Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


O İLİN XEYİR-DUALARI


ANAR
ÖMRÜMÜN "QOBUSTAN" İLLƏRİ


Zemfira SƏFƏROVA
Müstəqillik dövründə Azərbaycan musiqisinə bir baxış


Mehriban ƏHMƏDOVA
HƏMİŞƏYAŞAR BƏSTƏKAR


CƏFƏR CABBARLI
(«Portretlər»dən)


Vəfa XANOĞLAN
İLYAS ƏFƏNDİYEV:
«YAZIÇI ÜÇÜN DIL ONUN ÜRƏYININ TƏRCÜMANIDIR»


«Mühit içində, təpədən dırnağa kimi ümid içində»


Elnur ƏHMƏDOV
Süleyman Ələsgərovun «Tarantella» pyesi


Vaqif SƏMƏDOĞLU
İlqar FƏHMİ
Çağdaş detektiv romanlar ustası


İmaməddin ZƏKİYEV
NAMƏLUM «HESABAT»IN MƏLUM MƏTNİ


Çingiz ƏLƏSGƏRLİ
XALQIN ARTİSTİ, XALQ ARTİSTİ İLHAM NAMİQ KAMAL


İmruz ƏFƏNDİYEVA
İstedadlı musiqişünas alim


Mehriban Sultan
MƏNƏVİ VARİSLİK HAQQI


Turan ŞÜKÜROVA
ABSURD TEATR


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ ANSAMBLLARI
TƏSVİRİ SƏNƏTDƏ


Səyyarə NAMİQQIZI
Milli irsin qorunması barədə?


Ziyadxan ƏLİYEV
Fırçayla yaradılan yaradıcılıq yolu


Elçin HƏŞİMOV
AZƏRBAYJAN XALQ ƏMƏK MAHNILARINA BİR NƏZƏR


Sevda AĞAYEVA
«Kaspi» qəzetində teatr problemlərinin əksi
(1910-1919-cu illər)


AĞASƏFA
ŞƏHƏRGƏ


Məlahət NƏCƏFOVA
Azərbaycanda yaşayış mühitinin yaranmasını və inkişafını
səjiyyələndirən əsas mərhələlər


Rəngkarlıq

 

Ziyadxan ƏLİYEV
Fırçayla yaradılan yaradıcılıq yolu


 

Bu gün əlli yaşın zirvəsindən baxarkən onun yaradıcılıq yolu çox da hamar görünmür. Bunu ilk növbədə axtarışların təzadlı yaşantılar toplusundan keçməsi, yaradıcılığının çoxşaxəli, müəyyən mənada bir-birini tamamlasa da, sahə, icra və ifadə vasitələrinə görə fərqli olması şərtləndirir. Əslində sovet dönəmində məlum bir «qəbuledilməzlik»lə rastlaşsalar da, yaradıcı insanlar müəyyən bir sərbəst həyat tərzi keçirməklə – hisslərini gah rənglə, gah daş və tuncla «bölüşür»dülər. Başqa sözlə desək, onlar üçün sənət meydanında sahə, növ, janr, texnika və mövzu məhdudiyyəti anlayışı yox idi. Rafiq Quliyev bu cür yaradıcılıq azadlığına kommunist idealogiyasının hakim olduğu dövrdə tam nail ola bilməsə də, müstəqillik illərində bunu gerçəkləşdirib. Bu gün onun orijinal dəst-xəttə malik bir rəngkar kimi özünü heykəltəraşlıq, qrafika, muzey tərtibatı və medal sənətində sınaması da bunun təsdiqidir. Burada onun Mədəniyyət və Turizm Nazirliyi Elmi-Metodiki Mərkəzinin təsviri sənət və sərgilər bölməsində otuz ilə yaxın səmərəli fəaliyyətini də, neçə-neçə el sənətkarının – Sitarə Rəhimova (tikmə), Elmira Abbaslı (kukla ustası), Qasım Qasımov (musiqi alətləri), Qərib Sultanov (daşoyma), Tofiq Rəsulov (şəbəkə) və başqalarının üzə çıxarılmasını da əlavə etsək, bu çoxşaxəliliyin həm də məhsuldar olduğunu vurğulamalıyıq. Həyatını özünün və başqalarının gözəllik duyumu və istedadını xalqa çatdırmağa, Azərbaycan incəsənətinin şöhrətlənməsinə, ölkə sərhədlərini aşmasına və təbliğinə həsr edən Rafiq Quliyevin sənət axtarışlarının bəzi məqamlarına işıq salmaqla bütünlükdə onun fərdi yaradıcılığının hansı bədii-estetik qaynaqlara kökləndiyinə əmin ola bilərik…
Onun ən müxtəlif janrlarda işlədiyi rəngkarlıq əsərlərini obrazdan mənaya, mənadan obraza uzanan yaşantılı yaradıcılıq axtarışlarının özünəməxsus təfsir süzgəcindən keçirilmiş nəticələri hesab etmək olar. Belə ki, onun çəkdiyi mənzərə və süjetli tablolarda, portret və natürmortlarda bizi əhatə edən gerçəklik öz real görkəmini düşündürücü ovqata bələnməklə açıqlayıb. Elə bu səbəbdən də onun əsərləri çox cəlbedicidir.
Rəssam üçün gözəlliyə açılan ilk pəncərə sayıla biləcək doğma Quycağın, eləcə də duyğularını pərvazlaşdırmağa yardımçı olan Bakı və Abşeronun mənzərələrində bizə tanış olan guşələr davamlı müşahidələrdən sonra kətanda əbədiləşdirilib, sözün əsl mənasında obrazlı görkəm aldığındandır ki, onlar kifayət qədər duyğulaşdırıcıdır. Odur ki, onun «Xudafərin körpüsü», «Kəndimiz», «Torpağın arzusu», «Bakı axşamı», «Ay işığı», «Xəzərin sahilində» mənzərələri bir gözəllik qaynağı təsiri bağışlayır, tamaşaçısını qürurlandırmaqla bərabər, bu cür guşələri qorumağa, onlara sahiblik etməyə çağırır.
Rafiq Quliyev süjetli kompozisiyalarında da adilikdə başqalarını da cəlb edəcək dəyərlər, məziyyətlər tapmağa meylli rəssamlardandır. «Toy», «Kənd qızları», «Yaylaqda», «Rəfiqələr», «Arx kənarında», «Bazarda» və s. əsərlərində həyatımızın rəngarəngliyi, insanların təzadlı və çoxqatlı yaşantıları ilə yanaşı, adət-ənənələrimizin, mənəvi sərvətlərimizin və maddi nemətlərimizin zənginliyi xalqımızın qədimliyinin rəmzi kimi təqdim olunur.
Rəssamın çəkdiyi natürmortlarda da onları təşkil edən əşyaları artıq ənənəviləşən donuq biçimdə göstərmək niyyəti yox dərəcəsindədir. Onun təsvirində meyvə və gül-çiçəklərlə təbiət arasında yaradılan fəza-məkan əlaqəsinin inandırıcılığı onları bədii biçimdə, estetik yük daşıyıcısı kimi qəbul etməyə imkan verir.
Hələ sovet dönəmində həmyerlisi – Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədova öz kəndlərində abidə qoymaq istəyi ilə heykəltəraşlıq sənətinə gələn və bu arzusunu reallaşdıran Rafiq Quliyev sonrakı illərdə sənət dostu Nəriman Tağıyevlə birlikdə mərmərdə, qranitdə və tuncda əbədiləşmiş neçə-neçə əsər yaratmağa nail olmuşdur. Bunların arasında görkəmli şəxsiyyətlərin və Qarabağ uğrundakı döyüşlərdə şəhidlik zirvəsinə yüksələn bir neçə Milli Qəhrəmanın obrazı vardır. Bu əsərlər arasında ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş abidəyə (Tovuz rayonu) mütəxəssislər yüksək qiymət vermişlər.
Rafiq Quliyev həm də Bakıda – Dəmiryol İdarəsi və Texniki Universitet binalarının tacı rolunu oynayan əski sovet dövlət atributlarının müstəqilliyimizə uyğun şəkil və məzmunda yeniləşdirilməsinin təşəbbüskarı və icraçısı olmuşdur. Onun heykəltəraşlıq duyumunu paytaxtımızı bəzəyən hovuzların bədii tərtibatında, xatirə medallarının, döş nişanlarının hazırlanmasında da görmək mümkündür. Bakı Dövlət Universiteti, Aviasiya Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bədən Tərbiyəsi və İdman Akademiyası, Ali Diplomatiya Universiteti, Rabitə və Nəqliyyat Kolleci və Məktəbəqədər texnikümün məzunlar üçün hazırlanmış yığcam, həm də əlvan və mili nişanlar bunun əyani görüntüləridir.
Onun yaradılan yeni muzeylərə verdiyi tərtibatları xüsusi qeyd etmək istərdim. Belə ki, bu sahə ölkəmizdə həmişə «axsayan» bir sahə olub. Etiraf edək ki, bu günə kimi də rəsmi muzeylərimizin tərtibatı müasir tələblərə heç də cavab vermir. Rafiq Quliyev mədəniyyət məkanının təcrübəli bir işçisi kimi bunu çox yaxşı bilirdi. Odur ki, ona mərhum prezident Heydər Əliyevlə bağlı xatirə muzeyinin tərtibatı təklif ediləndə o, ən azı bu prosesdə nəyi etməyəcəyini yaxşı bilirdi. Bu gün Quba, Şəmkir, Ağdam, Dəvəçi, Binəqədi (Bakı), Nəsimi (Bakı), Şamaxı rayonlarının polis şöbələrindəki muzeylərin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində və Xətai (Bakı) rayon İcra Hakimiyyətindəki guşələrin yaradılması bunun əyani təsdiqidir. Həmin muzey və guşələrdə məzmunlu və təsirli eksponat seçimi ilə interyer arasında tapılan əlaqə və uyarlıq arzulanan xoş siyasi-psixoloji-estetik auranın yaranmasını şərtləndirmişdir ki, hər kəs burada özünü rahat, görkəmli dövlət xadimi ilə anlaşıqlı, sərbəst dialoqda hiss edir.
Rafiq Quliyev özünün tərtibatçılıq zövqünün necəliyini bir çox ictimai-siyasi-mədəni tədbirlərin (Abşeron və Dəvəçi rayonları) təşkilində də göstərməyə nail olmuşdur.
Çəkdiyi əsərləri respublikada və onun hüdudlarından kənarda təşkil olunan bədii sərgilərdə vaxtaşırı nümayiş etdirilən Rafiq Quliyev özünə çoxlu pərəstişkar qazanmışdır. Türkiyə, İran, İtaliya, ABŞ, Almaniya, Rusiya, Estoniya, Avstriya və digər ölkələrin nüfuzlu kolleksiyalarını onun rəngkarlıq və qrafika əsərlərinin bəzəməsi də bunun təsdiqidir. O, bütün bunlardan nə qədər qürur hissi keçirsə də, hələ də yurd həsrəti ilə yaşayır, əlində etüd çantası – əvvəllər olduğu kimi – doğma Cəbrayılın və Quycaq kəndinin küçələri ilə addımlamaq, Ziyarət dağının gözəlliyinə göz qoymaq, gördüklərini yeni-yeni əsərlərində əbədiləşdirmək niyyətindədir. Biz də Rafiq Quliyevin özü kimi onun bu arzusunun tezliklə göyərəcəyinə inamlıyıq…