Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


O İLİN XEYİR-DUALARI


ANAR
ÖMRÜMÜN "QOBUSTAN" İLLƏRİ


Zemfira SƏFƏROVA
Müstəqillik dövründə Azərbaycan musiqisinə bir baxış


Mehriban ƏHMƏDOVA
HƏMİŞƏYAŞAR BƏSTƏKAR


CƏFƏR CABBARLI
(«Portretlər»dən)


Vəfa XANOĞLAN
İLYAS ƏFƏNDİYEV:
«YAZIÇI ÜÇÜN DIL ONUN ÜRƏYININ TƏRCÜMANIDIR»


«Mühit içində, təpədən dırnağa kimi ümid içində»


Elnur ƏHMƏDOV
Süleyman Ələsgərovun «Tarantella» pyesi


Vaqif SƏMƏDOĞLU
İlqar FƏHMİ
Çağdaş detektiv romanlar ustası


İmaməddin ZƏKİYEV
NAMƏLUM «HESABAT»IN MƏLUM MƏTNİ


Çingiz ƏLƏSGƏRLİ
XALQIN ARTİSTİ, XALQ ARTİSTİ İLHAM NAMİQ KAMAL


İmruz ƏFƏNDİYEVA
İstedadlı musiqişünas alim


Mehriban Sultan
MƏNƏVİ VARİSLİK HAQQI


Turan ŞÜKÜROVA
ABSURD TEATR


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ ANSAMBLLARI
TƏSVİRİ SƏNƏTDƏ


Səyyarə NAMİQQIZI
Milli irsin qorunması barədə?


Ziyadxan ƏLİYEV
Fırçayla yaradılan yaradıcılıq yolu


Elçin HƏŞİMOV
AZƏRBAYJAN XALQ ƏMƏK MAHNILARINA BİR NƏZƏR


Sevda AĞAYEVA
«Kaspi» qəzetində teatr problemlərinin əksi
(1910-1919-cu illər)


AĞASƏFA
ŞƏHƏRGƏ


Məlahət NƏCƏFOVA
Azərbaycanda yaşayış mühitinin yaranmasını və inkişafını
səjiyyələndirən əsas mərhələlər



 

Zemfira SƏFƏROVA
Müstəqillik dövründə Azərbaycan musiqisinə bir baxış


 

Artıq 20 ilə yaxındır ki, Azərbaycan xalqı müstəqilliyini və suverenliyini bərpa etmişdir. Bu dövr ərzində bütün sahələrdə olduğu kimi incəsənət sahəsində də əldə olunan nailiyyətlər və uğurlar danılmazdır.
Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri onun zəngin və təkrarsız musiqi ənənələrinin çoxəsrlik tarixi inkişafının məntiqi nəticəsidir. Müstəqillik dövründə xalqımızın öz köklərinə qayıtması, həm tarixinə və mədəniyyətinə, həm də musiqisinə müraciət etməsi, bütün bunların toplanıb nəşr edilməsi, tədqiqi labüd və aktual olmuşdur. Yalnız bu zəngin irsin dərindən öyrənilməsi nəticəsində xalqın maddi mədəniyyətinin demokratiya, sosial və iqtisadi təkamül yolu ilə hərtərəfli inkişafı mümkündür.
Xalqımızın zəngin musiqi irsinin şah əsərləri muğamlardır. Qeyd edək ki, qədim Azərbaycan muğamı müstəqillik dövründə özünün yeni canlanma, dirçəliş dövrünü yaşayır. Azərbaycan muğamının YUNESKO-nun qərarı ilə dünya-mədəniyyətinin misilsiz dəyərə malik şifahi mədəni sərvətləri sırasına daxil edilməsi fərəhləndirici hadisədir. YUNESKO-nun şifahi və qeyri-maddi irsin qorunması üzrə konvensiyası ənənələri qoruyub-saxlamaq və yaşadıb-inkişaf etdirmək kimi ali məqsədlərə xidmət edir. Azərbaycanda bu işi həyata keçirmək üçün YUNESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva önəmli işlər görür.
Hal-hazırda muğam sahəsində böyük layihələr həyata keçirilir. Bunlar «Muğam-irs», «Muğam dəstgah», «Muğam-epsiklopediya», «Muğam-internet», «Muğam-antologiya», «Muğam aləmi», «Muğam mərkəzi» və s. layihələrdən ibarətdir. Bu illərdə «Şərq-Qərb» nəşriyyatında çap olunmuş XIII əsrin böyük musiqişünası, yeni musiqi alətləri ixtiraçısı, gözəl xəttat Səfiyyəddin Urməvinin çox qiymətli «Kitabül-ədvar» və «Şərəfiyyə» risalələri və XV əsrin görkəmli alimi Fətullah Şirvaninin «Musiqi məcəlləsi» adlı traktatları «Muğam-irs» layihəsi çərçivəsində işıq üzü görmüşdür. (Ərəb dilindən tərcümə edənlər M.Payızov, M.Əzizov, Ə.Əmirəhmədovdur. İxtisas redaktoru və ön söz və şərhlərin müəllifi Zemfira Səfərovadır).
Bütün dünyada məşhur olan, bir çox Şərq və Qərb dillərinə tərcümə edilən bu risalələrin doğma Azərbaycan dilində nəşri musiqi aləmində böyük hadisə olaraq onun gələcək inkişafı üçün çox əhəmiyyətlidir. Bu «Muğam-irs» layihəsinin uğurla həyata keçməsinin bariz nümunəsidir. Muğamımızı yaşadan digər qiymətli layihə 2005-ci ildə işıq üzü görmüş «Qarabağ xanəndələri» adlı albomdur. Albomda 24 Qarabağ xanəndəsinin səsi disklərdə təqdim olunmuşdur.
Layihənin və ön sözün müəllifi YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır, koordinatoru Tariyel Məmmədovdur.
Mühüm layihələrdən biri də «Üzeyir Hacıbəylinin irsi» layihəsidir ki, bu layihənin başlanğıcı çox uğurlu olmuşdur. Musiqinin beşiyi, Avstriyanın Vyana şəhərində Üzeyir bəyin məşhur operettası «Arşın mal alan»ın premyerası böyük tarixi hadisədir. Müxtəlif ölkələri təmsil edən xarici aktyorlar Üzeyir bəy musiqisini Azərbaycan dilində məharətlə ifa etmişlər. Bu tamaşada klassik musiqi ilə müasir quruluş bir vəhdətdə təqdim edilmişdir.
«Üzeyir Hacıbəylinin irsi» layihəsi üzrə bəstəkarın «Leyli və Məcnun» və «Koroğlu» operalarının, «Arşın mal alan» və «O olmasın, bu olsun» operettalarının klavirlərinin yeni nəşri, «Üzeyir Hacıbəyli» ensiklopediyası, bəstəkarın bədii və publisistik əsərləri, onun «Ömür salnaməsi» işıq üzü görmüşdür.
Müstəqillik dövründə Azərbaycan musiqisinin inkişafı ilk növbədə bəstəkarlarımızın və ifaçılarımızın yaradıcılığı ilə bağlıdır. Bu çox geniş və əhatəli mövzu olduğundan, biz bu kiçik məqalədə yalnız bəstəkar yaradıcılığının bəzi aspektlərinə toxunacağıq.
Müstəqil Azərbaycan Respublikasının (1991-2009) ictimai-siyasi həyatında baş verən mühüm hadisələr, Qarabağ müharibəsi, torpaqlarımızın 20 faizinin işğal olunması və sair dövrün, zamanın problemləri və özəllikləri musiqimizə də böyük təsir göstərmiş, onu yeni mövzularla zənginləşdirmişdir. Qarabağ müharibəsinə həsr edilən əsərlər, Vətəni müdafiəyə çağıran, onu tərənnüm edən yazılar bəstəkarlarımızın yaradıcılığının əsas mövzularından olmuşdur. V.Adıgözəlovun «Qarabağ şikəstəsi» və «Qəm karvanı» oratoriyaları, T.Bakıxanovun «Qarabağ harayı» simfoniyası, A.Əlizadənin Xor və simfonik orkestr üçün «Ana torpaq» odası, N.Məmmədovun Xocalı faciəsinə həsr edilmiş 7-ci simfoniyası, R.Mustafayevin «Haqq səninlədir» kantatası, A.Dadaşovun Şuşaya həsr edilmiş 11-ci simfoniyası, H.Xanməmmədovun «Əlimdə sazım ağlar» xalq çalğı alətləri üçün poeması (Qarabağ şəhidlərinə həsr olunub), S.İbrahimovanın «Vətən şəhidləri» kantatası və simli orkestr üçün «Sənin üçün darıxmışam, Şuşam» və bir çox əsərləri göstərmək olar.
Bu illərdə yazılmış A.Məlikovun ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş simfoniyasını xüsusi qeyd etməliyik.
Respublikanın əldə etdiyi müstəqillik nəticəsində Azərbaycan musiqisinin dünyada baş verən müasir musiqi cərəyanlarına inteqrasiya etmək imkanları daha da genişlənmişdir. Dünyada gedən ümumi qloballaşma prosesinin axınına düşən bəstəkarlarımız qloballaşma şəraitində milli ənənələrin, milli irsin qorunmasına xüsusi əhəmiyyət vermiş, milli musiqi ilə müasir tendensiyaları yeni səviyyədə, yeni formalarda sintezləşdirməyə çalışmışlar. Onlar tarixi-ədəbi yazılı abidələrə, folklor motivlərinə müraciət etmiş, klassik ədəbiyyat nümunələrindən bəhrələnmişlər.
Bu dövrdə bəstəkarlarımızı maraqlandıran mövzulardan biri də uzun illərin qadağasından çıxan islam dini, onun tarixi və «Quran»dır. Bu mövzuya həsr edilən əsərlərdən «Xütbə, muğam və surə» (F.Qarayev), «Mərsiyə», «Qəsidə» (R.Həsənova), «Quran, Bibliya, Tora» (A.Yusifova», «Stabat mater» (F.Hüseynov), «Peyğəmbərin tərifi» (R.Mirişli), «Ən ulu eşqim» (A.Ağayev) və başqa əsərləri göstərmək olar.
Son illərdə ən çox müraciət olanan sahələrdən biri də xor musiqisidir. R.Mustafayevin «Salatın», N.Adıgözəlovun «Çanaqqala», X.Mirzəzadənin a capella 2 miniatürü və başqaları. Müstəqillik dövründə V.Adıgözəlovun «Xan qızı Natəvan» operası uğurlu tamaşalardan olub, Azərbaycan operasının inkişaf tarixində mühüm yer tutdu. Bu illərdə F.Hüseynov, Ə.Əzizli, İ.Hacıyev, E.Dadaşov, İ.Hacıbəyov, R.Həsənova və b. bu janra müraciət etdilər.
Balet səhnəsində A.Əlizadənin A.Dumanın əsəri əsasında «Qafqaza səyahət» və P.Bülbül oğlunun «Dədə Qorqud» dastanının motivləri əsasında «Eşq və ölüm» baletləri uğurla səhnədə qoyuldu. Bu illərdə T.Bakıxanov, N.Məmmədov, O.Zülfüqarov və başqaları bu janrda əsərlər yazdılar.
Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan musiqisini dünyada təmsil edib onu daha da yaxşı tanıtdırmaq imkanları genişlənmişdir. A.Məlikovun, V.Adıgözəlovun, X.Mirzəzadənin, A.Əlizadənin, T.Bakıxanovun, F.Qarayevin, İ.Hacıbəyovun, F.Əlizadənin, C.Quliyevin, E.Dadaşovanın, F.Hüseynovun əsərləri Türkiyədə, Norveçdə, Hollandiyada, Kiprdə, ABŞ-da, İsveçrədə, Almaniyada, Tailandda və b. ölkələrdə səslənmiş, müəllifləri nüfuzlu müsabiqələrin qalibləri olmuşdur.
1999-cu ildə muğam ustası Alim Qasımov muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda nailiyyətlərinə görə YUNESKO-nun qızıl medalı ilə təltif edilmişdir.
Fransada keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Simfonik orkestri (bədii rəhbər və dirijor R.Abdullayev) Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirovun əsərlərini uğurla ifa etmişdir. Almaniyada «Ekspo-2000» Beynəlxalq Sərgisində Azərbaycan Dövlət kamera orkestrinin, Dövlət mahnı Teatrının, Dövlət Rəqs Ansamblının və bir qrup İncəsənət xadimlərinin çıxışı da bu dövrün musiqi həyatının diqqət mərkəzində olmuşdur.
Hal-hazırda Azərbaycan musiqi mədəniyyətinin milli ənənələrini layiqincə davam etdirən, müasir musiqi yazı texnikası ilə silahlanmış, ölkədə və dünyada gedən ictimai-siyasi prosesləri yaradıcılıqlarında əks etdirmiş istedadlı gənc bəstəkarlar nəsli yetişmişdir.
Onlar müstəqilliyin 18 ilində yaşlı nəsil bəstəkarlarının qazandığı nailiyyətlərdən bəhrələnərək yeni uğurlara nail olmaq əzmiylə yaşayıb yaradırlar.