923 № 4-5, 1924 № 2-3) çap olunduqdan dərhal sonra kinematoqrafın diqqətini cəlb etdi. “Bu film əvvələr rəssam kimi tanınmış Z.Ballyuzekin kinoda ilk rejissor işi idi. Sonradan o, rejissorluğu atmış, kino rəssamlığı ilə məşğul olmuşdu. Filmin ssenarisini N.Breslov-Lure yazmışdı. Ssenarinin süjet xətti, hadisələrin inkişafı, xarakterlər və obrazlar C.Cabbarlının “Qız qalası” poemasında olduğu kimi qalsa da ssenariçi poemanı sovet ideologiyasına tabe etdirmək fikrinə düşmüş və bunu gerçəkləşdirmiş, obrazların adlarını da dəyişdirmişdi. Keçmişə nifrət oyatmaq üçün Vaqram Panazyanın oynadığı Səməd xan (Qaytəmir) tamaşaçıya qaniçən və şərəfsiz bir şəxsiyyət kimi təqdim olunur. C.Cabbarlının kino sahəsində ilk ciddi addımı “Sevil” filmi ilə bağlı idi. Filmin rejissorları Amo Bek-Nazarov və Q.Braginski, ssenari müəllifi C.Cabbarlı idi. Ədibin həyat yoldaşı Sona xanımın xatirələrindən öyrənirik ki, C.Cabbarlı həm də filmin çəkilişində ikinci rejissor kimi iştirak edib: “O bundan qabaq da (“Almaz” filmi üzərində işlədiyindən-G.K) kinoda çalışırdı. Necə deyərlər, bu ştatdankənar iş bir neçə il əvvəl “Sevil” kino-filmi üzərində başlamışdı. Cəfərin ssenarisi üzrə çəkilən həmin filmdə müəllif məşhur kino rejissoru Amo Bek-Nazarov ilə birlikdə ikinci rejissor kimi işləyirdi. Cəfər hər hansı yaradıcılıq işində olduğu kimi, burada da bütün varlığı ilə çalışırdı. Xüsusən o, ekranda Sevil rolunu canlandıracaq aktrisanı tapmaq üçün nə qədər əzab çəkdi, nə qədər əmək sərf etdi.Cəfər istəyirdi ki, filimdə Sevili mütləq azəri qızı oynasın. O bu arzusuna da özünəməxsus bir inadkarlıqla nail olmuşdu. Hətta başına qəribə macəralar da gəlmişdi. Onun “Gülər” hekayəsi bu mövzuya həsr olunmuşdur. Beləliklə də Sevil roluna çox böyük psixoloji çətinliklərdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun tələbəsi İzzət Orucova çəkilr. Həm İzzət Orucovanın, həm də filmin rejissorunun xatirələrindən öyrənirik ki, filmə baxan qadınlar elə oradaca çadralarını atıb gedirlərmiş. Bu, əsərin böyük təsir gücündən xəbər verirdi. Emansipasiya – qadın azadlığı problemini parlaq şəkildə əks etdirən bu əsər bütün sovet respublikalarında, xüsusilə türk-islam respublikalarında böyük şöhrət qazandı.


“Sevil filminin uğuru C.Cabbarlının kino sahəsində çalışmağa həvəsləndirsə də, həm teatrda, həm də yeni sahədə – kinoda qazandığı uğurlar böyük ədibin bədxahlarını da fəallaşdırır. Bir para yazarlar bildirirlər ki, C.Cabbarlı teatrı – ADDT-nı manopoliyaya alıb, nə qədər ki, Cəfər teatrdadır biz ora dram verə bilmərik. Buna cavab kimi, şöhrətinin zirvəsində olan C.Cabbarlı Yazıçılar İttifaqının Rəyasət heyətinə aşağıdakı məzmunda bir məktub yazır: “... Əgər bu doğru isə mən dərhal teatrı tərk etməyə hazıram, təki onlar yazsınlar. Mən başqa müəsissələrə: 14 ildən bəri kimsənin heç bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya; heç vaxt işləmədiyim və buna baxmayaraq repertuarını mənim “1905-ci ildə”, “Almaz”, “Yaşar”, “Sevil” pyeslərim təşkil edən rus işçi teatrına; 14 ildən bəri kimsənin heç nə etmədiyi, mən isə orada özümü borclu saydığım Azərkinoya, habelə pyeslərimin əksəriyyəti oynanılan özbək, türkmən, tacik, tatar teatrlarında, fəhlə klublarında işlərəm, nəhayət tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar.” Məktubdan hiss olunur ki, o 1934-cü ildə yazılıb. Bundan sonra C.Cabbarlı teatrdan çıxıb gedir, Azərkinoda daimi işə keçir. Və tez bir zamanda “Hara gedir Azərkino?” məqaləsini yazır. Məqalədə Umumittifaq miqyasında Azərbaycan kino sənətinin problemləri – həm texniki-təchizat, həm də estetik-yaradıcılıq problemləri qaldırılmışdı. C.Cabbarlını bir kinoşünas kimi təqdim etməzdən öncə, “Almaz” filmi üzərində dayanmağa dəyər.
1933-cü ildə C.Cabbarlı “Mən “Almaz” ssenarisini nə üçün yazdım?” adlı məqalə qələmə alıb qeyd edirdi ki, təhsil almış qızlar qəzalara işləməyə getmirlər.Ədib məqalədə bunun üç əsas səbəbini göstərir:
I. Varlı və ziyalı ailələrindən olan qızlar işləməyə ehtiyac hiss etmirlər;
II. Qız məktəbi bitirib birdən ərə gedir, cavan ər-arvad bir-birindən ayrıla bilmir; III. Qızını könülsüz oxumağa buraxan dindar ata və meşşan ər onu qəzaya göndərmir.
Cabbarlıya görə bunun nəticəsində də toqquşmalar baş verir, qız icazəsiz ailəni, əri tərk edib işləməyə getməli olur. “İstəyirik ki, qızlarımızda ictimai işə həvəs oyadaq, onların mübarizlik iradəsini və cürətini artıraq. Hamı Almazı sevəcək və onunla ayaqlaşmağa çalışacaq. Almazın cəsarəti, möhkəmliyi ağır dəqiqələrdə belə qızlar üçün təskinlik və ilham mənbəyi olacaqdır.Bundan əlavə birlikdə götürülən bütün bu məsələlər bizdə köhnə yaşayışa qarşı yeni, işıqlı mədəni kollektiv həyat uğrunda mübarizənin necə başladığını və getdiyini də təsvir etməyə çox kömək edəcək.” (C.Cabbarlı, əsərləri. IV c. s.271-272).
Beləliklə də C.Cabbarlının fikrincə, “Almaz” kənddə gedən total kollektivləşməni bir sinfin – bolşeviklərin, sosializmin mənafeyi baxımından əks etdirən, bu prosesdə Azərbaycan qadınının rolunu –onun cəsarətini göstərən ekran əsəri olmalı idi. Bu, konkret olaraq AKBP-nin 20 mart 1930-cu il tarixli plenumunun tələblərinə uyğun idi. Burada deyilirdi: “Dairələrdən aldığımız məlumata görə, baş kolxoz idarəmiz yerlərə tapşırıq göndərərək, kəndlərdə nə varsa – xoruz, toyuq, arıların belə ictimailəşdirilməsi və kollektivləşdirilməsini təklif etmişdir.Yerlərdə hətta stəkan-nəlbəkilər də kollektivləşdirilir.”
Azərbaycan tarixinin bu dövrünü araşdıran mütəxəssislər qeyd edirlər ki, bütün SSRİ miqyasında kollektivləşmə ən total qaydada, ən böyük sürətlə, təbii ki, ən amansız zorakılıqla Azərbaycanda aparılmışdır. Burası da vardı ki, sosializmin bütün cəbhə boyu hücümu gücləndikcə yerlərdə ona müqavimət də güclənir, bu isə ictimai ziddiyətləri amansız bir həddə şiddətləndirirdi. “Almaz” filmi də məhz bu ziddiyətləri əks etdirirdi.
Professor Aydın Dadaşov “Almaz” filmi və onun ssenarisini əhatəli təhlil edərək aşagıdakı qənaətə gəlir:”Zaman kateqoriyasının ziddiyəti üzərində qurulan musavat dövrü ilə Sovet dövrünün müqayisə olunduğu “Sevil” ssenarisindən fərqli olaraq “Almaz” ssenarisini dramaturji modeli məkan koteqoriyasının ziddiyyəti üzrəndə qurulmuşdur. Bu ziddiyət aktiv inqilabi şəhərlə passiv patriarxal kənd məkanlarının qarşıdurması şəklində meydana cıxır.Almaz obrazı isə şəhərdən kəndə atılmış “mərmi” kimi buradakı mövcud mühiti və insan münasibətlərini dağıdır, qurur və yeni məcraya yönəldir... Ssenaridə şəhər məkanı mifləşdirilsə də, kənd məkanı olduqca real və natural şəkildə təsvir olunur”.

“C.Cabbarlı “Almaz”ın ssenarisini 1934 –cü ildə yazmış, filmin rejissoru kimi özü təsdiq edilmişdi. Lakin qəfil ölüm ( 31.12.1934) ona həvəslə başladığı işi başa catdırmağa imkan vermədi. Filmin rejissorluğu Ağarza Quliyevə tapşırıldı, Cabbarlının dostları bu filmi onun ölümünün il dönümünədək başa catdırdılar,”məzarı üstündə raport verdilər”(S.Cabbarlı).
Artıq qeyd etdik ki, C.Cabbralı ssenariçi, rejissor, kino təşkilatçısı olmaqla bərabər həm də prinsipial kinoşünas idi. Onun “ Hara gedir Azərkino” məqaləsi bizə belə qənaətə gəlməyə imkan verir. Məqalə Azərbaycan kino sənəti üçün vətəndaş yanğısı ilə yazılıb, C.Cabbarlının türkcü, millətsevər bir əqidə sahibi, kino sənətimizin böyük təəssübkeşi olduğunu əks etdirir. Məqalədə bir neçə konseptual məsələ qoyulub: Azərkinonun milli zəmindən uzaq düşməsi. C.Cabbarlı cəsarət və ehtirasla yazır: “Azərkino qədər Azərbaycanın fəhlə kəndli kütlələrindən uzaq olan ikinci bir müəssisə yoxdur. Azərkino rəhbəri kimə istəyirsən inanıb iş tapşırır, təki o azərbaycanlı – türk olmasın. Belə bir vəziyyətin nəticəsində Azərkino öz simasını tamamilə itirmişdir. On il ərzində o bircə nəfər belə türk operatoru yetişdirə bilməmişdir və indi yerli kadrları hər vəchlə uzaqlaşdıraraq öz işini bütünlüklə “dəvət olunmuş mütəxəssislərin ” üzərində qurur.” (C.Cabbarlı.Əsərləri, IV c.s 254). 20-30-cu illərdə, sovet ideologiyasının kəshakəs vaxtı belə cəsarətli fikir söyləmək çətin idi. Adama asanlıqla bir pantürkist damğası vurmaq olardı. Dediklərinin arxasında C.Cabbarlının böyük nüfuzu dayanırdı. C.Cabbarlı məhz öz nüfuzuna güvənərək bu yazısında qeyri-professional bekar rusların, yəhudu və ermənilərin Azərkinoya gətirilib onlara havayı pul verilməsinə açıq-aşkar və cəsarətlə etiraz edirdi.
“Dəvət olunmuş mütəxəssislər bir qayda olaraq zəifdir. Axı heç bir təşkilat öz yaxşı işçilərini əldən buraxmaz... Öz sənətlərini bilməməkdən əlavə bu işçilər ümumiyyətlə, tanımadıqları mühitə düşdüklərinə görə daha da çaşbaş qalırlar...”(s.254). Əlbəttə, C.Cabbarlının diqqət cəlb etdiyi bu məsələ də çox ciddi idi. Gəlmə millətdən olan rejissor türk-azərbaycan tarixini, həyat tərzini, adət-ənənələrini, dinini, nəhayət milli psixologiyasını bilmirdi. C.Cabbarlı fikirlərini faktlarla deyirdi, “Birinci komsomolçu” və “Gilan qızı” filmləri timsalında əsaslandırırdı. Beləliklə, C.Cabbarlı peşəkar rejissor problemini qaldırır. Bu zaman isə Azərkino Moskvada işsiz qalmış operator İ.S.Frolovu, özünün etirazına baxmayaraq zorla rejissor təyin edir. “Axı mən rejissor olmamışam, özü də ümumiyyətlə, həm operator, həm də rejissor işinin bir yerdə apara bilmərəm. “Eybi yox, eybi yox İvan Sergeeviç, Siz elə gözdən pərdə asmaq üçün özünüzü göstərin, sonra bir adam taparıq”. Və Medvedevi tapdılar...”(s.256) Nəticədə “Birinci komsomolçu” filminin doxsan faizi çəkildikdən sonra çəkiliş dayandırılır. Səbəbi? “Filmin ssenarisi üzərində işləyən üç qrupun heç birində bir nəfər də türkün olmaması belə bir sonluğa gətirib çıxardı ki, ssenarini təsadüfənmi, qəsdənmi oxuyan elə ilk türk, dəqiq desək, Əli Məmmədov türk qadınını ssenaridə nəzərdə tutulan şəkildə çəkməyi “qadağan etdi” (s.256). Beləliklə, yenə də C.Cabbarlı eyni prinsipiallıqla türk ssenariçi və türk rejissor problemini irəli sürür. Bu məqaləsində C.Cabbarlı ümümiyyətlə, milli kino kadrları məsələsinə qlobal şəkildə yanaşırdı.O, dəqiq fakt gətirir:”Azərkinonun 125 işçisindən yalnız 15-i türkdür, onların da əksəriyyəti dülgər, kuryer və s... Azərkinonun rəhbərlərinə sual verəndə: nə üçün sizdə, fabrikin nəzdində yerləşən mətbəədə dörd mürəttibdən biri də türk deyil və türk yazıları bu dili bilməyənlər tərəfindən elə təhrif olunur ki, “gözəl qızlar” “gözəl qozlar” kimi yazılır, onlar cavab verirlər ki, türk mürəttibləri yoxdur, burada isə türk mürəttibi özü üçün gəzir və nərd oynayır. Soruşanda ki, nə üçün Sizdə türk qadını rolunda türk qadını çəkilmir, deyirlər ki, türk qadınları yoxdur.Lakin elə buradaca, fabrikdə türk qadını Orucova makinaçı işləyir” (s.259). Nəhayət C.Cabbarlı Azərkinoda bərbad vəziyyətdə olan, başlı-başına buraxılmış maliyyə probleminə toxunur. Böyük təəssübkeşliklə xalqın pulunun göyə sovrulmasını ürək ağrısı ilə qeyd edir: “Qoy bir neçə yüz min manat da Azərkinonun toyuq korluğu ucbatından puç olsun. Axı indiyədək yüz minlərlə (bəlkə milyonlarla!) manat pul itib-batıb və ortada heç bir az-çox layiqli məhsul yoxdur. Lakin bizi bir şey narahat edir.Azərbaycan kino sənətini mənəvi və təşkilati iflas faktı qarşısında qoyaraq, onu ümumiyyətlə, məhv edən bu prinsipial səhvin bütövlükdə təkrar olunması təhlükəsi qalmaqdadır”(s. 258).
Göründüyü kimi C.Cabbarlı Azərbaycanda milli kino sənətinin təşəkkülü ilə bağlı beş konseptual problemi mədəni-tarixi dövrün kontekstində təqdim edir və hər birinə də tutarlı açıqlama verir. Azərkinonun düzgün yolda olmadığını qeyd edən ədib onun nəticələrinin formaca milli, məzmunca sosialist mədəniyyətin tarixi inkişafına zərbə vurduğunu qeyd edir: “Hardansa dəvət olunmuş rejissorlar və aktyorlar bir neçə yüz manat pulu havayı yerə xəcləyərək çıxıb gedirlər və Azərkino həm məhsulsuz, həm də işçisiz qalır. Bu faciə Ümumittifaq İncəsənət Qlimpiadasında bütün kəskinliyi ilə üzə çıxdı, burada Azərkinonun rüsvayçılığı o dərəcəyə çatdı ki, onun il ərzində bircə müstəqil film də meydana çıxara bilmədiyi məlum oldu” (IV c. s.255).
C.Cabbarlı kino sənətinin yaradıcılıq və təşkilatı problemlərini gözəl bilirdi.O, həm zəngin təcrübəsinə, həm də ədəbi-mədəni prosesdəki nüfuzuna güvənərək qətiyyətlə bildirirdi: “Azərkinonun öz siması yoxdur. O özünün şəxsi yaradıcılıq simasını tapmalıdır. Azərkinonun yeganə xilas yolu – başlıca olaraq xidmət etdikləri Azərbaycanın zəhmətkeş kütlələrinə inamsızlıqdan imtina etməsində və bu əsas kütlənin yaradıcılıq iradəsini və təbiətini özünün işi üçün bazis seçməsindədir. ...Biz isə indi xəbərdarlıq edirik, bizim kino yanlış yol ilə məhvə doğru gedir” (IV c. s. 260-261).
Bu sərt və prinsipial xəbərdarlıq zamanı sözü səviyyəsində öz işini gördü. 30-cu illərin ortalarından – səsli kino dövründən Azərbaycan kinosunda milli kadrlara doğru bir dönüş, bir canlanma başlandı. Bu isə kino sənətimizin yaradıcılıq imkanlarını genişləndirdi, ümumən kinoda milli müəyyənliyə səbəb oldu. Bununla yanaşı 30-cu illərin iknci yarısında kinoya səsin gəlməsi ümumxalq marağına səbəb oldu, ekranda canlı surətdə danışan adam olduqca cazibədar göründü. Bu həm də kinonun təsir, təbliğat gücünü qat-qat artırdı.

CƏFƏR CABBARLI

(«Portretlər»dən)

Bir gecə qaranlığı,
bir budaq kömürü yarıb çıxdı iki göz –
iri-iri köz kimi.
Yandı,
yaralandı,
yarıldı daxma
qara bir öküz kimi!

Qış tanıdı, qar tanıdı
bu qaraca uşağı.
Böyüyər-böyüməz
odlu köksündə
qalandı bir evin odu-ocağı.

…Bir ana gözündə fənərdi küçə,
şəhərə çıraqlı enirdi küçə.
Alışırdı şəhər, yanırdı şəhər –
içində tonqaldı bir «Od gəlini»;
tonqalın köksündə
bir budaq kömür.

Şam-şam, səhnə-səhnə yanırdı ölkə,
köksü
meydan-meydan nurdu, işıqdı.
Şimşək bir budaqdan
yerə şığıdı –
atıldı kürəyə
bir budaq kömür.

1982
Ə. Salahzadə