Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


O İLİN XEYİR-DUALARI


ANAR
ÖMRÜMÜN "QOBUSTAN" İLLƏRİ


Zemfira SƏFƏROVA
Müstəqillik dövründə Azərbaycan musiqisinə bir baxış


Mehriban ƏHMƏDOVA
HƏMİŞƏYAŞAR BƏSTƏKAR


CƏFƏR CABBARLI
(«Portretlər»dən)


Vəfa XANOĞLAN
İLYAS ƏFƏNDİYEV:
«YAZIÇI ÜÇÜN DIL ONUN ÜRƏYININ TƏRCÜMANIDIR»


«Mühit içində, təpədən dırnağa kimi ümid içində»


Elnur ƏHMƏDOV
Süleyman Ələsgərovun «Tarantella» pyesi


Vaqif SƏMƏDOĞLU
İlqar FƏHMİ
Çağdaş detektiv romanlar ustası


İmaməddin ZƏKİYEV
NAMƏLUM «HESABAT»IN MƏLUM MƏTNİ


Çingiz ƏLƏSGƏRLİ
XALQIN ARTİSTİ, XALQ ARTİSTİ İLHAM NAMİQ KAMAL


İmruz ƏFƏNDİYEVA
İstedadlı musiqişünas alim


Mehriban Sultan
MƏNƏVİ VARİSLİK HAQQI


Turan ŞÜKÜROVA
ABSURD TEATR


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ ANSAMBLLARI
TƏSVİRİ SƏNƏTDƏ


Səyyarə NAMİQQIZI
Milli irsin qorunması barədə?


Ziyadxan ƏLİYEV
Fırçayla yaradılan yaradıcılıq yolu


Elçin HƏŞİMOV
AZƏRBAYJAN XALQ ƏMƏK MAHNILARINA BİR NƏZƏR


Sevda AĞAYEVA
«Kaspi» qəzetində teatr problemlərinin əksi
(1910-1919-cu illər)


AĞASƏFA
ŞƏHƏRGƏ


Məlahət NƏCƏFOVA
Azərbaycanda yaşayış mühitinin yaranmasını və inkişafını
səjiyyələndirən əsas mərhələlər



 

İmaməddin ZƏKİYEV
NAMƏLUM «HESABAT»IN MƏLUM MƏTNİ


 

Sağlığında xalqın sevimlisi olmaq, öləndən sonra isə tarixdə silinməz iz qoymaq dünyada ən böyük səadətdir»

                                                                           M.F.Axundzadə

Orta əsrlərdə Şərq və dünya kitabının yaradılmasında, tərcümə, tədqiq, tədris və təbliğ edilməsində Azərbaycan ziyalıları da fəal iştirak et-mişlər. Onlar təkcə öz vətənlərində yox, məskunlaşdıqları ölkələrin də ki-tab, kitabxana, elm, ədəbiyyat, incəsənət, mədəniyyət tarixinə yeni səhifələr yazmışlar. Bəzilərinin nə adı, nə də xidmətləri əsrlər boyu Azərbaycan oxu¬cularına məlum olmamış¬dır. XX əsrin sonlarında - Azərbaycan yenidən müstəqillik qazanandan sonra bir-biri ilə əlaqəli şəkildə inkişaf edən bir sı-ra elmlər kimi tarix, ədəbiyyatşünaslıq, mətnşünaslıq və kitabşünaslıq elm-ləri də yeni axara düş¬müş və açılmamış səhifələrlə zən¬ginləşmişdir. Həmin səhifələrdən biri XV əsrin dünya şöhrətli xəttatı, şairi, xətt ixtiraçısı, yenilik-çi kitab xadimi və kitab sənəti təşkilatçısı Mövlana Cəfər Təbrizinin (1395-1480) adı ilə bağlıdır. «70 il qələm və fırça ustaları arasında» (Qobustan, 2005, №3, s.31-35) məqaləmizdə onun həyatı, təşkilatçılıq fəaliyyəti, müasir-ləri ilə ideya-yaradıcılıq əlaqələri və xidmətləri ilə bağlı bəzi qeydlərlə oxucuları tanış etmişdik. Burada isə Cəfər Təbrizinin Heratda saray kitab-xanasının rəisi olarkən dövlət başçısına (Teymurun nəvəsi Baysunqur Mir-zəyə: 1397-1433) xəttatlar, rəssamlar, cildçilər, bəzəkçilər, habelə təmir, ti-kinti-quruculuq və s. sahələrdə görülən işlər haqqında altı əsr bundan əvvəl (iyun, 1427) yazdığı «Hesabat»ın mətnindən söhbət gedəcək.
Yuxarıdakı məqaləni yazarkən Cəfər Təbrizinin yazdığı «Hesa-bat»ın mətni əlimizdə yox idi. O vaxt ilk mənbə kimi şərqşünas, tarixçi professor Seyidağa Onullahinin nəfis şəkildə çap olunmuş «Təbriz şəhərinin tarixi» kitabındakı (Bakı, Elm, 1982, s.201) kiçik bir məlumata əsaslanmış-dıq. Orada deyilir ki, Cəfər Təbrizi Herat kitabxanasında görülən işlərə da-ir «Hesabat»ında 18 nəfər qabaqcıl əmək adamı (kitabçı) haqqında məlu-mat vermişdi. İlk mənbəni əldə edəndən sonra qarşımızda yeni mənzərə can-landı. Məlum oldu ki, orada xeyli kitabdar, xəttat, rəssam, cildçi, memar, bəzəkçi və başqa sənət və əmək adamı ilə yanaşı, hökmdar sarayında təmir, tikinti, gəzərgah (park) və s. sahələrdə görülən işlər haqqında da müxtəsər söz deyilmişdir. Türkiyənin Topqapı sarayı muzeyində saxlanılan həmin nadir tarixi sənədin avtoqraf nüsxəsini ilk dəfə tanınmış türk alimi M.Kamal Özərgin tədqiq etmişdir. O, «Ərzədaşt»ın («Hesabat»ın) farsca mətnini türkcə çevirmiş, orijinalı ilə birlikdə çap etdirərək «Təbrizli Cəfərin bir arzı» adlı geniş oçerkində ona şərh və izahlı qeydlər yazmaqla çox fayda-lı iş görmüşdür. («Sanat tarihi yıllıyı, VI (1974-1975)»: Məqalələr toplusu, İstanbul, 1976, s.471-518) Bu mənbədən Türkiyə kitabşünasları, mətnşünas-ları, tarix, elm, ədəbiyyat, incəsənət xadimləri XX əsrin 70-ci illərində, bir neçə Azərbaycan ziyalısı isə 80-ci illərdə xəbər tutsalar da, XXI əsrin əvvəl-lərinə qədər Azərbaycanda onun izinə düşən və tədqiq edən olmamışdır. Türkiyə ilə ardıcıl və səmərəli elmi əlaqələri olan tanınmış sənətşünas alim Mübariz Süleymanlı xahişimizə əsasən həmin mənbəni türkiyəli dostumuz araşdırıcı Ərman Aslanoğlu (məşhur türk folk¬lorşünası İbrahim Asla-noğlunun oğlu) vasitəsilə əldə edib bizə çatdırandan sonra bu məqaləni yazmaq ehtiyacı meydana çıxdı.
Elmi mənbələrdən məlumdur ki, Teymurilər dövründə (1350-1510) Səmərqənd, Buxara, Herat və başqa şəhərlər elm, ədəbiyyat, incəsənət, kitab, memarlıq mərkəzinə çevrilmişdi. Teymurun (1336-1405) nəsil törəmələri də onun həmin sahələrə dair işlərini və Vətən sevgisini ləyaqətlə davam etdir-mişlər. Teymurun 40 il hakimiyyətdə olmuş (1407-1447) oğlu Şahrux (1377-1447), onun oğlanları Uluqbəy (1394-1449), Baysunqur Mirzə (1397-1433), Teymurun nəvəsi Bayqara Mirzənin oğlu Herat hakimi (1470-1506) Hüseyn Bayqara (1438-1506), Teymurilərin bu görkəmli sonuncu nümayəndəsinin türkcə yazdığı şeirlər «Divan»ının gözəl tərtibatlı bir əlyazma nüsxəsi Ayaso-fiya muzeyində, öz bioqrafiyasına dair bir risaləsi də Amasiya Bəyazid kitab-xanasındadır), onun (Hüseyn Bayqaranın) məktəb dostu və baş vəziri (1472-1501) böyük şair və bacarıqlı dövlət xadimi Əlişir Nəvai (1441-1501) kimi görkəmli şəxsiyyətlər bir insan ömrünə sığmayan tarixi xidmətləri ilə Şərqi və dünyanı heyrətə salmışdılar. Onların hər biri elm, ədəbiyyat, kitab, incəsənət, mədəniyyət xadimlərini ətrafına toplayaraq öz sarayını Elmlər Akademiyasına çevirmişdilər. Kitabların səhifələri, haşiyələri, onların hazırlandığı və saxlan-dığı otaqların daxili və xarici görkəmi kimi saray binasının divarları da bir-birindən gözəl rəsmlərlə, müdrik sözlərlə və Çin istehsalı olan qiymətli daşlar-la bəzədilmişdi. Kitabxana da, yazılı abidələrin hazırlandığı emalatxana otaqları da sarayda yerləşirdi və eyni mərkəzdən idarə olunurdu. Burada ki-tabçılıq sənətlərinin ağır yük arabasını irəli aparan türklər və digər Şərq xalq-larının nümayəndələri olan xəttatlar, müsəvvirlər (rəssamlar), nəqqaşlar (divar, tavan, saqsı qab, kitab bəzəyənlər, rəssamlar), müzəhhiblər (qızıl suyuna çə-kənlər), müsəhhihlər (korrektorlar), mücəddidlər (bərpaçılar), mücəllidlər (cildçilər) və başqa sənət fədailəri yüz min cildlərlə kitab hazırlamışdılar… Nə-ticədə Heratın şöhrəti Şərq ölkələrinin coğrafi hüdudlarını aşıb dünyanın diq-qətini özünə cəlb etmişdi. Cəfər Təbrizinin Baysunqur Mirzəyə yazdığı «Ərzə-daşt» bu baxımdan bir sıra öyrənilməmiş səhifələrə işıq salan ilk mötəbər yazılı tarixi sənəddir. Onun 6 əsr «həbs» taleyi yaşamış əlyazma nüs¬xəsinin üzə çıx-ması son onilliklərin tapıntılarından heç də az fərəh hissi doğurmamışdır. Görkəmli türk alimi Kamal Özərgin yazır ki, ildən-ilə sayı və sanbalı çoxaldı-lan kitabları istehsal edən sənət adamlarını yerləşdirmək məqsədi ilə tikilən yeni otaqların «Hesabat» dövründə (1427-ci ilin yazında) istifadəyə verilməsi kitab ustalarının iş şəraitinin getdikcə yaxşılaşdırılmasından soraq verir. Ki-tab hazırlama, əşya bəzəmə, memarlıq və otaq işləri bölmələrindən ibarət «Ər-zədaşt» qələmə alınanda kitabxanada 9 iri həcmli kitab üzərində iş gedirdi. Hər birinin yazılması, rəsmlərlə, haşiyələrlə, daş-qaşla bəzədilməsi və cildçilik işləri 25 kitab ustasına tapşırılmışdı. Onların və bəzi müasirlərinin şərəfli əməyini təsvir və təqdir edən «Ərzədaşt» bir cüng içərisindəki səhifələrə yapış-dırılmış halda zəmanəmizə çatmışdır. Türk professoru Z.V.Toğana görə, bu cüng Ağqoyunlu hökmdarı Sultan Yaquba (1478-1490) məxsusdur. Gözəl xətlə yazılmış, rəngarəng rəsmlərlə, şeirlərlə tamamlanmış və nəfis cildə tutul-muş həmin cüng hazırda İstanbulun Topqapı Sarayı Muzeyindədir. (Göstəri-lən mənbə, s.478, 487).
Həmvətənlimiz Cəfər Təbrizinin altı əsr bundan əvvəl eni 135, boyu 460 mm ölçülü açıq krem rəngli yerli növdən olan sarımtıl kağızda fars dilində nöqtəsiz ərəb əlifbası ilə yazdığı savadlı, səliqəli, qüsursuz, düzəlişsiz (Yenə orada, s.488) və lakonik «Hesabat»ını oxuduqca oradakı yeni məlumatlarla tanışlıq bizi heyrətləndirir. «Hesabat»dan aydın olur ki, Cəfər Təbrizi bütün fəaliyyəti ərzində həm Herat saray kitabxanasının 100 nəfərdən çox əməkda-şına, o cümlədən sarayın kitab hazırlanan emalatxanalarında çalışan qələm və fırça ustalarına, cildçilərə, həm də tikinti, təmir, bərpa, memarlıq, bəzəmə, rə-ngləmə, həkkaklıq, nəqqaşlıq kimi sahələrdə çalışanlara və onların yardımçı-larına rəhbərlik etmişdir.
Göründüyü kimi, o zamankı çətin tarixi şəraitdə bir-birindən fərqli zehni və fiziki əmək sahələrində çalışan yüzlərlə qələm, fırça, tişə, cild, ho-vuz, sandıq ustasının, xeyli daşyonan, bənna, suvaqçı, xarrat, çadırçı, tikişçi və başqa iş adamlarının gündəlik fəaliyyətinə rəhbərlik etmək, onların sənə-tindən və xarakterindən baş çıxarmaq bir insan ömrünə sığmayan işdir.
Adını çəkdiyimiz «Hesabat» belə bir tarixi həqiqəti təsdiq edir ki, Baysunqur Mirzə (atası: Şahrux Mirzə, anası: Gövhərşad Xatun) yaşıdı və müasiri Cəfər Təbriziyə böyük səlahiyyətlər vermişdi. Kitabçılar, çadırçılar, parça, keçə, dəri tikənlər, kitabə ustaları və başqalarının gördüyü işlər Cəfər Təbrizinin baş münsifliyi ilə qəbul edilirdi. Son dərəcə ədalətli dövlət xadi-mi, cəsur hərbi sərkərdə, səxavətli mesenat və uzaqgörən siyasətçi olan Bay-sunqur Mirzə həm də Cəfər Təbrizi kimi mahir xəttat, şair, fəal mütaliəçi, türk, ərəb, fars dillərində xeyli şeirlər yazmış parlaq istedad sahibi, kitab sənəti adamlarının təşkilatçısı, himayəçisi və mənəvi atası idi. Saraya top-ladığı ədiblər, alimlər, sənətçilər, musiqiçilər və başqa əmək adamları türk qürurunu sınmağa qoymayan əsgərlər kimi ona dərin inam bəsləyirdi. Hökm¬dar tez-tez onlarla həmsöhbət olardı, sarayda, çox zaman kitabxana-nın geniş zallarında məclislər qurardı. Elmə, ədəbiyyata, tarixə, kitab sənəti adamlarına və musiqiçilərə sevgisi sonsuz idi. Tikdirdiyi emalaxanalarda Cəfər Təbrizinin başçılığı və dəyərli sənət adamlarının əməyi ilə xeyli misil-siz əsərlər hazırlatdırmışdı. Bu əsərlərin yaradılmasında iki milyondan çox əhalisi olan Heratın məşhur kitabçıları ilə yanaşı, Şərq şəhərlərinin tanın-mış kitab sənəti adamlarının da fəal iştirak etdiyi Cəfər Təbrizinin «Hesa-bat»ında təsdiqini tapmışdır. Kamal Özərgin yazır ki, xəttatlar, müsəvvir-lər, nəqqaşlar, mücəllidlər, müzəhhiblər və b. kitab sənəti adamlarının ön sı-ralarında təbrizli Cəfər, heratlı Şəmsəddin Məhəmməd, təbrizli Əzhər, məş-hədli Sultanəli və başqaları vardı. Müsəvvirlərdən Qiyasəddin Nəqqaş, Xəlil Mirzə və Kəmaləddin Behzad kimi neçə-neçə ustadlar dünya şöhrətli əsərlər yaratmışlar (Göstərilən mənbə, s.474-475). Onlar kitabların üzünü, kitablar da onların üzünü ağartmışdır.
Mənbələrin yazdığına görə Heratın saray kitabxanasında olan kitab-lar ərəb, fars, türk, ingilis və s. dillərdə idi. Bu kitabların bir çoxu Cəfər Təbrizinin xeyir-duası ilə həyata vəsiqə almışdı. Mahir xəttatın gənclik illə-rində – 1417-ci ildən Baysunqur Mirzənin vəfatına (1433) və ömrünün sonu-na qədər mətnini köçürdüyü kitabların sayı bilinməsə də, bir çoxunun adı və sığınacaq mənbələri məlumdur. Nizami Gəncəvinin «Sirlər xəzinəsi» (1417), «Xəmsə»si (1420), «Xosrov və Şirin»i (1421), Sultan Əhməd Cəlairi-nin «Cüng»ü (1424), Sədinin «Gülüstan»ı (1426-1427), Hüseyn Sədətin «Nüzhətül-ərvah»ı (1427), «Baysunqur Mirzə cüngü» (1427), Firdovsinin «Şahnamə»si (1427-1430), Əbülməali Nəsrullanın «Kəlilə və Dimnə»si (1431), Hafizin «Divan»ı (1431-1432) və s. yazılı abidələrin mətnindən baş-qa Herat şəhərində xeyli abidələrin kitabələrini də «altı xətt növünün ustası» Cəfər Təbrizi yazmışdı. Onun və müasirlərinin Baysunqur Mirzənin sağ¬lığında və vəfatından sonrakı onilliklərdə Heratda hazırladıqları nəfis kitab-lar, xəttatlıq, cildçilik, miniatür boyakarlığı və s. əlaqədar sahələrin «ən yüksək inkişaf» səviyyəsini əks etdirir. Onların bəziləri hazırda Azərbaycan, Türkiyə, İran, Orta Asiya, Rusiya, ABŞ, İngiltərə, Fransa və başqa ölkələ-rin kitab xəzinələrində (Azərbaycan MEA RƏİ, Topqapı sarayı muzeyi, Tehranın Gülüstan sarayı kitabxanası, Saltıkov-Şedrin kitabxanası, Metro-politen muzeyi, Lüvr muzeyi və s.) saxlanılır (ASE. Bakı, 1987, c.10, s.175-176). Bu yazılı abidələr Azərbaycan və Şərq kitab ustalarının ən çox Təbriz ənənələri əsasında Heratda yaratdıqları kitabçılıq məktəbinin möcüzələri-dir. Bu kimi çoxsaylı kitablar eyni zamanda həmin məktəbin yaradıcıları-nın və davamçılarının «cildlənmiş» surətləridir.
Cəfər Təbrizinin hələ mükəmməl öyrənilməmiş «Hesabat»ı və dünya kitab xəzinələrində mühafizə edilən Herat istehsalı olan əsərlər Azərbaycan və Şərq kitab ustalarının XV əsrdə qazandıqları uğurları araşdırmağa kö-mək edən ən etibarlı mənbədir. «Hesabat»ın tədriclə başqa ölkələrdə də tər¬cümə, nəşr, tədqiq ediləcəyi və geniş əks-səda doğuracağı şəksizdir. Bu mən-tiqin arxasında belə bir həqiqət durur ki, məşhur Azərbaycan ziyalısının dünya kitab tədqiqatçılarının diqqətini çox mətləblərə cəlb edəcəyi gün hələ qabaqdadır.


Ağılla bilik sağ və sol əl kimidir. Onlar birləşəndə məqsədə daha tez çatmaq olar. Buna görə bütün əsrlərdə ağıllı, bilikli, istedadlı qələm, fırça, cild ustalarını yeni-yeni kitablar yaratmağa səfərbər etməyə ehtiyac hava, su, çörək qədər zəruri sayılmışdır. Bu sahədə XV əsr Azərbaycan xəttatı, şairi, elm və sənət təşkilatçısı Cəfər Təbrizinin gördüyü iş orta əsrlərin kitab mədəniyyəti tarixinə qızıl hərflərlə yazılmışdır. Ustadlar ustadı sayılan bu böyük ziyalı kitablar səltənətinə qonaq kimi yox, əbədi ev sahibi kimi daxil olmuşdur. O, əməyinin nəticələrini müasirlərindən və gələcək nəsillərdən əsirgəsəydi kitablar aləminin parlaq ulduzuna çevrilməzdi.
Cəfər Təbrizi insanları cəhalət bataqlığından aydın yola çıxarmağa xidmət edən əməlləri ilə bütün Şərqdə və dünyada tanınır. Bu nüfuz asanlıq-la qazanılmamışdır. Onun ömrü bütünlüklə kitablar, kitabçılar (xəttatlar, rəssamlar, cildçilər…) arasında keçən və ölməzliyə qovuşan ömürdür. Ya-radıcılıq, ustadlıq və təşkilatçılıq bacarığı heyrət doğurmasaydı, o, bir neçə hökmdarın etimadını qazana, 70 il kitab və incəsənət adamları arasında iş-ləyə və 60 il onlara başçılıq edə bilməzdi. Onun rəhbərlik etdiyi saray kitab-xanası və kitab emalatxanaları Şərq və dünya kitab okeanında sayılıb seçi-lən nəhəng gəmiyə bənzəyirdi. Onun yükü – kitablar, sərnişini – kitabçılar, kapitanı – Mövlana Cəfər Təbrizi idi.
«Hesabat»a dərindən yanaşanda belə nəticəyə gəlmək olur ki, Cəfər Təbrizinin rəhbərlik etdiyi kitabxana, emalatxana, təmir-tikinti, bağ, çadır, yol işçilərinin sayı 200-dən çox olsa da, əqidələri bir, əməyə və Vətən tarixini yaratmağa məhəbbətləri sabaha inamları qədər güclü olmuşdur. Bu «Hesa-bat» indiyə qədər açıqlanmamış bir məsələyə də aydınlıq gətirməyə əsas ve-rir və daha bir elmi həqiqətin təsdiqinə yol açır: Cəfər Təbrizi mahir xəttat, yenilikçi ziyalı, ixtiraçı xətt ustası, istedadlı şair, ustad müəllim, bacarıqlı təşkilatçı, nüfuzlu əqidə adamı, kitab mədəniyyəti və incəsənəti sirlərinə də-rindən bələd olan insan olmaqla bərabər, inşaat, çadır, yol, hovuz, park, sandıq, yəhər ustalarına rəhbərlik kimi sahələrdə də fitri istedad sahibi idi. Sarayın kitabxana və emalatxanaları ilə yanaşı təmir, tikinti, arakəsmə, otaqartırma, bağ-bağça və s. sahələrə qüsursuz rəhbərliyinə, işləmək və iş-lətmək məharətinə görə onu N.Tusi (1201-74) ilə müqayisə etmək olar.
Özünə qədərki bir çox həmvətənlisi kimi Cəfər Təbrizi də nəsillərin xoşbəxt gələcəyi üçün çırpınan ürək sahibi idi. Onun müdrik düşüncələri ilə süslənmiş «Hesabat»ı əsrlərin bizdən əsirgədiyi bir çox tarixi həqiqətlərə güzgü tutmaqla bizi keçmişimizi yaxşı öyrənməyə, mövcud tədqiqatlara ye-nidən qayıtmağa, ehtimalları və dayaz təsəvvürləri yeni elmi mülahizələrlə əvəz etməyə ruhlandırır.
Tanınmış türk alimi Nadir Ricaloğlunun farsca biliyindən fayda-lanmış Kamal Özərginin bu etirafına haqq qazandırmaq lazım gəlir ki, «Ərzədaşt» Batı Türküstanının Xorasan ləhcəsində yazıldığına görə oradakı bəzi çətin sözləri lüğət kitablarında tapmaq çətindir. Onları olduğu kimi saxlamaq məcburiyyətində qalsaq da, hansı anlamda işləndiyini doğru tə-səvvür etdiyimiz terminlərin müasir mənasını «Hesabat»ın mətnində mötə-rizə içərisinə almağa üstünlük verdik. «Hesabat»a heç nə artırıb əksiltmədən onun Azərbaycan mətbuatında ilk dəfə dərc edilən mətni ilə gəlin birlikdə tanış olaq.

ƏRZƏDAŞT [HESABAT]

[Giriş] Bu böyük kitabxananın xidmətçilərinin gözləri oruc tutan in-sanın qulağı «Allahu Əkbər» sədasında olduğu kimi əlahəzrət Padşahın atının ayağının altından çıxan tozun intizarındadır. Sevinclərinin çoxluğun-dan «Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən Rəb-bimiz bağışlayan və qədirbiləndir» [Fatir surəsi, 34-cü ayə] deyə fəryad edə-rək səslərini fələyin zirvəsinə ucaldırlar.

[ I]. [ KİTAB HAZIRLAMA İŞLƏRİ ]

[1]. Əmir Xəlil [dövrünün misilsiz rəssamı] «Gülüstan»dan iki dəniz «mövze»sindən [lövhəsindən] «su dalğası»nı tamamlamışdır. İndi ona rəng vurmaqla məşğul olacaqdır.
[2]. Mövlana Əli [ustad müzəhhib, müsəvvir] hesabatın yazıldığı gün «Şahnamə»nin dibaçəsini şərh ilə hazırlamağa başladı və bir neçə gün gözü ağrıdı.
[3]. Xacə Qiyasəddin ona tapşırılmış risalələrdən iki «mövze»ni [löv-həni] «cəhrə»yə çatdırmış [çəkib qurtarmış] və bir «mövze»ni qurtarmağa yaxındır. Hal-hazırda «Gülüstan»dan xarab olmuş bir «mövze»nin təmirini tamamlamaqla məşğuldur.
[4]. Mövlana Şəhab bir dibaçə və dörd «lövh» [miniatür] və «şərəfi-dibaçə» [dibaçənin karnizləri] portretini qızılla bəzəmiş və səkkiz «nəli-şəmsə»ni dibaçənin ortasına çəkmişdir. Hal-hazırda «Gülüstan»ın başqa bir «mövze»sini təmir etməklə məşğuldur.
[5]. Mövlana Qivaməddin «Şahnamə»nin cildinin üzərini «islimi» ha-şiyəsi [xüsusi ornament] ilə qüsursuz bəzəmiş, cildin üz mətnini qələmə al-mış və iki «danq»a yaxınını [6/1 ölçü vahidi] «buma» [sona] çatdırmışdır. Arxası [cildin forzası], başı [kötüyü] və boynu [kaptalı] yapışdırılmış və «yol» çəkilmişdir.
[6]. Mövlana Şəmsdə Xacə Əleyhirrəhmənin əlyazma risaləsini köç-ürməyin bir hissəsi qalmışdır.
[7]. Xacunun «Divan»ından 10 miniatürün 7-ni Mahmud «buma» [sona] çatdırmış, qalanı ilə məşğuldur.
[8]. Hacı Mahmud risalələrin cildinin üzərindəki mətni yazıb qur-tarmış və qalan işlərlə məşğuldur.
[9]. Xacənin risalələrinin cildinin üzünü və arxasını [astarını, forzası-nı] Xacə Mahmud mükəmməl hazırlamış və «sərv» etməklə [yaraşığa gətir-məklə] məşğuldur.
[10]. Cədvəlçəkən Xacə Ətayi «Mövlana Sədəddin tarixi»ni və Xacu-nun «Divan»ını tamamlayıb, «Şahnamə» ilə məşğuldur.
[11]. Mövlana Qütb «Tarixi-Təbəri»dən 10 qismi yazmışdır.
[12]. Xacə Əta «Gülüstan»ın cüzlərini bitirmiş və Mövlana Sədəddi-nin köçürdüyü tarixin 3 miniatüründən 2-ni «buma» [sona] çatdırmış, qala-nını bitirməklə məşğuldur.
[13]. Mövlana Məhəmməd Mütəhhər «Şahnamə»dən 25 000 beyti köçürüb bitirmişdir.
[14]. Xacə Əbdürrəhim [Cəfər Təbrizinin müəllimi] mücəllidlərin [cildçilərin] və müzəhhiblərin [cild bəzəyənlərin], çadır tikənlərin və kaşıtə-raşların «tərh»i [bəzəmə işlərinin yerləşdirilməsi] ilə məşğuldur.
[15.] Mövlana Sədədin «Bəyim»in sandıqçasının qapağını tamam-lamış və bir yanını parlatmışdır. Qalmış olan qapaq təbəqəsini 15 gündə ha-zırlayacaq.
[16]. Mövlana Şəms bir «kəşti»ni [gəmi rəsmini] tamamlayıb, Xacu-nun «Divan»ından bir miniatürü «buma» [sona] çatdırmışdır.
[17]. Başqa iki «kəşti»ni Hacı və Xətayi «həlkari»yə [yüksək bəzəmə səviyyəsinə] çatdırıblar.
[18]. Başqa bir «kəşti»ni Əbdüssəlim tamamlamaq üzrədir.
[19]. Nəqqaşlar 75 gözəl çadırı rəngləməklə və «sətsman»la [təmizlə-məklə] məşğuldurlar.
[20]. Ustad Seyfəddin sağalmışdır və ağrıları kəsilmişdir.
[21]. Mir Dövlətyarın yəhər üçün «tərh»ini Xacə Mir Həsən «nəql» [icra] etdi. Xacə Mir Həsənin oğlu Mir Şəmsəddin və Ustad Dövlətxacə sə-dəf düzməklə məşğuldurlar.
[22]. Bəndeyi-həqir [yəni: Mövlana Cəfər Təbrizi] «Şahnamə»nin 3/1-ni köçürüb qurtarmış, «Nüzhətül-ərvah»ı köçürməyə başlamışdır.
[23]. Duanı qısa edəcəyəm və duadan başqa nə edə bilərəm. Mə-həmməd [s] və soyu eşqinə dövləti[miz] əbədi olsun!

[II.] İMARƏT [TƏMİR, TİKİNTİ İŞLƏRİ]

Allah-təalanın ərkanı qiyamət gününə qədər yaşayacaqdır.
[1]. Dərgahın [kitab sarayının] daşyonma işləri tamamlanmış və dəh-lizin döşənməsi bitmişdir. Kaşı işindən kitabə və «kongere»nin [tikilinin ən üst hissəsinin, təpəsinin, qülləsinin] yonulmasının qalmış hissəsi işlənməkdə-dir. «Surətxanə» oturdulmuş və «məxaric»ə qoyulmuşdur.
[2]. Qəsrin qədim qübbəsinin ətəyindən «məqrənəs»in altına qədər nəqqaşlıq işi başa çatdırılmış və şərq tərəfinin sütunu yenidən tikilmişdir.
[3]. Nəqqaşlar üçün təməli qoyulmuş kitabxana [emalatxana, kitab-ların hazırlandığı yer] tamamlanmışdır. Nəqqaşlar və katiblər [xəttatlar] iş-lərini orada [yeni tikilidə] davam etdirirlər.
[4]. Daşyonanlar hovuz işiylə məşğuldurlar.
[5]. Bağın yeni divarı 6 «day» [hörgünün qatı, sırası] əmr edilmişdir [tikilmişdir]. Bəzi yerlərdə 4 «day» [daşların cərgəsi, sırası], bəzi yerlərdə isə 3 «day» alınmışdır. Hal-hazırda iş davam etməkdədir. Eyvan və dalanın tə-məli qoyulmuş və eyvanın önündəki şah yolunda iş görülür.
[6]. Bağın meydanının əvvəlki divarı 3 «day» idi. Dərgah daşından əli boşalan kaşıyonanlar həmin bağın «izarə» işi ilə məşğul olacaqlar.
[7]. Evin «külüng»ünün bütün səqfi [tavanı] və əhəng işləri tamam-lanmışdır.

[III.] XƏRGAH [ÇADIR].

[1]. «Təbətərləq» [çadırın üstünə örtülən keçə] 14 qitə [hissə, parça] və «bəvəzə» [işıq və hava daxil olan yer, nəfəslik] 7 qitə, ümumilikdə 21 qi-tənin 6 qitəsi tamamlanmışdır.
[2]. Qitənin «nal»ları [örtükləri, dəriləri] tamamilə tikilmişdir.
[3]. Ümumilikdə 21 ədəd olan və cızılıb işarələnmiş yazılı qitələrin [parçaların] ortasındakı «şəms»lərin [işarələrin] 6 ədədi tamamlanmışdır.
[4]. «Şərəf» [çadırın üst örtüyünün], «məhbəs» [yer döşənəyinin] və «haşiyə»lərin [çadırın alt kənarlarının] təxminən 1 «danq» yarımı tikilmiş-dir.
[5]. Əsli 1 misqaldan ibarət olan çadırın xarici görünüşünün «nəqş»i [bəzək işinin materialı] «səndəl»dən [parlaq parçadan], yazılışı «zər-hoqqa»dan [qızıl suyundan] ibarətdir. Bir «danq» yarımı tikilmiş və tamam-lanmaq üzrədir.
[6]. Dövlət[imiz] əbədi olsun!

* * *

Bu məqalə, Mövlana Cəfər Təbrizinin sensassiya doğuran «Hesa-bat»ı haqqında Azərbaycanda ilk açıqlama olsa da son söz deyildir. «Hesabat»dan aydın görünür ki, bu tarixi sənəd Cəfər Təbrizinin müasiri olmuş məşhur xəttat, rəssam, cildçi, memar, nəqqaş və başqa sənət adamlarının xidmətləri və dövrün mənəvi mənzərəsi haqqında məlumatlarla zəngindir. Bu baxımdan müasir tədqiqatçıların əvvəlki mətbu mənbələrə yenidən qayıtmaq ehtiyacı ilə üz-üzə qaldığını zamanın tələbi kimi qəbul etmək olar.
XV əsrin tərcümeyi-hal kitabının itkin düşmüş səhifələrindən biri olan bu «Hesabat»ın 6 əsrdən sonra üzə çıxan əlyazma mətni göstərir ki, Cəfər Təbrizi mənəvi mədəniyyətin iki qoşa qanadını – saray kitabxanası və emalatxanalarının kitab sərvətini aydan-aya, ildən-ilə zənginləşdirməyə ça-lışmaqla təkcə Türk dünyasının yox, Şərqin əbədi söz sərvətini, fırça incilərini, gözəl xətt, miniatür və cild nümunələrini nəsildən-nəsilə ötürmək mis-siyasını şərəflə yerinə yetirmişdir. İnanırıq ki, məqaləyə əlavə etdiyimiz «Hesabat»ın farsca mətninin türkcə müqayisəli variantının Azərbaycanda ilk dəfə mətbuat səhifələrinə çıxarılması oxucular, tədqiqatçılar və maraqla-nanlar üçün düşündürücü, istiqamətləndirici və öyrədici olacaqdır. «Hesabat»ın üç bölməsində müxtəsər şəkildə əksini tapmış 36 maddənin fikir yükü təfsilatı ilə bir-bir tədqiq edilərsə, sirri açılmamış daha böyük həqiqətlərə yol açılar. Bəzi anlaşılmaz sözlərin «Hesabat»ın həzmini çətinləşdirməsinə baxmayaraq, müasirlərimizin yaradıcılıq əzmini şölələndirəcəyinə ümid çoxdur. Bu o deməkdir ki, haqqında danışdığımız «Hesabat»da ustad Cəfər Təbrizinin qeydə aldığı məlumatların izi ilə zaman bizi altı əsr geriyə qay-tarsa da, irəliyə, tərəqqiyə səsləyir və bizdən yaradıcılıq təpəri gözləyir. Ağzımıza gələnə yox, ağlımıza gələnə istinad etsək, təpər öz yolunu düz tapar.