|
Mənim baba yurdum, ey köhnə Bərmək! Çətindir şerimdə ruhunu görmək. Düşmüş kitablara hansı mənzərən? Bir sirr sandığıdır hər məchul dərən…
Mikayıl MÜŞFİQ
1
Bura qədim yurd yeri: Şəhərgə… Daşları da qovrulmuş, Külü göyə sovrulmuş Ocaq yeri, od yeri: Şəhərgə… Süpürür duman yeri, Suvarır bulud yeri: Şəhərgə… Nə vaxt uyuyub-yatmış? Tarixin yaddaşında Ünvanı-adı batmıq: Şəhərgə… Dərələr arasında Duman ümman kimidir, Şəhərgə Elə bil ki, Yorğun liman kimidir. Yatır ümman içində, Yatır duman içində, Yatır guman içində Şəhərgə…
2
Yaxası dağım-dağım… Sığınıb oturduğum Bu daş – lay divar daşı. Yurdumun ağır daşı, Yurdumun ağrı daşı, Torpağın qubar daşı. O ətəkdən sallanan O qayanın qardaşı. Bir çiyni yer altında, Bir çiynində çat yeri. Böyrü fikir meydanı, Min cürə ovqat yeri…
Çiyin-çiyinə yatmış Daşlar duman çində Qurcalanır gözümdə. Qayalar xıncımlanır, Parçalanır gözümdə. Dağlar qalxır, yellənir, Haçalanır gözümdə…
Sıra-sıra daşların Qabarır köksü deyən. Bu qabaran daşların – Bu düşünən başların, Bu kəsilən başların Başlanır rəqsi, deyən.
Çiyin-çiyinə daşlar – Çiyin-çiyinə başlar, Dindirsəm, sözə başlar…
Sığınıb oturmuşam… Çiynimi sıxır hərdən Bu yer daşı, göy daşı. Dizləri yerə batmış Yurdumun Antey daşı…
3
Gözlüyümün gözündən Duman süründü, getdi… Dərəyə endi, getdi… Gözlüyümün gözündən Min il keçdi bəlkə də. Elə bil ulularla Min ildir ki, yatmışam, Batmışam Şəhərgədə. Bu xaraba içində Mən də ulu bir daşam… Yatmışdım, oyanmışam…
Səngər dağı Günəşi Ən qiymətli ləl kimi Çıxartdı öz cibindən. Min illik heykəl kimi Qalxdım daşın dibindən… 4
Çıxdım daşın dibindən… Mən – daş insan, daş adam. Bu dağlarla qardaşam, Bu dağlarla yaşıdam. Mən qərib daş deyiləm, Yurdumda halal daşam. Bu bulağın gözündə Bir ləl daşam, lal daşam.
Önümdən ötüb keçir Bu uzun karvan yolu, Bu yanı dərbənd yolu, Bu yanı Şirvan yolu. Bu solda, o sağında – Yol üstündə Şəhərgə… Bəlkə ilkin çağında Karvanlara düşərgə?
Bu təpələr elə bil Karvansara önündə Xıxırdılmış dəvələr. Diz üstündə dəvələr Gəvənləri gəvələr.
Ömür sırası bitmiş İnsanlar hara getmiş? Bax, o çığır, bu cığır… O cığır dağdan enir, Bu cığır dağa çıxır. Görünür Dübrar dağı – İki qardaş yanaşı. Bir-birinə arxadır, Bir-birinə yaraşır.
Bu yastana gül-çiçək, Çökəktid o astana. Bu dolayı dolan get, Dönrsən Qobustana.
O görünən dağ var ha, Üzəngiyə ayaq bas, Qaşdasan – qılıncdasan, Yolu çaşıb-azmasan, Axşama Lahıcdasan.
Çıraqqala belədə, Buğurt qalası orda, Bir od qalası orda, Bir mərd qalası orda, Bir qurd qalası orda…
Buy an Quba, Qonaqkənd, Şah dağ öz şahlığında… Ağrıları səngiyən Sözəbaxmaz ürəyim Bir uşaq şuxluğunda. Götürəsən heybəni, Düşəsən bu cığıra, Kəsəsinə gedəsən, Neçə günlük yol olar? Yol üstündə – obalar… Yol üstündə – qalalar… 5
O nərdivan qayaya Ayaq qoy, dırman göyə. Əlini günlük elə, Qoy gözünün üstünə, Yaxşı bax Şəhərgəyə.
Bir kağız-qələm götür, Nəqşəsini özün çək. Bu daşdan o döşəcən Divarını uzun çək.
Özüllərin üstünü Torpaq örtüb, ot basıb. Orda cincilim bitib, Burda qanqal topası.
Elə bil ki, yer udub Hamar-hamar daşları. Evlərin yeridirmi Torpağın qırışları?
Durub baxır, baxırsan, Min yerə çəkir güman. Bura xırman yerimi, O yanda da dəyirman?
Təpələrin təpəsi Hamarlanmış, ölçülü. Bəlkə burda dururmuş Keşikçinin öncülü? Haçan dağılıb bura, Qalaq-qalaq daş qalıb. Yurdun xəritəsində Niyə bura boş qalıb? Yanıb külə dönübmü, Daşlar qaralmış qalıb?
Bu – bəlkə şah sarayı, Bəlkə yetim daxması? Əsrlərdən bəridir Elə çöküb-itib ki, Lap diqqətlə baxmasan, Bilməzsən yurd yeridir.
Bulağın adı dərhin, Dərhin – bəlkə də Dər Hun – Bəlkə də Hun qapısı? Üşüdür əllərimi, Sərinlədir qabı su…
Bax, burdan orayacan, Göz-göz, daşdan yonulmuş Gözəl novları vardı… Ay əlləri qurumuş… Kim qıydı, kim apardı?
6
Gözəgörünməz olub Gor qazıb, gor eşənlər, «Nə yoğurdum, nə yapdım, Hazırca kökə tapdım!» – Sevdasına düşənlər. Ulu məzarlıqları Eşim-eşim eşənlər – Bu namərd goreşənlər Nə axtarır, nə gəzir? İskəndər xəzinəsi Səngər altında imiş… Lağım-lağım eşmisən, Tapdınmı, ay görməmiş? Partladılıb, qırılıb Xırman boyda tava daş. Suyu azıb bulağın, Quruyub gözündə yaş.
7
Bax, bu daşın altında Şəhərgəyə keşikçi Yeddi qardaş ilan var. Onlarda nə məkr var, Nə hiylə, nə yalan var. Balasına toxunma, Qardaşına toxunma, Lap yanında uzan yat.
Məni ilan olmağa Həvəsləndirir həyat.
Tək yaşaya bilmərəm, Lap yeddi başım ola. Kaş bu ilanlar kimi Bir ocağın başında Yeddi qardaşım ola. Bu ulular yurdunda – Şəhərgədə yaşayam. Görsünlər bu torpağın İlan vətəndaşıyam. Bir ilan – dahi olam, Bir ilan – düha olam. Bu torpaqdan güc alam, Bu torpaqda qocalam, Dönəm, əjdaha olam. Ola ilan qeyrətim, Ola ilan dözümüm. Bu qayaya, bu daşa Hər gün sürtəm üzümü. Hər il çıxam qabıqdan, İllər keçə, qarıyam. Bu Vətəni, buy urdu Hər nadandan qoruyam, Hər vəhşidən qoruyam, Hər naşıdan qoruyam, Hər namərddən qoruyam, Nakişidən qoruyam…
Qarabulaq, 2008
|
|