|
Məmməd Arif:
Azəri xalqının çox qədim və zəngin incəsənəti var. Yalnız uzaq əsrlərin yadigarı yazılı daşlar, qocaman abidələr yox, həm də bu gün yaranan sənət əsərləri gözləri oxşayır. Mədəniyyətimizin bu qiymətli və maraqlı sərvətini göz bəbəyi kimi qorumaq, onu hamıya sevdirmək, dünya xalqlarına tanıtmaq olduqca şərəfli bir vəzifədir. Bu vəzifənin bir hissəsi də nəşrə başlayan toplunun üzərinə düşür. Hamı: arxeoloqlarımız, etnoqraflarımız, memarlarımız, rəssamlarımız, bəstəkarlarımız, teatr və kino işçilərimiz, bir sözlə, bütün mədəniyyət və ədəbiyyat xadimlərimiz onun hər nömrəsinin maraqlı olacağını gözləyir. İşin avand olsun, «Qobustan!»
Rəsul Rza:
«Qobustan»a uğurlar! Gün olsun, aylıq olsun.
Mirzə İbrahimov:
İncəsənət məcmuəsinin nəşr olunacağını eşitdikdə nə qədər sevindim! Belə bir məcmuəyə bizim böyük ehtiyacımız var. Musiqi, rəssamlıq, teatr və başqa sənətlərimizin inkişafını, canlı yaradıcılıq məsələlərini işıqlandıracaq. Nəşrə başlayan bu məcmuənin yolu işıqlı olsun, özü isə yeni bir ulduz kimi parlasın. Ümid edirik ki, parlayacaq.
Fikrət Əmirov:
…İndii mili musiqimizin addım səsləri dünyanın hər yerində eşidilir. Ancaq biz musiqimizin qol-qanadını hələ tamam açmamışıq. Ümid edirəm ki, yeni toplu xalqımızın oğul və qızlarının sənətini respublikamızdan uzaqlarda yayılmasına kömək edəcək. Çox istərdim ki, toplu xalq musiqisindən, professional musiqimizdən, ifaçılar və bəstəkarlardan tez-tez söhbət açsın. Musiqi folkloru da dərindən öyrənilməlidir. Bu yazılar gənclərin yaradıcılığının xalq musiqisi zəminində formalaşmasına, aşıq sənəti incəliklərinin daha yaxşı mənimsənilməsinə kömək edərdi.
Mikayıl Abdullayev:
Bu sətirlərlə mən də «Qobustan»ın mübarək qədəmlərini alqışlayıraraq onu səmimiyyətlə təbrik edirəm. «Qobustan» əsl sənət rəmzi kimi səslənir. İbtidai həmyerlimizin qayalara həkk etdiyi ilkin sənət izləri öz saf və emosional hisslərilə bu gün də müasirlərimizi heyran qoyur. Qoy belə bir toplu milli mədəniyyətimizin inkişafında tarixi rol oynasın. Onun hər səhifəsi, cümləsi və kəlməsi əsl sənət naminə yaşasın… …Bir arzum da budur ki, toplunun səhifələrində bayramvarı, səs-küylü, reklamxasiyyət materiallar özünə yer tapmasın, əsl sənət söhbətlərinə, ciddi məsələlərə, elmi ləyaqəti olan yazılara geniş meydan verilsin…
Niyazi:
İncəsənətə aid hər bir nəşr, hər bir dərgi, hər bir toplu – sənətin güzgüsüdür. Güzgüdə əks olunan surətin gözəl, lətif, yaraşıqlı görünməsi üçün iki şərt vacibdir: surətin özünün gözəlliyi, qəşəngliyi, nazəninliyi, bir də güzgünün keyfiyyəti, aydınlığı, büllurluğu. Çağdaş azəri sənəti yüksək dəyərlərə malikdir – musiqimiz, ifaçılıq sənətimiz, rəssamlığımız çoxçeşidli, əlvan və rəngarəngdir. Arzu edirəm ki, bu sənəti əks edən güzgü – «Qobustan» incəsənət toplusu da yüksək keyfiyyətə malik olsun, «aydan arı, sudan duru» olsun. «Qobustan», gün aydın!
Qəmər xanım Almaszadə:
Ümid edirik ki, «Qobustan»ın səhifələrində balet sənətindən geniş danışılacaq. Kollektivimiz hər mövsümdə yeni tamaşa hazırlayır. Biz balet tamaşalarının hərtərəfli, ağıllı təhlilini görmək istəyirik. Xoreoqrafiya sənəti ənənələri, məşhur həmkarlarımızın sənət təcrübəsi haqqında yazılara da böyük ehtiyac var. Körpə toplunun yolunu işıqlı, işini avand görmək istəyirik.
Şövkət Məmmədova:
Mən uzun illərdir ki, vokal sənətindən dərs deyirəm. Nəğməli, həyəcanlı günlərim illərin o tayında qalıb. İndi mənim yaşıdlarımın çoxunun sinəsi sözlə, xatirələrlə doludur. İnanıram ki, bizə əziz olan bu xatirələri sənətsevər oxucularımız maraqla qarşılayar. Qoy «Qobustan» sənət adamlarımızın ikinci ömrünü – ötən illərin yadigarı olan xatirələri yaşatsın.
Adil İskəndərov:
Yeni incəsənət toplusu yaradılır. Deməli, burada çap olunan yazılar da təzə olmalıdır. Yeni olan hər şeysə maraqlıdır. Biz kino sənətimiz haqqında tutarlı məqalələr oxumaq arzusundayıq…
Rauf Hacıyev:
Mən Qobustan sözünü hər deyəndə, hər eşidəndə «Qavalçalan daş» yadıma düşür. Bu daş ulu babalarımızın ilk çalğı alətidir. Yüz illər, min illər onun səsini batıra bilməyib. Bu səs bir az codlaşsa, sərtləşsə də, hələ min illəri yola salasıdır. Qoy «Qobustan» toplusunun səsi də belə yaşarı olsun. Sənətsevər xalqımızın yaradıcı ruhunu illərin, əsrlərin sınağından keçirə bilsin.
Hökümə Qurbanova:
…İnanıram ki, toplu bütün incəsənətimiz üçün «aşkarlanma laboratoriyası» olacaq. Biz – sənət adamları bütün müvəffəqiyyət və uğursuzluğumuzu onun səhifələrində görəcəyik.
«Qobustan» №1, 1969
|
|