Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


O İLİN XEYİR-DUALARI


ANAR
ÖMRÜMÜN "QOBUSTAN" İLLƏRİ


Zemfira SƏFƏROVA
Müstəqillik dövründə Azərbaycan musiqisinə bir baxış


Mehriban ƏHMƏDOVA
HƏMİŞƏYAŞAR BƏSTƏKAR


CƏFƏR CABBARLI
(«Portretlər»dən)


Vəfa XANOĞLAN
İLYAS ƏFƏNDİYEV:
«YAZIÇI ÜÇÜN DIL ONUN ÜRƏYININ TƏRCÜMANIDIR»


«Mühit içində, təpədən dırnağa kimi ümid içində»


Elnur ƏHMƏDOV
Süleyman Ələsgərovun «Tarantella» pyesi


Vaqif SƏMƏDOĞLU
İlqar FƏHMİ
Çağdaş detektiv romanlar ustası


İmaməddin ZƏKİYEV
NAMƏLUM «HESABAT»IN MƏLUM MƏTNİ


Çingiz ƏLƏSGƏRLİ
XALQIN ARTİSTİ, XALQ ARTİSTİ İLHAM NAMİQ KAMAL


İmruz ƏFƏNDİYEVA
İstedadlı musiqişünas alim


Mehriban Sultan
MƏNƏVİ VARİSLİK HAQQI


Turan ŞÜKÜROVA
ABSURD TEATR


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ ANSAMBLLARI
TƏSVİRİ SƏNƏTDƏ


Səyyarə NAMİQQIZI
Milli irsin qorunması barədə?


Ziyadxan ƏLİYEV
Fırçayla yaradılan yaradıcılıq yolu


Elçin HƏŞİMOV
AZƏRBAYJAN XALQ ƏMƏK MAHNILARINA BİR NƏZƏR


Sevda AĞAYEVA
«Kaspi» qəzetində teatr problemlərinin əksi
(1910-1919-cu illər)


AĞASƏFA
ŞƏHƏRGƏ


Məlahət NƏCƏFOVA
Azərbaycanda yaşayış mühitinin yaranmasını və inkişafını
səjiyyələndirən əsas mərhələlər


Vaqif SƏMƏDOĞLU – 70
 

«Mühit içində, təpədən dırnağa kimi ümid içində»


 

Vaqif Səmədoğlu bugünkü poeziyamızın ən tanınmış nümayəndələrindəndir. O vaxtkı rəsmilərin maneələrilə üzləşən, 1968-ci ildə «Gənclik» nəşriyyatında çıxan, oxucu marağına səbəb olan ilk kitabı – «Yoldan teleqram»dan sonra onun «Günün baxtı», «Mən burdayam, ilahi», «Uzaq yaşıl ada» şeir kitabları işıq üzü görüb.
Vaqifin «Uca dağ başında», «Bəxt üzüyü», «Lotereya», «Yayda qartopu oyunu», «Yaşıl eynəkli adam», «Generalın son əmri», «Mamoy kişinin yuxuları» pyesləri ölkə teatrlarında tamaşaya qoyulub, publisistik yazıları çap olunub.
Vaqif şeirə musiqi aləmindən gəlib. Bülbül adına musiqi məktəbində, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Moskvada P.Çaykovski adına konservatoriyada ixtisas kursu keçib. 8 il konservatoriyamızda fortepiano müəllimi, ASE-də incəsənət redaksiyanın müdiri kimi çalışıb. «Oğuz eli» qəzetinin baş redaktoru olub. Bir müddət rəsmi işlərdən ayrılaraq sərbəst yaradıcılıq fəaliyyətinə üstünlük verib. Hazırda MM-in üzvüdür. Müxtəlif mükafatlara və «Şöhrət» ordeninə layiq görülüb.
V.Səmədoğlu xeyli papulyar mahnı mətninin müəllifidir. Musiqi aləminə dərindən bələd olduğundan onun sözlərinə bəstələnən mahnılar son dərəcə emosional, təsirli, uzunömürlüdür. Bu mənada onun unudulmaz bəstəkarımız Emin Sabitoğlu ilə əməkdaşlığının, birgə işinin bəhrəsi olan nümunələr daha çox seçilir, sevilir, vaxtaşırı səslənir.
İxtisasca musiqiçi olmasına, dramaturgiyaya güclü meylinə və sahədəki uğurlarına baxmayaraq çoxşaxəli yaradıcılığı fonunda Vaqif düşünən, düşündürən, öz səsi, nəfəsi, öz mövzuları olan istedadlı bir şair kimi daha qabarıq görünür. Onun poeziyamıza öz dəsti-xətti, yaratdıqları nümunələrə uyğun da öz məxsusi yeri var.
Bunu da qeyd eləməliyik ki, Vaqif Səmədoğlu «Qobustan»a çox bağlı adamdır. Onun şeir və məqalələri vaxtilə toplumuzda da yer alıb, hətta bir müddət burada baş redaktor müavini kimi də çalışıb.
İyunun 5-də 70 yaşı tamam olan istedadlı şair və dramaturqumuzu, sadiq «Qobustan»çını yubileyilə bağlı ürəkdən təbrik edir, yeni-yeni sənət uğurları diləyirik.


                                                                                               «Qobustan»

Eşidirsənmi?
Amma necə eşidəsən…
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız.
Bir yandan da bu yağış…
Bu yağışda canavarlar da
adam olub yorğan-döşəyə
girmək istəyir.
Görürsənmi?
Amma necə görəsən…
Qurtarmayıb hələ də
aramızdan keçən qatarın vaqonları.
Bir yandan da bu yağış…
Bu yağışda qorxudan
səs-səsə verib bar-bar bağırır
Qobustan qayalarının öküzləri də!
Eşidirsənmi?
Amma necə eşidəsən…
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız.
Bir yandan da bu yağış…



İstidir, qar uzaqda,
şaxta da var uzaqda,
yalnız ümid sazaqda,
belə də qış olarmı?

Şimşək durmadan çaxır,
fəqət çay quru axır,
Allah haraya baxır,
belə yağış olarmı?

Qışda od qalamadım,
Yayda yer sulamadım,
Payızda ulamadım
Belə bayquş olarmı?

Ömür gün-gün azalır,
o günə lap az qalır,
mənə sükut əl çalır,
belə alqış olarmı?



Quşlar bizim nəğmələrdən uzaq
dolub-boşalmağa
öz sinələri var onların,
qorxuyla, sevinclə çıxmağa öz səsləri.
Bunlar çəkə bilməzlər bizim dərdləri,
biz də xəbərsizik
onların dərdindən, qəmindən.
Quşlar da yem davasında,
biz də.
Onlar da hər an
ölüm ayağında, biz də
Onlar öz nəğmələrində
biz də öz nəğməmizdə.



Deyəsən bu musiqi
Bramsdan qalıb,
bəlkə Malerdən…
Bir vaxt itib yox da ola bilirdim
bu səslərin, akkordalın içində,
görünməzə dönürdüm
sonuncu tonikaya qədər…
İndii
ya son tonikada başlayır
günlərin musiqisi
ya da son akkord.
Heç vaxt səslənməyəcək
bir musiqiyə dönür ömür…



Bir həzin vals girləyib məni,
harasa səsləyir,
hansısa bir parkın qərib nəmişliyinə.
Şam ağaclarının nəfəsiylə,
köhnə skamyaların solğun rəngiylə
və hansısa bir körpünün
çayı qurumuş həsrətiylə
baş-başa verib
səslənmək istəyir bu vals.
Gözümə qarayanız
bir oğlan uşağı dəymək istəyir.
Bu parkın kimsəsiz alleyasında.
Uşaqlığım ya yolumu kəsmək,
ya məni görən kimi qaçmaq istəyir
bu parkda
bu həzin vals səslənə-səslənə…



Bu musiqi yetər daha,
bu səslərdən qurtar daha,
unut, unut, artıq vaxtdır,
vaxtın özü qara baxtdır.
Əsir külək, keçir ömür,
Həyat gülür, ölüm gülür,
gülür böyük, gülür kiçik,
gülür röya, gülür gerçək.
Özünü dərdə atana,
kədərə, qəmə batana
«Sevin, oğul» deyir ata,
«Sevin, bala» deyir ana,
Dünyaya çıx gülə-gülə.
Sevin, sevin yana-yana,
ağla, ağla gülə-gülə,
yaşa, yaşa ölə-ölə…



Minorda
Ömür sürüb,
majorda ölmək.
Baxın
əsəri kimi.



Heykəllərin çoxundan soyuq gəlir,
buz qoxuyur
qardan yonulub bu abidələr.
Günəş çıxsa
açılsa istiyə qapılar
əriyəcək heykəllərin çoxu –
buz qoxuyan bu abidələr.



Yollar uzun, yollar gödək,
nə fərqi var, hansı ildə,
hansı yolda azasan?
Ellər min-min,
dillər min-min,
nə fərqi var
hansı eldə,
hansı dildə
susasan?